Çarli Çaplin

Çarli Çaplin
Piter Akroyd
Tarixi yaradanlar
Çarli Çaplini planetin hər yerində uşaqdan böyüyədək hamı tanıyır. Bu kitab isə onun misilsiz şöhrətə uzanan həyat yoluna işıq tutan ən yaxşı bioqrafik əsər sayıla bilər.

Piter Akroyd
Çarli Çaplin


Həyatı iri planda görəndə o, faciəyə çevrilir, uzaq planda görəndə – komediyaya.
    Çarli Çaplin

Çaplinin dünyaya gəlişi
XIX əsrin son onilliyi. Londonun cənubu. Şəhəri ikiyə ayıran Temza çayının o tayındakı qələbəlikdən, möhtəşəmlikdən burada əsər-əlamət yoxdur. Bura balaca, çirkli mağazaları olan miskin bir yerdir…
Müasirlərin dediyinə görə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Londonun cənubunda yaşayan insanların üzündəki süstlük, yorğunluq kənardan gələnlərdə ağır təəssürat yaradırdı. Şlyapa və dəri emalatxanaları havanı zəhərləyir, çoxsaylı sexlərdə peçenye, cem bişirilir, cürbəcür turşular hazırlanır; sirkə, tüstü, ucuz pivə qoxusu kasıblıqdan xəbər verir.
Bütün bunlara baxmayaraq, şəhərin cənub rayonları həm də əyləncə yerləri ilə zəngin idi. İlk müzik-hollardan biri 1840-cı ildə məhz Londonun cənubunda açılıb.
Qadınlar, uşaqlar vaxtlarının çoxunu küçələrdə keçirirdi. Onların əsl evi küçələr idi; arvadlar dayanmadan qeybət eləyir, uşaqlar doyunca oynayırdılar. Həmin uşaqlardan biri də Çarli Çaplin idi. «Bu küçə uşaqları mənə doğma idi, – o, 1933-cü ildə jurnalların birində çap olunmuş məqaləsində yazırdı. – Çünki mən də onlardan biri idim».
Ümumiyyətlə, Londonun cənubu Çarli Çaplinin həyatı boyunca ilham aldığı yer olacaqdı.
Çaplinin mənşəyi bu günədək müəmma olaraq qalır. Nə doğum haqqında şəhadətnaməsi, nə xaç suyuna salındığı barədə qeyd tapılıb. Hətta harada doğulduğu da məlum deyil. Çaplinin özü İst-leyndə dünyaya gəldiyini deyir. Bu dar küçənin rəsmi adı İst-stritdir, ancaq yerli sakinlər onu İst-leyn adlandırırlar.
Daha vacib bir məqam da var: Çarli özü də etiraf edir ki, bioloji atasının kim olduğunu bilmir. O doğulanda anası Hanna Çarlz Spenser Çaplinlə evli idi.
Hanna Çarlini 1889-cu il aprelin 16-da axşam saat səkkizdə dünyaya gətirib. Hətta ovaxtkı qəzetlərin birində bu haqda elan da çap olunub: «Ayın 15-də cənab Çarlz Çaplinin arvadı qəşəng bir oğlan uşağı doğub. Ana və uşaq özlərini yaxşı hiss edirlər».
Hərçənd qəzet elanda səhvə yol verirdi: əvvəl də dediyimiz kimi, Çarli aprelin 16-da dünyaya gəlib. Onun anası Hanna İst-strit ətrafında yaşayan ailədə böyümüşdü. Bu ailənin bəzi üzvləri qeyri-sağlam həyat tərzi sürürdü. Üstəlik, onların bir çoxu psixi problemlərdən əziyyət çəkirdilər.
Hanna 1884-cü ildə səhnəyə müğənni kimi çıxıb. Onun səhnə adı Lili Harley idi. Əvvəl sənətdə müəyyən qədər uğur qazanıb. Lakin sonradan karyera baxımından işləri bir o qədər də yaxşı getməyib. Özünün dediyinə görə, 19 yaşında varlı bukmeyker Sidni Houksla Cənubi Afrikaya qaçıb. Ancaq çox keçmədən qayıtmağa məcbur olub. Həmin qaçış nəticəsində doğulan uşağa isə Sidni adı qoyulub. Hanna 1885-ci ildə Çarlz Çaplinlə evlənib və Sidniyə ögey atanın soyadını verib. İllər keçəcək, qadının kimdən dünyaya gətirdiyi dəqiq bəlli olmayan ikinci oğlan uşağına da həmin soyad veriləcək, üstəlik, ona elə ögey atanın adı qoyulacaqdı: Çarlz Spenser Çaplin.
Kitabımızın qəhrəmanı doğulandan bir il sonra mister Çaplin Hannadan ayrılıb. Buna səbəb, yəqin ki, Hannanın ona xəyanət etməsi idi. Çaplin uşağın ondan olmasına şübhə ilə yanaşırdı. Elə Çarli Çaplin də sonralar anasının çox sevgilisi olduğunu etiraf eləyib. Belə hesab edilir ki, kasıblıq Hannanı pis yola salmışdı.
Ailə bağlarının qırılmasının başqa bir səbəbi isə mister Çaplinin əyyaşlığa qurşanması idi.
Çarli Çaplin ilk dəfə 1894-cü ildə, London teatrlarından birində çıxıb. Ədabaz, avara küçə uşağı obrazını canlandıran Çarlinin məlahətli baritonu[1 - Bariton – yüksəkliyinə görə tenor ilə bas arasında kişi səsi] çoxlarını heyran qoymuşdu.
Çaplinin damarlarında yəhudi qanı axdığını deyənlər az deyil. Düzdür, özü bunu çox vaxt inkar eləyirdi, lakin arabir yəhudi mənşəli olduğuna eyham vururdu. Çaplinin nəslində qaraçı olduğunu isə əminliklə demək olar. O, ana nənəsinin yarı qaraçı olduğunu dəfələrlə söyləyib. Çarlinin ölümündən sonra ortaya çıxan məktubda hətta onun Birminhem ətrafındakı qaraçı köçündə doğulduğu yazılıb.
Çarlinin dostları da onun anasını qaraçı hesab eləyirlər və deyirlər ki, qəhrəmanımızın özü də qaraçı dilinin ingilis variantını bilirdi. Elə böyük oğlu Çarlz da memuarlarında yazır ki, atam həmişə öz qaynar qaraçı qanı ilə fəxr edirdi.

Yaxşı və pis günlər
Hanna ilə iki balaca uşağı İst-stritdə çox yaşamırlar. Sidninin getdiyi məktəblərdən aydın olur ki, eyni rayonun ərazisində olsa da, ailə tez-tez ünvanını dəyişib. Çaplinin iki-üç yaşı olanda anasının yeni sevgilisi peyda olur. Bu, məşhur varyete[2 - Varyete – bir-birindən rabitəsiz şəkildə hazırlanan və mahnı, rəqs, məsxərə kimi səhnələrdən ibarət tamaşa] aktyoru Leo Drayden idi. O, kraliçanı və ölkəni mədh eləyən vətənpərvər mahnılar bəstələyir, beləcə, yaxşı pul qazanırdı. Yəqin, bunun sayəsində Hanna uşaqlarla daha zəngin rayona – Uest-stritə köçdü. Həmin rayonu İst-leyndən vur-tut yarım mil ayırsa da, sanki başqa ölkəyə köçmüşdülər, özlərini qəriblikdə hiss edirdilər. Halbuki daşındıqları evdə qulluqçular belə var idi.
Çarli burada – Kenninqton-roydda bazar günü gəzintilərini ömrü boyu unutmur. Əynində məxmərdən tikilmiş göy pencək, əlində isə eyni rəngdə əlcək olardı. Yol kənarlarında dayanmış konkaların üstünə çıxıb, ərküdə[3 - Ərküdə – vətəni Aralıq dənizi sahilləri hesab edilən, 2500 il əvvəl müalicə məqsədilə istifadə olunmağa başlanılan, din adamları tərəfindən müqəddəs hesab edilən ağac. Yunancadan tərcümədə adının mənası «namus» deməkdir.] ağacının çiçəkləmiş budağına toxunmaq üçün əllərini yuxarı qaldırır və bu anlarda özünü çox xoşbəxt hesab edirdi. Həm bu anları, həm də gülsatan qızın indicə su səpdiyi qızılgüllərin qoxusu Çarlinin heç vaxt yadından çıxmayacaqdı. Onun filmlərində güllər çox vaxt daşa dəyən sevginin rəmzinə çevriləcəkdi…
Yeni köçdüyü rayonda yaşadıqları həyat Londonun cənubunda keçirdiyi ağır həyata əsla oxşamırdı. Çaplinin o dövrlə bağlı yazdıqlarından aydın olur ki, Uest-stritdə ailə bir müddət heç bir korluq çəkməyib. Bu çox vacib məqamdır, çünki qəhrəmanımızın ekranda canlandırdığı Avara da əvvəllər yaxşı dolanan adam təəssüratı yaradır…
Həmin xoşbəxt dövrdə Hanna bu dəfə Leodan oğlan uşağı dünyaya gətirir. Uiler adlı bu uşaq 1892-ci il avqustun sonlarında anadan olur. Növbəti ilin yazında isə Hanna ilə Leonun münasibətləri pozulur. Drayden oğlunu özü ilə aparır. O, Hannanı pis ana hesab eləyirdi. Bu hadisədən bir neçə həftə əvvəl isə Hannanın anası Meri Enn Hilli ruhi xəstəxanaya yerləşdirilir. Öhdəsində iki uşaq olan Hanna köməksiz qalır. Onun necə dolandığı məlum deyil. Ola bilsin, özünə yeni sevgili tapır…
Sonralar Çaplin «Mənim bioqrafiyam» kitabında anasının müğənni kimi 1894-cü ildə Alderşotdakı «Canteen» teatrından təklif aldığını yazır. Həmin teatrın auditoriyası əsasən hay-küy salmağı çox sevən, xaraktercə nəzakətsiz və kobud əsgərlərdən ibarət idi. Çıxışlarının birində Hannanın səsi batır və onu fitə basıb səhnədən getməyə məcbur edirlər. Belədə teatrın rəhbərliyi səhnəyə balaca Çaplini çıxarır. Uşaq hansısa populyar mahnını oxuyur. Tamaşaçılar səhnəyə qəpik pullar atırlar və Çarli pulları yığmaq üçün mahnını yarıda kəsir. Bu da tamaşaçıları güldürür. Uşaq pulları yığandan sonra yenidən oxumağa başlayır, hətta bir ara anasının batmış səsini yamsılayır. Uşağı aparmaq üçün səhnəyə çıxan Hanna alqışlarla qarşılanır. Çaplin həmin gündən sonra anasının səsinin bir daha bərpa olunmadığını, lakin rəqqasə kimi arabir başqa teatra çağırıldığını yazır.
Bu maraqlı əhvalatın başqa variantı da var. Onu da elə Çaplin özü danışıbmış. Dediyinə görə, ilk dəfə səhnəyə atası tərəfindən çıxarılıb, səbəb isə anasının boğazında çox içməkdən əmələ gələn laringit[4 - Laringit – qırtlağın selikli qişasının iltihabı] olub. Beləcə, o, anasını əvəz etməyə başlayıb.
Yeri gəlmişkən, Çarli sonralar öz uşaqlığı barədə tez-tez yalan danışardı, buna görə isə onu çox da mühakimə etməyə dəyməz. Qəhrəmanımız şəraitdən və ovqatından asılı olaraq müxtəlif əhvalatlar uydurmağı xoşlayırdı.
Hannanın müğənnilik karyerası sona çatdıqdan sonra o, əsasən, paltar tikməklə, cırıq-sökük yamamaqla güc-bəla çörəkpulu qazanırdı. 1895-ci ildə kilsə icmasının üzvü olur. Əlavə qazanc üçün icma üzvlərinə paltar tikir. Ancaq tezliklə fiziki gərginlik onu əldən salır.
1895-ci il iyunun 29-da psixoloji problemləri güclənən Hannanı xəstəxanaya qoyurlar. Böyük oğlu Sidnini isə yerli internata düzəldirlər, ancaq bir müddət sonra uşaq kasıblar üçün olan məktəbə keçirilir. O ki qaldı Çarliyə, onu həmin rayonda yaşayan ata nənəsi – Çarlz Spenserin anası öz yanına aparır.
1896-cı il yazın əvvəllərindən uşaqlar yenə anaları ilə yaşamağa başlayırlar. Ancaq onların həmin vaxtkı ünvanı dəqiq məlum deyil. Ana və uşaqları üç ay ərzində nə az, nə çox, düz altı müxtəlif çardaq və zirzəmi dəyişirlər. Həmin dövr Çaplinin yaddaşında kədərli xatirələrlə qalıb. Uşaqlar geyinməyə paltar tapmırdılar. Yeməyi isə xırda dükanlardan oğurlayırdılar. Pulsuz yemək üçün kilsə yeməkxanasına gedirdilər. Uşaqlıqda kərə yağının və qaymağın dadına həsrət qalan Çarli böyüyüb yaxşı pul qazandıqdan sonra onları acgözlüklə yeyirdi…
Londonun məşhur Leyçester meydanında kitabımızın qəhrəmanına qoyulan abidənin müəllifi Con Dabldey deyir ki, uşaqlıqda pis qidalandığı üçün Çaplinin döş qəfəsi yaxşı inkişaf etməmişdi. Yeri gəlmişkən, Çarlini məşhurlaşdıran Avara obrazının şərəfinə oxşar abidələrdən biri də İsveçrədə, Cenevrə gölünün kənarında ucaldılıb.
Şübhəsiz ki, Çarlinin həyatında xoşbəxt məqamlar da var idi: bu balaca oğlan pabların[5 - Pab – Avropanın bir çox ölkələrində pivə içilən ictimai-kütləvi iaşə yeri pivəxana] qapısı ağzında akkordeon sədaları altında oynayaraq bir neçə pens qazanır və çox sevinirdi. Bir dəfə isə qəzet satmaqla məşğul olan Sidni avtobusda pul kisəsi tapdı. Kim bilir, bəlkə də, oğurlamışdı – dəqiq məlum deyil. Nəticədə bütün ailə Saytendə getmək imkanı əldə etdi və Çaplin ilk dəfə dəniz gördü…

Çaplin yetimxanada
Hanna ağrımayanda, ovqatı yaxşı olanda küçədən keçən adamların üz ifadəsini və yerişini yamsılayırdı. Onun bu istedadını biz sonralar Çaplində görəcəkdik. Bir sözlə, anadan oğula qeyri-adi miras!
1915-ci ildə Çaplin oçerklərinin birində yazırdı: «Anam tanıdığım bütün qadınların ən gözəli idi. Onun necə füsunkar, ədəbli olduğu yadımdadır. O, dörd dildə babat danışırdı və yaxşı təhsil almışdı… Anam kimi kövrək qəlbli qadına heç vaxt rast gəlmədim». Əlbəttə, Çaplin anasının istedadını və məziyyətlərini şişirdirdi. Elə aktyorun qonşularından biri də bunu belə xatırlayırdı: «Çarli fikirləşirdi ki, dünyada anasına tay olan adam yoxdur. Anası dünyanın ən yaxşı aktrisası, ən yaxşı qadınıdır və onu öz idealı hesab eləyirdi». Anası isə Çaplini «kral» adlandırırdı.
Tezliklə ana-bala ayrılmaq məcburiyyətində qalır. 1896-cı ilin yazında Hanna icarə haqqını verə bilmədiyinə görə tikiş maşınını qaytarmalı olur və gəlir imkanını tamam itirir. Ardınca isə naxoşlayıb yenidən xəstəxanaya düşür. Uşaqları internata verməli olurlar. Qeydiyyat kitabçasında onların internata düşməsinə səbəb kimi bunlar göstərilib: «…ataları olmadığına, həmçinin kasıblıqlarına və anasının xəstəliyinə görə».
Çaplin müsahibələrinin birində deyir: «İngilislər internatdan qorxurlar, mənsə bunda elə bir dəhşətli şey görmürəm». Onun internatla bağlı ən çox yadında qalan, binadan gizlincə çıxıb gəzməyi, özünü varlı, tanınmış adam kimi təsəvvür etməsi olub… «Mən xəyalpərəstdim. Özümü həmişə başqa adamların yerində təsəvvür eləyirdim…»
Uşaqlar internatda üç həftəyə yaxın qalırlar. Sonra qəyyumlar şurası onların atası Çarlz Çaplini axtarıb tapa bilir. Atası Çarlini götürməyə razı olur. Lakin Sidninin qeyri-qanuni evlilikdən doğulduğunu əsas göstərib ondan imtina edir. Di gəl qəyyumlar şurası uşaqların bir yerdə qalmalarını daha münasib sayır. Çarlz uşaqların yetimxanada qalmaq pulunu boynuna götürür. Ancaq orada uşaqları bir-birindən ayırırlar. On bir yaşlı Sidni böyüklər üçün, yeddi yaşlı Çarli isə balacalar üçün olan bölməyə göndərilir. Sonralar Çaplin jurnalistlərdən birinə müsahibə zamanı belə demişdi: «Mən uşaqlıqla yeddi yaşında vidalaşmışam».
Əlbəttə, məişət baxımından yetimxana küçədə qalmaqdan daha yaxşı idı. Orada, heç olmasa, isti paltar, çəkmə verirdilər, qarınları doyurdu.
İnternat tezliklə balaca Çaplin üçün əzab çəkdiyi, tez-tez alçaldığı bir yerə çevrilir. Bu səbəbdən də yetimxanada keçən günlərini sonralar məhbus həyatı adlandıracaqdı. Bir müddət sonra onu anasından və qardaşından tamamilə ayırırlar. Sidnini hərbi dəniz donanmasının təlim gəmisinə göndərirlər. Hanna isə, demək olar, bir il ona baş çəkmir. Bu balaca oğlana elə gəlir ki, dünyada daha heç kimi yoxdur…
Nəhayət, 1897-ci ilin yayında anası uzun müddətdən sonra ona baş çəkir. Hannanın divanə görkəmi balaca Çaplini utandırır. Anasını kiminsə görməsini istəmir. Sonralar Çaplin bunları dostu Harri Krokerə danışıb. Ancaq «Mənim bioqrafiyam» kitabında Çaplin həmin görüşü tamam başqa cür nəql edir – gümrah, gözəl-göyçək qadın öz oğlunu yoluxmağa gəlib. Görəsən, deyilənlərin hansı həqiqətdir?!
Çaplinin anasına qarşı ziddiyyətli münasibəti onun yaradıcılığından da yan keçməyib. Onun ilk filmlərindən birində belə bir səhnə var: yaşlı qadın əlində su dolu vedrə pilləkənlə qalxır. Dördüncü, ya beşinci mərtəbədə qapı qəfil açılır və bir kişi onun sifətinə şillə vurur. «Ay! – kişi qonşu qadını görüb qışqırır. – Elə bildim, anamsınız!»
«Sizin ananız var?» – qadın soruşur. «Hə, – kişi ağlaya-ağlaya deyir. – Mənim anam var».
Bu səhnənin çəkildiyi film komediya janrındadır. Ancaq məhz həmin səhnədə gülməli heç nə yoxdu…
Çaplin heç vaxt qadınlara inanmayıb. İtkidən, tənhalıqdan, biganəlikdən qorxub, kiçik bir hərəkət onda qısqanclıq yaradıb. O hətta birlikdə yaşadığı qadınlara da həmişə şübhə ilə yanaşıb, onlarla yola getməyib.
Yetimxanada yaşaya bilmək üçün Çaplin özünü dözümlü olmağa öyrədir. «Hətta mən yetimxanada olanda belə, – Çaplin sonralar böyük oğluna danışırdı, – özümü dünyanın ən böyük aktyoru hesab edirdim. Bil ki, içində özünə əminlik olmasa, məğlubiyyətə məhkumsan».
Bu dözümlülük onun ekran personajının xarakterik xüsusiyyətinə çevriləcəkdi. Avara həmişə təmkinli və məğlubedilməz olacaqdı. Uğursuzluq onu sındırmayacaq, ləyaqətini alçaltmayacaqdı. Və nadir hallarda başqalarına yazıq təsiri bağışlayacaqdı.
Beləcə, balaca Çaplinin həyatında gələcək ekran personajı Avaranın cizgilərini görə bilirik. Onun ilk filmlərində Avara çox vaxt kinli və qəddardır, xüsusilə də varlılardan, hər nə yolla olur olsun, əvəz çıxmaq istəyir. Ona yemək lazımdır. Həmişə sevgi axtarır, ancaq onu heç yerdə tapmır. Onun nə evi, nə ailəsi var. Bu bəxtsizlikdən yeganə çıxış yolu özünü laqeyd göstərməkdir…

Çaplin və qardaşı atasının yanında
1898-ci il yanvarın 18-də səkkizyaşlı Çaplin yetimxananı tərk edib anasının yanına qayıdır. İki gün sonra Sidni də təlim gəmisindən evə dönür. Ailə yenə bir yerdədir. Onların həmin vaxt necə yaşadığı məlum deyil. Sonralar Çaplin sevgilisi Mey Rivzə kirayə pulunu verə bilmədikləri üçün tez-tez evdən qovulduqlarından danışırdı. Az qala, ayda bir dəfə yorğan-döşəklərini götürüb yeni mənzilə köçməyə məcbur olurdular.
Bu böyük dünyada birgə yaşamaq ailə üçün problemə çevrilir. Həmin il iyulun 22-də uşaqları bu dəfə Sidninin əvvəllər bir müddət qaldığı Vest-Norvud yetimxanasına verirlər. Ardınca qəribə hadisə yaşanır: avqustun 12-də Hanna yetimxanaya gəlib müdiriyyəti inandırır ki, o, sağlamdır, uşaqları ona etibar etmək olar. Qadına inanırlar. Bundan sonra ana öz uşaqları ilə bütün gününü Kenninqton parkında keçirir. Orada gilənar yeyirlər, qəzetdən top düzəldib oynayırlar. Bu, firavanlıq illüziyası, gerçəklikdən qısa müddətliyə qaçışdan başqa bir şey deyildi. Günün sonunda Hanna şən tərzdə deyir ki, indi çay içmək vaxtıdır. Hanna «çay içmək» deyəndə yetimxananı nəzərdə tutur. Uşaqlar yenidən Vest-Norvuda qayıtmalı olurlar… Sonralar, 1932-ci ildə Çaplin məqalələrinin birində Kenninqton parkının onda necə ağır təəssürat oyatdığını yazmışdı.
Sentyabr ayının əvvəlində Hannanı növbəti dəfə psixiatriya müalicəxanasına yerləşdirirlər. İki tibb bacısı uşaqlara analarının vəziyyətini xəbər vermək üçün yetimxanaya gəlir. Sidni məsələdən hali olunca ağlamağa başlayır. Çarli isə anasını onlardan üz döndərməkdə günahlandırır.
Bundan sonra hər iki uşağın məsuliyyəti atalarının üzərinə düşür. Oğlanları yetimxananın furqonuna qoyub ata Çarlzın qaldığı evə gətirirlər. O burada Luiza adlı qadınla birgə yaşayırdı. Qadın uşaqların gəlişinə sevinmir. Karyerası süquta yaxınlaşan ata isə artıq tamamilə içkiyə qurşanmışdı. O bütün günü bir pabdan o birinə gedir, öz uğursuzluğunu, ümidsizliyini içki ilə unutmağa çalışırdı. Kiçik oğlu atasının bu vəziyyətini dəqiqliklə müşahidə edir. Bu ona gələcəkdə kefli adamı məharətlə canlandırmağa imkan verəcək və böyük şöhrət qazandıracaqdı…
Bir dəfə Çaplin dərsdən qayıdıb evdə heç kimi tapmır. Yeməyə də bir şey yox imiş. Uşaq axşama qədər ətrafdakı bazarlarda dolaşır. Pulu da olmur. Hava qaralanda Kenniqton parkına qayıdır. Baxır ki, hələ də evlərinin işığı yanmır. Bir az aralıda, səkidə oturub gözləməyə başlayır. Yolun o üzündəki pabın qarşısında iki nəfər – biri akkordeonda, digəri isə klarnetdə «Doqquzdon və arı» adlı mahnını çalırlarmış. Mahnı uşağın o qədər xoşuna gəlir ki, yolu keçib onlara yaxın oturur. Həmin mahnını da Çaplin ömürboyu unutmayacaqdı.
Bir qədər sonra Çarli, nəhayət ki, Luizanın evə getdiyini görür. Qadın kefli olduğundan səndələyirmiş. Uşaq onun qapını örtməsini gözləyib pilləkənlərlə yuxarı qalxır. Luiza qapını açıb deyir ki, rədd olsun, bura onun evi deyil.
Növbəti günlərin birində isə polis Sidni ilə onun kiçik qardaşını gecə saat üçdə qarovulçunun ocağının böyründə yatan görür.
Balaca Çaplin bax belə bir həyat sürməli olub!
Noyabrın 12-də isə Hanna ata Çaplinin qaldığı evin qapısını döyür. Deyir ki, uşaqlarını aparmağa gəlib. Ana və uşaqları Metli-stritdə kiçik bir mənzilə yığışırlar. Hanna yenidən paltar tikməklə pul qazanır.
Evin arxasındakı konserv fabrikinin iyi yaxınlıqdakı sallaqxanadan gələn üfunət qoxusuna qarışırdı. Londonun cənubunda yaşayan əhali belə qoxulara öyrəncəli idi. Odur ki Hanna və övladları bunu özlərinə bir o qədər də dərd eləmirdilər.
Metli-stritdəki evin sahibəsi sonralar xatırlayacaqdı: «Çarli arıq uşaq idi. Qara saçları, solğun sifəti, parlaq mavi gözləri var idi. O bütün günü küçədə olurdu. Şarmanka[6 - Şarmanka – klavişli-nəfəsli musiqi aləti olan orqanın növlərindən biri] çalan kimisə tapıb onun ifa etdiyi musiqiyə oynayırdı. Şarmanka ifaçısına pul qazanmaqda kömək eləyir, özü də qəpik-quruş alırdı. Çarlini məktəbə də qoymuşdular. Lakin o, dərslərə çox az-az gedirdi».
Jurnal qeydiyyatına görə, Çaplin məktəbə son dəfə 1898-ci il noyabrın 25-də gedib. Artıq onu sinifdə yox, müzik-hollun səhnəsində tapmaq olardı.

Çaplin səhnəyə çıxır
1898-ci ilin sonlarında Çaplin «Lankaşirli səkkiz oğlan» adlı rəqs truppasına qoşulur. Ola bilsin, bu işə atasının sayəsində girir, çünki truppanı yaradan Uilyam Cekson da yaxınlıqda yaşayırdı.
Qastrola gedərkən ona yemək və qalmağa yer verilir. Hanna həftəyə vur-tut yarım kron alırdı. Odur ki kiçik oğlunun işini onun üçün münasib saymasa da, etiraz edəcək vəziyyətdə deyildi: heç olmasa, ailənin büdcəsinə vaxtlı-vaxtında əlavə pul gəlirdi.
«Lankaşirli oğlanların» çıxışı şən nömrələrdən ibarət idi. Oğlanların hamısı krujeva yaxalıqlı ağ kətan köynək, dar, gödək şalvar və taxta dabanlı qırmızı başmaq geyinirdilər. Belə başmaqlar İngiltərənin şimalındakı şaxta və fabriklərdəki ağır işlər üçün nəzərdə tutulmuşdu. Onlarla oynanılan şən rəqslər isə sanki bədbəxtlik və qul əməyi üzərində qələbənin rəmzi idi. Ola bilsin, bu rəqslər balaca Çaplinin üsyankar ruhunu əks etdirirdi.
Çaplin altı həftə Mançesterdə məşq edir. Onu tamaşaçı önünə isə ilk dəfə Portsmutda çıxarırlar. Çarli səhnəyə çıxarkən həyəcanlanır. Yalnız bir neçə həftə keçəndən sonra ilk solo nömrəsini ifa eləyə bilir.
«Lankaşirli oğlanlar» Potsmutdan Londona qayıdırlar. Ardınca Midlsbro, Kardiff, Suonsi və Blekpul kimi şəhərlərə qastrol səfərlərinə yola düşürlər. Truppa faytonla teatrdan teatra tələsirdi. Bu çox yorucu iş idi. Üstəlik, teatr zalları pivə, tər və tütün qoxuyurdu. Bəzən tamaşaçılar ortaya atılıb rəqs eləyir, ya da dalaşırdılar. Ancaq onların xoşuna gəlmək asan idi – bildikləri mahnıya züy tutur, sevimli komiklərinin populyar kəlmələrini qışqırırdılar.
Bütün bunlar Çaplin üçün yaxşı məktəb idi. O həmin konsertlərdə iştirak edən klounlardan, komiklərdən çox şey öyrənirdi. 1917-ci ildə Çarli jurnalistlərdən birinə demişdi: «Hər bir hərəkət beynimə şəkil kimi həkk olunurdu. Evə qayıdanda onları adətən təkrar eləyirdim… Klounları və London pantomimalarını[7 - Pantomima – məzmunun danışıq (sözlər) olmadan, mimika və jestlərin köməyi ilə təqdim edildiyi teatr tamaşası; him-cim teatrı] müşahidə etməyim mənim üçün çox faydalı oldu». Həmin dövrdə avaralarla bağlı səhnə obrazları populyar idi. Müxtəlif janrların nümayəndələri arasında avara obrazına tez-tez rast gəlinirdi; jonqlyorlar, klounlar velosiped sürənlər bu obrazı həvəslə yaradırdılar.
Müzik-holl artistlərinin işi olduqca ağır idi: hər çıxış coşqulu, bəzən də kefli tamaşaçıların qarşısında 5–15 dəqiqə çəkirdi; hipnozçular, sehrbazlar, akrobatlar və komiklər alqış üçün bir-biri ilə yarışırdılar. Bu zaman tamaşaçıların laqeyd qalması – ifaçıdan ötrü ölümdən betər idi.
Lətifə, gülməli hekayə, əhvalat əsasında quraşdırılan komik tamaşalar – məzhəkələr çox vaxt lombardlarda, restoranlarda oynanılırdı. Personajlar arasında ofisiantlar, avaralar, həmçinin öz kasıbçılıqlarını gizlətməyə çalışan uğursuz adamlar xüsusi yer tuturdu. Bəziləri yöndəmsiz geyinir, gülməli tərzdə yeriyir, ya da çətirə, əl ağacına söykənirdilər. Çaplin ilk filminin personajlarını yaradarkən məhz onlardan ilham almışdı. Bəzi artistlər bir nömrəni bir neçə il ərzində ifa edirdilər. Bəziləri isə müxtəlifliyə, variasiyalara üstünlük verirdilər. Ovaxtkı qəzetlər yazırdı: «Artistin uğur qazanması üçün orijinallıq böyük əhəmiyyət daşıyır. Bəs orijinallıq nədən ibarətdir? Əsasən şəxsiyyətdən!» Çaplin məhz belə sənətkarlardan idi.
Həmin dövrün orijinal artistlərindən biri də Den Lino[8 - Den Lino (1860–1904) – ingilis komik. Britaniyada pantomimanın yüksəlişi onun adı ilə bağlıdır.] idi. Çaplin 15 həftə onunla birlikdə çıxış edir. Komediya sənətinin sirlərini öyrənmək üçün bu müddət Çarliyə kifayət idi. İngiltərə yazıçısı və karikaturisti Maks Birbom (1872–1956) Linonu belə təsvir edirdi: «…zavallı, üzgün, ürkək, zəif, eyni zamanda cəsarətli, ancaq inadkar adam personajının mahir ifaçısı!» Lino üzünü ağ qrimlə örtür, çox vaxt enli şalvar, son dərəcə uzunburun ayaqqabı geyinirdi. Onun iri gözləri, qövsvari qaşları var idi. Bircə anın içində üzünə kədərli ifadə verə bilirdi. Çaplinin çıxış etdiyi müzik-hollun daha bir tanınmış artisti Meri Lloyd bir dəfə Çarliyə deyir: «Onun (Linonun – red.) gözlərinə diqqətlə baxmısan? Dünyada belə kədərli gözlər yoxdur. Əgər biz gülməsəydik, taqətdən düşənə qədər ağlayardıq. Bilirsən, mənə elə gəlir, əsl komediya – elə ağlamaqdır».
Linonun enerjisi aşıb-daşırdı. O, çox arxaya tullanıb ayaq barmaqlarının ucunda yerə düşə bilirdi. Bu aktyorun ürəyində əsl küçə uşağı yaşayırdı. Çaplin tezliklə həmin küçə uşağını özündə təcəssüm etdirəcəkdi. 1915-ci ildə isə «Bioscope» jurnalı kino artisti karyerasına başlayan Çaplini artıq «ekranın Den Linosu» adlandıracaqdı. Bundan başqa, Çaplin keçmiş dövrlərin müzik-holl ulduzları haqqında tez-tez və böyük şövqlə danışacaqdı.

Küçə uşağı
1901-ci il aprelin 13-də Çarli «Lankaşir oğlanları»ndan çıxır. O, astmadan əziyyət çəkirdi. Hanna əmin idi ki, ağır zəhmət tələb edən artistlik oğlunun səhhətini pozub. Sidni gəmidə yenicə işə düzəlmişdi. Anası qərara alır ki, kiçik oğlu artıq evdən çıxmaya, işləməyə bilər.
Çaplinin, doğrudan da, tez-tez havası çatmır, təngnəfəs olurdu. Bunda astma ilə yanaşı, anası ilə qaldığı otağın kiçik, darısqal olması da az rol oynamırdı. Müraciət etdikləri həkim xəstəliyin uşaq böyüdükcə keçəcəyini demişdi. Xoşbəxtlikdən həkim yanılmamışdı.
Həmin günlərdə ata Çaplinin səhhəti pisləşdi. O, çoxdandır içkiyə qurşanmışdı, nəticədə qaraciyər sirrozuna mübtəla oldu və öldü. Çarlz mayın 9-da dəfn olundu. Dəfni varyete artistlərinə xeyriyyə fondu təşkil etmişdi.
Tezliklə Çarli yeni iş axtarmaq məcburiyyətində qalır. O, anasından gizlicə, qoluna matəm lenti bağlayıb yazıq səslə atasının öldüyünü deyərək pablarda nərgizgülü satır. Dərddən üzülən uşağa kim biganə qalar? Hanna onun pabdan əlində gül dəstələri çıxdığını görənə qədər alver yaxşı gedir. Qadın Çarliyə atasının bədbəxtliyinə səbəb olan pablara getməsinə qəti etiraz edir. Belədə Çaplin özünü başqa işlərdə sınamağa başlayır. Süd dükanında kuryer, həkimin qəbul otağında qeydçi, kantor xidmətçisi, bərbər köməkçisi işləyir, metroda qəzet satır. O hətta rəqs dərsləri də verir.
Çaplin kasıblığa nifrət eləyirdi. O həmin dövrlərdə anasının tamam kasıblamış tanış artist qadınla küçədə necə rastlaşdığını xatırlayır. Küçə uşaqları üst-başı tökülmüş qadını ələ salırdılar. Bunu görən Hanna uşaqları qovur. Onda qadın deyir: «Lili, məni tanıyırsan? Mən Yeva Lestokam!» Ona nə vaxtsa «diribaş Yeva» deyirdilər. Qəzetlər bu qadını tragikomik mahnıların ən gözəl ifaçısı kimi vəsf eləyirdi. İndi isə Yeva körpülərin altında yatır.
Qadının halını görən Hannanın ona ürəyi yanır, keçmiş rəfiqəsini evə aparır. Çarli buna görə hirslənir. Qadın onun üçün adicə bir səfil idi. Kasıblığa nifrət edən Çaplinin isə artıq yoxsul və tənha adamlara yazığı gəlmir.
Hanna müzik-hollun keçmiş ulduzunu hamama getməyə, yuyunub-təmizlənməyə məcbur edir. Həmin gündən Yeva üç gün Çaplingilin darısqal mənzilində qalır.
Çaplinin anası ilə yaşadığı Londondakı son mənzillərdən biri Pounell-terrasda yerləşir. Çox sonralar, 1943-cü ildə, II Dünya müharibəsi zamanı Çaplin radio verilişlərindən birində həmin binanı ömürboyu xatırlayacağını söyləmişdi. Mənzilin havasına köhnə paltarların, tullantıların üfunət qoxusu hopmuşdu. Çirkli boşqablar, fincanlar stolun üstünə qalaqlanmışdı. Küncdəki dəmir çarpayıda anası yatır, çarpayının yanındakı kreslonu isə gecələr Çarli üçün açırdılar.
Bəzi mühüm hadisələr məhz bu otaqda baş vermişdi. 1903-cü ilin yazında axşam evə gələn Çaplin qonşu qızdan eşidir ki, anası dəli olub. Qonşular artıq həkim çağırıblar. Həkim Çarliyə deyir ki, anasını xəstəxanaya aparmaq lazımdır. Görünür, Hanna da xəstəxanaya getmək istəyir. Xəstəxana onun üçün sığına bildiyi yerdir. Bir çox illər sonra Çaplin müsahibələrinin birində deyəcəkdi: «Mən – anasının qolundan tutub, onu dumanın, soyuğun və üfunətin içindən qorxa-qorxa dartıb aparan balaca, arıq uşağı hələ də görürəm».
Hanna həmişəlik vidalaşırmış kimi oğlunu xəstəxanada uzun-uzadı süzür. Tibb bacıları Çarlini həkimin yanına aparırlar. Həkim oğlanı yaşayış şəraiti ilə bağlı sorğu-suala tutur. O, tez-tələsik cavab verir ki, xalasının yanında qalacaq. Çünki daha yetimxanaya qayıtmaq istəmir.
Çarli Pounell-terrasdakı mənzillərinə qayıdır. Ev sahibəsi ona yeni kirayəçi tapılana qədər burada qalmağa icazə verir. Çarli adamlardan qaçır, gününü veyillənməklə keçirir. Bəzən kimdənsə yemək istəyir, bəzən isə oğurluğa baş vurur. Sonra odun doğrayıb satanlarla tanış olur. Onlara kömək edib əvəzində pul alır.
Həmin günlərdə Çarli böyük qardaşı Sidninin dənizdən qayıtmasını səbirsizliklə gözləyirdi. Hannanı xəstəxanaya qoyandan bir neçə gün sonra qardaşının üzdüyü gəmi Saythaptonda lövbər salır. «Əgər Sidni Londona qayıtmasa, – Çaplin sonralar etiraf edirdi, – yəqin, əməlli-başlı oğurluğa girişəcəkdim… Axırda isə məni, yəqin ki, kimsəsizlər qəbiristanlığında dəfn etməli olacaqdılar». Xoşbəxtlikdən Sidninin gəldiyini kimsə teleqramla kiçik qardaşına xəbər verir. Vağzalda onu üst-başı cırıq küçə uşağı qarşılayır. «Sidni, məni tanımadın? Mən Çarliyəm», – uşaq dillənir. Qardaşının görkəmi Sidnini heyrətləndirir. Onu hamama aparır, əyninə təzə paltar geyindirir. Sidni eşidir ki, anası psixiatriya xəstəxanasına aparılıb. Kiçik qardaşı ilə birgə ona baş çəkməyə gedir. Hanna çox dəyişib. Uşaqlarının gəlişinə, az qala, reaksiya vermir.
Ağlı başına gəldiyi az bir müddəti nəzərə almasaq, Hanna sonrakı 17 ili tamamilə müalicəxanada keçirməli olacaqdı…

Ciddiyyəti qorumaq
Ən çətin anlarda belə Çaplin teatrı unutmurdu. O, vaxtaşırı teatr agentliyinə baş çəkir və həmişə cavab alırdı: «Sizin üçün heç bir iş yoxdur». Lakin Sidni qayıdandan bir ay sonra Çarliyə dəvət məktubu göndərilir. Məktubda yazılmışdı ki, Amerika dramaturqu Uilyam Cilletin «Şerlok Holms» pyesində kuryer roluna aktyor tələb olunur.
Həyatının ağır dövrlərində bəxti gətirən Çaplinin üzünə bu dəfə uğur iki dəfə gülür. Holms rolunu oynayacaq aktyor H.Sentsberinin özü «Cim. Səfilin macərası» pyesini yazır. Sentsberi on dörd yaşlı Çaplini görən kimi onun küçədə qəzet satan oğlan roluna uyğun gəldiyini dərhal anlayır. Uşağın bu işlə bir vaxtlar məşğul olduğunu isə müəllif hələ bilmir. Çaplin ssenarini evə aparır. Sidni mətni oxuyub əzbərləməkdə ona kömək edir.
Çarlini hər şeydən çox alacağı məvacib maraqlandırırdı. Direktorun təklifini eşidəndə deyir ki, bunu qardaşı ilə məsləhətləşməlidir. Direktor onun sözlərinə gülür. Həmin vaxt bu sözlər, doğrudan da, gülməli görünə bilərdi. Bəyəm iş tapmaq elə asan idi?!
Onu da deyək ki, Sidni həmin vaxtdan sonra, demək olar, ömürboyu Çaplinin maliyyə məsləhətçisi olaraq qalacaqdı.
«Cim. Səfilin macərası» tamaşasının premyerası 1903-cü il iyulun 6-da baş tutur. Sonuncu tamaşa isə vur-tut iki həftə sonra oynanılır. Ancaq Çaplin aktyor ustalığı dərslərinə artıq yiyələnib. Sentsberi hərəkət ritminin nə olduğunu ona izah eləyib, pauza verməyi, səsini idarə etməyi, səhnəyə necə çıxmağı, hətta düzgün oturmağı öyrədib. Çarli deyir ki, bütün bunlar onda çox təbii alınır. Doğrudur, Çaplində roldan kənara çıxmalar da olur. Üstəlik, başını yersiz yerə oynadır. Bununla belə, səhnə istedadını danmaq mümkün deyil.
Pyes üzərində iş qəhrəmanımızda böyük təəssürat yaradır. Hətta üstündən illər keçəndən sonra da həmin rolun sözlərini unutmur. Bundan başqa, Çarli özü üçün bir nəticə də çıxarır: çox sonralar öz aktyorlarına tez-tez təkrar eləyir ki, başlarını mənasız yerə oynatmasınlar.
Dediyimiz kimi, «Cim. Səfilin macərası» tamaşasının ömrü uzun olmur: əsər uğur qazanmasa belə, Çaplin tamaşaçıların diqqətini çəkməyi bacarır. Londonun əl-ayaqdan uzaq, ucqar məhləsindən çıxmış sırtıq, ancaq təmizürəkli qəzet satan Sem obrazı onu tanıdır. Buna təəccüblənməyə dəyməz – Çarli həmin aləmə, həmin adamlara yaxşı bələd idi…
Tezliklə «Şerlok Holms»un qastrolları başlayır. Çaplin ilk həftəlik məvacibinə fotoaparat alır və asudə vaxtlarında küçədə şəkillər çəkib pul qazanır. Ümumiyyətlə, o, həmişə pul qazanmağa can atırdı… Blekbörndə truppa ilə birgə hoteldə yaşayır. Bir dəfə Çaplin fermerlərin məclis qurduğu qonaq otağına girir və ona tanış olmayan auditoriya qarşısında oxumağa başlayır. Sonra hamını təəccübləndirərək rəqs eləyir. Axırda isə pul toplamaq üçün şlyapasını çıxarıb dövrə vurur.
Həmin günlərdə Sidni ona tez-tez məktub yazır. «Anamız xəstələnəndən sonra, – Sidni məktublarının birində yazır, – bizim bir-birimizdən başqa dünyada heç kimimiz qalmayıb. Ona görə mənə tez-tez məktub yaz ki, qardaşım olduğunu hiss eləyim». Ancaq Çaplin məktub yazmaq həvəskarı deyil.
Çaplin tamaşada Şerlok Holmsın nökəri Bill rolunu oynayırdı. Tezliklə mətbuatda yeniyetmə aktyor haqqında müsbət rəylər çap edilir. Onun fərasətli nökər obrazının tamaşaçıların sevimlisinə çevrilməsindən ağızdolusu yazılır.
Uzun illərdən sonra Çaplinin katibi qəzetlərdən kəsilmiş parçalar kolleksiyasını tapır. Orada Billi obrazı barədə iki rəy də var. Birində Çaplinin Billi obrazını çox təbii oynadığı, digərində isə, ümumiyyətlə, parlaq aktyor oyunu və böyük fantaziya nümayiş etdirdiyi qeyd olunub. Həmin sətirlərin altından xətt çəkən Çarli bu resenziyaları ömrünün sonuna qədər saxlayıb. Məhz haqqında danışdığımız turne[9 - Turne – qapalı marşrut üzrə səyahət; bir nöqtədən çıxıb müəyyən olunmuş məntəqələrə səyahət etdikdən sonra yenidən həmin yerə qayıtmaq] zamanı Çaplinin ilk karikaturası işıq üzü görür. Karikatura müəllifi isə Corc Kuk idi.
1903-cü ilin sonunda Çarli truppa direktorunu yola gətirir ki, «Şerlok Holms» tamaşasında qardaşı Sidniyə də rol versin. Beləcə, Sidni qoca aristokrat rolunu oynayır. Ancaq şübhə yoxdur ki, onun truppaya götürülmə səbəblərindən biri kiçik qardaşına nəzarət etmək üçündür.
Bir neçə həftədən sonra psixiatriya müalicəxanasından çıxan Hanna da onlara qoşulur. Artıq ailənin pulu var. Uşaqlar özlərinə iki yataq otağı olan mənzil kirayələyirlər. Hanna alış-verişlə məşğul olur, otaqları yığışdırır. Ancaq onun susqunluğu, özünü həmişəkindən fərqli olaraq hədsiz sakit aparması narahatlıq doğurur. Qardaşlar qadını Çester-stritə göndərməyə qərar verirlər. Orada – vərdiş etdiyi həyatı yaşamaq Hanna üçün daha rahat olardı.
Qastrollar yayın əvvəlinə qədər davam eləyir. İndi gənc Çaplin dincələ bilər. O, Sidni ilə birlikdə Çester-stritə, anasının yanına gedir. Qardaşların Cester-stritdə qaldıqları müddətdə nə işlə məşğul olduqları məlum deyil. Ancaq Çarli sonralar qeyd edirdi ki, oktyabrın sonlarında yeni truppa ilə qastrola çıxanda özünü xeyli yüngülləşmiş hiss eləyirdi. Görünür, Hanna ilə yaşamaq qardaşlar üçün artıq tamamilə işgəncəyə dönübmüş.
Sidni isə canını qurtarmaq üçün yenidən dənizə üz tutur. O, üç aydan sonra Kenninqtona qayıdanda Hannanın xəstəliyi daha da şiddətlənmişdi. Bu səbəbdən də 1905-ci il martın 16-da qadın xəstəxanaya aparılır. «O gah rəqs eləyir, gah oxuyur, gah ağlayır. Xəstə hərdən pis hərəkətlərə yol verir, nalayiq sözlər danışır, hərdən dua eləyib təzədən doğulduğunu deyir», – Hannanın xəstəlik kağızında belə yazılıb. İki gündən sonra onu yenidən psixiatriya müalicəxanasına aparırlar. Hanna yeddi il orada qalır. Daha sonra şəxsi klinikaya köçürürlər. Klinikanın xərcini isə həmin vaxt artıq varlı və məşhur olan Çaplin ödəyirdi.
İkinci qastrol 1905-ci ilin mayında sona çatır. Çarli yenə bir müddət dincəlir.
«Şerlok Holms»un uğuru həqiqətən möhtəşəm idi!
Həmin il avqustun ortalarında Çaplin üçüncü turneyə çıxır. Bu dəfə partnyorları onu razı salmır. O, truppanı zəif hesab eləyir, əvvəlki heyətin bu və ya başqa səhnəni necə oynamalı olduğunu daim irad tutur və beləcə aktyorlarla münasibəti korlayır. İlk skripkanı da məhz həmin dövrdə alır. Sonra ona violonçel də qoşulacaq. Melanxolik musiqi onun xarakterinə çox uyğun gəlir. Çaplin oktyabrda truppadan çox rahatlıqla ayrılır.
Həmin dövrdə yeniyetmə aktyor anasına nadir hallarda məktub yazırdı. Yanına tez-tez gedib-getmədiyi isə məlum deyil. Anasının dəli olmağı onu qorxudurdu. Otuz səkkiz il ərzində Çaplinin filmlərində operator vəzifəsini yerinə yetirən Roland Totero (1890–1967) sonralar xatırlayırdı ki, Çarli özü də bir gün dəlixanaya düşəcəyindən çox narahat idi. Başqa tanışları da onun tez-tez dəlilik haqqında düşündüyünü yazırlar. O, arvadının necə dəli olmasından bəhs edən köhnə mahnını zümzümə etməyi xoşlayırdı. «Bax burasında nəsə xarab olmuşdu» deyəndə Çarli əlini öz başına toxundururdu. Ola bilsin, hərdən qışqırıb özündən çıxması, əhvalının qəfil pozulması da məhz haçansa dəli olacağı qorxusu ilə bağlı idi. Bütün bu səbəblərdən Çaplin yaşlı vaxtlarında daim nevropatoloqa müraciət eləmək məcburiyyətində qalacaqdı…
«Şerlok Holms»ın son tamaşası 1905-ci il dekabrın 2-də, Uilyam Cillet teatrdan qəfil şəkildə ayrıldıqdan sonra oynanılır. Halbuki Çaplin aktyor sənətinin sirlərinə yiyələnmək üçün Cilletlə hələ uzun müddət bir yerdə olacağına ümid eləyirdi. Beləliklə, Çarli yenidən bir müddət işsiz qalır, bilyardxanalarda veyillənir. Hərdən əyləncələrə baş vurur. Buna baxmayaraq, onun üçün ən başlıca şey – işdir. 1906-cı ilin əvvəlində «Şerlok Holms»la öz dördüncü turnesinə çıxır. Tamaşanı Londonun ətraflarında, həmçinin şimaldakı bir neçə şəhərdə oynayırlar. Həmin vaxt tamaşanın özü də, rol da, görünür, Çaplini artıq bezdirir. Bu səbəbdən də Sidni qardaşını, əsasən, balaqan komediyaları oynayan truppaya keçməyə həvəsləndirir. Beləcə, Çarli üç ay «Təmir» adlı məzhəkədə fərsiz dülgər rolunu oynayır. Pyesin gedişində fəhlələr evdə hər şeyi alt-üst edirlər. Palçıq vedrələri çönür, nərdivanlar aşır, boya hər tərəfə sıçrayır…
Lakin «Təmir»də oynamaq Çarlinin ürəyincə deyildi. O, ciddi aktyor olmaq istəyirdi. Buna görə də anasının söhbətlərindən yaxşı bələd olduğu müzik-holl dünyasına qayıdır. İndi onu qarşıda məzhəkəçilər, tryuklar[10 - Tryuk – xüsusi effektli hərəkət və ya texniki fənd], parodiyalar gözləyirdi. Yeri gəlmişkən, «Təmir» Çaplinin sözsüz oynadığı ilk pyesdir.
Həmin günlərdə təsadüfən gözünə qəzetdəki bir elan sataşır: 14–19 yaş arası kişi cinsindən olan komediya aktyorları qəbul edilir.
Artıq 17 yaşı tamam olan Çarli özünü sınamaq qərarına gəlir.
Elanı verən «Keysi sirki» fəhlə məhəllələrində yaşayan gənclərin müzik-holl repertuarlarından populyar nömrələri oynadığı bir şou idi. Bu janr satira, vulqar mahnılar, qısa intermediyalar üçün yaxşı imkan yaradırdı. Həmin şouda Çaplin özünü suda balıq kimi hiss eləyir. O, 1906-cı ilin yazında truppaya qəbul olunur.
Sonralar Çaplin bu şounu dəhşətli adlandıracaqdı, lakin onu da etiraf edəcəkdi ki, «Keyski sirki» komediya sənətini dərindən mənimsəməsində ciddi rol oynayıb. Truppanın baş komediya aktyoru Uill Mürrey isə fəxrlə söyləyəcəkdi: «Təvazökarlıq etmədən deyə bilərəm ki, Çarliyə sürüşmə hərəkətini məhz mən öyrətmişəm».
Çaplinin sonralar bir çox filmlərdə istifadə etdiyi bu hərəkət onun, bir növ, vizit kartı olur. Bir ayağını qaldırıb o biri ilə yüngülcə tullanır – bu, bir növ, sürüşməyə oxşayır. Çaplin heç də adi olmayan həmin tryuku Mürreylə uzun sürən məşqlərdən sonra mənimsəyir. Gənc aktyor eyni zamanda qaçarkən birdən dayanmağı da öyrənir – qəfil «tormozlayıb» bir ayağının üstündə donub-qalır. Ağzı üstə yıxılmamaq üçün isə bu vaxt sinəsini qabağa verir. Başını, bədənini həmişə dik tutur.
Çaplin başqa komik tryuklar da mənimsəyir: əl ağacını qarmaqdan asmağa çalışır, ancaq onu tərsinə tutur. Əl ağacı tappıltıyla yerə düşür. Əl ağacını qaldıranda isə başından şlyapa düşür. Çarli şlyapanı təzədən başına keçirmək istəyir. Ancaq içindən bir qalaq kağız tökülür və şlyapa aşağı sürüşüb, az qala, üzünü örtür. Tamaşaçılar gülüşürlər.
Çaplin hərəkətləri gülməli alınan ciddi adamı oynayır. O anlayır ki, özünü nə qədər təmkinli aparsa, hərəkətləri də bir o qədər gülməli görünər.
Həmin vaxtlar populyar komik mahnılarının müəllifi olan Den Lipton sonralar xatırlayacaqdı: «Bu oğlan görmədiyi adamı da əla parodiya eləyə bilirdi. Soyuqqanlılığını saxlamağı bacarırdı, ancaq əsl artistlər kimi emosional və temperamentli idi. O həm də çox ciddi oğlan idi, elə işləyirdi ki, sanki həyatı bundan asılı idi».
1907-ci ilin yayında Çarli «Keysi sirki»ni tərk edir. Qarşıda onu nələr gözlədiyindən xəbərsiz idi. Bu məcburi istirahət zamanı o, «Şən mayor» adlı pyesdə yaşlı baş qəhrəman roluna razılaşır… Öz dediyinə görə, sonra «On iki ədalətli kişi» adında ekssentrik[11 - Ekssentrik – kəskin səs, zidd görüşlər, qeyri-adi və çox gülməli üsullar əsasında olan tamaşa] komediya yazır və baş rolu oynamağa hazırlaşır. Ancaq üç günlük məşqdən sonra pyes qəbul olunmur. Bunun ardınca başqa bir tamaşada Çaplin, ola bilsin, ümidsizlikdən yəhudi komiki roluna razılıq verir. Ancaq çoxu yəhudilərdən ibarət olan auditoriya tamaşanı bəyənmir. Hətta bəzi zarafatları yəhudilərə nifrətin – antisemitizmin əlaməti sayıb onu fitə basırlar.
Böyük qardaşı Sidninin bəxti isə bu zaman daha çox gətirir. O, 1906-cı ilin yayında məşhur komediyaçı Fred Karnonun (1866–1941) dəstəsinə qoşulub və artıq tanınmağa başlayıb. Həmişə qardaşına kömək etməyə çalışan Sidni Karnonu yola gətirir ki, işsiz qalan gəncə şans versin.
Keçmiş gimnast və akrobat olan Fred Karno həmin vaxt qeyri-adi şou yaratmışdı. Səhnələr sürətli və coşqun idi, mürəkkəb nömrələr cəld hərəkətlərlə yerinə yetirilir, hər şey saniyəsinə qədər ölçülüb-biçilirdi. Karno üç evi birləşdirib özünə qərargah düzəltmişdi. Bütün kostyumlar, dekorasiyalar, rekvizitlər burada hazırlanırdı. Avtobuslar aktyorları paytaxtın müzik-hollarına buradan daşıyırdı. Kremli tortlar (kremli tortu üzə çırpmaq nömrəsini məhz Karno düşünüb tapıb), sirk velosipedləri, fırlanan boşqablar, yanan məşəllər – bunların hamısı afişalarda təsvir olunurdu. Sketçlərdə[12 - Sketç – kiçik məzəli əhvalat; məzhəkə] velosipedli oğrular, boksçular və əyyaşlar «iştirak» eləyirdi.
Beləliklə, Karno Sidninin sözünə qulaq asıb onun kiçik qardaşı ilə görüşməyə razılaşır. Direktor Çarlini son dərəcə utancaq və cılız hesab eləyir. Ancaq Sidninin israrlı xahişindən sonra bu gənci yoxlamağa razı olur. Çaplinin 18 yaşı var idi, lakin yaşından xeyli kiçik görünürdü. Karno bunu deyəndə o, cavab olaraq çiynini çəkir və bildirir ki, qrim[13 - Qrim – teatr və kinoda kosmetik vasitələrin köməyi ilə aktyor və aparıcıların üz cizgilərinin dəyişdirilməsi, yaxud sifətin obraza uyğunlaşdırılması] hər şeyi yoluna qoya bilər. Məhz belə saymazyana cavab Çaplinin işə düzəlməsinə kömək edir.
Fred Karno aktyorları çox məşq elətdirirdi. İllər sonra – 1942-ci ilin yanvarında Çaplin «Variety» adlı jurnaldakı məqaləsində bu haqda belə yazacaqdı: «Karno ilə işləyən hər kəs əla ritm duyğusuna sahib olmalı və truppanın qalan aktyorlarının xüsusiyyətlərini yaxşı bilməli idi. Yalnız belədə hamı birlikdə lazım olan tempi əldə etmək mümkün idi». Məhz sürət və ritm Çaplinin bütün filmlərinə xas olan cəhətdir. Karno həmçinin öz aktyorlarına deyirdi ki, yumorun əsasında gözlənilməzlik və ritmin kəskin dəyişməsi durur. Karno onlara ciddiyyətlərini qorumağı məsləhət görürdü: «Əgər adama toxunub yıxırsınızsa, onun təpəsindən öpün. Əgər kimisə bərk vurursunuzsa, bir neçə saniyə günahkar görkəm alın. Bu, hərəkəti gülməli edir».
Çaplin yuxarıdakı ilk komediya dərslərini heç vaxt unutmayacaqdı.
O, 1908-ci ilin əvvəlində Karnonun truppası ilə qastrola yollanıb «Futbol oyunu» adlı pyesdə ilk dəfə çıxış edir. Pyesdə Çarlinin rolu kiçik olsa da, düşündüyü tryukların köməyi ilə tamaşaçıların diqqətini çəkə bilir: hantellərə toxunub büdrəyir, əl ağacı ilə boksçu armuduna ilişir, düyməsi qırıldığından şalvarı əynindən düşür. Tamaşaçılar gülürlər. Tezliklə onun səhnəyə hər çıxışı alqışlarla qarşılanır. Çaplin sevinir. Artıq şübhə yox idi ki, o bir də heç vaxt işsiz qalmayacaq.
1908-ci ilin yayından Çaplinlə böyük qardaşı birlikdə çıxış etməyə başlayırlar. Onlar məşhurların yaşadığı Brikston-roudda dördotaqlı mənzil kirayələyirlər. Evi bəzəyib qonaq otağının döşəməsinə xalça salırlar, yaraşıqlı mebel alırlar.
Həmin vaxt Sidni ilə Çarli bir gecədə, adətən, üç müzik-hollda çıxış edirdilər. Çarli rəqqasəlik öyrənən qızla tanış olur. Hetti Kelli adlı bu qızın vur-tut on beş yaşı tamam olub. Çaplinin ilk məhəbbət hekayəsi başlayır və uzun çəkmir. Onlar üç gün görüşüb London küçələrini ayaqdan salırlar. Dördüncü gün Çarli qızın soyuqluğunu hiss edib ondan inciyir. Təcrübəsiz gənclərə xas olan sual-cavab başlayır. Onlar bir-birini sevirlərmi? Məni çoxmu sevirsiniz? Sevgi nədir? Biz gərək ayrılaq, daha bir-birimizi görməyək. Əlvida.
Əlli il sonra Çaplin həyəcan dolu bu söhbətləri öz kitabında yenidən xatırlayacaqdı. Tamamilə aydındır ki, ilk məhəbbət uzun illər Çaplinin yadından çıxmayıb, saf bir duyğu kimi qəlbinin bir küncündə əbədi olaraq qalıb…
Karnonun truppası ilə qastrollar tezliklə bütün ölkəni əhatə eləyir. Bu turne zamanı Çaplin axır ki, məqsədinə çatır: «Futbol oyunu» pyesində baş rolda oynayır. Ancaq premyeradan əvvəl keçirdiyi həyəcan onda laringitə səbəb olur və bir komik kimi karyerasının üstündən xətt çəkilir. Belə bədbəxtçilik anasının da başına gəlib. Karno qəzəblənir, ancaq Sidni onu dilə tutur ki, qardaşına başqa tamaşada sözsüz rol versin. Beləcə, Çaplinin canlandırdığı və «Kefli centlmen» kimi tanınan personaj müzik-hollun «Oxumayan quşlar» pantomimasına böyük rəğbət qazandırır. Frak geyinmiş, ağ kəpənək qalstuk taxmış kefli centlmenin özünü necə apardığını Çaplin Londonun cənubunda yaşadığı vaxtlardan yaxşı bilir. Pantomimo müzik-hollda onun başlıca ampluasına çevrilir və kinematoqrafiyanın qapılarını Çarlinin üzünə taybatay açır.
Bunun ardınca Çarli «Cəsur Cimmi» adlı komediya sketçində baş rolu oynayır. Onun qəhrəmanı darıxdırıcı günlərdən qaçıb macəra arzulayır. Çaplinin səhnəyə çıxışını tamaşaçılar gurultulu alqışlarla qarşılayırlar. Epizodların birində o, kitab oxuya-oxuya dalğın halda çörək buxankasını kəsir və özü də bilmədən onu dodaq qarmonuna çevirir. Çaplin bu zarafatı 1915-ci ildə çəkilən «Avtomobillə qaçış» qısametrajlı filmində də istifadə edir.

«Dolanışıq üçün pul qazanmaq»
1910-cu il payızın əvvəllərində Çarli truppa rəhbəri Fred Karno ilə yeni müqavilə imzaladı. O artıq aparıcı aktyorlardan biri, tanınmış pantomimo ustası idi. Bu vaxt Karnonun maraqlarını okeanın o tayında – Amerika Birləşmiş Ştatlarında (ABŞ) təmsil edən menecer Alfred Rivz qastrollar üçün truppa toplamağa gəlir. Təbii ki, seçilənlərdən biri də Çaplin olur. Müqaviləni imzalayandan bir neçə gün sonra Atlantik okeanı keçmək üçün Çaplin gəmiyə minir.
Tanınmış komediya aktyoru, ssenarist və rejissor Sten Lorel (1890–1965) həmin gəmi səfərini sonralar tez-tez xatırlayır. «Hamımız göyərtədə oturub, – o yazır, – dumana bürünmüş sahilə baxırdıq. Çaplin birdən tutacaqlara tərəf qaçdı, şlyapasını çıxarıb yellədərək qışqırdı: «Amerika, mən səni fəht etməyə gəlirəm! Hamı mənim adımı biləcək – Çarlz Spenser Çaplin!» Biz onu bərk alqışladıq. O isə bizə təzim edib yerində oturdu». Bu hərəkət Çaplinin özünə əminliyi ilə yanaşı son dərəcə şöhrətpərəst olduğunu bir daha göstərir. Yeri gəlmişkən, Sten Lorel də Birləşmiş Ştatlarda böyük uğur əldə etmişdi. Onun rol aldığı «Lorel və Hardi» komik dueti 30 ildən çox oynanılmış, ekranlaşdırılmış və dünya şöhrəti qazanmışdı.
Oktyabrın ortalarında truppa Nyu-Yorka gəlir. Paytaxtın izdihamı və hay-küyü Çaplini əvvəlcə çox qorxudur. Ancaq məşhur Brodvey küçəsinin işıqlara qərq olmuş teatrlarını görəndə özünü evdəki kimi hiss eləyir. Çaplin başa düşür ki, onun yeri buradır. İndi Çarlinin qarşısında yeni aləm açılıb.
1910-cu ilin payızından 1911-ci ilin yayına qədər truppa Birləşmiş Ştatların müxtəlif şəhərlərində çıxış eləyir. Bu qastrollardan günümüzə çoxlu şəkil qalıb: Çaplin əynində uzun Amerika şineli; Çaplin skripka çalır; San-Fransiskoda «Çarli Çaplin əyyaş rolunda» yazılmış afişanın qarşısında dayanıb… Qeyd edək ki, məhz həmin rol sayəsində Çarlinin Amerikada çoxlu pərəstişkarları peyda olmuşdu. Tamaşaçılar onun hər hərəkətini böyük maraq və rəğbətlə izləyirdi.
Bütün qastrollar ərzində Çaplinlə eyni otaqda qalan Sten Lorel onu həddən artıq ekssentrik adlandırırdı. Sten qeyd edirdi ki, Çarlinin çox vaxt kefi olmurdu, üst-başından səliqəsizlik yağırdı. Ancaq bir dəfə o hamını öz qəşəng, dəbdə olan kostyumu ilə təəccübləndirir. Bu qəfil dəyişiklik getdikcə güclənir. Çaplin həmişə kitab oxuyur. Yunan dilini öyrənmək istəyir, ancaq tez də fikrindən daşınır. Sonra yoqa ilə məşğul olmağa başlayır. Başqa sözlə desək, Çaplin özünü təkmilləşdirməyi qət edir. Geyimə xüsusi fikir verir. Çaplini məşhur edən Avaranın kostyumunu buna misal çəkə bilərik. O, daima hərəkətdədir. Sketçlərdə hiss-həyəcanı aşıb-daşan bu adam, səhnədən kənarda çox vaxt təmkinli və adamayovuşmaz olur.
1912-ci ilin yayında Çaplin İngiltərəyə qayıdır. Sidni evləndiyindən o, Brikston-roudda ev kirayələyir. Ancaq İngiltərə torpağında keçirdiyi dörd ayda boş dayanmır, Karnonun truppalarında yenidən ölkəni gəzir.
Qardaşlar psixiatriya müalicəxanasında yatan analarını unutmur, ona baş çəkirlər. Bərkdən mahnı oxuduğuna görə Hanna həmin vaxt divarlarına keçə çəkilmiş palataya salınır. Bundan sonra Çaplin anası ilə görüşməyə ürək eləmir. Qardaşlar qərara alırlar ki, analarını özəl klinikaya köçürsünlər. Amerika qastrolları zamanı Çarli 2000 dollar pul yığmışdı. O dövr üçün bu xeyli böyük məbləğdi. Məhz həmin vəsait hesabına Hanna növbəti səkkiz ili şəxsi klinikada keçirəcəkdi.
Birləşmiş Ştatlara səfərdən sonra Çarliyə doğma ölkəsi İngiltərə çox kiçik, eyni zamanda hüznlü görünür. Ona görə Amerikaya ikinci qastrolla bağlı dəvəti sevinclə qarşılayır. Karnonun truppasının Nyu-Yorka həmin turnesi oktyabrın ortalarında başlayıb 15 ay davam edir. Onlar gündə üç-dörd tamaşa verirdilər.
Çaplin 1913-cü ilin aprelində istirahət imkanından istifadə edib hazırda ABŞ-ın ən böyük şəhərlərindən biri olan Filadelfiyadan Nyu-Yorka gəlir. Elə ilk günün axşamı məşhur alman bəstəkarı və dirijoru Rixard Vaqnerin (1813–1883) «Tanheyzer» operasına bilet alır. Opera onu sarsıdır. Tanheyzer Yelizavetanın tabutunu qucaqlayıb göylərdə onun üçün dua etməsini xahiş eləyəndə isə Çaplini ağlamaq tutur. Ona elə gəlir, gözü qarşısında baş verənlər elə öz həyat tarixçəsidir.
Filadelfiyaya qayıdanda ona bir teleqram verirlər. Teleqram Alfred Rivzə ünvanlanıb. Xahiş edilir ki, «Çaffin» və ya buna oxşar soyadlı şəxs Brodveydə yerləşən «Kessel and Bauman» firması ilə əlaqə saxlasın.
Çarli bunun hüquq firması olduğunu və görünür, hansısa varlı qohumun mirası ilə bağlı axtarıldığını düşünür. Ancaq məsələ başqa idi.
«Kessel və Baumen» – New York Motion Pictures adlı kino şirkətinin sahibləri idi. Şirkətin aparıcı komiki Ford Sterlinq bütün layihələrdən gedəcəyilə hədələdiyindən onun yerinə təcili namizəd axtarılırdı. Çarli Çaplin New York Motion Pictures-in şəriklərinə ən uyğun namizəd kimi görünürdü. Lakin digər tərəfdən, gənc oğlan həmin vaxt Karnonun truppasının ulduzu idi, mətbuat da onu bir ağızdan tərifləyirdi.
Çaplinə illik müqavilə təklif olunur: ilk üç ayda həftəsinə 150 dollar, qalan doqquz aya isə həftədə 175 dollar… Çarli həyatında belə məvacib görməmişdi. O, təcili qərar qəbul eləyir: Karno ilə müqaviləsi bitən kimi, mütləq «Keystoun» kinostudiyasına keçəcək! Çaplinə təklifin təşəbbüskarı məhz həmin studiyanın direktoru amerikalı kinorejissoru və prodüser Mak Sennet (1880–1960) idi. Nyu-Yorkda onun çıxışını çox bəyənmişdi. «Balet rəqqası kimi incəliklə hərəkət edən bu balaca oğlan məni heyran etmişdi, – Sennet sonralar yazacaqdı. – Bir həftə sonra onun adını xatırlamırdım, ancaq əmindim ki, bu sərbəst, qəşəng hərəkətləri heç vaxt unutmayacağam». Sennetin o vaxt otuz yaşı olardı və istedadlı rejissor sayılırdı. Bundan başqa, onun komik olan hər şeyi və hər kəsi duymaq istedadı var idi. Onu gülməyə məcbur edən hər şey tamaşaçıları da mütləq güldürürdü. Cəsarətlə demək olar ki, Amerika komediyasını məhz Mak Sennet yaradıb.
Çaplin Karnonun truppasında sonuncu tamaşanı 1913-cü il noyabrın 28-də Kanzas-Sitidə oynayır. Pərdə endikdən sonra Çarli bütün aktyor yoldaşlarını içkiyə qonaq eləyir. Artistlərin əlini sıxanda onun bədəni titrəyir, ancaq bu kədərli vidalaşmanı belə zarafata çevirməyə cəhd edir. Ardınca isə səhnə arxasına qaçıb ağlayır.
Aradan üç həftə keçməmiş Çaplin Kaliforniya ştatının Edendeyl şəhərinə gəlir.
1913-cü il onun həyatında xoşbəxt il olur. İncəsənətin yeni növünün – kino sənətinin təzəcə formalaşdığı illərdə öz anadangəlmə istedadını reallaşdırmaq imkanı qazanır.
«Keystoun» kinostudiyasındakı həyat ilk vaxtlar Çaplinə qəribə gəlir. Kompleksin özü San-Fernando vadisində, fermer sahələrinin arasında yerləşirdi. Qərargah dördotaqlı bunqalodan[14 - Bunqalo – yüngül konstruksiyalı, aynabəndli şəhərkənarı ev] ibarət idi, qrim otağını isə anbar əvəzləyirdi. Kompleks yaşıl hasarla dövrələnmişdi. Girişdə bir neçə avtomobil dayanmışdı. Komediyalar çəkilərkən onlardan zəruri avadanlıq kimi istifadə olunurdu. Yeganə işıq mənbəyi isə Kaliforniya səmasında boy göstərən parlaq günəş idi.
O vaxt filmlər səssiz idi, ancaq çəkiliş meydanında hay-küydən qulaq tutulurdu. Rejissorlar aktyorlara tapşırıqlar verir, səyyar kameralar cırıldayır, ifaçılar bir-biriylə ucadan danışır, çəkic taqqıltısı və musiqi səsi dinmək bilmirdi. Eyni vaxtda üç-dörd film çəkilirdi.
Konkret ssenari yox idi, daha çox improvizasiyalara üstünlük verilirdi; məsələn, əgər yaxınlıqda nəsə yanırdısa, çəkiliş qrupu filmdə rol alan aktyorları alovun fonunda çəkməyə çalışırdı. İlkin ssenari, yaxud «ideya» həmişə təqiblə bitən qəribə hadisələrin ardıcıllığıyla müşahidə olunurdu. «Keystoun» kinostudiyasını məhz təqib fərqləndirir, ən yaxşısı isə «əyri-üyrü xətlə qaçışdır». Məsələn, hirslənmiş polislər sanki görünməyən divarlara dəyib sıçrayırlar. Bundan başqa, Sennet hər dörd kadrdan birini kəsirdi, personajlar isə komediyanın gərginliyini artırmağa çalışaraq tullana-tullana hərəkət eləyirdilər. Aktyorlar hasısa tərpənməz obyektə dəyənə qədər, sadəcə, elə hey qaçan kuklalara bənzəyirdilər. Ətrafda hər şeyin uçub-dağılmasına baxmayaraq, filmin personajları toxunulmaz qalırdılar. Qorxu, acgözlük və ehtirasdan başqa onlardan hər hansı hiss-həyəcan ifadə etmək tələb olunmurdu. Hər şey sürətlə baş verməli idi. Tamaşaçılara fikirləşmək üçün vaxt qalmırdı. Bir sözlə, Sennetin filmləri son dərəcə iti tempilə fərqlənirdi. Komediyalar bir, ya iki hissədən ibarət idi. Hər hissə, təxminən, 30 dəqiqə çəkirdi.
Çaplin ilk dəfə studiyaya nahar fasiləsində gəlir və bunqalodan çıxan, hədsiz qrimlənmiş aktyorların zahiri görkəmi onu həvəsdən salır. O hələ belə şeyə rast gəlməmişdi. Çarli şəhər mehmanxanasına qayıdıb, iki gün burada oturub fikirləşir: nə etməli? Sonra onu şəxsən Sennetin özü dəvət etdi. Kinostudiya rəhbəri yeni komiki ilə görüşməyi səbirsizliklə gözləyirdi. Çarliyə studiyaları göstərib onu aktyorlara, çəkiliş dəstəsinə təqdim etdi. Çaplini ilk dəfə idi ki, qrimsiz görən Sennet bir az karıxmışdı.
– Elə bilirdim, siz daha yaşlısınız, – o, təəccüblə dilləndi.
– Mən istədiyiniz qədər yaşlı görünə bilərəm, – Çarli cavab verdi.
Hər halda, Çaplində elə təəssürat yaranmışdı ki, Mak onu dəvət etdiyinə artıq peşman olub.
Sonralar Sennet qəhrəmanımızı kinofilmlə bağlı hər şeyə təəccüblənən balaca, utancaq ingilis kimi xatırlayacaqdı. Şübhəsiz, Çaplin elə də karıxmamışdı, sadəcə, ətrafdakı hər şeyə diqqətlə, maraqla baxmışdı. Həmin dövrün amerikalı aktyorlarından biri Çester Koklinin (1886–1971) dediyinə görə, Çarli heç nədən gözünü çəkmir, konkret və peşəkar suallar verirdi. Məsələn, bu cür: niyə səhnələr xronoloji ardıcıllıqla çəkilmir? Niyə çəkilmiş materialların neqativinə baxırlar? İştirakı güman edilən personaja necə reaksiya vermək olar?
Bir neçə gün ərzində Çaplin artistlərin və dekorasiyaların arasında boş-boşuna gəzinmişdi. Ona rol vermirdilər. Görünür, bu gənc aktyorla nə eləmək lazım olduğunu hələ heç kim bilmirdi. Nəhayət, gözlənilən an çatdı. «Keystoun» studiyasının gənc rejissoru Henri Lermana küçə fırıldaqçısı rolu üçün aktyor lazım oldu.
«Dolanışıq üçün pul qazanmaq» filmi ekranlara 1914-cü il fevralın 2-də çıxdı. Çaplin həmin filmdə ilk dəfə kino aktyoru kimi çıxış edirdi. Filmdə Çaplin hiyləgər və yaltaq idi, ancaq ondan sanki hər an ciddi təhlükə gözləmək olardı. O, qızın əlini öpür və bu öpüşlər çiyinə qədər gedib çıxır. Bu, Çarlinin növbəti icadı idi. Həmin tryuku ekranda ilk dəfə o etmişdi. Çarlinin artıq bir yığın mimikası var idi – qəribə baxışlar, müxtəlif təbəssümlər, qaşlarını oynatmaq… Bundan başqa, Çaplin sonralar məşhur olan yerişini də ilk dəfə məhz həmin filmdə sınaqdan keçirmişdi.
Çarli əmin idi ki, Lermanın ondan xoşu gəlməyib və gülməli tryukların bir hissəsini qəsdən kəsib. Ancaq gənc aktyor öz təcrübəsizliyini də anlayırdı – o yenə əvvəlki kimi bir az donuq və həddindən artıq əsəbi idi. Görünür, roldan Sennetin özü də razı qalmamışdı. Əlbəttə, film «Keystoun» kinostudiyasının standart məhsullarından fərqlənmirdi. Ancaq qəzetlərdə fırıldaqçı rolunu oynayan aktyorun yüksək səviyyəli komik olduğu yazılmışdı.
Beş gün sonra Çaplinin iştirakı ilə ikinci filmin – «Uşaq avtomobili yarışları»nın çəkilişləri başlandı. Bu filmdə o, başqalarının işinə qarışan və heç kimin sevmədiyi qəribə adam obrazını yaradır. Çarli artıq öz xarakterik kostyumundadır – dar pencək, enli şalvar… Onu, doğrudan da, avara hesab etmək olar. Şlyapası başına balaca gəlirdi, çəkmələri isə ayaqlarına xeyli böyük idi. Burnunun altına qısa bığ yapışdırılmışdı. Əlində bambukdan qayrılmış əl ağacı var idi. Çarli ilk dəfə bu filmdə siqareti atıb sağ çəkməsinin dabanı ilə vurmuşdu. Bir az dəlisov görünsə də, o artıq orijinal idi, özünəməxsus idi!
Bir həftə sonra, fevralın 9-da «Meyblın son dərəcə çətin vəziyyəti» adlı film nümayişə çıxdı. Bir çoxlarının fikrincə, Çaplinin nadir komediya üslubu və məşhur Avara obrazı məhz bu qısametrajlı filmdə doğulub. Filmin operatorlarından biri sonralar xatırlayırdı: «Onun qrim otağının olduğu pavilyon[15 - Pavilyon – kino, foto şəkilləri çəkmək üçün xüsusi avadanlığı olan bina, habelə filmin ayrı-ayrı səhnələrini çəkmək üçün kinostudiya binasındakı dekorasiya] hələ də gözümün qabağındadır. Otaqdan çıxanda gedə-gedə sanki məşq edir. Onun yerişi, əl ağacı, şlyapası… Bunlar o vaxt gülməli görünürdümü? Hə, görünürdü. Çünki yeni idi…» O, Karnonun məzhəkələrindəki əyyaş personajının eynisi idi: xanımın ayağına ilişib şlyapasını çıxararaq üzr istəyir, sonra zibil qabına ilişir, yenə karıxmış halda şlyapasını qaldırır. Əl ağacını fırladır və öz şlyapasını vurub salır.
Çaplin hətta məşqlərdə də çəkilişlərdəki kimi məsuliyyətli idi. Odur ki ətrafdakı texniki heyət və aktyorlar daim gülürdü. Sennet də onlardan geri qalmırdı. Çaplin başa düşürdü ki artıq, hər şey qaydasındadır.
Beləliklə, «Meyblın son dərəcə çətin vəziyyəti» filmindəki rolu Çaplinin onu məşhurlaşdıran ilk obrazı kimi tarixə düşdü. O, şlyapası, əl ağacı, qısa, dar pencəyi, əzik qalstuku ilə birlikdə əsl Avaraya çevrildi. Çaplin həmişə bu obrazın üstündə işləmiş, onu daim cilalamışdı.
«Meyblın son dərəcə çətin vəziyyəti» filminin çəkilişindən iki-üç gün sonra Çarli bu dəfə «İki leysan arasında» filmində rol almağa başladı. Bu filmdə onun partnyoru artıq Kiston polislərinin bosu kimi məşhurlaşmış amerikalı komik və aktyor Ford Sterlinq (1882–1939) idi.

Çaplin şöhrət pillələri ilə qalxır
Göründüyü kimi, «Keystone» kinostudiyası hədsiz sürətlə işləyirdi. Təsəvvür edin ki, 1914-cü ilin martında Çaplin 12–16 dəqiqə davam edən dörd qısametrajlı filmə çəkilmişdi.
Artıq rejissor Corc Nikolsdur (1864–1927). O, 1908–1927-ci illərdə nə az, nə çox, düz 221 filmin meydana gəlməsində iştirak edib. Çaplin ona müxtəlif səhnələr və tryuklar təklif edirdi. Ancaq hər dəfə eyni cavabı alırdı: «Bizim vaxtımız yoxdur! Vaxtımız yoxdur!» Başqa aktyorlar rejissorun tərəfini tuturdular. Gənc ingilis isə fərqli idi: onunla işləmək elə də asan deyildi. Bu «yaramaz uşaq» nəinki rejissorlardan, hətta partnyorlarından, dekorasiyadan, bir sözlə, hər şeydən narazı idi.
Sennet xatırlayır ki, ilk günlər onu təkliyi sevən qəribə adam hesab edirdilər. Çaplin küçələrdə veyillənir, gördüyü hər şeyə xüsusi diqqət kəsilir, aldığı yaxşı məvacibə baxmayaraq, suvağı tökülmüş mehmanxanada yaşamağa üstünlük verirdi. Ancaq bütün bunların gənc aktyorun işləmək həvəsinə qəti dəxli yox idi. Çaplin studiyaya hamıdan tez gəlir, hamıdan gec gedirdi. Bundan başqa, necə oynadığı barədə Sennetin fikrini öyrənir, səhvlərini tutmaq üçün videokadrları dönə-dönə izləyirdi. Üstəlik, montaj[16 - Montaj – çəkilmiş filmin, yaxud ədəbi və ya musiqi əsərlərinin ayrı-ayrı parçalarının bədii və məna cəhətdən tam şəkildə bir araya toplanması] sənətinə yiyələnmişdi.
Çarlinin rol aldığı «Conni kinoda» filmindən bir həftə sonra «Qarışıq tanqo» ekrana çıxdı. Bu filmdə Çaplin avara deyil, qəşəng geyinmiş gənc idi. Onun 24 yaşı olsa da, yaşından daha cavan təsir bağışlayırdı. Ümumiyyətlə, «Qarışıq tanqo»da Çarlinin aktyorluq istedadı bir az da parlaq görünürdü.
«Onun sevimli məşğuliyyəti» filmində Çaplin və «Gonbul» obrazının ifaçısı, amerikalı aktyor və komik, eləcə də ssenarist və rejissor Rosko Arbakl (1887–1933) fırlanan qapılarla, ofisiantlarla, barın başqa daimi müştəriləri və dik pilləkənlərlə mübarizə aparan kefli rolunu oynamışdı. Xüsusilə Çaplinin hərəkətləri öz qəribəlikləri ilə çox gülməli idi. Artıq heç bir şübhə yox idi ki, gənc Çaplin kino ekranında tamam yeni bir obrazın təcəssümüdür. Yeri gəlmişkən, Çaplinin ilk Hollivud macərası da elə həmin dövrə aiddir. Ancaq bu barədə bir qədər sonra…
Haqqında danışdığımız vaxtlarda Çarli ilə dövrünün parlamaqda olan amerikalı kino aktrisası Peqqi Pirs (1894–1975) arasında sevgi münasibətləri yarandı. Peqqi «Onun sevimli məşğuliyyəti» filmində Çarlinin partnyoru idi. Ancaq onların yaxın münasibəti nəticəsiz qaldı. Miss Pirs gənc aktyordan onunla nikah kəsdirməsini tələb etdi. Çaplin isə evlənməyə isti yanaşmırdı.
Peqqi ilə arası dəydikdən sonra Çarli bu dəfə başqa bir amerikalı kino aktrisası, prodüser və rejissor Meybl Normandla (1892–1930) yaxınlaşmağa çalışdı. Lakin ondan rədd cavabı aldı. Meybl «Keystoun» kinostudiyasında 1912-ci ildən işləyirdi. Onu Mak Sennet kəşf etmişdi. Tezliklə bu istedadlı və gözəl qız həm Sennetin sevgilisinə, həm də baş rolların ifaçısına çevrilmişdi. Təbiət Meybla ifadəli sifət, şıltaq xarakter bəxş eləyib, bu isə tamaşaçıların, eləcə də həmkarlarının çox xoşuna gəlirdi.
Çaplin sevdiyi qadınları tez-tez dəyişirdi. 1926-cı ildə jurnalist ondan ideal qadını necə təsəvvür etdiyini soruşanda Çarli belə cavab vermişdi: «Mən onu sevmirəm, o isə məndən ötrü dəli-divanədir».
Bununla belə, Çaplin filmlərdə qadınlara münasibətdə utancaq idi. Yüngül əxlaqlı qadınlara qarşı isə həmişə kobud davranırdı: onları görən kimi, şlyapasını başının dalına itələyir və həmin qadını dartıb aparmaq üçün əl ağacını qadının ayağına, boynuna ilişdirməkdən çəkinmirdi.
«Keystoun» kinostudiyası eyni zamanda öz ulduzlarının fotoşəkillərini də satırdı. Bu ulduzlar arasında Meybl Normand, Mak Sennet, Rosko Arbakl və əlbəttə ki, Çarli Çaplin var idi… Gənc aktyor dörd aydan az müddətdə xeyli məşhurlaşa bilmişdi.
Növbəti ekran əsərində – «Meybl sükan arxasında» filmində qəhrəmanımız sallaq bığları olan yaramaz obrazını canlandırdı. Çarli roldan məmnun deyildi. Bu filmdə Meybl Normand nəinki baş rolun ifaçısı, həm də Sennetlə yanaşı rejissor vəzifəsini yerinə yetirmişdi. Çaplin ona hər hansı gülməli tryuk təklif edəndə Normand yenə vaxtın azlığını bəhanə gətirirdi. İşi belə görən Çarli küsəyən uşaqlar kimi bir qıraqda oturub oynamaqdan imtina etdi. «Fikrimcə, siz o qədər də səriştəli deyilsiniz ki, mənə nə etmək lazım olduğunu deyəsiniz», – o, Meybla bildirdi. Təbii ki, çəkiliş dəstəsi Meyblın tərəfini tutdu. Lakin bu da heç nəyi dəyişmədi: Çaplin yerindən tərpənmədi. «Özüm bilərəm, – deyə aktyor çiynini çəkib dilləndi, – bu mənim rolumdur. İstəyərəm oynayaram, istəyərəm yox…»
Gənc ingilisin hərəkəti Mak Senneti özündən çıxardı. Belə görünürdü ki, Çaplinlə müqavilə pozulacaq və onun səssiz kinoda aktyorluq karyerasına son qoyulacaq. Lakin ertəsi gün Sennet qəhrəmanımızla sakit və mehriban davranmağa başladı. Sən demə, o, Kessel and Bauman firmasından öyrənib ki, Çaplinin iştirak etdiyi filmlər «Keystoun» kinostudiyasının istənilən başqa məhsullarından populyardır və bu filmlərə sifarişlərin sayı hər gün artmaqdadır.
Ola bilsin, bunu Çaplin də hiss eləyirdi. O, Sennetin mehribançılığından yararlanıb dedi ki, özü çəkildiyi filmlərə rejissorluq da eləmək istəyir. Bir az irəli gedib bildirək ki, onun rejissorluq etdiyi filmlər «Keystoun» kinostudiyasının tarixində ən uğurlu filmlər olacaqdı.
Çaplinin rejissor kimi debüt etdiyi «İyirmi dəqiqə sevgi» filmi cəmi-cümlətanı bir axşama çəkilib. Bu filmin «ideya» müəllifi də, rejissoru da, kişi baş rolunun ifaçısı da Çarlinin özü idi. Onun növbəti ekran işi – «Kabaredə yaxalanmış» qısametrajlı filmi isə iki hissədən ibarət ilk komediya idi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289517) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Bariton – yüksəkliyinə görə tenor ilə bas arasında kişi səsi

2
Varyete – bir-birindən rabitəsiz şəkildə hazırlanan və mahnı, rəqs, məsxərə kimi səhnələrdən ibarət tamaşa

3
Ərküdə – vətəni Aralıq dənizi sahilləri hesab edilən, 2500 il əvvəl müalicə məqsədilə istifadə olunmağa başlanılan, din adamları tərəfindən müqəddəs hesab edilən ağac. Yunancadan tərcümədə adının mənası «namus» deməkdir.

4
Laringit – qırtlağın selikli qişasının iltihabı

5
Pab – Avropanın bir çox ölkələrində pivə içilən ictimai-kütləvi iaşə yeri pivəxana

6
Şarmanka – klavişli-nəfəsli musiqi aləti olan orqanın növlərindən biri

7
Pantomima – məzmunun danışıq (sözlər) olmadan, mimika və jestlərin köməyi ilə təqdim edildiyi teatr tamaşası; him-cim teatrı

8
Den Lino (1860–1904) – ingilis komik. Britaniyada pantomimanın yüksəlişi onun adı ilə bağlıdır.

9
Turne – qapalı marşrut üzrə səyahət; bir nöqtədən çıxıb müəyyən olunmuş məntəqələrə səyahət etdikdən sonra yenidən həmin yerə qayıtmaq

10
Tryuk – xüsusi effektli hərəkət və ya texniki fənd

11
Ekssentrik – kəskin səs, zidd görüşlər, qeyri-adi və çox gülməli üsullar əsasında olan tamaşa

12
Sketç – kiçik məzəli əhvalat; məzhəkə

13
Qrim – teatr və kinoda kosmetik vasitələrin köməyi ilə aktyor və aparıcıların üz cizgilərinin dəyişdirilməsi, yaxud sifətin obraza uyğunlaşdırılması

14
Bunqalo – yüngül konstruksiyalı, aynabəndli şəhərkənarı ev

15
Pavilyon – kino, foto şəkilləri çəkmək üçün xüsusi avadanlığı olan bina, habelə filmin ayrı-ayrı səhnələrini çəkmək üçün kinostudiya binasındakı dekorasiya

16
Montaj – çəkilmiş filmin, yaxud ədəbi və ya musiqi əsərlərinin ayrı-ayrı parçalarının bədii və məna cəhətdən tam şəkildə bir araya toplanması
Çarli Çaplin Питер Акройд

Питер Акройд

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Çarli Çaplin, электронная книга автора Питер Акройд на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв