Mustafa Kamal Atatürk
Aleksandre Jevaxoff
Tarixi yaradanlar
Fransız müəllif Aleksandre Jevaxoffun sizə təqdim olunan kitabında Atatürkün ömür və mübarizə yolu, eləcə də daxili aləmi ətraflı təsvir edilib.
Aleksandre Jevaxoff
Mustafa Kamal Atatürk
Əgər bir gün mənim sözlərim elmlə ziddiyyət təşkil edərsə, siz elmi seçin.
Mustafa Kamal Atatürk
Mustafa Kamalın dünyaya gəlişi
Mustafa Kamal Atatürk 1912-ci ilədək Osmanlının tabeliyində olan, hazırda isə Yunanıstanın ikinci böyük şəhəri sayılan Salonikidə dünyaya gəlib. Aralıq dənizi sahilində yerləşən bu şəhər Makedoniya çarı Kassandr (M.ö. 355–297) tərəfindən salınıb. Makedoniyalı İsgəndərin ölümündən sonra taxt-taca yiyələnə bilmək üçün Kassandr məşhur hökmdarın bacısı Fessalonika ilə evlənmişdı. O, saldığı şəhərə də məhz onun adını vermişdi.
Mustafanın anadan olduğu il kimi 1881-ci il göstərilir. Böyük sərkərdə və siyasətçinin konkret olaraq hansı ayda və gündə doğulduğu isə indinin özündə belə mübahisə mövzusudur.
Maraqlıdır ki, Mustafa Kamalın sağlığında – 1935-ci ildə çap olunmuş «Türkiyə Respublikasının tarixi» adlı rəsmi nəşrdə də bu böyük sərkərdə və siyasətçinin sadəcə doğulduğu il göstərilib. Qəhrəmanımızın ən yaxşı bioqraflarından sayılan Sürəyya Aydəmirin versiyasına görə, Atatürk 1881-ci il yanvarın 14-də doğulub. Bəzi bioqraflar isə onun dünyaya gəldiyi il olaraq 1881-ci ili qəbul etsələr də, ay və gün məsələsində fərqli fikirdədirlər: 23 dekabr.
«Mən təvəllüd tariximi dəqiq bilmirəm, – Atatürkün özü isə belə deyirdi. – Bizim ailədə ad günləri qeyd olunmurdu. Əksər ailələrdə isə uşağın doğulduğu ayı, günü, ili xüsusi bir yerə qeyd edirdilər. Lakin mən doğum günümlə bağlı bu cür qeydə heç vaxt rast gəlməmişəm. Nə vaxtsa anamdan bu barədə soruşanda o belə cavab vermişdi: «Sən dünyaya gələndə üzüm yetişmişdi…» Buradan Atatürkün payızın ilk çağlarında doğulduğunu təxmin etmək mümkündür. Mustafanın yaşca özündən xeyli böyük olan bacısı Məqbulə xanımın isə bu barədə dedikləri daha qeyri-müəyyəndir. Onun sözlərinə görə, qəhrəmanımız dünyaya gələrkən güclü qar-boran var imiş. Məqbulə xanımın sözlərindən ancaq bunu anlamaq olar: Atatürk, böyük ehtimalla, qış aylarında doğulub. Bu da Mustafanın 1881-ci ilin yanvar, yaxud dekabrında anadan olduğu barədə versiyaları bir qədər möhkəmləndirir.
Bütün bu müəmmalar səbəbi ilə Atatürkün doğum günü simvolik olaraq 19 may kimi qəbul edilir. Səbəbi isə sadədir: məhz həmin gün (1919-cu il) Mustafa Kamal 9-cu ordu müfəttişi olaraq Samsuna gəlmiş, beləcə, qurtuluş hərəkatını başlatmışdı. Türkiyə Respublikasının qurulması yolunda bu ilk addımı qəhrəmanımız həm də özünün «doğum günü» elan etmişdi.
Mustafa necə Mustafa Kamal oldu
Mustafa atası Əlirza bəyi erkən yaşda, 1889-cu ildə itirib. Dövlət idarəsində kiçik məmur olaraq çalışan Əlirza bəy vərəmə yoluxaraq dünyasını dəyişmişdi. Beləliklə, gələcəyin böyük hərb və siyasət adamını anası Zübeydə xanım böyütmüşdü.
Mustafanın valideynləri 1871-ci ildə evləniblər. Bu evlilikdən dünyaya gələn uşaqların dördü müxtəlif xəstəliklərdən kiçik yaşlarında dünyasını dəyişib. Yalnız Mustafa ilə bacısı Məqbulə xanım həyatda qala biliblər. Yeri gəlmişkən, Məqbulə xanım Atatürkdən xeyli sonra – 1956-cı ildə dünyasını dəyişib. Qeyd edək ki, Mustafanın ailəsi maddi cəhətdən çox çətinlik çəkib.
İlk təhsilini məhəllə məktəbində alan, ardınca Əlirza bəyin istəyi ilə Şəmsi Əfəndi məktəbinə keçən Mustafa atasını itirdikdən sonra bir müddət Salonikidən kənarda, dayısının yanında qalıb. Lakin tezliklə yenidən doğulduğu şəhərə qayıdaraq təhsilini davam etdirib. Saloniki Mülki Rüştiyəsinə (orta məktəb) daxil olan qəhrəmanımız 1893-cü ildən etibarən şəhərin hərbi məktəbinə yollanıb. Bununla da o yalnız bir ölkənin deyil, bütövlükdə dünya tarixini dəyişdirəcək hərbçi kimi yetişməyə başlayıb.
Onu da qeyd edək ki, Mustafanın adının arxasına «Kamal» sözü də məhz həmin məktəbdə riyaziyyat müəllimi tərəfindən, həddən artıq ağıllı-kamallı olduğu üçün əlavə edilib.
Bir məqamı da mütləq qeyd etmək lazımdır: hələ atasının sağlığında anası Zübeydə oğlunu ənənəvi dini məktəbə yollamaq istəyirdi. Lakin Əlirza bəy Mustafanın Salonikidə yenicə açılmış dünyəvi məktəbdə oxumasını daha münasib sayıb. Bu da Mustafa Kamalın tərcümeyi-halındakı həlledici məqamlardan biridir. Çünki məlum deyil, atasının seçimi dünyəvi məktəb olmasa idi, biz yenə Atatürkdən danışa biləcəkdik, ya yox.
Bəs sonralar Mustafa Kamal niyə mülki məktəbi hərbi məktəbə dəyişmişdi? Bu sualın cavabını yaxşı olar ki, onun öz yazdıqlarından oxuyaq: «Qonşumuz Xətib bəy mayor rütbəli hərbçi idi. Oğlu Əhməd də hərbi məktəbdə oxuyur, elə həmin məktəbin formasında da gəzirdi. Bir gün mən də onun kimi geyinmək fikrinə düşdüm. Üstəlik, Saloniki küçələrində tez-tez rastlaşdığım zabit mundirli hərbçilər bu istəyimi daha da alovlandırdı. Anam hərbçi olmağımı istəmirdi, çünki gələcək taleyimdən narahat idi, bir gün məni hansısa savaşda itirəcəyindən qorxurdu. Bu səbəbdən hərbi məktəbə sənədlərimi anamdan xəbərsiz təqdim etmişdim. Elə imtahan verərkən də xəbəri olmamışdı. Məsələdən hali olduqda isə artıq iş-işdən keçmişdi…»
Mustafa Kamalın xatirələrindən daha bir maraqlı məqam:
«Hərbi məktəbə daxil olandan bir müddət sonra anamdan soruşdum:
– Unutmamısansa, mən doğularkən atamın sənə nə hədiyyə etdiyini söyləyə bilərsənmi?
Anam bir az duruxub cavab vermişdi:
– Qılınc.
– Bəs sən o qılıncı harada saxlayırdın?
– Sənin beşiyinin altında…
– Deməli, atam da hərbçi olmağımı istəyirmiş. Mən əsgər olmaq üçün doğulmuşam».
Əslində, Mustafa Kamalın sadəcə zabit mundirinə, əsgər geyiminə görə hərb sənətini seçdiyini söyləmək sadəlövhlük olardı. Əvvəla, Osmanlı zamanında hər bir gəncin ən böyük arzusu dövlət qulluğuna, o cümlədən, orduya daxil olmaq və burada uğur qazanmaq idi. İkincisi, sonralar, 1926-ci ildə Mustafa Kamal hərb sənətinə meyil salmasının səbəblərindən bəhs edərkən belə demişdi: «Böyüdükcə daha çox sərbəst olmaq, sərbəst qərarlar vermək istəyirdim… Ailədə isə səni daim nəzarət altında saxlayır, öz istəklərinə görə istiqamətləndirməyə çalışırlar. Zaman keçdikcə insan iki seçim arasında qalır: ya onların dediyi ilə oturub-durmaq, ya da heç kəsin öyüd-nəsihətinə qulaq asmamalısan. Zənnimcə, elə də pisdi, belə də…» Bu söylədiklərindən anlaşılan odur ki Mustafa Kamalın hərb sənətini seçməsində bir az da müstəqil qərar vermək, gələcəyi ilə bağlı sərbəst seçim etmək istəyi rol oynayıb.
Salonikidəki hərbi məktəbi bitirdikdən sonra qəhrəmanımız bu dəfə Manastır şəhərinə yollandı və oradakı kadet məktəbinə[1 - Kadet məktəbi – orta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəb] daxil oldu. O vaxt Osmanlı hakimiyyətinə tabe olan bu şəhər hazırda Şimali Makedoniyada yerləşir və Bitola adlanır. 1896–1899-cu illərdə həmin məktəbdə təhsil alan Mustafa Kamalın növbəti dayanacağı İstanbul oldu. O, buradakı hərbi akademiyada iki il (1899–1901) oxudu. Cavan oğlan xoşagəlməz xatirələri yaddaşından silmək istəyirdi.
Yeri gəlmişkən, Mustafa Kamal kadet məktəbində oxuduğu illərdə türk-yunan müharibəsi başlamışdı. Bu səbəbdən də o, təhsilini yarımçıq qoyaraq savaşa qatılmaq istəmişdi. Lakin icazə verilməmişdi.
Təhsil aldığı illərdə Mustafa Kamal bir qədər təkəbbürlü təsir bağışlayırdı. Yaşıdları arasından seçilməyə çalışır, ən adi məsələlərdə belə özünü hədsiz qürurlu aparırdı. Məsələn, o, kürək nahiyəsini əyməmək üçün «eşşəkbeli» oynamaqdan imtina edirdi.
Mustafa Kamal İstanbulda
Gənc Mustafa hərbi akademiyanı 459 məzun arasında ön sıralarda – səkkizinci yerdə (qiymətləndirməyə əsasən) bitirdi. Sinif yoldaşlarından biri Əli Fuad həmin dövrü belə xatırlayacaqdı: «Hərbi geyim ona həddən artıq yaraşırdı». Əzim adlı başqa bir kursant yoldaşı isə istər hərbi, istərsə də mülki paltarda olsun, Mustafa Kamalın həmişə öz səliqəli geyimi ilə başqalarını heyrətləndirməyə çalışdığını heç zaman unutmayacaqdı: «Hədsiz dərəcədə ədəbli bir gənc olan Mustafa heç vaxt əsəbiləşməz, geyim-keciminə xüsusi diqqət yetirər, fikirlərini olduqca səlis, gözəl ifadə edərdi. Aydın görünürdü ki, o özünü gələcəyin nümunəvi zabiti kimi hazırlayır».
Mustafa Kamalı Manastırdan – bu cansıxıcı şəhərdən İstanbula gətirən yalnız hərbi təhsilini daha da təkmilləşdirmək deyildi. Manastıra, məsələn, nadir hallarda teatr truppası gələrdi. İstanbulda isə teatr və əyləncə yerlərinin nə sayı var idi, nə də hesabı… Axşam düşdükdə Manastırda göz-gözü seçməzdi, ancaq Osmanlı paytaxtında küçələr işıqlandırılırdı. Qalata körpüsünün xəfif yellənişi, sahil yeməkxanalarından ətrafa yayılan qızardılmış balıq qoxusu, yüksək minarələrdən ucalan azan səsi – Mustafa Kamalın İstanbulda diqqətini ilk çəkən bunlar oldu.
Gənc Mustafanı Osmanlı paytaxtında sinif yoldaşı Əli Fuadın ailəsi qonaq etmişdi. Əli Fuadın atası general, babası isə marşal idi. Bu səbəbdən də Bosfordakı[2 - Bosfor (və ya İstanbul Boğazı) – Qara dəniz ilə Mərmərə dənizini bir-biriləri ilə əlaqələndirən su keçidi və onun ətrafındakı ərazi] mülkündə yaşayan ailə İstanbulun həmin dövrdəki aristokrat zümrəsinə yaxın idi. Bir sözlə, Mustafa Kamal tamam fərqli mühitə düşmüşdü. Əli Fuadın sonralar yazdığına görə, «atası Mustafaya öz oğlu kimi yanaşırdı». Bu isə qəhrəmanımızın İstanbulda özünü çox rahat hiss etməsinə yol açmışdı. İstanbul Mustafa Kamalın mədəniyyətə vurğunluğunu birə-beş artırmışdı.
Bununla belə, qəhrəmanımızı təəccübləndirən, eyni zamanda narahat edən məqamlar da az deyildi: Osmanlı paytaxtında əcnəbilər at oynadırdı, şəhərin ovaxtkı 870 minlik əhalisinin 130 min nəfəri xaricilər idi. Üstəlik, onlar İstanbulda önəmli mövqelərə sahib idilər. Hətta Mustafa Kamalın bir müddət sonra yaşamağa başladığı ailə pansionatının sahibi belə fransız qadın idi. Bu mənzərə Osmanlı dövlətinin 1820-ci illərdən daha da sürətlənən zəifləməsinin, xarici güclərin təsiri altına düşməsinin əyani isbatı idi.
Hər ziyanda bir xeyir var. Mustafa Kamal İstanbulu bürüyən əcnəbilərdən çox şey öyrənirdi. O, məsələn, Gənc türklərin[3 - Gənc türklər (və ya jön türklər) – Osmanlı imperiyasının son dönəmlərində ortaya çıxan və Sultan II Əbdülhəmid (1842 – 1918) hakimiyyətinə müxalif olan gənc ziyalılara verilmiş ad] Parisdə nəşr edilən məqalələri ilə məhz qaldığı ailə pansionatının sahibi olan qadın vasitəsilə tanış olmağa başlamışdı. Bu məqalələr gələcəyin böyük dövlət adamının siyasi-ictimai dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdı. Mustafa Kamal xatırlayırdı: «Həmin məqalələr sayəsində mən və yoldaşlarım artıq dərk etməyə başlamışdıq ki, ölkədəki siyasi vəziyyət nə qədər ağır və ciddidir». Qəhrəmanımızın o dövrkü dostlarından Əzim bəy xatirələrində Mustafa Kamalın yuxarıdakı sözlərini daha da konkretləşdirir: «Gizlicə Namiq Kamalın[4 - Namiq Kamal (1840, Təkirdağ – 1888) – Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. Osmanlı dönəmindəki ilk konstitusiya layihəsinin (1876) hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. Hökumət əleyhinə çıxışları səbəbindən həbs olunub və 38 ay Kiprdəki Maqoz qalasında saxlanılıb.] əsərlərini oxumağa başlamışdıq. Onun yazdıqlarını öz aramızda müzakirə edir, Namiq Kamal sayəsində Sultan II Əbdülhəmidin[5 - Sultan II Əbdülhəmid (1842 –1918) –34-cü Osmanlı sultanı. 1876 – 1909-cu illərdə hakimiyyətdə olmuşdur.] Osmanlını uçuruma apardığının fərqinə varır, eyni zamanda azadlıq, parlamentarizm kimi anlayışları daha dərindən mənimsəyirdik. Görkəmli fransız inqilabçılarının da vaxtilə bu dəyərləri müdafiə etdiyini öyrənir, mövcud rejimin vətəni qorumaq iqtidarında olmadığına zərrəcə şübhə eləmirdik».
Həmin vaxt Namiq Kamal artıq həyatda olmasa da, onun kitabları, məqalələri əldən ələ keçməkdə davam edir, nəticədə onun yeni və layiqli davamçıları meydana çıxırdı. Həmçinin Avropa, xüsusilə də fransız müəlliflərindən təsirlənən bu gənc türk ziyalıları ölkədə dərin, köklü islahatların zəruriliyinə şübhə etmirdilər. Onlar özlərini türk millətçiliyinin müdafiəçisi sayır, eyni zamanda türklərin hər hansı baxımdan qeyri-xalqların, o cümlədən, ərəblərin təsirindən xilas etməyə çalışırdılar. Bu Gənc türklərdən biri də Mustafa Kamal idi…
Mustafa Kamalın inamı
Əvvəl də qeyd etdiyimiz kimi, Osmanlı imperiyasının dayaqları laxlamağa başlamışdı. 1299-cu ildə qurulan bu qüdrətli dövlət öz əzəmətini itirir, sahib olduğu ucsuz-bucaqsız torpaqlar tədricən əlindən çıxırdı. Gənc Mustafa bu cür davam edəcəyi təqdirdə nəhəng imperiyanın uzun yaşamayacağına inanmağa başlamışdı. Onun Osmanlı dövlətinin aqibəti ilə bağlı ilk narahatlığı 1897-ci ildə ortaya çıxdı: həmin il osmanlılarla yunanlar arasında baş verən və tarixə «Otuz günlük müharibə» kimi düşən savaşdan türklər qalib çıxmış, ancaq Sultan II Əbdülhəmid böyük dövlətlərin təzyiqi qarşısında tab gətirə bilməmişdi. Nəticədə osmanlılar Afinanı ələ keçirib yunan təhlükəsini xeyli dərəcədə zərərsizləşdirə biləcəyi halda, geri çəkilməli və qarşı tərəflə İstanbul sazişinə imza atmalı olmuşdu. Bu sazişə əsasən, hazırda Yunanıstanın ən böyük adası olan Krit adası Osmanlı dövlətinin tabeliyində qalsa da, onun xristian vali[6 - Vali – Şərqin bəzi ölkələrində (Türkiyə və s.) şəhər, vilayət rəisi, qubernator] tərəfindən idarə edilməsi razılaşdırılmış, üstəlik, döyüşlər zamanı ələ keçirilən Fessaliya[7 - Fessaliya – Yunanıstanın şimal-şərqində Egey dənizi sahillərində tarixi bölgə. 1394-cü ildə Osmanlı dövlətinin tərkibinə daxil edilmiş, 1881-ci ildə Yunanıstanın tərkibinə keçmişdir.] yunanlara qaytarılmışdı. Müqavilənin ən arzuedilməz nəticəsi o idi ki, Krit adası faktiki olaraq muxtariyyət əldə etmişdi. Elə bu səbəbdən də sonralar, 1913-cü ildə adanın yunanlar tərəfindən işğalı xeyli asanlaşdı.
Mustafa Kamal «Otuz günlük müharibə»nin atəşkəslə bitməsindən bərk məyus olmuşdu: «Müəllimlərimiz əminliklə bəyan edirdilər ki, biz bütün Yunanıstanı tuta bilərik. Lakin atəşkəs xəbərini eşidəndə kursantlar möhkəm sarsıldı. Hətta gənc zabitlərdən biri göz yaşını saxlaya bilməmiş, baş verənləri başımıza gələn böyük bir bəla kimi qiymətləndirmişdi. Ancaq buna baxmayaraq Manastırın küçələrində sevinc dolu yürüşlər təşkil olunur, «Yaşasın sultan!» şüarları səslənirdi. Həyatımda ilk dəfə idi ki, bu arzuya qatılmırdım…»
Osmanlının gələcəyinə şübhə ilə yanaşan yalnız Mustafa Kamal deyildi. «Gün gələcək, bizim hökumət tamamilə dağılacaq, – Əli Fuadın atası İsmayıl Fazilə qonaq olan bir general Mustafanın da iştirak etdiyi söhbət əsnasında demişdi. – Ancaq güman etmirəm ki, onun yerində Avropa modelinə uyğun hakimiyyət formalaşsın».
«Zati-aliləri, bu hökumətin yıxılacağına şübhə eləmirəm, – Mustafa Kamal nəzakətlə dillənmişdi, – Avropa ölkələrindəki idarəçiliyə bənzəyən hakimiyyət modeli isə mütləq yaranacaq. Lakin onun öz vaxtı var… Yeni nəsil arasında güvəniləsi adamlar az deyil».
«Mustafa Kamal əfəndi, oğlum, görürəm ki, İsmayıl Fazil sənə münasibətində qətiyyən yanılmayıb. İndi mən onunla razılaşıram: ağıllı və cəsarətli bir gəncsən» – qonaq bunu dedikdən sonra bir anlıq susmuş və əlavə eləmişdi: «Aydın görürəm ki, sən Osmanlı ordusunun hazırkı zabitlərinin çoxundan daha iti ağıla və parlaq qabiliyyətlərə maliksən. Şübhə eləmirəm ki, ölkənin gələcəyinə böyük fayda verəcəksən. Önəmli dövlət adamı olacağına inamım sonsuzdur. Allahdan arzum odur ki dediklərim gerçək olsun!»
***
İstanbuldakı hərbi akademiyanı yüksək göstəricilərlə bitirən Mustafa Kamal məhz bu səbəbdən dərhal baş qərargahda işə götürüldü. Kapitan rütbəsi alan gələcəyin böyük sərkərdəsi və siyasətçisi bununla da hərbi elitaya doğru ilk addımlarını atdı. O vaxtlar kapitan rütbəsi vəzifə pillələri ilə yüksəlmək üçün geniş imkanlar açırdı. Lakin Mustafa Kamal üçün proseslər gözlənilməz istiqamətdə inkişaf etdi: o, vaxtilə kursant yoldaşı olmuş bir neçə nəfərlə birgə həbs edildi.
Mustafa Kamal hələ hərbi təhsil aldığı dövrdə dostları ilə bərabər azadlıq ideyalarını yayan gizli qəzet çap etdikləri üçün həbs təhlükəsi ilə üzləşmiş, lakin oxuduğu məktəbin komendantı onu və yoldaşlarını təhlükədən xilas eləmişdi. Eyni təhlükə kapitan rütbəsi ilə vəzifəyə başladıqdan az sonra yenidən ortaya çıxdı: bu dəfə də Mustafa Kamal hökumət əleyhinə fikirlərinə görə Əli Fuad və digər iki keçmiş kursant yoldaşı ilə birgə hədəfə gəldi. On gün həbsdə saxlanıldıqdan sonra azad edilən qəhrəmanımız öncə Osmanlını tərk eləyərək Avropaya üz tutmaq fikrinə düşdü. Ancaq tezliklə həmin fikrindən daşındı. İstanbulda qalaraq müdafiə etdiyi ideyalar uğrunda mübarizə aparmağı üstün tutdu.
Lakin 1905-ci ildə Mustafa Kamal Dəməşqdəki 5-ci ordu sıralarına göndərildi.
İnqilabçı zabit
Bu həmin vaxt idi ki, Osmanlı torpaqlarını üsyanlar bürümüşdü. Belə ki, xüsusilə ərəblər bu nəhəng imperiyanın hakimiyyəti altında yaşamaq istəmir, tez-tez qiyamlar təşkil eləyirdilər. Həmin qiyamları yatırmaq üçün Anadoludan toplanan minlərlə gənci döyüşçü olaraq Suriyaya, Yəmənə və digər ərəb ölkələrinə göndərmək lazım gəlirdi.
Osmanlı dövlətinin sürətlə gücdən düşdüyünü Dəməşqdəki 5-ci ordunun vəziyyətindən aydın görmək olardı. Əsgərlərin çoxu nimdaş geyimli idi. Ərzaq təminatı da kifayət deyildi. Buna görə də Osmanlı döyüşçülərini qiyamların yatırılmasından çox, talançılıq düşündürürdü. İş o yerə çatdı ki, əsgərlər dini ayinlərdə iştirakdan boyun qaçırmağa başlamışdılar. Bununla onlar öz acınacaqlı durumlarından narazılıqlarını nümayiş etdirirdilər. Ordu rəhbərliyi narazılığın böyüyəcəyindən, qiyamı yatırmaq üçün gələn əsgərlərin özlərinin qiyam edəcəyindən ehtiyatlanaraq döyüşçüləri cəzalandırmadı.
Mustafa Kamal bütün bu baş verənləri ürək ağrısı ilə izləyir və başa düşürdü ki, Osmanlı dövlətinin süqutu düşündüyündən də yaxındır. Daxili narazılıqların və xarici müdaxilələrin imperiyanı qısa vaxtda çökdürəcəyini şübhə eləməyən gənc zabit nəticədə vətənin taleyinin təhlükə altına düşəcəyini anlayırdı. Elə buna görə də xilas yolları barədə fikirləşirdi.
Dəməşqdə olarkən xidmət elədiyi alayın polkovniki Mustafa Kamala bir nəfər sabiq hərbi həkimlə tanış olmağı məsləhət gördü. Həmin həkim İstanbulda olarkən hökumət əleyhinə «Vətən» adlı ictimai təşkilat yaratdığı üçün Suriyaya sürgün edilmiş, lakin burada da öz ideyalarından əl çəkməmişdi. Sabiq hərbi həkimlə tanışlıqdan sonra Mustafa Kamal anladı ki, qarşıya qoyulan məqsədlərə və hədəflərə çatmağın yolu təşkilatlanmaqdan keçir. Beləliklə, kiçik bir qrupla bərabər Vətən və Hürriyyət Cəmiyyətini yaratdı. Qəhrəmanımız başda Əli Fuad olmaqla bəzi dostları ilə birgə bu təşkilatı genişləndirmək, Yaffa, Qüds, Beyrut kimi şəhərlərdə onun şöbələrini qurmaq arzusunda idi. Hətta 1906-cı ildə rəsmi icazə olmadan Salonikiyə yollandı və doğulduğu şəhərdə də Vətən və Hürriyyət cəmiyyətinin yerli bürosunu açmaq istədi. Salonikidə artilleriya qoşununun baş müfəttişi general Şükrü paşa ilə görüşən Mustafa Kamal ona vəziyyətin təhlükəli hal aldığını, vətənin təhlükə altında olduğunu bildirdi, bu durumdan çıxmaq üçün yaratdığı cəmiyyətin işinə dəstək verməsini xahiş elədi. Lakin Şükrü paşa gənc zabitin söylədiklərini aqressiv qarşıladı və onun cəzalandırılması üçün hərəkətə keçdi. Mustafa Kamalı xidmət yerini qanunsuz tərk etdiyi üçün ağır cəza gözləyirdi. İntəhası məsələdən hali olan bəzi dostlarının tez-tələsik düzəltdiyi «xəstəliyə görə» dörd aylıq məzuniyyət kağızı onu cəzadan xilas etdi.
Mustafa Kamal 1907-ci ilin oktyabrında yenidən Salonikiyə gəldi. Bu dəfə o, 3-cü ordunun baş qərargahında xidmət eləmək üçün doğma şəhərinə göndərilmişdi. Həmin vaxt Osmanlı ordusu daxilində narazılıqlar daha da böyümüşdü. Yəməndə, Makedoniyada və digər torpaqlardakı qoşunların zabit və əsgərləri əmək haqlarının gecikdirilməsinə açıq şəkildə etiraz edirdilər. Hərbi elitada da sultan rejimindən giley-güzarlar aydın eşidilirdi. Ümumi qənaət ondan ibarət idi ki, II Əbdülhəmid Osmanlını böyük sürətlə fəlakətə sürükləyir.
Mustafa Kamalın məhz belə bir vaxtda Salonikiyə təyinat alması onun üçün göydəndüşmə oldu. Əhalisinin əksəriyyəti ticarətlə məşğul olan doğma şəhərdə Avropadan gələn inqilabi ideyalara rəğbət xeyli böyük idi. Bu da qəhrəmanımıza öz fikir və ideyalarını daha rahat şəkildə yaymaq, ifadə eləmək imkanı verirdi.
1907-ci il oktyabrın sonlarında Mustafa Kamal və yaratdığı cəmiyyət «İttihad və Tərəqqi»[8 - «İttihad və Tərəqqi» partiyası – 1889-cu ildə Türkiyədə qurulmuş, 1908-1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş siyasi cəmiyyət] partiyasına qoşulmaq qərarı verdi. Qəhrəmanımız əsasını Gənc türklərin təşkil elədiyi həmin təşkilatın başlıca hədəfi olan konstitusiyalı monarxiyanın[9 - Konstitusiyalı monarxiya – monarxın (imperator, şah, sultan, çar, kral və s.) hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırıldığı idaretmə forması. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur.] qurulması uğrunda mübarizə aparacağına and içdi.
31 mart hadisəsi
Aradan səkkiz ay keçdi. 1908-ci ilin iyulunda «İttihad və Tərəqqi» hakimiyyətə gəldi və bununla da öz məqsədinə çatdı: ölkə konstitusiyalı monarxiya elan edildi! Prosesin uğurla başa çatması bu partiyanın mövcud rejimə qarşı İstanbul əhalisinin və şəhər qarnizonunun açıq dəstək verməsi sayəsində mümkün oldu. Belə ki, xalqın və ordunun üsyançıların tərəfinə keçdiyini görən Sultan II Əbdülhəmid 1908-ci il iyulun 24-də onların tələbini qəbul etdi.
Lakin Mustafa Kamalın da məmnuniyyətlə qarşıladığı bu inqilab ümidləri doğrultmadı. Belə ki, Gənc türklər verdikləri vədlərin çoxunu həyata keçirə bilmədi. Aqrar islahatların aparılacağı, fəhlələrin və ordunun vəziyyətinin yaxşılaşdırılacağı, milli azlıqlara muxtariyyət veriləcəyi, xarici kapitalın məhdudlaşdırılacağı kimi vədlər elə söz olaraq qaldı. Bu da inqilaba dəstəyi zəiflətdi.
Elə Mustafa Kamal da yaranmış vəziyyətdən müəyyən qədər narazı idi. Gənc türklər sultan hakimiyyətindən daha sərt siyasət yürüdürdü, önəmli vəzifələrə təyinatlar həyata keçirilərkən bilik və bacarıqlar deyil, başqa keyfiyyətlər nəzərə alınırdı.
1909-cu ilin aprelində inqilab hökumətindən artan narazılıqları görən II Əbdülhəmid bu fürsəti dəyərləndirmək qərarına gəldi. Bir il öncə ona qarşı çıxan bəzi ordu birləşmələri də indi onun yanında idi. Nəticədə tarixə «31 mart hadisəsi» kimi düşən qanlı olaylar yaşandı. Belə ki, 1909-cu ilin 13 aprelində (Rumi təqvimlə 31 mart 1325-ci il) İstanbulda mövcud hakimiyyətə qarşı üsyan başladı. On üç gün davam edən üsyanın ilk günü hökumət istefa verdi, bununla da qiyamçı əsgərlər İstanbulda əsas söz sahibinə çevrildilər. Bir millət vəkili, bir nazir və saysız-hesabsız zabitin, əsgərin öldürüldüyü üsyan Salonikidəki 3-cü və Ədirnədəki 2-ci ordunun birgə qurduğu «Hərəkat Ordusu»nun İstanbula gəlməsindən sonra yatızdırıldı. «Hərəkat ordusu» ilə qarşı tərəf arasında üç gün davam edən döyüşlərdən sonra üsyançılar məğlub edildi, öncə fövqəladə vəziyyət elan olundu, ardınca isə II Əbdülhəmid taxtdan endirildi və sürgünə göndərildi, yerinə isə qardaşı V Mehmed Rəşad taxta çıxdı. Üsyana qoşulanlardan 70 nəfər edam edildi, 420 nəfər isə həbs olundu.
Bu prosesdə mühüm rolu olanlardan biri də məhz Mustafa Kamal idi. Belə ki, o, «Hərəkat ordusu»nun baş qərargah rəisi vəzifəsini yerinə yetirirdi. Bununla belə, ordu İstanbula daxil olduqdan sonra vəziyyət dəyişdi: komandanlıq Hüseyn Hüsnü paşadan Mahmud Şevket paşaya, baş qərargah rəisliyi isə həmin vaxt 28 yaşı olan Mustafa Kamaldan minbaşı Ənvər bəyə keçdi. Bu qərarın verilməsində ən mühüm səbəblərdən biri kimi Mustafa Kamalla «İttihad və Tərəqqi»çilər arasındakı fikir ayrılıqları göstərilir. Həmin fikir ayrılıqları zaman keçdikcə daha aydın şəkildə özünü biruzə verəcəkdi. Belə ki, «İttihad və Tərəqqi» partiyasının elə 1909-cu ildə baş tutan qurultayında ordunun siyasətdən ayrılması və dövlət işlərinə müdaxilə etməməsi ilə bağlı mülahizələr irəli sürdü. Bu mülahizələr narazılıqla qarşılandı. Nəticədə Mustafa Kamal iki il öncə qoşulduğu təşkilatdan ayrılmaq qərarına gəldi. Ardınca 3-cü ordunun Təlimgah[10 - Təlimgah – silahlı qüvvələr üçün müxtəlif kadrların hazırlığı ilə məşğul olan xüsusi hərbi qurum] Komandanlığına təyinat alan qəhrəmanımız uzun müddət – 1914-cü ilədək Osmanlıda cərəyan edən siyasi və ictimai prosesləri sadəcə müşahidə etməklə kifayətləndi. Bu müddətdə alman generalı Litzmanın «Müharibə təlimi» əsərini türkcəyə çevirdi, eyni zamanda ordunun təlim-məşq toplanışlarından biri haqda müşahidələrini qələmə alaraq kitab şəklində dərc etdirdi. Ardınca isə Fransa ordusunun tarixə «Pikardiya təlimləri»[11 - Pikardiya təlimləri – Fransanın şimalında yerləşən eyniadlı tarixi vilayətdə 1910-cu il sentyabrın 12-dən 18-dək keçirilən hərbi manevr. Təlimlər Fransanın məşhur hərbi xadimi, marşal Ferdinand Foşun (1851 –1929) rəhbərliyi altında baş tutmuşdu. Birinci Dünya müharibəsi (1914 – 1918) zamanı ingilis və fransız ordularına da komandanlıq etmiş Foş təlimlərdən sonra Mustafa Kamalın manevrlə bağlı fikirlərindən çox təsirlənmiş, rütbəsi polkovnikdən aşağı olmasına baxmayaraq protokol qaydalarına zidd gedərək onu rəsmi ziyafətə dəvət eləmişdi.] kimi düşən toplanışını izləmək üçün dəvət olunan nümayəndə heyətinin tərkibində yer aldı.
1911-ci ildə Mustafa Kamalla «İttihad və Tərəqqi»çilərin münasibəti daha da kəskinləşdi. Belə ki, həmin il italiyalılar Osmanlı imperiyasının Şimali Afrikadakı son torpaqlarını – Tripolitaniyanı[12 - Tripolitaniya – müasir Liviyanı meydana gətirən üç qədim bölgədən biri. Hazırda Liviyanın paytaxtı Tripoli şəhərini və ətrafını əhatə edir.] ələ keçirmək üçün müharibəyə başladılar. Həmin vaxt Osmanlı ordusunun İstanbul baş qərargahına təyinat alan Mustafa Kamal müdafiəni təşkil eləmək üçün bəzi gənc zabitlər kimi bölgəyə yollanmaq barədə qərar verdi. Bunun üçün isə «İttihad və Tərəqqi» partiyasının Mərkəzi Komitəsindən pul istədi. Lakin rədd cavabı aldı. Bundan əvvəl isə təşkilat daxilindəki bəzi dairələr ona hədə-qorxu gəlməyə başlamış, hətta qəhrəmanımızı aradan götürməyə girişmişdilər. Görünür, Mustafa Kamalın varlığı kimlərisə bərk narahat eləyirdi. Ona görə də partiyanın «fədai» adlanan və xüsusi hazırlıq keçmiş qrupu Mustafa Kamalı bir neçə həftə boyunca izlədikdən sonra ona sui-qəsd təşkil etdi. Gələcəyin böyük dövlət adamı sonralar xatirələrində fədailərin güllə atəşinə məruz qaldığını yazacaqdı. Bu yerdə əminliklə demək olar ki, Mustafa Kamalın bəxti gətirib, çünki fədailərin gülləsi nadir hallarda hədəfə dəymirdi…
Tripolitaniya müharibəsi
«İttihad və Tərəqqi» partiyası həmin dövrdə «İmperiyanın qurtuluşu və sultan üzərində nəzarət» şüarı altında fəaliyyət göstərən, bununla belə, daxildə bir-biri ilə yola getməyən fərqli qruplaşmalardan ibarət eybəcər ansamblı xatırladırdı. Partiya içində otuza yaxın nüfuzlu şəxsdən ibarət siyasi piramida meydana çıxmışdı. Piramidanın zirvəsində isə «üçlük» (Tələt bəy, Ənvər paşa, Camal paşa) qərar tutmuşdu. Bu üçlükdə yalnız bir nəfər – Tələt bəy mülki şəxs idi. O, «İttihad və Tərəqqi»nin yarandığı ilk gündən təşkilatın sıralarında idi. İntellektual səviyyəsi ilə seçilən Tələt bəyə Mustafa Kamalın xüsusi hörməti olsa da, onunla arasında məsafə saxlayırdı. Qəhrəmanımızın üçlükdəki şəxslərdən yalnız Camal paşa ilə yaxın münasibətləri vardı.
Maraqlıdır ki, bəstəboy, gur qara saqqalı olan və çılğın xarakteri ilə seçilən Camal paşa haqqında fikirlər xeyli neqativ idi. O, qəddar və ikiüzlü hesab edilirdi, bununla belə, mahir siyasi oyunçu sayılırdı. Məhz bu baxımdan Mustafa Kamalın Camal paşa ilə dostluğu qəribə görünür. Qəhrəmanımızın özü də sonralar, 1926-cı ildə Camal paşa ilə yaxın dost olmasını xüsusi qeyd edəcəkdi. Bəs görəsən, Mustafa Kamalın ondan 10 yaş böyük olan bu adamla yaxınlığının səbəbi nə idi? Bu suala cavab axtaran tarixçilər məsələnin kökünü Camal paşa ilə Ənvər paşa arasındakı gizli ixtilafda axtarırlar. Ənvər paşanın Mustafa Kamala münasibəti birmənalı deyildi. Eynilə Mustafa Kamalın ondan xoşlanmadığı kimi! Ona görə də istisna deyil ki, qəhrəmanımız «düşmənimin dostu mənim də dostumdur» prinsipi ilə Camal paşa ilə yaxınlaşmışdı.
Ənvər paşa Mustafa Kamala niyə mənfi münasibət bəsləyirdi? Bu sualın cavabına keçməmişdən öncə kiçik təqdimat: 1881-ci il təvəllüdlü Ənvər paşa 1908-ci ildə baş verən Gənc türklər inqilabının aparıcı simalarından biri idi. Qurulan yeni hökumətdə hərbi nazir vəzifəsinə təyin ediləcəyi gözlənilirdi. Lakin bu baş vermədi. Üç il sonra isə Sultan Mehmed Rəşadın qızı Naciyə sultanla nişanlandı. Deməli, Ənvər paşanın Mustafa Kamalı öz karyera yüksəlişində başlıca rəqib kimi görməsi üçün ciddi səbəb yox idi. Onun qəhrəmanımıza mənfi münasibətinin kökündə Mustafa Kamalın tündməzaclığı dayanırdı. Mustafa Kamal ürəyindən keçənləri heç vaxt gizlətmir və sözü həmişə üzə deyir, kimsəni tənqid eləməkdən çəkinmirdi, bu isə Ənvər paşanı qıcıqlandırırdı. Çünki həmin tənqidlərdən onun ünvanına da kifayət qədər pay düşürdü.
Mustafa Kamalın Ənvər paşaya qarşı mənfi münasibətinin kökündə isə ilk növbədə sonuncunun ordunu siyasi proseslərə qatmaq cəhdləri dayanırdı. Qəhrəmanımız ciddi şəkildə buna qarşı idi. O belə hesab edirdi ki, ordunun siyasiləşməsi həm dövləti, həm də silahlı qüvvələri zəiflədir.[13 - Bir sıra tarixçilərin fikrincə, Mustafa Kamal ordunun siyasiləşməsinə qarşı çıxmaqda tamamilə haqlı idi. Hadisələrin sonrakı gedişi də bunu təsdiqlədi. Məsələn, Osmanlı dövlətinin Balkan müharibələrindəki uğursuzluğu məhz siyasi partiya və hərəkatların ordu daxilinə nüfuz etməsi, nəticədə isə silahlı qüvvələrdə parçalanmalara gətirib çıxarması ilə izah olunur (red.)]
Bir qədər irəli gedərək qeyd edək ki, Ənvər paşa ilə Mustafa Kamal arasında ixtilaf 1913-cü ilin əvvəlində, Birinci Balkan müharibəsinin[14 - Birinci Balkan müharibəsi – 1912-ci il oktyabrın 7-dən 1913-cü il mayın 30-dək Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığından ibarət Balkan İttifaqının Osmanlı dövlətinə qarşı başlatdığı müharibə. Bu müharibə ilə Balkan dövlətləri Osmanlının Balkan yarımadasındakı torpaqlarının böyük bir hissəsini ələ keçirmişdir.] gedişində daha da dərinləşəcəkdi. Belə ki, həmin vaxt qəhrəmanımızın xidmət elədiyi Bolayır korpusu düşmənə qarşı yeni hərbi əməliyyat keçirmək üçün əmr almışdı. Bu korpusun qərargah rəisi Mustafa Kamalın dostu Əli Fəthi idi. Əməliyyatın uğurla başa çatması isə Ənvər paşanın qərargah rəisi olduğu 10-cu korpusun dəstəyindən asılı idi. Lakin gözlənilən dəstək gəlmədiyi üçün Əli Fəthinin bölüyü ağır məğlubiyyətə düçar oldu. Nəticədə Mustafa Kamalla Ənvər paşanın arasındakı soyuqluq daha da artdı. Sonradan uğursuzluğun səbəbləri müzakirə olunarkən Osmanlı ordusunun baş qərargahı bütün məsuliyyəti Bolayır korpusunun üzərinə qoydu. Bu da azmış kimi, Ənvər paşanın İstanbula yeni təyinat almasına qərar verildi. İşi belə görən Mustafa Kamal və dostu Əli Fəthi istefa raportu yazdılar. Ancaq tezliklə məlum oldu ki, Ənvər paşanın yeni təyinatı ilə bağlı qərar ləğv olunub. Ona görə də Mustafa Kamalla Əli Fəthi raportlarını geri götürdülər.
Onu da deyək ki, Mustafa Kamal Tripolitaniyaya yollanmaq üçün «İttihad və Tərəqqi» partiyasının mərkəzi komitəsindən pul istəmiş, lakin rədd cavabı almışdı. Belə ki, ona Ənvər paşanın rəhbərliyi altında döyüşməyi məsləhət görmüşdülər. Mustafa Kamal isə bununla razılaşmamışdı.
Hər halda, heç nə qəhrəmanımızın müharibə bölgəsinə yollanmasına əngəl ola bilmədi. Şəxsi vəsaiti hesabına, üstəlik, özünü yolboyu «qəzet müxbiri Şərif bəy» kimi qələmə verərək Misirdən adlamaqla Tripolitaniyaya gəldi və iki ilə yaxın (1911 – 1912-ci illər) sürən həmin müharibədə minbaşı rütbəsi ilə yaxından iştirak elədi. Savaşın gedişində sağ qolundan yaralandı.
Qanlı müharibə İtaliyanın qələbəsi ilə başa çatdı. Beləliklə, zəifləməkdə olan Osmanlı dövləti Şimali Afrikadakı son torpaqlarını da itirdi.
Balkan müharibələri
1912-ci ilin oktyabrında Osmanlı dövləti növbəti savaşla üz-üzə qaldı. Bu dəfə Balkan dövlətləri – Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığı güclərini birləşdirdilər. Yeni yaranmış ittifaqın məqsədi Osmanlı dövlətini Avropadakı torpaqlardan çıxarmaq idi.
Tarixə Birinci Balkan müharibəsi kimi düşən bu savaş türklərin məğlubiyyəti ilə nəticələndi. Belə ki, tərəflər arasında 1913-cü il mayın 30-da Londonda imzalanan müqavilənin şərtlərinə görə, Osmanlı imperiyası Balkanlarda və Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya isə müstəqil knyazlıq elan edildi.
1913-cü ilin iyununda Birinci Balkan müharibəsinə qoşulan ölkələr arasında yeni savaş meydana gəldi. Yunanistan, Bolqarıstan, Qaradağ, Albaniya və Serbiya krallıqları ilə Osmanlı imperiyası və Rumıniya arasında baş verən bu müharibədə Mustafa Kamalın xüsusi xidmətləri oldu. O, Dimetoka ve Ədirnənin düşməndən azad edilməsində mühüm rol oynadı. Tarixdə İkinci Balkan müharibəsi kimi qəbul olunan həmin savaşın nəticəsində London anlaşmasının şərtləri xeyli dəyişdi. Osmanlı imperiyası ilk Balkan müharibəsində itirdiyi torpaqların müəyyən hissəsini geri qaytara bildi. Lakin bu, Balkan müharibələrinin türklər üçün ümumilikdə məğlubiyyət kimi qiymətləndirilməsinə mane olmadı.
Müharibə bitdikdən sonra Mustafa Kamal yeni təyinat aldı. Belə ki, 1913-cü ilin payızında Əli Fəthi Osmanlı dövlətinin Sofiyadakı səfiri təyin edildi. Bunun ardınca Mustafa Kamal həmin səfirlikdə hərbi attaşe təyin edildi. Bir il sonra isə yarbay (polkovnik-leytenant) rütbəsinə yüksəldi.
Yeri gəlmişkən, qəhrəmanımız Bolqarıstan paytaxtında özünü mənəvi baxımdan narahat hiss edirdi. Dostlarından birinə ünvanladığı məktubda bunu açıq şəkildə yazmış, Sofiyanın ona qüssə gətirdiyini bildirmişdi. Halbuki onun yeni işi heç də maraqsız deyildi: Balkan bölgəsində həyəcanlı proseslər cərəyan edirdi və Musta-fa Kamalın bu prosesləri yaxından izləmək imkanı var idi. Hərbi attaşedə çalışdığı dövrdə o, «Bolayır korpusunun məğlubiyyətə uğramasının əsil səbəbləri» başlıqlı məqalə yazdı və Bolqarıstanın hərbi jurnallarından birində dərc etdirdi. Bundan başqa, iyirmi səhifədən ibarət «Zabit və komandanlarla mükalimələr» adlı əsər qələmə aldı. Həmin əsərdə Mustafa Kamal həm Tripolitaniya, həm də ilk Balkan müharibələrinin nəticələrindən məyusluğunu ifadə etmiş, eyni zamanda bu nəticələri doğuran səbəblər barədə düşüncələrini dilə gətirmişdi. Qəhrəmanımızın məyusluğunu anlamaq olar: zarafat deyil, bu iki savaşda Osmanlı dövləti öz torpaqlarının, az qala, üçdəbirini, əhalisinin isə beşdəbirini itirmişdi. Bir zamanlar üç qitədə hökmranlıq edən imperiya Afrikadan tamamilə, Avropadan isə xeyli dərəcədə əl-ayağını çəkməli olmuş, üstəlik, Mustafa Kamalın doğma şəhəri Saloniki də əldən çıxmışdı. Bu şəhər artıq yunanların ixtiyarında idi.
Sofiyada çalışdığı dövrdə qəhrəmanımızın şəxsi həyatında önəmli hadisə baş verdi. O, Bolqarıstan hərbi nazirinin qızı, hamının «Miti» deyə çağırdığı Dimitrina Kovaçevaya vuruldu. Bir müddət sonra Dimitrina ilə evlənmək istəyini açıq şəkildə səsləndirdi, lakin qızın atası general Kovaçev buna razı olmadı. Bunun iki səbəbi vardı. Əvvəla, qızının Bolqarıstandan kənarda yaşamasını istəmirdi. İkincisi, Mitinin türk həyat tərzinə uyğunlaşıb-uyğunlaşmayacağı məsələsində tərəddüd edirdi. Beləliklə, Mustafa Kamalın evlənmək arzusu baş tutmadı.
Bir yandan arzulamadığı halda Sofiyaya hərbi attaşe göndərilməsi, digər yandan Dimitrina ilə evlənməsinə icazə verilməməsi Mustafa Kamalın qəlbini çox sıxırdı. Ümumiyyətlə, qəti şəkildə demək olar ki, Bolqarıstan paytaxtında yaşadığı müddətdə qəhrəmanımıza ruh verən yeganə məqam Osmanlı xanədanının qaçılmaza çevrilən süqutundan sonra vətənin xilası idi. Mustafa Kamal özünü həmin günlərə hazırlayırdı. Yəqin, elə buna görə də dostlarından birinə belə yazmışdı: «Mənim iddialarım böyükdür. Ancaq bu iddiaların maddiyyat və karyera ilə heç bir əlaqəsi yoxdur…»
1914-cü il 18 oktyabr tarixli başqa bir məktubda isə Salih adlı dostuna naməlum fransız şairinin aşağıdakı misralarını sitat gətirmişdi: «Həyat qısadır: bir az arzu, bir az sevgi və əlvida. Dünya fanidir: bir az nifrət, bir az ümid və son… və son…» Sonra da əlavə eləmişdi: «Salih, bu misraları yadda saxla və həyatını necə yaşamaq istəyirsənsə, ondan asılı olaraq bu hikmətlərdən birinə əsaslan!»
Əgər Birinci Dünya müharibəsi başlamasaydı və Mustafa Kamal da savaşa qoşulmasaydı, görəsən, onun öz seçimi hansı olardı?!
Mustafa Kamal Birinci Dünya müharibəsində
Birinci Dünya müharibəsi 1914-cü ilin iyulunda başladı. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu. «Antanta»da Böyük Britanya, Fransa və Rusiya İmperiyası, «Üçlər ittifaqı»nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçəcəkdi) təmsil olunurdu. Savaşın əsas hədəflərindən biri getdikcə zəifləyən Osmanlı dövlətinin torpaqlarını bölüşdürmək idi.
Həmin vaxt Ənvər paşa əsas istəyinə çatmış və hərb naziri təyin edilmişdi. Bunda Tələt paşanın rolu da az olmamışdı. Belə ki, o, Camal paşanın Avropa meyilli olduğunu nəzərə alaraq Ənvər paşanın nazir təyin edilməsinə dəstək vermək məcburiyyətində qalmışdı. 1914-cü ilin oktyabrında Osmanlı dövləti rəsmən Birinci Dünya müharibəsinə qoşuldu. Bundan sonra Ənvər paşa eyni zamanda ordunun baş komandanı oldu. Halbuki o vaxtadək həmin vəzifəni sultan yerinə yetirirdi.
Mustafa Kamal məsələdən Sofiyada xəbər tutdu və xeyli pəjmürdə oldu. «Mən almanların qalib gəlməyə qadir olduğuna inananların fikri ilə razı deyiləm – o, 1914-cü ilin dekabrında dostu Salihə yazırdı. – Bu, doğrudur ki, almanlar qarşılarına çıxan hər şeyi və hər kəsi əzərək böyük sürətlə Parisə doğru irəliləyir. Bununla belə, ruslar Karpatlarda[15 - Karpatlar – Mərkəzi Avropada yerləşən Karpat dağlarının əhatə etdiyi ölkələr (Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya) nəzərdə tutulur.] Almaniyanın müttəfiqi Avstriyanı sıxışdırmaqdadır. Belə davam edərsə, almanlar avstriyalılara köməyə göndərdiyi ordunu geri çağırmalı olacaq. Deməli, müharibənin nə ilə nəticələnəcəyini əvvəlcədən söyləmək çətindir. Odur ki Osmanlı hökuməti öz strategiyasını doğru müəyyənləşdirməlidir». Bu sətirlərdən belə başa düşmək olar ki, Mustafa Kamal proseslərə daha ağıllı və müdrik yanaşıb, 1914-cü ilin avqustunda Osmanlı ilə Almaniya arasında gizli müttəfiqlik sazişinin imzalanmasını yanlış addım kimi qiymətləndirib, bu addımın ağır nəticələr verəcəyini əvvəlcədən doğru hesablayıb. Bir qədər irəli gedərək demək lazımdır ki, hadisələrin gedişi qəhrəmanımızı haqlı çıxardı. Məlum oldu ki, Mustafa Kamal şübhələrində yanılmayıb.
Osmanlı dövləti ilə gizli anlaşmanın əldə edilməsindən bir həftə sonra Almaniya imperiyası «SMS Goeben» adlı müharibə kruvazörü ilə «SMS Breaslau» adlı yüngül kruvazörünü İstanbula yolladı. Hər iki döyüş gəmisi Osmanlı donanmasının mülkiyyətinə keçdi və onu xeyli gücləndirdi. Gəmilərin adları «Yavuz» və «Midilli» olaraq dəyişdirildi. Həmin gəmilərdən oktyabrda rus hərbi bölüklərinə atəş açıldı. Qarşı tərəf xeyli itki verdi.
Bu hadisədən bir neçə gün sonra, 1914-cü il oktyabrın 30-da Rusiya Osmanlıya, bundan bir neçə saat sonra isə Ənvər paşa Osmanlı hökuməti adından Rusiyaya savaş elan elədi. Məsələdən hali olan İngiltərə və Fransa da müttəfiqlərinə – Rusiyaya dəstək olaraq Osmanlıya qarşı müharibəyə başladığını bəyan etdi.
Ovaxtkı Osmanlı Şeyxül-islamı bu savaşın cihad olduğunu bildirdi. Onun xeyir-duası ilə Osmanlı ordusu həm torpaqlarını qorumaq, həm də ilk Balkan müharibəsindəki məğlubiyyətin qisasını almaq üçün döyüşə girişdi. Döyüşçülərin əhval-ruhiyyəsi yüksək idi: hərb naziri Ənvər paşanın qısa vaxtda həyata keçirdiyi islahatlar, eləcə də ordu sıralarına yeni qüvvələrin cəlb edilməsi zabit və əsgərlərdə qələbəyə şübhə yeri qoymurdu.
Mustafa Kamal isə I Dünya müharibəsinə 1915-ci ildə qoşuldu. O, Mərmərə dənizinin Avropa sahilində mövqe tutan 19-cu diviziyanın komandiri təyin edildi. Əslində, bu diviziya sadəcə kağız üzərində mövcud idi. Odur ki qəhrəmanımızın ilk işi haqqında danışılan hərbi birləşməni təşkil eləmək oldu. Bu zaman cəbhədən ürək açmayan xəbərlər gəlirdi. Bir çox istiqamətlərdə, xüsusilə Sarıqamışda[16 - Sarıqamış – indiki Türkiyə ərazisində, Qars vilayətində yerləşən qəsəbə] şəxsən Ənvərin başçılıq etdiyi ordu hissələri ağır itkilər vermişdi. 1914-cü il dekabrın 4-dən 1915-ci il yanvarın 18-dək davam edən Sarıqamış döyüşündə yol verilən hərbi səhvlər Osmanlı ordusunun ağır məğlubiyyəti ilə nəticələnmiş, onminlərlə zabit və əsgər öldürülmüş, yaxud əsir düşmüşdü. Süveyş kanalı[17 - Süveyş kanalı – müasir Misir Ərəb Respublikasının ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalı.] yaxınlığında baş verən döyüşdə isə ingilis ordusu Camal paşanın rəhbərlik etdiyi Osmanlı qoşununun hücumunu asanlıqla dəf etmişdi.
1915-ci il fevralın ortalarında məlum oldu ki, 18 hərbi gəmi fransız, ingilis və rus bayraqları altında Seddülbahir burnunda toplaşıb. Bura bütövlükdə Çanaqqala adlanan geniş əraziyə daxil idi. Seddülbahir burnu isə həm Bosfor və Dardanel[18 - Dardanel boğazı (və ya Çanaqqala boğazı) – Asiyanı Avropadan ayıran boğazlardan biri. Egey dənizi və Mərmərə dənizi arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır.] boğazlarını, həm də İstanbul keçidini qoruyurdu. Buradan Osmanlı paytaxtına cəmi 250 km məsafə var idi. Odur ki düşmən hərbi gəmilərinin hədəfini anlamaq çətin deyildi. Lakin onlar İstanbulu ələ keçirməyin asan olmayacağını tezliklə başa düşəcəkdilər. Belə ki, elə ilk həmlədən sonra istənilən nəticəni əldə edə bilməyən müttəfiqlər 1915-ci il martın 18-də növbəti hücumu gerçəkləşdirdilər. Çanaqqala savaşının başlanğıcı kimi qiymətləndirilən bu hücum da uğursuzluqla nəticələndi – müttəfiqlərin üç gəmisi batırıldı, üçü isə ciddi zədələndi. Vəziyyəti bu cür görən düşmən ordusunun admiralları qurudan hücuma keçməyi qərara aldı.
Antantanın Çanaqqaladakı ilk həmlələri uğursuzluqla nəticələnsə də, İstanbulda təlaş hökm sürürdü. Şəhər əhalisinin böyük hissəsi işğalın qaçılmaz olduğuna inanırdı. Görünür, sultanın sarayında da eyni ovqat hökm sürürdü. Bu səbəbdən də xəzinə və dövlət arxivi İstanbuldan kənara köçürülmüşdü. Hətta Osmanlı padşahı V Mehmedin də şəhəri tərk eləmək üçün hazır vəziyyətdə gözlədiyi deyilirdi. Halbuki müttəfiqlər üçün də işlər qaydasında deyildi. Düşmən admiralları yerli şəraiti yaxşı bilmədiklərindən düzgün hücum taktikası qurmağa çətinlik çəkirdilər. İstifadə olunan xəritələr köhnə və qeyri-dəqiq idi. Bütün bunlar azmış kimi, əsgərlər arasında qarın yatalığı yayılmışdı.
1915-ci il aprelin 25-də təxminən 65 min nəfərlik fransız və ingilis ordusu Osmanlı qoşunları üzərinə hücuma keçdi. Fransızlar Anadolu[19 - Anadolu (və ya Kiçik Asiya) – Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.] tərəfdən – Qumqaladan, ingilislər isə sağ cinahdan – Suvala və Qabatəpə istiqamətindən irəliləyirdi. Məqsəd aydın idi: türkləri iki tərəfdən sıxışdıraraq sonda boğazlardan (Dardanel və Bosfor) çıxarmaq! İngilislər hədəfə doğru daha rahat və sürətlə irəliləməkdə idi.
Eyni gündə avstraliyalı və yeni zelandiyalılardan ibarət 1500 əsgər Qabatəpədən şimaldakı Arıburnuna çıxdı. Türklər və almanlar Arıburnunu müdafiə etməyə ehtiyac duymamışdılar. Çünki bu ərazidəki cəngəlliklər təbii istehkamı xatırladırdı. Belə hesab edilirdi ki, düşmən bölükləri onu yarıb keçməyə cəsarət etməzlər. Lakin avstraliyalı və yeni zellandiyalı əsgərlər, haqqında danışdığımız təbii istehkamı ağlasığmaz çətinliklər bahasına da olsa, yarıb keçə bildilər. Ardınca isə qarşılarına çıxan Osmanlı döyüşçülərini məhv etməyə başladılar. Avstraliyalı zabit Tullox yüksək bir yerə çıxıb öncə dərin və rahat bir nəfəs aldı, sonra isə qalibanə tonda «Bərq vuran Günəş, aydın Səma, çörəkotunun xoş rayihəsi!» dedi. Lakin sözünü yenicə bitirmişdi ki, rəhbərlik etdiyi bölük atəş altına düşdü. Hər şey bir göz qırpımında baş vermişdi – Mustafa Kamalın komandanı olduğu diviziya düşmənin başı üstünü almışdı.
Sonralar alman generalı Kannengisser yazacaqdı: «Həmin gün xoş bir təsadüf nəticəsində Kamal bəy özünün yenicə təşkil etdiyi hərbi bölüyünü təlimə çıxarmışdı. Lakin qəfildən əsgərlərinin təlaş içində qaçışdığını görür. Nə baş verdiyini soruşur.
– Onlar gəlir! – deyə döyüşçülərdən biri həyəcanlı şəkildə cavab verir.
– Onlar kimdir?
– İngilislər, ingilislər!
– Qoy olsun, onda irəli! – Kamal qəti əmr verir.
Beləliklə, ərazi qısa vaxtda düşməndən tamamilə azad edildi. Avstraliya ordusu Arıburnundakı çox da böyük olmayan qayalıq bir əraziyə sıxışdırıldı».
Mustafa Kamalın bu qətiyyəti hərb tarixinə düşüb. Onun böyük sərkərdə olduğuna artıq kimsə şübhə eləyə bilməzdi.
Sonralar başqa bir alman generalı fon Sanders[20 - Otto Liman fon Sanders – Birinci Dünya müharibəsi ərzində Osmanlı ordusunda məsləhətçi və hərbi komandan olaraq xidmət etmiş alman general. 1918-ci ildə Sinay və Fələstin cəbhəsində gedən döyüş əməliyyatlarında Osmanlı ordusuna rəhbərlik etmişdir.] yazmışdı ki, üç ay davam edən Arıburnu döyüşlərində Mustafa Kamal düşmənin «bütün amansız hücumlarının qarşısını ala bildi, onlara möhkəm və sərt müqavimət göstərdi. Mən onun enerjisi və qətiyyətinə heyran qalmışdım!»
Yeri gəlmişkən, Mustafa Kamal almanlara bir o qədər də yaxşı münasibət bəsləmirdi, yuxarıda da vurğuladığımız kimi, Osmanlının onlarla eyni cəbhədə yer almasından məmnun deyildi. Bununla belə, haqqında söylədikləri xoş sözlərdən o qədər həzz almışdı ki, almanlara qarşı münasibəti dəyişmişdi. «İmperator Vilhelm, yəni zəmanəmizin görkəmli sərkərdələrindən biri alman olsa da, məni «Dəmir xaç» ordeni ilə təltif etdi. Bu mənim üçün böyük şərəfdir» – qəhrəmanımız tanışlarından birinə etiraf eləmişdi.
Lakin nə «Dəmir xaç» ordeni, nə də fon Sandersin haqqındakı yüksək fikirləri Ənvər paşanın ona qarşı mənfi münasibətini dəyişmədi. Belədə fon Sandersdən onu başqa cəbhəyə dəyişdirməsini xahiş etdi. Hətta dostlarından birinə demişdi: «Düşünürəm ki, bir küncə çəkilsəm yaxşıdır». Lakin xoşbəxtlikdən bu baş vermədi. Növbəti döyüş onun hərbçi kimi şöhrətini və nüfuzunu daha da artırdı. Söhbət onun Anafartalar cəbhəsindəki şücaətindən gedir.
1915-ci ilin iyununda Mustafa Kamala albay (polkovnik) rütbəsi verildi. Elə həmin ilin avqustunda ingilis ordusu Suvla körfəzinin[21 - Suvla körfəzi – Egey dənizinin Daranel boğazından qərbdəki Gelibolu yarımadası ətrafında yerləşən körfəz] şimalına hücum etmək qərarına gəldi. Buradan bir qədər aralıda iki kənd (Böyük Anafarta və Kiçik Anafarta) yerləşirdi. Körfəzlə həmin kəndlər arasındakı ərazi sıldırımlıqlardan ibarət idi. Ona görə də türklər bu əraziyə cəmi bir neçə qaravolçu məntəqəsi qoymaqla kifayətlənmişdi. İngilislərin oradan hücuma keçmək istəməsinin səbəbi də bu idi. Onlar hər şeyi nəzərə almışdılar, bircə Mustafa Kamalı yox!
Vəziyyətdən hali olan fon Sanders qəhrəmanımıza bölgədəki bütün qüvvələrin komandanlığını tapşırdı.
Bunun ardınca, 1915-ci il avqustun 7-də Mustafa Kamal olduqca cəsrətli bir addım atdı: digər cəbhələri boş qoymaq bahasına bütün qüvvəni Anafarta istiqamətində cəmləşdirdi. Ardınca isə ingilislər üzərinə hücum əmri verdi. Hücuma rəhbərliyi də şəxsən öz üzərinə götürdü. İngilislər çaşqın vəziyyətə düşdülər. Yeri gəlmişkən, həmin hücum zamanı qəhrəmanımız ölümdən döndü: belə ki, yaxınlıqda partlayan düşmən mərmisinin qəlpələrindən bir neçəsi onun sinəsinə tuş gəldi və döş cibindəki saatı parçaladı. Bir sözlə, Mustafa Kamal möcüzə nəticəsində sağ qaldı.
Hücum isə uğurla başa çatdı. İngilis mövqeləri cəmi bir neçə saat ərzində ələ keçirildi.
Çanaqqala zəfəri və ondan sonra
Qeyd edək ki, 1915-ci il martın 18-də başlayan və tarixə «Çanaqqala savaşı» kimi düşən Dardanel boğazı uğrunda döyüşlər 1916-cı ilin əvvəllərinədək uzandı. Belə ki, həmin il yanvarın 8-9-da Osmanlı ordusu Seddülbahiri düşmənlərdən azad etdi. Bundan sonra Antantanın birləşmiş qüvvələri döyüş meydanından geri çəkilmək məcburiyyətində qaldılar.
Osmanlı ordusunun 253 min şəhid verdiyi savaşda əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 200 min, fransızlar isə 40 min itki verdilər. Ümumilikdə düşmən tərəf 300 minə yaxın canlı qüvvəsini itirdi və bundan əlavə onların çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi.
Düşmənin ağır məğlubiyyətə uğradılmasında Mustafa Kamal həlledici rol oynadı. «Adi bir alay komandirinin bu şücaəti tarixdə nadir hallardan biridir. Onun savaş boyunca müxtəlif vaxtlarda apardığı hərbi əməliyyatlar nəinki bir döyüşün, bəlkə də, bütöv müharibənin, hətta bütünlükdə bir millətin taleyini həll etməkdə böyük rol oynadı» – bunu sonralar ingilis tarixçilərindən biri yazacaqdı.
İngilis tarixçisi yanılmır: Mustafa Kamal ağlı, əzmi və cəsarəti ilə yalnız Çanaqqala savaşının sonluğunu müəyyənləşdirmədi, eyni zamanda tarixin gedişatına təsir elədi. O, ağır döyüşlərdən birində mərmiləri bitdiyi üçün çaşqın vəziyyətdə qalan əsgərlərinə süngülərini tüfənglərə keçirmək göstərişi vermiş, ardınca isə demişdi: «Mən sizə hücuma keçməyi yox, ölməyi əmr edirəm. Bununla biz özlərini döyüş meydanına çatdıra bilməsi üçün digər qüvvələrimizə vaxt qazandırmış olacağıq!» Çanaqqalada əldə edilən zəfər onun məhz bu qeyri-adi cürətkarlılığının və qətiyyətininin məntiqi yekunu idi.
Çanaqqala zəfərinin ardından Mustafa Kamal öncə – 1916-cı il yanvarın 17-də Qırmızı şərəf medalı ilə təltif edildi, ardınca isə aprelin 1-də paşa epoleti (general rütbəsi) aldı. Elə həmin ay qərargahı Ədirnədə yerləşən 16-cı briqadanın komandanı təyin olundu. Bundan sonra Şərqi Anadoluda ruslara qarşı döyüşlərə rəhbərlik edən qəhrəmanımız bir-birinin ardınca önəmli hərbi zəfərlərə imza atmışdır: şərq cəbhəsində rusların hücumlarının qarşısını kəsmiş, daha sonra isə əks-həmləyə keçmişdir. Nəticədə 1916-cı il avqustun 7-də Muşu, bir gün sonra isə Bitlisi düşmən işğalından azad etmişdir. Həmin ilin sonlarında o, qərargahı Diyarbəkirdə yerləşən 2-ci Ordu Komandanlığına təyinat aldı. Bir müddət sonra isə cənub cəbhəsində döyüşən və alman generalı Falkenheynin komandanı olduğu «İldırım» ordusunun 7-ci diviziyasının rəhbəri təyin edildi. Odur ki Fələstinə yollandı. Lakin çox keçmədi ki, qəhrəmanımızla general Falkenheyn arasında narazılıq yarandı. Bunun əsas səbəbi Mustafa Kamalın ingilislərin Misirdən hərəkətini əngəlləmək üçün düşünülmüş plana qarşı çıxması idi. O belə hesab edirdi ki, almanlarla Ənvər paşanın ortaq hazırladığı plan sonda acı məğlubiyyətdən başqa bir şey vəd eləmir. Açıq-aşkar dilə gətirdiyi tənqidlərin nəticəsiz qaldığını görən Mustafa Kamal xəstəliyini əsas gətirib məzuniyyət götürdü və İstanbula qayıtdı.
1917-ci ilin oktyabrında paytaxta gələn qəhrəmanımız burada da tənqidlərini davam etdirirdi. O, Osmanlı dövlətinin istər hərbi, istərsə də siyasi baxımdan yanlış etdiyi qərarları, addımları barədə açıq şəkildə danışırdı. Məsələn, xarici işlər naziri ilə görüşündə öz arqumentlərini sadaladıqdan sonra yüksək səslə demişdi: «Dövlət əldən getmək ərəfəsindədir!» Nazirin reaksiyası sərt olmuşdu: «Biz Arıburnu və Anafartda göstərdiyiniz şücaətə görə sizə hörmətlə yanaşırıq, əgər indi qəbuluma düşə bilmisinizsə, bunun səbəbi həmin şücaətlərinizdir. Ancaq indi danışdıqlarınızdan başqa fikirdə olduğunuzu hiss etməyə başlayıram. Mən hakimiyyətə tam etibarı olan bir nazirəm. Onlarla, Baş ştab və ordu komandanlığı ilə bütün məsələlərdə həmfikirəm. Görünür, siz əsil həqiqəti bilmirsiz. Bilsəydiniz, bu cür danışmazdınız!»
O hansı həqiqət idi ki, Mustafa Kamal ondan xəbərsiz idi? Əgər belə bir həqiqət var idisə, ola bilərdi başqaları bilməsin, ancaq qəhrəmanımız əsla! Mustafa Kamal ağlı, uzaqgörənliyi, müdrikliyi ilə digərlərindən çox fərqləndiyini sübut etmişdi. Üstəlik, heç bir həqiqət Mustafa Kamalı öz bildiklərini, düşündüklərini gizlətməyə məcbur etmək iqtidarında deyildi. Məsələn, Çanaqqala döyüşlərinin bitməsinin ardından onun şərəfinə təşkil olunan çoxsaylı banketlərin birində açıq bəyan etmişdi: «Onlar (Ənvər və Tələt paşa – tərc.) ordunu mənasız və nəticəsiz şəkildə hər gün bir istiqamətə göndərir, yorur, gücdən salır, zəiflədir. Bunun sonu yaxşı olmayacaq. Almanlara həddən artıq bel bağlamaq təhlükəlidir. Belə getsə, təkcə ordunu yox, bütün ölkəni özlərindən tam asılı vəziyyətə salacaqlar».
Elə Fələstindən İstanbula qayıdarkən də o eyni fikirdə idi. Hətta Osmanlı paytaxtına yola düşməzdən öncə köməkçilərindən biri olan polkovnik İsmət bəylə (İsmət İnönü[22 - Mustafa İsmət İnönü (1884 – 1973) – Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. «Milli şef» adı ilə tanınır.] – tərc.) birlikdə real vəziyyətin hərtərəfli analizindən ibarət raport hazırlamışdı. Raportu həm Osmanlı dövlətinin baş nazirinə, həm də Ənvər paşaya göndərmişdi. Ancaq raport dəftərxanada yüzlərlə sənədin arasında it-bata düşdü. Bəlkə də, yaxşısı bu idi, çünki raportdakı tənqidi məqamlar Mustafa Kamalın ciddi şəkildə cəzalandırılmasına gətirib çıxara bilərdi.
Qəhrəmanımız sadəcə tənqidlərlə kifayətlənmirdi. O, Osmanlı hakimiyyətinin daha böyük sürətlə iflasa doğru sürükləndiyini görür və günlərin bir günü yaranacaq xaotik situasiya üçün hazırlıq görürdü. Çünki hər hansı siyasi dəyişiklik yaranacağı təqdirdə prosesdən kənarda qalmaq istəmirdi. Ona görə də bir yandan köhnə dostu Camal paşa, digər tərəfdən isə hələ də Sofiyada səfir vəzifəsində çalışan Əli Fəthi ilə yaxın münasibətlərini davam etdirirdi.
Mustafa Kamal dövrünün tanınmış hərbçilərindən biri İsmayıl Haqqı ilə də məhz bu zaman tanış olmuşdu. Orduda təsərrüfat işləri idarəsinin rəisi olan Haqqı qeyri-adi dərəcədə nüfuzlu adam idi. Osmanlı silahlı qüvvələrinin maraqlarını yalnız daxildəki hərbi və ya mülki möhtəkirlərdən qorumur, eyni zamanda müttəfiq almanların da türk ordusundan sui-istifadə etməsinə mane olmağa çalışırdı. O, çevik düşüncəsi və hədsiz bacarıqlılığı ilə də Mustafa Kamalın diqqətini çəkmişdi. Bu səbəbdən də İsmayıl Haqqı ilə tez-tez görüşür, mövcud vəziyyət və proseslərin sonrakı gedişatı ilə bağlı uzun-uzadı söhbət edirdi. İsmayıl bəy də bu fikirdə idi ki, Osmanlı hakimiyyəti sona yaxınlaşır. Ona görə də hesab edirdi ki, zəruri anda yalnız hərbçilərdən ibarət hökumət kabineti qurulmalıdır. İsmayıl Haqqı həmin hökuməti «Qurtuluş kabineti» olaraq görürdü. Mustafa Kamal ondan «Qurtuluş kabineti»nin üzvləri arasında kimləri gördüyünü soruşduqda Haqqı öz namizədlərini belə sadalamışdı: Camal paşa, Xəlil paşa və Mustafa Kamal paşa. «Bəs Ənvər bəy?» – deyə qəhrəmanımız soruşmuşdu. «Ən yaxşı seçim adlarını sadaladıqlarımdır» – deyə Haqqı cavab vermişdi. Bu cavabdan sonra Mustafa Kamal demişdi: «Mən vətəni qorumaq üçün ordu komandanı postunda olmağı hansısa hökumət kabinetinin üzvü olmaqdan üstün tuturam!»
Vəhdəddinlə tanışlıq
Çox keçmədən Mustafa Kamalın İsmayıl Haqqı ilə dialoqları sarayadək gedib çatdı. Bundan sonra Ənvər paşa onu yanına çağırdı. Qəhrəmanımız eyni zamanda sultanın kürəkəni olan hərb nazirinin və ordunun baş komandanının kabinetindən əsəbi şəkildə çıxdı. Belə məlum olurdu ki, onu dövlət çevrilişi hazırlamaqda təqsirləndirib hərbi tribunala vermək, sonda isə ölüm cəzasına məhkum etmək istəyirlər. Bir neçə gün sonra Ənvər paşa Mustafa Kamalı yenidən kabinetinə çağırdı. Onun haqqındakı iddiaları təkrarladı. Qəhrəmanımız özünü kifayət qədər səbirli aparmağa çalışaraq deyilənlərin əsassız olduğunu və mövcud hakimiyyətə sədaqətini sübut etməyə çalışdı. Baxmayaraq ki, Ənvər paşanı buna inandırmaq ehtimalı çox zəif idi. Aradan bir az keçmiş Ənvər paşa bu dəfə Mustafa Kamalı Mərmərə dənizi sahilində yerləşən Quruçeşmədəki iqamətgahına çağırdı. Qəbul otağının girişində ondan silahını təhvil vermək tələb olundu. Mustafa Kamal həmin tələbi yerinə yetirməkdən imtina elədi, sonra isə sakit tövrlə yavərini çağırdı. Həmin vaxt Ənvər paşa otağından çıxdı və Mustafa Kamalı bir kənara çəkdi. Onlar nə barədəsə sakitcə söhbətləşməyə başladılar. Bu söhbətdən sonra qəhrəmanımızın şübhəsi qalmadı ki, Ənvər paşa ondan canını qurtarmaq istəyir, lakin hələlik bunu bacarmır. Görünür, öz məqsədinə çatmaq üçün baş komandana Mustafa Kamalın şöhrəti və nüfuzu mane olurdu.
Birinci Dünya müharibəsinin sonlarına doğru, 1917-ci ilin dekabrında vəliəhd şahzadə Vəhdəddin Osmanlı dövləti ilə müttəfiq olan Almaniyaya rəsmi səfərə çıxdı. Səfər Almaniya imperatorunun dəvəti əsasında baş tutmuşdu. Əslində, Almaniyaya Sultan Mehmed Rəşad getməli idi. Lakin onun səhhəti buna imkan vermədiyindən səfərə vəliəhd şahzadənin yollanması qərarlaşdırıldı. Mustafa Kamal da hərbi müşavir qismində nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Üç həftə davam edən səfər boyunca Mustafa Kamalla vəliəhd şahzadə arasında isti münasibət yarandı. Qəhrəmanımızın özü də bunu sonralar, 1918-ci ilin iyununda dilə gətirəcəkdi. Vəhdəddin Mustafa Kamalın da nümayəndə heyətinin tərkibində olduğunu öyrənincə əyani tanış olmaq qərarına gəlmişdi. Vəliəhd şahzadə paşa ilə ilk görüşündəcə Çanaqqala müharibəsi zamanı qəhrəmanımızın göstərdiyi rəşadəti xatırladaraq onunla birgə səfərə çıxmasından məmnunluğunu söyləmişdi.
Səfər zamanı Mustafa Kamal Vəhdəddinlə ikili söhbətlərində bir çox fikirlərini yenidən, açıq şəkildə dilə gətirdi. O, həm Ənvər paşanın, həm də almanların hərbi-siyasi addımlarını kəskin tənqid atəşinə tuturdu. Hətta bir dəfə orduya komandanlığın ona verilməsini belə təklif etmişdi. Vəliəhd şahzadə bu təklifi sakitcə dinləməklə kifayətləndi.
1918-ci il, yanvarın 4-də Osmanlı nümayəndə heyəti İstanbula qayıtdı. Mustafa Kamalın gözləntiləri özünü doğrultmadı: ona nəinki baş komandanlıq, ümumiyyətlə, hər hansı vəzifə verilmədi.
Çox keçmədi ki, qəhrəmanımız kəskin böyrək sancılarından əziyyət çəkməyə başladı. Nəticədə bir ay müddətində evdən çıxa bilmədi. Nəhayət, mayın ortalarında müalicə məqsədilə Karlsbada[23 - Karlsbad – Karlovı Varı kimi tanınan və Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri. Bu şəhər 1370-ci ildə Müqəddəs Roma imperatoru IV Karl (1316 – 1378) tərəfindən salınmış və adını da məhz qurucusundan almışdır.] yola düşdü.
Onu da deyək ki, Almaniyadan qayıdıb müalicəyə getdiyi günədək İstanbulda qaldığı dörd aylıq müddətdə Mustafa Kamal aktiv fəaliyyətdən tam uzaqlaşmışdı. Həmin müddətdə o yalnız «Yeni icmal» adlanan qəzetin gənc jurnalisti Rövşən Əşrəfə verdiyi müsahibə ilə kifayətlənmişdi. Həmin müsahibə böyük maraqla qarşılanmış və 37 yaşlı paşanın şöhrətini daha da artırmışdı. Müsahibənin bir yerində Çanaqqala savaşı zamanı yaralanmasından bəhs edən Mustafa Kamal demişdi: «Yanımdakı zabitlərdən biri mundirimdəki güllə izini görüb soruşmuşdu: «Əfəndim, yoxsa yaralanmısınız?» Mən ani olaraq düşündüm ki, bu xəbər yayılsa, əsgərlərin ruhi vəziyyətinə mənfi təsir edə bilər. Odur ki dərhal əlimlə həmin zabitin ağzını bağlayıb dilləndim: «Sus! Sinəmə sadəcə mərmi qəlpəsi dəyib, o da düz cibimdəki saata tuş gəlib. Həyəcanlanmağa və səs-küy salmağa ehtiyac yoxdur!» Məhz bu kimi məqamlara görə Mustafa Kamal istər müsahibəni götürən jurnalistdə, istərsə də onu oxuyan hər kəsdə dərin təəssürat yaratmağa nail olmuşdu. Yəqin, buna görədir ki, sonralar – qurtuluş hərəkatı başlayanda Anadoluda Mustafa Kamala ilk qoşulanlardan biri də məhz Rövşən olacaqdı. Elə gənc jurnalist də qəhrəmanımızın xoşuna gəlmişdi. Müsahibədən sonra ona bir fotosunu bağışlamışdı. Fotonun arxasına isə bu sözləri yazmışdı: «Mən sizə yeni nəslin layiqli nümayəndəsi kimi baxıram. Sizdən vətən naminə daha əhəmiyyətli və yeni xidmətlər gözləyirəm!»
Karlsbadda keçən günlər
Mustafa Kamal Karlsbada gəlib çıxanda Birinci Dünya müharibəsinin almanlar və osmanlılar üçün məğlubiyyətlə başa çatacağına heç bir şübhə qalmamışdı. Birləşmiş ordunun əsas qruplarından olan «İldırım» ingilislərin təzyiqi altında geri çəkilməkdə davam edirdi. Üstəlik, Yunanıstanın da açıq şəkildə Antantaya dəstək verməyə başlaması vəziyyəti qəlizləşdirirdi. Belə davam etsə, hətta İstanbul da əldən çıxa bilərdi.
Bu gərgin situasiyada Osmanlı dövləti Almaniya ilə konfliktə səbəb ola biləcək riskli bir addım atdı. 1918-ci il iyunun əvvəllərində Ənvər paşa şərq istiqamətinə – Qafqaza doğru ordu yolladı. 1917-ci ildə baş verən Oktyabr inqilabının[24 - Oktyabr inqilabı və ya Oktyabr çevrilişi – yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında (miladi təqvimi ilə 1917-ci il noyabrın 7-də) Rusiyada baş vermiş inqilab. Həmin vaxt Vladimir İliç Lenin və yoldaşlarının təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində hakimiyyətə bolşeviklər gəlmişdir. Bu inqilab sonralar Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qurulmasında həlledici rol oynamışdır.] ardından rus imperiyası dağılmış və yerində bolşevik hakimiyyəti qurulmuşdu. Eyni zamanda Gürcüstan, Azərbaycan və Ermənistanda müstəqil respublikalar meydana çıxmışdı. Yeni respublikaların Rusiyadakı bolşevik hakimiyyətinə münasibəti birmənalı olmadığından Ənvər paşa əmin idi ki, Osmanlı dövləti itirdiyi torpaqların müəyyən hissəsini türk əsilli xalqların üstünlük təşkil etdiyi Qafqazı ələ keçirməklə kompensasiya eləməyi bacaracaq. Bu isə nəticə etibarilə Osmanlı dövlətinin Şərqdə yenidən güclənməyə başlamasının əsasını qoymalı idi.
Ənvər paşanın Qafqaz istiqamətində hərəkətə keçməsindən bir qədər əvvəl, 1918-ci il martın 17-də Rusiyada yenicə hakimiyyətə gələn bolşeviklərlə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı – Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında sülh imzalanmışdı. Brest-Litovsk[25 - Brest-Litovsk sazişi eyni zamanda tarixə Osmanlı dövlətinin torpaq qazandığı son müqavilə kimi düşüb.] sazişi adlanan həmin sənədə əsasən bolşeviklər hələ 1878-ci ildə baş verən rus – türk müharibəsi zamanı Osmanlı dövlətinin əlindən çıxan Qars, Ərdəhan və Batumu tərk etməyə razılaşdılar. Həmin ərazilərin sonrakı müqəddəratı isə yerli əhalinin öz seçiminə buraxıldı. Beləliklə, təşkil olunan referendum nəticəsində yerli əhalinin mütləq əksəriyyəti – 87.048 səsvermə iştirakçısından 85.124-ü Osmanlı dövləti ilə birləşməni dəstəklədi. Ənvər paşa məhz bundan həvəsləndi və Qafqaza doğru yola çıxdı. Azərbaycan böyük qardaş gözü ilə baxdığı Osmanlı ordusunun[26 - Osmanlı ordusu – Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı və Şərq Orduları Qrupuna daxil olan Qafqaz İslam Ordusu nəzərdə tutulur. Ənvər paşanın əmri ilə yaradılan tamamilə müsəlmanlardan ibarət bu ordu Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmiş, rəhbəri isə Nuru paşa olmuşdur. 12 –14 min nəfərdən ibarət Qafqaz İslam Ordusundakı əsgərlərin sayı Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min nəfərə çatmışdır.] gəlişini sevinclə qarşıladı. Ermənistan isə müqavimət arzusunda olsa da, buna gücü yox idi. Yalnız Gürcüstan Osmanlı ordusunun gəlişi ilə barışmaq istəmədi və kömək üçün Almaniyaya müraciət etdi. 1918-ci ilin iyun ayında tərəflər arasında müqavilə bağlandı və Gürcüstana üç min nəfərlik alman qoşunu göndərildi.
Bütün bu hadisələrin baş verdiyi bir vaxtda Mustafa Kamal, əvvəl də qeyd etdiyimiz kimi, Karlsbadda idi. Qəhrəmanımızla tanışlıqdan sonra buradakı həkimlərdən biri ona heyranlığını gizlədə bilməmişdi: «Siz gənc yaşda general olmusunuz. Ölkənizdə sizin kimi cavan olan başqa generallar da varmı?» Mustafa Kamal bu suala belə cavab vermişdi: «Doktor, ordumuzda yaşlı generalların sayı daha çoxdur. Lakin əgər biz gənc yaşda generallığa yüksəlmişiksə, deməli, fövqəladə vəziyyətlərdə Vətənimizin bizə ehtiyacı olub».
Yeri gəlmişkən, həmin günlərdə Mustafa Kamalın Karlsbadda nahar etdiyi restoranda maraqlı hadisə baş vermişdi. Restoranın baş ofisiantı onu polkovnik hesab etdiyinə görə töhmət almış, üstəlik, qəhrəmanımızın əyləşdiyi masa ancaq onun üçün ayrılmışdı. Masanın üzərindəki kiçik lövhənin üstünə isə «Ordu generalı Mustafa Kamal paşa» sözləri yazılmışdı.
Qəhrəmanımız Karlsbadda qaldığı müddətdə Osmanlı ordusu barədə kitab hazırlayan bir qadınla görüşmüşdü. Əslən türk olan həmin qadınla görüşdə müharibə xatirələrini dilə gətirən Mustafa Kamal əlavə etmişdi: «Bir sərkərdənin mətinliyi daha çox onun öz hərəkətlərinə nə dərəcədə məsuliyyətlə yanaşması ilə ölçülür». Bununla Mustafa Kamal eyni zamanda Osmanlıdakı mövcud hərbi şəraitin mürəkkəbliyinə işarə vururdu. O hesab edirdi ki, ordunu idarə edənlər öz işlərinə kifayət qədər məsuliyyətlə yanaşmır. Bu isə imperiyanı təhlükəli sonluqla üz-üzə qoyur.
Qeyd etmək yerinə düşər ki, Mustafa Kamal Karlsbadda müayinə və müalcə ilə məşğul olmaqla bərabər, kübar məclislərinə qatılır, tez-tez gəzintiyə çıxır, əyləncələrdə iştirak edir, eyni zamanda almancanı və fransızcanı daha mükəmməl öyrənməyə çalışırdı. Hətta bunun üçün müəllim də tutmuşdu. Bununla belə, qəhrəmanımız daxilən heç cür rahat ola bilmirdi. Onun ağlı Osmanlı daxilində getdikcə ağırlaşan hərbi-siyasi vəziyyətdə qalmışdı.
Onu da deyək ki, Mustafa Kamal gündəliklərinin müəyyən qismini fransızca yazıb. Bu onun həmin dili kifayət qədər mükəmməl mənimsədiyini göstərir. Mustafa Kamalın Karlsbadda yalnız fransız müəlliflərinin romanlarını oxuması da maraqlı məqamdır. Bu sırada Andre Bomyenin «Qiyam», Onere de Balzakın «Şaqren dərisi», Baron Batsın «Edam kürsüsünə doğru» kimi əsərləri var idi.
Ümumiyyətlə, Mustafa Kamal qiraət vurğunu idi. Yalnız Karlsbadda deyil, hətta savaş zamanı, hərbi əməliyyatların ən çətin vaxtlarında belə bu ehtirasından əl çəkmirdi. 1916-cı ildə Şərqi Anadoluda ruslara qarşı vuruşarkən vaxt tapıb Alfons Dodenin «Safo» romanını, Namiq Kamalın «Osmanlı tarixi», «Siyasi və ədəbi məqalələr» kitablarını, Tofiq Fikrətin şeirlərini oxumuşdu…
Mustafa Kamalın iddiaları
1918-ci il iyulun 3-də 74 yaşlı sultan Mehmed Rəşadın ölüm xəbəri yayıldı. Xəbəri eşidən Mustafa Kamal İstanbulda olmadığına təəssüfləndi. «Sultanın dəyişməsi – ölkə və millət üçün çox vacib məsələdir» – o, gündəliyində yazmışdı.
Çox keçmədi ki, Vəhdəddinin yeni sultan elan edildiyi xəbəri gəldi. Mustafa Kamal həmin vaxt 57 yaşında olan Vəhdəddinə teleqram vurub onu təbrik edir. Ürəyi Osmanlı paytaxtında cərəyan edən siyasi proseslərlə birgə döyünən qəhrəmanımız Karlsbadda qalmağa məcbur idi – müalicəsini davam etdirməkdən başqa yolu yox idi. Böyrəyindəki sancılar onu taqətdən salırdı. Uzun müddət yaşadığı məhrumiyyətlər, hədsiz gərginlik və çətin sınaqlar onun səhhətində özünü erkən biruzə verməyə başlamışdı. Böyrəyindəki ağrılarla yanaşı, zöhrəvi xəstəlikdən də əziyyət çəkirdi. İyulun sonunda Karlsbadı tərk edərkən Mustafa Kamal gündəliyində yazmışdı: «Karlsbad mənə arzuladığım sağlamlığı bəxş etmədi, səhhətim əvvəlki kimi yerində deyil». Bununla belə, o, əvvəlki kimi iddialı idi. Gündəliyindəki başqa bir qeyd də bunu təsdiqləyir: «Demişəm və yenə də deyirəm; əlimə fürsət və səlahiyyət düşərsə, cəmiyyətimiz üçün arzu edilən islahatları qətiyyətlə gerçəkləşdirə bilərəm. Başqalarından fərqli olaraq, inanmıram ki, xalqı tədrici yolla mənim kimi düşünməyə vadar edə bilim. Mən nə üçün kütlənin səviyyəsinə enməliyəm? Əksinə, onu öz səviyyəmə qaldırmalıyam! Mən özümü kütləyə oxşatmalı deyiləm, kütlə özünü mənə oxşatmalıdır. Bu isə inqilabi qərarlarla mümkündür. Lakin öncə hər şeyi yaxşıca ölçüb-biçmək vacibdir, əks halda atacağım addımların faydasından çox fəsadları ola bilər».
Mustafa Kamal yuxarıdakı sətirləri yazarkən Cümhuriyyətin qurulmasına beş il, inqilabi islahatların başlanmasına isə on il qalırdı. Lakin belə görünür ki, gələcəkdə həyata keçirmək istədiyi reformlar qəhrəmanımızın ağlında artıq hazır idi. Bircə qalırdı məqsədə nail olmaq üçün birinci və əsas şərtin reallaşması – hakimiyyətin əldə edilməsi!
İyulun 8-də Mustafa Kamal gündəliyində Ənvər paşanın hələ də ona qarşı açıq mövqe sərgilədiyini yazmış, ardınca isə sual etmişdi: «Bəs mənim buna reaksiyam necə olmalıdır?» Görünür, həm də bu sual üzərində xeyli götür-qoy elədikdən sonra o, Karlsbadı tərk eləmək qərarına gəlmişdi. Belə ki, 1918-ci il avqustun 5-də Mustafa Kamal artıq İstanbulda idi…
Osmanlı imperiyası məhvin astanasında
Mustafa Kamal Osmanlı paytaxtında olduqca gərgin əhval-ruhiyyə hökm sürdüyünü gördü. Hökumət dairələrində Antanta ilə gizli sülh müqaviləsi bağlana biləcəyi barədə söz-söhbət dolaşırdı. Bunun da səbəbi aydın idi: ölkə ağır savaşlardan yorulub əldən düşmüşdü. İstər Anadoluda, istərsə də İstanbulun özündə qıtlıq hiss olunurdu. Bazarlar, dükanlar boşalmışdı, ərzaq çatışmazlığı getdikcə artırdı. Osmanlının pul vahidi dəyərini itirmişdi, daha çox markadan[27 - Marka – Almaniyada 2002-ci ilədək istifadə edilən pul vahidi] istifadə olunurdu.
Bütün bunlar azmış kimi, yayın əvvəlindən İstanbul Antanta qüvvələrinin hava hücumuna məruz qalırdı. Bu isə şəhərin bir çox yerlərində yanğınlara gətirib çıxarırdı. İyulun son günlərində müttəfiqlərin aviasiyası şəhəri ardıcıl şəkildə bombalamağa başladı. Beləliklə, İstanbul sönmək bilməyən məşələ çevrildi…
Paytaxta gəlişindən bir müddət sonra Mustafa Kamal Sultan Vəhdəddinlə görüşə bildi. Ümumiyyətlə, ilk üç həftədə sultan Mustafa Kamalı dörd dəfə qəbul etmişdi. Bu görüşlərdən ikisi təkbətək olmuşdu. Həmin görüşlər barədə biz yalnız Mustafa Kamalın 1926-cı ildə çap olunmuş «Xatirələr» kitabından məlumat əldə edə bilirik. Kitabdan belə aydın olur ki, Mustafa Kamal xüsusilə ordu üzərində nəzarətin gücləndirilməsinin vacibliyini qeyd eləmişdi. Çünki silahlı qüvvələrin ölkədəki ağır siyasi və iqtisadi-sosial vəziyyəti bəhanə edib növbəti dəfə siyasətə müdaxiləsindən çəkinirdi. Bu onsuz da gərgin olan durumun daha da pisləşməsinə gətirib çıxara bilərdi. Sultan isə əhalinin aclıq çəkməsindən narahatlığını dilə gətirmişdi.
«Tamamilə haqlısınız, əlahəzrət! Lakin İstanbul əhalisini doyurmaq niyyətiniz sizi ölkənin xilası naminə ən vacib və qəti tədbirlərə əl atmaq zərurətindən azad eləmir… Nə qədər ki, dövləti, milləti və onun müttəfiqlərini qorumaq məsuliyyəti daşıyan qüvvə başqasının əlindədir, sizin təkcə adınız «padşah» olacaqdır» – Mustafa Kamal açıq şəkildə bəyan eləmişdi.
Xilaskar və qurtarıcı ordu! – qəhrəmanımızdakı nikbinliyə heyrət etmək olar. Çünki 1918-ci ilin yayında ölkənin özü kimi onun ordusu da acınacaqlı vəziyyətdə idi. Qafqaz istisna olmaqla, qoşunlar hər yerdə düşmənin təzyiqi ilə geri çəkilirdi. Fərarilik görünməmiş dərəcədə artmışdı. «Bizim üçün yaxşı sonlanacağına heç bir ümidin qalmadığı müharibənin son bir ili ərzində biz çox utanmalı olduq» – sonralar İsmət İnönü belə yazacaqdı. Yaranmış situasiyada sultan çıxış yollarından biri kimi Mustafa Kamalın hərbi zəkasından istifadə etmək qərarına gəldi. O, 1918-ci ilin avqustunda Fələstin və Suriyada vuruşan 7-ci orduya məhz qəhrəmanımızı komandan təyin elədi. Sultanın qərarı özünü doğrultdu: Mustafa Kamal həmin cəbhədə ingilis qoşunlarına qarşı uğurlu müdafiə əməliyyatları həyata keçirdi.
Buna baxmayaraq, mövcud vəziyyətin ağırlığından qeyzlənmiş Vəhdəddin yetərincə çıxılmaz durumda idi: əsgərlərinin böyük qismi itirilmiş, döyüş sursatı və ərzaq tükənmişdi. O, Osmanlı dövlətinin İsveçrədəki səfiri ilə danışığında Mustafa Kamalla söhbətindəki narahatlıqlarını bir az da konkretləşdirmişdi: «Mən ümumxalq inqilabından qorxuram. Bədbəxtlikdən, mövcud şərait də qiyama haqq qazandırır… Hazırda hökuməti etibar edə biləcəyim kimsə yoxdur. Xanədanım məhvin astanasındadır…» Belə görünür ki, sultan tamamilə ümidsizliyə düçar olmuşdu: o, yaxşı başa düşürdü ki, vəziyyət belə davam edərsə, xüsusilə paytaxtda nizam-intizamı, asayişi qorumaq mümkünsüzləşəcək. Nə qanunlar bunu təmin eləmək iqtidarında idi, nə də sarayın elə güclü, nüfuzlu adamları var idi ki, camaat onların sözünü dinləsin… Ölkənin dörd tərəfindən isə qanqaraldıcı xəbərlərin ardı-arası kəsilmirdi: fərarilərdən ibarət soyğunçu dəstələr hər tərəfə yayılmışdı. Polis və jandarmanın onları bu dəstələrdən qorumaq iqtidarında olduğuna inanmayan kəndlilər öz evlərini tərk eləyib ucqarlara sığınmağa başlamışdı.
Mustafa Kamal ordunu nəzarətdə saxlamaq üçün onun rəhbərliyini dəyişməkdə xeyli israr etsə də, Vəhdəddini buna inandıra bilmədi. Görünür, başqaları da sultan kimi düşünür, ordu rəhbərliyində dəyişikliyə isti münasibət bəsləmirdi. Bunu Mustafa Kamalın hökumət üzvləri ilə görüşməməsindən anlamaq mümkündür. Onun hətta özünə yaxın saydığı siyasətçilərlə görüşü barədə də heç bir məlumat yoxdur. Bu sıraya bir müddət əvvəl Sofiyadakı səfir postundan geri çağırılan, hazırda isə «İttihad və Tərəqqi» partiyasında aparıcı mövqe tutan dostu Əli Fəthi də daxil idi.
Bir sözlə, görünən odur ki Osmanlının gələcəyi ilə bağlı məsələlərdə Mustafa Kamal təklənmişdi. O, demək olar, hamıdan fərqli düşünürdü.
Mudros müqaviləsi[28 - Mudros müqaviləsi – Egey dənizindəki Lemnos adasının (hazırda Yunanıstana aiddir) Mudros limanında, «Aqamemnon» zirehli gəmisində imzalandığı üçün belə adlanır. Müqaviləni Osmanlı dövləti adından Dəniz qüvvələri naziri Hüseyn Rauf Orbay imzalamışdır.]
1918-ci il sentyabrın 20-də Mustafa Kamalın hərbi rütbəsi artırıldı. Ona sultanın fəxri yavəri[29 - Yavər – yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli, hərbi vəzifəli şəxs] («Fahri Yaver Hazreti Şehriyari» – red.) ünvanı verildi. Ancaq Mustafa Kamalın bu yüksək etimaddan zövq almağa vaxtı yox idi. Belə ki, ingilislərin 7-ci ordunun mübarizə apardığı bölgədə təhdidləri getdikcə artırdı. Bu təhdidlər qarşısında türklər geri çəkilmək məcburiyyətində qaldı. Nəticədə oktyabrın 1-də indiki Suriya paytaxtı Dəməşq, iki gün sonra isə hazırda Livanın paytaxtı olan Beyrut ingilislərin əlinə keçdi. İki həftə sonra Osmanlı ordusunun mübarizə apardığı cəbhə tamamilə parçalandı, bu döyüşlərdə ümumilikdə beş min türk əsgəri şəhid oldu. Bütün bunlara baxmayaraq, 7-ci ordunun komandanı Mustafa Kamal özünəxas enerji və igidliklə türk ordusunun şərəfini qorumaqda davam edirdi. Oktyabrın 31-də fon Sanders «İldırım» ordu birləşməsinin, daha doğrusu, ondan qalan bölüyün komandanlığını Mustafa Kamala təhvil verdi və dedi: «Ordu bölüyünün komandanlığını, zati-aliləri general Mustafa Kamala təhvil verməyə məcbur olduğum bu məqamda deməliyəm ki, o, çoxsaylı döyüşlərdə özünü qəhrəman kimi göstərib. Ona öz dərin ehtiramımı bildirirəm».
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289499) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Kadet məktəbi – orta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəb
2
Bosfor (və ya İstanbul Boğazı) – Qara dəniz ilə Mərmərə dənizini bir-biriləri ilə əlaqələndirən su keçidi və onun ətrafındakı ərazi
3
Gənc türklər (və ya jön türklər) – Osmanlı imperiyasının son dönəmlərində ortaya çıxan və Sultan II Əbdülhəmid (1842 – 1918) hakimiyyətinə müxalif olan gənc ziyalılara verilmiş ad
4
Namiq Kamal (1840, Təkirdağ – 1888) – Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. Osmanlı dönəmindəki ilk konstitusiya layihəsinin (1876) hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. Hökumət əleyhinə çıxışları səbəbindən həbs olunub və 38 ay Kiprdəki Maqoz qalasında saxlanılıb.
5
Sultan II Əbdülhəmid (1842 –1918) –34-cü Osmanlı sultanı. 1876 – 1909-cu illərdə hakimiyyətdə olmuşdur.
6
Vali – Şərqin bəzi ölkələrində (Türkiyə və s.) şəhər, vilayət rəisi, qubernator
7
Fessaliya – Yunanıstanın şimal-şərqində Egey dənizi sahillərində tarixi bölgə. 1394-cü ildə Osmanlı dövlətinin tərkibinə daxil edilmiş, 1881-ci ildə Yunanıstanın tərkibinə keçmişdir.
8
«İttihad və Tərəqqi» partiyası – 1889-cu ildə Türkiyədə qurulmuş, 1908-1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş siyasi cəmiyyət
9
Konstitusiyalı monarxiya – monarxın (imperator, şah, sultan, çar, kral və s.) hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırıldığı idaretmə forması. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur.
10
Təlimgah – silahlı qüvvələr üçün müxtəlif kadrların hazırlığı ilə məşğul olan xüsusi hərbi qurum
11
Pikardiya təlimləri – Fransanın şimalında yerləşən eyniadlı tarixi vilayətdə 1910-cu il sentyabrın 12-dən 18-dək keçirilən hərbi manevr. Təlimlər Fransanın məşhur hərbi xadimi, marşal Ferdinand Foşun (1851 –1929) rəhbərliyi altında baş tutmuşdu. Birinci Dünya müharibəsi (1914 – 1918) zamanı ingilis və fransız ordularına da komandanlıq etmiş Foş təlimlərdən sonra Mustafa Kamalın manevrlə bağlı fikirlərindən çox təsirlənmiş, rütbəsi polkovnikdən aşağı olmasına baxmayaraq protokol qaydalarına zidd gedərək onu rəsmi ziyafətə dəvət eləmişdi.
12
Tripolitaniya – müasir Liviyanı meydana gətirən üç qədim bölgədən biri. Hazırda Liviyanın paytaxtı Tripoli şəhərini və ətrafını əhatə edir.
13
Bir sıra tarixçilərin fikrincə, Mustafa Kamal ordunun siyasiləşməsinə qarşı çıxmaqda tamamilə haqlı idi. Hadisələrin sonrakı gedişi də bunu təsdiqlədi. Məsələn, Osmanlı dövlətinin Balkan müharibələrindəki uğursuzluğu məhz siyasi partiya və hərəkatların ordu daxilinə nüfuz etməsi, nəticədə isə silahlı qüvvələrdə parçalanmalara gətirib çıxarması ilə izah olunur (red.)
14
Birinci Balkan müharibəsi – 1912-ci il oktyabrın 7-dən 1913-cü il mayın 30-dək Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığından ibarət Balkan İttifaqının Osmanlı dövlətinə qarşı başlatdığı müharibə. Bu müharibə ilə Balkan dövlətləri Osmanlının Balkan yarımadasındakı torpaqlarının böyük bir hissəsini ələ keçirmişdir.
15
Karpatlar – Mərkəzi Avropada yerləşən Karpat dağlarının əhatə etdiyi ölkələr (Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya) nəzərdə tutulur.
16
Sarıqamış – indiki Türkiyə ərazisində, Qars vilayətində yerləşən qəsəbə
17
Süveyş kanalı – müasir Misir Ərəb Respublikasının ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalı.
18
Dardanel boğazı (və ya Çanaqqala boğazı) – Asiyanı Avropadan ayıran boğazlardan biri. Egey dənizi və Mərmərə dənizi arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır.
19
Anadolu (və ya Kiçik Asiya) – Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.
20
Otto Liman fon Sanders – Birinci Dünya müharibəsi ərzində Osmanlı ordusunda məsləhətçi və hərbi komandan olaraq xidmət etmiş alman general. 1918-ci ildə Sinay və Fələstin cəbhəsində gedən döyüş əməliyyatlarında Osmanlı ordusuna rəhbərlik etmişdir.
21
Suvla körfəzi – Egey dənizinin Daranel boğazından qərbdəki Gelibolu yarımadası ətrafında yerləşən körfəz
22
Mustafa İsmət İnönü (1884 – 1973) – Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. «Milli şef» adı ilə tanınır.
23
Karlsbad – Karlovı Varı kimi tanınan və Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri. Bu şəhər 1370-ci ildə Müqəddəs Roma imperatoru IV Karl (1316 – 1378) tərəfindən salınmış və adını da məhz qurucusundan almışdır.
24
Oktyabr inqilabı və ya Oktyabr çevrilişi – yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında (miladi təqvimi ilə 1917-ci il noyabrın 7-də) Rusiyada baş vermiş inqilab. Həmin vaxt Vladimir İliç Lenin və yoldaşlarının təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində hakimiyyətə bolşeviklər gəlmişdir. Bu inqilab sonralar Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qurulmasında həlledici rol oynamışdır.
25
Brest-Litovsk sazişi eyni zamanda tarixə Osmanlı dövlətinin torpaq qazandığı son müqavilə kimi düşüb.
26
Osmanlı ordusu – Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı və Şərq Orduları Qrupuna daxil olan Qafqaz İslam Ordusu nəzərdə tutulur. Ənvər paşanın əmri ilə yaradılan tamamilə müsəlmanlardan ibarət bu ordu Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmiş, rəhbəri isə Nuru paşa olmuşdur. 12 –14 min nəfərdən ibarət Qafqaz İslam Ordusundakı əsgərlərin sayı Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min nəfərə çatmışdır.
27
Marka – Almaniyada 2002-ci ilədək istifadə edilən pul vahidi
28
Mudros müqaviləsi – Egey dənizindəki Lemnos adasının (hazırda Yunanıstana aiddir) Mudros limanında, «Aqamemnon» zirehli gəmisində imzalandığı üçün belə adlanır. Müqaviləni Osmanlı dövləti adından Dəniz qüvvələri naziri Hüseyn Rauf Orbay imzalamışdır.
29
Yavər – yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli, hərbi vəzifəli şəxs