Xristofor Kolumb

Xristofor Kolumb
Yakov Svet
Tarixi yaradanlar
Kolumbun həyatı, şəxsiyyəti və onun bir-birindən qeyri-adi hadisələrlə zəngin səfərləri barədə müfəssəl məlumatlarla zəngin olan bu kitabı ilk səhifəsindən son səhifəsinədək böyük maraqla, həyəcanla oxuyacaqsınız.

Svet Yakov
Xristofor Kolumb


Sahili gözdən itirməyə cəsarəti çatmayanlar okeanı keçə bilməzlər.
    Xristofor Kolumb



Kolumbun vətəni haradır
Yeddi yunan şəhəri özünü Homerin vətəni hesab edib. Bu baxımdan Xristofor Kolumbun bəxti daha çox gətirib. Müxtəlif vaxtlarda iyirmi altı «namizəd» (on dörd İtaliya şəhəri və on iki xalq) görkəmli səyyahla bağlı bu cür iddiaya düşüb. Axırda Genuya bu çoxəsrlik mübahisədə üstünlük qazanıb. Bununla belə, tarixə «Dənizlər və Okeanlar Admiralı», yaxud sadəcə «Admiral» kimi düşən Kolumbun vətəni və milli mənsubiyyəti haqqında mübahisələr hələ də davam etməkdədir.
Maraqlıdır ki, Kolumbun genuyalı mənşəyinə, 1451-ci il oktyabrın 27-də Genuyada doğulduğuna çoxlarının şübhəsi olmayıb. Genuyalı olduğunu hətta onun özü də dəfələrlə deyib. Tarixi ədəbiyyatda iz qoyan bütün müasirləri bununla razılaşıb. Ən azından doxsan tarixçi, ədəbiyyatçı və dövlət xadimi (onların əksəriyyəti Kolumbu şəxsən tanıyıb) Yeni Dünyanı kəşf edən bu böyük səyyahın Genuyadan olduğunu qətiyyətlə təsdiq edib.
Uşaqlığı və yeniyetməliyi barədə heç bir məlumat olmayan Kolumbun genuyalı mənşəyini ilk dəfə şübhə altına alan onun öz doğma oğlu, eyni zamanda bioqrafı Fernando Kolondur. Kolon atasının şəcərəsinə cidd-cəhdlə məşhur adamlar daxil etmək istəyib. Lakin Genuya bu cür eksperimentlərə yaramırdı, çünki az-çox məşhur ailələr arasında belə soyada rast gəlinmirdi. Odur ki Kolon görkəmli səyyahın babalarını İtaliyanın Pyaçenza şəhərinə aparıb. Bunun səbəbi sadə idi: XIV–XV əsrlərdə orada Kolumb nəslindən hansısa tanınmış adamlar yaşamışdılar…
Çətini başlamaqdır. Fernando Kolon tezliklə başqa tarixçiləri də bu işə həvəsləndirib. Mübahisəyə ilk olaraq italiyalılar qoşulublar. Onların hamısı böyük dənizçini öz yerlisi sayıb; kimisi Kolumbun Savonada, kimisi Koqoletoda, ya Lombardiyada, Romada, Livornoda doğulduğunu sübut etməyə çalışıb.
Sonra mübahisəyə fransız və ingilislər qoşulublar. Fransalı vəkil Jan Kolomb 1967-ci ildə özünü onun nəslindən sayıb və şəcərənin fərqləndirmə nişanına (gerbinə) yiyələnib. İngilis Çarlz Mollou isə 1682-ci ildə bəyan edib: «Kolumb İngiltərədə doğulub, ancaq Genuyada yaşayıb».
XIX əsrin yetmişinci illərində iki korsikalı abbat[1 - Abbat – V əsrdən başlayaraq katolik kişi monastırının rəhbərlərinə verilən fəxri kilsə titulu] Kolumbun Korsikanın Kalvi şəhərində doğulduğunu iddia edib. Abbatlar Kolombo soyadını daşıyan yerli sakinlərin görkəmli Admiralın nəslindən olduğunu bildiriblər.
1879–1887-ci illərdə Fransa prezidenti olmuş Jül Qrevi hakimiyyətinin beşinci ilində Korsika bölgəsində yerləşən Kalvi şəhərinin baş meydanında Kolumbun abidəsinin qoyulmasına qərar verib. Lakin çox keçməyib ki, korsikalılar deyiblər: «Korsikada görkəmli şəxsiyyətlər kifayət qədərdir. Napoleon bəsimizdir, Kolumbu Genuyaya verək».
XIX əsrin sonu, XX əsrin əvvəllərində dünya artıq imperializm əsrinə qədəm qoyub və hər yerdə şovinist əhval-ruhiyyə qızışmağa başlayıb. Bu ovqat kolumbşünaslardan da yan keçməyib. İspaniya Kolumbu ispaniyalı, Portuqaliya portuqaliyalı, İsveçrə isveçrəli, Amerika amerikalı elan edib. Hətta Amerikada Kolumbun müəmmalı şəkildə Avropaya getmiş və sonra Köhnə Dünyanın insanlarına Amerikanın yolunu göstərən hindu olduğu fikrini irəli sürənlər tapılıb. Çox keçmədən yarışa danimarkalılar, almanlar, yəhudilər, polşalılar da qoşulub.
Bu məsələdə bəzən coğrafi «əlamətlər» də rol oynayıb. Bir alman sübut etməyə çalışırdı ki, Kolumb Kölndə doğulub. Bu şəhərin latınca adı Koloniyadır. Buna görə ispanlar görkəmli dəniz səyyahını Kolon adlandırıblar.
XIX əsrin sonunda Qalisiyadan olan tədqiqatçı Selso Qarsiya de la Ryeqonun «kəşfi» sensasiyaya səbəb oldu. O, doğma şəhəri Pontevedrada maraqlı sənədlər tapdı. Mətndən aydın olurdu ki, XV əsrdə Pontevedrada Kolonlar (İspaniyada Kolumbu məhz belə adlandırıblar) ailəsi yaşayıb. Ailə başçısının adı Domeniko, oğlanları Kristobal və Bartolomeo, evin xanımı isə Fontanarossadır. Bir sözlə, Kolumbun, az qala, bütün ailə üzvləri göz qabağındadır. Yalnız adlar ispan deyiliş tərzində səslənir. Üstəlik, de la Ryeqo Kolumbun öz məktublarını Qalisiya[2 - Qalisiya – İspaniyanın şimal qərbində yerləşən və cənubdan Portuqaliya ilə həmsərhəd olan muxtar region] dialektində yazdığını söyləyib.
O, 1898-ci ilin dekabrında Madrid coğrafiya cəmiyyətinin konfransında məruzə söyləyib, dörd il sonra isə öz kəşfi haqqında məlumatı çap etdirib. Bir çox kolumbşünaslar qalisiyalını kəskin tənqid ediblər. Xüsusilə qalisiya dialekti ilə bağlı… Kolumbun məktublarında portuqal sözlərinə çox rast gəlinir, ancaq bu heç də təəccüblü deyil, çünki on il Portuqaliyada yaşayıb. Üstəlik, Qalisiya dialekti də portuqal dilinin əsasında yaranıb.
Vaxt keçdikcə Qalisiya versiyası yeni tərəfdarlar qazandı. Axırda məsələyə İspaniya Elmlər Akademiyası qarışdı. Məlum oldu ki, məktublarda heç bir konkret ad yoxdur, sadəcə de la Ryeqo çətin oxunan abreviatur inisialları[3 - Abreviatur inisial – söz birləşməsi formasında olan mürəkkəb şəxs adlarının ilk hərflərindən ibarət ixtisar] öz bildiyi kimi yozub.
Kolumbun kataloniyalı olduğu barədə fərziyyənin yaradıcısı isə katalon mənşəli perulu Lima Luis Ulyoadır. O, 1927-ci ildə Parisdə «Xristofor Kolumb – katalondur. Amerikanın kəşfi haqqında həqiqətlər» kitabını nəşr etdirib və sübut etməyə çalışıb ki, genuyalı Xristofor Kolumb adlı adam olmayıb. Həmin adam əslində kataloniyalı dəniz qulduru Xuam Kolomdur. Ulyoa iddia edib ki, Kolom 70-ci ilin əvvəllərində öz hökmdarı kral Araqona qarşı vuruşub. Sonra İohan, ya da Yan adı ilə Danimarka qütb ekspedisiyasının iştirakçısı olub və uzaq şimalda Amerika torpaqlarını kəşf edib. Bu hadisə 1476–1477-ci illərdə baş verib, bir neçə il sonra isə Kristobol Kolon adı ilə İspaniyaya qayıdıb, öz xidmətini Kastiliya və Araqon[4 - Araqon – İtaliyanın şimalında, Kastiliya isə şimal-qərbində yerləşir. Araqon kralı I Ferdinand I İzabella ilə evləndikdən sonra hər iki bölgəni əhatə edən krallığın hökmdarı elan edilmişdi.] kraliçası I İzabellaya təklif edib və müsbət cavab alıb. Nəticədə onun dəstəyi ilə 1492-ci ildə Yeni Dünyanın ikinci dəfə kəşfinə nail olub.
Ulyoanın yazdığına görə, Araqonun hiyləgər kralı Ferdinand Xuan Kolomun sirrindən xəbərdar imiş. Ancaq kral keçmiş dəniz quldurunu ifşa etmək istəməyib. Çünki Kolomu əcnəbi hesab etmək kralın xeyrinə idi: belədə onunla bağlanılan sazişi pozmaq asan idi.
Ulyoanın fərziyyəsinin ömrü az çəkdi. Lakin bu ehtimalın əks-sədası hələ də qalmaqdadır.
Maraqlıdır, əgər XIX əsrin əvvəllərində Kolumbun Genuyada doğulduğunu sübut edən bir çox notarius sənədləri mövcud olubsa, bəs niyə bu əsassız versiyalar ortaya çıxıb?
Qeyd etmək lazımdır ki, müxtəlif dövrlərdə Genuya ilə bağlı iddiaların əsaslandırması da yetərincə etibarlı olmayıb. Doğrudur, XIX əsrdə Kolumbların Genuyada yaşadığını və Xristofor Kolumbun toxucu Domeniqo Kolumbun oğlu olduğunu göstərən sənədlər ortaya çıxmışdı. Ancaq Genuya fərziyyəsinin əleyhdarları haqlı olaraq deyirdilər: bəli, bunların hamısı doğrudur, XV əsrdə Genuyada hansısa Kolumblar yaşayıblar. Lakin San-Stefanodan olan Xristofor Kolumbun görkəmli dəniz səyyahı Xristofor Kolumb olduğunu kim əminliklə deyə bilər? Cənab genuyalılar, ortaya bunu sübut edən, heç olmasa, bir sənəd qoyun.
Belə sənəd isə əslində var idi. Onu 1825-ci ildə ispaniyalı tarixçi Martin Navarrete nəşr etdirib. Bu, Kolumbun böyük oğlunun vərəsəlik haqqını sübut edən mayoratdır[5 - Mayorat – feodalizm dövründə mirasın böyük oğula çatmasına aid sənəd]. Ancaq təəssüflər olsun ki, bu sənədin heç bir hüquqi gücü yoxdur. Navarrete həmin sənədin təsdiqlənməmiş surətini çap etdirib. Onun əslini isə tapa bilməyib. Arxivin yerləşdiyi Simankas adlı kənddə 1810-cu ildə Napoleonun generalı Kellermanın atlı qoşunu düşərgə salıbmış. Fransa əsgərləri Simankas arxivinin kağızlarından necə gəldi istifadə ediblər və 1498-ci il fevralın 22-nə aid sənədin əsli yoxa çıxıb.
1904-cü ildə isə «Assereto sənədi» peyda oldu. Bu sənəddə 1451-ci ildə doğulan Xristofor Kolumb ad-soyadlı şəxsdən bəhs edilir, onun həyatının Genuya və Portuqaliya mərhələlərini əlaqələndirirdi. Ancaq Genuya əleyhdarları haqlı olaraq bildirirdilər: 1497-ci il tarixli «Assereto sənədi» orada qeyd olunan şəxsin heç də on üç il sonra Yeni Dünyanı kəşf edən Xristofor Kolumb olduğunu sübut etmək üçün kifayət deyil!
Amma İspaniyada işləyən Amerika tədqiqatçısı Alisa Baçi Qould 1925-ci ildə Simankas arxivindəki 1498-ci ildə tərtib edilmiş möhürlü, imzalı mayoratı təsdiqləyən və 1501-ci il sentyabrın 28-nə aid şəhadətnaməni tapdı. Xüsusi komissiya sənədin həqiqiliyini etiraf etdi.
Kolumbun Genuyada doğulduğunu sübut edən bütün materiallar Genuya bələdiyyəsi tərəfindən 1931–1932-ci illərdə çap olundu.
Bununla da Kolumbun məhz genuyalı olduğuna dair fikirlər üstünlük qazandı.

Dənizə ilk çıxış
Kolumb öz dəniz karyerasına 1473-cü ilin sonları, 1474-cü ilin əvvəllərində başlayıb. Bu, qarışıq bir dövr idi: Şərqdə türklər ağalıq eləyir, İtaliya sahillərində isə dəniz quldurları göz açmağa qoymurdular.
Hiyləgər Fransa kralı XI Lüdovik piratları həvəslə himayə edirdi. Axı onlar yadellilərin gəmilərini batırır, bununla da rəqiblərini zəiflədirdilər.
Üstəlik, Fransa kralının vassallarından biri, keçmiş Neapol kralı Rene Anjuyski də bir yerdə dayanmır, elə hey aranı qızışdırırdı. Aralıq dənizi piratları, elə Rene Anjuyski də Kolumbun ilk bioqraflarının əsərlərini oxusaydılar son dərəcə təəccüblənərdilər. Bu əsərlərin müəllifləri heç bir əsas olmadan gənc Kolumbu piratların və Rene Anjuyskinin əlaltısı kimi qələmə verirdilər.
Müasir kolumbşünaslar pirat versiyasını tamamilə rədd edirlər.
«Qoca sərsəri» ləqəbli Rene Anjuyskini Neapoldan 1442-ci ildə araqonlular sıxışdırıb çıxarmışdılar. Bu səbəbdən də o, Araqon kralının və Neapol taxt-tacında oturan qardaşı oğlunun qatı düşməni idi.
Araqon kralından əvəz çıxmaq üçün 1472-ci ildə Renenin əlinə yaxşı fürsət düşdü: Kataloniyada Araqon kralına qarşı üsyan qalxdı. XI Lüdovikin razılığını alan «Qoca sərsəri» katalonların köməyinə tələsdi. O, kiçik donanma ilə Marseldən çıxıb Kataloniya, Sardiniya və Neapol sularında hərbi əməliyyatlara başladı.
Rene Anjuyskinin hərbi-siyasi məqsədlərinin mahiyyətinə varmadan, Fernando Kolon atasının bu adamın xidmətində olduğu barədə belə yazır: «…1495-ci ildə Espanyolada katolik krallarına (İzabella və Ferdinanda) ünvanlanmış başqa məktubda Admiral (Kolumb nəzərdə tutulur – red.) səfər zamanı baş verən səhvlərdən söz açıb: kral Rene «Fernandina» qalerasını[6 - Qalera – qədim yunanların, romalıların, karfagenlilərin istifadə etdikləri avarlı hərbi gəmi] tutmaq üçün məni Tunisə göndərəndə belə bir hadisə baş verdi. Sardiniya sahillərindəki San-Pedro adasına çatanda ora iki gəminin yan aldığından xəbər tutduq. Adamlarım təşvişə düşüb Marselə qayıtmaq istədilər. Onların iradəsinə qarşı çıxa bilməzdim. Özümü onlarla razılaşmış kimi göstərib kompasın kartuşkasında işarələrin yerini dəyişdirdim. Səhərisi gün biz artıq Kartaxenada idik, ancaq hamı Marselə qayıtdığımızı düşünürdü».
1472-ci ildə «Fernandino» qalerası ilə belə bir əhvalat, doğrudan da, baş verib. Ancaq təəccüblü orasıdır ki, notarius sənədlərinə əsasən Kolumb 1472-ci ilin payızında Savonada olub. Əlbəttə, qısa müddətə şəhərdən çıxa bilərdi, ancaq döyüş gəmilərinə adamları bir-iki həftəliyə yox, uzun müddətə götürürdülər. Üstəlik, «Qoca sərsəri» heç də vecsiz dəniz komandanı deyildi. 1472-ci ildə onun artıq yetmiş yaşı vardı və dəniz döyüşlərində kifayət qədər təcrübə toplamışdı. Bu səbəbdən də çətin ki, ağzından süd iyi gələn gənci döyüş gəmisinin komandiri təyin edəydi və onu düşmən gəmisini ələ keçirmək kimi məsuliyyətli əməliyyata göndərəydi.
Kolumbun məktubu onun kral Renenin qəhrəmanlıqlarından xəbərdar olduğuna bizi bir daha inandırırdı. 1495-ci ildə onun İzabella və Ferdinand ilə münasibətləri qəlizləşmişdi, bu səbəbdən də öz qiymətini qaldırmaq üçün döyüş təcrübəsi olduğuna eyham vura bilərdi.
Ancaq maraqlıdır ki, Kolumb 1480-ci ildə vəfat edən Rene Anjuyskini həmişə xoş sözlərlə yad eləyib.
Əgər Kolumb, doğrudan da, bir müddətə Savonanı tərk edib Renenin yanında xidmət edibsə, çox ehtimal, gəmidə adi matros olub.
Ən inandırıcı ehtimal isə Kolumbun ilk dəfə açıq dənizə «Çenturione və Neqro» ticarət evinə məxsus gəmidə çıxmasıdır. Gəmi Tunisə yox, Xios adasına üz tutub. Özü də ekspedisiya sırf kommersiya məqsədi güdüb.
Xios XV əsrin 70-ci illərində Genuyanın arxipelaqda yeganə torpağı idi. Genuyanın qalan Egey koloniyalarına türklər sahiblənmişdilər. Xiosu isə 1457-ci ildə onlardan pulla geri ala bilmişdilər.
Genuya tacirləri qul, çaxır, sabun, balıq, taxıl, mum, dəri alveri eləyirdilər. Bunlar Xiosa gətirilir, orada satılırdı.
Adanın özü isə mastika – ətirli qatranla məşhur idi. Mastikaya İsgəndəriyyədə, İspaniya və Flandriyada həmişə tələbat vardı. Çenturione və Neqro şirkəti Xiosa həm də işçi qüvvəsi gətirirdi.
1474-cü il mayın 25-də Savonadan Xiosa yerli və genuyalı tacirlərin pulu ilə təchiz edilmiş donanma yola düşdü. Bu donanmada bir xeyli savonalı toxucu da var idi. Güman edilir ki, Kolumb da məhz onlarla birlikdə dənizə çıxıb.
Bir il sonra Xiosa yenə ekspedisiya yola düşüb. Bu dəfə donanma səfərə çıxmağa Genuyada hazırlaşıb. Ekspedisiyada dörd gəmi olub. Gəmilərin ikisinə Covanni Antonio Neqro və Nikkolo Spinola adlı şəxslər rəhbərlik eləyib. Kolumbun gəmidə xidmət edib-etmədiyini demək çətindir, ancaq mastika alveri etdiyinə şübhə yoxdur. Kolumb çox sonralar, 1492-ci ildə Kuba və Espanyol sahillərində üzərkən iki dəfə Xios mastikasını xatırlayıb, onun ilin hansı vaxtında toplandığından, Genuyada ona nə qədər tələbat olduğundan söz açıb.
Bu ekspedisiyanın Kolumbun həyatında böyük rol oynadığı danılmazdır. Onun təşkilatçılarına çox şey borcludur. Təsadüfi deyildi ki, ölümündən öncə o, Neqronun və Spinolanın varislərinə də müəyyən məbləğdə pul vəsiyyət eləyib.
Donanma Genuyadan 1475-ci il sentyabrın 25-də yola düşüb. Yəqin ki, Kolumb qışı Xiosda keçirib. 1476-cı ilin yazında isə Genuyaya qayıdıb. Neqro Xiosdan mastika gətirmişdi, onu Flandriyada satmaq fikrində idi. Odur ki 1476-cı ilin avqustunda Kolumbu da özü ilə götürüb yola düşdü. Ancaq onlardan asılı olmayan səbəblərdən mastika Flandriyaya aparılmadı və Portuqaliyaya gedib çıxdılar. Kolumb nə az, nə çox, düz doqquz il Portuqaliyada qaldı.

San Visente burnunda döyüş
Dörd Genuya və bir Flamand gəmisi Genuyadan çıxıb Cəbəllütariq boğazından rahatca keçdi. Xios səfərlərində olduğu kimi, bu ekspedisiyada da Neqro və Spinola iştirak edirdi.
1476-cı ilin yayında Portuqaliya ilə Kastiliya müharibə edirdi[7 - 1452–1456-cu illərdə Roma papası Şimali Afrikadan cənub və şərqdəki torpaqlara sahib olmaq hüququnu Portuqaliyaya vermişdi. Bu isə Kastiliyanın narazılığına səbəb oldu. Lakin sonda Kastiliya 1479-cu ildə Portuqaliyanın həmin ərazilər üzərindəki hüquqlarını tanıdı. Lakin Kolumb «Qərbi Hindistan»ın «kəşfi» ilə nəticələnən ilk ekspedisiyasını başa vurduqdan sonra vəziyyət dəyişdi. Belə ki, həmin kəşf Portuqaliyanın daha əvvəl verilmiş torpaqlar üzərindəki hüquqlarını pozurdu. Nəticədə yeni ixtilaf yarandı. Papanın vasitəçiliyi ilə tərəflər arasında 1494-cü ildə imzalanan Tordesiyas müqaviləsi ilə torpaqlar yenidən bölüşdürüldü. Onların bir hissəsi Portuqaliya krallığına, digər hissəsi isə Kastiliya və Araqon krallığına verildi.]. Döyüş əməliyyatları həm quruda, həm dənizdə gedir, üstəlik, portuqaliyalılara Fransa kralı XI Lüdovik kömək eləyirdi.
Genuya donanmasının başçıları bu vəziyyəti bildiklərindən, fransız hökumətinin icazəsini aldılar. Əslində, buna elə də ehtiyac yox idi – Portuqaliya-Kastiliya müharibəsində Genuya öz neytrallığını ciddi surətdə gözləyirdi. Genuyalıların icarəyə götürdükləri «Flamand» gəmisi isə döyüş yox, ticarət gəmisi idi.
Ancaq Genuya Respublikasının bu neytral mövqeyi onu piratlardan qoruya bilmirdi. Piratlar həmin yay İberiya sularında qaynaşır, Kastiliya və Portuqaliya sahillərində zəngin qənimət gözləyirdilər.
Həmin piratların ən təhlükəlisi tarixə Kolon, ya Böyük Kulan ləqəbi ilə düşmüş qaskoniyalı Qiyom Kazenov idi. O, Fransa bayrağı altında üzür və rast gəldiyi bütün gəmilərə hücum edirdi.
1476-cı il avqustun 13-də Qiyom Kazenov on üç gəmidən ibarət eskadrası ilə San-Visente burnunda Genuya donanması ilə qarşılaşdı. Bərabər olmayan döyüş iki saat çəkdi. Genuyalılar dəniz quldurlarına qəhrəmancasına müqavimət göstərib düşmənin dörd gəmisini sıradan çıxardılar. İki Genuya gəmisi mühasirədən çıxıb Kastiliya sahillərinə yan aldı. Batırılan Genuya gəmilərinin dənizçiləri üzüb sahilə çıxdılar. Portuqaliyanın Laquş şəhərinin sakinləri dənizçilərin sudan çıxmasına kömək göstərirdilər. Onlar döyüş zamanı «Flamand» gəmisində olan Kolumbu da xilas etdilər.
Portuqaliyanın cənubundakı Laquş limanından paytaxta qədər yüz əlli mil olardı. Bu səbəbdən də, güman ki, Kolumb Lissabona 1476-cı il avqustun sonlarında, yaxud sentyabrın əvvəllərində gəldi. Beləcə, onun həyatında tamamilə yeni dövr başladı. Elə onun gələcəkdə görəcəyi böyük işlərin əsası da məhz Portuqaliyada qoyuldu.

Portuqali̇ya
Kolumb Lissabonda öz xalqının nümayəndələri ilə qarşılaşacağını bilirdi. Böyük səyyahın yerliləri Portuqaliya paytaxtında özlərini çox sərbəst hiss eləyirdilər. Buradakı Genuya koloniyası[8 - Koloniya – qədim yunanların və romalıların öz ölkələrinin hüdudlarından kənarda, yad ərazilərdə saldığı məskən] 20–25 nəfərdən ibarət idi. Koloniyanın taleyində Marko Lomelli adlı bir şəxs əsas rol oynayırdı. O, çox varlı idi və Lissabon tacirləri, bankirləri bu adamı yaxşı tanıyırdılar. XV əsrin 70-ci illərində Çenturione ailəsi də Lissabonda kök salmışdı. Onu burada Kolumbun Xiosa birlikdə üzdüyü, San Visenti burnunda çiyin-çiyinə vuruşduğu Nikkolo Spinolanın qudası Lodoviko Çenturione təmsil edirdi.
1476-cı il Portuqaliya üçün çətin il idi. Dediyimiz kimi, Kastiliya ilə müharibə gedirdi, Portuqaliya kralı V Alfons İzabellanı devirib Kastiliya taxt-tacına onun bacısını oturtmağa çalışırdı.
Portuqaliyalılar dənizdə kastiliyalılardan güclü idilər. Buna baxmayaraq Kastiliyanın döyüş gəmiləri Portuqaliyanın ticarət gəmilərinə ziyan vururdu. Bir sözlə, hərbi əməliyyatlar Lissabonun yeni kəşf edilmiş Afrika torpaqlarındakı dayaq bazaları ilə əlaqəni pozurdu.
Ancaq 1476-cı ildə iyirmi, qırx il əvvəl olduğu kimi, Portuqaliya hələ də Avropanın böyük dəniz ölkəsi idi və onun paytaxtı yeni okean yollarının üstündə yerləşirdi. Bu ölkədə daxili vəziyyət də sabit idi. Portuqaliya hələ XIII əsrin ortalarında, qonşu Kastiliyadan əvvəl rekonkistanı[9 - Rekonkista – Pireney yarımadasında yaşayan müsəlmanların sıxışdırılmasına səbəb olmuş dini məzmunlu hərəkat] başa çatdırıb ölkənin cənub vilayətlərini mavrlardan[10 - Mavr – orta əsrlərdə Pireney yarımadasında və Şimali Afrikanın şimal-şərq hissəsində məskunlaşmış, ərəb dilinin yerli dialektlərində danışan müsəlman əhalisinə avropalıların verdikləri ad] geri almışdı. 1385-ci ildən taxt-tacda bərqərar olmuş Avis sülaləsinin kralları böyük donanma və güclü ordu yaratmışdılar.
Xaricə yürüşlərin zamanı çatmışdı. Portuqal cəngavərləri başqa torpaqları zəbt etməyi arzulayırdılar.
Portuqaliyalılar 1415-ci ildə Cəbəllütariq boğazını, Afrika sahilindəki mavritan qalası Sustanı tutdular. Bu, Portuqaliyanın xaricdə ələ keçirdiyi ilk torpaq idi və işğalçılar bununla kifayətlənmək fikrində deyildilər.
Sonrakı yürüş planını Avis sülaləsinin əsasını qoymuş kral I Juanın üçüncü oğlu şahzadə Enrike işləyib hazırladı. Onu hələ sağlığında «Dənizçi şahzadə» adlandırırdılar. Heç vaxt gəmi sürməyib, dəniz ekspedisiyalarında iştirak etməsə də, bu titul ona layiqli xidmətlərinə görə verilmişdi.
Dənizçi şahzadə San Visenti burnundakı iqamətgahında – Saqreş qəsrində Atlantik okeanına uzaq gəmi səfərlərini düşünürdü. O, Afrikanın qərb sahilləri boyunca yeni dəniz yolu açmaq fikrində idi. Bu yol portuqaliyalıları Hindistana aparmalı idi. Ancaq ilk vaxtlar kral qəsrində bu barədə düşünmürdülər. Yaxın hədəflər başqa idi: Afrika sahilləri ilə cənuba doğru mümkün qədər çox irəliləmək və yolüstü Afrika torpaqlarını işğal eləmək.
1434-cü ildə Dənizçi Enrikenin kapitanlarından Jil Eanes Bojador burnunun ətrafına dövrə vururdu. Avropalılar hələ belə uzağa getməmişdilər. Sonrakı onilliklərdə portuqaliyalılar Seneqal sahilləri ilə irəliləyib Afrikanın qərbindəki ən ucqar torpaqlara – Yaşıl Buruna çatdılar.
Portuqaliyalılar bu kəşfin bəhrəsini 1442-ci ildə daddılar: həmin vaxt qaradərili qulların ilk dəstəsi Laquş və Lissabona gətirildi.
Portuqaliyalılar 1456-cı ildə Yaşıl Burun adalarını kəşf edib, az sonra isə Qvineya körfəzinə daxil oldular.
Dənizçi Enrike 1460-cı ildə vəfat etdi. Ancaq onun ölümü portuqaliyalıların cənuba doğru irəliləyişini dayandırmadı. Laquş sakinləri Kolumbu Kadis körfəzində xilas eləyəndə portuqaliyalılar artıq Qvineya körfəzinin bütün sahillərinə yiyələnmişdilər. İstiot sahili, Fil Dişi Sahili, Qızıl Sahil, Kölə Sahili – Qvineya torpağının bu adları böyük pullardan xəbər verirdi.
Seneqalın kimsəsiz sahilboyuna bənzəməyən, yaşıllığa bürünmüş bu sahilləri göz işlədikcə uzanıb gedirdi. Sarımtıl fil dişi, Qvineyanın qırışlı istiot dənələri, qızıl qum, şir, bəbir, meymun dərisi, qara və qırmızı ağac, əcaib tropik meyvələr – portuqaliyalı macəra axtaranlar yeni torpaqlardan bunları əldə edirdilər. Onlara ən çox qazancı isə qul alveri gətirirdi.
Qulları Portuqal gəmilərinin dar anbarlarına doldururdular. Onların, az qala, yarısı yolda ölürdü. Buna baxmayaraq qul alverçilərinin qazancı xərclərindən dörd-beş dəfə çox olurdu. Laquş, Lissabon, Sevilya və Kadisdə Qvineya qullarını bir andaca alırdılar.
Roma papaları Afrika torpaqlarını səxavətlə Portuqaliya krallarına bağışlayırdılar. Onlar qul alverini faydalı və savab iş sayır, bu işlə məşğul olan portuqaliyalılara xeyir-dua verirdilər.
Ən qazanclı və perspektivlisi (irəlidə Hindistandır – Qvineyaya çatan portuqallar bunu yaxşı dərk edirdilər) ekspansiyanın cənub istiqamətdə genişlənməsi idi. Ancaq Dənizçi Enrike və onun kapitanları qərb tərəfi də unutmurdular. Portuqaliyalılar 1419-cu ildə Madeyraya yerləşib on üç il sonra isə Azor adalarına çatdılar. Adam yaşamayan, ancaq yetərincə məhsuldarlığı ilə bilinən bu adalar hələ işlək olmayan, günbatan tərəfə aparan dəniz yolunun üstündə yerləşirdi.
Bir sözlə, Portuqaliya gəmiləri Atlantik okeanının sularını bütün istiqamətlərdə şumlayırdılar və hər il Lissabona yeni kəşf edilmiş torpaqlar barədə xəbərlər gedib çatırdı.
Kolumb da Portuqaliyada dərhal bu axtarış və kəşflər mühitinə düşdü.

Xoşbəxt evli̇li̇k
Həyatını dənizə bağlayan gənc genuyalılar limandan limana, ölkədən ölkəyə dolaşır, yalnız yetkin yaşlarında haradasa məskunlaşırdılar. Odur ki Kolumb Lissabonda nüfuzlu Perestrello ailəsindən çıxmış Filipa Monizə rast gəlməsəydi, ola bilsin, Portuqaliyada çox ləngiməzdi.
Las Kasas[11 - Las Kasas (1484–1566) – ispaniyalı keşiş və Yeni Dünyanın tarixçisi. İnsan haqları uğrunda ilk mübarizə aparanlardan biri sayılır.] 1519-cu ildə görkəmli dəniz səyyahının böyük oğlu Dieqo Kolonla onun valideynləri barədə ətraflı söhbət eləyib. «Admiral zahirən yaraşıqlı, xasiyyətcə isə mehriban adam idi, – Las Kasas yazır. – İnanclı xristian kimi, tez-tez Santuş monastırına gedirdi. Orada rahibə olmağa hazırlaşan bir neçə qız vardı. Kolumb onlardan biri ilə, adlı-sanlı nəsildən olan Filipa Monizlə söhbətləşirdi. Bu tanışlıqdan az sonra Kolumb həmin qızla evləndi».
Dövrün Portuqaliya tarixçiləri öz yerliləri, görkəmli dəniz səyyahının arvadı donya Filipa haqqında xoş sözlər yazırlar. Bununla belə, onlar gənc qızın Kolumba olan duyğularından xəbərsiz idilər. Kolumb qarabuğdayı, qarasaçlı portuqaliyalılardan, yəqin ki, çox fərqlənirdi. Bir çox illərdən sonra Fernando Kolon onu belə təsvir edir: «Admiralın boyu ortaboydan hündür, sifəti uzunsovdu, almacıq sümükləri irəli çıxmışdı. Qartalburundu, bozumtul-göy gözləri, sarı saçları vardı. Ancaq otuz yaşlarında saçları tamam ağarmışdı». Kolumbun məhz bu görkəmi Filipanı yoldan çıxara bilərdi. Ancaq təəccüblü olan, Perestrello ailəsinin gənc qızın seçimini dərhal bəyənməsidir. Güman ki, qızın valideynlərinin gözündə Kolumb hər şeydən əvvəl məşhur, zəngin Genuya şəhərinin nümayəndəsi idi. Və buna görə də onunla qohumluq Perestrello ailəsinin nüfuzuna xələl gətirmirdi.
Kolumb üçün isə həmin nikah taleyin xoşbəxtliyi idi. Çünki heç bir çətinlik çəkmədən Portuqaliya ailəsinə daxil olacaq, ən başlıcası, şahzadə Dənizçi Enrike və onun varislərinin xaricə səfər təşəbbüslərində birbaşa iştirak edən adamlarla qohumluq imkanı qazanacaqdı.
Valideynlərinin çoxsaylı qohumları Madeyra və Lissabonda yüksək vəzifələr tutan Filipanın babası Portuqaliyaya 1385-ci ildə İtaliyanın Pyaçenza şəhərindən köçmüşdü. Atası Bartolomeo Perestrello isə cavanlıqda Dənizçi Enrikenin məiyyətlərindən imiş. 1420-ci ildə şahzadə onu yenicə kəşf edilmiş Porto-Santo adasına göndərdi. Porto-Santo Madeyradan otuz mil uzaqlıqda yerləşirdi və təbiətin özü ona bu mühüm Portuqaliya koloniyasının forpostu rolunu hazırlamışdı. Bartolomeo bir müddət Porto-Santoda qalandan sonra Portuqaliyaya qayıtdı. O, 1425-ci ildə yenidən adaya getmiş, 1446-cı ildə adanın qubernatoru olmuş və 1457-ci ildə vəfat etmişdi.
Bartolomeo iki-üç dəfə evlənmişdi. Ahıl yaşlarında Portuqaliyada kifayət qədər nüfuzu olan Monizlər nəslinin nümayəndəsi donya İzabella ilə son dəfə nikaha girmişdi. Donya İzabella ərinin ölümündən sonra hərdən Porto-Santoya, oradakı iri mülkünə gedirdi. 1473-cü ildə əri ilə eyni ad-soyadı daşıyan oğlu Bartolomeo Perestrello Ponto-Santonun qubernatoru oldu.
Kolumb qaynı II Bartolomeo vasitəsilə portuqaliyalıların Atlantik okeanına gəmi səfərlərinin tarixçəsi barədə müxtəlif sənədlərlə tanışlıq fürsəti əldə etdi. 1476–1477-ci illərdə vəziyyət onu arvadından müvəqqəti ayrılıb uzaq səfərə yola düşməyə məcbur etdi…

Yeni Dünyanı kim kəşf edib
1476-cı il dekabrın 12-də San Visenti burnu yaxınlığındakı döyüşdə zərər görmüş Genuya gəmilərinin dənizçiləri Lissabona gəldi. Kolumbun himayədarı Antonio Neqro da onların arasında idi.
Onlar Portuqaliya paytaxtında ləngimədilər. Elə həmin gün də Genuyadan uzaq səfərə ticarət ekspedisiyası yola düşdü. Bu ekspedisiyada gəmi sahibinin «Çenturione və Neqro» ticarət evi tərəfindən Lissabona göndərilmiş qardaşı Paola Neqro da iştirak edirdi.
Ekspedisiya İngiltərəyə getdi və San Visenti döyüşündən sonra Lissabonda sığınacaq tapmış dənizçiləri də özü ilə götürdü.
Uzaq səfərə çıxanların arasında Kolumb da var idi.
1477-ci ilin qış və yaz fəslində onun harada olduğunu demək çətindir. Bu haqda tarixçilərin və coğrafiyaçıların fikirləri də müxtəlifdir.
Kolumbun özü həmin vaxt İngiltərə və İrlandiyada olduğunu deyirdi.
Bu mübahisənin baiskarı isə yenə Fernando Kolondur. O özünün qələmə aldığı «Admiralın həyatı» kitabında atasının bizə çatmayan «Memuarlar»ından bir parçanı verib. Həmin parçadan atasının Frislandiyaya getdiyi məlum olurdu. İslandiya XVI əsrdə Frislandiya adlanırdı.
Belə çıxır ki, Kolumb İslandiyada olub, donmayan dənizi və nəhəng qabarmaları görüb. Üstəlik, həmin mətndən belə aydın olur ki, şimal qışının sərt vaxtında Kolumb Yan Mayen adasına da gedib. Yan Mayen adası isə Qrenlandiyadan 600, İslandiyadan 500, Norveçdən isə 1000 kilometr məsafədə yerləşirdi.
XX əsrin əvvəllərində amerikalı kolumbşünas Henri Vinyo Fernando Kolonu və onun atasını yalançılıqda günahlandırdı. Nəticədə tarixçilər arasında qızğın müzakirələr başladı. Kolumbşünasların çoxu bu nəticəyə gəldi ki, məşhur səyyah əsla İslandiyada olmayıb, Yan Mayen adasına isə, ümumiyyətlə, gedib çıxmayıb.
Ancaq bir şey şübhəsizdir: bristollu tacirlər XV əsrdə, doğrudan da, İslandiya ilə alver ediblər. Kolumb isə Bristolda 1477-ci ilin fevralında olub. Lakin bu heç də bristolluların Xristoforu özləri ilə İslandiyaya apardığı nəticəsinə gəlmirdi. Onların çətin ki, Genuya «turist»inə ehtiyacları olaydı.
Kanadalı məşhur qütb tədqiqatçısı, etnoqraf və yazıçı Vilyamur Stefansson 1476–1477-ci illərin qışının şimal qütbündə çox yumşaq keçdiyini qeyd edir. Belə qış aylarında yelkənli gəmidə də Yan Mayen en dairəsinə getmək olardı.
Stefansson qeyd edir ki, Kolumbu möhtəşəm İslandiya qabarmaları o qədər heyrətləndirib ki, bu hadisə haqqında təsəvvür yaratmaq üçün onların hündürlüyünü bilərəkdən «şişirdib». Tədqiqatçının arqumentləri maraqlıdır, ancaq Kolumbun İslandiyaya çatdığını, oradan Yan Mayena üzdüyünü yenə dəqiq söyləmək olmur. Stefansson həqiqi araşdırıcı kimi öz ehtimallarında ehtiyatlıdır. Real faktları araşdırır və əsassız gümanlardan qaçır. Ancaq İslandiya ilə bağlı fərziyyənin əksər tərəfdarları bu prinsiplərə məhəl qoymur. Onlar bir şeyi özləri üçün əvvəlcədən qeyd-şərtsiz qəbul ediblər: Kolumb İslandiyada olub, vəssalam!
Bəs bunun səbəbi nədir? Bəzi iddialara görə, Kolumbdan xeyli əvvəl normanlar[12 - Normanlar – 912-ci ildən Normandiyada (Şimali Fransada coğrafi bölgə) yaşayan frank və vikinq qarışığı olan xalq] İslandiyanı kəşf etmişdilər. Görkəmli səyyahın da orada olduğunu iddia edənlər bununla belə təssürat yaratmaq istəyirlər ki, Xristofor normanların getdikləri dəniz yolundan xəbərdar idi. Yəni, guya o heç də öz ağlı ilə şimala gedib çıxmamışdı. Bununla da İslandiya ilə bağlı fərziyyənin tərəfdarları görkəmli dəniz səyyahının kəşflərinin əhəmiyyətini azaltmaq məqsədi güdürlər.
Ancaq nə Kolumb, nə də onun şimaldakı müasirləri bütün bu qarşılıqlı əlaqələr barədə heç nə deməyiblər.
1473–1476-cı illər arasında Danimarka kralı I Xristian Qrenlandiyaya ekspedisiya yollayıb. Ekspedisiyanın kapitanları Pininq və Potxorst, baş sükançı isə Yan Skolp olub. Sonuncunu bəziləri danimarkalı, bəziləri norveçli, bəziləri isə polyak kimi təqdim edir.
Bu ekspedisiya haqqında XVI əsrin müxtəlif mənbələrində bəzi məlumatlar qalıb. Həmin müəlliflər Kolumbun adını çəkmirlər. Bunu da qəsdən etmirlər. Onlar olmayan şeydən yazmağa alışmamışdılar. Ancaq sonrakı tədqiqatçılar bunu yaxşı bacarırdılar. XX əsrin 60-cı illərində isə bir norveç dənizçisi qədim və yeni fikirləri bir-birinə qataraq əminliklə bildirirdi ki, Kolumb İslandiyada olub, orada Yan Skolpla görüşüb, Labradora[13 - Labrador – Şimali Amerikada yarımada] necə getməyi ondan öyrənib.
Ancaq İslandiya səfəri nəticəsində Kolumb şimal ölkələrinə aparan yollar barədə belə qiymətli məlumatlar əldə etmişdisə, niyə dörd ekspedisiyanın hamısında Atlantik okeanının qütbə yaxın yox, tropik en dairəsindən keçib? Niyə nə Kolumbun özü, nə də onun ilk bioqrafları Asiyaya dəniz yolunun şimal variantı haqqında susublar? Niyə Kolumb öz qeydlərində Vinland, İslandiya, Qrenlandiya və başqa şimal torpaqlarını yada salmayıb, sadəcə Hindistanın, Çinin bürkülü sahillərindən danışıb?
Şimal dənizçilərinin xidmətlərini kiçiltmək mənasızdır. Onlar Şimali Amerika sahillərinə Kolumbdan, doğrudan da, beş əsr əvvəl çatıblar. Pininq və Potxorst isə Amerikanın qütb sularında məşhur səyyahın ilk ekspedisiyasından əlli il əvvəl üzüb.
Bu kitabın müəllifinin məqsədi nə norman dənizçilərinin və XV əsrdəki Danimarka ekspedisiyasının birinciliyini əsaslandırmaq, nə də hansı yolla olur olsun, Yeni Dünyanı vikinqlərin kəşf etdiyini sübut etməkdir. Çünki məsələ Yeni Dünyanı kimin kəşf etdiyi deyil. Ən vacib olan kimin kəşfindən sonra coğrafi təsəvvürlərdə böyük dəyişikliklərin baş verməsi, kimin kəşfinin Köhnə və Yeni Dünyanı birləşdirməsidir.

Kolumb Hindistana dəniz yolu axtarır
Tarixçilər güman edirlər ki, Kolumb şimal səfərindən qayıdandan sonra Porto-Santo adasında və Madeyrada sakit həyat yaşayıb, Perestrello nəslinin arxivində eşələnib, Portuqaliya dənizçiləri ilə söhbətləşərək Atlantik okeanın sirlərinə vaqif olub. Bundan başqa, təhsilini artırmağa çalışıb.
Kolumb 1504-cü ildə İspaniya kralına yazdığı məktubda etiraf edib ki, kosmoqrafiya, həndəsə və riyaziyyatı yalnız praktik işdə ona lazım olduğu səviyyədə mənimsəyib. O, təbii ki, alim olmayıb. Ancaq dənizçilikdə işinə yarayacaq nə varsa, həvəslə, cidd-cəhdlə, özü etiraf etmişkən «ürəyi əsə-əsə» öyrənib.
X–XII əsrlərdə olduğu kimi, XV əsrdə də Avropada elmi əsərlər əsasən latın dilində yazılırdı. Kolumb qısa müddətdə bu dili də öyrənib. Bu o dövr idi ki, antik mədəniyyət abidələri təzədən dirçəlir, çap maşınları dayanmadan işləyir, qədim filosofların, Roma tarixçilərinin əsərləri, Vergilinin, Horatsinin poemaları, astronomik cədvəllər, uzaq Şərq ölkələrinə səfərlərin təsviri işıq üzü görürdü. Leonardo da Vinçi və Mikelancelo artıq doğulmuşdu, Kopernik həyatda idi, Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri olan Sikstin kapellası artıq ucaldılmışdı.
Kolumb kitablardan çox, müxtəlif sənət sahibləri ilə söhbətlərə üstünlük verirdi. Atlantik okeanından əsən küləklərin döydüyü Porto-Santonun əyri küçələri onun «universitet»i idi. Porto-Santo qəsəbəsi – müqəddəs liman. Onu beş dəqiqəyə dolanmaq olardı.
Kolumb qubernator II Bartolomeo Perestrellonun iqamətgahına tez-tez baş çəkir, qədim sənədləri araşdırırdı. Bundan başqa, balıqçı qayıqlarının yırğalandığı, Lissabondan Madeyraya, Madeyradan Lissabona üzən gəmilərin lövbər saldığı limana tez-tez gedir, dənizçilərlə uzun-uzadı söhbətləşirdi. Kimsə ona San Visenti burnundan 450 liq (2700 kilometr) uzaqda ağacdan düzəldilmiş hansısa qəribə alətlər tapdığını danışırdı. Başqa bir dənizçi Azor adalarının sahillərində güclü qərb küləklərinin gətirdiyi nəhəng şam ağaclarını gördüyündən bəhs edirdi. Fayal adasında zahirən xristianlara oxşamayan və dənizçi olmayan enlisifət adamların meyitlərinə rast gəldiyini söyləyənlər də var idi. Bütün bu söz-söhbətlər Kolumbu dəniz səfərlərinə, macəralar aləminə daha da həvəsləndirmişdi.
Porto-Santo adasında Xristoforun Dieqo adlı oğlu dünyaya gəldi. Həmin vaxt təqvim 1478-ci ili göstərirdi.
Lissabonda əcnəbiləri həvəslə öyrətsələr də, onları uzaq gəmi səfərlərinə göndərməyə tələsmirdilər. Kapitan və sükançı vəzifəsini isə həmin adamlara nadir hallarda etibar edirdilər.
Yeri gəlmişkən, bu adada məxfi dəniz xəritələrinin oğurluğu ölümlə cəzalandırılır, yeni kəşflər gizli saxlanılırdı.
Dənizçi Enrikenin dövründə genuyalılar artıq ən yaxşı sükançılar sayılırdı. Kolumb isə şübhəli əcnəbi hesab olunmurdu. O, gəmiçilikdə ilk addımlarını, yəqin ki, Azor adalarına üzməklə Porto-Santo və Madeyrada atmışdı. Sonra dənizçiliyə dair biliklərini Qvineya ekspedisiyaları zamanı daha da təkmilləşdirmişdi.
Kolumb Qvineyanın San Jorji da Mina limanında olduğunu dəfələrlə deyib. Portuqaliya zadəganı və dənizçisi Dieqo de Azambujanın (1432–1518) təşkil etdiyi bu ekspedisiya gənc kral II Juanın (1481–1495) Afrikaya ilk səfər təşəbbüsü idi. Sonralar San Jorji da Mina qalası «qara materik»in cənubuna doğru sürətlə irəliləyən portuqaliyalıların dayaq bazası oldu.
Kolumb Qvineyaya, çətin ki, Azambuja ilə üzmüş olsun. Bununla belə, Xristoforun ora 1483–1484-cü ildə getdiyi təxmin edilir. Onun Qvineya ekspedisiyalarında hansı sifətlə iştirak etdiyini demək çətindir. Ancaq bu səfərlərin görkəmli səyyahı bir dənizçi kimi püxtələşdirdiyi şübhəsizdir.
***
Ola bilsin, Kolumb Genuya limanına baş çəkərkən hələ dəniz səyahətləri ilə bağlı böyük xəyallar qurmurdu. Lakin portuqaliyalıların Hindistana yeni yollar açdığını təcrübəli dənizçilərdən eşitməmiş olmazdı.
Çenturione ailəsi Avropanın qərbi ilə ticarət eləyirdi. Kastiliya, Portuqaliya, Fransa, İngiltərə limanlarından başlayan yollar bəzən naməlum ərazilərədək uzanırdı. Çenturione, eləcə də Neqro, Spinola, Lomellini kimi məşhur tacirlər sırf işgüzar adamlar idi, onlar yalnız ticarət coğrafiyasını bilirdilər. Digər bilikləri elə də çox deyildi. Buna baxmayaraq Kəlküttə, ya Hörmüzdə istiotun İsgəndəriyyədən on dəfə ucuz olduğundan xəbərdar idilər. Onlar asudə vaxtlarında məşhur italyan səyyahı Marko Polonu (1254–1324) oxumurdular, lakin uzaq Asiyada Çin və Sipanqo[14 - Sipanqo – indiki Yaponiya ərazisinə daxil olan adalar qrupu] ölkəsinin mövcudluğunu, başqa Şərq ölkələrinin son dərəcə zəngin sərvətlərə sahib olduğunu bilirdilər. Bu mənada venesiyalı tacirlər fərqlənirdilər; məsələn, Nikkolo Kontinin[15 - Nikkolo Konti (1395–1469) – venesiyalı tacir və səyyah] (1395–1469) Malay arxipelaqında, Birma və Siamdakı macəraları barədə qədim Genuyada eşitmişdilər.
Yerin kürə şəklində olduğundan XV əsrdə təkcə coğrafiyaçılar yox, tacirlər də məlumatlı idilər. Avropanın qərbi kimi Çin, Sipanqo, Yava və Hindistanın sahillərini də Dünya Okeanının döydüyündən xəbərləri vardı. Mümkündür ki, qərbdən Hindistana və Çinə necə getmək barədə müzakirələr də aparılırdı.
Genuyada kartoqraflar birliyi fəaliyyət göstərirdi. Onlar 1457-ci ildə dünyanın xəritəsini tərtib etmişdilər. Həmin xəritədə Nikkolo Kontinin uzaq Asiyadakı ölkələr barədə məlumatları və portuqaliyalıların Afrikadakı kəşfləri də yer almışdı.
Kolumb, görünür, öz yerliləri olan kartoqraflarla, əsasən də, dəniz xəritələri çəkən Nikkolo Kaveri ilə tez-tez görüşürdü. Ancaq bu adamların ona necə təsir göstərdiyini demək çətindir.
İtaliya kolumbşünasları görkəmli dənizçini dəfələrlə naşükürlükdə təqsirləndiriblər. Kolumb Hindistana dəniz yolunun kəşfi ilə bağlı hazırladığı layihəni əvvəlcə Portuqaliya kralı II Juana, sonra isə İspaniya kral ailəsinə təklif edib. Ancaq Genuyanı nədənsə unudub. Əgər belədirsə, demək, Kolumbun öz doğma şəhəri ilə əlaqələri elə də möhkəm olmayıb…
Müasir coğrafiya nöqteyi-nəzərindən Kolumbun layihəsi səhv görünə bilər. Ancaq tarixdə hansısa yanlış hesablamanın nəticəsi kimi meydana çıxan icadlar, ixtiralar, kəşflər azdırmı?! Kolumb da öz hesablamalarının səhv olduğunu bilsə idi, çətin ki, Okeana çıxardı. Səhv onu qələbəyə apardı və xəyalına gətirmədiyi torpaqları kəşf etdi.
Qalibləri mühakimə etmirlər. Ancaq XIX–XX əsrin coğrafiyaçıları, tarixçiləri Kolumba qarşı amansız olublar. Əgər tarixin ali məhkəməsi mövcud olsaydı, onda tribunal belə hökm verməli idi: yalnız Xristofor Kolumb yox, onun dövrü də məsuliyyətə cəlb edilməlidir!
Kolumbdan yüz əlli il əvvəl yaşamış Florensiyalı tacir Balduççi Peqolotti dünyanı səyahət edən tacirlər üçün yazdığı vəsaiti ilə bu gün də çoxlarını heyrətləndirir. Kitab «Ticarətin üsulları» adlanırdı. Həmin kitabda Krımdan Kataya (Çin), Konstantinopoldan Təbrizə qədər məsafə günlə ölçülmüşdü. Məsafənin özü isə naməlum qalırdı. Gün – qeyri-müəyyən vahiddir. O, nəqliyyat vasitəsindən asılı olaraq uzana, ya qısala bilər. Məsələn, dəvə ilə bir aya gedilən yolu yüyrək bir atla bir həftəyə qət etmək mümkündür. Məhz bu baxımdan yanaşdıqda XV əsrin məşhur səyyahları Klavixo, Barbaro, Kontarini və Afanasi Nikitinin getdikləri məsafəni dəqiq bilmək mümkün deyil. Onlar diqqətsizlik göstərməyiblər. Bu adamlar, sadəcə, qət edilən yolun dəqiq ölçüsünə ehtiyac duymayıblar.
Antik yunan riyaziyyatçısı, astronomu və filosofu Ptolemeyin (100–170) «Coğrafiya» kitabında məsafə dərəcələrlə ölçülür, bu isə XV əsrin yerşünaslarını qane edirdi.
Antik dövrdən Kolumbun əsrinə qədər elmdə belə güman edilib ki, Avropa sahillərindən qərbə doğru getməklə, Asiyanın şərq qurtaracağına çatmaq olar.
Belə gəmi səfərinin mümkünlüyü barədə vaxtilə Aristotel, Seneka, Strabon və Plutarx fikirlər söyləmişdilər. Ərəb dünyası alimlərinin çoxu, böyük coğrafiyaçılar Məsudi, Biruni, İdrisi də buna inanırdılar.
XIII–XIV əsrin görkəmli alimləri Böyük Albert[16 - Böyük Albert (1200–1280) – alman filosofu, ilahiyyatçı] və Rocer Bekon[17 - Rocer Bekon (1214–1292) – ingilis filosofu, təbiətşünas] Avropa sahillərindən qərbə getməklə Hindistana çatmağın mümkünlüyünə şübhə etmirdilər. Buna inanan başqaları da var idi.
Kolumbun şəxsi kitabxanasında ən qiymətli kitab fransız kardinal Pyer d’Alinin[18 - Pyer d’Ali (1350–1425) – fransız filosofu, ilahiyyatçı] «İmago Mundi» – «Dünyanın şəkli» əsəri olub. Kitabın səhifələrində çoxlu qeydlər var. Çox güman ki, Kolumb «İmago Mundi» kitabını 1481-ci ildə əldə edib və ölənə qədər ondan ayrılmayıb.
Pyer d’Ali çox yaşayıb və 1425-ci ildə vəfat edib. O, «İmago Mundi» əsərini həyatının son on ilində qələmə alıb və bu kitabda Yer kürəsinin forması, qütbləri, quru və su sahəsinin ölçüləri haqqında qədim, eləcə də orta əsr müəlliflərinin mülahizələrini bir yerə toplayıb. Kitabda yunan, Roma, ərəb və Qərbi Avropa müəlliflərinin elmi şərhləri geniş yer alıb. Pyer d’Alini faktlar dərindən maraqlandırmırdı. O, sözün əsl mənasında coğrafiyaçı yox, sadəcə, geniş mütaliəsi, dünyagörüşü olan adam idi.
Kolumbun kitabxanasındakı «İmago Mundi» əsərinin səhifələrində 898 qeyd var. Doğrudur, onların hamısı görkəmli dənizçinin əli ilə edilməyib. Kitabdan Bartolomeo Kolumb da istifadə eləyib, onun xətti isə böyük qardaşının xəttinə oxşayırdı.
Ancaq kitabdakı qeydlərin əksəriyyəti Xristofor Kolumba məxsusdur.
Bu qeydlərdən bəzisini nəzərinizə çatdıraq:
«Yer – kürə formasındadır. Yer beş iqlim sahəsinə bölünür. Yer kürəsi üç hissəyə bölünür».
«Quru sahəsi böyük, dəniz ensizdir. Avropanın qərbindən şərqinə qədər məsafə çox deyil».
Bu da Pyer d’Alinin mətni: «Aristotelə və Averroesə[19 - Averroes (1126–1198) – əndəlüslü ərəb filosofu və təbibi İbn Rüşd] görə, Şərqdəki yaşayış məskənləri ilə Qərbdəki yaşayış məskənləri bir-birinə kifayət qədər yaxındırlar, onların arasında isə kiçik dəniz var».
Kolumb çox sonralar özünün üçüncü dəniz səfəri barədə İzabella ilə Ferdinanda yazdığı məktubda Aristoteli, Averroesi, «İmago Mundi» əsərinin müəllifini də xatırlayacaqdı.
Yenə Pyer d’Aliyə müraciət edək: «Plini yazır ki, fillərə həm Atlas dağlarında, həm də Hindistanda rast gəlinir… Aristotel bu yerlərin yaxın olduğu fikrindədir».
Bütün bu qeydlər gənc Kolumbun «yaradıcılıq laboratoriyasından» xəbər verir. O öz riskli hesablamalarının nüfuzlu şəxslər tərəfindən təsdiqini axtarırdı.
Pyer d’Ali Şərq möcüzələri barədə heç nə yazmayıb. Kolumb bu haqda məlumatları Marko Polonun «Kitablar» əsərindən əldə edib. XIV–XV əsrdə yaşayan avropalılar üçün venesiyalı səyyahın yazdığı hekayətlər əsl kəşf idi.
Səyyah böyük heyrətlə bildirirdi ki, Yer kürəsi hədsiz dərəcədə böyükdür, burada saysız-hesabsız xalqlar məskunlaşıb, uzaq göylərdə isə İtaliya və Fransa səmalarında olmayan ulduzlar sayrışır.
Polonun kitabı avropalıları var-dövlət, sərvət əldə etməyə həvəsləndirir, xüsusilə Ərəbistanın, Hindistanın ədviyyatları, Çin və Tartariya[20 - Tartariya – qərbdə Xəzər dənizi ilə Ural dağları, şərqə Sakit okean arasında yerləşən tarixi bölgə. Coğrafi ifadə olaraq XIII əsrdən XIX əsrədək işlədilib.] hökmdarlarının xəzinələri bu adamların yuxularını qarışdırırdı.
Kolumb üçün Enea Silvio Piccolomininin[21 - II Piy (1405–1464) – Roma papası] əsəri də az əhəmiyyət kəsb etmirdi. Enea Silvio «İmago Mundi»nin müəllifindən fərqli olaraq faktlara söykənirdi. Kolumb bu yığcam coğrafi ensiklopediyanı əlində qələm oxuyub, Avropa və Asiyanın çay, dağ, göl, dəniz adlarını kitabın kənarlarında qeyd edib.
Hindistana dəniz yolunun kəşfi ilə bağlı layihə hazırlayarkən Kolumbun istinad etdiyi kitablar əsasən bunlardan ibarət idi. Vur-tut səxavətli mesenat tapıb onun köməyilə xəyallarını həyata keçirmək qalırdı.

Yeddi illik mübarizə
Təbii ki, Portuqaliyada yaşadığından Kolumb öz layihəsini ilk olaraq kral II Juana təklif etdi. Bu, 1483-cü ilin sonunda, ya 1484-cü ilin ilk aylarında baş verdi. Həmin vaxt kral iri torpaq sahiblərinin üsyanını yatırıb qiyamçılarla haqq-hesab kəsməklə məşğul idi. Bununla belə, cənuba doğru genişlənmək Portuqaliya hökmdarı üçün əsas məqsəd idi. Qərb istiqamətinə II Juanın sarayında elə də əhəmiyyət vermirdilər. Lakin fakt budur ki, kral Kolumbun təklifini rədd etdi. Ola bilsin ki, bunun səbəbi Xristoforun gələcək kəşflər müqabilində özü üçün çox şey istəməsi idi. O, kraldan Dünya Okeanının baş Admiral və zadəgan adını, yeni kəşf edilən torpaqların vitse-kral vəzifəsini, həmçinin bu ərazilərdən gələcək gəlirin ondabirini tələb etmişdi.
Bu cür tələblər kral II Juanın xoşuna gəlməyə bilərdi. Portuqaliya monarxları torpaq kəşf edənlərin başından pul tökməyə öyrəşməmişdilər. Dənizçilər, adətən, öz hesablarına üzür, uğur qazananda isə həmin torpaqların qubernatoru olub gələn qazancdan pay alırdılar. Üstəlik, II Juan heç vaxt tələsik qərar qəbul etmirdi. Odur ki Kolumbun təkliflərini görkəmli astronom və riyaziyyatçıların olduğu Lissabon akademiyasına göndərdi. Burada layihə ekspertizadan keçirildi və təkliflərin kifayət qədər əsaslandırılmadığı deyilərək rədd edildi.
Elə bu vaxt Kolumba ağır itki üz verdi. Arvadı Filipa Moniz vəfat etdi. Üstəlik, maddi vəziyyəti də hədsiz pisləşdi. Filipanın vəfatı nəticəsində Kolumbun Perestrello ailəsi ilə də əlaqələri qırıldı.
Görkəmli səyyah 1485-ci ilin yayında Portuqaliyanı tərk edib Kastiliyaya getmək qərarına gəldi.
Fernando Kolon və Las Kasasın yazdıqlarına görə, Kolumb Portuqaliyanı gizlincə tərk edib. Qorxub ki, kral II Juan onu öz yanında saxlayıb layihənin bütün incəliklərini öyrənsin və əldə etdiyi məlumatlardan Portuqaliya taxt-tacının xeyrinə istifadə etsin.
Bir çox müasir kolumbşünaslar kralın səyyahı ciddi nəzarət altında saxladığına inanırlar. Ancaq II Juanın bunda məqsədi tamamilə başqa idi. Kral ehtiyatlanırdı ki, Kolumb Portuqaliyanı tərk etdikdən sonra Qvineya sirlərini, Afrikanın cənub-qərbi ilə bağlı məlumatları başqa ölkəyə ötürər. Belə sirlər çox ciddi qorunurdu. Bir dəfə II Juan ölkədən qaçıb Sevilyada gizlənən iki portuqaliyalının ölümünə fərman vermişdi. Çünki onlar yeni Qvineyaya gedən yolu bilirdilər.
Ancaq Kolumba dəyib-toxunan olmadı. Kral onunla məktublaşmağa davam etdi və sonralar yenidən Lissabona gəlməyinə icazə verdi.
Kolumbun Portuqaliyanı tərk etməkdə məqsədi II Juanın rədd etdiyi layihə ilə qonşu ölkələrin krallarını tanış etmək olub. Eyni zamanda adlarını bir də yalnız ölüm yatağında xatırladığı lissabonlu kreditorlardan yaxasını qurtarmaq istəyirdi.
Kolumb yeddiyaşlı oğlu Dieqonu özü ilə götürüb kral VII Henrixi layihə ilə maraqlandırmaq üçün İngiltərəyə yollanmaq qərarına gəldi. Bununla da görkəmli dəniz səyyahının həyatında çox vacib bir mərhələ sona çatdı.
Portuqaliyada yaşadığı doqquz il Kolumba çox şey verdi: o, təcrübəli dənizçiyə çevrildi və yeni torpaqların kəşfi ilə bağlı layihənin müəllifi oldu.
Xristofor Portuqaliyanı tərk etdikdən sonra İspaniyaya yola düşdü. Yanında oğlu Dieqo da var idi. Yolda Palosdan üç mil cənubda ucalan ağ monastırla qarşılaşdı. Hava isti olduğundan balaca Dieqo monastırda bir neçə saat dincəlmək istədi. Həmin andan ağ monastır Kolumbun həyatına daxil oldu. Bu səbəbdən də ona xüsusi diqqət yetirməyə dəyər.
Rabida monastırına qışda, yayda yüzlərlə zəvvar gəlirdi və onları mehribanlıqla qarşılayırdılar. Kolumb İngiltərəyə rahat getmək üçün öz oğlunu müvəqqəti olaraq burada qoymaq istədi. Sonradan baldızı ilə onun arxasınca gələcəkdi. Dieqonu monastıra yerləşdirmək üçün məbədin başçısı Antonio de Marçenanın razılığı lazım idi. Kolumb hətta ən yaxın dostlarına belə ürəyini nadir hallarda açırdı. Ancaq o, monastır başçısına çox tez isinişdi. Bunun da səbəbi var idi. Bu kiçik monastırın başçısı oxumuş, elmli adam idi, astronomiya və kosmoqrafiyadan başı çıxırdı. Bir sözlə, Kolumbun onunla söhbəti tutdu. De Marçena səyyahın hazırladığı layihə ilə tanış oldu və heyran qaldı. Qonağına məsləhət gördü ki, dərhal saraya getsin. Hətta Kastiliya kralına və kraliçasına təqdim etmək üçün Kolumba zəmanət məktubu verdi.
Rabida monastırının başçısı ilə görüş Kolumda çox xoş təəssüratlar yaratdı. O, çox sonralar İzabella və Ferdinanda məktubunda yazırdı: «Tanrıdan savayı yalnız Antonio de Marçenadan kömək görmüşəm. Bu adamdan başqa hamı mənə istehza eləyirdi».
Şübhəsiz ki, Kolumb kimi həssas adam üçün Antonio de Marçena ilə görüş böyük əhəmiyyət kəsb edib. Lissabonda II Juandan aldığı rədd cavabı, arvadının ölümü, Kastiliyaya məcburən köçməyi – bütün bunlar ağır yük kimi onu sıxırdı. Onun xoş sözə, mənəvi köməyə ehtiyacı var idi.
Rabidada təsadüfi görüş Kolumbun sonrakı taleyini müəyyənləşdirdi. Bu görüş onun kral sarayına yolunu açdı, odur ki Rabida ilə əlaqələrini heç vaxt kəsmədi. Elə ağ monastır da sonralar böyük layihə müəllifindən köməyini əsirgəmədi.
De Marçena ilə görüşdən həvəslənən Kolumb Kordovaya[22 - Kordova – İspaniyanın cənubunda, Əndəlüs tarixi vilayətində şəhər] yola düşdü. Kastiliya kraliçası I İzabella və kral I Ferdinandın sarayı müvəqqəti olaraq orada yerləşirdi.
Həmin vaxt – 1485-ci ilin yayında I İzabella artıq on bir il idi Kastiliyanı idarə eləyirdi. O, on altı il idi ki, Araqon kralı Ferdinandla evli idi. Ferdinandın atası II Xuanın vəfatından sonra Kastiliya və Araqon ittifaq qurmuş, bununla da Kastiliya-Araqon dövləti yaranmışdı. Ölkədaxili sabitlik və qayda-qanun yaratmaq, daxili və xarici düşmənləri zərərsizləşdirmək üçün kral ilə kraliça Ferdinand fasiləsiz olaraq öz ölkələrini gəzirdilər. Onların sarayı qaraçı köçünə dönmüşdü. Arxalarınca isə Kral şurası və dəftərxananın böyükləri gedirdi. Köç bir yerdə iki-üç gündən artıq dayanmadığından, sənədlərin daşındığı sandıqların ağzını açmamağa üstünlük verilir, ən adi işin belə həlli illərlə uzanırdı.
Nəticədə kral cütlüyünün arxasınca Kolumb bütün İspaniyanı dolaşası oldu.
1485-ci ilin payızında kral köçü Kordovada dayandı.
Las Kasas güman edir ki, layihənin müəllifi nüfuzlu şəxslərin etibarını qazanaraq kralla kraliçanın qəbuluna dərhal düşə bilmişdi. Bunda Rabidə monastırı başçısının verdiyi zəmanət kağızının rolu da danılmazdır. De Marçena həmin məktubu vermişdi ki, Kolumb onu kraliçanın müşaviri Ernando de Talaveraya çatdırsın. Talavera Salamankada ilahiyyat təhsili almışdı və Prado kəndində monastırın başçısı olmuşdu. Həmin vaxtlar monastıra tez-tez baş çəkən İzabella sonradan onu məsləhətçi vəzifəsinə götürmüşdü.
Talavera Kolumbun layihəsi ilə tanış olduqdan sonra dövlət maraqlarından çıxış etdi: layihəyə soyuq yanaşdı. Çünki onun uğur gətirəcəyinə şübhə ilə yanaşırdı. Üstəlik, hesab edirdi ki, Qranada ilə müharibə getdiyi bir vaxtda xarici ekspedisiyalara ehtiyac yoxdur.
Lakin onu da demək lazımdır ki, sarayda Talavera olmasa, Kolumb kral cütlüyünün qəbuluna belə tez (beşinci ayda) düşə bilməzdi.
1486-cı il yanvarın 20-də İzabella və Ferdinandla görüşən görkəmli dənizçi gəmi səfərinə çıxacağı marşrutu cızdığı dünya xəritəsini onlara göstərdi. Lakin kral və kraliça da Kolumbun layihəsinə şübhə ilə yanaşdılar.
Dieqo Kolonun xahişi ilə Andres Karral adında birinin 1512-ci ildə məhkəmə zamanı verdiyi çox maraqlı ifadəsi var. Kolon həmin vaxt atasının mirası ilə bağlı Kastiliya krallığına məhkəmə davası açmışdı. Həmin ifadəyə görə, ətrafındakılar krala məsləhət görüblər ki, Admirala inanmasın. Onda Admiral xahiş edib ki, kral layihə ilə bağlı yekun fikir bildirməyi etibar etdiyi adama tapşırsın. Ferdinand razılaşır və bunu müqəddəs Fransisko ordeninin bir rahibinə həvalə edir. Həmin rahib sonradan alihəzrətə deyir ki, Admiralın layihəsinə güvənmək olar.
Ekspert qismində rəy bildirən bu şəxs Antonio de Marçena idi!
1486-cı il fevralın 24-də Marçena kral cütlüyünün qəbuluna gəldi. Onları Kolumbun layihəsini qiymətləndirmək üçün xüsusi komissiya yaratmağa inandırdı. Ardınca isə təklif etdi ki, dostu Ernando de Talavera komissiyanın rəhbəri təyin olunsun.
Bundan sonra kral və kraliça xüsusi komissiyanın yaradılmasını tapşırdılar. Komissiyaya astroloqlar və dənizçilər daxil edildi. Talaveranın köməkçisi isə hüquqşünas və diplomat Rodriqo de Maldonado oldu.
De Maldonado 1479–1480-ci illərdə Kastiliya ilə Portuqaliya arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı çox mürəkkəb danışıqlarda iştirak etmişdi. Tərəflər iki ölkənin hüdudlarını orijinal tərzdə bölmüşdülər. Xəritədə üfüqi xətt çəkilmişdi. Həmin xətt Kanar adalarının cənubundan keçirdi. Bütün okean və xətdən cənubdakı torpaqlar Portuqaliyanın, Kanar adaları və Okeanın şimaldakı hissəsi Kastiliyanın idi.
Maldonado narahat idi ki, Kolumbun layihəsi iki ölkə arasındakı bu razılığı poza bilər.
1486-cı ilin payızınadək Talaveranın rəhbəri olduğu komissiya dəfələrlə toplaşdı və Kolumbun layihəsini qızğın şəkildə müzakirə etdi. Lakin son qərar verilmədi.
1487-ci ildə Kastiliya qoşunu Qranada əmirliyinin ikinci böyük şəhəri Malaqanı bir neçə aylıq mühasirədən sonra ələ keçirdi. Bu qələbəyə hədsiz sevinən kral cütlüyü Kolumbu Kordovadakı iqamətgahlarına çağırdı. Həmin görüş Kolumbun ümidlərini doğrultmadı. Kral cütlüyü görkəmli dənizçiyə layihəni maliyyələşdirməklə bağlı qəti cavab vermədi. Lakin həmin il oktyabrın 15-də əlahəzrətin əmri ilə xəzinədən Kolumba pul ayrıldı.
Elə həmin vaxt Xristofor Kordovada Beatris Enrikes de Arana ilə tanış oldu. Qızın onda on doqquz-iyirmi yaşı olardı.
Kolumb ilə Beatris birgə yaşamağa başladılar. Bir müddət sonra, 1488-ci ilin avqustunda isə oğulları Fernando dünyaya gəldi.
Kolumb Beatrislə nikah bağlamayıb, bu da görkəmli dəniz səyyahının bir çox bioqrafını son dərəcə heyrətləndirir.
Sonradan vəziyyət Kolumbu öz sevgilisini və yeni doğulan körpəni tərk etməyə məcbur etdi. Ancaq o, Beatrisi unutmadı, üstəlik, böyük oğlu Dieqoya tapşırdı ki, tez-tez onları yoluxsun.
Dieqo atasının iradəsini yerinə yetirdi. Lakin gələcəkdə Beatrisdən olan oğlu Fernando bir dəfə belə Kolumbu xatırlamayacaq, hətta öz məzar kitabəsində atasının adını yazdırmağı «unudacaqdı».
Fernandonu bağışlamaq çətindir, ancaq onu başa düşmək olar. O, Kolumbun qeyri-qanuni oğlu hesab edilirdi, ata mirasına haqqı çatmırdı. Kastiliya qanunları ailənin kiçik uşaqlarına, üstəlik, qeyri-qanuni oğullara qarşı amansız idi. Yalnız böyük oğullar atanın varisi ola bilərdilər.
Kolumbun isə həyatında payız sevgisi dərin iz qoyub. Şübhəsiz ki, Beatris yüksək mənəviyyata sahib idi. Məhz buna görə taleyin üz döndərdiyi Kolumbu ağır günlər yaşadığı bir vaxtda sevib, ondan heç zaman maddi olaraq heç nə tələb etməyib. Gənc qadına, əsasən, doğmaları kömək edib, ona qayğı göstəriblər. Nikahsız olduğu halda dünyaya uşaq gətirdiyi üçün yaranan qeybətlərə, dedi-qodulara mətanətlə sinə gərib. Bu dedi-qodular, qeybətlər tədricən öləziyib, çünki Kordovada adət-ənənələr Kastiliyanın şimalı ilə müqayisədə bir o qədər də sərt deyildi. Burada təsadüfi əlaqələr kəskin qınaq obyektinə çevrilmirdi.
Kolumb isə sonralar öz təzə qohumlarını layiqincə qiymətləndirmiş, onlara daim etibar eləmişdi. Beatrisin əmizadəsi Dieqo de Arana ilk gəmi səfərində görkəmli dənizçinin ən sadiq silahdaşı olmuşdu. Kolumb Yeni Dünyada avropalıların ilk yaşayış məntəqəsi sayılan Navidad qalasının komendant vəzifəsini də ona həvalə etmişdi.
***
Kolumb həmişə aza qane olan adam idi. Ancaq kasıbyana yaşamaq üçün belə hər ay ən azından iki-üç min maravedi[23 - Maravedi – Portuqaliya və İspaniyada pul vahidi] xərcləmək lazım gəlirdi. Kral cütlüyü isə ona 1487-ci ildə vur-tut on min maravedi vermişdi. Beatrislə eşq yaşamağa başlayanda Kolumbun xərcləri artmışdı. Odur ki kral və kraliçanın verdiyi pul azlıq edirdi.
Kolumb 1488-ci ilin birinci yarısında eşitdi ki, Portuqaliya kralı II Juan bir il əvvəl Azor adalarının kapitan-qubernatoru Fernana Dulmonu sirli Yeddi şəhər adalarını[24 - Yeddi qızıl şəhər – Pireney yarımadasında orta əsrlərdə yaranan əfsanə] axtarmağa göndərib.
Doğrudan da, Dulmo və Madeyra sakini Afonso di İştreyto ilə kral 1486-cı ilin iyulunda müqavilə bağlamışdı. Müqaviləyə görə, II Juan hələ kəşf edilməmiş Yeddi şəhər adalarını «Fernan Dulmo və varislərinə» bağışlamışdı.
Bu ekspedisiya haqqında başqa məlumat yoxdur. Ola bilsin, Dulmonun ekspedisiyası heç açıq dənizə çıxmamışdı. Ancaq bu xəbər Kolumbu narahat etməyə bilməzdi. Axı onun məqsədi kral II Juana məlum idi və Dulmonun ekspedisiyasına Asiyaya qərb yolunun axtarışına cəhd kimi baxmaq olardı.
Bu səbəbdən Kolumb II Juana məktub ünvanladı və ona öz xidmətini təklif etdi. Kral məktubu dərhal cavablandırdı. O, Kolumbu «bizim dəyərli dostumuz» adlandıraraq Portuqaliyaya dəvət etdi.
Kral məktubu 1488-ci il martın 20-də imzaladı və Sevilyaya göndərdi. Ancaq bu məktubu alan Kolumb dərhal Lissabona yollanmadı. O, kral cütlüyünün sarayında bəxtini bir daha sınamaq qərarına gəldi.
1488-ci il martın sonunda Kolumb Valensiyaya gəldi, daha sonra isə kral və kraliçanın məiyyətləri ilə onların arxasınca Mursiyaya getdi. Lakin İzabella ilə Ferdinandın qəbuluna düşə bilmədi. Onun yeganə nailiyyəti daha bir «məvacib» oldu. Belə ki, 1488-ci il iyunun 18-də kral cütlüyünün əmri ilə Kolumba üç min maravedi verildi.
1488-ci ilin iyunundan 1489-cu ilin may ayına qədər Kolumbun adına heç bir qaynaqda rast gəlmirik. Ona görə də qəhrəmanımızın həmin vaxt nə ilə məşğul olduğunu dəqiq demək çətindir.
***
Portuqaliya kralı tərəfindən Qvineyaya yeni kəşflər etməyə göndərilən Bartolomeu Diaş[25 - Bartolomeu Diaş (1450–1500) – portuqaliyalı dəniz səyyahı] 1488-ci ilin dekabrında Lissabona gəldi. O, Afrikanın cənub qurtaracağını arxada qoyaraq Ümid burnuna qədər irəliləmişdi. Yolun son kəsimi – Ümid burnundan Hindistana getmək qalmışdı.
II Juan işi belə gördükdə yenidən hüzuruna gələn Kolumbun layihəsini arxa plana atdı və Hindistana aparan şərq yolu ilə maraqlanmağa başladı. Görkəmli dənizçi ilə danışıqları dayandırdı və onun Kastiliyaya qayıtmasına icazə verdi.
Ancaq şər deməsən, xeyir gəlməz. Bartolomeu Diaşın kəşfi Kolumbun kral II Juana olan ümidlərini puça çıxarsa da, İzabella və Ferdinandın sarayındakı hörmətini artırdı. Hər şey aydın idi: Hindistana şərqdən gedən yol portuqaliyalılarındır, qərbdən gedəcək yol isə öz qəhrəmanını gözləyir.
Ləngimənin səbəbi isə kiçik Qranadanın hələ də müqaviməti davam etdirməsi idi. Bu səbəbdən də kral cütlüyünün Kolumbun planları ilə məşğul olmağa vaxtı yox idi.
***
1489-cu il Kolumba yaxşı heç nə vəd etmədi. Kral cütlüyündən hələ də xəbər-ətər yox idi. Bu səbəbdən də Xristoforun qardaşı Bartolomeo Kolumb ingilis kralı VII Henrixə üz tutdu, lakin ondan da rədd cavabı gəldi. Belədə qardaşlar öz xidmətlərini Fransaya təklif etmək fikrinə düşdülər. 1490-cı ildə Bartolomeo Fransaya yollandı, orada mərhum kral XI Lüdovikin qızı Anna de Boje ilə danışıqlar apardı. Xristofor Kolumbun özü də dəfələrlə Fransaya getməyə cəhd göstərdi. Lakin bütün bunlar nəticəsiz qaldı. Görkəmli səyyahın öncə Medina-Sidoniya hersoqu, ardınca isə Madinaseli hersoqu ilə dil tapmaq üçün göstərdiyi səylər də nəticəsiz qaldı.
Yeri gəlmişkən, sonralar, 1493-cü ildə Madinaseli hersoqu kardinal Mendosa yazırdı ki, Kolumbu üç-dörd gəmi ilə səfərə yollamağı düşünürmüş. Ancaq kraliça I İzabellanın qəzəbinə gələcəyindən qorxaraq bu fikirdən daşınıbmış.
Elə kraliça İzabella da istəmirdi ki, özünün tanınmış vassalları Kolumbun planlarının bəhrəsini dərsinlər. Bu səbəbdən Kolumba saraya gəlmək əmri verdi. Belədə Xristofor dərhal Kordovaya yola düşdü. Həmin vaxt bu səfərin üç il çəkəcəyi Kolumbun ağlına gəlmirdi. Qranada əmirliyi bütün hesablamaları alt-üst etmişdi və kral ilə kraliçaya qarşı savaşa başlamışdı. 1489-cu ildə start götürən müharibə 1491-ci ilin yayında şəhərin yenidən mühasirəyə alınması ilə nəticələndi. Kral cütlüyü Qranadanın divarları yanında böyük hərbi düşərgə salıb şəhəri aclıqla təhdid etdi. Həmin düşərgəyə Santa Fe adı qoydu.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289505) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Abbat – V əsrdən başlayaraq katolik kişi monastırının rəhbərlərinə verilən fəxri kilsə titulu

2
Qalisiya – İspaniyanın şimal qərbində yerləşən və cənubdan Portuqaliya ilə həmsərhəd olan muxtar region

3
Abreviatur inisial – söz birləşməsi formasında olan mürəkkəb şəxs adlarının ilk hərflərindən ibarət ixtisar

4
Araqon – İtaliyanın şimalında, Kastiliya isə şimal-qərbində yerləşir. Araqon kralı I Ferdinand I İzabella ilə evləndikdən sonra hər iki bölgəni əhatə edən krallığın hökmdarı elan edilmişdi.

5
Mayorat – feodalizm dövründə mirasın böyük oğula çatmasına aid sənəd

6
Qalera – qədim yunanların, romalıların, karfagenlilərin istifadə etdikləri avarlı hərbi gəmi

7
1452–1456-cu illərdə Roma papası Şimali Afrikadan cənub və şərqdəki torpaqlara sahib olmaq hüququnu Portuqaliyaya vermişdi. Bu isə Kastiliyanın narazılığına səbəb oldu. Lakin sonda Kastiliya 1479-cu ildə Portuqaliyanın həmin ərazilər üzərindəki hüquqlarını tanıdı. Lakin Kolumb «Qərbi Hindistan»ın «kəşfi» ilə nəticələnən ilk ekspedisiyasını başa vurduqdan sonra vəziyyət dəyişdi. Belə ki, həmin kəşf Portuqaliyanın daha əvvəl verilmiş torpaqlar üzərindəki hüquqlarını pozurdu. Nəticədə yeni ixtilaf yarandı. Papanın vasitəçiliyi ilə tərəflər arasında 1494-cü ildə imzalanan Tordesiyas müqaviləsi ilə torpaqlar yenidən bölüşdürüldü. Onların bir hissəsi Portuqaliya krallığına, digər hissəsi isə Kastiliya və Araqon krallığına verildi.

8
Koloniya – qədim yunanların və romalıların öz ölkələrinin hüdudlarından kənarda, yad ərazilərdə saldığı məskən

9
Rekonkista – Pireney yarımadasında yaşayan müsəlmanların sıxışdırılmasına səbəb olmuş dini məzmunlu hərəkat

10
Mavr – orta əsrlərdə Pireney yarımadasında və Şimali Afrikanın şimal-şərq hissəsində məskunlaşmış, ərəb dilinin yerli dialektlərində danışan müsəlman əhalisinə avropalıların verdikləri ad

11
Las Kasas (1484–1566) – ispaniyalı keşiş və Yeni Dünyanın tarixçisi. İnsan haqları uğrunda ilk mübarizə aparanlardan biri sayılır.

12
Normanlar – 912-ci ildən Normandiyada (Şimali Fransada coğrafi bölgə) yaşayan frank və vikinq qarışığı olan xalq

13
Labrador – Şimali Amerikada yarımada

14
Sipanqo – indiki Yaponiya ərazisinə daxil olan adalar qrupu

15
Nikkolo Konti (1395–1469) – venesiyalı tacir və səyyah

16
Böyük Albert (1200–1280) – alman filosofu, ilahiyyatçı

17
Rocer Bekon (1214–1292) – ingilis filosofu, təbiətşünas

18
Pyer d’Ali (1350–1425) – fransız filosofu, ilahiyyatçı

19
Averroes (1126–1198) – əndəlüslü ərəb filosofu və təbibi İbn Rüşd

20
Tartariya – qərbdə Xəzər dənizi ilə Ural dağları, şərqə Sakit okean arasında yerləşən tarixi bölgə. Coğrafi ifadə olaraq XIII əsrdən XIX əsrədək işlədilib.

21
II Piy (1405–1464) – Roma papası

22
Kordova – İspaniyanın cənubunda, Əndəlüs tarixi vilayətində şəhər

23
Maravedi – Portuqaliya və İspaniyada pul vahidi

24
Yeddi qızıl şəhər – Pireney yarımadasında orta əsrlərdə yaranan əfsanə

25
Bartolomeu Diaş (1450–1500) – portuqaliyalı dəniz səyyahı
Xristofor Kolumb Яков Свет
Xristofor Kolumb

Яков Свет

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Xristofor Kolumb, электронная книга автора Яков Свет на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв