Bəhlul Danəndə lətifələri

Bəhlul Danəndə lətifələri
Müəllif kollektivi
Folklor
“Altun Kitab”ın bu nəşrində Bəhlul Danəndə haqqında lətifələr verilmişdir.


Bəhlul Danəndə lətifələri

ÖN SÖZ
Bəhlul Danəndə lətifələri ərəb şifahi ədəbiyyatından qaynaqlansa da, Yaxın Şərqdə, o cümlədən Azərbaycanda çox geniş yayılmışdır. Bəhlul Danəndə adı ilə bağlı, el arasında ağızdan-ağıza söylənən xeyli lətifə, didaktik rəvayət, hekayə və nağıl vardır. Bəzi yazıçı və dramaturqlarımızın əsərlərində də bu obraza rast gəlmək mümkündür. Cəlil Məmmədquluzadənin nəşr etdiyi "Molla Nəsrəddin" jurnalı haqqında bir çoxlarının xəbəri var. Lakin çox az adam bilir ki, 20-ci əsrin əvvəllərində Azərbaycanda "Bəhlul" adında satirik jurnal da buraxılmışdır.
Bəhlul Danəndə ilə Molla Nəsrəddin lətifələri bir-birindən forma və üslubca kifayət qədər fərqlənir. Molla Nəsrəddin lətifələri qısa, yığcam, gülməli, yumşaq satira və yumoru ilə seçilirsə, Bəhlul lətifələrinin əksəriyyəti nisbətən geniş süjetə malik olan novellavari hekayəyə, fəlsəfi-didaktik rəvayətlərə oxşayır. Bu iki obraz da bir-birindən fərqlidir.
Bəhlul Danəndə daha çox qədim yunan filosofu Diogeni xatırladır. Diogen kimi Bəhlul da özünü dünya nemətlərindən təcrid edir, şəxsi azadlığı, sərbəstliyi hər cür var-dövlətdən və mənsəbdən üstün tutur, hakimlər, varlılar qarşısında əyilməzlik nümayiş etdirir və eyni zamanda onları satirik tərzdə rüsvay edir, məsxərəyə qoyur. O, acgözlüyə, tamahkarlığa, fırıldaqçılığa, ədalətsizliyə qarşı özünəməxsus tərzdə mübarizə aparır. Bəhlul aldadılmış, təhqir edilmiş, yazıq, yoxsul insanlara kömək edir, onları bəzən ölümdən belə qurtarır, müdrik hərəkətləri ilə haqq və ədalətin bərpasına çalışır. Məhz belə olduğuna görə hamı öz dərdini ona söyləyir, onu özünə ən yaxın məsləhətçi sayır. Onun xalq arasında hörmətini görən qüdrətli hökmdarlar belə ondan çəkinirlər.
Bir çox lətifə və rəvayətlərdə Bəhlul VIII əsrdə yaşamış Harun-Ər-Rəşidin qardaşı kimi qələmə verilir. Öz dövrünün ədalətsiz qayda-qanunları ilə mübarizə etmək üçün Bəhlul özünü dəliliyə vurubmuş. O, uşaq kimi qarğıdan at düzəldib minərmiş. Buna görə də lətifələrdə bəzi ağılsızlar ona Bəhlul Divanə deyə müraciət edirlər. Bəhlulun dəli olmadığını, yalnız fərasətlə özünü dəliliyə qoyduğunu bilmək üçün onun lətifələrinə diqqət yetirmək kifayətdir.

BİŞMİŞ YUMURTADAN DA CÜCƏ ÇIXARMIŞ
Bir tacir səfər üstəymiş. Axşam dükan-bazar bağlandığına görə yeməyə bir şey tapa bilmir. Bir həyətin qapısını döyüb bir qarıdan on dənə bişmiş yumurta alır. Elə olur ki, tələsdiyindən yumurtaların pulunu vermir.
Tacir mallarını satmaq üçün bu ölkədən çıxıb özgə bir ölkəyə gedir, aradan bir neçə ay keçir, geri qayıdanda aldığı yumurtaların pulunu vermək istəyir. Tamahkar qarı ona belə deyir:
– Əgər yumurtaların pulunu o vaxt versəydin, sözüm olmazdı. İndi isə aradan gör nə qədər keçib. Bu müddətdə on yumurtadan on cücə çıxardı, onlar da böyüyüb bir toyuq olardı, hər toyuq da gündə bir yumurta yumurtlayardı. Sonra o yumurtaların da hərəsindən yenə bir cücə çıxardı, onlar da böyüyüb toyuq olardılar. Bu toyuqlar da yumurtlayardılar.
Qərəz, qarı bu toyuq-cücə haqq-hesabını o qədər artırır ki, tacir bütün var-dövlətini ona versə, yenə ödəməzmiş. Buna görə də tacir onun haqqını ödəməkdən boyun qaçırır. Qarı isə gedib xəlifəyə şikayət eləyir. Xəlifə qarının sözünə inanıb tacirin bütün var-dövlətini əlindən aldırıb qarıya verdirir. Tacir əli qoynunda qalır, bilmir nə eləsin.
Bəhlul Danəndə bu əhvalatı eşidir. Qardaşının yanına gəlib ona belə deyir:
– Qardaş, həyətdə bir az buğda əkmək istəyirəm, icazə verərsənmi?
Xəlifə fikirləşir ki, yəqin Bəhlul ağıllanıb, əkinçiliklə məşğul olmaq istəyir. Odur ki, icazə verir.
Bəhlul elə həmin gün yeri şumlayır, həyətin ortasından da yekə bir qara qazan asıb su qaynadır. Xəlifə külafirəngidən baxıb görür ki, həyətdə qara qazan asılıb, Bəhlul da yeri şumlayıb qurtarıb. Xəlifə vəzir-vəkili ilə birlikdə gəlib Bəhluldan soruşur ki, bu nə əhvalatdır?
Bəhlul deyir:
– Bu saat görərsiniz.
Sonra Bəhlul bir torba buğdanı tökür qaynar su qazanına, bişdikdən sonra abgərdənlə çıxarıb şumlanmış yerə səpələməyə başlayır. Xəlifə deyir:
– Bəhlul, mən elə bilirdim, sən ağıllanıbsan, amma görürəm ki, elə həmin Bəhlulsan.
Bəhlul özünü bilməməzliyə vurub deyir:
– Ey ədalətli, ağıllı xəlifə, nə olub ki?
Xəlifə deyir:
– Nə olacaq, bişmiş buğdadan da taxıl bitər?
Bəhlul deyir:
– Yaxşı, bir halda ki, bişmiş buğdadan taxıl bitməz, bəs bişmiş yumurtadan da cücə çıxar ki, sən tacirin bütün mal-dövlətini alıb, yalançı bir qarıya vermisən?!

ƏVƏZİNƏ ON TÜMƏN VERƏRƏM
Xəlifəyə özgə ölkədən üç nəfər qonaq gəlir. Söhbət zamanı qonaqlardan biri Xəlifəyə deyir:
– Ay Harun, sən böyük xəlifəsən, niyə qardaşın Bəhlulun başına ağıl qoymursan, heç olmasa ona bir qədər var-dövlət ver, bəlkə təlxəkliyindən əl çəkə.
– Bəhlul elə adamdır ki, nə mənə yaxın durur, nə də məndən pul götürür, – deyə xəlifə cavab verir.
Qonaqlar xəlifəyə inanmırlar, deyirlər ki, belə ola bilməz.
Xəlifə deyir:
– Durun gedək, Bəhlulu tapaq, görərsiniz ki, mən düz deyirəm.
Qonaqlar xəlifə ilə birlikdə şəhərə çıxırlar. Bir körpüdən keçəndə görürlər ki, Bəhlul uzaqdan gəlir. Xəlifə tez bir torba çıxarıb körpünün üstünə atır. Bir kənarda dayanıb pusurlar. Bəhlul körpünün yanına çatanda öz-özünə ucadan deyir:
– Görəsən, korlar körpüdən necə keçirlər? Gəl gözünü yum, körpüdən keç, görək necə keçirsən?
Bəhlul gözünü yumub körpüdən keçir, qızılla dolu torbanı guya görmür.
Xəlifə deyir:
– Gördünüzmü, Bəhlul qəsdən gözünü yumdu ki, guya qızıl torbasını görə bilməmişdir.
Bəhlul dönüb gözucu onlara baxır, hiss eləyir ki, nə isə ondan danışırlar. Odur ki, yaxınlaşıb salam verir. Sonra cibindən bir abbası çıxardıb deyir:
– Harun, cibim cırıqdır, düşüb itər, al bunu saxla. Amma bir şərtim var: harda istəsəm, gərək orda verəsən.
Harun:
– Baş üstə, – deyib pulu ondan alır.
Bəhlul bilirdi ki, Harun cümə günləri hamama çimməyə gedir, odur ki, həmin gün gəlib hamamın qabağında onu gözləyir. Harun hamama girəndən bir az sonra Bəhlul da içəri girib camadara deyir:
– Get Haruna de ki, qardaşın deyir, bir abbasımı versin.
Harun camadarla qayıdıb Bəhlula belə deyir:
– Hamamın içində abbasını hardan verim?
Qoy çıxım, əvəzində on tümən verərəm. Bəhlul deyir:
– Yox, mənə on tümən lazım deyil, şərtimiz var, mən bir abbasımı elə burada istəyirəm.
Harun deyir:
– Qardaş, bu mümkün olan iş deyil. Axı mən hamamda çimdiyim yerdə onu sənə necə verə bilərəm?
Bəhlul deyir:
– Sən böyük bir xəlifə olduğun halda, bu yekəlikdə hamamın içində bir abbasını verə bilmirsən, neçə illərdir kasıb-kusubun var-yoxunu yeyirsən, bəs dar qəbrin içində onların haqqını necə qaytaracaqsan?!

BƏHLUL NƏ ÜÇÜN GÜLÜRMÜŞ
Deyilənə görə, Bəhlul heç gülməzmiş. Bunu bilən xəlifə hər yerə car çəkdirir ki, kim Bəhlulun güldüyünü görüb ona xəbər gətirsə, həmin adama böyük bəxşiş verəcək.
Bəhlul bir gün Təbrizin küçələrində avara-avara gəzərkən yolu bir qəssab dükanının qabağından düşür. Görür dükanda heyvan cəsədlərini qarmaqlara keçirib ayaqlarından asıblar; qarmağın birindən qoyun şaqqası, o birindən keçi, üçüncüsündən mal budu asılıb. Bunları görən Bəhlul bərkdən qəhqəhə çəkib gülür. Qəssab Bəhlulun güldüyünü görcək qaçır xəlifənin yanına, xəbər verir ki, bəs, qardaşın bu gün qəssab dükanının yanından keçəndə bərkdən gülübdür. Xəlifə dərhal Bəhlulu çağırtdırıb soruşur ki, eşitdiyimə görə, gülübsən, bu doğrudurmu?
Bəhlul cavab verir:
– Doğrudur.
Xəlifə qəssabın xələtini verib onu yola salır. Sonra Bəhlula deyir:
– Bəhlul, axı sən heç gülməzdin, mənə bu sirri aç görüm, səbəb nə olub ki, sən gülübsən?
Bəhlul deyir:
– Qardaş, mən sənin pis əməllərinə dözə bilməyib, baş götürüb bərri-biyabanı, şəhərləri, kəndləri gəzirdim, hey fikirləşirdim ki, qardaşın olduğum üçün görəsən məndən də əvəz çıxacaqlarmı?.. Qəssab dükanının qabağından keçəndə gördüm hər heyvanı öz ayağından asıblar. Nəticə çıxartdım ki, demək, sənin cəzanı yalnız sənə verəcəklər. Odur ki, özüm barədə arxayın olub güldüm.

TORPAĞIN SÖZÜ
İki kəndli qonşuluqda yer şumlayırmış. Bir axşam işdən sonra üz-üzə gəlirlər. Kəndlinin biri o birinə deyir:
– Sən mənim torpağımı da öz torpağına qatıbsan!
O biri kəndli də deyir:
– Yox, sən mənim torpağımı oğurlayıbsan!
Onlar o qədər mübahisə edirlər ki, axırı vuruşası olurlar. Bu zaman Bəhlul yol ilə keçirmiş, kəndlilərin dalaşdığını görüb, onların yanına gəlir. Məsələdən halı olub deyir:
– Siz iki addım geri çəkilin, mən torpaqdan xəbər alım, görüm onun bu haqda fikri nədir.
Kəndlilər geri çəkilirlər. Bəhlul əyilib qulağını yerə söykəyir. Bir azdan sonra qalxıb deyir:
– Torpaq deyir ki, onlar yalan danışırlar, mən onların deyiləm, onlar ikisi də mənimdir.


Kəndlilər bir ağızdan deyirlər:
– Bu necə olur ki, biz torpağın oluruq?
Bəhlul deyir:
– Torpaq demək istəyir ki, ey insanlar, siz məndən əmələ gəlibsiniz, sonra da ölüb torpağa qarışacaqsınız, iki qarış yer üstündə nahaq bir-birinizi qırırsınız.

YAVAŞ DANIŞ, İTLƏR EŞİTMƏSİN
Harun-Ər-Rəşid bir gün xörək yediyi vaxt Bəhlul Danəndə yadına düşür, aşpazını çağırıb deyir:
– Bu xörəklərdən bir yaxşı pay düzəlt, apar Bəhlula, heç olmasa, qoy o da bir dəfə dadlı yemək yesin.
Aşpaz xörəklərdən götürüb Bəhlulu axtarmağa gedir. Bir xeyli axtardıqdan sonra onu avara, yiyəsiz itlərin gecələdiyi bir xarabalıqda tapır. Aşpaz xörəkləri ona göstərib deyir:
– Harun-Ər-Rəşid öz dadlı yeməklərindən sənə pay göndərib, gəl ye!
Bəhlul deyir:
– Onu tök, itlər yesin!
Aşpaz təəccüblənib deyir:
– Bəhlul, sən nə danışırsan? Bu, Harunun yediyi xörəklərdəndir.
Bəhlul deyir:
– Ay kişi, yavaş danış, itlər eşitməsin. Əgər eşitsələr ki, xörəyi Harun-Ər-Rəşid göndərib, onda heç biri yeməz.

SƏN DƏ MƏNİM ƏSGƏRLƏRİMDƏNSƏN
Bir gün Bəhlul Harun-Ər-Rəşidin yanına gedirmiş. Yolda onunla rastlaşan vəzirlərdən biri Bəhlulu ələ salmaq üçün deyir:
– Ey Bəhlul, muştuluğumu ver! Əmirəlmöminin səni öküzlərə, eşşəklərə baş sərkərdə təyin eləyib!
Bəhlul halını pozmadan deyir:
– İndi ki, elədir, onda mənə qulaq as, əmrimi yerinə yetir, çünki sən də mənim əsgərlərimdənsən.

MƏBADƏ QATIRÇININ QATIRINI HÜRKÜDƏSƏN
Yayın isti günlərindən birində Bəhlul adəti üzrə karvan yolunun üstündə gül satırmış. Deyilənə görə, hər gülalana bir ağıllı söz deyib yola salırmış. Bəhlul yol üstündə o qədər oturur ki, yorulub yuxusu gəlir. Odur ki, paltarını soyunub başının altına qoyur, çuxasını üstünə salıb bir az gözünün acısını almaq istəyir. Yerə uzanan kimi yuxuya gedir. Elə bu vaxt yolla bir qatır karvanı keçir. Külək Bəhlulun çuxasını üstündən atır. Karvan gəlib onun yanından keçəndə Bəhlul səs-küyə yuxudan ayılır. Görür ki, alt tuman-köynəkdə qalıb, ayağa qalxıb o tərəf-bu tərəfə qaçaraq çuxasını axtarmağa başlayır. Onun bu qəfil hərəkətindən karvan hürkür, bir qarışıqlıq düşür ki, gəl görəsən. Tacirlər qəzəblə Bəhlulun üstünə tökülüşürlər ki, onu döysünlər. Bəhlul görür bu vurhavurda onları başa salmaq çətindir, başlayır qaçmağa, ha qaçır, gizlənməyə bir yer tapmır. Axırda gəlib çatır xəlifənin sarayına, görür ki, sarayın qapısı açıqdır, girir içəri. Bu vaxt xəlifə adamlarını yığıb camaatın şikayətinə baxırmış.
Xəlifə Bəhlulu alt tuman-köynəkdə görüb soruşur:
– Bəhlul, de görüm bu nə haldır düşübsən, hardan gəlirsən?
Bəhlul özünü toxdadıb deyir:
– O dünyadan gəlirəm.
Xəlifə soruşur:
– Xeyir ola, o dünyadan nə xəbər gətirmisən?
Bəhlul deyir:
– O xəbəri gətirmişəm ki, məbadə qatırçının qatırını hürküdəsən!
Xəlifə deyir:
– Bu nə deməkdir? Qatırçının qatırını hürkütsəm, bəyəm nə olar?
Bəhlul deyir:
– Bir gör dalımca nə qədər adam tökülüb gəlir? Bax onda belə olar.
Xəlifə görür, Bəhlulun dalınca o qədər əliağaclı adam tökülüb gəlir ki, əgər Bəhlul onların əlinə düşsə, onu xurd-xəşil eləyərlər.
Xəlifə deyir:
– Bəhlul neyləyibsən ki, onlar səni qovurlar?
Bəhlul deyir:
– Mən onların qatırlarını hürkütmüşəm. Bəs sən nə məşvərət keçirirsən?
Xəlifə deyir:
– Camaatın şikayətlərinə baxıram.
Bəhlul deyir:
– Hə, məsələ aydındır. Deməli, sən də camaatın qatırını hürküdübsən. Mən bircə qatır karvanını hürkütmüşəm, alt tuman-köynəkdə məni qovub öldürmək istəyirlər. Sən isə minlərlə insan karvanı hürküdübsən, gör onda sənə nə eləyərlər!

DAHA MƏNƏ EHTİYAC YOXDUR
Bağdad xəlifəsi bir gün Bəhlulu yanına çağırıb deyir:
– Ay qardaş, bəsdir bu qarğı atı minib o tərəf-bu tərəfə çapdığın. Hamı səni dəli-divanə hesab eləyir. Gəl sənə bir vəzifə verim.
Bəhlul deyir:
– Məni elə işə qoy ki, işimi özgəsi görməsin. Öz işimi özüm görüm.
Xəlifə deyir:
– Onda bu gündən səni bazara darğa qoyuram. Hər gün gedərsən bazara, qayda-qanun yaradarsan, qoymazsan bir kimsə bir başqasını aldatsın. Çəkiyə, haqq-hesaba nəzarət edərsən.
Elə həmin gün Bəhlul gəlir bazara. Görür ki, bir uşaq qəssabdan üç girvənkə ət istədi. Qəssab uşağı aldadıb əti yarım girvənkə əskik çəkdi. Uşaq əti alıb gedən kimi, bir it qəssabın qabağından bir bud əti götürüb qaçdı. Bəhlul bu hadisəni görən kimi qayıdır birbaş evinə, düz bir həftə bazara çıxmır.


Xəlifəyə xəbər çatdırırlar ki, bəs sənin təzə təyin elədiyin darğa bazara bir həftədir ayaq basmır.
Xəlifə Bəhlulu çağırtdırıb deyir:
– Qardaş, bəs mən sənə vəzifə verdim ki, bazarda qayda-qanun yaradasan, amma sən çəkilib oturmusan evdə. Niyə belə?
Bəhlul bazarda gördüyü əhvalatı xəlifəyə danışıb axırda deyir:
– Orda mənsiz də qayda-qanun yaradan var, daha mənə ehtiyac yoxdur.

BƏHLUL VƏ MƏMURLAR
Günlərin birində Harun-Ər-Rəşidin məmurları Bəhlulu tutub xəlifənin yanına gətirirlər ki, bəs bu adam şəhərdə şaiyə yayır ki, guya sən ölübsən. Xəlifə bərk qəzəblənib Bəhluldan soruşur:
– Sən nəyə görə belə şaiyə yayırsan?
Bəhlul deyir:
– Sənin məmurların xalqa yaman divan tuturlar, onların bu zülmünə baxıb belə qərara gəldim ki, yəqin xəlifə ölüb, ona görə də bunlar belə azğınlaşıb hədlərini aşıblar.

ALLAH O QƏDƏR DƏ İNSAFSIZ DEYİL
Harun-Ər-Rəşid xalq içərisində özünü öyüb deyir:
– Gərək siz mənə gecə-gündüz dua edəsiniz ki, mənim vaxtımda ölkədə vəba kimi qorxulu xəstəlik baş verməyib.
Bəhlul gülüb deyir:
– Ya xəlifə, Allah o qədər də insafsız deyil ki, bir ölkəyə iki bəlanı birdən verə. Səni bu ölkəyə xəlifə göndərib, elə bu kifayət deyilmi?

ŞAH VƏ BƏHLUL
Bəhlul bir gün yolun kənarında oturubmuş. Padşah adamları ilə gəlib buradan keçəndə Bəhlulu görüb vəzirinə deyir:
– Vəzir, istəyirəm ona söz atam, görüm cavab verə bilərmi?
Vəzir deyir:
– Şahım, mən məsləhət görmürəm. Çünki o, söz altında qalan deyil.
Padşah deyir:
– Eybi yoxdur, deyəcəyəm.
Padşah yanaşıb əvvəlcə Bəhluldan xəbər alır ki, bəs sən kimsən? Buralarda nə eləyirsən?
Bəhlul cavab verir ki:
– Mən heç kiməm, heç nə də eləmirəm. Bəs sən kimsən?
Padşah deyir:
– Mən şaham.
Bəhlul deyir:
– Bəs səndən böyük kim var?
Padşah deyir:
– Heç kim. Bəhlul fürsəti əldən verməyib deyir:
– Deməli, mən səndən böyüyəm.
Padşah deyir:
– Mən nə əmr eləsəm, sözsüz-söhbətsiz hamı onu qəbul eləyir, kimi istəsəm asdıraram, haranı istəsəm darmadağın etdirərəm. Adımı eşidəndə hamı tir-tir əsir.
Bəhlulun oturduğu yerdə çoxlu milçək varmış, ona rahatlıq vermirmiş. Odur ki, deyir:
– İndi ki belə böyük adamsan, əmr elə bu milçəklər məni incitməsinlər.
Padşah pərt olub yoluna davam edir.

HEÇ ÖLÜ DƏ DİRİLƏRMİ?
Xəlifənin məmurlarından biri camaata çox zülm edirmiş. Cana döymüş adamlar bir gün onu tutub öldürürlər. Bu hadisədən qəzəblənən xəlifə həmin adamların yaşadığı kəndin əhalisinə olmazın divan tutur. Sonra onlara qırx gün möhlət verir ki, məmuru diriltsinlər.
Camaat bilmir nə etsin. Axırda Bəhlulun yanına bir neçə adam göndərib ondan kömək istəyirlər.
Bəhlul gələn adamlara deyir:
– Gedin evinizə, mən tədbir görərəm.
Səhər açılan kimi Bəhlul durub xəlifənin yanına gedir. Xəlifə, Bəhlulu görən kimi soruşur:
– Qardaş, çoxdandır mənim yanıma gəlmirsən, xeyir ola, nə xəbər var?
Bəhlul gülə-gülə deyir:
– Qardaş, sənə şad xəbər gətirmişəm. Xəlifə sevincək deyir:
– Bəhlul, nə olub, nə xəbər gətirmisən?
Bəhlul deyir:
– Qardaş, ata-anamız dirilib gəlirlər.
Xəlifənin kefi pozulur, qardaşının yenə də ağıllanmadığına təəssüflənir. Bəhlul isə halını pozmadan deyir:
– Qardaş, kefin niyə pozuldu?
Xəlifə deyir:
– Ay divanə, heç ölən adam da dirilərmi?
Bəhlul deyir:
– Ey Bağdadın "ağıllı" xəlifəsi, bəs onda camaata niyə əmr vermisən ki, sənin ölmüş darğanı diriltsinlər?

GÖR SƏNİ NƏ QƏDƏR DÖYƏCƏKLƏR
Xəlifə bir gün başqa otaqda vəzir ilə söhbət eləyəndə Bəhlul onun taxtına çıxıb yerində oturur. Xəlifənin saray xidmətçiləri başlayırlar onu döyə-döyə taxtdan düşürtməyə. Bəhlul başlayır ağlamağa. Xəlifə gəlib görür ki, Bəhlul ağlayır, soruşur ki, qardaş, niyə ağlayırsan?
Bəhlul deyir:
– Sənin taxtında cəmisi beşcə dəqiqə oturduğum üçün məni belə döydülər. İndi sənin halına ağlayıram ki, neçə illərdir bu taxtda oturursan, vaxtı çatanda gör səni necə döyəcəklər!

MOLLANIN TAMAHI
Molla bir qoca qarıdan on tümən borc alır. Aylar keçir, il ötür, borcu qaytarmır. Qarı nə qədər yalvarır ki, pulumu ver, molla müxtəlif bəhanələr gətirir ki, bəs bilmirəm səndən pul almışam, ya almamışam. Qarının əlacı kəsilir, mollanı da götürüb qazının yanına şikayətə gedir. Yolda Bəhlula rast gəlirlər. Qarı başına gələn əhvalatı ona söyləyir.
Bəhlul üzünü mollaya tutub deyir:
– Molla əmi, görürsən ki, qarının heç kimi yoxdur, yazıq adamdır, on tümən nədir ki, onu vermirsən? Gəl sənə elə bir xəzinə göstərim ki, ömrünün axırına kimi yesən, qurtarmasın.
Molla deyir:
– Haradadır o xəzinə?
Bəhlul əli ilə bir təpəni göstərib deyir:
– O təpəni görürsənmi? Onun dibində bir mağara var, içində də qırx küp qızıl. Gir içəri, nə qədər istəyirsən götür.
Molla qızıl adını eşidən kimi qarının on tümənini verib tez təpəyə tərəf qaçır. Bəhlul da qarğı atını minib "Ah, tamah, ah, tamah!" deyə-deyə gedir.
Molla təngnəfəs gəlib təpənin dörd tərəfini nə qədər axtarırsa, heç nə tapmır. Özünün aldadıldığını bilib kor-peşman evinə qayıdır.

BƏHLULUN YUXUSU
Günlərin birində Bəhlul yolla gedərkən ona bir kişi rast gəlir. Kişi deyir:
– Ay Bəhlul, mənim bir qədər pulum var, özüm də uzaq yerə səfərə gedirəm, pulu da evdə qoymağa ürəyim gəlmir. Səndən məsləhət istəyirəm, pulu kimin yanında qoyum?
Bəhlul deyir:
– Pulu elə adama tapşır ki, nə kor olsun, nə də çolaq.
Kişi Bəhluldan ayrılıb şəhəri gəzə-gəzə gəlib çıxır bir dükana, görür ki, dükanda bir nəfər oturub. Kişi öz-özünə deyir: "Yaxşı oldu, pulu verərəm saxlasın, yaxşı adama oxşayır".
Kişi içəri girib ədəb-ərkanla dükançıya salam verir, dərdini ona söyləyir. Tacir kişini dilə tutub pulları alır. Kişi fikirləşir ki, bu nə kordur, nə də topal, əsl Bəhlul deyəndir, yaxşı oldu ki, pulu buna verdim. Kişi bu fikirlə qapıdan çıxanda piştaxtanın böyründən görür ki, bunun bir qıçı yoxdur, tez qayıdıb pulunu geri istəyir, tacir deyir:
– Kişi, nə pul, nə zad, çıx get burdan.
Kişinin əli yerdən-göydən üzülür, bilmir neyləsin. Başına-gözünə döyə-döyə gəlir Bəhlulun yanına. Əhvalatı ona söyləyir.
Bəhlul deyir:
– A kişi, sənə demədimmi pulunu çolaq adama vermə?
Kişi deyir ki, dükançının çolaq olduğunu bilməyib. Bəhlul görür ki, iş işdən keçib, odur ki, deyir:
– Kişi, indi mən gedib dükanda həmin adamla söhbət eləyəcəm, hər beş dəqiqədən bir içəri girib mənim yanımda ondan pulunu istəyərsən, nə qədər sənə acıqlansa da, pulunu almamış əl çəkməzsən.
Bəhlul gedir dükana, salam verib deyir:
– Tacir ağa, sənə elə bir sirr açacağam ki, heç olmayan kimi.
– Bəhlul, söhbət nədən gedir?
Bəhlul deyir:
– Yeddi küp qızıldan.
Qızıl sözünü eşidən kimi tacirin gözləri hədəqəsindən çıxır, elə bilir ki, Bəhlul da qızılları ona saxlamağa gətirəcək, odur ki, deyir:
– Bəhlul, söylə görək bu nə əhvalatdır?
Bəhlul deyir:
– Ağa tacir, bu gecə yerimdən durub yolnan gedirdim, o qədər getdim ki, bir də başımı qaldırıb gördüm şəhərin kənarında bir mağaranın qabağındayam. Mağaranın içinə girib gördüm…
Elə bu vaxt kişi dükana girib tacirdən pulunu istəyir. Tacir onu qovur ki, nə pul, rədd ol burdan. Kişi çıxıb dükanın dalında gizlənir ki, bir azdan yenə gəlib pulunu istəsin.
Bəhlul sözünə davam edir:
– Hə, tacir ağa, mağaranın içinə girib gördüm ki, bir qızı saçından asıblar. Qız məni görən kimi dedi: – Ey oğlan, nə yaxşı oldu ki, sən bura gəldin. Mən neçə ildir sənin yolunu gözləyirdim. Sonra qız barmağından bir üzük çıxarıb verdi mənə, dedi: – Bil və agah ol ki, bu üzüyün qiyməti yoxdur. Bütün padşahların xəzinəsini bir yerə yığsan, yenə də bu üzük onlardan qiymətlidir.
Bu vaxt kişi yenə içəri girib pulunu istəyir. Tacir yenə onu qovub dükandan çıxardır.
Bəhlul deyir:
– Qız üzüyü mənə verib belə dedi: – Bax mənim ömrüm tamamdır, bir azdan sonra ölüb gedəcəyəm, mənim heç kimim yoxdur, özümün də yeddi küp qızılım var. O da bax, bu palazın altındadır, çıxarıb apararsan, məni də həmin qızılları çıxartdığın yerdə dəfn edərsən. Qız sözünü deyib canını tapşırdı, mən də yeddi küp qızılı çıxardıb qızı orda dəfn elədim. Sonra öz-özümə dedim ki, bəs bu qədər qızılı harada saxlayacağam, gərək elə bir etibarlı adam tapım ki, özgənin pulunu yeyən olmasın, verim ona, saxlasın.
Elə bu vaxt kişi içəri girib deyir:
– Tacir qardaş, mənim pulumu ver.
Tacir bu dəfə də kişini qovmaq istəyəndə Bəhlul deyir:
– A kişi, axı sən bu tacirdən nə istəyirsən, o elə təmiz adamdı ki, heç kimin pulunu yeməz. Bu nə davadır çəkirsən?
Kişi ağzını açır ki, əhvalatı söyləsin. Tacir görür ki, bunun pulunu verməsə Bəhlul qızılları ona tapşırmayacaq. Odur ki, kişinin pulunu verir. Kişi pulunu alıb dükandan çıxan kimi Bəhlul deyir:
– Hə, tacir qardaş, mən elə bu fikirdəydim ki, qızılları gətirəm sənin yanına, küplərin axırıncısını atın belinə qoyurdum ki, həmin küp əlimdən yerə düşüb parça-parça oldu. Qızıllar ətrafa səpələndi. Küp yerə düşəndə guppultusuna elə diksindim ki, bir də baxıb gördüm, əşi nə qızıl, nə küp, bunların hamısını yuxuda görürmüşəm! İndi də sənin yanına elə ondan ötrü gəlmişəm ki, bu yuxunu yozasan, görək mənası nədir?
Tacir Bəhluldan bu sözləri eşidəndə cin vurur beyninə, kişinin pulunu verdiyinə bərk peşman olur. Bəhlulu söyüb dükandan qovur.

BƏHLULUN BƏZİRGANLARA BEHİŞT SATMASI
Günlərin birində Bəhlul bazarda üç qarğını baş-başa bağlayıb, üstünə də bir keçə parçası atıb çadır düzəldir. Özü də girib çadırın içində kef-damaqla qəlyan çəkir.
Uzaq ölkələrdən ticarətə gələn bir dəstə bəzirgan bazarın lap ortasında qurulmuş bir qarğı mərəyini görüb yaxına gəlirlər, baxırlar ki, Bəhlul burada bir kefdədir, gəl görəsən.
Bəzirganlardan biri xəbər alır ki, Bəhlul, bu nə həngamədir düzəldibsən?
Bəhlul deyir:
– Bu, behiştdir, özü də satıram.
Bəzirganlar qəhqəh çəkib gülürlər. Soruşurlar ki, de görək, sənin bu behiştinin qiyməti nədir?
Bəhlul deyir:
– Yüz tüməndir!
Bəzirganlar bir-birinin üzünə baxıb daha bərkdən gülürlər ki, Bəhlul dəli olub. Bəzirganbaşı deyir:
– Bəhlul, cəhənnəmə getməyə razı olaram, amma sənin bu behiştinə o qədər pul vermərəm.
Bəhlul deyir:
– Əgər siz yalvara-yalvara bu behiştə yüz tümən verməsəniz, onda mənə nə istəsəniz deyərsiniz. Bəhlul bilirdi ki, bəzirganlar mallarını satandan sonra geri qayıdacaqlar, özü də yolları elə yerlərdən düşəcək ki, orda daldalanmağa bir yer yoxdur. Hər yan qumlu cəzirədi, yayın günəşi bunların beyninə vurduqca başlarını soxmağa bir toyuq hinini də satın alacaqlar. Odur ki, ata minib, qarğılarını və keçə parçasını götürüb, yollandı həmin yerə. Bəzirganların keçəcəyi yolun üstündə qarğı mərəyini qurub girdi içinə.
Aradan bir xeyli keçdi, bəzirganlar mallarını satıb geri qayıtdılar. Yolda bərk istiyə düşdülər. Bir yer tapmırdılar ki, başlarını ora soxub nəfəs boğan bürküdən canlarını qurtarsınlar.
Bəzirganlar bir də baxıb gördülər ki, budur, Bəhlul, burda, çadırın içində qəlyan çəkir. İstədilər girsinlər içəri, Bəhlul qoymadı. Axırda bəzirganbaşı dedi:
– Bəhlul, on tümən verək, bizi çadıra burax.
Bəhlul dedi:
– Yox.
Dedilər otuz tümən verək, əlli tümən verək. Bəhlul yox deyib durdu ki, yüz tüməndən bircə qəpik də əksik olmaz.
Bəzirganlar baxdılar ki, axşama az qalır, bir-iki saat da dözsələr sərin düşər, odur ki, pulu canlarından artıq bilib başladılar yol getməyə.
Bu dəfə də Bəhlul atını minib kəsə yolla onları qabaqladı. Gəlib bir dərya kənarına çıxdı. Bu yerin iqlimi elə idi ki, hər gün yağış yağırdı, daldalanmağa isə bir yer yox idi. Bəhlul çadırını burada, yol qırağında qurdu. Bəzirganlar ora çatanda bərk yağış yağdı, yolçuları möhkəmcə islatdı. Gördülər ki, bir az da belə getsə, tamam şil-şüt olacaqlar. Gəlib çıxdılar Bəhlulun çadırının yanına, tez özlərini içəri salıb dedilər:
– Bəhlul qardaş, al bu yüz tüməni, behişti ver bizə.
Bəhlul bəzirganlardan yüz tümən alıb çadırı verdi onlara.

DƏMİR AL, KÖMÜR AL
Günlərin birində bir nəfər Bəhlulun yanına gəlib soruşur:
– Danəndə Bəhlul, mən nə alım, nə satım ki, varlanım?
Bəhlul deyir:
– Get dəmir al, kömür al, vur anbara, üstünə də su səp. Bir il qalsın sonra çıxart sat.
Kişi Bəhlulun dediyi kimi eləyir. Üstünə su səpilmiş dəmirlə, kömür rütubət çəkir, ağırlaşır. Kişi satıb xeyli qazanır. Bu qədər qazanc kişini qudurdur, heç kimi saymır, hətta Bəhlula da salam vermək istəmir. Aradan bir müddət keçəndən sonra həmin kişi Bəhlulu dayandırıb yenidən soruşur:
– Ə, Divanə Bəhlul, indi nə alıb-satım ki, yenə xeyli qazanım?
Bəhlul deyir:
– Soğan al, sarımsaq al, vur anbara. Üstünə də su səp. Bir il qalsın, sonra satarsan.
Kişi obaları, kəndləri gəzib nə qədər soğan, sarımsaq var, hamısını alıb doldurur anbara, üstünə də su səpir. Aradan bir il keçir, soğanın, sarımsağın hamısı göyərib xarab olur, çürüyür. Kişi böyük ziyana düşür, qəzəblənib başılovlu Bəhlulun yanına gedir.
– Bəhlul, birinci dəfə mənə ağıllı məsləhət vermişdin, xeyli qazancım oldu, amma ikinci dəfə ağıllı məsləhət vermədin, sözünə baxdım, xeyli ziyana düşdüm!

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/raznoe-4340152/b-hlul-dan-nd-l-tif-l-ri-68289598/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Bəhlul Danəndə lətifələri Коллектив авторов
Bəhlul Danəndə lətifələri

Коллектив авторов

Тип: электронная книга

Жанр: Юмор и сатира

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Bəhlul Danəndə lətifələri, электронная книга автора Коллектив авторов на азербайджанском языке, в жанре юмор и сатира

  • Добавить отзыв