Qaçaqmalçı zirvəsinin sirri
Enid Blayton
Möhtəşəm beşlik
“Möhtəşəm beşlik” seriyasnın növbəti kitabı olan «Qaçaqmalçı zirvəsinin sirri» romanında dörd uşaq və onların sevimli köpəyi bu dəfə qaçaqmalçıların izinə düşürlər. Beləcə, həyəcanlı anlar başlayır…
Enid Blayton
QAÇAQMALÇI ZİRVƏSİNİN SİRRİ
Yenə Kirrin-kottecdə
Pasxa tətilləri yeni başlamışdı, hava xoş idi. Kirrin qəsəbəsinə gedən qatardakı vaqonların birində dörd nəfərlə yanaşı bir it də var idi.
Üz cizgiləri qətiyyətli xarakterindən xəbər verən hündür, cüssəli oğlan – Culian dilləndi:
– Lap az qaldı!
– Hav! – oğlanın sözlərini başa düşübmüşcəsinə həyəcanlanan Timoti adlı it onun səsinə səs verdi, sonra da pəncərədən çölə boylanmağa çalışdı.
Culian əmr elədi:
– Otur, Tim! İmkan ver, Enn baxsın.
Enn – Culianın kiçik bacısı başını pəncərədən çıxarıb çığırdı:
– Kirrin stansiyasına yaxınlaşırıq! Ümid edirəm, Fanni xala bizi orada qarşılayacaq.
– Əlbəttə, qarşılayacaq! – onun oğlana oxşayan qısa saçlı əmisi qızı Corcina əminliklə dilləndi. Sonra isə pəncərədən boylanmaq üçün Enni bir az kənara itələdi. – Evə qayıtmaq necə gözəl hissdir! Kirrin-kottecdə bizi o qədər maraqlı hadisələr gözləyir ki! Bəlkə, adaya da səyahət elədik, qəsri də gəzdik. Axı keçən ildən bəri orada olmamışıq.
Culian kiçik qardaşına, əlində kitab küncdə oturan yaraşıqlı oğlana tərəf dönüb dedi:
– Dik, pəncərədən baxmaq növbəsi indi sənindir. Demək olar, Kirrinə çatmışıq. Bir saniyə əlindəki kitabı yerə qoyub pəncərədən boylan.
– Elə maraqlı kitabdır ki! – Dik kitabı bağlayıb dilləndi. – Ömrüm boyu belə əyləncəli macəra oxumamışam!
Enn onun bu sözlərindən qızışdı:
– Mərc gələrəm ki, bizim yaşayacağımız macəralar sənin kitabından daha əyləncəli olacaq!
Doğrudan da, onlar – sadiq yol yoldaşları, Timmi də daxil olmaqla bu beş dost indiyədək çoxlu qeyri-adi macəra yaşamışdılar.
Culian dedi:
– Məktəb xoşuma gəlir. Ancaq sonuncu rübdə lap yorulub əldən düşdüm. Odur ki tətil mənə çox yaxşı təsir edəcək!
– Arıqlamısan, – Corcina qeyd elədi.
Culian gülümsündü.
– Narahat olmayın, Kirrin-kottecdə tezliklə əməlli-başlı kökələcəyəm! Fanni xalanın dadlı yeməklərindən doymaq olur ki!
– Hə. Ümid edirəm, atam tətil boyunca yaxşı əhvalda olacaq, – Corcina dedi. – Anam mənə yazmışdı axı, bu yaxınlarda o hansısa yeni təcrübəsini uğurla başa çatdırıb.
Corcun atası alim idi, başı daim hansısa yeni ideyaları gerçəkləşdirməyə qarışırdı. O, sakitliyi sevirdi, buna görə də bəzən evdə səs-küy olanda, ya işlər istədiyi kimi getməyəndə çox əsəbiləşirdi. Hərdən uşaqlara elə gəlirdi ki, xasiyyətindəki çılğınlıq Corca elə atasından keçib. Nəsə ürəyincə olmayanda Corc da güllə kimi açılırdı.
Fanni xala uşaqları platformada qarşıladı. Vaqondan sıçrayıb düşən kimi onların dördü də qadının qucağına atıldı. Lakin Corcina hamını qabaqladı. O, anasını çox sevirdi, bu mehriban qadın həmişə qızını atasının qəzəbindən qoruyurdu.
Timmi də sevinclə hürür, onların ətrafında atılıb-düşürdü. Heyvancığaz da Corcinanın anasına ürəkdən bağlıydı.
Fanni xala Timminin başını sığalladı və it dərhal dal ayaqları üstə qalxaraq qadının üzünü yalamağa başladı.
– Timmi, elə bil sən bir az da böyümüsən! – Fanni xala güldü. – Sakit ol, əzizim. Yoxsa məni yerə yıxacaqsan.
Timmi, həqiqətən də, böyümüşdü. Kirrin-kottecə qayıtdığı üçün o da uşaqlar kimi çox həyəcanlı idi; yeri gəlmişkən, uşaqların əhvalı həmişə Timmiyə də sirayət edirdi.
Timmi dünyada hamıdan çox sahibəsi Corcinanı sevirdi. Yaxşısı budur, biz də onu hamı kimi «Corc» deyə çağıraq. Axı bu qız oğlana oxşayır, elə oğlanlar kimi geyinir, hətta saçı da oğlanlarda olduğu kimi qısa vurulub. O öz adını qətiyyən bəyənmir. İstəyir ki, ona oğlan adı ilə – Corc deyə müraciət etsinlər.
Corc Timmini himayəsinə götürəndə heyvancığaz lap körpə idi. Corc arabir iti özüylə məktəbə aparırdı. Xoşbəxtlikdən Ennlə onun oxuduğu internat məktəbində şagirdlərin ev heyvanları ilə birgə dərsdə iştirak etmələrinə icazə verirdilər. Belə olmasa, yəqin ki, bu şıltaq qız oxumaqdan yerli-dibli imtina edərdi!
Dəmiryol vağzalından çıxıb evə gedərkən Corc Fanni xaladan soruşdu:
– Ana, atamın işləri çox olur?
– Lap çox… – Fanni xala cavab verdi. – Lakin, ola bilsin, dincəlmək üçün arabir sizə qoşulub çimməyə, ya da gəzməyə getsin.
Uşaqlar bu sözləri eşidincə bir-birinə baxdılar. Onların Kventin əmidən o qədər də xoşları gəlmirdi. Çünki o ən adi səs-küydən əsəbiləşir, çox vaxt qaşqabağı yer süpürürdü. Üstəlik, qətiyyən yumor hissi yox idi: heç cür başa düşmürdü ki, uşaqlar niyə bəzən bir gündə iyirmi dəfə qarınlarını tutub gülürlər.
Dik əyilib Culianın qulağına pıçıldadı:
– Kventin əmi boş vaxtını bizimlə keçirəcəksə, vay halımıza!
– Tss! – Culian pıçıldadı. O qorxurdu ki, Fanni xala bu sözləri eşidib inciyər.
Corc qaşqabağını tökdü.
– Eh, ana! Bu heç yaxşı xəbər olmadı. Bizimlə gəzmək atama maraqlı olmayacaq, elə biz də darıxmaqdan öləcəyik.
Corcun xasiyyəti belədir: həmişə sözünü açıq deyir, riyakarlıq etməyi əsla bacarmırdı.
– Belə demə, əzizim, – anası bunu deyib köksünü ötürdü. – Atan da sizinlə gəzməyə gedəcək. Onun yanında deyib-gülən, şən uşaqların olmasının nəyi pisdir ki?
– Budur, axır ki, gəlib çatdıq! – araba köhnə evin qarşısında dayananda Culian çığırdı. – Kirrin-kottec! İlahi, evin ətrafında külək necə də vıyıldayır, Fanni xala!
– Hə, haqlısan, bütün gecəni külək bax beləcə tüğyan edib, – Fanni xala cavab verdi. – Biz yükləri boşaldandan sonra arabanı arxa həyətə apararsan, Culian. Budur, əmin də bizi qarşılamağa çıxıb!
Cod qaşlarını çatmış Kventin əmi onlara tərəf gəldi. Uşaqlara gülümsəyib Corcu və Enni öpdü.
– Kirrin-kottecə xoş gəlmisiniz! – dedi. – Çox sevinirəm ki, hamınız yenə bizim yanımızdasınız!
Az sonra onlar artıq çay süfrəsi arxasında oturmuşdular. Fanni xala həmişəki kimi dadlı şeylər bişirmişdi.
Nahar başa çatdı, külək isə hələ də evin ətrafında vıyıldayırdı. Pəncərələr titrəyir, qapı cırıldayır, yel döşəmədəki həsirləri qaldırıb tərpədirdi.
– Sanki həsirin altında ilanlar oynaşır, – Enn dedi.
Bunu eşitcək Timmi döşəməyə baxıb zingildədi. O çox ağıllı it olsa da, həsirin nə üçün belə qəribə şəkildə tərpəndiyini anlamırdı.
– Ümid edirəm, külək bu gün yatar, – Fanni xala dedi. – Səsindən bütün gecəni yatmamışam. Culian, sən necə də arıqlamısan! Yəqin, dərslərin ağır olub, hə? Tətil boyunca səni yaxşıca yedirməliyəm.
Uşaqlar gülüşdülər.
– Bilirdik ki, belə deyəcəksən, ana! – Corc dedi, ardınca isə qəfildən bağırdı: – İlahi, bu nədir belə?
Damdan eşidilən güclü zərbə hamını diksindirdi. Timmi qulaqlarını şəklədi və qəzəblə hürməyə başladı.
– Damdan kirəmit düşdü, – Kventin əmi izah etdi. – Lap boğaza yığılmışıq! Fanni, külək yatanda biz bütün kirəmit parçalarını yerinə qoymalıyıq, yoxsa yağış yağanda evə damacaq.
Uşaqlar çox ümid edirdilər ki, çay mərasimindən sonra Kventin əmi, adəti üzrə, öz otağına çəkiləcək, lakin bu dəfə belə olmadı. O, cibindən bir məktub çıxarıb soruşdu:
– Siz Pyer Lenuar adlı oğlan tanımırsınız? Eşitmişəm ki, Diklə Culian onunla eyni məktəbdə oxuyurlar.
– Pyer Lenuar… Siz, yəqin ki, dostumuz Kömürcüyü nəzərdə tutursunuz, – Culian azca fikirləşdikdən sonra söhbətin kimdən getdiyini başa düşdü. – Bəli, o, Diklə eyni sinifdə oxuyur, ser. Çox dəcəl uşaqdır.
– Kömürcük! Onu niyə belə çağırırsınız? – Kventin əmi soruşdu. – Fikrimcə, oğlan uşağı üçün çox pis ləqəbdir.
– Onu görsəniz, belə deməzdiniz, – Dik güldü. – O, qapqaradır! Saçları qatran rəngindədir, gözləri elə bil kömür parçasıdır, qaşlarını isə sanki sürmə ilə çəkiblər. Elə adı da «qara» mənasını verir, düzdür? «Lenuar» fransızca «qara» deməkdir.
– Elədir. Bununla belə, Kömürcük yaxşı ləqəb deyil! – Kventin əmi dedi. – Nə isə, mövzumuz bu deyil. Mən Pyerin atası ilə tez-tez yazışıram. Bizi ümumi elmi maraqlar birləşdirir. Düzünü desəm, mən bir dəfə maraqlandım ki, o bura gəlmək, oğlu Pyerlə bir neçə günü bizim yanımızda qalmaq istəyərmi?
– Əla! – Dik bu xəbərə çox sevindi. – Dostumuz Kömürcüyün gəlməsi pis olmazdı. Lakin o çox dəcəl uşaqdır. Heç kəsə qulaq asmır, burnunu hara gəldi soxur, meymun kimi hər yerə dırmaşır… Bilmirəm, ondan xoşunuz gələcək, ya yox.
Bu sözləri eşidən kimi Kventin əminin üzündə məyusluq ifadəsi yarandı: görünür, o, Pyeri dəvət etdiyi üçün peşman olmağa başlamışdı. Axı Kventin əminin ədəbsiz və dəcəl uşaqlardan xoşu gəlmir.
– Artıq iş işdən keçib, – o, yüngülcə öskürdü. – Çalışaram ki, onların gəlişini birtəhər təxirə salım.
– Yox, ata, lazım deyil, – Corc xahiş etdi. Görünür, Kömürcük haqqında danışılanlar qızın xoşuna gəlmişdi. – Qoy gəlsin, bəlkə, bizimlə dostlaşdı, belə olsa, tətil hamımız üçün daha əyləncəli keçər!
– Mən oğlanın atası ilə danışacağam. Görək o, Kömürcük haqqında nə deyəcək. Ancaq bunu bilin ki, mən artıq qərar vermişəm: əgər o, həqiqətən də, dəcəlin, ədəbsizin biridirsə, Kirrin-kottecə ayağı dəyməyəcək. Onsuz da Corcun şıltaqlıqlarından təngə gəlirəm. Bircə o yaramaz çatmır ki, qızımla baş-başa verib aləmi qarışdırsın.
Dəhşətli gecə
Nəhayət, yatmaq vaxtı gəlib çatdı. Uşaqlar bir ağızdan əsnəyirdilər: qatarla uzun səyahət onları yorub əldən salmışdı. Odur ki yataqlarına getdilər. Enn və Corc eyni otaqda, oğlanlar isə başqa otaqda yatacaqdılar.
– Bircə bu axmaq külək də kəssəydi! – Enn pərdəni kənara çəkib pəncərədən çölə baxdı. – Bu nə uğultudur gəlir, yoxsa dalğaların səsidir?
Corc ona cavab vermək əvəzinə üşümüş ayaqlarını qatlayaraq sevimli itinə əmr etdi:
– Timmi, tez yanıma, çarpayıya qalx… Bilirsən, Enn, soyuq havalarda məni ən çox sevindirən şey budur: Timmini daim çarpayıma çağıra bilərəm! O, adamı sobadan daha yaxşı isidir. Bax belə, əziz Timmi. Ayaqlarımı qızdır. Burnun hanı, ver onu sığallayım. Gecən xeyrə, Timmi! Yuxun şirin olsun, Enn!
Birdən qızların ikisi də qulaqbatırıcı zərbədən dik atıldı.
– Bu, hamamın qapısıdır! – Corc inildədi. – Yəqin, oğlanlardan kimsə qapını örtməyi unudub! Atam eşidib cin atına minəcək.
– Qoy Culian, ya Dik gedib qapını bağlasınlar, – yenicə qızınmağa başlayan Enn cavab verdi.
Culianla Dik isə həmin vaxt fikirləşirdilər ki, qapını Corc, ya da Enn bağlaya bilər. Beləliklə, o məşum qapını bağlamaq üçün heç kəs isti yatağından çıxmaq istəmədi.
Tezliklə aşağıdan Kventin əminin qəzəbli səsi gəldi:
– Ey, biriniz ordan qapını bağlayın! Belə səs-küydə işləmək olmur!
Uşaqların dördü də birdən sanki oxdan çıxmış yay kimi yataqlarından atılıb otaqlarından çıxdı. Timmi də Corcun çarpayısından yerə sıçradı və hamıdan qabağa düşdü. Uşaqlar qaçarkən ona ilişib yerə yıxıldılar, bir anda hamısı hamamın qapısında üst-üstə qalaqlandı. Bu vaxt pilləkənlərdə Kventin əminin ayaq səsləri eşidildi və onların beşi də səssiz-səmirsiz öz otaqlarına keçdi.
Fırtına isə dayanmaq bilmirdi. Kventin əmi və Fanni xala yatmağa gedərkən yataq otağının qapısı elə möhkəm çırpıldı ki, yaxınlıqdakı rəfə qoyulmuş güldan yerə düşüb sındı.
Kventin əmi qorxu içində, bir az da qəzəblə dilləndi:
– Görüm səni lənətə gələsən! Burada yaşayandan bəri belə fırtına görməmişəm. Bir az da güclənsə, bütün balıqçı qayıqları sınacaq, hərçənd onları sahilə, mümkün qədər hündürə çıxarıblar.
– Külək tezliklə yatacaq, əzizim, – Fanni xala onu sakitləşdirməyə çalışdı. – Bəlkə də, səhərə qədər hər şey tamamilə qaydasına düşəcək.
Lakin o yanılırdı. Tufan bütün gecəni kəsmədi. Əksinə, külək getdikcə daha qəzəblə cövlan eləyir, sanki yaralanmış nəhəng bir heyvan kimi uğuldayırdı. Heç kəsin gözünə yuxu getmirdi. Hətta Timmi də gecə boyu elə hey zingildəyirdi: aydın görünürdü ki, bütün bu səs-küy, uğultu onun qətiyyən xoşuna gəlmir.
Dan yerinin ağarmasına az qalmış külək bir az da azğınlaşdı. Enn fikirləşdi ki, onun uğultusunda qəzəb və amansızlıq duyulur, sanki külək adamlara pislik eləmək, onları qorxutmaq istəyir. Qızcığaz büzüşdü və qorxudan əsməyə başladı.
Birdən əzablı iniltini xatırladan qəribə bir səs eşidildi, elə bil kimsə dəhşətli ağrı çəkirdi. Qızlar qor- xudan dikəlib çarpayılarındaca oturdular. Bu nə səs idi, görəsən?
Səsi oğlanlar da eşitdilər. Culian yataqdan atılıb pəncərəyə yaxınlaşdı. Pəncərənin altında, Ayın zəif işığında qaralan qocaman üvəz[1 - Üvəz – xırda, cır armud; quşarmudu] ağacı yavaşca yerə tərəf əyilməyə başlamışdı.
– Bu, üvəz ağacıdır! Qırılır! – Culianın çığırtısından Dik möhkəm diksindi. – Deyirəm sizə, ağac yıxılır! Özü də düz evimizin üstünə! Tez ol, qızları xəbərdar elə!
Dik var gücü ilə çığıra-çığıra otaqdan çıxdı.
– Əmi! Fanni xala! Corc! Enn! Tez aşağı düşün! Üvəz ağacı qırılıb!
Corc yatağından sıçradı, əl atıb xalatını götürdü, «ardımca gəl» deyərək Ennə səsləndi, sonra da qapıya tərəf yüyürdü. Enn ona yetişdi. Timmi qabaqda qaçırdı.
Yataq otağının qapısında Kventin əminin xalata bürünmüş hündür qaməti göründü, üzündə dəhşətli təəccüb ifadəsi vardı.
– Bu nə səs-küydür, Culian? Nə olub?
– Kventin əmi! Fanni xala! Tez aşağı düşün! Üvəz ağacı qırılır! Bu qorxunc naləni, titrəyişi eşitmirsiniz?! – Culian var gücü ilə çığırır, onları gözlənilən təhlükədən xəbərdar edirdi. – İndi ağac yataq otağındakı damın üstünə düşüb onu qıracaq! Eşidirsiniz, budur, o yıxılmaq üzrədir!
Hamı aşağı qaçdı, elə bu an nəhəng üvəz ağacı dəhşətli uğultuyla yerindən tərpəndi, köküylə birgə torpaqdan çıxıb bütün ağırlığını evin üstünə saldı. Əvvəlcə dəhşətli bir şaqqıltı səsi eşidildi, sonra kirəmit gurultuyla yerə səpələndi.
Dik var gücü ilə çığıra-çığıra otaqdan çıxdı.
– Əmi! Fanni xala! Corc! Enn! Tez aşağı düşün! Üvəz ağacı qırılıb!
– Aman Tanrım! – Fanni xala gözlərini yumub qışqırdı. – Belə olacağını bilirdim! Kventin, bu üvəzi çoxdan kəsməliydik. Əmin idim ki, belə güclü tufan olsa, ağac çökəcək. Budur, dam tamamilə sıradan çıxdı.
Ağacın zərbindən evin içindəki bəzi əşyalar yerə düşür, səssizcə döşəməyə səpələnir, bəziləri sınıb cingildəyirdi. Uşaqların qorxudan gözləri kəlləsinə çıxmışdı. Timmi dayanmadan qəzəblə hürürdü. Kventin əmi yumruğunu var gücüylə masaya elə çırpdı ki, hamı dik atıldı.
– Qoy bu it sussun! Yoxsa onu qovacağam!
Di gəl bu gecə Timmini heç nə susdura bilməzdi və Corc, nəhayət, onu isti mətbəxə tərəf itələyib qapını möhkəm bağladı.
Timminin hisslərini yaxşı anlayan Enn dedi:
– Mən indi özüm də hürmək, ya da ulamaq istərdim. Culian, görəsən, ağac damı tamam deşib?
Kventin əmi əl fənərini götürüb pilləkəni ehtiyatla qalxdı ki, dəyən ziyanı öz gözləriylə görsün. Aşağı düşəndə onun rəngi ağappaq idi.
– Ağac bütün çardağı uçurub, damı qırıb, kirəmit qızların yataq otağına tökülüb, – o dedi. – Oğlanların da otağını bir budaq azca zədələyib, lakin orada vəziyyət elə də pis deyil.
Qızlar başa düşdülər ki, ağac yıxılarkən çarpayılarında olsaydılar, indi çoxdan ölmüşdülər. Hamı susmuşdu. Corc və Ennin ölümcül təhlükədən qurtulduqlarını düşünməyin özü də ağır idi.
Culian bənizi ağarmış bacısını sakitləşdirmək üçün dedi:
– Ürəyini sıxma, Enn. Özün düşün, tətildən sonra məktəbdəkilərə danışmaq üçün çox maraqlı hekayən olacaq.
– Yəqin, isti kakao hamımıza yaxşı gələr, – nəhayət, Fanni xala özünü ələ almağa çalışdı, hərçənd əl-ayağının necə əsdiyini hiss edirdi. – Kventin, bax gör kabinetindəki soba yanır, ya yox. Hamımız bir az qızınmalıyıq.
Xoşbəxtlikdən sobadakı alov hələ sönməmişdi. Hamı onun ətrafına toplaşdı və Fanni xala əlində tüstüləyən südlü qəhvə fincanları ilə dolu sini qapıda görünəndə uşaqların üzündə sevinc ifadəsi yarandı.
Enn fincandakı kakaonu qurtumlaya-qurtumlaya otağı nəzərdən keçirirdi. Demək, əmisi ciddi və vacib elmi işləriylə burada məşğul olur; onun oxuyub heç nə anlamadığı qəliz kitabları burada yazır, mürəkkəb diaqramları burada qurur, çoxlu qəribə təcrübələrini burada həyata keçirir.
Həmin vaxt Kventin əmi heç də arxayın görünmürdü. Elə bil nədənsə utanırdı. Enn tezliklə bunun səbəbini anladı.
– Kventin, Allahın bizə yazığı gəldi ki, heç kəsin burnu da qanamadı, – Fanni xala ciddi nəzərlərlə ərinə baxıb dilləndi. – Sənə neçə dəfə demişəm ki, bu ağacı budamaq lazımdır. Mən görürdüm axı, o çox nəhəng və hündürdür, tufanda aşa bilər. Həmişə qorxurdum ki, ağac düz evimizin üstünə aşacaq.
– Haqlısan, əzizim, – Kventin əmi kakaonu bərk-bərk qarışdıraraq dedi. – Ancaq son aylar mən elə çox məşğuldum ki…
– Görülməsi vacib işlərdən söz düşən kimi bəhanən hazırdır, – Fanni xala dərindən köks ötürdü. – Bundan sonra özüm evdə hər şeyin qeydinə qalacağam. Həyatımızı bir daha bu cür təhlükəyə ata bilmərik ki!
– Yaxşı, yaxşı, belə şey min ildə bir dəfə olur! – Kventin əmi əsəbiləşib səsini ucaltmağa başladı. Lakin Fanni xalanın, həqiqətən, çox sarsıldığını görüb tez də sakitləşdi, əlindəki fincanı yerə qoyub onu qucaqlayaraq dedi: – Sən çox həyəcanlanmısan, əzizim. Kefini pozma, sabah bütün bunlar heç birimizə indiki qədər qorxunc görünməyəcək. Necə deyərlər, gecənin xeyrindən sabahın şəri yaxşıdır…
– Ah, Kventin, əksinə, hər şey bundan sonra başlayır. İndi biz harada yatacağıq? Damı və yuxarı otaqları təmir eləyənədək harada yaşayacağıq? Uşaqlar tətilə gəliblər, lakin indi ən azı bir həftə evdə fəhlələr işləyəcəklər! Heç bilmirəm, bütün bunların öhdəsindən necə gələcəyəm!
Kventin əmi dedi:
– Bu işi mənə burax! Narahat olma, hər şeyi yoluna qoyacağam. Təəssüf edirəm ki, belə alındı, bağışla. Haqlısan, bütün bu baş verənlər ilk növbədə mənim günahımdır. Odur ki tezliklə günahımı yuyacağam, görərsən!
Deyəsən, Fanni xala ona bir o qədər inanmırdı, lakin bu təsəlli dolu sözlərə görə ərinə minnətdarlıqla baxdı. Sonra isə divanlara mələfə salmağa başladı. Divanlardan biri kabinetdə, bir az böyüyü – qonaq otağında, ən kiçiyi isə mətbəxdə yerləşirdi. Culianın köməyi ilə o, anbardan qatlama çarpayını çıxarıb açdı.
Fanni xala dedi:
– Səhər işimiz çox olacaq. Ona görə də yatıb dincəlmək lazımdır. Əlbəttə, əgər bütün bunlardan sonra yuxuya gedə bilsək… Tufan da, deyəsən, bir az yavaşıyıb.
– Bacardığı qədər ziyan vurandan sonra, bəli, rahatlayıb, – Kventin əmi qaşqabağını salladı. – Nə isə, səhərə az qalıb, həqiqətən, bir çimir də olsa, yatıb dincəlmək lazımdır…
Kventin əminin ideyası
Hava işıqlaşanda külək əsməyə davam etsə də, qasırğa xeyli sakitləşmişdi. Balıqçılar sahildə qoyduqları qayıqların heç bir zərər çəkmədiyini görüb sevinirdilər.
Kirrin-kottecdəki bədbəxt hadisə barədə xəbər tezliklə hər yana yayıldı. Adamlar kökündən qoparaq evin damını uçurmuş nəhəng ağaca tamaşa etmək üçün axışıb gəlirdilər.
Onların arasından bir qadın evin bərbad halını görüb çığırdı:
– İşə bax. Hər şeyi yoluna qoymaq üçün sizə bir həftə vaxt lazım gələcək! Bənna çağırmısınız? Yerinizdə olsam, yubanmazdım.
Kventin əmi cavabında dedi:
– İndi bütün bunlarla özüm məşğul oluram, missis Deyli. Arvadım ağır sarsıntı keçirib. O hər şeylə maraqlanacaq halda deyil. İlk növbədə biz uşaqlarla bağlı qərar verməliyik. Onları hara göndərək? Burada qala bilməzlər, yataq otaqları bərbad vəziyyətdədir.
– Yaxşısı budur, o yazıqları geri, məktəbə göndərək, – Fanni xala təklif elədi.
Bu təklif uşaqların ürəyincə olmadı. Qanları lap qaraldı. Axı onlar bura gəlməmişdən əvvəl Kirrində gözəl tətil günləri keçirəcəklərinə ümid edirdilər. Onlar narazı halda aralandılar.
Bu vaxt Kventin əmi cibindən bir məktub çıxarıb dedi:
– Mənim daha yaxşı ideyam var. Bu səhər Lenuardan məktub almışam. Bilirsiniz də, onunla ortaq təcrübələr həyata keçiririk. O yazır ki… Bircə dəqiqə səbir edin, həmin hissəni sizə oxuyum. Hə, bax budur, – Kventin əmi ucadan oxumağa başladı: – «Oğlum Pyerlə məni evinizə qonaq dəvət etdiyiniz üçün sizə minnətdaram. İcazənizlə, mən də sizi uşaqlarla birgə evimizə dəvət edim. Bilmirəm, sizin neçə uşağınız var, lakin bizim ev böyükdür və onların hamısını səmimi şəkildə qəbul edə bilərik. Oğlum Pyer kimi bacısı Meribel də uşaqların gəlişindən çox məmnun olardı…»
Məktubun bu hissəsini oxuyub bitirəndən sonra Kventin əmi təntənə ilə arvadına baxdı:
– Bax belə! Məncə, bu çox alicənab təklifdir! Elə ünvanına da düz vaxtında çatıb. Uşaqları Lenuarın yanına göndərərik.
Fanni xala dedi:
– Kventin, sən, doğrudan, belə fikirləşirsən? Axı biz nə onu, nə də ailəsini tanıyırıq!
– Onun oğlu Dik və Culianla eyni məktəbdə oxuyur, Lenuarın özünü isə mən əxlaqlı, аğıllı adam bilirəm, – Kventin əmi bunu elə tonda dedi ki, sanki qərar artıq verilmişdi. – İndicə ona zəng vuracağam. Lakin gərək öncə telefon nömrəsini tapım.
Ərinin niyyəti Fanni xalanın ürəyincə deyildi, ona görə də qaşqabağını tökdü. Uşaqları tanımadıqları yerə necə göndərmək olardı axı?
Kventin əmi zəng vurub Lenuarla danışdıqdan sonra özündənrazı halda arvadının yanına gəldi.
– Hər şeyi həll elədim, – o dedi. – Bir eşitsəydin, təklifini qəbul etdiyim üçün necə sevinirdi! Elə arvadının da ürəyincə oldu.
Fanni xala yenidən etiraz elədi, lakin Kventin əmi ona fikir vermədi. O dedi ki, Corc Timmini özü ilə apara bilməyəcək, çünki Lenuar itləri qətiyyən sevmir.
– Yaxşı bilirsən ki, belə olsa, Corc heç yana getməyəcək! – Fanni xala dedi. – Bu, axmaq fikirdir, Kventin. Corc itini qoyub gedən deyil.
– Bu dəfə başqa yolu yoxdur, – Kventin onun sözünü qətiyyətlə kəsdi. – Aha, uşaqlar da gəldilər. İndi görəcəksən, onlar necə sevinəcəklər!
Kventin əmi uşaqları kabinetinə çağırdı. Onlar içəri keçəndə pis xəbər eşidəcəklərinə əmin idilər: geri, məktəbə qayıtmalı olacaqlar!
– Dünən axşam sizə haqqında danışdığım oğlan yadınızdadır? – Kventin əmi söhbətə başladı. – Pyer Lenuarı deyirəm. Siz ona nəsə axmaq bir ayama qoşmuşdunuz.
– Kömürcük, – Diklə Culian bir ağızdan cavab verdilər.
– Hə, bax o Kömürcüyün atası hamınızı evinə – Qaçaqmalçı zirvəsinə qonaq dəvət edir.
Uşaqlar təəccübdən donub-qaldılar.
– Qaçaqmalçı zirvəsi! – bu qəribə ad Diki çox maraqlandırmışdı. – Qaçaqmalçı zirvəsi nə deməkdir?
– Onların evi belə adlanır, – Kventin əmi cavab verdi. – Bu, qeyri-adi təpənin zirvəsində tikilmiş köhnə bir evdir. Lap qədim zamanlarda ora dənizin içərisində bir adaymış, lakin indi həmin adadan bataqlıqların üzərində yüksələn bircə hündür təpə qalıb. Nə zamansa orada qaçaqmalçılar məskən salıblarmış. Eşitdiyimə görə, çox qəribə yerdir.
Kventin əminin sözləri uşaqların marağına səbəb oldu. Deyəsən, onları qarşıda yeni macəra gözləyirdi.
– Hə, nə deyirsiniz, ora getmək istəyirsiniz? Yoxsa tətili məktəb yataqxanasında keçirmək fikrindəsiniz? – Kventin əmi səbirsizliklə soruşdu.
– Yox, yox, biz hər şeyə razıyıq, bircə bizi məktəbə qaytarmayın! – uşaqlar bir ağızdan cavab verdilər.
– Lap yaxşı, – Kventin əmi məmnunluqla dilləndi. – Düzünü desəm, artıq hər şeyi danışmışam. Bir neçə dəqiqə əvvəl cənab Lenuara zəng vurdum, o, çox lütfkarlıqla sizi evlərinə dəvət etdi.
Bu vaxt Corc ürəyinə nəsə damıbmış kimi soruşdu:
– Yəqin ki, Timmini özümlə götürə biləcəyəm, elə deyil?
– Yox, – atası cavab verdi. – Cənab Lenuar itləri sevmir.
– Elə isə mən heç yana gedən deyiləm…
– O zaman məktəbə geri qayıdacaqsan, – atası sərt şəkildə onun sözünü kəsdi. – Ağız-burnunu da əyişdirmə, Corc. Bilirsən ki, belə şeylərdən xoşum gəlmir.
Lakin qız atasını dinləməyərək üzünü yana çevirdi. Dostları isə məyus şəkildə ona baxdılar. Doğrudanmı Corc indi əsəbiləşib hər şeyi korlayacaqdı?.. Qaçaqmalçı zirvəsinə getmək necə də yaxşı olardı! Əlbəttə, Timmisiz vaxt o qədər də şən keçməyəcək. Lakin nə etməli, başqa yol yoxdur. Onu Kirrində qoymaq lazım gəlirdi.
Kventin əmi kabinetdən çıxdıqdan sonra Enn əmisi qızını yola gətirmək üçün mehribanlıqla onun dirsəyindən yapışdı, lakin qız onun əlini geri itələdi. Bundan sonra dostları Corcu çox dilə tutmağa çalışdılar, di gəl faydası olmadı.
– Məni tək buraxın, – axırda qız bezib dedi. – Fikirləşməliyəm. Biz Qaçaqmalçı zirvəsinə necə qalxacağıq, ümumiyyətlə, ora haradır? Hansı yolla gedəcəyik?
– Əlbəttə, maşınla gedəcəyik. Qaçaqmalçı zirvəsi sahildən azca yuxarıdadır, yəqin ki, bizi sahilboyu yolla aparacaqlar, – Culian cavab verdi. – Niyə soruşursan ki, Corc, fikrin nədir?
– Artıq sual vermə, – Corc cavab verdi. Sonra da iti ilə birgə otaqdan çıxdı. Dostları da onun dalınca getdilər, lakin bir daha ağızlarını açıb bir kəlmə demədilər. Çünki bilirdilər ki, əhvalı yerində deyilsə, yaxşısı budur, ona dəyib-dolaşmayasan.
Qız Timmi ilə birlikdə kottecdən uzaqlaşdı.
***
Nəhayət, yola çıxmaq zamanı gəldi. Fanni xala könülsüz də olsa, uşaqların əşyalarını toplayıb qurtarmışdı. Az sonra Corc da qayıtdı, Timmi yanında deyildi. Lakin bayaqkından xeyli yaxşı əhvalda idi.
Enn dərhal soruşdu:
– Timmi hanı?
– Bunu bilmək elə də vacib deyil, – Corc cavab verdi.
– Yaxşı, de görək, indi sən bizimlə gedirsən, ya yox? – bu dəfə Culian soruşdu.
– Hə, – Corc cavab verdi. Lakin o nədənsə Culianın gözlərinin içinə baxmağa cürət eləmədi. Bunu sezən oğlan düşündü: «Maraqlıdır, Corc niyə gözlərini gizlədir?»
Fanni xala uşaqları yedirtdi, tezliklə onların arxasınca böyük bir avtomobil gəldi. Kventin əmi uşaqlara cənab Lenuara çatdırmaları üçün məktub verdi, Fanni xala isə onların hamısını bir-bir öpdü. Bundan sonra uşaqlar maşına doluşdular.
– Bəs Timmi ilə sağollaşmayacağıq? – Enn qeyri-adi təəccüblə Corca baxıb soruşdu. Corc elə bil iti yerli-dibli unutmuşdu. O, Ennə cavab verməyib susmaqla kifayətləndi.
Nəhayət, avtomobil yola düşdü. Corc bir müddət dillənmədi. Uşaqlar belə qərara gəldilər ki, o, Timmidən ayrıldığı üçün kədərlidir. Halbuki qız o qədər də məyus görünmürdü.
Yol təpələrin arasından keçirdi. Yoxuşu çıxandan sonra maşın sürətlə irəli şütüdü. Birdən Corc irəli əyilib sürücünün çiyninə toxundu.
– Zəhmət olmasa, bir saniyəlik dayanın. Burada götürməli olduğumuz bir şey var.
Culian, Dik və Enn təəccüblə ona baxdılar. Sürücü azacıq özünü itirib əyləci sıxdı; Corc qapını açıb ucadan fit çalmağa başladı.
Bu zaman Timmi alçaq bir hasarın arxasından atılıb sevinclə maşına tullandı. O hamını öpüb-yaladı, arada isə yavaşcadan zingildəyib həyəcanını və sevincini göstərdi.
– Bu nə itdir belə? – sürücü təəccüblə donquldandı. – Məgər sizə bu iti götürməyə icazə veriblər? Axı atanız bu barədə heç nə deməyib.
Sevincdən gözləri parlayan Corc söylədi:
– Hər şey qaydasındadır. Narahatlıq üçün əsas yoxdur. Zəhmət olmasa, yola davam edin.
– Ay səni kələkbaz! – Culian çığırdı. Bilmirdi Corca hirslənsin, ya Timminin, nəhayət ki, yanlarında olduğuna sevinsin. – Bilirsən də, cənab Lenuar onu geri göndərə bilər.
– O zaman məni də geri göndərməli olacaq, – Corc sakitcə dedi. – İstənilən halda əsas odur ki, hamımız bir yerdəyik!
Qaçaqmalçı zirvəsi
Bir neçə saat yol getdikdən sonra sürücü nahar etmək üçün maşını köhnə bir mehmanxananın qarşısında saxladı. Nahardan sonra sürücünün dostu olan mehmanxana sahibi dedi:
– Deməli, Kimsəsiz dağa gedirsiniz. Lap yaxşı. Ancaq oralarda ehtiyatlı olun!
– Kimsəsiz dağ? – Culian təəccüblə soruşdu. – Məgər Qaçaqmalçı zirvəsinin yerləşdiyi təpə belə adlanır?
– Hə, – mehmanxana sahibi cavab verdi.
– Bəs niyə ona Kimsəsiz dağ deyirlər? – Enn soruşdu. – Eşitmişik ki, əvvəllər ora ada olub.
– Qətiyyən, – mehmanxana sahibi etiraz etdi. – Qədim əfsanədə deyilir ki, bu dağ nə zamansa sahildə yerləşib. Orada pis adamlar yaşayıb, bu isə tanrıların qəzəbinə səbəb olub. Dağı dənizə atıb, ada beləcə yaranıb.
Dik söhbətə qarışdı:
– Ancaq, ola bilsin, orada yaxşı adamlar da yaşayıblar. Çünki dəniz çəkilib və indi sahildən bu təpəyə aparan quru yolu da var!
– Düzdür, ora qalxmaq üçün quru yolu var, – mehmanxana sahibi dedi, – lakin həmin istiqamətdə getsəniz, heç bir halda yoldan kənara çıxmayın! Yoxsa bataqlıq dərhal sizi dartıb özünə çəkə bilər. Belədə heç qışqırıb kömək istəməyə də macal tapmazsınız!
Corc dedi:
– Bu söhbətlərdən sonra həmin yerlər mənə lap qeyri-adi dərəcədə cazibədar görünməyə başladı. Kimsəsiz dağda Qaçaqmalçı zirvəsi! Özü də ora cəmi bir yol çıxır!
Bu zaman sürücü saatına baxaraq:
– Getmək vaxtıdır, – dedi. – Axşam düşmədən mənzilbaşına çatmaq yaxşı olardı.
***
Xeyli getdikdən sonra, nəhayət, sürücü geri, uşaqlara sarı çevrilib dilləndi:
– Çatmağa lap az qalıb. Tezliklə yolumuza bataqlığın kənarı ilə davam edəcəyik və ünvana yetişəcəyik.
Uşaqlar intizar içində pəncərədən boylandılar, lakin gördükləri mənzərədən məyus oldular! Bataqlığı büsbütün örtmüş dumanın altından yalnız bir qədər yüksəkdəki hamar yolu görmək olurdu. Arada, az-az da olsa, duman parçalarının arasından bataqlığın yeknəsəq mənzərəsi gözə dəyirdi.
Culian sürücüyə müraciət elədi:
– Zəhmət olmasa, bir dəqiqəlik dayanın. Bataqlığa yaxşı-yaxşı nəzər salmaq istəyirəm.
– Bircə yoldan kənara çıxma, – maşını saxlayan sürücü xəbərdarlıq etdi. – İti də buraxmayın. Heyvan yoldan kənara tullansa, bataqlığa düşüb o dünyalıq olacaq.
– Necə yəni, «o dünyalıq olacaq»? – Enn təəccüblə xəbər aldı.
– Yəni ki bataqlıq Timmini dərhal özünə çəkəcək, – Culian dedi. – Yaxşısı budur, onu maşında saxlayaq, Corc.
Belə də etdilər: Timmini maşında qoyub qapını bağladılar. Heyvancığaz buna bərk əsəbiləşdi: o, pəncələri ilə qapını cırmaqlayır və pəncərədən boylanmağa çalışırdı. Sürücü ona tərəf çevrilib iti sakitləşdirməyə çalışdı:
– Hər şey qaydasındadır. Sakit ol. Onlar indicə qayıdacaqlar.
Timmi sanki sürücünün dediklərini anladı və sakitləşdi. O, indi səssizcə uşaqların arxasınca baxırdı.
Dostlar isə bu zaman bataqlıqla yolu bir-birindən ayırmaq üçün iri daşlardan ibarət səddin yanında dayanmışdılar. Culian daşlardan birinin üstünə qalxıb bataqlığın hamar sahil xəttinə tamaşa etdi.
– Bu, lehmədir, – o söylədi. – Qatı, xırçıldayan lehmə! Baxın, ayağınla ona toxunanda tərpənir! Ayağımı bassam, ikicə saniyədə məni özünə çəkəcək.
Bu, Ennin xoşuna gəlmədi və o, qardaşına dedi:
– Yaxşısı budur, daşın üstündən düşəsən. Yoxsa yıxıla bilərsən.
Digərləri də Ennə haqq qazandırdılar. Bundan sonra uşaqlar geri, maşına qayıtdılar. Culian elə hey fikirləşirdi: görəsən, bu qəribə bataqlıqda indiyədək neçə səyyah izsiz-tozsuz məhv olub? Oğlan həmin sualı sürücüyə də ünvanladı. Sürücü cavab verdi:
– Burada, həqiqətən də, çox adam xəbərsiz-ətərsiz itib, onların sonrakı taleyi barədə bir daha eşidən olmayıb. Deyirlər, sahildən Kimsəsiz dağa aparan bir-iki dolama cığır var, bu yol çəkilməmişdən əvvəl insanlar həmin cığırlardan istifadə edirmişlər. Ancaq bu cığırlara beş barmağın kimi bələd olmalısan, yoxsa ayağın büdrəyəcək və gözünü açanda görəcəksən ki, artıq bataqlığın içindəsən.
– Bunu düşünmək belə qorxuncdur, – Enn dedi. – Gəlin daha bu barədə danışmayaq. Bəs Kimsəsiz dağı buradan görmək olar?
– Olar. Odur, dumana bürünüb, – sürücü cavab verdi. – Zirvə dumanın içindən görünməyə başlayır, baxın. Qeyri-adi mənzərədir, hə?
Uşaqlar dinməzcə gözlərini uzaqlara zillədilər. Asta-asta burulan dumanın içindən sıldırım yamacları olan hündür təpə görünürdü. Təpənin üstündə evlər vardı, onlar uzaq məsafədən qədim qəsrləri xatırladırdılar. Bəzi evlərdən qəribə qüllələr ucalırdı.
– Yəqin, Qaçaqmalçı zirvəsi elə ən hündürdəki o evdir, – Culian öz ehtimalını söylədi. – Görünüşünə baxsaq, onun bir neçə əsr yaşı var. Yəqin, elədir ki var! Onun yanındakı qülləyə baxın! Yəqin, oradan baxdıqda ətrafda olduqca gözəl mənzərə açılır.
Uşaqlar gözlərini dörd açıb tətil boyunca yaşayacaqları evə baxırdılar. Ev adi tikilidən çox, sənət əsərini xatırladırdı, çox romantik görkəmi vardı, bununla belə, həm də nəyə görəsə kədərli, tutqun görünürdü.
Enn dedi:
– Onda nəsə… qəribə sirlilik var, – qız dostlarının da ürəklərində düşündüklərini dilə gətirdi. – Elə bil əsrlər boyu topladığı sirləri bu gün də etibarla qoruyub saxlayır. Dili olsa, bəlkə də, o bizə çox şey danışa bilərdi.
Duman getdikcə qatılaşırdı, odur ki avtomobil sürətini xeyli azaltmalı oldu. Yolçular, nəhayət, Kimsəsiz dağın ətəyinə çatdılar. Yol buradan üzüyuxarı çıxırdı.
Sürücü dedi:
– Tezliklə biz divarda tağ şəklində nəhəng oyuq görəcəyik. Nə zamansa orada şəhər darvazaları olub. Şəhər hər tərəfdən qala divarları ilə əhatə olunubmuş, bu divarlar indi də durur. O elə genişdir ki, arasında gəzmək olar, istəsən, dövrə vurub gəldiyin yerə də qayıdarsan. Əgər hava aydın olsa, oradan baxdıqda ecazkar mənzərənin şahidi olacaqsınız.
Yol getdikcə çətinləşirdi, avtomobil dağa qalxdıqca titrəyib at fınxırtısına bənzər səs çıxarırdı. Onlar divardakı tağlı oyuğa yaxınlaşdılar. Tağın altından keçən maşın ünvana yetişdi. Uşaqlar nə vaxtsa Kimsəsiz dağda yerləşən, indi isə, sadəcə, divarları qalmış şəhərə çatmışdılar.
– Mənə elə gəlir, sanki biz zamana səyahət edib bir neçə əsr əvvələ qayıtmışıq və çox qədim dövrlər gözümüzün önündə canlanmağa başlayıb! – Culian gözlərini daş döşənmiş küçələrdən, qədim evlərdən və rombşəkilli pəncərələri, eləcə də nəhəng, möhkəm qapıları olan balaca dükanlardan çəkmədən çığırdı.
Onlar darısqal, sıldırım, əyri-üyrü küçəylə üzüyuxarı qalxmağa başladılar və nəhayət, tökmə dəmirdən olan iri darvazanın qarşısında dayandılar. Sürücü siqnal verdi, darvaza açıldı. Avtomobil maşın üçün salınmış xiyabanın sıldırım yollarını çətinliklə qalxıb evin qarşısında dayandı.
Bura Qaçaqmalçı zirvəsi idi!
Kömürcük Lenuar
Uşaqlar onları haqlayan qəfil bir ürkəklik hissi ilə maşından düşdülər. Böyük, qədim ev elə bil onları görüb qaşlarını çatmışdı. O, ağacdan və kərpicdən tikilmişdi, evin giriş qapısı həddən artıq böyük idi.
Rombşəkilli pəncərələrdən qoşaçatılı pərdələr asılmışdı. Evin şərq hissəsi konusşəkilli damı olan iri, dəyirmi qüllədən ibarət idi. Qüllədəki bütün pəncərələr də dəyirmi formada idi.
Dik qapı çəkicinin çuqun qulpunu aşağı çəkdi və dərhal içəridən səs eşidildi. Sonra kimsə qaça-qaça gəlib ağır qapını yavaş-yavaş açmağa başladı. Çox keçmədən qapının ağzında iki uşaq göründü. Qız təxminən Ennlə, oğlansa Diklə yaşıd olardı.
– Nəhayət, gəlib çıxdınız! – qara gözləri parıldayan oğlan çığırdı. – Artıq ümidimi üzmüşdüm!
– Bu, Kömürcükdür, – Dik onu qızlara nişan verdi. Axı qızlar onu heç vaxt görməmişdilər.
Enn və Corc diqqətlə oğlana baxdılar. O, doğrudan da, hədsiz qarayanız idi. Saçları, gözləri, qaşları kömür rəngindəydi, üzü də elə bil kül içindən çıxmışdı. Qızılı saçları, göy gözləri və güclə sezilən nazik qaşları olan bacısı onun yanında solğun və zəif görünürdü.
Kömürcük dedi:
– Bu, bacım Meribeldir. Həmişə deyirəm ki, yan-yana dayananda biz gözəllə bədheybəti xatırladırıq.
Kömürcük suyuşirin uşaq idi, bu, ilk dəqiqələrdən bəlli oldu. Odur ki qonaqların ondan dərhal xoşu gəldi. Hətta kimisə ilk baxışdan bəyənməyən və ondan uzaq dayanmağa çalışan Corcun da!
– İçəri keçin, – Kömürcük onları evə dəvət etdi. – Sürücü, siz isə maşını digər qapının yanında saxlaya bilərsiniz. Blok əşyaları boşaldar və sizə çay verər.
Qəfildən Kömürcük ciddiləşdi, üzündəki təbəssüm çəkildi. O, Timmini görmüşdü!
– Ey! Bura baxın… Yəqin, bu it sizin deyil, hə?
– Bu mənim itimdir, – Corc bildirdi və əlini nəzakətlə Timminin başına qoydu. – Hara getsəm, onu özümlə aparıram. Timmisiz bir gün belə qala bilmirəm…
– Başa düşürəm, ancaq biz evdə it saxlaya bilmərik, – Kömürcük narahatlıqla dedi və qorxa-qorxa ətrafa nəzər saldı. Elə bil kiminsə qəfil çıxıb Timmini görəcəyindən ehtiyat edirdi. – Atalığım icazə vermir. Bir dəfə evə sahibsiz bir it gətirmişdim. Bunu gördükdə atalığım məni elə kötəklədi ki, ağrıdan uzun müddət otura bilmədim.
– Cənab Lenuarın itləri sevmədiyindən xəbərim var, – Corc dedi. – Lakin mən fikirləşdim ki… fikirləşdim ki, bəlkə, burada qaldığımız müddətdə onu haradasa gizlədə bilərik. Əgər bu, mümkün deyilsə, mən indicə maşına oturub evə qayıdıram! Görüşənədək!
Qız bunu deyərək üzünü çevirib arxa qapının yanında dayanan maşına doğru getdi. Timmi də onun arxasınca götürüldü. Kömürcük onun dalınca baxıb var gücü ilə çığırdı:
– Qayıt, axmaq qızcığaz! Bir şey düşünərik!
Belə dedikdən sonra o, pilləkənləri sürətlə düşüb Corca çatmağa tələsdi. Uşaqlar da onun ardınca götürüldülər. Hətta Meribel də qapını arxasınca ehtiyatla örtüb onlara qoşuldu.
Corc divardakı balaca qapının yanında dayandı. Kömürcük onu saxlayıb qəfildən içəriyə tərəf möhkəm itələdi. Oğlan eyni zamanda qapını açıq qoydu ki, o birilər də keçə bilsinlər.
Corc əsəbiləşdi:
– Məni belə itələmə! Yoxsa Timmi səni dişləyər.
– Dişləməz, – Kömürcük gülə-gülə cavab verdi. – İtlər məni çox istəyir. Lap sənin qulağından da dartsam, bu it qarşımda quyruğunu bulayacaq!
Uşaqlar qaranlıq dəhlizə düşdülər. Dəhlizin sonunda qapı görünürdü. Kömürcük dedi:
– Beş dəqiqə gözləyin, baxım görüm sahildə adam varmı. Atalığım evdədir. İti görsə, dərhal sizi geri göndərəcək! Mənsə bunu heç istəmirəm: sizin gəlişinizi elə səbirsizliklə gözləyirdim ki!
Kömürcük bunu deyib gülümsədi. Uşaqlar isə artıq indidən cənab Lenuardan qorxmağa başlamışdılar. Eşitdiklərindən belə məlum olurdu ki, o çox qəddar adamdır!
Kömürcük barmaqlarının ucunda dəhlizin sonundakı qapıya yaxınlaşıb onu açdı. Otağa nəzər salandan sonra uşaqların yanına qayıdıb dedi:
– Heç kəs yoxdur. Mənim yataq otağıma gizli yolla çıxacağıq. Bizi heç kəs görməyəcək. Otağa çataq, orada nə edəcəyimizi düşünərik. Hazırsınız?
Gizli yol barədə söhbət çox cəlbedici səslənirdi. Uşaqlar qeyri-ixtiyari özlərini macəra romanlarının qəhrəmanları kimi hiss edirdilər. Onlar sakitcə qapının o üzündəki otağa keçdilər. Bu qaranlıq otağın divarlarının aşağı hissəsi çinar ağacından haşiyələnmişdi, yazı masası və çoxlu kitab rəfi buranın iş otağı olduğundan xəbər verirdi. İçəridə heç kəs yox idi.
Kömürcük ağac panellərdən birinə yaxınlaşdı, əli ilə yoxladı və hansısa düyməni basdı. Arakəsmə astaca yana sürüşdü, Kömürcük əlini salıb onu bir az da araladı ki, uşaqlar keçə bilsinlər.
– Getdik, – Kömürcük astadan söylədi. – Lakin mümkün qədər səssiz olun!
Maraqdan alışıb-yanan uşaqlar oyuqdan içəri keçdilər. Kömürcük hamıdan axıra qaldı, o neylədisə, arakəsmə yenidən əvvəlki yerinə oturdu və gizli keçid görünməz oldu.
Uşaqlar zil qaranlığa düşdülər. Kömürcük cib fənərini yandırdı və dostları daş keçiddə olduqlarını gördülər. Bura elə darısqal idi ki, iki nəfər yan-yana dayana bilməzdi. Kömürcük fənəri qabaqda dayanmış Culiana ötürüb:
– Daş pilləkənlərə çatanadək düz gedin, – dedi. – Onunla yuxarı qalxın, sonra sağa dönün və irəli gedin, axırda divar görəcəksiniz. Ondan sonra nə etmək lazım olduğunu deyəcəyəm.
Fənərlə yolu işıqlandıran Culian irəli düşdü. Ensiz daş dəhlizin tavanı o qədər alçaq idi ki, Ennlə Meribeldən başqa hamı başını əyməli olurdu. Tezliklə onlar pilləkənə çatdılar.
Bütün bunlar Ennin xoşuna gəlmirdi. O, qapalı, darısqal yerlərdə özünü narahat hiss edir, qorxurdu. Bəzən yuxusunda da heç cür qaçıb çıxa bilmədiyi dar dəhlizləri görürdü. Belə hallarda qızcığaz yuxudan hövlnak oyanırdı.
Nəhayət, Culian dilləndi:
– Pilləkənə çatdıq. Yuxarı qalxmağa cəhd edək.
Bunu eşidəndə Enn bir qədər rahatladı.
– Bircə səs-küy salmayın! – Kömürcük pıçıldadı. – Bu divarın o biri üzü yeməkxanadır, oradan da bu dəhlizə yol var.
Hamı səsini kəsdi. Onlar barmaqlarının ucunda yeriməyə çalışırdılar. Bu isə çox çətin idi, çünki əyilərək yerimək lazım gəlirdi.
Uşaqlar dik, uçulub-sökülməkdən qövsə oxşayan pilləkənlə on dörd pillə çıxdılar. Culian sağa döndü. İndi də qaranlıq dəhlizlə yuxarı qalxmalı oldular. Birdən hamıdan öndə gedən Culianın burnu az qaldı ki, daş divara dəysin. Oğlan fənəri divara tərəf tutdu. Arxadan Kömürcüyün zəif səsi eşidildi:
– Sən divara çatmısan, Culian. Dəhlizlə divarın birləşdiyi yerə işıq sal, orada dəmir dəstək görəcəksən. Onu var gücünlə sıx.
Culian işığı deyilən tərəfə saldı və dəstəyi gördü. Fənəri sol əlinə alıb sağ əliylə qalın dəmir dəstəkdən yapışdı, onu var gücü ilə sıxdı.
Divarın ortasındakı nəhəng daş səs çıxarmadan irəli sürüşdü və oradan iri bir oyuq açıldı.
Heyrət içərisində olan Culian dəmir dəstəyi buraxdı və fənəri oyuğa tərəf tutdu. Qaranlıqda heç nə görünmürdü!
Arxadan Kömürcüyün səsi eşidildi:
– Hər şey qaydasındadır. Mənim yataq otağımdakı divar şkafının qarşısındasan. İçəri keç, Culian. Biz arxanca gəlirik. Orada heç kəs yoxdur.
Kömürcüyün paltar şkafına Culian hamıdan qabaq girdi. Əliylə şkafın qapısını tapıb onu açdı. Gün işığı dərhal oğlanın gözlərini qamaşdırdı. Culian artıq Kömürcüyün otağında idi.
Qalanlar da çətinliklə – paltarlara dolaşa-dolaşa bir-bir şkafdan çıxdılar.
Hamıdan axırda şkafdan çıxan Kömürcük nəhəng daşın üzərindəki dəstəyi sıxıb yeraltı keçidi ehtiyatla bağladı. Culian fikirləşdi ki, bu dəstək düymə rolunu oynayır.
Dostlarının arasına qatılan Kömürcük itin xaltasından bərk-bərk tutmuş Corca baxıb gülümsədi:
– Hər şey qaydasındadır, Corc. Burada sizi heç bir təhlükə gözləmir. Bacımla mənim otağım evin kənar hissəsində yerləşir. Bura gəlmək üçün uzun dəhlizdən keçməlisən!
Oğlan dediyini əyani şəkildə göstərmək üçün qapını açdı. Bir qədər aralıda görünən yataq otağı Meribelin idi. Döşəməsi boyu xalılar sərilmiş uzun daş dəhlizin o biri başındakı pəncərədən içəri işıq düşürdü. Orada da möhkəm bağlanmış qapı vardı. Bu nəhəng qapı da çinar ağacından hazırlanmışdı.
Kömürcük dedi:
– Görürsünüz, sizi burada heç bir təhlükə gözləmir, öz əliniz, öz başınızdır. Timmi istədiyi qədər hürə bilər, onu heç kəs eşitməyəcək.
Enn təəccüblə soruşdu:
– Bəs bura heç kəs gəlmir? Otağı yığışdıran kimsə olmalıdır axı…
Kömürcük cavab verdi:
– Hər səhər Sara gəlib yığışdırır. Adətən, başqa gələn olmur. İstənilən halda dəhlizin sonundakı qapı açılmazdan əvvəl bundan xəbər tuta bilirəm!
Oğlan qapını göstərdi, uşaqlar heyrətlə ona nəzər saldılar.
Dik soruşdu:
– Axı bu necə ola bilər?
Kömürcük qürrələndi.
– Hiyləgər bir üsul düşünmüşəm. Qapı açılan kimi otağımdakı qurğu astadan vızıldayır. Mən indi gedib qapını açacağam, siz isə burda dayanıb qulaq asın.
Oğlan dəhlizin sonundakı qapıya tərəf cumub onu açdı. Həqiqətən də, otağın bir küncündən vızıltı səsi eşidildi. Qəfil səsə hamı yerindən dik atıldı. Timmi də içini çəkdi, qulaqlarını şəkləyib qəzəblə hürdü.
Kömürcük qapını bağlayıb geri, uşaqların yanına qaçdı.
– Vızıltını eşitdiniz? Əla ideyadır, hə? Mən həmişə belə şeylər ixtira eləyirəm.
Qonaqların heç bir şübhəsi qalmadı ki, həqiqətən də, olduqca maraqlı bir yerə gəlib düşüblər. Onlar sadə mebellə bəzədilmiş otağa diqqətlə nəzər saldılar, burada səliqəsizlik hökm sürürdü. Enn rombşəkilli iri pəncərəyə yaxınlaşıb çölə baxdı və təəccübdən az qaldı nəfəsi kəsilsin: pəncərənin altındakı uçurumu görəndə adamın başı gicəllənirdi! Ev dik, dağlıq bir təpənin lap zirvəsində yerləşirdi. Kömürcüyün yataq otağı isə düz uçurumun üstündə idi.
– Bir bura baxın! – Enn heyrətlə çığırdı. – Yarğana baxanda adamın tükləri biz-biz olur!
Hamı pəncərəyə tərəf toplaşdı. Sakitcə aşağı baxdılar. Bu hündürlükdən baxanda, həqiqətən, az qalırdı adamın nəfəsi kəsilsin…
Uşaqlar pəncərənin qarşısından çəkildilər. Corc üzünü Kömürcüyə tərəf çevirib soruşdu:
– Əminsən ki, Timmini gizlədə biləcəyik? Onu necə yedirəcəyik? Hələ iti gəzdirmək də var!
Kömürcük cavab verdi:
– Dedim axı, bir şey fikirləşərik. Narahat olma. Mən itləri sevirəm. Nə yaxşı ki, Timmi bizimlə olacaq! Lakin özünüzə də məlumdur ki, atalığım bundan xəbər tutmamalıdır. Onun itləri niyə sevmədiyini bilmirəm. Deməzdim ki, o, itlərdən qorxur. Yəqin, başqa səbəbi var. Ögey atam çox qəribə adamdır!
Dik soruşdu:
– Necə yəni, qəribə adamdır?
Kömürcük cavab verdi:
– Necə deyim… Sanki hamımızdan nəsə gizlədir. Bəzən bura gizlicə qəribə insanlar gəlirlər, kim olduqlarını heç kəs bilmir. Bəzən isə gecələr qüllədə işıq yanır: məlum deyil ki, orada kim var, nə işlə məşğul olur. Düzdür, öyrənməyə çalışdım, alınmadı.
Enn qəfildən xəbər aldı:
– Ola bilər ki, ögey atan qaçaqmalçıdır?
Kömürcük cavab verdi:
– Ağlım kəsmir… Əslində, burada bir qaçaqmalçı var və hamı onu tanıyır. Təpədən aşağıda sağdakı evi görürsünüz? Həmin evdə yaşayır. Pulunu balta kəsməz! Adı Barlinqdir. Bütün polislər onun fırıldaqlarından xəbərdardırlar, di gəl adama bata bilmirlər. Barlinq çox zəngin və nüfuzlu adamdır, odur ki istədiyini eləyə bilər, buna görə isə heç kim ona «gözün üstə qaşın var» deyə bilməz!
– Qəribə yerdir! – Culian dedi. – Mənə elə gəlir, burada bizi bir-birindən maraqlı macəralar gözləyir!
Kömürcük etiraz elədi:
– Nə danışırsan?! Əslində, burada heç vaxt maraqlı nəsə baş vermir. Sadəcə, gördüyün gizli yollar, qaranlıq dəhlizlər səndə belə təəssürat yaradıb. Düzünə qalsa, bunda təəccüblü heç nə yoxdur: təpə başdan-başa vaxtilə qaçaqmalçıların istifadə etdiyi belə yollarla doludur!
Bu zaman Kömürcüyün bir küncdə quraşdırdığı qurğu vızıldamağa başladı. Kimsə dəhlizin sonundakı qapını açırdı.
Kömürcüyün valideynləri
– Kimsə gəlir! – Corc təşviş içərisində vurnuxdu. – Timmini neyləyəcəyik? Tələsməliyik!
Kömürcük Timminin xaltasından yapışdı, onu divardakı şkafa tərəf itələyib qapını örtdü.
– Sakit otur!
Ağıllı heyvancığaz nə baş verdiyini anlamışdı, odur ki səssizcə dayanıb qulaqlarını şəklədi.
Həmin vaxt qapı açıldı və qara şalvar, ağ kətan pencək geymiş kişi otağa daxil oldu. Kömürcük onu gördükdə saymazyanalıqla dilləndi:
– Sənsən, Blok? Xoş gördük! – oğlan üzünü qonaqlarına sarı çevirib izahat verdi. – Blok atamın xidmətçisidir. Düzdür, onun qulaqları eşitmir, lakin burnu çox itidir, elə bil iy bilir, nədən danışıldığını dərhal başa düşür. Ona görə də Blokun yanında artıq-əskik danışmamaq məsləhətdir.
Blok nəsə itiribmiş kimi gözlərini otağın künc-bucağında gəzdirərək Kömürcüyə dedi:
– Valideynlərin maraqlanırlar ki, nə üçün hələ də dostlarını onlara təqdim etməmisən? Niyə onları görüşdürmək əvəzinə uşaqları bura gətirmisən?
Corc həyəcanla fikirləşdi: «Dəqiq bilir ki, biz özümüzlə it gətirmişik, üstəlik, indi onu burada gizlətmişik. Ona görə gözləri dayanmadan nəsə axtarır…» Qız ümid edirdi ki, Blokla söhbətində sürücü heyvanla bağlı ağzından bir söz qaçırmayıb.
Kömürcük cavab verdi:
– Düzü, mən görüşümüzə o qədər sevindim ki, qonaqlarımızı birbaşa öz otağıma gətirdim. Hər şey qaydasındadır, Blok. Bir dəqiqəyə aşağı düşürük.
Üz ifadəsi heykəl kimi hərəkətsiz olan Blok başqa heç nə deməyib otaqdan çıxdı. Nə gülümsündü, nə də narazılığını ifadə etdi!
– Ondan gözüm su içmir, – Enn söylədi. – Bu adam çoxdan sizdə işləyir?
Kömürcük cavab verdi:
– Yox, bir ildən az olar. Heç bilmədik ki, haradan necə peyda oldu! Yeni xidmətçinin gələcəyindən anamın da xəbəri yox idi! Blok bir gün evimizə gəldi, bir kəlmə də demədən bu ağ kətan pencəyi geyinib işə başladı. Məncə, atam üçün bu o qədər də gözlənilməz hadisə deyildi, lakin nə üçünsə o, anamı yeni xidmətçi ilə bağlı əvvəlcədən xəbərdar etməyi ağlından keçirməmişdi. Anam buna elə təəccüblənmişdi ki…
– Yeri gəlmişkən, anan necə adamdır? – Enn xəbər aldı.
– Ondan xoşunuz gələcək, çox mehriban qadındır! Burada onun günü gün deyil, bu evdə qətiyyən yaşamaq istəmir, lakin atalığımın qorxusundan bir kəlmə də demir.
Meribel o qədər utancaq idi ki, bayaqdan bəri bir dəfə də söhbətə qoşulmamışdı. Elə indi də qardaşının sözlərini təsdiqləmək üçün yalnız başını tərpətməklə kifayətləndi.
– Getdik, – deyə Kömürcük ucadan səsləndi. – Hər ehtimala qarşı Timmi biz qayıdana qədər şkafda qalsa, yaxşıdır. Düzdür, Blok bura gəlib nəsə axtarmaq istəyə bilər, ancaq narahat olmağa dəyməz. Mən indi şkafın qapısını bağlayıb açarı da özümlə götürəcəyəm.
Uşaqlar birlikdə evin geniş zalına daxil oldular. Kömürcük hamıdan əvvəl içəri girib dedi:
– Nəhayət, hamımız toplaşa bildik. Bağışla, ata, qonaqları görəndə necə sevinmişdimsə, onları dərhal öz otağıma çıxardım.
Oyma ağacdan düzəldilmiş nəhəng kresloda oturan cənab Lenuar bəm səsi ilə dedi:
– Görünür, sənin tərbiyənlə ciddi-ciddi məşğul olmaq lazım gələcək.
Uşaqlar bu zəhmli adamı diqqətlə nəzərdən keçirdilər. Onun çox ciddi görünüşü vardı, kül rəngli saçlarını arxaya daramışdı, gözləri Meribelinki kimi mavi idi. Gülümsəyəndə yalnız dodaqları qaçırdı, baxışları isə soyuq və ifadəsiz idi.
Enn görüşmək üçün cənab Lenuara yaxınlaşanda onun əllərinin də gözləri kimi soyuq olduğunu anladı. Cənab Lenuar qıza gülümsəyib onun çiynini yüngülcə döyəclədi.
– Nə mehriban qızdır! – o çığırdı. – Sən Meribelə yaxşı rəfiqə olacaqsan. Kömürcük üçün üç oğlan dost və Meribel üçün bir qız rəfiqə. Ha-ha!
Cənab Lenuar, aydındır ki, Corcu oğlan bilmişdi. Onu qınamaq olmazdı: qız həmişəki kimi cins şalvar və sviter geymişdi, saçları isə oğlansayağı qısa vurulmuşdu…
Heç kəs cənab Lenuarın səhvini düzəltmədi ki, Corc oğlan deyil, qızdır. Təbii ki, Corc özü də dillənmədi! Onun ardınca Dik və Culian da əllərini cənab Lenuara uzatdılar. Uşaqlar Kömürcüyün anasının da içəridə olduğuna çox gec fikir verdilər. Balaca boyu, boz saçları və gözləri olan bu qadın nəhəng kresloda itib-batmış kuklanı xatırladırdı. Enn ona yaxınlaşdı və özünü saxlaya bilməyib:
– Siz necə də balacasınız! – dedi.
Cənab Lenuar qəhqəhə çəkdi. Belə görünür, o, həmişə gülmək üçün səbəb tapırdı. Bəzən isə səbəbsiz gülürdü… Cənab Lenuarın xanımı ayağa qalxıb gülümsədi. Boyca Enndən hündür olmazdı, əlləri və ayaqları isə çox xırda idi. Enn hələ böyüklərin arasında belə zərif qadın görməmişdi. Bu, qızın çox xoşuna gəldi. Əlini qadına uzatdı. Xanım Lenuar dedi:
– Yaxşı ki, gəldiniz. Eşitdim, dama düşən ağac evinizə ciddi ziyan vurub…
Cənab Lenuar bu dəfə də qəhqəhə çəkdi. Nəsə bir zarafat elədi, kimsə bir şey anlamasa da, hamı nəzakət xatirinə gülümsündü.
Cənab Lenuar dedi:
– Ümid edirəm ki, burada vaxtınız xoş keçəcək. Pyer və Meribel sizə qədim şəhəri göstərəcək, ehtiyatlı olacağınıza söz versəniz, başqa maraqlı yerləri də görə biləcəksiniz.
– Çox sağ olun, – uşaqlar xorla cavab verdilər və yenə cənab Lenuarın süni gülüşü eşidildi. Qəfildən o, Culiana tərəf dönüb dedi:
– Sənin atan çox ağıllı adamdır, – Culian başa düşdü ki, kişi onu Corcla səhv salır. – Ümid edirəm, qayıtmaq vaxtı çatanda o sizin dalınızca gələcək və biz söhbət eləyə biləcəyik. Onunla bir sahədə təcrübə aparırıq, lakin atan məni bir xeyli qabaqlayıb.
– Oooo! – Culian ədəblə təşəkkür etdi. Həmin anda xanım Lenuar cingiltili səslə danışmağa başladı:
– Blok sizə yeməyi Meribelin otağına gətirəcək ki, ərimi narahat etməyəsiniz. O, yemək zamanı danışmağı sevmir, masa arxasında altı uşaq oturubsa, onlardan dinməz dayanacaqlarını gözləmək isə sadəlövhlük olardı…
Cənab Lenuar yenə güldü. Sonra dedi:
– Yeri gəlmişkən, Pyer, əvvəllər olduğu kimi sənə təpənin ətəyindəki mağaranın yanında dolaşmağı qadağan edirəm. Eyni zamanda xəbərdar edirəm ki, xüsusən də indi – evdə qonaqlarımız olan vaxt şəhər divarlarına dırmaşmayasan. Bilirsən ki, bu çox təhlükəlidir. Ona görə də qanıqaralıq yaratmağa ehtiyac yoxdur. Mənə söz verirsən?
Kömürcük etiraz etdi:
– Mən şəhər divarlarına dırmaşmıram. Çünki heç vaxt özümü təhlükəyə atmaram.
– Sən bəzən özünü axmaqlığa qoyursan! – cənab Lenuar bu cavabdan elə bağırdı ki, burnunun ucu ağardı. – İndi isə hamınız rədd olun!
Belə görünür, cənab Lenuar tamamilə özündən çıxmışdı.
Qorxmuş uşaqlar – Culian, Dik, Enn və Corc qaçıb otaqdan çıxdılar, Meribellə Kömürcük də onların arxasınca gəldilər. Qapını bərk-bərk bağlayan Kömürcük sevincdən parıldayan üzünü onlara tərəf çevirib dedi:
– Mən ona heç nə vəd vermədim. Atalığım bizi əyləncədən məhrum etmək istəyirdi. İlk baxışdan adama elə gəlir, bizim tərəflərdə maraqlı heç nə yoxdur, ancaq araşdırsan, görərsən ki, belə deyil. Mən sizə çoxlu maraqlı yerlər göstərəcəyəm…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/enid-blayton/qacaqmalci-zirv-sinin-sirri-68289655/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Üvəz – xırda, cır armud; quşarmudu