Qay Yuli Sezar

Qay Yuli Sezar
Filipp Friman
Tarixi yaradanlar
Dünya tarixinin ən güclü şəxsiyyətlərindən Qay Yuli Sezar haqqında bu kitabı oxuduqca gözünüz qarşısında onun dəqiq obrazı canlanacaq. Müəllif Sezarın həyat və fəaliyyətinə yeni, başqalarından fərqli baxış ortaya qoymağı bacarıb.

Filipp Friman
Qay Yuli Sezar


Eybi yox, qoy mənə nifrət etsinlər, ancaq yetər ki, məndən qorxsunlar.
    Qay Yuli Sezar

Sezarın şəcərəsi
Miladdan öncə 100-cü ildə dünyaya göz açmış Yuli Sezara Roma adət-ənənəsinə uyğun olaraq atasının adını qoymuşdular. Siyasətlə məşğul olan, hərbi yürüşlərdə iştirak edən bir çox romalılar kimi Yuli Sezarın atası da evdə az-az tapılardı. Odur ki balaca Qay atasının üzünü nadir hallarda görürdü. Magistraturada[1 - Magistratura – Qədim Romada yüksək dövlət vəzifələrinin məcmusu] yüksək vəzifə tutan atası M.ö. 85-ci ildə dünyasını dəyişəndə isə o, hələ yeniyetmə idi.
Qədim Romada bir neçə qohum ailə birlikdə vahid soy kimi tanınırdı. Ailələrin hər bir üzvü soyadını irsən alırdı. Məsələn, «Qay Yuli Sezar» adındakı Qay – fərdi ad, Yuli – soyad, Sezar isə – ləqəbdir. Ləqəb atadan oğula keçir və hər hansı şəxsi xarakterizə etmirdi. Bununla belə, məşhur soyların ləqəbləri nə vaxtsa konkret məna daşımışdı. Məsələn, Brut – «Yelbeyin», Nason – «yekəburun», Siseron – «noxud», Sezar isə «uzun, hamar saçlı» deməkdir.
Qədim dövrdə Roma cəmiyyəti ciddi şəkildə təbəqələşmiş, imkanlı və imkansızlara bölünmüşdü. Yuli, Fabia, Korneliya kimi soylardan olanlar patrisilər[2 - Patrisilər – Qədim Romada aristokrat nəslindən olanlar], sadə insanlar isə plebeylər[3 - Plebeylər – Roma əhalisinin qul olmayan, ancaq aşağı təbəqəyə mənsub hissəsi] adlanırdılar. Patrisilər və plebeylər bu cür təbəqələşməni təbii hal sayırdılar. Roma dövlətinin ilkin çağlarında bu iki təbəqə arasında ciddi münaqişələr yaşanmışdı. Amma sonradan bəzi plebeylər varlanır, bir çox patrisilər isə Sezarın ailəsi kimi var-dövlətini itirir, yoxsul həyat sürməyə məcbur olurdular. Beləliklə, onlara yalnız öz soyları ilə fəxr etməkdən başqa bir şey qalmırdı.
Yuli Sezar Roma ətrafındakı Subura adlanan yerdə doğulmuşdu. Suburada əsasən xırda alverçilər, gəlmələr və yüngül həyat tərzi keçirən insanlar yaşayırdı. Görünür, Sezarlar ailəsinin varlı və vəzifəli adamlarla yaxşı əlaqələri olsa da, patrisilərlə müqayisədə, zənginlərin məskunlaşdığı Palatin təpəliyində yaşamaq imkanı yox imiş.
O vaxtlar Romada məktəblər dövlət himayəsində deyildi. Sezar və bacıları evdə təhsil alırdılar. Sezarın müəllimi Mark Antoni Qnifon latın, yunan dilləri və ədəbiyyatı üzrə tanınmış mütəxəssis sayılırdı. Gənclik çağlarında Sezarın özü də bədii yaradıcılıqla məşğul olurdu. O, «Herkulesin[4 - Herkules – Qədim yunan mifologiyasında əfsanəvi obraz olan Heraklı Qədim Romada belə adlandırırdılar.] mədhi», «Edip[5 - Edip – Qədim yunan mifologiyasında əfsanəvi çar]», «Müdrik kəlamlar toplusu» kimi əsərlərin müəllifi olmuşdu.
Qədim Romada bədən tərbiyəsi, fiziki hazırlıq da təhsilin tərkib hissəsi sayılırdı. Bu dərslərdə yeniyetmələrə silahla davranmağı, üzməyi, at sürməyi öyrədirdilər. Bu, müəyyən mənada, ilkin hərbi hazırlıq məşğələlərini xatırladırdı. Sezarın yüksək fiziki hazırlığa yiyələnməsində həmin dərslər mühüm rol oynamışdı.
Sezarın uşaqlığı Roma imperiyasında iğtişaşlar və vətəndaş müharibəsi dövrünə təsadüf etmişdi. Həmin vaxt mərkəzi hakimiyyətlə italyan tayfaları arasında qanlı döyüşlər gedirdi. Daxili çəkişmələr zamanı Romada tanrı Yupiterin flamini (kahini – tərc.) öz işindən uzaqlaşdırılır. Boş qalmış vəzifəyə yalnız aristokrat (patrisi) ailəsindən olan şəxs təyin edilə bilərdi. Çünki o vaxtlar bu, böyük vəzifə sayılırdı. Yupiterin flamini bu vəzifəyə ömürlük təyin olunurdu. Flamin müəyyən imtiyazlar əldə etsə də, bir çox məhrumiyyətlərlə də üzləşməli olurdu. Məsələn, o, Romanı yalnız bir neçə günlüyə tərk edə bilərdi. Senata getməsi qadağan olunmamışdı, amma at minməsinə icazə verilmirdi. Bundan başqa, flamin həmişə xüsusi geyimdə olmalı, başına şiş papaq qoymalıydı. Ona görə flaminliyə layiqli namizəd tapmaqda çətinlik çəkirdilər. Düşünüb-daşındıqdan sonra bu vəzifə Sezara təklif olunur: o, əsilzadəydi və cavan olduğu üçün təklifdən boyun qaçırmağa cəsarəti çatmazdı. Təbii ki, bu təklif Sezarın ürəyincə deyildi, axı o özünə hərbi və siyasi karyera qurmaq arzusu ilə yaşayırdı. Bununla belə, Sezar flamin vəzifəsini icra etməyə başlayır. Həmin vaxt onun şəxsi həyatında da dəyişiklik baş vermişdi: Sezar Romanın nüfuzlu şəxslərindən biri sayılan Zinnanın qızı Korneliya ilə evlənmişdi. Gözləmək olardı ki, bu evlilik onun karyerasındakı yüksəlişə təkan verəcək. Lakin tamamilə əksi oldu.

Sezarın Romadan qaçışı
Belə ki, Romada hakimiyyət uğrunda daxili çəkişmələrdə qalib gəlmiş Sulla adlı qoşun başçısı rəqiblərini sıradan çıxarmaq və məhv etmək üçün xüsusi plan hazırlamışdı. Həmin plana əsasən, Forumda[6 - Forum – Qədim Romada şəhərin siyasi həyatına dair söhbətlərin aparıldığı bazar meydanı] böyük bir siyahı asılmışdı; bu siyahıdakı adamları qətlə yetirənlərə xüsusi mükafatlar verilir, öldürülənlərin mal-mülkü isə dövlətə qalırdı. Sulla hakimiyyətini möhkəmləndirmək məqsədilə özünü diktator[7 - Diktator – Qədim Romada ölkə xarici və daxili təhlükə qarşısında olduğu zaman senat tərəfindən təyin edilən, qeyri-məhdud ixtiyar və səlahiyyətə malik olan şəxs] elan etdi. Onun əməllərindən zərər çəkənlər arasında Sezar da var idi. Məsələ burasındadır ki, Sezarın qayınatası Sullanın rəqiblərindən biri idi. Bu səbəbdən də Sulla ona arvadından boşanmağı əmr edir. Sezar isə bu əmri yerinə yetirmək əvəzinə şəhəri tərk edib İtaliyanın cənubuna qaçır. Dərhal onu flamin vəzifəsindən uzaqlaşdırırlar. Sezar hökmdarın əlaltıları tərəfindən yaxalanmamaq üçün tez-tez yerini dəyişməli olur. Bununla belə, bir dəfə gecəyarısı onu izləyib ələ keçirirlər. Lakin Sezar sonuncu pulunu onlara verib qurtulur.
Bundan sonra Sezarın Romadakı nüfuzlu dostları və müdafiəçiləri Sulladan xahiş edirlər ki, onu bağışlasın. Hökmdar bu xahişi eşidir və Sezarın Romaya qayıtmasına icazə verir.
Romaya qayıdan Sezar tezliklə yenidən şəhəri tərk edib hərbi xidmətə yollanır; pretor[8 - Preitor – Qədim Romada mühüm dövlət vəzifəsi] Mark Termin yanında xidmətə başlayır. O vaxtlar Mark Term Lesbosdakı Mitilena şəhərini, qiyamçıların sonuncu istinadgahını mühasirəyə almışdı. Term kömək gətirmək üçün Sezarı Vifiniyaya, hökmdar Nikomedin yanına göndərir. Qay Yuli heç bir çətinlik çəkmədən bu tapşırığın öhdəsindən gəlir. Gətirdiyi gəmilər kiçik adada yerləşən Mitilena şəhərinin ələ keçirilməsində mühüm rol oynayır. O özü isə cəbhənin ön xəttində qəhrəmancasına vuruşur. O bundan sonrakı savaşlarda da həmişə ölümün gözünə dik baxacaq, sıravi əsgərlərlə birgə ön sıralarda döyüşəcəkdi; Romada hakimiyyətə yiyələndikdən sonra belə, həmişə döyüşə birinci atılacaq, əsgərləri öz arxasınca aparacaqdı.
Mitilena zəfərindən sonra Sezar göstərdiyi igidliyə görə xüsusi çələnglə mükafatlandırılmışdı. O bu çələngi başına qoyub Romada keçirilən şənliklərə qatılmışdı. Həmin vaxt senatorlar da daxil olmaqla hər kəs ayağa qalxıb onu alqışlamışdı.
Ümumiyyətlə, döyüşlərdə qazandığı şöhrət Sezarın siyasi və hərbi karyera qurmasında həlledici rol oynayıb.
Mitilenanı ələ keçirdikdən sonra Sezar bir müddət Kiçik Asiyadakı Roma əyaləti olan Kilikiyada xidmət göstərir. O burada at oynadan dəniz quldurlarını məhv etmək üçün bir çox döyüş əməliyyatlarına qoşulur. M.ö. 78-ci ildə Sullanın ölüm xəbərini alan Sezar Romaya qayıdır.

Siyasi karyerada ilk addımlar
Bir il sonra iyirmi üç yaşlı Sezar Makedoniyanın keçmiş hökmdarı Qney Dolabellanın məhkəməsində ittihamçı qismində çıxış edir. Makedoniyalılar Dolabellanı hakimiyyətdən sui-istifadədə, başqalarını hədələməklə mənfəət əldə etməkdə günahlandırıb məhkəməyə vermişdilər. Bu məhkəmə işində zərərçəkənləri Sezar təmsil edirdi. Qeyd edək ki, o vaxtlar Romada hüquqşünaslar olmadığından istənilən savadlı adam ittihamçı və ya müdafiəçi kimi çıxış edə bilərdi. Məhkəmədə Sezarın çıxışı böyük əks-səda doğurdu, hətta Mark Tulli Siseron[9 - Siseron – Qədim Roma natiqi, filosofu, siyasi xadimi, hüquqşünası və siyasət nəzəriyyəçisi (M.ş. 106-43-cü illər)] belə onun bu çıxışına yüksək qiymət verdi. Di gəl, Sezar məhkəməni uduzdu. Hakimlər varlı, nüfuzlu Dolabellanı müqəssir elan etməkdən çəkindilər. Lakin Sezarın nitqi unudulmadı və bir il sonra onu yenidən məhkəmədə çıxış etməyə çağırdılar. Bu dəfə o, bir zamanlar soyğunçuluqla məşğul olmuş Qay Antonini ittiham etməli idi. Yenə məhkəməni uduzmasına baxmayaraq Sezar bu dəfə də gözəl natiq təsiri bağışladı.
Artıq hamı ona gələcəyin görkəmli siyasi xadimi kimi baxırdı. O başa düşürdü ki, yalnız siyasi həyatda və ya döyüş meydanında uğur qazanacağı halda Romada yüksək mövqe tuta bilər. Bunun üçünsə təhsilini davam etdirməli idi. Odur ki Sezar Egey dənizindəki Rodos adasına yollanıb burada Siseronun müəllimi olmuş Apolloni Molondan ritorika dərsləri almağa qərar verdi. Lakin Sezarın gəmisi Kiçik Asiyanın cənub-qərb sahillərində dəniz quldurlarının hücumuna məruz qaldı və əsir düşdü. Quldurlar ondan azadlığa buraxılması üçün 20 talant tələb etdilər. Həmin dövr üçün bu, kifayət qədər böyük olsa da, Sezar dikbaşlığından qalmır: “Yəni məni belə ucuz tutursunuz?” O, belə deyib girov pulunu 50 talanta qaldırır. Əsirlik qırx gün çəkir. Sezar isə sanki istirahətdəymiş kimi şeir yazır, tez-tez xəyallara dalır və amiranə tərzdə hamıdan sakitlik tələb edirdi. O, hərdən quldurlara öz şeirlərindən oxuyur, onlardan tərif və alqış eşitməyəndə isə əsəbiləşir, “kəmsavad və barbar” adlandıraraq söyür, hamısını edam edəcəyini deyirdi. Quldurlar bu qəribə gəncin hərəkətlərini qəhqəhə ilə qarşılayır, təlxəklik kimi qəbul edirdilər.
Nəhayət, Sezarın qohumları tələb olunan məbləği gətirirlər. Bundan sonra o, azadlığa buraxılır. Ardınca dəniz quldurları ilə haqq-hesab çəkmək qərarını qətiləşdirir. Qədim yunan şəhəri Miletdə bir neçə gəmi kirayələyir. Quldurlara qarşı əməliyyata başlayıb onların çoxunu əsir alır və yağmaladıqları sərvəti ələ keçirir. Beləcə, öz “zarafat”ını dəhşətli həqiqətə çevirir…
Həmin hadisədən sonra Sezar gözləmədiyi halda ordu sıralarına çağırılır. Kiçik Asiyada Roma hakimiyyətinə qarşı çıxan Pont hökmdarı VI Mitridatın qoşunları ilə döyüşməli olur. Senatın və hökumətin icazəsini gözləmədən hərbi əməliyyata başlayıb VI Mitridatın müttəfiqlərini Roma əyalətindən qovub uzaqlaşdırır. Bu özbaşına davranışı Sezarın öz nüfuzunu yüksəltmək istəyindən doğmuşdu və onun gələcəklə bağlı böyük hədəflərindən xəbər verirdi.
Tezliklə iyirmi yeddi yaşlı Sezara xəbər verirlər ki, onu Romada pontifik[10 - Pontifik – Qədim Romada ali kahinlər şurasının üzvü] vəzifəsinə seçiblər. Pontifiklər kollegiyası dini məsələlərlə məşğul olmaqla yanaşı, digər kahin kollegiyalarına da nəzarət edirdi. Pontifik vəzifəsi siyasi fəaliyyətlə məşğul olmağa, hərbi karyera qurmağa mane olmurdu. Sezardan əvvəl bu vəzifəni anasının yaxın qohumu Qay Avreli Kotta tuturdu. Kottanın ölümündən sonra Sezarın anası oğlunu onun yerinə seçdirmək üçün böyük vəzifə sahiblərinə ağız açır, minnətçi düşür. Lakin əminliklə demək olar ki, Sezar bu vəzifəyə təkcə anasının səyləri nəticəsində seçilməmişdi. O, uğurlu döyüşçü, qabiliyyətli din xadimi və gözəl natiq kimi ad çıxarmışdı. Bunların sayəsində isə Romanın siyasi həyatında nüfuzu get-gedə yüksəlirdi.

Sezarın qəribə yuxusu
Pontifik seçildiyini öyrənən kimi Sezar İtaliyaya qayıdır. Bundan bir qədər sonra Romaya qarşı qullar üsyanı baş qaldırır. Üsyana Frakiyada doğulmuş Spartak adlı qul başçılıq edirdi. Spartakın dəstəsi tezliklə böyüyüb qorxunc qüvvəyə çevrildi. Senat[11 - Senat – Qədim Romada ölkəni idarə edən dövlət şurası] qullar ordusunun üzərinə bir-birinin ardınca iki qoşun göndərdi. Lakin ümumi sayı yeddi mindən çox olan Roma əsgərləri Spartakın ordusuna məğlub oldu. Buna baxmayaraq, Spartak başa düşürdü ki, romalılar əvvəl-axır müharibədə qalib gələcəklər. O, üsyançı qulları Alp dağının o tayına keçirib öz vətənlərinə – Qalliya[12 - Qalliya – müasir dövrdə, başda Fransa olmaqla, Qərbi Avropanın böyük bir hissəsinə verilən tarixi ad], Frakiya[13 - Frakiya – Cənub-Şərqi Avropada Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən tarixi bölgə] və indiki Almaniyaya yola salmaq fikrindəydi. Lakin qullar İtaliyada soyğunçuluq etməyə, adamları çapıb-talamağa başladılar. Nəticədə Mark Krassın başçılıq etdiyi Roma qoşunları qullar ordusunu ağır məğlubiyyətə uğratdı; Spartakın sağ qalmış altı min tərəfdarı Romaya gedən yolun üzərində çarmıxa çəkildi.
Görünür, Spartak üsyanının yatırılmasında Sezar da mühüm rol oynamışdı. Onun Romaya qayıdandan sonra hərbi tribun vəzifəsinə seçilməsi bu ehtimalı təsdiqləyir. Beləliklə, Sezar rəsmi olaraq siyasi karyerasına başlayır.
O vaxtlar Romada respublika üsuli-idarəsi hökm sürürdü. İdarəçilik bütün vətəndaşların seçdiyi magistratura tərəfindən həyata keçirilirdi. Belə ki, nəzəri olaraq sıravi vətəndaş da yüksək vəzifəyə seçilə bilərdi. Lakin təbii ki, Roma elitası hakimiyyəti öz əlində saxlayırdı. Roma Respublikasında bütün hakimiyyət magistratların əlində cəmləşmişdi. Sezar kimi iddialı insanlar hərbi xidmətdə fərqləndikdən sonra hakimiyyətin zirvəsinə yüksəlməyə can atırdılar. Gənclər on il orduda xidmət etdikdən sonra legionda hərbi tribun olmaq imkanı əldə edirdilər. Bu, karyeranın ilk pilləsi sayılırdı.
Çox keçmir ki, Sezar Romanın nüfuzlu siyasi və hərbi xadimlərindən olan Krassın əsas tərəfdaşlarından biri kimi çıxış edirdi.
Bir müddət sonra o, daha yaxşı vəzifəyə – uzaq İspaniyada propretor[14 - Propretor – canişin] təyin olundu. Elə bu vaxt sevimli arvadı Korneliya vəfat edir. Sezar sonrakı karyerasının bu təyinatdan asılı olduğunu başa düşürdü. Odur ki yeddiyaşlı qızını anasının himayəsinə verib İspaniyaya yola düşür.
Yolda yanındakılardan biri ondan soruşur: “Görəsən, İspaniyada da adamlar vəzifə uğrunda bir-birilərini didirlər?”
Sezar cavab verir: “Bilmirəm, ancaq mən Romada ikinci olmaqdansa, burada birinci olmağı üstün tutardım!”
Onu da deyək ki, propretor vəzifəsində işləyərkən əldə etdiyi təcrübə sonralar Sezara çox kömək olacaqdı.
Bir dəfə o xidməti işlərlə əlaqədar Finikiyaya yollanır və buradakı Herkules məbədini ziyarət edir. Məbəddə Makedoniyalı İsgəndərin heykəlini görür. Onda Sezarın təxminən otuz-otuz iki yaşı olardı. Sezar istər-istəməz kədərlənir, onu fikir götürür. Yanındakılar səbəbini soruşduqda isə belə cavab verir: “Otuz üç yaşında İsgəndər görün neçə ölkəni idarə edirdi. Mən isə bu yaşa çatmışam, hələ bir şərəfli iş görməmişəm”.
Həmin gecə Sezar yuxusunda anasının yunan mifologiyasının məşhur qəhrəmanlarından olan çar Ediplə izdivac qurduğunu görür[15 - Əfsanəyə görə, Edip bilmədən atasını öldürmüş və taxta çıxa bilmək üçün anası ilə evlənmişdi.]. Sezar mövhumatçı olmasa da, yuxusunu yozması üçün kahinə müraciət edir. Kahin onu sakitləşdirib deyir ki, gələcəkdə Makedoniyalı İsgəndər kimi dünyaya hökm edəcək. Çünki yuxusunda gördüyü «ana» əslində bütün canlılara həyat verən torpaqdır.

Hakimiyyət iddiası
Sezar İspaniyanı vaxtından əvvəl tərk edir: bilir ki, paytaxtdan kənarda öz iddialarını və niyyətini gerçəkləşdirə bilməyəcək. O, Romaya Şimali İtaliya torpaqlarından keçib-gedir. Həmin vaxtlar bu torpaqlarda yaşayan insanların bir qismi, xüsusən də Po çayının şimal tərəfində məskunlaşmış, vətəndaşlıq hüququ ala bilməyən əhali Romanın rəsmi siyasətindən narazı idi. Təbii ki, Sezar bunu bilirdi və narazıları dəstəkləməklə siyasət meydanında müəyyən üstünlüklər qazanmağa çalışırdı. Lakin Sezar yerlilərin rəğbətini qazansa da, onları üsyana təhrik etmək istəmirdi. Silahlı üsyan Roma qoşunlarının müdaxiləsinə gətirib çıxara bilərdi ki, bu da Sezarın xeyrinə deyildi.
M.ö. 67-ci ildə Sezar Romaya qayıdıb paytaxtın sosial-siyasi həyatında fəal iştirak etməyə başlayır. Elə həmin il o, Romadan Brundiziyaya – Adriatik dənizinin sahilindəki limana qədər uzanan Appia yoluna nəzarətçi təyin olunur. Misirə, Yunanıstana və ya Asiyaya yollanan Roma qoşunları məhz bu yoldan keçirdi. Döyüşçülər Brundiziyada gəmilərə minir, geri dönərkən də həmin yolla qayıdırdılar. (Qeyd edək ki, həmin dövrdə romalıların saldığı yüksək keyfiyyətli yolların bir qismi bu gün də fəaliyyət göstərməkdədir.)
Həmin vaxt Aralıq dənizi hövzəsində dəniz quldurları at oynatmağa davam edirdilər. Buna görə də romalılar senatı onların öhdəsindən gələ bilməməkdə günahlandırırdılar. Nəhayət, xalq tribunlarından[16 - Tribun – Qədim Roma ordusunda legion komandirlərindən biri] biri senata qanun layihəsi təqdim edir. Layihəyə görə, quldurların axırına çıxmaq üçün bir nəfərin ixtiyarına böyük ordu verilməli idi. Ad çəkilməsə də, hamı bilirdi ki, bu layihənin gizli müəllifi iddialı dövlət xadimlərindən biri – Pompeydir. O, ixtiyarına veriləcək ordudan istifadə edib Romada hakimiyyətə yiyələnə bilərdi. Buna baxmayaraq, Sezar həmin qanun layihəsini dəstəklədi. Çünki bilirdi ki, siyasi elita qanun layihəsini qəbul etməyəcək, əvəzində isə Pompey və Roma əhalisi onun təəssübkeşliyini unutmayacaq. Bu da ona gələcəkdə müəyyən siyasi xal qazandıracaqdı. Lakin iş elə gətirdi ki, Pompey səlahiyyətli şəxs seçildi. O, iyirmi dörd senatoru özünə köməkçi götürdü, yürüş üçün beş yüz gəmi hazırladıb yüz minlik ordu topladı. Qarşıya qoyulan məqsədə çatmaq üçün Pompey Aralıq dənizini on üç hissəyə böldü və qırx gün ərzində tədricən dənizi quldurlardan təmizləyərək Romaya qalib kimi qayıtdı.
Hərbi uğurlardan ruhlanan Pompey daha çox şan-şöhrət qazanmaq eşqinə düşdü. M.ö. 66-cı ildə xalq tribunlarından biri (şübhəsiz, Pompeyin təşəbbüsü ilə) yeni qanun layihəsi irəli sürdü. Layihəyə görə, Kiçik Asiyada və Suriyada sabitliyi bərqərar etmək üçün Şərqi Aralıq dənizi hövzəsindəki bütün Roma əyalətləri və qoşunları Pompeyə tabe etdirilməliydi. Qanun qəbul olunandan sonra Pompey yeni torpaqlar fəth etdi. Beləliklə, senatla uzun-uzadı məsləhətləşmələr aparmadan bütün Yaxın Şərqin xəritəsini dəyişdirdi.
Sezar Pompeyin uğurlarından özü üçün dərs çıxardı: başa düşdü ki, iddialı və bacarıqlı qoşun başçısı senatın razılığı olmadan da şan-şöhrət qazana, hətta tarixə düşə, üstəlik, böyük sərvət sahibi ola bilər.
M.ö. 65-ci ildə Sezar edil seçildi. Edillərin işi məhkəmə çəkişmələrinə, tikinti işlərinə, bayramların təşkilinə, küçələrin, məbədlərin, bazarların vəziyyətinə nəzarət etmək idi. Edillər ənənəvi olaraq ildə iki bayram təşkil edirdilər: apreldə ilahə Sibilanın şərəfinə yeddigünlük və sentyabrda Yupiterin şərəfinə on beş günlük. Bu bayram tədbirlərini təşkil etmək üçün xəzinədən müəyyən miqdarda vəsait ayrılırdı. Lakin əhalinin rəğbətini və dəstəyini qazanmaq istəyən edillər ayrılan vəsaitə öz pullarını da əlavə edirdilər. Sezar da belə elədi. Borc aldığı pullarla o, Forumu və Kapitolini[17 - Kapitoli – Qədim Romanın yerləşdiyi yeddi təpədən biri və həmin təpədəki eyniadlı məbəd] yaxşıca bəzətdirdi. Üstəlik, iki yüz qırx qladiatorun iştirakı ilə döyüşlər təşkil etdi. Qədim Romada «qladiator» tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, yaxud vəhşi heyvanlarla ölənədək vuruşan döyüşçülərə deyilirdi.
Sezarın siyasi rəqibləri onun hərəkətlərini təşvişlə izləyirdilər: onlar həm Spartak üsyanına bənzər çaxnaşma yaranacağından qorxur, həm də Sezarın nüfuzunun artmasından ehtiyatlanırdılar. Bundan sonra Sezar dəbdəbəli həyat sürməyə başladı. O, həvəslə zərgərlik məmulatları, qədim heykəllər və şəkillər toplayırdı. Sezar Nemi gölünün yaxınlığında özünə imarət tikdirdi, lakin tikili xoşuna gəlmədiyi üçün onu uçurtdu.
Edil vəzifəsini icra edərkən sadə insanların rəğbətini qazanmış Sezar öz nüfuzunu bir qədər də artırmaq üçün daha cəsarətli addım atmaq qərarına gəlir. O, keçmiş sərkərdə və dövlət xadimi, eləcə də öz qohumu olan Marinin təsvirini tikilməkdə olan Yupiter məbədinin qarşısında nümayiş etdirmək fikrinə düşür. Mari uzun müddət Publi Sullaya qarşı mübarizə aparmış və romalıların böyük rəğbətini qazanmışdı. Uzaqgörən Sulla hələ Sezar yeniyetmə olarkən onda gələcəyin güclü şəxsiyyətini sezmiş və əyanlarına belə demişdi: “Görərsiniz, bu Sezarda bir neçə Mari mürgüləyir!”
Beləliklə, Marinin təsviri gecə ikən Kapitoliyə gətirdilir. Xalq Marini hələ də hörmət və ehtiramla andığı halda, hakimiyyətdəkilər ona kəskin nifrət bəsləyirdilər. Təsvirə tamaşa etmək və keçmiş sərkərdənin germanlar üzərində qələbəsini əks etdirən yazıları oxumaq üçün məbədin qarşısında xeyli insan toplaşır. Marinin tərəfdarları göz yaşları içində Sezarı alqışlayırlar. Nəticədə senatın növbədənkənar iclası çağırılır. Optimat[18 - Optimat – Qədim Romada Senat aristokratiyasının maraqlarını müdafiə edən ideoloq] Lutasi Katul Sezarın əleyhinə nitq söyləyir, onu dövlətə qarşı təxribat törətməkdə ittiham edir. Lakin Sezar cavab nitqində bildirir ki, heç vaxt dövlətin dayaqlarını sarsıtmaq niyyətində olmayıb. Sezar o qədər bəlağətli nitq söyləyir ki, hətta rəqibləri belə onun dediklərinə inanır. Bundan sonra Sezarın tərəfdarları daha da ürəklənir və onu optimatlara güzəşt etməməyə çağırırlar. Bu hadisədən sonra Sezar artıq hakimiyyətə iddialı şəxs kimi qəbul olunur.
Hadisələrin sonrakı gedişi göstərdi ki, optimatlar Sezardan ehtiyatlanmaqda haqlıymışlar. Qay Svetoni Trankvill[19 - Trankvill – Qədim Roma salnaməçisi, yazıçı, tarixçi, imperator Adrianın şəxsi katibi] yazırdı ki, M.ö. 65-ci ildə Publi Avtroni və Publi Sulla konsul[20 - Konsul – Qədim Romada seçki yoluyla müəyyənləşən ali magistraturanın üzvü] vəzifəsinə iddia edirdilər. Lakin seçiciləri rüşvətlə ələ aldıqları üçün onlar deyil, Lutsi Torkvatla Sezarın yaxın qohumu olan Lutsi Kott konsul seçilirlər. Belə olan halda Avtroni və Sulla ziyafət zamanı Torkvatla Kottu qətlə yetirib hakimiyyəti Mark Krassa ötürməyi planlaşdırırlar. Şərtə görə, Krass diktator olandan sonra onları konsul vəzifəsinə təyin etməli, Sezar isə atlı qoşunun başçısı olmalıydı. Ancaq son anda Krass ya qorxur, ya da fikrini dəyişir və ziyafətə gəlmir. Beləcə, Sezar da öz rolunu yerinə yetirə bilmir, yəni sui-qəsdçilərə hərəkətə keçmək işarəsi vermir (o, bürüncəyini çiynindən endirməliydi).
Lakin Sezarın bu sui-qəsd cəhdində iştirakı sübuta tarixçilər tərəfindən yetirilməyib. Hətta fürsət tapan kimi Sezar haqqında xoşagəlməz ifadələr işlədən məşhur natiq və filosof Siseron (M.ö. 106–43) belə bu barədə heç nə yazmayıb. Sezar cəsur adam idi, ancaq qanuni hakimiyyəti devirməyə hesablanmış, üstəlik, pis hazırlanmış sui-qəsd planında yer almazdı. Düzdür, vaxtı gəlincə o, senata qarşı çıxaraq vətəndaş müharibəsinin alovlanmasına səbəb olacaqdı. Ancaq hələ ki ehtiyatlı davranır, tədricən öz mövqelərini möhkəmlətməklə məşğul olurdu.
Spartak üsyanını yatırdığına görə ciddi nüfuz qazanan Krass narahat idi: o, Aralıq dənizini quldurlardan təmizləyən, Yaxın Şərqi fəth eləyən Pompeyin şöhrətinin kölgəsində qalmaqdan qorxurdu. Odur ki yeni uğura ehtiyacı vardı. Xeyli düşünüb-daşındıqdan sonra Krass gözünü Misirə dikdi: bu ölkəni fəth etməklə Pompeyin nüfuzuna şərik ola bilərdi.
Həmin vaxt Misir Roma dövlətinin təsir dairəsində olsa da, Nil vadisi öz müstəqilliyini qoruyub-saxlaya bilmişdi.
Krass Misir torpaqlarını tamamilə ələ keçirib bu ölkəni Romanın əyalətinə çevirmək fikrinə düşdü. Beləliklə də o, Roma xəzinəsinə külli miqdarda əlavə vəsait qazandıra bilərdi. Bunun üçün əsas da vardı: Misir hökmdarı XI Ptolemey öz vəsiyyətində ölkəni Romaya miras qoyduğunu bildirmişdi.
Krass Misir yürüşü zamanı hərbi rəhbərliyi Sezara həvalə etmək qərarına gəlir. Sezar məmnuniyyətlə razılaşır: Misirdə uğur qazanıb nüfuzunu daha da artırmaq və yığılıb-qalmış borclardan yaxa qurtarmaq üçün yaxşı fürsət yaranmışdı. Lakin Krassın və Sezarın mövqelərinin daha da möhkəmlənə biləcəyindən ehtiyatlanan optimatlar bu planın gerçəkləşdirilməsinə imkan vermirlər. Hamisi Pompeyin maraqlarını güdən Siseron da onlara kömək edirdi. M.ö. 64-cü ildə Pompey hələ də Şərqdə hərbi əməliyyatlara başçılıq edir və şöhrətini daha da artırırdı.
Belə bir vaxtda Romada Mark Portsi Katon[21 - Katon – Qədim Roma siyasi xadimi, aristokratların senatdakı lideri (e.ə. 95–46-cı illər); Qədim Roma yazıçısı və siyasətçisi olmuş ulu babası ilə eyni adı daşıyırdı. Sezarın ən qatı düşmənlərindən biri kimi tarixə düşüb.] əhəmiyyətli fiqura çevrildi: kvestor vəzifəsinə təyin edildi və bununla bütün xəzinədarlıq işləri onun ixtiyarına keçdi. Əvvəlki kvestorlar öz işlərinə formal yanaşır, peşəkar xəzinədarların fəaliyyətinə başdansovdu nəzarət etməklə kifayətlənirdilər. Lakin Katon tipik kvestor deyildi: öz işini vicdanla yerinə yetirirdi. Nəticədə çox keçmədi ki, xəzinədən sui-istifadə hallarının üstünü açmağa başladı. Məlum oldu ki, bir çox adlı-sanlı romalılar dövlətdən külli miqdarda borc götürüblər və bu vəsaiti qaytarmaq barədə düşünmürlər. Onda Katon cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq bu adamları məhkəməyə cəlb etməyə başladı. Haqqında cinayət işi qaldırılan adamların sayı o qədər çox idi ki, təhqiqat aparmaq üçün Katon prosesə əlavə insanlar cəlb etməli oldu. Onlardan biri də Sezar idi. Bu, gələcək hökmdarın Romada inanılmış, etibarlı adamlardan biri sayıldığını göstərir.

Sezar güclənir
M.ö. 63-cü il Sezar üçün əlamətdar hadisələrlə dolu, əhəmiyyətli mərhələ oldu. O artıq on il idi ki, kahinlərin baş kollegiyasının üzvü olaraq pontifik vəzifəsini yerinə yetirirdi. Kollegiyaya ömürlük seçilən baş pontifik rəhbərlik edirdi. Baş pontifik dini məsələlərlə bağlı qanun qüvvəsində olan qərarlar qəbul etməklə yanaşı, pontifiklərin senatda təmsilçisi idi.
Həmin il baş pontifik, yaşlı Kvint Metell dünyasını dəyişdikdən sonra Kfint Lutasi Katull və İsavrili Publi Servili ilə birgə Sezar da bu vəzifəyə namizədliyini irəli sürür. O, Romadakı siyasi ab-havanı diqqətlə təhlil edib riskə getmək qərarına gəlmişdi. Onsuz da borcu çox olan Sezar yenidən borca girir – seçicilərin səsini satın almaq üçün ona çoxlu pul lazım idi. Baş pontifik olmaq üçün on yeddi tribdən[22 - Trib – Qədim Romada ərazi seçki dairəsi] doqquzunun dəstəyini qazanmalıydı. O vaxtlar seçiciləri rüşvətlə ələ almaq adi hal sayılırdı, lakin bunu açıq-aşkar etmək olmazdı. Rəqibləri ona öz iddiasını geri götürmək üçün külli miqdarda pul təklif edirlər. Lakin Sezar təkliflə razılaşmayıb daha çox borc götürür. Anası oğlunun necə çətin vəziyyətdə olduğunu başa düşür və seçki günü onu yola salanda ağlamağa başlayır. Sezar anasını öpüb deyir: «Bu gün oğlun ya baş kahin olacaq, ya da onu Romadan sürgün edəcəklər». Nəticədə Sezar seçkilərdə böyük səs çoxluğu ilə qalib gəlir və evə baş pontifik kimi qayıdır. Beləcə, o, Romada nüfuzlu şəxsə çevrilir və keçmiş diktator Sullanın qoyduğu dövlət sistemini dəyişdirməyə çalışır. Bu işdə Sezara xalq tribunu[23 - Xalq tribunu – Qədim Romada plebeylərdən seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını qoruyur və onların xeyrinə qanunlar icra edirdilər. Magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik olan tribunların şəxsiyyəti toxunulmaz sayılırdı.] Tit Labien kömək edirdi. Onlar birlikdə baş pontifikin seçilməsi qaydasını dəyişdirməyə müvəffəq olurlar. Belə ki, baş pontifiki artıq pontifiklər kollegiyası yox, xalq seçəcəkdi.
Sezarla Labien həmçinin Roma aristokratiyasının hakimiyyətini məhdudlaşdırmaq üçün plan qururlar. Qeyd edək ki, yüz il əvvəl Qrakx qardaşları da buna cəhd etmişdilər. Qədim Romanın məşhur islahatçıları kimi tarixə düşən qardaşlar bu istəklərinə çatmadılar: optimatların güclü müqaviməti ilə üzləşdilər və öldürüldülər. Odur ki ehtiyatlı davranmaq lazım gəlirdi. Əsas məsələ sadə insanların rəğbətini qazanmaq, onların arasında populyarlaşmaq idi. Bu məqsədlə Sezar məhkəmələrdə əyalətlərdən olan sakinlərin maraqlarını qoruyur, onları Roma hakimiyyətinin təzyiqlərindən yayındırmağa çalışır. Məsələn, Şimali İtaliyada canişin olmuş Qay Pizonun əleyhinə məhkəmədə ittihamçı qismində çıxış edir: canişin günahsız bir insanı ölümə məhkum etmişdi. Daha sonra o, Masintu adlı bir numidiyalını[24 - Numidiyalı – indiki Tunis və Əlcəzair ərazisində yaşamış qədim tayfa] məhkəmədə çar Qiemspaldan qoruyur. Ancaq bu dəfə məhkəmə iclasında Sezar hirslənib özündən çıxır və çarın oğlu Yubanın saqqalından yapışır. Çarın oğlu məhkəmədə atasını təmsil edirmiş. Nəticədə məhkəmə prosesini uduzan Sezar başqa çıxış yolu tapır: müttəhimi gizlicə aradan çıxarıb İspaniyaya göndərir…
Onun bu cür davranışları sadə xalq arasında nüfuzunu daha da yüksəldir.
M.ö. 63-cü ildə Sezarın əsas rəqiblərindən biri olan Siseronu konsul seçirlər. Siseron savaş meydanında fərqlənməmişdi, adlı-sanlı nəsildən deyildi, var-dövləti də yox idi. Lakin Forumda çıxış eləyərkən insanlar böyük maraqla onu dinləməyə toplaşırdı.
Siseronun konsul seçilməsindən sonra Sezar onunla və ətrafındakılarla mübahisələrə girməmək üçün ilin sonuna kimi senata gəlmir. Elə həmin il o, pretor seçkilərində qələbə çalır və senat ona pater patriae[25 - Pater patriae – latın dilindən tərcümədə «xalqın atası» mənasına gələn, Qədim Romada respublika və ya imperiya qarşısında böyük xidmətləri olmuş şəxslərə verilən ad] titulu verir. Sezar bütün ömrü boyu bu titulla fəxr etmişdir.
Tezliklə Siseron sadə insanların hüquqlarının müdafiəçisi kimi tanınmağa, pretor vəzifəsinə seçilən Sezar isə dövlət işləri ilə məşğul olmağa başlayır. Elə ilk gün, kapitolidə yeni seçilmiş konsulların şərəfinə bayram tədbiri keçirilərkən Sezar Forumda xalq toplantısı təşkil etdi. O öz hərarətli nitqində bildirdi ki, dövlət xəzinəsindən vəsait ayrılmasına baxmayaraq on beş il əvvəl yanmış Yupiter məbədi hələ də bərpa olunmayıb. Nitqində o, məbədin bərpası üçün ayrılan pulların mənimsənildiyinə işarə vurur. Təklif edir ki, məbədin bərpası Pompeyə tapşırılsın. Toplaşanlar həmin təklifi razılıqla qarşılayırlar. Lakin optimatların sərt müqaviməti ilə üzləşən senat onu təsdiqləmir.
Sezar optimatlarla mübarizəni davam etdirərək xalq tribunu Metell Nepotu dəstəkləyir. Nepot Pompeyin Romaya qayıtmasına çalışırdı. Tezliklə Sezar xoşagəlməz vəziyyətə düşür: Katalina adlı qiyamçının ordusu məğlub olandan sonra sağ qalmış döyüşçülərlə bağlı təhqiqat aparılır. Elə bu vaxt senat tərəfindən qiyamçıların arasına yerləşdirilmiş casus Lutsi Vetti təhqiqata yenicə başlayan Nofi Niqrin yanına gəlir və Sezarın onlarla əlbir olduğunu bildirir. Əlavə edir ki, onun qiyamçıların başçısına yazdığı məktubu təqdim etməyə belə hazırdır. Lakin Sezar özünü müdafiə etməyi bacarır. Bəyan edir ki, qiyamda əli yoxdur, hətta onda olan bütün məlumatları Siserona ötürüb. Konsul onun dediklərini təsdiqləyir. Bundan sonra senat Sezara etibar etdiyini bildirir. Ardınca isə Sezar öz səlahiyyətlərindən yararlanaraq Vettinin bütün əmlakını müsadirə etdirir. Casus özü isə təhqiqatçı ilə birlikdə həbs olunur.
Bundan sonra Sezar canişin kimi yenidən İspaniyaya qayıtmaq fikrinə düşür. Ancaq külli miqdarda borc aldığı insanlarla razılığa gələ bilmir. Həmin adamlar yalnız borcunu ödəyəcəyi təqdirdə gələcək hökmdarın İspaniyaya gedişinə razılıq verəcəklərini bildirirlər. İşi belə görən Sezar ən varlı romalıya – Krassa üz tutur. Krass ona kömək əli uzadır.
Beləcə, Sezar yenidən İspaniyaya yollanır. Yolda yanındakılardan biri ondan soruşur: “Görəsən, İspaniyada da adamlar vəzifə uğrunda bir-birilərini didirlər?”
Sezar cavab verir: “Bilmirəm, ancaq mən Romada ikinci olmaqdansa, burada birinci olmağı üstün tutardım!”
Sezar bilirdi ki, onun siyasi karyerası İspaniyada uğur qazanıb-qazanmayacağından asılıdır. Əgər uğur qazanardısa, konsul vəzifəsinə iddia edə və borclarını qaytara bilərdi. O, işə başlayan kimi dağlıq ərazilərdə məskən salmış luzitanlara[26 - Luzitanlar – Pireney yarımadasının cənub-qərb hissəsində (indiki Portuqaliyanın böyük hissəsi) məskunlaşmış iber tayfası] aşağı enib düzəngahda məskunlaşmağı əmr edir. Heyvandarlıqla məşğul olan bu tayfalar dağlarda tez-tez qarət və soyğunçuluğa əl atırdılar. Sezar təxmin edirdi ki, luzitanlar onun əmrini yerinə yetirməyəcəklər və bu, hərbi əməliyyatlara başlamaq üçün ona bəhanə verəcək. Elə də oldu, Sezar dağlara qoşun yeritdi. Luzitanlar səriştəsiz, bacarıqsız sərkərdələrin başçılıq etdiyi Roma ordularını dəfələrlə məğlubiyyətə uğratmışdılar. Ümid edirdilər ki, bu dəfə də belə olacaq. Ona görə də yaxınlaşan Roma ordusuna müqavimət göstərmədilər. Luzitanlara elə gəlirdi ki, romalılar heyvan sürülərini öz düşərgələrinə qovub aparacaq, beləliklə də başları qarışacaq. Bu zaman gözlənilmədən hücum çəkib, onları asanlıqla məhv etmək planlaşdırılmışdı. Lakin luzitanlar yanılırdı: Sezar İspaniyaya mal-davar üçün gəlməmişdi.
Gələcək hökmdarın legionları tezliklə luzitanların müqavimətini qırdı və onları Atlantik okeanının sahillərinə tərəf çəkilməyə məcbur etdi. Sağ qalan luzitanlar tələm-tələsik yaxınlıqdakı adaya çıxdılar. Sezar onların arxasınca bir dəstə əsgər göndərdi. Qayıqların köməyilə luzitanları təqib edən əsgərlər bir məqamı nəzərə almamışdılar: qabarma zamanı Aralıq dənizində suyun səviyyəsi vur-tut bir neçə düym[27 - Düym – ingilis ölçü sistemində uzunluq vahidi; 1 düym 2,54 santimetrə bərabərdir.], Atlantik okeanında isə bir neçə fut[28 - Fut – ingilis ölçü sistemində uzunluq vahidi; 1 fut 30,48 santimetrə bərabərdir.], özü də çox sürətlə qalxır. Nəticədə döyüşçülər quruya çıxa bilmədilər və adaya sığınan luzitanlar çətinlik çəkmədən onları qırıb-çatdılar. İşi belə görən Sezar İspaniyada yerləşən Qades şəhərindən gəmilər gətizdirdi. Yaxşıca hazırlıq tədbirləri görəndən sonra hücum çəkib adadakı luzitanları darmadağın etdi. Bu hadisə onun şöhrətini artırdı.
Sezar tezliklə İspaniya şəhərlərində əmin-amanlıq yaratdı. Romalı borcverənlərlə ispaniyalı borclular arasındakı mübahisələrə son qoydu. Nəticədə nüfuzu bir az da yüksəldi.

Triumf[29 - Triumf – Qədim Romada qalib sərkərdənin qoşunu ilə birgə paytaxta təntənəli surətdə daxil olması]
Sezar İspaniyada böyük var-dövlət əldə etdi. Həmin dövr tarixçiləri yazırlar ki, o, bütün ispan şəhərlərindən böyük məbləğdə təzminat almış, döyüşlərdən misilsiz qənimət toplamış, öz əsgərlərinin varlanmasına da imkan yaratmışdı.
Sezar İspaniyada bir çox nüfuzlu insanlarla da tanış olmuşdu. Onların sırasında Qadesli Lutsi Korneli Balb da vardı. Balb bir neçə il Pompeyin yanında xidmət etmiş, onun köməyi ilə Roma vətəndaşlığı almışdı. Sonralar Balb Sezar üçün olduqca lazımlı adama çevriləcəkdi.
Konsul seçiləcəyinə artıq heç bir şübhəsi qalmayan Sezar, nəhayət ki, Romaya yollandı. O, fateh kimi qarşılanmağa layiq idi, lakin bu şəkildə qarşılanma mərasimi yalnız senatın təşəbbüsü ilə baş tuta bilərdi. Senatda isə Sezarı gözü götürməyən, ona nifrət edən optimatların mövqeyi hələ də çox güclü idi. Onlar Sezarın xalq arasında daha çox məşhurlaşa biləcəyindən qorxurdular. Bütün bunlara baxmayaraq optimatlar Sezarın İspaniyadakı xidmətlərinə göz yuma bilməzdilər. Odur ki onun şərəfinə təntənəli mərasimin – triumfun keçirilməsinə mane olmamaq qərarına gəldilər.
Triumf, bir qayda olaraq, yürüşlə başlayırdı: insanlar Martius düzənliyində toplaşır, bütün şəhərdən keçərək Foruma doğru irəliləyirdilər. Yürüş Kapitolidə başa çatırdı. Triumfa ali magistratlar başçılıq edir, onların arxasınca hərbi qənimətlər aparılırdı. Al-qırmızı toqa[30 - Toqa – Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş] geymiş triumfator magistratların əhatəsində, dörd at qoşulmuş bər-bəzəkli döyüş arabasındaydı. Onun ardınca əsgərlər və döyüşlərdə əsir alınmış adamlar gəlirdi.
Şənlik zamanı tanrıların hökmü də unudulmurdu. Belə ki, arabada fatehin yanında xidmətçisi oturmalı və arabir əyilib onun qulağına pıçıldamalıydı: «Unutma, sən ölümlüsən».
Kapitoliyə gəlib çatandan sonra Sezar Yupiterə qurban gətirdi. Heç gözləmədiyi halda öyrəndi ki, qanuna görə o həm triumfa, həm də konsulluq vəzifəsinə iddia edə bilməz. Belə ki, triumfun keçirilməsini istəyən şəxs Romadan kənarda, konsulluq vəzifəsinə iddia edən isə şəhərdə olmalıdır.
Sezar isə məhz konsul seçimləri zamanı gəlmişdi. O həm triumfun keçirilməsini istəyir, həm də konsulluq vəzifəsinə iddia edirdi.
İşi belə görən gələcək hökmdar senata müraciət etdi. Şəhərdən kənarda olsa da, konsul seçimlərində iştirak etməyə icazə istədi. Senat üzvləri onun xahişini nəzərə almaq istəsələr də, Katon bunun əleyhinə çıxdı. O bildirdi ki, istənilən halda qanuna əməl edilməlidir. Katon məsələyə baxılmasını əngəlləmək üçün uzun bir nitq söylədi.
Ertəsi gün senatın iclası keçirilmədi. Sezarın konsul seçilməsini istəməyən Katon qələbə çaldığını düşünürdü. Sezar növbəti dəfə yalnız bir il sonra konsul vəzifəsinə iddia edə bilərdi. Lakin sonrakı gedişat Katonun yanıldığını göstərdi. Belə ki, Sezar Martius düzənliyindəki düşərgədən çıxıb şəhərə doğru hərəkət etməyə başladı. Heç kəsin ağlına gəlməzdi ki, Sezar triumfdan imtina eləyə bilər. Sezar növbəti dəfə həm dostlarına, həm də rəqiblərinə göstərdi ki, o, qeyri-adi addımlar atmağa qadir siyasətçidir.
İkinci konsul vəzifəsinə Sezarın çoxdankı rəqibi optimat Bibul ilə Lutsi Lutsey adlı varlı senator iddialı idi. Sezar Bibulu sıradan çıxarmaq üçün Lutsiyə birgə hərəkət etməyi təklif etdi. Belə ki, Lutsi öz pullarıyla seçiciləri ələ almalı və onlara Sezarla birlikdə konsul olmağı planlaşdırdığını deməli idi. Bu əməkdaşlıq ikisinə də sərf edirdi: Sezar Lutsinin pullarıyla özünə seçici, Lutsi isə onun şan-şöhrətindən faydalanmaq imkanı qazanırdı.
Sezarın Lutsiylə ittifaq qurduğunu öyrənən optimatlar cavab tədbirləri gördülər. Onlar Sezarın konsul seçiləcəyinə şübhə etmirdilər, lakin Lutseyin onunla eyni mövqedən çıxış etməsini istəmirdilər. Çünki bu, Sezarın daha da güclənməsi deməkdi. Optimatlara isə gələcəkdə onun irəli sürəcəyi təkliflərin qəbul olunmasına əngəl yaradacaq adam lazım idi. Odur ki Bibulun seçilməsindən ötrü hərəkətə keçdilər: seçiciləri rüşvətlə ələ alması üçün ona xeyli vəsait ayırdılar. Katon həmin qanunsuz addımı dəstəkləyərək bildirdi ki, bunu respublikanın maraqlarını qorumaq üçün edirlər. Optimatlar hətta konsulluq müddəti başa çatdıqdan sonra Sezarın nə işlə məşğul olacağını da müəyyənləşdirmişdilər. Adətən, keçmiş konsulları varlı əyalətlərdən birinə canişin göndərirdilər. Lakin Sezara öz planlarını həyata keçirməyə mane olmaq üçün senat yeni bir qanun qəbul etdi. Həmin qanuna görə keçmiş konsullar vəzifə müddəti başa çatandan sonra otlaq yerlərinə və meşə təsərrüfatına nəzarət edəcəkdilər. Bu işi görmək üçün isə qoşun dəstələrinə ehtiyac yox idi. Deməli, Sezarın ixtiyarında heç bir hərbi qüvvə olmayacaqdı…

Triumvirat[31 - Triumvirat – Qədim Romada xüsusi məqsədlərlə seçilmiş və ya təyin edilmiş üç şəxsdən ibarət kollegiya və onların arasında bağlanan üçtərəfli saziş]
Proseslər onunla nəticələndi ki, Sezar və Bibul konsul seçildilər. Gələcək hökmdar başa düşürdü ki, səlahiyyət müddəti başa çatandan sonra o, cəmiyyətdəki siyasi nüfuzunu itirə bilər – optimatlar nəyin bahasına olur olsun, onun hərbi və siyasi karyerasını bitirəcəkdilər. Yuxarıda da dediyimiz kimi, artıq bu məqsədlə qanun da qəbul edilmişdi.
Sezarın bircə yolu qalırdı: optimatları zərərsizləşdirmək! Bunun üçün isə Sezara etibarlı və nüfuzlu adamlar lazım idi. İlk ağlına gələn Pompey oldu. Vaxtilə senatorlar, layiq olmadığı mövqeyə sahiblənmiş adam kimi onu lağa qoysalar da, qoşun başçısı təyin edilməsinə əngəl yarada bilməmişdilər. Pompey isə düşmənlər üzərində çoxsaylı qələbələr qazansa da, Romaya qayıdandan sonra öz istəklərini senata qəbul etdirməyi bacarmamışdı. Odur ki özünə müttəfiq axtarırdı.
Sezar həmçinin var-dövlətinin həddi-hüdudu olmayan Krassla da ittifaq qurmaq niyyətində idi. Senat onu tutduğu mövqeyə layiq olmayan adam sayırdı. Bu səbəbdən Krass optimatlardan narazı idi.
İstər Pompeyi, istərsə də Krassı eyni zamanda öz tərəfinə çəkmək asan məsələ deyildi: axı onların bir-birindən xoşları gəlmirdi. Lakin bu zaman Sezarın daha bir bacarığı üzə çıxdı: o, bir-birinə nifrət edən adamları belə, ümumi məqsəd ətrafında birləşdirməyi bacardı. Yeri gəlmişkən, Sezar hətta Siseronun dəstəyini qazanmağa da cəhd eləmişdi. Ancaq Siseron xeyli düşünüb-daşındıqdan sonra bu təklifi rədd etdi. O, müxtəlif siyasi qruplar arasında tarazlığı pozmamağı, bitərəf qalmağı üstün tutdu.
Əslində isə Romada siyasi qüvvələr arasında tarazlıq çoxdan pozulmuşdu.
Axırda Sezar hətta Siseronun köməyi olmadan da öz məqsədinə çatdı: üç romalı – məşhur sərkərdə, Romanın ən varlı adamı və təcrübəli siyasətçi triumvirat bağladılar. Məqsəd dövlət idarəçiliyini ələ keçirmək idi. Onlar təntənəli surətdə and içdilər ki, bir-biriylə rəqabət aparmayacaqlar. Beləcə, ilk triumvirat baş tutdu.
Optimatlar isə hansı qüvvəylə qarşı-qarşıya gələcəklərini hələ də anlamırdılar.

Konsulun səhvi
Sezar daxilən yumşaq təbiətli, xoşxasiyyət adam idi. Buna baxmayaraq, düşmənlərinə qarşı güzəştsiz davranmağı üstün tuturdu.
Zahirən isə o, romalılarla müqayisədə hədsiz dərəcədə ucaboy, cənublulara nisbətən çox sarışındı. İri, qara, ifadəli gözləri vardı. Xarici görünüşünə xüsusi fikir verən Sezar keçəlini gizlətmək üçün saçlarını arxadan qabağa doğru darayırdı. Qadınların sevimlisi idi, lakin onun özü Katonun ögey bacısı və Brutun (Sezarı qətlə yetirən şəxs) anası Serviliyanı sevirdi. Bəzi tarixçilər hətta sual verirlər: görəsən, Sezar öz qatilinin atası olmayıb ki? Lakin belə fikirləşməyə əsas yoxdur: Brut anadan olanda Sezarın vur-tut on beş yaşı vardı.
Gələcək hökmdarın səhhətində hələ yeniyetmə yaşlarından ciddi problemlər yaranmışdı. O, baş ağrılarından və epilepsiya tutmalarından əziyyət çəkirdi. Həmin dövrlərdə belə bir inanc hökm sürürdü ki, epilepsiya ilahi və ya şeytani xislətin təzahürüdür. İstənilən halda isə o, “seçilmiş” insanların xəstəliyi sayılırdı. Sezar bu xəstəliyə hərbi xidmətdə olarkən tutulmuşdu. Lakin heç vaxt xəstəliyi bəhanə edərək rahat yaşamaq barədə fikirləşmirdi. Konsul olmaq üçün mübarizə aparmağa başlayanda isə artıq vəziyyət düzəlmişdi: Sezarın sağlamlığından şikayəti yox idi.
Pompey və Krassla gizli ittifaq yaradandan sonra Sezar senat üzvləri və magistratlar arasında özünə müttəfiqlər tapmağa çalışırdı. Bunun da səbəbi vardı. Ovaxtkı ənənəyə görə, bütün ciddi, taleyüklü qərarlar, dəyişikliklər öncə senatda müzakirə olunurdu. Sezar bu ənənəni pozmaq istəmirdi, ancaq onu da başa düşürdü ki, öz qanun layihələrini senatdan keçirmək üçün hələ də kifayət qədər gücə malik deyil. Onları qəbul etdirmək üçün Sezar birbaşa xalq toplantısına müraciət etmək məcburiyyətindəydi. Üstəlik, həmin toplantı ona sadiq olan tribunun iştirakıyla aparılmalı idi. Nəhayət, belə bir adam tapıldı: bu, xalq tribunu Publi Vatini idi. Sezar onu öz tərəfinə çəkmək üçün xeyli pul xərcləməli oldu. Sonralar Siseron yazırdı: «Vatini pulsuz heç bir iş görməz».
M.ö. 60-cı ildə Sezar konsul vəzifəsinin icrasına başladı. Onun bu vəzifədə ilk addımı isə müdrikcəsinə atılmışdı. Belə ki, Sezar senat iclaslarının və xalq toplantılarının protokolunu tutmağı tapşırdı. Artıq nə optimatlar, nə də populyarlar[32 - Populyarlar – e.ə. II əsrin sonu – I əsrdə Romada ideya-siyasi cərəyan, plebeylərin mənafeyinin müdafiəçiləri] mühüm məsələlərin həllində öz narazı mövqelərini gizlədə bilməzdilər. Beləcə, sadə xalq hər şeydən agah olacaq və Sezarın rəqiblərinə qarşı çıxacaqdılar.
Həmin mühüm məsələlərdən biri barədə isə daha ətraflı danışmaq lazımdır. Çünki bu, Roma tarixinin ən önəmli islahatlarındandır. Konsul seçildikdən az sonra Sezar torpaq haqqında qanun layihəsini senata təqdim etdi. Həmin illərdə Roma dövlətinin paytaxtında torpaqsız kəndlilər və ehtiyatda olan əsgərlərin (Pompeyin veteran döyüşçüləri də daxil olmaqla) sayı həddən artıq çox idi. Beləcə, onlar dövlət xərclərinin artmasına və sabitliyin pozulmasına səbəb olurdular. Sezar senatda çıxış edərək bildirdi ki, bu adamlar öz ailələri ilə birlikdə İtaliya hüdudlarındakı dövlətə məxsus torpaqlara yerləşdirilməlidir. O, xüsusi olaraq qeyd etdi ki, bu təklifdə dövlət büdcəsinə və ayrı-ayrı senatorlara gəlir gətirən torpaqlar nəzərdə tutulmur. Sezar bu məsələylə bağlı başqa təkliflər də irəli sürdü: bundan sonra heç bir torpaq sahibinin mülkü müsadirə olunmayacaq; yalnız mülk sahibi könüllü olaraq satmaq istədiyi halda dövlət onun torpaqlarını satın ala biləcək və s.
Senatorları qanun layihəsi ilə tanış etdikdən sonra Sezar onların qeydlərini və rəylərini dinləməyə hazır olduğunu bildirdi. Öz növbəsində senatorlar qanun layihəsində ciddi qüsurlar tapmasalar da, onu təsdiqləmək istəmədilər. Onlar başa düşürdülər ki, bu təklifi qəbul etsələr, xalq arasında Sezarın nüfuzu daha da artacaq. Katon da senatorları dəstəklədi: söz alıb həmişəki kimi qəsdən uzun-uzadı nitq söyləməyə başladı. Bir azdan məlum oldu ki, o, iclas qurtarana kimi danışmaq fikrindədir. Katonun bu hərəkəti Sezarı özündən çıxardı: onu həbsə atmağı əmr etdi.
Şübhəsiz, konsulun Katonu həbs etməyə səlahiyyəti çatırdı. Bununla belə, mənəvi baxımdan Sezar həddini aşmışdı, yəni aristokratların senatdakı liderini aşağılamışdı. Eyni zamanda bütün rəqiblərinə açıq şəkildə meydan oxumuşdu. Optimatlar bu vəziyyətlə barışa bilməzdilər, odur ki nümayişkaranə tərzdə Katonla birlikdə həbsxanaya doğru getməyə başladılar. Sezarın öz davranışı ilə mövcud ənənələri kobud şəkildə pozduğunu düşünən mötədil senatorlar belə bərk qəzəbləndilər və iclası tərk etdilər. Sezar onlardan birinə üz tutub niyə getdiyini soruşanda belə cavab aldı: «Sənin kimi ənənələrə hörmətini itirmiş biri ilə burada qalmaqdansa, Katonla həbsxanada oturaram».
Səhvini başa düşən, həmçinin Katonun xalq arasında əzabkeş kimi tanınmasını istəməyən Sezar onu azad etdirdi. Eyni zamanda bildirdi ki, əgər senatorlar onunla əməkdaşlıq etmək istəmirlərsə, onda öz təkliflərini birbaşa Roma xalqı ilə müzakirə edəcək.
Bu hədə bir işə yaramadı və qanun layihəsi xalq toplantısına çıxarıldı. Toplantıda Sezar irəli sürdüyü təkliflər barədə ətraflı danışdı, sonra isə Bibuldan xahiş etdi ki, bununla bağlı öz mövqeyini bildirsin. Lakin Bibul dodaqaltı mızıldandı ki, bu il torpaq islahatı nəzərdə tutulmayıb. Onda Sezar toplaşanlara müraciət edərək dedi: «Bibul razılıq verməsə, qanun qəbul olunmayacaq».
Toplaşanlar qanun layihəsini bəyənmişdilər. Odur ki Bibulu yola gətirməyə çalışdılar, ancaq buna nail ola bilmədilər. «Hamınız lehinə olsanız da, qanun qəbul edilməyəcək», – o belə deyib toplantını tərk etdi.
İşi belə görən Sezar Pompeylə Krassa üz tutaraq onların fikrini soruşdu. Cavabında Pompey və Krass tribunaya qalxıb gələcək hökmdarla həmfikir olduqlarını bəyan etdilər. Veteranların torpaqla təmin olunmasına çalışan Pompey qanunun dərhal qəbul edilməsini istəyirdi. O, toplaşanlara bəyan etdi ki, qılınc qurşanıb islahatçı Sezarı obstruksionist[33 - Obstruksionistlər – qanunverici orqanda azlıqda olub çoxluğa qarşı çıxanlar] senatorlardan qorumağa hazırdır.
Bunu eşidən kütlədən şadyanalıq nidaları qopdu. Toplantıda iştirak edən Katon birdən-birə başa düşdü ki, Sezar optimatların gözü önündə iki nüfuzlu, qüdrətli şəxsiyyətlə birləşərək yenilməz ittifaq yaradıb; bundan sonra Sezarı təhlükəli, Roma dövlətinin əsaslarını sarsıtmaq istəyən adam kimi göstərmək çətin olacaq. Onsuz da xalq arasında böyük nüfuz sahibi olan Sezar indi həm də qüdrətli siyasi qruplaşmanın liderinə çevrilmişdi.
Bunun ardınca isə bütün optimatlar anladılar ki, Sezarın başçılıq etdiyi triumvirat istənilən qanunu qəbul etdirməyə qadirdir. Artıq cavab tədbirləri barədə düşünmək zamanı idi…

Sezar Bibulu sıradan çıxarır
Konsulun görməli olduğu işlərdən biri də bayram günlərini müəyyənləşdirmək idi. Belə günlərdə bütün tədbirlər təxirə salınır, xalq toplantıları keçirilmirdi. Optimatların dəstəklədiyi Bibul ilin sonuna kimi bütün günləri bayram elan etmək, bununla da triumviratın imkanlarını məhdudlaşdırmaq və torpaq qanununun qəbul edilməsinə mane olmaq fikrindəydi. Lakin onun bu niyyəti baş tutmadı.
Bibul öz qərarını elan etmək üçün liktorların[34 - Liktorlar – Qədim Romada aşağı dövlət vəzifələrindən biri] və Katonun başçılıq etdiyi bir neçə optimatın müşayiəti ilə Foruma gəldi. Burada keçirilən xalq toplantısında Sezar torpaq qanununu qəbul etməyə hazırlaşırdı. Kütlə yaxınlaşan konsulu görüncə hörmət əlaməti olaraq aralanıb ona yol verdi. Bibul isə hələ tribunaya çatmamış uca səslə Sezarı özbaşınalıqda ittiham etməyə başladı.
İnsanlar bundan hiddətləndilər; Bibula və onu müşayiət edənlərə təhqir yağdırdılar. Hətta Bibulun başına bir səbət peyin tökdülər. Üst-başı peyinə bulaşmış Bibul öz dəstəsi ilə birlikdə tələsik Forumu tərk etdi. Bundan sonra o, Sezardan senata şikayət ünvanladı və yüksək vəzifəli şəxsin təhqir edilməsinin yolverilməz olduğunu bildirdi. Lakin senat xalqın dəstəklədiyi triumviratı məsuliyyətə cəlb etməkdən çəkindi. Bundan bərk məyus olan Bibul evinə getdi və səlahiyyət müddəti başa çatana kimi xalq arasına çıxmadı. Beləliklə, Sezar dövləti təkbaşına idarə etməyə başladı.
Onun dəridən-qabıqdan çıxıb qəbul etdirdiyi qanun icra edilməyə başlanarkən aydınlaşdı ki, ehtiyacı olanların hamısına torpaq çatmır. Onda Sezar başqa bir qanun layihəsi hazırladı. Bu qanuna görə, Roma ətrafındakı ictimai torpaq sahələri də vətəndaşlar arasında bölüşdürülməli idi.
Təbii ki, patrisilər həmin qanuna qarşı idilər, çünki onlara böyük gəlir gətirən torpaqlar plebeylərə verilirdi. Ümumilikdə isə bu, Roma dövlətçiliyi üçün son dərəcə faydalı qanun idi: torpaq sahibinə çevrilən adamlar ətraf yerlərə dağılışıb təsərrüfatla məşğul olmağa başlayacaqdılar. Bu isə həm həyat səviyyəsinin yüksəlməsinə, həm də bütün ölkədə sabitliyin bərqərar olmasına gətirib çıxaracaqdı.
Qoyduğu qanunları gələcəkdə ləğv etməsinlər deyə Sezar torpaq qanununa yeni bir bənd də əlavə etdi. Bu əlavəyə görə konsul vəzifəsinə iddia edən namizədlər təntənəli surətdə and içməli idilər ki, heç bir halda Sezarın təşəbbüslərinə qarşı çıxmayacaqlar.

Yuli qanunu
Pompey iki il idi ki, Romaya qayıtmışdı, lakin onun Şərqdə ələ keçirdiyi torpaqlar hələ də rəsmən dövlətin tərkibinə daxil edilməmişdi.
Parfiya dövləti Pompeyin tutduğu torpaqların yaxınlığında yerləşirdi. Mesopotamiyadan Çinə qədər uzanan bu dövlət Roma legionlarını məğlub etməyə qadir hərbi gücə malik idi. Unutmaq olmazdı ki, parfiyalılar[35 - Parfiyalılar – e.ə. I minillikdə və eramızın ilk əsrlərində Xəzər dənizinin cənub-şərqində, indiki Türkmənistanın cənubunda və İranın Xorasan şəhəri ərazisində yaşamış tayfa] Kiçik Asiyadan sonra Yunanıstanı da işğal etmişdilər. Odur ki Aralıq dənizi hövzəsindəki torpaqları Parfiyanın təhdidləri qarşısında müdafiəsiz qoymaq olmazdı. Selevkidləri[36 - Selevkidlər – Makedoniyalı İsgəndərin süqutundan sonra Selevk və onun nəslindən olanların Yunanıstanda qurduğu dövlətin nümayəndələri] Suriyadan qovandan sonra Pompey Parfiyanı Romanın əyaləti elan etdi. İndi bu ölkə Yəhudiyə[37 - Yəhudiyə – indiki İsrail dövlətinin ərazisində vaxtilə mövcud olmuş tarixi vilayət] ilə birlikdə Roma dövlətinin Qara dənizdən Ərəb yarımadasına qədər uzanan şərq sərhədini formalaşdıra bilərdi. Lakin bunun üçün Pompeyin ələ keçirdiyi torpaqları rəsmi olaraq Roma dövlətinin tərkibinə daxil etmək lazım idi.
Altı il əvvəl Sezar Misiri Romaya birləşdirməyi təklif etmiş, lakin senat bu təşəbbüsü dəstəkləməmişdi. Konsul olandan sonra Sezar birləşdirmə məsələsini yenidən gündəmə gətirdi. Ancaq bu dəfə o, Misiri Romanın əyaləti elan etmək təklifini irəli sürmədi. Baxmayaraq ki hüquqi baxımdan belə bir imkan var idi: əvvəl də qeyd etdiyimiz kimi, Misir hökmdarı XI Ptolemey öz dövlətini Romaya vəsiyyət etmişdi. Onun ölümündən sonra (M.ö. 80-ci il) xalq arasında heç bir hörməti olmayan XII Ptolemey taxta çıxdı. Yeni hökmdar Romadakı vəzifəli şəxslərə rüşvət verməklə hakimiyyətini qoruyub-saxlayırdı. Sezar senata XII Ptolemeyin hakimiyyətini tanımağı təklif etdi. Bunun da səbəbi vardı: görünür, karyerasının indiki mərhələsində böyük bir dövlətin anneksiyası[38 - Anneksiya – bir dövlətin digər dövlətə və ya xalqa məxsus ərazini zorla özünə birləşdirməsi, işğal etməsi] ilə məşğul olmaq istəmirdi. Başlıcası isə o, Pompeylə birlikdə XII Ptolemeydən külli miqdarda rüşvət alırdı.
Sezar həmin vaxtlar Romanın əyaləti sayılan Asiyadan yığılan vergilər haqqında qanun qəbul etdirdi. Bu qanunlar Roma dövlətinin mənafeyinə xidmət etsə də, o hər dəfə optimatların müqaviməti ilə üzləşirdi. Siseron dostu Attikə məktubunda yazırdı: «Sezardan ehtiyat etmək lazımdır. O, get-gedə tirana çevrilir».
M.ö. 59-cu ilin yayında Pompey öz istəyinə çatdı – onun istila etdiyi torpaqlar rəsmi qaydada Roma dövlətinə birləşdirildi və veteran əsgərlərə torpaq verildi. Sezar başa düşdü ki, öz istəyinə çatmış Pompey triumviratı tərk edə bilər. Belədə Sezar onu öz yanında saxlamaq üçün başqa bir vasitəyə əl atdı: Pompeyə qızı Yuliya ilə evlənməyi təklif etdi – baxmayaraq ki Yuliya məşhur sərkərdədən təxminən otuz yaş kiçik idi. Üstəlik, Pompey Sezarın qatı tərəfdarlarından olan Servili Sepionun nişanlısıydı və bir neçə gün sonra toyları olmalıydı.
Sezar Sepionun xətrini çox istəyirdi, lakin Pompey daha lazımlı adam idi. Sepionu sakitləşdirmək, könlünü almaq üçün Pompey öz qızını ona ərə verdi. Sezarın özü isə tezliklə Lutsi Pizonun[39 - Pizon – plebey nəslindən olan Qədim Roma hərbi lideri və siyasi xadimi] qızı Kalpurniya ilə evləndi. Növbəti il isə qayınatasının konsul vəzifəsinə seçilməsini təmin etdi.
Bütün bunlar Katonu özündən çıxardı, o bəyan etdi ki, qadınların köməyi ilə vəzifəyə gəlmək və hakimiyyətdə möhkəmlənmək yolverilməzdir. Lakin Katonun etirazlarının heç bir nəticəsi olmadı.
Sezarın konsulluq dönəmində Roma əyalətləri istismardan, ağır vergilərdən əziyyət çəkirdi. Lakin uzaqgörən romalılar yaxşı bilirdilər ki, bütün resurslardan əhalinin yalnız az bir qisminin faydalandığı heç bir imperiya uğur qazana bilməz.
Sezar bu vəziyyəti düzəltməyə qərar verdi. Şübhəsiz, bununla o, əyalətlərdə yaşayan yerli sakinlərin əzablarını yüngülləşdirmək yox, dövlətin süquta uğramasının qarşısını almaq məqsədi güdürdü. M.ö. 59-cu ildə Sezar Roma magistratlarında cinayət və sui-istifadə halları ilə bağlı qanun qəbul etdi. Bu sənəd tarixə “Yuli qanunu” kimi düşdü. Qanunda əyalətlərin necə idarə edilməsi göstərilirdi; həmçinin səlahiyyətlərdən sui-istifadə və rüşvətxorluq hallarına yol verən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi qaydaları əks olunurdu. Qanunun tam mətni qorunub-saxlanmayıb. Lakin məlumdur ki, Siseron onu “ən yaxşı və ən ədalətli qanun” adlandırmışdı. Hətta Sezarın, necə deyərlər, əzəli və əbədi düşmənlərindən olan Katon da həmin sənədin qüsursuz olduğunu etiraf etmişdi. Bununla belə, o, şəxsi nifrət və qısqanclıq səbəbilə Yuli qanunundan söz düşəndə heç vaxt Sezarın adını çəkmirdi.
Həqiqətən də bu, son dərəcə diqqətlə işlənib-hazırlanmış qanun idi. Belə ki, Roma imperiyası süquta uğradığı dönəmlərə qədər, hətta ondan sonra – Bizans imperiyasında da bu qanundan istifadə olunmuşdu.

Sezar canişin olmaq istəyir
Lakin nə qədər əhəmiyyətli qanunlar işləyib-hazırlasa da, Sezar yaxşı bilirdi ki, konsulluq müddəti başa çatan kimi toxunulmazlıq hüququnu itirəcək və optimatlar ondan qisas almağa çalışacaqlar. Vəzifədən gedən kimi Katon və müttəfiqlərinin ona qarşı hücuma keçməsi qaçılmaz idi. Aydın idi ki, rəqibləri onun bütün siyasi karyerasını məhv etmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Hətta Bibul meydana çıxıb bəyan edə bilərdi ki, bayram günlərində qəbul olunduğundan Sezarın qanunlarının heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin günlərdə qanunvericiliklə məşğul olmaq qadağandır.
Əlbəttə, xalq buna görə Sezardan üz çevirməyəcəkdi. Lakin qanunun müddəalarını əsas götürən məhkəmə gələcək hökmdarın gətirdiyi bütün yeniliklərin üstündən xətt çəkmək, onları qeyri-qanuni elan etmək iqtidarındaydı. Çünki o, həmin qanunları senatın icazəsi və razılığı olmadan qəbul etmişdi.
Sezarın tərəfdarlarını isə gələcək maraqlandırmırdı: onlar konsulun hər addımını qeyd-şərtsiz dəstəkləyir, iddia edirdilər ki, islahatlar aparılmasa, dövləti xaos bürüyə bilər. Hətta bildirirdilər ki, bu qanunlar islahat prosesinin başlanğıcıdır. Romada yeni, konstitusiya üsuli-idarəsi tətbiq edilməlidir, əks halda amansız qoşun başçılarının rəhbərliyi ilə ölkədə mütləqiyyət və tiraniya bərqərar ola bilər.
Sezarın isə bu barədə fikirləşməyə vaxtı yoxdu. O, səlahiyyət müddəti başa çatdıqdan sonra mühakimə olunmaqdan qaçmaq və siyasi karyerasını davam etdirmək barədə düşünürdü. Toxunulmazlığını qoruyub-saxlaması və gələcəkdə öz iddialarını həyata keçirə bilməsi üçün ən yaxşı variant iri əyalətlərin birində canişin olmaq idi. İstənilən halda bu, meşə təsərrüfatının və otlaqların nəzarətçisi olmaqdan yaxşıydı. Canişin vəzifəsi ona dövlətin torpaqlarını genişləndirmək, hərbçi kimi daha çox şöhrət qazanmaq və sonrakı siyasi fəaliyyəti üçün vəsait toplamaq imkanı verəcəkdi.
Sezarın müasiri, yunan yazıçısı və tarixçisi Sallyusti yazırdı: «Sezar hakimiyyətə yiyələnmək, sərkərdə kimi böyük uğurlar qazanmaq, nə qədər istedadlı, qabiliyyətli dövlət adamı olduğunu hər kəsə nümayiş etdirmək istəyirdi».
Bir sözlə, Sezar döyüş meydanında fərqlənmək üçün planlar qururdu.
Nəhayət, M.ö. 59-cu ildə gələcək hökmdarın konsulluq müddəti bitdi. O, Alp dağlarını aşaraq bəxtini sınamağı qərara aldı. Sezarın dövründə Roma dövlətinin şimal sərhədi Cənubi Qalliya, Alp dağları, Makedoniya və Frakiyadan keçərək Pireneydən Qara dənizəcən uzanırdı. Şimal tərəfdə qall, dakx və german tayfalarının torpaqları, oradan yuxarıda isə əfsanəvi Britaniya adası yerləşirdi.
Lakin Sezar heç bir səbəb göstərmədən şimal qonşularına qarşı müharibə elan edib şəhər darvazası önündən yürüşə başlaya bilməzdi. Bunun üçün o, qall, dakx və german tayfalarının qonşuluğundakı Roma əyalətinə canişin təyin olunmalı idi. Bundan sonra isə qonşu tayfaların Roma torpaqlarına basqın edəcəyi günü gözləmək lazım gələcəkdi. Belə hallar isə onsuz da tez-tez olurdu.
Çox düşünüb-daşındıqdan sonra Sezar Çizalp Qalliyasında[40 - Çizalp Qalliyası – Gallia Cisalpina (lat.), qədim romalılar Şimali İtaliyanın bir hissəsini belə adlandırırdılar. Latın dilindən tərcümədə «Alp dağlarının bu tərəfindəki Qalliya» mənasına gəlir. İkinci adı «Yaxın Qalliya» idi.] canişin olmağa qərar verdi. Münbit Po vadisində yerləşən bu əyalət öz zəngin resursları və əlverişli coğrafi mövqeyi ilə seçilirdi. Buradan Qalliya, Dakxiya və German torpaqlarına hücum etmək daha asan idi.
Sezarın canişin ola bilməsi üçün ondan külli miqdarda rüşvət almış tribun Vatini yeni qanun layihəsini xalq məclisinə təqdim etdi. Layihəyə görə, Adriatik dənizinin şərq sahilində yerləşən əyalətlər – Çizalp Qalliyası və İlliriyanın idarəçiliyi Sezara tapşırılırdı. Pompey qanun layihəsini dəstəklədi. Ardınca isə həmin qanun senatın razılığı olmadan təsdiqləndi. Tezliklə Aralıq dənizinin şimal sahilində yerləşən Transalp Qalliyası[41 - Transalp Qalliyası – Gallia Transalpina (lat.), qədim romalılar Qalliyanın bir hissəsini belə adlandırırdılar. Latın dilindən tərcümədə «Alp dağlarının o tərəfindəki Qalliya» mənasına gəlir. İkinci adı «Uzaq Qalliya»dır.] da («Provinsiya» adı ilə də tanınırdı) Pompeyin dəstəyi ilə Sezarın idarəçiliyinə verildi. Bundan sonra Sezar planını həyata keçirmək üçün Provinsiyadan şimalda yerləşən Galliya Comataya[42 - Galliya Comata – romalılar Qalliyanın işğal altına aldıqları ərazilərini belə adlandırırdılar. Latın dilindən tərcümədə «Tüklü Qalliya» mənasına gəlir ki, bu da orada yaşayan yerli əhalinin uzun saç saxlaması ilə bağlıdır.] hücum etmək qərarına gəldi. Rəqibləri bu fikrə qarşı çıxmadılar. Çünki artıq senat da başa düşürdü ki, qallar və german tayfaları Provinsiya üçün ciddi təhlükə mənbəyidir.
Bir sözlə, axır ki, Sezarın əlinə yaxşı fürsət düşmüşdü: o, müharibə meydanında nəyə qadir olduğunu senata və bütün Roma xalqına nümayiş etdirmək imkanı qazanmışdı. Romalılar bilirdilər ki, qall və german tayfaları əvvəllər də Roma torpaqlarına soxulublar. Qallar M.ö. 399-cu ildə Romanı tutmuşdular. Bundan başqa, tevtonların və kimbrlərin[43 - Tevtonlar və kimbrlər – german tayfaları] hücumları da kimsənin yaddaşından silinməmişdi. Sezar düşmənlərin hər an yenidən hücum edə biləcəyini söyləyir, cəmiyyətdə qorxu hissi yaratmağa çalışırdı. Gedişat göstərdi ki, bu məsələdə o, yanılmır: həqiqətən də belə bir təhlükə mövcud idi.
Bir sözlə, ağıllı Sezar növbəti dəfə vəziyyəti düzgün qiymətləndirmişdi. Onun rəqiblərində isə məhz bu cəhət çatışmırdı.
Beləliklə, üç əyalətə canişin təyin olunan Sezar Romanı tərk edərkən özünü saxlaya bilməyib senat qarşısında öyünməyə başladı. Dedi ki, rəqibləri dəridən-qabıqdan çıxsalar da, ona mane ola bilmədilər. Sezarın bu çıxışı optimatları qıcıqlandırsa da, gələcək hökmdara qulaqburması vermək üçün əllərindən heç nə gəlmirdi. Senatorlar bircə onunla təsəlli tapırdılar ki, canişin vəzifəsinin icrasına başladıqdan sonra Sezar Romadakı siyasi çəkişmələrdən kənarda qalacaqdı.
Tezliklə xəbər gəldi ki, gözlənilmədiyi halda qelvetlər[44 - Qelvetlər – kelt tayfaları] Provinsiyanın sərhədinə toplaşıblar. Sezar ailəsi ilə vidalaşaraq sərhədə doğru yola çıxdı.

Sezar Alp dağlarını aşır
Qalliyada belq[45 - Belq – Şimali Qalliyada və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfası], akvitan və kelt (biz onları çox zaman ümumilikdə «qall» adlandırırıq) tayfaları məskunlaşmışdı. Kelt tayfaları qədimdən Mərkəzi Avropada yaşayır, latın və sanskrit dillərinə yaxın bir dildə danışır, özünəməxsus həyat tərzi ilə seçilirdilər. Keltlərin nə dövləti vardı, nə şəhərləri, nə də əzəmətli məbədləri və kitabları… Bununla belə, onlar qorxmaz, cəsur döyüşçülər kimi ad çıxarmışdılar.
Sezarın vaxtında İspaniya və İtaliyada məskunlaşmış keltlərin torpaqları Romanın nəzarəti altına keçmiş, Provinsiyanın şimalında – Qalliya və Britaniya adalarında yaşayan keltlər isə öz müstəqilliklərini qoruyub-saxlamışdılar.
Qalların çoxu kiçik kəndlərdə yaşayır, heyvandarlıq və əkinçiliklə məşğul olurdu. Eyni zamanda mahir döyüşçü kimi tanınan qallar öz mükəmməl silahları ilə öyünürdülər. Təsadüfi deyil ki, romalılar «gladius» adlanan qılıncı («qladiator» sözü də buradandır) məhz onlardan götürmüşdülər. Yunanlar və romalılar kimi qallar da politeist[46 - Politeizm – çoxallahlılıq] idilər. Tanrılardan ən çox Luqa[47 - Luq – kelt mifologiyasında işıq allahı] pərəstiş edirdilər. Sezar onu romalıların sitayiş etdiyi Merkuri ilə eyniləşdirirdi. Keltlərin kahinlər kastası isə «druidlər» adlanırdı.
Qall-qalvetlər qərbdən Cenevrə gölü, şimaldan Yura dağları, şərqdən Reyn çayı, cənubdan isə Alp dağları və Monblanla əhatələnmiş münbit vadidə məskunlaşmışdılar.
Həmin dövrdə tayfalar arasında amansız müharibələr gedirdi. Döyüşmək kişilərin gündəlik, adi işi kimi qəbul olunurdu. Gəlirli təsərrüfat yerlərinə, digər maddi resurslara malik olan şəhərlər qayğısız yaşamaq imkanından məhrum idi. Çünki bol qənimət arzusu ilə alışıb-yanan qonşu hökmdarlar tez-tez həmin şəhərlərə hücum çəkirdi.
İndi isə Sezar bu qarışıqlığa son qoymaq fikrindəydi. Onun ixtiyarındakı Roma ordusu yetərincə güclü idi. Bunun kökündə isə həmin vaxt ordunun mütərəqqi yeniliklərə açıq olması, tamamilə yeni prinsiplər üzrə formalaşması dayanırdı. Romalılar təzə savaş üsullarını tez mənimsəyir, köhnəlmiş normalardan asanlıqla əl çəkirdilər. Məsələn, onlar keltlərdən yaxşı qılınc, parfiyalılardan yeni növ nizə düzəltməyi öyrənmişdilər. Buna baxmayaraq, onların qələbəsini daha çox «qorxmaz romalı ruhu» və birgə hərəkət etmək bacarığı şərtləndirirdi.
Roma qoşunlarının əsasını piyadalar təşkil edirdi. Bunlar əsasən özünü silahla, yaraq-əsləhə ilə təmin edə bilən adamlardı. Roma ordusunda əsas qoşun bölməsi legion idi. Hər legionda dörd-altı min piyada xidmət edirdi. Köməkçi dəstələr və atlı qoşun hissələri də buraya daxil idi. Bu hərbi sistem Roma Respublikasının son günlərinə qədər qorunub-saxlanmışdı.
Beləliklə, sərhədyanı bölgələrdən həyəcanlı xəbərlər alan Sezar Provinsiyaya doğru hərəkət etməyə başladı. O, Transalp Qalliyasından keçərkən orduya çoxlu yeni əsgərlər cəlb etməli oldu. Çünki Provinsiyada yalnız bir legion dayanmışdı.
Sezar allobroqların[48 - Allobroqlar – ən böyük kelt tayfalarından biri] yaşadığı torpaqların şimalındakı Cenevrəyə çatan kimi dərhal işə başladı. O, zəfərə tələsirdi: çünki Romanın siyasi həyatında öz mövqelərini möhkəmlətmək üçün təcili uğura ehtiyacı vardı. Bunun üçünsə ilk növbədə əlli il əvvəl Roma ordusunu məğlub etmiş qelvetlərdən intiqam almaq istəyirdi. İndi onun əlinə belə bir fürsət düşmüşdü: Adriatik dənizi sahillərinə doğru köç etməyə hazırlaşan qelvetlər Mərkəzi Qalliyadan keçib-getmək istəyirdilər. Lakin onlar yolboyu iğtişaşlar törədərək Provinsiya və bütün Qalliyada vəziyyəti gərginləşdirə bilərdilər. Bundan isə ancaq və ancaq german tayfaları bəhrələnərdi.
Sezar vaxt itirməmək üçün Alp dağlarını aşmaq qərarına gəldi. O vaxtacan heç bir sərkərdə bu yoldan keçməmişdi. Alp dağlarında müxtəlif tayfalar ordunun yolunu kəsmək istəsə də, romalılar onları darmadağın etdilər. Sezarın ordusu Alp dağını aşaraq Rona vadisinə endi. Elə bu vaxt kelt tayfalarından olan eduilər[49 - Eduilər – Orta Qalliyada məskunlaşmış kelt tayfası]

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289508) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Magistratura – Qədim Romada yüksək dövlət vəzifələrinin məcmusu

2
Patrisilər – Qədim Romada aristokrat nəslindən olanlar

3
Plebeylər – Roma əhalisinin qul olmayan, ancaq aşağı təbəqəyə mənsub hissəsi

4
Herkules – Qədim yunan mifologiyasında əfsanəvi obraz olan Heraklı Qədim Romada belə adlandırırdılar.

5
Edip – Qədim yunan mifologiyasında əfsanəvi çar

6
Forum – Qədim Romada şəhərin siyasi həyatına dair söhbətlərin aparıldığı bazar meydanı

7
Diktator – Qədim Romada ölkə xarici və daxili təhlükə qarşısında olduğu zaman senat tərəfindən təyin edilən, qeyri-məhdud ixtiyar və səlahiyyətə malik olan şəxs

8
Preitor – Qədim Romada mühüm dövlət vəzifəsi

9
Siseron – Qədim Roma natiqi, filosofu, siyasi xadimi, hüquqşünası və siyasət nəzəriyyəçisi (M.ş. 106-43-cü illər)

10
Pontifik – Qədim Romada ali kahinlər şurasının üzvü

11
Senat – Qədim Romada ölkəni idarə edən dövlət şurası

12
Qalliya – müasir dövrdə, başda Fransa olmaqla, Qərbi Avropanın böyük bir hissəsinə verilən tarixi ad

13
Frakiya – Cənub-Şərqi Avropada Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən tarixi bölgə

14
Propretor – canişin

15
Əfsanəyə görə, Edip bilmədən atasını öldürmüş və taxta çıxa bilmək üçün anası ilə evlənmişdi.

16
Tribun – Qədim Roma ordusunda legion komandirlərindən biri

17
Kapitoli – Qədim Romanın yerləşdiyi yeddi təpədən biri və həmin təpədəki eyniadlı məbəd

18
Optimat – Qədim Romada Senat aristokratiyasının maraqlarını müdafiə edən ideoloq

19
Trankvill – Qədim Roma salnaməçisi, yazıçı, tarixçi, imperator Adrianın şəxsi katibi

20
Konsul – Qədim Romada seçki yoluyla müəyyənləşən ali magistraturanın üzvü

21
Katon – Qədim Roma siyasi xadimi, aristokratların senatdakı lideri (e.ə. 95–46-cı illər); Qədim Roma yazıçısı və siyasətçisi olmuş ulu babası ilə eyni adı daşıyırdı. Sezarın ən qatı düşmənlərindən biri kimi tarixə düşüb.

22
Trib – Qədim Romada ərazi seçki dairəsi

23
Xalq tribunu – Qədim Romada plebeylərdən seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını qoruyur və onların xeyrinə qanunlar icra edirdilər. Magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik olan tribunların şəxsiyyəti toxunulmaz sayılırdı.

24
Numidiyalı – indiki Tunis və Əlcəzair ərazisində yaşamış qədim tayfa

25
Pater patriae – latın dilindən tərcümədə «xalqın atası» mənasına gələn, Qədim Romada respublika və ya imperiya qarşısında böyük xidmətləri olmuş şəxslərə verilən ad

26
Luzitanlar – Pireney yarımadasının cənub-qərb hissəsində (indiki Portuqaliyanın böyük hissəsi) məskunlaşmış iber tayfası

27
Düym – ingilis ölçü sistemində uzunluq vahidi; 1 düym 2,54 santimetrə bərabərdir.

28
Fut – ingilis ölçü sistemində uzunluq vahidi; 1 fut 30,48 santimetrə bərabərdir.

29
Triumf – Qədim Romada qalib sərkərdənin qoşunu ilə birgə paytaxta təntənəli surətdə daxil olması

30
Toqa – Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş

31
Triumvirat – Qədim Romada xüsusi məqsədlərlə seçilmiş və ya təyin edilmiş üç şəxsdən ibarət kollegiya və onların arasında bağlanan üçtərəfli saziş

32
Populyarlar – e.ə. II əsrin sonu – I əsrdə Romada ideya-siyasi cərəyan, plebeylərin mənafeyinin müdafiəçiləri

33
Obstruksionistlər – qanunverici orqanda azlıqda olub çoxluğa qarşı çıxanlar

34
Liktorlar – Qədim Romada aşağı dövlət vəzifələrindən biri

35
Parfiyalılar – e.ə. I minillikdə və eramızın ilk əsrlərində Xəzər dənizinin cənub-şərqində, indiki Türkmənistanın cənubunda və İranın Xorasan şəhəri ərazisində yaşamış tayfa

36
Selevkidlər – Makedoniyalı İsgəndərin süqutundan sonra Selevk və onun nəslindən olanların Yunanıstanda qurduğu dövlətin nümayəndələri

37
Yəhudiyə – indiki İsrail dövlətinin ərazisində vaxtilə mövcud olmuş tarixi vilayət

38
Anneksiya – bir dövlətin digər dövlətə və ya xalqa məxsus ərazini zorla özünə birləşdirməsi, işğal etməsi

39
Pizon – plebey nəslindən olan Qədim Roma hərbi lideri və siyasi xadimi

40
Çizalp Qalliyası – Gallia Cisalpina (lat.), qədim romalılar Şimali İtaliyanın bir hissəsini belə adlandırırdılar. Latın dilindən tərcümədə «Alp dağlarının bu tərəfindəki Qalliya» mənasına gəlir. İkinci adı «Yaxın Qalliya» idi.

41
Transalp Qalliyası – Gallia Transalpina (lat.), qədim romalılar Qalliyanın bir hissəsini belə adlandırırdılar. Latın dilindən tərcümədə «Alp dağlarının o tərəfindəki Qalliya» mənasına gəlir. İkinci adı «Uzaq Qalliya»dır.

42
Galliya Comata – romalılar Qalliyanın işğal altına aldıqları ərazilərini belə adlandırırdılar. Latın dilindən tərcümədə «Tüklü Qalliya» mənasına gəlir ki, bu da orada yaşayan yerli əhalinin uzun saç saxlaması ilə bağlıdır.

43
Tevtonlar və kimbrlər – german tayfaları

44
Qelvetlər – kelt tayfaları

45
Belq – Şimali Qalliyada və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfası

46
Politeizm – çoxallahlılıq

47
Luq – kelt mifologiyasında işıq allahı

48
Allobroqlar – ən böyük kelt tayfalarından biri

49
Eduilər – Orta Qalliyada məskunlaşmış kelt tayfası
Qay Yuli Sezar Филипп Фриман

Филипп Фриман

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Qay Yuli Sezar, электронная книга автора Филипп Фриман на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв