Şirürəkli Riçard

Şirürəkli Riçard
Aleksandr Qranovski
Tarixi yaradanlar
Bu kitabda müəllif Şirürəkli Riçardın İngiltərə və ümumilikdə Avropa tarixində oynadığı rol, eləcə də Qüds uğrunda Səlahəddin Əyyubi ilə mübarizəsi və qarşılıqlı münasibətləri ətraflı şəkildə təsvir olunur.

Аleksandr Qranovski
Şirürəkli Riçard


"I Riçard cəsur və diribaş idi, qorxunun nə olduğunu bilməzdi. Başqa krallar kimi əsilnəcabətli olmasa da, onlardan daha varlı, daha şöhrətli və daha döyüşkən idi"
    Amin Maalouf

I FƏSİL

Şirürəkli Riçard – ingilis, yoxsa fransız?
1154-cü ildə İngiltərədə kral taxtına 21 yaşlı II Henri çıxdı. Bundan üç il sonra isə onun yeni övladı, eyni zamanda gələcək varisi olan Riçard dünyaya gəldi. Riçardın doğum yeri Oksford şəhəridir.
II Henri Anju qraflarının nəslindən idi. Bu nəslin nümayəndələri torpaq uğrunda həmişə öz qonşuları – Şimali Fransada yerləşən Normandiya və Fransanın cənub-qərbindəki Akvitanya hersoqları ilə, eləcə də eyni bölgədəki Blua qraflarıyla vuruşurdular. XII əsrin ilk yarısında Men qraflığı da onların ixtiyarına keçmişdi. Bununla belə, Anju qrafları ilə müqayisədə qonşularının uğurları hələ də daha böyük idi. Akvitanyalılar 1036-cı ildə Qaskoniya hersoqluğunu[1 - Qaskoniya – Fransada baskların tarixi yaşayış məskəni olmuş bölgə. Basklar hazırda İspaniyanın şimalında və Fransanın cənub qərbindəki muxtar bölgədə yaşayan qədim xalqdır (red.).] özlərinə birləşdirmiş, Normandiya hersoqu I Vilhelm isə 1066-cı ildə anqlosaksonları darmadağın edərək İngiltərə kralı olmuşdu. Məhz bu istiladan sonra İngiltərə və Normandiya bir dövlət kimi La-Manşın hər iki tərəfindəki torpaqlara sahiblənmişdilər.
Zaman keçdikcə birləşmiş ingilis-norman dövləti Fransa kralları üçün böyük təhlükəyə çevrildi. Ona görə də Kral VII Lüdovik (1081 – 1137) ingilis kral ailəsi daxilindəki ixtilafları qızışdırır, eləcə də İngiltərə vassallarının qiyamlarına dəstək verirdi. İngilis-normanların düşmənlərindən biri də Men qraflığına iddia edən Anju qrafları idi. Normandiyanın cənubdan təhlükəsizliyini təmin etmək üçün «Fateh» ləqəbli I Vilhelmin kiçik oğlu, ingilis kralı I Henri (1068–1135) öncə Normandiya hersoqu, sonra isə Anju qrafı olan V Gənc Fulka müttəfiqlik təklif etdi. Bu müttəfiqliyi daha da gücləndirmək üçün isə qızı və varisi Matildanı Gənc Fulkun oğlu Qəşəng Joffrua ilə evləndirməyi məsləhət gördü. Bir zamanlar Almaniya kralı və Müqəddəs Roma imperatoru V Henrinin (1086 – 1125) arvadı olmuş Matilda adaxlısından 11 yaş böyük idi. Belə ki, qadının 25, Qəşəng Joffruanın isə vur-tut 14 yaşı var idi. 1128-ci ildə nikah baş tutdu. Bundan sonra Fulk öz torpaqlarını – Anju, Men və Tureni oğluna verib Fələstinə yola düşdü. Orada Qüds kralının qızı ilə evlənib qayınatasının ölümündən sonra isə kral taxtına çıxdı.
1135-ci ildə isə I Henri vəfat etdi. Lakin yeni kral onun varisi Matilda yox, Fateh I Vilhelmin başqa bir nəvəsi Stefan de Blua (1092 – 1154) oldu. Bu isə ixtilafa gətirib çıxardı: tezliklə ingilis-norman baronları Matildanı taxtda oturtmaq üçün qiyam qaldırdılar. Qiyam vətəndaş müharibəsinə çevrildi və düz 15 il davam etdi. Qraf Joffrua qərara gəldi ki, Kral Stefanın düşdüyü çətin vəziyyətdən bəhrələnsin. Ona görə də öz arvadının mirasına daxil olan Normandiyanı işğal etməyə başladı. 1144-cü ildə Normandiyanın işğalı başa çatdı. Qraf Joffrua 1150-ci ildə onu böyük oğlu Henrinin ixtiyarına verdi. 1151-ci ildə qraf Joffrua 38 yaşında vəfat etdi. Onun istəyi ilə mənsub olduğu nəsil «Plantagenet» adlandırılmağa başlandı. Bu sözün mənası «naz budağı» demək idi. Qraf Joffrua papağını həmin bitkinin budağı ilə bəzəməyi çox xoşlayırdı.
Joffrua ilə Matildanın evliliyindən dünyaya gələn Henri bizim kitabımızın qəhrəmanı Şirürəkli Riçardın atasıdır. O, 1133-cü ildə doğulub. 1149-cu ildə ingilis taxt-tacına iddia etməyə başlayanda atası ona miras olaraq Normandiya hersoqluğunu və Anju qraflığını bağışlayıb. Bundan üç il sonra isə Henri Akvitanyanın varlı hersoqunun varisi ilə evlənib. Qızının adı Eleanora idi.
Eleanoranın atası hersoq X Qiyom (1099 – 1137) təxminən on beş il idi ki, dul qalmışdı. Bu səbəbdən də hersoqluğun taleyi onu çox narahat edirdi. Oğul övladı yox idi, qızı Eleanora isə 15 yaşında idi. Başqa çıxış yolu qalmadığını görən X Qiyom ölümündən bir qədər əvvəl Fransa kralı VII Lüdovikin hüzuruna elçi göndərib qızını oğluna almasını təklif etdi. Hersoq bu yolla Akvitanyanın öz bütövlüyünü qoruyub saxlayacağına ümid bəsləyirdi.
VII Lüdovik bu təklifi sevinclə qarşıladı. Beləliklə, 17 yaşında olan «Gənc» ləqəbli Lüdoviklə Eleanoranın kəbini Bordoda kəsildi. Onlar Akvitanyadan Parisə çatınca VII Lüdovik vəfat etdi. Beləliklə, parislilər yeni evlənən cütlüyü həm də yeni kral və kraliça kimi qarşıladılar. Lakin Gənc Lüdovik taxta çıxmağa hazır deyildi. Çünki sadəcə dini tərbiyə almışdı. Bu səbəbdən də yalnız böyük qardaşının 1131-ci ildə vəfatından sonra VII Lüdovik olaraq taxta çıxdı.
Şıltaq, gözəl, ağıllı, təhsilli, sərbəstliyə öyrənmiş Eleanora öz ciddi, kədərli, mömin ərinə uyğun gəlmirdi. «Mən rahibə ərə getmişəm», – o deyirdi.
Eleanora 1147-ci ildə əri ilə səlib yürüşünə[2 - Səlib yürüşləri – 1096 –1270-ci illərdə Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən azad etmək pərdəsi altında Qərbi Avropa feodallarının Yaxın Şərqə işğalçılıq yürüşləri. Təqribən 200 il ərzində Yaxın Şərqə 8 böyük və çoxlu sayda xırda yürüşlər təşkil olunub. 1095-ci ildə papa II Urbanın elan etdiyi I Səlib yürüşü (1096 –1099) 1099-cu ildə Qüdsün tutulması və burada Qüds krallığının yaradılması ilə nəticələnib. II (1147–1149) və III (1189–1192) Səlib yürüşləri nəticəsiz bitib. 1199-cu ildə papa III İnnokenti tərəfindən elan olunmuş IV Səlib yürüşünün (1202–1204) iştirakçıları isə, əvvəl nəzərdə tutulduğu kimi, Misirə deyil, Dalmasiya və Bizans ərazisinə hücum ediblər. Burada onlar Bizansın paytaxtı Konstantinopol da daxil olmaqla bir sıra xristian şəhərlərini ələ keçirərək qarət ediblər və həmin ərazilərdə Latın imperiyasını yaradıblar. Misirə qarşı təşkil olunan V yürüş (1217–1221) də nəticəsiz bitib. VI Səlib yürüşünün (1228–1229) iştirakçıları yenidən Qüdsü tutmağa nail olublar, lakin 1244-cü ildə şəhər müsəlmanlar tərəfindən geri alınıb. Misirə VII yürüş (1248 –1254) və Tunisə qarşı təşkil olunmuş VIII yürüş (1270) tam iflasa uğrayıb. 1291-ci ildə səlibçilər bu yürüşlərdə ələ keçirdikləri bütün torpaqları itiriblər (red.).] çıxdı. Yürüşə bir çox Akvitanya əyanları da qoşuldular. Səlib yürüşü məğlubiyyətlə nəticələndi. Belə ki, Fransa, Almaniya və Qüds krallarının birləşmiş qoşunları Dəməşqi mühasirəyə alsalar da, onu fəht eləyə bilmədilər. Dəməşqin müdafiəsinə əmir Nəcməddin Əyyubi rəhbərlik edirdi. Həmin vaxt on yaşlı oğlu Səlahəddin (1138 – 1193) də atası ilə birlikdə idi. Sonralar Əyyubilər xanədanının ilk hökmdarı olan Səlahəddinin yolu Şirürəkli Riçardla kəsişəcəkdi. Bu barədə zamanı gələndə ətraflı danışacağıq.
VII Lüdoviklə arvadı uğursuz səlib yürüşündən ayrı-ayrı gəmilərdə qayıtdılar. Onlar arasındakı anlaşılmazlıqlar daha da dərinləşmişdi. Nəticədə dörd il sonra – 1152-ci ildə kral və karliça boşandılar. Boşanmaya səbəb kimi isə VII Lüdovikin varisinin olmaması göstərildi.
Bundan iki ay sonra Eleanora yenidən ailə qurdu – o, Anju qrafı Henriyə ərə getdi. Arvadının cehizi ilə valideynlərinin mirasını birləşdirən Henri, beləcə, Fransanın ən güclü qrafına çevrildi. O, İngiltərə üzərinə yürüşə çıxdı və Kral Stefanla müharibəyə başladı. Bu zaman Henrini sevindirən, ingilisləri isə yasa qərq edən hadisə baş verdi: Kral Stefanın böyük oğlu Estaş vəfat etdi. Bu zərbədən sarsılan Stefan məcbur qalıb Henrini öz oğulluğuna götürdü və onu varisi kimi qəbul etməyə razılaşdı, üç ay sonra isə qəm-qüssədən azarlayaraq vəfat etdi.
Nəticədə 1154-cü il dekabrın 19-da II Henri İngiltərə taxtına çıxdi. Həmin vaxt yeni kralın 21 yaşı olurdu.
VII Lüdoviklə ərdə olduğu 15 il ərzində Eleanora ona varis doğmasa da, II Henri ilə evləndikdən sonra səkkiz uşaq dünyaya gətirdi: 1156-cı ildə vəfat edən Qiyom (1153), Henri (1155), Matilda (1156), Riçard (1157), Joffrua (1158), Eleanora (1161), İoan (1165) və İoanna (1166).
VII Lüdoviklə müqayisədə II Henri heç də rahib deyildi. Onun nikahdan kənar Ceffri və Ulyam adlı oğulları da olub. Bu ingilis hökmdarı kraldan çox adi kəndçiyə oxşayırdı. Sevimli məşğuliyyəti ovçuluq idi. O, döyüşməyi sevmir, hər hansı mübahisəli məsələni diplomatik gedişlərlə yoluna qoymağa üstünlük verirdi. Lakin diplomatiya işə yaramayanda və müharibə variantı qaçılmaza çevriləndə II Henri özünü bacarıqlı sərkərdə kimi aparırdı. Ümumiyyətlə, ağıllı və təhsilli bir adam olan bu kral ətrafına alimləri yığmışdı, əla yaddaşı var idi, latın dilində sərbəst danışırdı. Sərvəti çox olduğundan fransız kralının vassallarına həmişə pul verir, bununla da hər hansı savaş zamanı onların neytral mövqe tutmalarını təmin edirdi. II Henri yalnız ömrünün sonunda, ağır xəstə olduğu vaxt məğlubiyyətin acısını daddı. Hökmdarlığı müddətində İngiltərədə yalnız 13 il yaşadı. Qalan vaxtını Fransanın ona aid olan torpaqlarındakı mülklərində keçirdi. Çünki öz dövləti üçün əsas təhlükə olaraq Fransa kralını görürdü. Buradan belə nəticə çıxır ki, Şirürəkli Riçard İngiltərədə doğulsa da, öz valideynlərinə, baba və nənələrinə görə əsl fransız idi. İstənilən halda, damarında bir az da olsa ingilis qanı axırdı. Elə ulu nənəsi Edit də ana tərəfdən anqlosakson krallarının nəslindən idi. Odur ki Riçard özünü fransız saymırdı.

II FƏSİL

Riçardın uşaqlığı
Riçardın uşaqlığı neçə keçib? Açığı, bu suala ətraflı cavab verə bilmək üçün əlimizdə kifayət qədər məlumat yoxdur. Bircə bu məlumdur ki, başqa knyaz uşaqları kimi o da yeddi yaşına qədər dayələrin himayəsində qalıb. Ona oxumaq, yazmaq, musiqi alətində çalmaq, ədəb qaydaları öyrədilib. Yeddi yaşından sonra isə kişilər ona at minməyi, alıcı quşlarla ov etməyi, şahmat oynamağı öyrədiblər. Deyilənə görə, anası Eleanora da yaxşı şahmat oynayırmış.
Sadaladıqlarımızdan başqa, Riçarda şeir sənətindən və latın dilindən dərs keçirilirmiş. Dövrün yazılmamış qanunlarına əsasən piyada və at belində döyüşməyi, qılınc oynatmağı, ox atmağı hər oğlan uşağı bacarmalı idi. Döyüşçünün tərbiyəsində dinlə yanaşı, qəhrəmanlıq mahnıları da böyük rol oynayırdı. Mahnılarda igidlik, sadiqlik, alicənablıq vəsf olunurdu.
Kral uşaqları öz atalarının diplomatik oyunlarında həmişə mühüm rol oynayıblar. Onların evlilikləri ilə müharibə və sülh məsələləri həll olunur, yeni torpaqlar qazanılırdı.
Fransanın quzeyindəki Sena çayından şimalda, Ept adlı bir çayın böldüyü iki vilayət var idi. Onlardan biri Normandiya Vekseni, digəri isə fransız Vekseni adlanırdı. Normandiya Vekseni qədimdən Normandiya hersoqlarına məxsus idi. Kifayət qədər böyük olan Jizor qalasının, eləcə də bir çox kiçik qalaların köməyi ilə Normandiya Vekseni fransız krallarının Normandiyaya yolunu kəsirdi. Jizor qalasını I Henri ölümündən az əvvəl süni təpənin üstündə ucaltmışdı. Qəşəng Joffrua günlərin bir günü Normandiya uğrunda Kral Stefanla müharibəyə başlayarkən VII Lüdovik ona kömək etdi. Bu köməyin müqabilində Qəşəng Joffrua fransız kralına söz verdi ki, Normandiya Veksenini ona bağışlayacaq. Kralın köməyi isə, əslində, çox sadə idi: müharibədə tərəf tutmamaq!
Beləliklə, 1151-ci ildə Normandiya Vekseni Fransaya verildi. Henri varis, ardınca da İngiltərə kralı olandan sonra həmin bölgənin heç nədən fransızlara hədiyyə edildiyini anladı. Odur ki VII Lüdoviki müharibə ilə hədələyib Vekseni geri tələb etdi. Həmin vaxt Fransa krallığının durumu ürəkaçan deyildi. Bu səbəbdən də VII Lüdovik 1158-ci ildə Vekseni qızı Marqaritanın cehizi kimi qaytarmağa razılaşdı. O vaxt II Henrinin oğlu Gənc Henrinin beş, Marqaritanın isə üç yaşı var idi. Marqarita ərə gedənə qədər II Henrinin himayəsində olmalıydı. Bir sözlə, II Henri 1160-cı ildə uşaqları nişanlayıb Vekseni öz torpaqlarına birləşdirdi.
Bundan sonra atasının diplomatik evlilik oyunlarında iştirak etmək növbəsi Riçarda çatdı.
1165-ci ildə, yəni 8 yaşında olarkən Riçard və böyük bacısı Matilda kraliça ilə İngiltərədən Normandiyaya köçdülər. Bir neçə il ərzində Riçardın həyatı anasının nəzarətində keçdi. Ümumiyyətlə, Riçard ömrü boyu atasından çox, anasına daha yaxın olub. 1168-ci ilin əvvəlində VII Lüdoviklə II Henri arasındakı sövdələşməyə əsasən Riçardla fransız kralının qızı Alisa nişanlanacaqdı. Bu izdivac sayəsində Riçard anasının mirası olan Akvitanya hersoqluğunu almalı idi.

Eleanora
II Henrinin artan gücü qarşısında VII Lüdovik tab gətirə bilmir, yalnız müttəfiqlərinin köməyi sayəsində pis-yaxşı müqavimət göstərirdi. Həmin müttəfiqlər isə onun müstəqil qonşuları və İngiltərədəki qiyamçılar idi. II Henriyə qarşı qiyam qaldıranlar həmişə VII Lüdovikin köməyin bel bağlaya bilərdilər. Onların arasında fransız kralının qədim müttəfiqləri olan Luzinyanlar xanədanı da var idi. Onlar II Henrini öz ağaları kimi qəbul etmək istəmirdilər. İşi belə görən ingilis kralı ölkəsi ilə qonşuluqda yaşayan Luzinyanların üstünə hücum çəkdi. Onun qəzəbindən vahiməyə düşən Luzinyanlar öz qalalarını tərk edib qaçdılar.
II Henri qiyamçıları tamamilə darmadağın etməmiş Riçardın nişanlanması ilə bağlı müqaviləni imzalamaq üçün VII Lüdoviklə görüşə getməli oldu. Bu zaman 1168-ci ilin mart ayı idi. II Henri yola düşməzdən öncə Akvitanyanı idarə etməyi Eleanoraya və dostu, yaxın məsləhətçisi qraf Patrik Solsberiyə tapşırdı.
Kralın yoxluğundan istifadə edən Luzinyanlar öz tərəfdarları ilə birlikdə qoyub qaçdıqları qalaları bərpa etməyə başladılar. Ardınca isə 1168-ci ilin aprelində Puatye yaxınlığında Eleanoranın dəstəsinə hücum olundu. Kraliça qaçıb canını qurtara bildi, ancaq onun qaçmasına imkan yaradan qraf Solsberi kürəyindən vurularaq öldürüldü. Hadisədən xəbər tutan II Henri danışıqları yarımçıq kəsib Puatyeyə getdi. Özünü təhqir edilmiş sayan VII Lüdovik qiyamçıların nümayəndələrini yanına çağırıb sadiq olacaqları ilə bağlı onlara and içdirdi. Qiyamçılar isə Fransa kralına təklif etdilər ki, qan qohumluğuna görə II Henri ilə Eleanoranın nikahını etibarsız saysın və Akvitanyaya rəhbərliyi öz üzərinə götürsün.
Vəziyyəti belə görən II Henri ətrafına əlavə döyüşçülər topladı və 1168-ci ilin ikinci yarısında Fransa üzərinə yürüş etdi. Maddi baxımdan yaxşı vəziyyətdə olmayan VII Lüdovik düşünüb-daşındıqdan sonra sülhə razılaşmalı oldu. 1169-cu ildə barışıq anlaşması imzalandı. Bundan başqa, Riçardla Alisanın nişanlandığı da təsdiqləndi. Ancaq sülh bağlanandan dərhal sonra II Henri qiyamçılarla haqq-hesabı kəsməyə başladı. O, qoşunlarını qiyam qaldırmış vilayətlərə yeridir, onların qalalarını tuturdu. Göründüyü kimi, II Henri vəd verməyi xoşlayırdı, ancaq onları yerinə yetirməyi – əsla!
Fransa kralı ilə sülh razılaşmasından sonra Riçard bir neçə il Puatyedə anasının yanında qaldı. Eleanora Puatyedə özünə saray qurmuş və qohumlarını, sadiq dostlarını ətrafına yığmağa başlamışdı. Nəticədə Riçard 1172-ci ildə keçirilən geniş yığıncaqda Akvitanyanın hersoqu elan olundu. Bundan sonra Eleanora əyanların müşayiəti ilə öz torpaqlarını gəzib təbəələrini yeni hersoqla tanış etdi. Bununla da o, hersoqluğun fransız və ingilis kralından asılı olmadığını göstərmək istəyirdi.
Puatyedəki sarayın qonaq-qarası çox olurdu. Eleanoranın digər oğulları – Henri və Joffrua daha tez-tez gəlirdilər. Şairlər, musiqiçilər, müğənnilər sarayda ən çox arzulanan qonaqlar idi. Belə bir mühitdə böyüyən Riçardın mahnı bəstələməsi əbəs yerə deyildi.
Bu arada, II Henri ilə Eleanoranın münasibəti get-gedə daha da pisləşdi. Araşdırmaçıların fikrincə, ər-arvadın arasının soyumasının iki səbəbi ola bilərdi. Bunlardan biri odur ki 1167-ci ildə II Henri Qranmon monastırında köhnə düşməni, Tuluza qrafı V Raymundla rastlaşmışdı. V Raymund bir müddət idi ki, VII Lüdovikin bacısı olan arvadı ilə boşanmışdı. Odur ki fransız kralının qəzəbindən qorxub yeni dostlar axtarırdı. Bu səbəbdən də, belə görünür, II Henri ilə yaxınlaşmış, onun vassallığını qəbul etməyə razılaşmışdı. Əvəzində isə II Henri Tuluza qraflığına iddiasından əl çəkməyə razılaşmışdı. Bu qərar Eleanoranın və Riçardın xoşuna gələ bilməzdi. Çünki Tuluza hakimi olmuş Filipin nəvəsi kimi Eleanoranın özü də həmin qraflığa iddialı idi.
II Henri ilə arvadı arasında soyuqluğa ikinci səbəb kimi isə onların dördüncü oğlu İoan göstərilir. Belə ki, İoan üçün hələ istila olunmamış İrlandiyanın idarəçiliyi nəzərdə tutulmuşdu. Altı yaşlı İoan «yurdsuz» qalmışdı, çünki sülh razılaşmasında ona pay düşməmişdi (və bu ayama onun üzərindən ömrü boyu götürülməyəcəkdi). Nəticədə II Henri böyük oğlunun (dolayısı ilə də Eleanoranın) mülklərindən üç qəsri İoan üçün ayırdı. Gənc Henri qətiyyətlə buna qarşı çıxdı. Ancaq atasını yola gətirməyin çətin olduğunu anladığından məsələni danışıqlarla yox, başqa şəkildə çözmək qərarına gəldi. Bunun üçün, hətta Fransa kralı VII Lüdovikin dəstəyini aldı.
II Henri isə 18 yaşlı oğlunun etirazına o qədər də əhəmiyyət vermirdi. Bu zaman V Raymund ingilis kralını xəbərdar edir ki, təkcə Gənc Henri yox, arvadı Eleanora və başqa oğulları da ona qarşı əlbirdirlər. Kral bu xəbərdarlığı qulaqardına vurdu. Vəziyyətin daha da ciddiləşdiyini anlayanda isə əsas qalalara müharibəyə hazırlaşmaq əmri yollayıb böyük oğlu ilə ova çıxdı. Məqsədi bu idi ki, ov zamanı oğlunu dilə tutub onu fikrindən daşındırsın. Lakin gözlənilməz hadisə baş verdi: həyatına təhlükə olduğunu düşünən Gənc Henri gecə yarısı bir neçə dostu ilə birgə atasının yanından Parisə – fransız kralın yanına qaçdı. Bunu eşidən Eleanora digər oğullarını – Riçardla Joffruanı da Fransa kralının yanına göndərdi. Ardınca isə Puatye də daxil olmaqla bir neçə bölgədə II Henriyə qarşı üsyan başladı. Üsyanın başında Eleanora özü dayanmışdı. Üstəlik, nüfuzlu baronlar onu müdafiə eləyirdilər. Bu, görünməmiş hadisə idi. Dövlətlərin tarixində şahzadə oğulların hökmdar atalara qarşı qiyam qaldırması çox olmuşdu, ancaq hökmdar arvadlarının ərlərinə üsyan etməsinə təsadüf edilməmişdi. Beləliklə, ikinci ehtimal ondan ibarətdir ki, Eleanoranı II Henrinin onun torpaqları ilə istədiyi kimi rəftar etməsi hiddətləndirmişdi. Qadını bu məsələdə Akvitanyanın bir çox nüfuzlu baronları ilə yanaşı, əlbəttə ki, Fransa kralı da müdafiə edirdi.

Riçard və qardaşları II Henriyə qarşı
II Henriyə qarşı üsyanın miqyası tezliklə böyüdü, İngiltərədə və Bretanda alovlanan iğtişaşlar Normandiyanı da bürüdü. Şotlandiya kralı Uilyam və qardaşı Devid də qiyamı dəstəkləməkdə idi.
Çox keçmədi ki, Parisdə VII Lüdovikin başçılığı altında II Henriyə qarşı geniş koalisiya yarandı. Fransız kralı Gənc Henrini İngiltərə kralı kimi tanıdı. Gənc Henri isə ətrafına toplaşan baronlara səxavətlə torpaqlar bağışlayırdı. VII Lüdovik tərəfindən həmçinin Riçarda cəngavərlik titulu verilmişdi. Qardaşlar isə bütün bunların müqabilində and içmişdilər ki, VII Lüdovikin və baronların razılığı olmadan ataları ilə sülh bağlamayacaqlar.
İşi belə görən II Henri vaxt itirmədən çox sayda əsgər topladı və hadisələrin necə inkişaf edəcəyini gözləməyə başladı. Müharibə Normandiyada başladı. Gənc Henri və qardaşı Joffrua fransız kralı ilə birlikdə Normandiyanın cənubundan, Riçard isə şimal-şərqdən hücum etdi. Drinkur adlı qalanın mühasirəsi zamanı Riçardın əsas dəstəkçilərindən olan Bulon qrafı Matye yaralandı. Bundan sonra onun başqa bir aparıcı müttəfiqi – Flandriya qrafı Filip qoşununu geri çəkdi. Nəticədə Riçard çətin vəziyyətdə qaldı.
II Henri isə müharibənin gedişində özünün ildırımsürətli hücumları və qələbələri ilə hamını heyrətləndirirdi. Normandiyanın cənubunda VII Lüdovikin qoşunları darmadağın edilmiş, qiyamçıların qalaları bircə-bircə ələ keçirilmişdi. Nəticədə fransız kralı və üç qardaş sülh danışıqlarına razılaşdılar. II Henri oğullarına torpaqlarından gələn gəlirin bir hissəsini və yaşamaq üçün qəsrlər təklif etdi. Hakimiyyət isə yenə də onun özündə qalmalı idi. VII Lüdovik məsləhət gördü ki, şahzadələr bu təkliflə razılaşsın. Lakin üç qardaş bundan boyun qaçırdılar. İş belə olduqda II Henrinin döyüşçüləri Eleanoranın qohumlarına məxsus torpaqları viran etməyə başladılar. Eleanora başa düşdü ki, onun bircə yolu qalıb: VII Lüdovikin yanına qaçmaq! Lakin Eleanora istəyinə çatmadı: kişi paltarında yaxalanaraq ərinin – ingilis kralının hüzuruna göndərildi. Onunla birlikdə üç oğlunun arvad və nişanlıları da II Henrinin əlinə keçdi.
Anasının əsir götürüldüyünü eşidən Riçard bərk qəzəbləndi və Puatyeni tutdu. İlk olaraq La Roşel adlı liman şəhərinə hücum çəkdi. Ancaq La Roşel əhalisi II Henriyə sədaqət nümayiş etdirdi. La Roşelin ticarət baxımından rəqibi sayılan Sent (Fransada yerləşir) şəhəri isə Riçardı çox yaxşı qarşıladı. Bu arada, II Henri qiyamçılara divan tutmaq məqsədilə Puatyeni mühasirəyə aldı. 1174-ci ilin may ayında Puatye təslim olmaq məcburiyyətində qaldı.
Bununla da kifayətlənməyən II Henri daha sonra sürətli hücumla Sentin şəhər darvazasına dayandı. Riçard bir neçə yoldaşı ilə şəhərdən qaça bildi. Onun qoşunu iki gün müdafiə olunandan sonra təslim oldu. Nəticədə altmış cəngavər[3 - Cəngavər – orta əsrlərdə Qərbi və Mərkəzi Avropada hərbi-zadəgan silkinə mənsub şəxs, ağır silahlı süvari döyüşçü (red.)], dörd min əsgər Henrinin əlinə keçdi. Riçard bu məğlubiyyətdən ciddi nəticə çıxaracaq, düşmənləri bir də heç vaxt onu qəfil yaxalaya bilməyəcəkdilər…
II Henrinin əmri ilə Eleanora zindana məhkum edildi: on il Solsberi qalasında, sonra isə Vinçesterdə saxlanıldı. O yalnız əri öləndən sonra azadlığa çıxdı.
İngilis kralı isə qiyamçıları zərərsizləşdirməyə davam edirdi: öncə şotlandiyalıları məğlubiyyətə uğratdı və hökmdarlarını əsir götürdü, ardınca isə fransızları bir də darmadağın elədi. Riçard yeni qoşun toplayıb II Henrinin Puatyedə saxladığı qoşunun üzərinə yerisə də, istəyinə çata – şəhəri tuta bilmədi.
Nəhayət, 1174-cü ilin sentyabrında ingilis və fransız kralı arasında sülh bağlandı. VII Lüdovikin qəbul etdiyi sülh şərtləri Riçardın ürəyincə deyildi.
Əl-qolu açılan II Henri isə Riçardı əməllicə sıxışdırmağa başladı. Riçard isə indiyə qədərki uğursuzluqlarından nəticə çıxararaq atası ilə döyüşdən yayınırdı. Bundan başqa, gələcək kral başa düşürdü ki, VII Lüdovik və Gənc Henriyə bel bağlamağa dəyməz. Riçard həm fransız kralının, həm də qardaşının ona xəyanət etdiyini anlamışdı. Odur ki atasının yanına gəldi, qarşısında diz çöküb ağladı və ondan bağışlanmasını istədi. Atası isə Riçardı ayağa qaldırıb alnından öpdü. Həmin vaxt Riçardın 17 yaşı var idi.
Beləliklə, II Henri ilə oğlu barışdılar. Onların arasında sülh bağlandı. Riçardın digər qardaşları da bir il əvvəl təklif olunandan daha azına razılaşmaq məcburiyyətində qaldılar.
Ən maraqlısı odur ki sülh razılaşmasında Eleanoranın adı belə xatırlanmırdı…

III FƏSİL

Akvitanya hersoqu
II Henri ilə barışıqdan sonra oğullar Milad bayramını ataları ilə birlikdə Normandiyada keçirdilər. Fransız kralına sədaqət andı içdiklərindən oğulları hüquqi cəhətdən II Henriyə sadiq olmaya bilərdilər. Bu səbəbdən də II Henri 1175-ci ilin fevralında Riçard və Joffruadan ona sədaqət andı içmələrini istədi. Gənc Henri isə öz təşəbbüsü ilə artıq and içmişdi.
Riçardın vətəni Akvitanya maddi və mənəvi cəhətdən zəngin bir diyar idi. Hündür, enlikürək, qızılı saçlı, göygöz, qəşəng Riçard isə elə bu diyarın adına layiq övlad sayıla bilərdi: o, şeir yazır, mahnı bəstələyir, bu mahnıları özü də oxuyurdu. Latın dilində baş yepiskopların çoxundan yaxşı danışırdı. Səxavəti barədə isə əfsanələr dolaşırdı.
Riçard öz dövrünün ən yaxşı əsgəri və sərkərdəsi idi. Həmin dövrlərdə bu keyfiyyət kral üçün əsas sayılırdı. Fiziki cəhətdən güclü olması bəzən hətta döyüşün taleyini təkbaşına həll etməyə imkan verirdi. Müharibələr onu qəddarlaşdırmışdı, bununla belə, düşməninə qarşı həmişə vicdanlı davranırdı. Öz ətrafına yığdığı adamlar heç vaxt ona xəyanət etməmişdilər.
Riçardın Akvitanya hersoqu kimi atasından aldığı ilk tapşırıq aralarındakı sazişi həyata keçirmək idi. Bu onun nə qədər sədaqətli olduğunu göstərəcəkdi. Çünki indi keçmiş müttəfiqləri və silahdaşları ilə vuruşmalı idi. Belə tapşırığı Bretana hersoq təyin edilən Joffrua da almışdı. Sanki, II Henrinin çoxdankı arzusu həyata keçirdi: uşaqları ona imperiyanı idarə etməkdə kömək göstərməyə başlayırdılar!
1175-ci ildə Riçard fransız kralının nəzarətindəki Kastiyon qalasını mühasirəyə aldı. Bu, yaxşı möhkəmləndirilmiş qala idi. İki aylıq mühasirədən sonra Riçard qalanı təslim olmağa məcbur elədi. 30 cəngavər və bir xeyli əsgər əsir götürüldü. Riçard göstəriş verdi ki, qala divarları dağıdılsın.
Bu vaxt II Henri isə Eleanoranı boşayıb təzədən evlənmək qərarına gəlmişdi. Həmin məqsədlə 1175-ci ildə Londona ovaxtkı Roma papasının müvəkkili təşrif buyurdu. Eleanora qiyam qaldırdığına görə kralın onu boşamağa əsası vardı. Ancaq II Henri fikrindən daşındı, çünki arvadını boşayacağı təqdirdə, Akvitanyanı ona qaytarmalı idi. Üstəlik, oğulları bu məsələyə yaxşı baxmayacaqdılar.
Riçard 1176-cı ilin yazında Anqulem və Limuzen baronlarının güclü koalisiyası ilə qarşılaşdı[4 - Anqulem və Limuzen Fransada tarixi bölgədir. (red.)]. Koalisiyanın başında isə qraf VI Qiyom Tayleferin oğulları Vülqren, Qiyom, Aymar və onların anabir qardaşları V Aymar dayanırdı. V Aymar Fransanın mərkəzi hissəsində yerləşən Limoj şəhərinin vikontu[5 - Vikont – köhnə Fransada, İngiltərədə və bəzi başqa dövlətlərdə baron ilə qraf arasında orta zadəgan rütbəsi və bu rütbəyə sahib olan adam (red.)] idi. Ola bilsin, qiyamın səbəbini də elə onun incidilməsində axtarmaq lazımdır. Belə ki, II Henri 1175-ci ildə vikonta aid olan bəzi torpaqları kiçik oğlu İoana vermək istəmişdi. Halbuki buna qədər V Aymar ingilis kralına qarşı həmişə loyal olmuşdu. Lakin həmin hadisədən sonra Limoj vikontu bütün qiyamlarda iştirak edirdi. Riçard məhz onun qaldırdığı növbəti qiyamı yatırarkən həlak olacaqdı…
Riçard yalnız öz qoşunları hesabına düşmənlə bacarmayacağını anlayıb kömək üçün atasına müraciət etdi. 1176-cı ilin aprelində isə İngiltərəyə gedib döyüşçü toplamaq məqsədilə ondan pul aldı. İlk zərbə Vülqrenin başçılıq etdiyi orduya vuruldu. Riçard onu darmadağın edəndən sonra Limoju mühasirəyə aldı. Cəmi bir neçə gündən sonra şəhər təslim oldu.
Həmin il may ayının sonunda isə Riçard Puatyedə qardaşı Gənc Henri ilə görüşdü. Atası onu Riçarda köməyə və təcrübə toplamağa göndərmişdi. Qardaşlar qoşunla Anqulemə tərəf hərəkət etdilər. Hədəf Anqulem qrafı VI Qiyomun qalaları idi. Onlar strateji əhəmiyyətli bir qalanı mühasirəyə aldılar. İki həftə mühasirədən sonra qala təslim oldu. Bunun ardınca isə Gənc Henri kəskin addım ataraq Riçardın yanından ayrıldı. Bunun sadə səbəbi var idi: qardaşlar yola getmirdilər. Hər ikisi yaraşıqlı, güclü olsa da, xasiyyətləri tutmurdu. Gənc Henri, görünür, Riçardın uğurlarına, şöhrətinə paxıllıq eləyirdi.
Gələcək kral isə dayanmadan irəliləyirdi – on günlük mühasirədən sonra Mulinyöv adlanan əhəmiyyətli bir qalanı tutub Anqulemə yaxınlaşırdı. Vəziyyətin çıxılmazlığını görən VI Qiyom bu şəhəri və daha bir neçə qalanı Riçarda təslim etmək məcburiyyətində qaldı. Riçard isə qrafla oğullarını əsir götürərək atasından aman diləmələri üçün İngiltərəyə göndərdi.
Bu zaman II Henri kiçik qızı İoannanı Siciliya kralı II Vilhelmə ərə vermiş, özü isə 1176-cı ilin Milad bayramını oğulları Joffrua və İoanla keçirmişdi. O, çoxdan «Qərbin Qüdsü» sayılan Santiaqo-de-Kompostelaya[6 - Santiaqo-de-Kompostelaya – İspaniyanın şimal-qərbində Müqəddəs Yəqub katedralı ilə məşhur şəhər. Hazırda Qalisiya muxtar vilayətinin paytaxtıdır. Əfsanəyə görə İsanın on iki həvarisindən (əshabəsindən) biri olan Yəqubun nəşi bu şəhərdə dəfn edilib (red.).] ziyarətə getmək arzusunda idi. Odur ki Riçarda məktub göndərib İspanyaya gedən yolu quldurlardan təmizləməyi tapşırdı. Məsələ burasında idi ki, həmin yolun üzərində ingilislərin vəhşi, məkrli, qəddar xalq hesab etdikləri basklar və navarralılar yaşayırdılar.
Milad bayramından sonra Riçard cənuba ildırım sürətli hücum edib düşməni qəfil yaxaladı. Bir neçə şəhərləri, ardınca da Pireneydən keçən yola nəzarət eləmək imkanı verən Sen-Pyer qalasını ələ keçirdi. İngilis şahzadəsi qarşısında aciz qalan bask və navarralılar sülhə razılaşdılar, tacirlərin, zəvvarların təhlükəsizliyini təmin edəcəklərinə and içdilər. Riçard fevralın 2-də Puatyeyə qayıdıb elçilər vasitəsilə qazanılan uğurlar barədə atasına məlumat göndərdi.
1176-ci ilin sonunda Fransanın mərkəzindəki Şatoru qalasının zəngin baronu Berri Raul de Deol vəfat etdi. Onun varisi olaraq bir qızı qalmışdı. Qızın vur-tut üç yaşı vardı. II Henri dərhal ona qəyyumluğa götürmək, beləliklə, Şatoruya yiyələnmək istədi. Qızın qohumları ingilis kralının bununla bağlı tələbini rədd etdilər. Görünür, onlar VII Lüdovikin köməyinə bel bağlayırdılar. Şatoru qalasının müharibəyə hazırlaşdığını eşidincə isə II Henri lap özündən çıxdı. Axı bu, təhqir demək idi! II Henri yaranmış problemi güc yolu ilə həll etmək qərarına gəldi. Həmin işi isə Riçarda yox, Gənc Henriyə həvalə etdi. Halbuki qalanın daxil olduğu Berri bölgəsinin sahibi Riçard idi. Görünür, II Henri qardaşlar arasında ixtilafı daha da alovlandırmaq, bununla da onların hər ikisini ayrı-ayrılıqda tamamilə öz iradəsinə tabe etdirmək istəyirdi.
Beləliklə, Gənc Henri Normandiya və Anjuda qoşun toplayıb Berriyə soxuldu. O, Şatorunu tutdu, ancaq qızı tapmadı. Plantagenetlər üçün bu qəyyumluq məsələsi hədsiz dərəcədə önəm daşıyırdı: mərhum baronun qızı II Henrinin himayəsinə keçərsə, ingilislərə həm yaxşı qazanc gətirəcək, həm də Fransanın müəyyən qismindəki hakimiyyətlərini daha da möhkəmləndirəcəkdi.
Riçardın nişanlısının 17 yaşı artıq tamam olmuşdu. O dövrün qaydalarına əsasən çoxdan ərə getmək vaxtı idi. Bu, Fransa sarayını narahat eləyirdi. 1176-cı ildə VII Lüdovik dəfələrlə Roma papasına müraciət etdi ki, Henriyə təzyiq göstərsin: ya nikahı tezləşdirsin, ya da Alisanı evə qaytarsın. Papa fransız kralını haqlı saydı. Odur ki II Henrini torpaqlarına interdikt[7 - İnterdikt – orta əsrlərdə Roma papası tərəfindən tənbeh olaraq müəyyən şəhərdə və ya ölkədə dini ayinlərin qadağan olunması] qoyacağı ilə hədələdi. Lakin II Henri iki kralın görüşünə qədər interdikti təxirə salması üçün papanın razılığını ala bildi. Bunun ardınca isə VII Lüdovik qarşısında tələb qoydu ki, Alisanın cehizi kimi Burj baş yepiskopluğunun torpaqlarını ona, Vekseni isə Gənc Henriyə versin.
Avqust ayında Henri qoşunla İngiltərədən Normandiyaya gəldi. 1177-ci ilin sentyabrında papa müvəkkilinin iştirakı ilə kralların görüşü baş tutdu. Mübahisəli torpaq məsələləri münsiflər məhkəməsinə verildi. Riçard isə Alisa ilə evlənməli oldu. Bundan başqa, hər iki kral səlib yürüşündə iştirak etməyə razılaşdılar, ona görə də bir-birinə hücum etməyəcəklərinə söz verdilər.
Bir qədər sonra II Henri oğlu Riçardı qabaqda göndərib özü isə onun arxasınca qoşunla Şatoruya daxil oldu. Orada mərhum baronun qızının qohumlarından qəyyumluqla bağlı razılıq aldı. Sonralar isə həmin qızı ingilis baronlarından biri ilə evləndirərək istəyinə çatdı. Bundan başqa, Anqulem və Limuzendəki qiyamçılar ilə də haqq-hesab çürüdən II Henri üçün işlər çox uğurlu gedirdi.
1178-ci ildə Riçard böyük ordu ilə yenə baskların ölkəsinə yollandı. Oranın həbsxanasında köhnə düşməni, Biqorr qrafı Santyula rast gəldi. Yerli sakinlər onu əsir götürmüşdülər. Araqon kralı II Alfons qraf Santyula zamin durdu və Riçard düşmənini azad etdi.
Demək lazımdır ki, Kral II Alfons ilə Riçard bir-birinə oxşayırdılar. Hər ikisi gənc və igid idilər, bütün ömürləri döyüşdə keçmişdi. Kastiliya ilə müttəfiq olan kral cənubda mavrlarla, şimalda isə Navarra krallığı və Tuluza qraflığı ilə döyüşür, yeni-yeni torpaqları özünə birləşdirirdi. II Alfons Akvitanya üçün də təhlükəli qonşu idi. Bəlkə, Riçard elə ona görə də ordusunu getdikcə gücləndirirdi.
Riçard 1178-ci ilin Milad bayramını Sent şəhərində keçirdi. Bayram günlərində tufanın yaxınlaşdığı artıq aydın hiss olunurdu. Belə ki, Tayleferlər nəslinin yeni başçısı Anqulem qrafı Vülqren və VII Lüdovikin köhnə dostu Joffrua de Rankon bayrama gəlmədilər. Vülqren, görünür, verilən itkilərlə barışa bilmirdi. Ümumiyyətlə isə, həm Vülqreni, həm də de Rankonu anjuyluların cənuba doğru yayılması narahat eləyirdi.
İşi belə görən Riçard böyük ordu toplayıb de Rankonun Sent və Bordo yollarına nəzarət edən Pon qalasını mühasirəyə aldı. De Rankon müharibəyə yaxşı hazırlaşdığından hücum uğurla nəticələnmədi. Riçard taktikanı dəyişmək lazım olduğunu anladı. Qoşunun yarısını Ponda saxlayıb qalan yarısı ilə şimala yürüş etdi. İyirmi beş günə beş qala tutdu. 1179-cu ilin mayında Taybur qalasına (Fransa) yaxınlaşdı və bu qalanın fəthi ilə adını məşhurlaşdırdı.
Taybur qalası alınmaz sayılırdı. Düşmənlər onu bir dəfə də olsun tuta bilməmişdilər. Qala Şaranta çayının sağ sahilində yerləşirdi və Nyordan Sentə gedən yeganə körpünü nəzarətdə saxlayırdı. Qala ilə şəhərcik üç tərəfi sıldırım olan qayanın üstündə tikilmiş, dördüncü tərəf qalın divarla əhatələnmişdi. Riçardın mancanaqları qala divarlarını dağıtdığı vaxt, əsgərlər qalaya məxsus ətrafdakı bağları, üzümlükləri qırır, zəmiləri viran qoyurdular. Riçard düşərgəni darvazaya yaxın yerdə salmışdı. O özünü elə göstərirdi ki, guya düşərgədə heç kim yoxdur. Şəhər qarnizonu[8 - Qarnizon – istər sülh, istər müharibə şəraitində möhkəmləndirilmiş məntəqənin mühafizəsi və müdafiəsi üçün daimi, yaxud müvəqqəti olaraq orada yerləşdirilmiş qoşun, hərbi hissə] görüntüyə aldanıb mancanaqları və düşərgəni ələ keçirmək fikrinə düşdü. Riçarda da elə bu lazım idi. Onun döyüşçüləri qəfil pusqudan çıxıb düşməni darvazaya tərəf qovdular. Darvazanın ağzında qızğın döyüş başladı. Riçard lap öndə vuruşurdu. Onun döyüşçüləri tam üstünlük qazandılar, darvazadan içəri soxularaq şəhəri tutdular. Şəhərin bütün ərzaq ehtiyatı Riçardın əlinə keçdi. Bu səbəbdən də qala daxilindəki müqavimət uzun sürmədi. Tezliklə Taybur təslim oldu. Xəbəri eşidib möhkəm sarsılan de Rankon başqa yolu qalmadığını görüb Ponu da Riçarda təslim etdi. Hər iki qalanın divarları dağıdıldı. Müttəfiqlərinin uğursuzluğunu öyrənən Vülqern isə Anqulemdən çəkildi. Beləliklə, ora da Riçardın nəzarətinə keçdi. II Henri İngiltərədən Riçardı qələbə münasibəti ilə təbrik etdi.
Uzun sözün qısası, bu yürüşlə Riçard adını hərb tarixinə yazdırdı.
1179-cu il noyabrın 1-də Fransanın yeni hökmdarı taxta çıxdı. Bu, II Filip[9 - I Filip Avqust (1165 – 1223) – Bozonidlər sülaləsindən Fransa imperatoru] idi. Onun iflic olmuş atası VII Lüdovik tacqoyma mərasimində iştirak etmirdi. Ancaq II Henrinin oğullarının üçü də mərasimə qatılmışdı. Gənc kralın on dörd yaşı vardı. Əslində, II Filipin tacqoyma mərasiminin daha əvvəl – avqustda keçirilməsi nəzərdə tutulurdu. Lakin o, tədbirin təşkil olunacağı Reyms şəhərinə gedən yolda məiyyətləri ilə ova çıxdı. Meşədə məiyyətlərindən ayrı düşüb azdı. Nəticədə bərk qorxdu və xəstələndi. Bir neçə gün həyatla ölüm arasında çarpışsa da, onu sağaltmaq mümkün oldu.
Riçard 1181-ci ilin yayında Qaskoniyaya yürüş etdi. Həmin il avqustun ortalarında onun baş şəhəri Lekturu tutdu. Bu vaxt Akvitanyada yenə qiyam qalxdı. Belə ki, Anqulem qrafı Vülqren vəfat etmiş, özündən sonra varis kimi azyaşlı qızı Matilda qalmışdı. Riçard dərhal onun üzərində qəyyumluq iddiası ilə çıxış elədi. Vülqrenin qardaşları V Qiyom və Aymar buna qarşı çıxdılar. Onlar varis üzərində qəyyumluğu və qraflığı özləri üçün tələb edirdilər. Riçardın qoşunu yaxınlaşanda qardaşlar Limoj vikontuna sığındılar. Qohumluq bağları olan bəzi başqa qraf və vikontlar da onların tərəfini tuturdular.
Riçard düşmənlərinə qəfil zərbə vurdu. Belə ki, 1182-ci ilin aprelində ani hücumla müttəfiqlərdən birinin – Periqor qrafının əsas qalasını tutdu. Sonra yolunun üstündəki hər şeyi dağıdaraq Limuzenə keçdi. Ancaq hərbi gücü az olduğu üçün atasından kömək istəməli oldu. II Henri digər oğlunu – Gənc Henrini qardaşı Riçardın köməyinə göndərdi. Bunu eşidib qorxuya düşən Limoj vikontu sülh istədi. O söz verdi ki, ögey qardaşlarına daha kömək etməyəcək. Riçard sülhə razılaşdı…

IV FƏSİL

Ailə ixtilafları
Çox keçmədi ki, ingilis kralının ailəsində yeni qarşıdurmanın ilk işartıları görünməyə başladı. Belə ki, Gənc Henri atasından hakimiyyət əldə etməyə çalışırdı. Bu məsələdə onu fransız kralı II Filip də müdafiə eləyirdi. Ancaq atası ona güzəştə getmək istəmirdi.
Gənc Henri 1182-ci ilin yayında Limojdan keçib gedərkən qiyamçılar ona Akvitanyanın hersoqu olmağı təklif elədilər. Çünki güclü Riçardla müqayisədə zəif Gənc Henri onlar üçün daha əlverişli idi. Bertran de Bornun[10 - Bertran de Born (1140 – 1215) – orta əsrlər Provansının (Fransanın cənub-şərqində region) ən böyük şairi və musiqiçisi] sözləri ilə desək, Riçard qiyamçıları «mum kimi əzib istədiyi formaya salırdı».
Gənc Henri üçün təklif cəlbedici olsa da, təhlükəli idi. Qardaşlar bir-birini sevmirdi. Gənc Henri qardaşının hərbi uğurlarına açıq-aşkar paxıllıq eləyirdi. Əgər indi o, Riçarda qarşı qiyamçılarla birləşsə, bu, atasının xoşuna gəlməyə bilərdi. Bunu isə Gənc Henri istəmirdi. Yeri gəlmişkən, Gənc Henrini qardaşına qarşı döyüşə kralın üçüncü oğlu Joffrua da təhrik eləyirdi.
Atası ona hakimiyyəti verməyəndə Gənc Henri Qüdsə getməyi qərara aldı. Lakin II Henri zorla da olsa, onu bu fikrindən daşındırdı. Mülayim xasiyyətli Gənc Henri heç öz ailəsində qayda-qanun yarada bilmirdi. Oğlu körpə yaşında vəfat etmişdi. Arvadı Marqarita ona dostu, cəngavər Uilyam Marşalla xəyanət eləyirdi. Bunu eşidən Gənc Henri dostunu hərbi xidmətdən qovmaqla kifayətlənmişdi…
1182-ci ilin payızında, görünür, Gənc Henrinin razılığı ilə Akvitanyada yenə iğtişaşlar başladı. Anqulemdə isə Qiyom və Aymar qardaşları müharibəyə davam eləyirdilər. Limoj vikontu isə sülh sazişini pozub kapitan Qiyom Arnonun başçılıq etdiyi qaskonlardan və basklardan ibarət muzdlu əsgərlərlə onlara qoşuldu.
II Henri 1182-ci il Milad bayramını Normandiyada qarşıladı. Üç oğlu da yanında idi. Həmçinin Saksonya və Bavarya hersoqu olan Aslan Henri ilə birlikdə qızı Matilda da kralla birlikdə idi. Hersoq sarayında bayrama mindən çox cəngavər toplanmışdı. Mərasimdə bir az əvvəl adını çəkdiyimiz görkəmli trubadurlardan[11 - Trubadur – əsasən Oksitianyadan (Fransada tarixi-etnik bölgə) olan orta əsr şair və musiqiçilərini belə adlandırırdılar (red.)] biri Bertran de Born da iştirak edirdi. Onu Riçard şəxsən dəvət eləmişdi. Şeir həsr etdiyi Matildadan başqa, Normandiyada trubadura xoş gələn heç nə olmadı…
Bəlkə də, Gənc Henrinin təzyiqlərini azaltmaq üçün II Henri digər oğulları Riçardla Joffruaya əmr elədi ki, ona vassal kimi sədaqət andı içsinlər. Joffrua dərhal razılaşdı: necə olsa da, Bretan artıq Normandiyadan asılı idi. Riçard isə təklifi qətiyyətlə rədd etdi. Onun sözlərinə görə, atalarının sağlığında bir qardaş o birinin vassalı ola bilməzdi. Üstəlik, Gənc Henri atasının, o isə anasının mirasını almalıdır. Lakin sonradan Riçard təkliflə razılaşdı: bir şərtlə ki, Akvitanya həmişəlik onun və varislərinin olacaq. Buna isə Gənc Henri razı olmadı, çünki qiyamçıların köməyi ilə gec-tez Akvitanyanı alacağına ümid eləyirdi. Riçardla savaşmağa da əsas var idi – o, Puatye ilə Turen sərhəddindəki Klervo qalasını öz məqsədləri üçün möhkəmləndirmişdi. Gənc Henrinin fikrincə, bu qanunsuz addım idi, çünki həmin qala ona miras qalmış torpaqda yerləşirdi.
1183-cü il yanvarın 1-də Gənc Henri ömrünün sonuna qədər atasına sadiq qalacağına and içdi. İşi belə görən Riçard dərhal qalanı atasına verməyə razılaşırdi. Və tezliklə aydın oldu ki, Klervo ilə bağlı narazılıq Gənc Henri üçün bəhanədir…
Tezliklə II Henri oğullarını Anjedə toplayıb qiyamçılarla imzalanacaq sülh anlaşmasını qoruyacaqlarına and içməyə məcbur etdi. Qiyamçıların nümayəndələrinin iştirakı ilə barışıq sənədinin tezliklə Mirboda imzalanması razılaşdırılmışdı. İngilis kralı 1183-cü il fevralın əvvəlində Joffruanı Limuzenə sülh bağlamağa, həmçinin qiyamçıları danışıqlara gətirmək üçün yolladı. Ancaq Joffrua gözlənilməz addım atdı: o, qiyamçılara qoşuldu! Bunu isə Riçardla mübahisədə qiyamçıların haqlı tərəf olması ilə əsaslandırdı. Joffrua ilə daim birlikdə hərəkət edən Gənc Henri atasını yola gətirdi ki, kral məhkəməsi qarşısında qiyamçıları dinləsin, keçən ilki müqavilənin şərtlərinə yenidən baxsın. Bundan sonra isə onun özü də Limuzenə yola düşdü.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, II Henrinin əksər situasiyalarda Riçarda qarşı ədalətsiz münasibəti diqqət çəkirdi. Ola bilsin, bunun səbəbi Gənc Henrini, sadəcə, hakimiyyət iddiasından daşındırmaq, həmçinin digər oğullarının köməyi ilə Riçardı yerində oturtmaq istəyi idi. Hər halda, II Henrinin ədalətsiz münasibətini görüb Riçarddan narazı olan başqa vassallar da ona qarşı baş qaldırırdılar.
Qiyamçılarla bağlı məsələdə Gənc Henrinin təklifi ilə razılaşdığı üçün atasıyla bərk mübahisə edən Riçard ardınca kral sarayını icazəsiz tərk elədi və Puatyeyə üz tutdu. Bu zaman qiyamçılar Limuzendə böyük qoşun toplayırdılar. Riçardın tərəfdarlarından biri olan Sent-Martial monastırının başçısı vəziyyəti belə görərək qaçıb aradan çıxmışdı. Şəhərdəki qarnizon isə qiyamçıların tərəfinə keçmişdi. Muzdlular ətrafdakı yaşayış yerlərini talayırdılar.
Riçard ilk zərbəni bretanlılara vurdu. Sonra isə ordunu Bretanda qoyub süvari qoşunu ilə birgə Limuzenə yollandı. Limoj yaxınlığında qəfildən şəhərin vikontuna hücum çəkdi. Vikont qaçıb canını qurtarsa da, onun muzdlu döyüşçüləri darmadağın edildi, çoxu əsir alındı. Sonradan Riçardın əmri ilə həmin muzdluların bəziləri suda batırıldı, qalanlarının isə ya başları kəsildi, ya da gözləri çıxarıldı. Hətta daim mərhəməti, rəhmdilliyi təbliğ edən keşişlər belə Riçardın bu amansızlığı qarşısında fərqli mövqe sərgiləmişdilər: onların fikrincə, muzdlular öz soyğunçu, talançı əməllərinə görə cəzalandırılmışdılar!

Gənc Henrinin ölümü
Bu zaman II Henri ilə Gənc Henri arasında xüsusilə də qiyamçılara qarşı münasibətlə bağlı kəskin fikir ayrılıqları yarandı və onların münasibəti xeyli pisləşdi. Nəticədə Riçarda qarşı ədalətsiz davrandığını hiss eləyən II Henri oğlunun könlünü almaq üçün kiçik dəstə ilə Limuzenə tələsdi. Lakin Riçardın dəstəsi Limoj qalası yaxınlığında kralı hücumla qarşıladı. Kral təbəələrindən olan bir cəngavər yaralandı. Tərəflər arasında döyüş Riçardın əsgərləri kralı tanıyana qədər davam etdi.
II Henri adamları ilə birlikdə Eka qalasına çəkildi. Həmin axşam Gənc Henri özünü təmizə çıxarmaq üçün atasının yanına gəldi. Lakin onların söhbəti alınmadı. Gənc Henri Limoja qayıtdı. Şəhər vikontunun əmri ilə Limoj əhalisi Gənc Henriyə sədaqət andı içdi.
Bundan sonra Riçard qoşun toplayıb Limojun bir hissəsini tutdu. Həmin vaxt Gənc Henri ilə kral iki həftə ərzində danışıqlar apardılar, lakin aralarındakı mübahisəli məsələlərin həlli barədə razılığa gələ bilmədilər. Gənc Henri baş verənlərə görə peşmançılıq hissi keçirirdi. Lakin artıq gec idi. Onunla kralın arası əməlli-başlı dəymişdi.
Çox keçmədi ki, II Henri və Riçard birgə hərəkət edərək Limoj qalasını mühasirəyə aldılar. Qarşı tərəf qalanın taxta divarlarını (daş divarlar 1181-ci ildə dağıdılmışdı) mətanətlə müdafiə edirdilər.
1183-cü ilin baharı yağışlı və soyuq keçirdi. Bu səbəbdən də Limoju mühasirəyə alanlar çadırlarda üşüyür, xəstələnirdilər. Üstəlik, həmin vaxt Burqunduya hersoqu Quqo və Tuluza qrafı Raymundun qoşunları Gənc Henrinin köməyinə gəlmişdilər. Bunun səbəbi var idi. Onlar bəzi torpaqların işğalını II Henri ilə Riçarda bağışlaya bilmirdilər.
May ayında Limojun mühasirəsini dayandırmaqdan başqa çıxış yolu qalmadı. Hətta döyüşçü çatışmazlığından Eka qalasını qiyamçılara təslim etmək lazım gəldi. Həmin vaxt Tuluza qrafı ilə Provans uğrunda müharibə aparan Araqon hersoqu Alfons ingilis kralıyla oğlunun köməyinə gəlsə də, bunun heç bir xeyri olmadı.
1183-cü ilin mayın sonlarına doğru gözlənilməz hadisə baş verdi: Gənc Henri bərk xəstələndi və iyunun 11-də vəfat etdi. Onun köhnə dostu Uilyam Marşal can verən dostunun yanına gəldi. Gənc Henri ölümqabağı atasından özünün və anasının bağışlanmasını dilədi, eləcə də Marşaldan xahiş etdi ki, onun əvəzinə Müqəddəs Torpağı (Qüdsü) ziyarət eləsin.
Gənc Henrinin ölümündən xəbər tutan Burqunduya hersoqu və Tuluza qrafı qoşunları ilə evlərinə qayıtdılar. Limoj vikontu isə Gənc Henrinin cəsədini dəfn etmək üçün Qranmon abbatlığına[12 - Abbatlıq – katolik kilsəsi. Bu kilsələr abbat tərəfindən idarə olunur.] apardılar. Bundan sonra sayca üstünlük qazanan II Henri və oğlu Limoju yenidən mühasirəyə aldılar. İyunun sonlarına doğru vikont qalanı təslim etməli oldu. Qala divarları yenidən dağıdıldı.
Həmin qələbənin ardından II Henri Anjuya qayıtdı. Riçardla Alfons isə qiyamçıların axırına çıxmaq üçün Limuzenin cənubuna doğru hərəkət etdilər. Onlar qiyamçıların tərəfinə keçmiş Bertran de Borna məxsus Otfor qalasını ələ keçirib trubadurun özünü qoca kralın yanına göndərdilər. Kral ona rişxəndlə dedi: «Bu gün ağıl sənə çox lazım olacaq».
«Hökmdar, – Bertran cavab verdi, – indi məndə ağıl deyilən şey yoxdur».
«Xeyir ola?» – kral soruşdu.
«Hökmdar, – Bertran dedi, – cəsur oğlunuz öldüyü gün mən ağlımı, düşüncəmi itirdim».
Oğlu haqqında bu sözləri eşidən kral huşunu itirdi. Ayılanda gözyaşları içində qışqırdı: «Bertran! Bertran! Doğru deyirsən ki, oğluma görə ağlını itirmisən, çünki dünyada hamıdan çox səni istəyirdi. Ona olan sevginə görə sənə azadlıq verirəm, mülkünü, qalanı özünə qaytarıram».
Gənc Henrinin vəfatından sonra II Henrinin varisi Riçard oldu…

V FƏSİL

Tanınmayan varis
1183-cü ilin sentyabrında II Henri iki oğlunu – Riçardla İoanı Normandiyaya öz yanına çağırdı. O, Riçarda təklif etdi ki, Akvitanyanı qardaşına, yəni İoana versin. Eyni zamanda İoandan sədaqət andı qəbul etsin. Formal olaraq hər şey düzgün idi: artıq hakimiyyət pilləsində Riçard atasının, İoan isə onun yerini tuturdu. Ancaq II Henrinin təklifi Riçarda vurulan zərbə idi. Belə görünürdü ki, kral böyük oğlunu varis elan etmək istəmirdi. Riçard Akvitanyanı qardaşına verib hersoqluğu itirsə, atasından tamamilə asılı vəziyyətə düşəcəkdi.
Hər şeyi götür-qoy eləyib dostları ilə məsləhətləşmək üçün Riçard bir neçə gün möhlət istədi. Ardınca isə qalanı müharibəyə hazırlamaq məqsədilə Puatyeyə getdi. Elə yoldaca atasına xəbər göndərdi ki, hersoqluğu heç vaxt heç kimə verməyəcək, səkkiz il nahaq yerə ondan ötrü vuruşmayıb. Hüquqları bərpa olunmuş digər qardaş Joffrua isə İoanın Akvitanya hersoqu olacağını eşidib Anju qraflığının dərhal Bretana birləşdirilməsini tələb etdi. Şübhəsiz ki, bu məsələdə o, gizli müttəfiqi olan Fransa kralına bel bağlayırdı.
Gənc Henri öləndən sonra II Filip onun arvadı Marqaritanın cehizini – Normandiya Veksenini geri istədi. Əslində, II Henrinin həmin torpaqları birdəfəlik özünə birləşdirmək üçün müxtəlif imkanları var idi. Lakin o, bu imkanları dəyərləndirməmişdi. Belə etməsi səhv idi, bunun cəzasını da Riçard çəkəcəkdi…
1183-cü il dekabrın 6-da II Henri ilə II Filip arasında müqavilə bağlandı. Müqaviləyə görə Marqarita ərə gedənə qədər ona illik pensiya kəsilir; Normandiya Vekseni Alisanın cehizi olur və «onunla evlənən ingilis kralının oğullarından birinə verilir». Joffrua evli olduğundan və arvadının mirasını – Bretanı aldığından, söhbət ancaq Riçardla İoandan gedə bilərdi. Riçard isə artıq on beş ildi Alisa ilə nişanlı idi. Bəs onda nə baş verirdi?
Bu yerdə geri qayıdıb II Henrinin Riçardı sevməməsinin səbəbini izah etməli olacağıq. Hələ 1176-cı ildə Anju kral sarayında II Henrinin Alisa ilə gizli əlaqəsi barədə şayiələr dolaşırdı. Riçard buna biganə yanaşırdı, çünki, əslində, Alisa ilə evlənmək fikrində deyildi. II Henri də Aisanı ərə vermək istəmirdi, çünki onunla özü evlənmək niyyətində idi. Görünür, II Henri səmimi olaraq anlamır ki, necə olur, o, VII Lüdovikdən sonra Eleanora ilə evlənə bilir, lakin Riçard ondan sonra Alisa ilə evlənə bilmir. Başqa adaxlı tapmaq lazım idi. Yeganə alternativ – İoan idi. İonanın Alisadan yeddi yaş kiçik olması, yeddi ildir Qloster qraflığının varisinə nişanlanması heç nəyi dəyişmirdi. Görünür, II Henrinin varisindən Akvitanyanı İona verməsini tələb etməsinin başlıca səbəbi də bu idi.
II Henri həmin tələbini yerinə yetirməsi üçün Riçardı çox dilə tutdu, hətta onu təhdid elədi. Lakin bütün cəhdləri nəticəsiz qaldı. Günlərin bir günü Riçard öz adamlarını toplayıb onlara böyük bir səxavətlə qiymətli hədiyyələr payladı. Hətta mərhum Gənc Henrinin muzdlu kapitanlarından Merkadye də ilk dəfə həmin məclisdə peyda oldu. Sonrakı on beş il ərzində, düz Riçard ölənə qədər Merkadye ona sədaqətlə qulluq edəcək, onun etibarlı, sadiq dostuna çevriləcəkdi. Yeri gəlmişkən, 1200-cü ildə, Riçard öləndən sonra Merkadye qoca Eleanoranı Kastiliya kralının sarayına ötürdü və geri qayıdarkən küçə davasında öldürüldü. Görünür, o qədər düşmən qazanmışdı ki, Riçard öləndən sonra sağ qalması müşkül məsələ idi…
Riçardın tabe olmayacağını anlayan II Henri digər oğlu İoana əmr etdi ki, Akvitanyanı zor gücünə alsın. Həmin vaxt İoanın on yeddi yaşı olduğundan, bu işdə ona Joffrua kömək etməli idi. Puatyeyə hücum iyunda baş tutdu. II Henri həmin vaxt İngiltərədə idi. Bu hücumun cavabında Riçard gözlənilməz əks-hücumla Joffruanın mülkünü – Bretanı viran qoydu.
Bu arada, Riçarda yeni adaxlı – Müqəddəs Roma imperiyasının[13 - Müqəddəs Roma imperiyası – əsası 962-ci ildə Almaniya imperatoru I Otto tərəfindən qoyulmuş və 1806-cı ilə qədər mövcud olmuş imperiya. Qərbi və Mərkəzi Avropa regionlarında mövcud olmuş çoxmillətli imperiya idi. Ən böyük ərazisi Almaniya krallığı hesab olunurdu. Bu imperiyanın ərazisinə həmçinin bir çox Avropa krallıqları, o cümlədən, İtaliya krallığı və bir çox başqa ərazilər daxil idi (red.)] ikinci imperatoru I Fridrix Barbarossanın (1122–1190) qızı təklif olundu. 1184-cü ilin sentyabrında I Fridrix bununla bağlı anlaşmaya razılıq verdi. Həmin vaxt 27 yaşı olan Riçardın beş yaşlı qızla nişanlanmağa necə baxdığı məlum deyil. Ancaq fakt ondan ibarətdir ki, bir il sonra qız vəfat etdi.
Oğulları arasında müharibəyə son qoymaq üçün II Henri 1184-cü ildə onları İngiltərəyə çağırdı. O, oğullarının, eləcə də Gənc Henrinin ölümqabağı xahişini nəzərə alıb Eleanoranı da azadlığa buraxdı. Eleanora isə öz növbəsində Akvitanyanın problemlərinin müzakirəsində fəal iştirak etdi və şübhəsiz ki, Riçardın tərəfini tutdu. Riçardla İoan növbəti il Milad bayramını Vindzorda ata-anaları ilə keçirdilər. Joffruaya gəlincə, o, «nizam-intizama nəzarət etmək üçün» Normandiyaya göndərildi.
Milad bayramından sonra Riçard geri – Puatyeyə qayıtdı dərhal da Joffrua ilə müharibəyə başladı. Müharibənin başlamasında II Henri bu dəfə Riçardı təqsirkar bildi. O, 1185-ci ilin aprelində Normandiyaya gəlib şıltaq oğlunu sakitləşdirməkdən ötrü qoşun toplamağa başladı. Ancaq sonra vəziyyət dəyişdi. Eleanora Normandiyaya çağırıldı. Elə həmin vaxt Riçard belə bir əmr aldı ki, Akvitanyanı anasına versin. O həmin tələblə dərhal razılaşdı. Bu, Riçard üçün əsl qələbə idi, çünki gələcəkdə hersoqluq ona çatacaqdı. Belə ki, Eleanoranın mirası onsuz da Riçarda qalacaqdı.
Aradan bir müddət keçdi. Riçard anası ilə birlikdə Gənc Henrinin qəbrini ziyarət etdi. Sonra isə bütün ili Akvitanyada keçirib hersoqluğun işləri ilə məşğul oldu. Bu zaman İoan isə 1177-ci ildən kralı sayıldığı İrlandiyanı fəht etməyə göndərildi. Lakin yürüş uğursuzluqla nəticələndi. Səbəb sadə idi: İoan pis sərkərdə idi! Üstəlik, İrlandiya əhalisinin ondan xoşu gəlmirdi.
***
II Henri 1185-ci ilin sonlarında, Milad bayramında əyan-əşrəfini Normandiyada topladı. Bunun yeganə səbəbi bayramı bir yerdə keçirmək deyildi. Məsələ burasındadır ki, II Henriyə əminəvəsi olan Qüds kralı IV Balduinin (1161 – 1185) tacı təklif edilmişdi. IV Balduin həmin ilin mart ayında vəfat etmişdi. Qüds krallığının II Henriyə təklif edilməsi onun üçün böyük şərəf idi.
1186-cı ilin martında ingilis kralı növbəti dəfə II Filiplə görüşdü. Həmin görüşdə o and içdi ki, Alisa ilə bir başqası yox, məhz Riçard evlənəcək. Lakin II Filip xatırlatdı ki, tərəflər arasında əldə edilən razılıqda Alisa ilə evlənməyə namizəd olaraq «İngiltərə kralının oğulları» göstərilir, yəni konkret ad yoxdur. Lakin II Henri istənilən halda həmin namizədin Riçard olacağı barədə sözlərini təkrarladı. Bundan az sonra Gənc Henrinin dul qalmış arvadı Macarıstan kralı III Belaya ərə getdi. Həmin vaxt atasının ona laqeyd, qardaşının isə, az qala, düşmən münasibətindən narazı qalan Joffrua təskinlik tapmaq üçün Parisə, II Filipin yanına yola düşdü. Təskinlik isə ondan ibarət oldu ki, Joffrua Fransa sneşalı[14 - Sneşal – X – XII əsrlərdə Qərbi Avropada ən yüksək saray vəzifələrindən biri] titulu aldı.
II Filip həmin il Riçarddan Akvitanyaya görə ona sədaqət andı içməsini tələb etdi. Hersoqluq Fransa krallığının torpağı sayılırdı və Riçardın heç bir etirazı olmamalı idi. Ancaq atası buna qarşı olduğundan, Riçard fransız kralının istəyinə məhəl qoymadı.
Bu arada, Riçard Tuluzaya hücum çəkdi. O, atasından xeyli pul alıb böyük qoşun toplamışdı. Hücumun səbəbi aydın idi: qardaşlar öz aralarında didişərkən Tuluza qrafı fürsətdən istifadə edib onların əlindən Kersi qraflığını almışdı.
Bəzi müttəfiqləri Tuluza qrafının köməyinə gəlsə də, onlar Riçardın qarşısından geri çəkilməli oldular. Fransa kralı isə qraf və müttəfiqlərinin yardımla yalvarışlarına məhəl qoymadı, çünki həmin vaxt bunun üçün nə gücü, nə də vəsaiti var idi.
Həmin vaxt Joffrua hələ də II Filipin qonağı idi. Onlar günlərini məclislərdə, ovda, müxtəlif yarışlarda keçirirdilər. Belə yarışların birində Joffrua atdan yıxılıb həlak oldu. II Filip bundan çox sarsıldı. O, Joffruanın hamilə arvadına yeni doğulacaq uşağını (Arturu) fransız sarayında böyütməyi məsləhət gördü. Bundan başqa, Joffruanın uşaqlarının üstündə qəyyumluq tələb etdi. Əks təqdirdə, II Henrini müharibə ilə hədələdi. Məqsəd məlum idi: Joffruanın hersoqu olduğu Bretan əyalətini tamamilə öz nəzarətinə keçirmək! Danışıqlar zamanı II Filip bir az da irəli getdi və ingilislərdən Tuluza qrafı ilə müharibənin dayandırılmasını istədi. Nəticədə 1186-cı ilin oktyabrından yanvaradək barışıq elan olundu. Lakin sonradan Riçard dinc dayanmadı: o, Tuluzaya qarşı təzyiqlərini davam etdirdi.
1187-ci ilin fevralında II Henri Normandiyaya gəldi. Onu Riçard qarşıladı. Həmin ilin yazında isə II Filiplə danışıqların yeni mərhələsi başladı. Bu danışıqlar zamanı Joffruanın uşaqları üzərində qəyyumluq tələbinə Veksenin qaytarılması da əlavə olundu. Çünki Alisa hələ də Riçarda ərə getməmişdi. II Henri bildirdi ki, Veksen çoxdan Normandiyaya məxsusdur. Üstəlik, o bildirdi ki, oğullarından biri hökmən Alisa ilə evlənəcək. İngilis kralı bununla da kifayətlənmədi. Joffruanın uşaqları ilə bağlı qəyyumluq tələbi rədd edildi! II Henrini öz fikrindən yalnız güc yolu ilə döndərmək olardı. Fransa kralı isə, əvvəl də yazdığımız kimi, müharibə eləmək iqtidarında deyildi. Danışıqlar prosesi dalana dirənsə də, hər halda, yayın ortalarına qədər barışıq davam etdi.
Yayın əvvəlində hər iki tərəf müharibənin qaçılmaz olduğunu anladı. İddiaçı tərəf II Filip olduğundan müharibəni də o başlatmalı idi. Və belə də oldu: iyunda II Filip Berriyə hücum etdi. Möhkəmləndirilmiş İsudyön qalası, əvvəldən razılaşdıqları kimi, öz qapılarını onun üzünə açdı. Belə ki, qalanın sahibi II Filipin əmisi oğlu idi. Bu zaman ingilis kralının oğulları Riçardla İoan atalarının köməyə gəlməsini gözləyirdilər. Onlar Şatoruda dayanmışdılar. Elə iki ordu burada üz-üzə gəldi. Tərəflərdən heç biri, xüsusilə də II Filip geri addım atmaq niyyətində deyildi. Çünki bu onun anjuylularla ilk toqquşması idi.
Ümumilikdə isə, nə ingilis, nə də fransız kralı müharibəyə həvəsli görünmürdü. Böyük döyüşlər ilk növbədə komandan üçün təhlükə yaradırdı. O, əsir götürülə, öldürülə bilərdi. Üstəlik, rəqib qoşunların cərgəsində dostlar, qohumlar, qonşular var idi.
Nəhayət, fransızların tərəfində olan Flandriya qrafı Filip gözlənilməz şəkildə Riçardın yanına gəldi. O, ana xəttilə II Henrinin qohumu idi. Qraf döyüş əvəzinə Riçarda fransız kralı ilə danışıqlar aparmağı təklif etdi. Riçard bu gözlənilməz təklifə gözlənilməz addımla cavab verdi. O, atası ilə məsləhətləşmədən atını çapıb II Filipin yanına getdi. Görüş zamanı isə onların hər ikisi savaşmağın axmaqlıq olduğu qərarına gəldilər. Riçard dedi ki, döyüşmək üçün Müqəddəs Torpağa getmək istəyir. II Filip onun istəyini bəyəndi və guya ona II Henrinin yazdığı məktubu göstərdi. Məktubda İoanın Alisa ilə evlənəcəyi, sonra da Akvitanya ilə Anjunu alıb taxt-tacın varisi olacağı yazılmışdı. II Filip Riçardı əmin etdi ki, varis olmasında, Alisa ilə evlənməsində ona köməyini əsirgəməyəcək.
Fransa hökmdarının niyyəti aydın idi: o, həmişə olduğu kimi, ingilis kralını oğlu ilə qarşı-qarşıya qoymaq istəyirdi. Gənc Henrinin ölümündən dörd il keçsə və Riçard varis sayılsa da, bu məsələ qanuniləşməmişdi. Yəni II Henri özündən sonra hakimiyyətin məhz Riçarda keçəcəyini elan eləməmişdi. Ona görə də Riçard götür-qoy edib II Filipin köməyini qəbul etməyə razı oldu. Fransa kralının isə ürəyincə idi ki, Riçard Müqəddəs Torpağa gedib orada məhv olsun, ingilis kralının taxtına isə məhz zəif İoan çıxsın.
Oğlunun II Filiplə görüşdüyünü eşidən II Henri təlaşa düşdü. O, fransız kralından xahiş etdi ki, sülh danışıqları üçün nümayəndə göndərsin. Ovaxtkı Roma papası III Urbanın müvəkkili də danışıqlara qoşuldu. Bu vasitəçilik sayəsində ingilislərlə fransızlar arasında iki illik barışıq əldə olundu. Həmçinin İsudyön qalası II Filipdə qaldı.

Qüdsdə nə baş verir?
İngilis və fransız kralları arasında bütün bunlar baş verərkən Müqəddəs Torpaqdan – Qüds və ətrafından isə pis xəbərlər gəlirdi. Belə ki, Səlahəddin Əyyubi 1174-cü ildə Misirlə Suriyanı birləşdirərək Müqəddəs Torpaqdakı latın dövlətlərini üzük qaşı kimi əhatəyə almışdı. Xristianların bədbəxtliyi Bizans imperatoru I Manuilin (1118 – 1180) Anadolu Səlcuq Dövlətinə məğlubiyyətindən sonra başlamışdı. Bizans dövləti 1176-cı ildə baş verən həmin məğlubiyyətin ardından heç cür özünə gələ bilmirdi.
1187-ci il iyulun əvvəllərində Səlahəddin Əyyubi İordan[15 - İordan – Yaxın Şərqdə 251 kilometr uzunluğunda olan çay (red.)] çayını keçərək Tiberiyanı[16 - Tiberiya (və ya Tverya) – indiki İsrailin şimal-şərqində şəhər. Yəhudiliyin 4 müqəddəs şəhərindən biridir.] mühasirəyə aldı. Şəhər tutuldu, ancaq daxili qaladakılar müqavimət göstərməyə davam edirdi. Qüds kralı olan Gi de Luzinyan tarixi seçim qarşısında idi: ya Tiberiyanı taleyin ümidinə buraxaraq Səlahəddin çəkilib gedənə qədər daxili qalada gözləməli (çünki müsəlmanların qalaya soxulması tamamilə mümkünsüz sayılırdı), ya da Tiberiyanı xilas etmək üçün Səlahəddinin üzərinə hücum çəkməli idi. Bir xeyli tərəddüd eləyəndən sonra kral Gi hücum variantını seçdi.
Döyüş 1187-ci il iyulun 4-də Tiberiya ətrafındakı Hattin kəndi yaxınlığında baş tutdu. Tarixə «Hattin döyüşü» kimi düşən bu qızğın vuruşmadan sonra Gi de Luzinyan geri çəkildi. Xristianlar təpələrdə mövqe tutub müdafiəyə hazırlaşmağa başladılar. Ancaq Səlahəddin hücum etməyib təpələrin ətrafındakı otlara od vurmağı əmr etdi. İstidən, susuzluqdan əziyyət çəkən xristianlar özləri hücuma keçməyə cəhd göstərdilər. Lakin hücum dəf edildi. Kral Ginin ordusunun qalıqları da darmadağın edildi, xeyli əsir götürüldü. Yüzlərlə cəngavər və minlərlə piyada döyüşçünün öldürüldüyü bu savaş həm də kral Ginin müsəlmanların əlinə keçməsi ilə əlamətdardır.
İyul-avqust aylarında Səlahəddin Əyyubi tərəfindən Qüds krallığının bütün böyük qalaları və şəhərləri işğal olundu. Qüdsün müsəlmanlar tərəfindən tutulması xristian Avropasını şoka saldı. İş o yerə çatdı ki, bu xəbərdən bərk sarsılan Roma papası III Urban dərddən çərləyib öldü. Onun varisi VIII Qriqori 1187-ci il oktyabrın sonlarında katolikləri yeni səlib yürüşünə çağırdı…

İngilis və fransız kralları yenidən qarşı-qarşıya gəlir
Fransız və ingilis kralları arasında yeni sülh bağlanandan sonra II Filip Riçardla birlikdə Parisə qayıtdı. II Henri xəbər yollayaraq oğlundan geri dönməsini tələb etdi, eyham vurdu ki, narahatlığa əsas yoxdur, məhz onu özünün varisi elan edəcək!
Bundan sonra Riçard Parisi tərk etdi, ancaq yolda nə fikirləşdisə Şinon adlı bir qalaya girib Akvitanyada qalaları möhkəmləndirmək üçün oradakı pulların hamısını götürdü. Belə görünür, o, atasına heç cür inanmırdı…
II Henri oğlunun bu davranışından daha çox həyəcanlandı, ona görə də Riçarddan tələb etdi ki, başqa fikrə düşməsin və evə qayıtsın. Bu dəfə Riçard kralın səmimiyyətinə inandı, nəhayət, atasının yanına qayıdıb ona sədaqət andı içdi. Ancaq indi də II Henri şübhələrinin əsirinə çevrilmişdi. Kral oğlunun sadiqliliyinə inana bilmirdi. Odur ki Riçardı taxt-tacın rəsmi olaraq varisi elan etmədi.
1187-ci ilin payızında, Qüdsün süqutundan bir gün sonra Riçard indiki Fransa ərazisində yerləşən Tur şəhərində baş yepiskopun əlindən xaç aldı. Altmış il əvvəl həmin kilsədə xaçı gələcəkdə Qüdsün kralı olacaq ulu babası V Fulk qəbul etmişdi. Riçardın xaç alması nə demək idi? O demək idi ki, Şimali və Mərkəzi Avropada kilsənin yeni səlib yürüşü ilə bağlı çağırışına səs verən ilk knyaz məhz odur! Bu eyni zamanda Riçardın atasına sədaqətli olacağına dair içdiyi andın pozulması idi. Çünki həmin qərarı ilə bağlı II Henridən icazə almamışdı.
1187-ci ilin sonlarına doğru fransızlarla ingilislər arasındakı barışıq yenidən təhlükə altına düşdü. Belə ki, Milad bayramından dərhal sonra II Filip böyük ordu toplamağa başladı. O, ingilis kralını ya Riçardı Alisa ilə evləndirməyə, ya da Vekseni qaytarmağa məcbur etmək istəyirdi.
1188-ci ilin əvvəllərində tərəflər arasında savaş yenidən qaçılmaza çevrildi. II Henrinin qoşunu fransızları Normandiyanın sərhəddində gözləyirdi. Ancaq savaşdan öncə krallar növbəti dəfə danışıqlar barədə razılığa gəldilər. 1188-ci il yanvarın 21-də baş tutan həmin görüşdə baronlardan başqa, bir neçə baş yepiskop və yepiskop da iştirak edirdi. Onlar fransız və ingilis krallarını barışdırmağa, bütün diqqəti Qüdsün azad olunmasına yönəltməyə, bu məqsədlə də qüvvələrini birləşdirməyə razı salmaq istəyirdilər. Sülh səyləri nəticəsiz qalmadı: krallar öpüşüb barışdılar. Keşişlər, trubadurlar, rəssamlar isə öz növbəsində kütlələri yeni səlib yürüşünə ruhlandırmaq üçün hərəkətə keçdilər. Kilsəyə gəlincə, yürüşə gedənlərin günahları bağışlanılır, borclar qayıdana qədər dondurulur, torpaq və əmlakın toxunulmazlığına zəmanət verilirdi.
Əslində, nə II Filip, nə də II Henri yeni səlib səfərinə çıxmaq istəmirdilər. Ancaq bundan imtina da eləyə bilmirdilər. Hər halda, söhbət xristian aləminin şərəfindən gedirdi.
Sonrakı müzakirələrdə Riçardın da atası ilə birlikdə yürüşə qatılması qərara alındı.
Krallar səfərə hazırlaşana qədər Riçard üçün Akvitanyada görüləsi işlər tapıldı. Belə ki, bəzi dikbaş baronlar yenə qiyam qaldırmışdılar. Deyilənə görə, həmin iğtişaşları oğlunun yürüşə getməsini istəmədiyi üçün II Henri özü qızışdırmışdı. Qiyamın başında isə köhnə üsyançılar – Joffrua de Luzinyan, Anqulem vikontu və Joffrua de Rankon dayanmışdı.
Riçard qiyamçıları məğlubiyyətə uğratdı və onlarıı səlib yürüşünə qatılmağa məcbur elədi. Hətta həbsxanadakı dustaqları da buraxdırdı. Onlar da orduya qoşulacaqdı.
Riçardın ilk qurbanı Joffrua de Luzinyan oldu. Qiyamçıların qalaları tutuldu və divarları dağıdıldı. Qiyamın rəhbərləri Taybur qalasına sığındı. Doqquz il əvvəlki kimi qala hücumla fəht edildi. Beləliklə, qiyamın başçıları səlib yürüşünə getməyə razılaşmaqla canlarını qurtardılar.
Qiyam yatırılan kimi, Riçard bu dəfə Tuluza qrafı ilə müharibəyə başladı. Qısa müddətdə on yeddi qala, iki şəhər, ən əsası isə savaşa səbəb olan Kersi qraflığı ələ keçirildi. Bundan sonra isə Riçard öz qoşunu ilə Tuluzanın divarları qarşısında dayandı. Bildirdi ki, Tuluza, əslində, anası Eleanoranın mirasıdır, bu səbəbdən də Akvitanyaya birləşdirilməlidir.
Tuluza qrafı V Raymund kömək üçün yenə II Filipə yalvardı. Fransa kralı da II Henridən oğlunu dayandırmağı tələb etdi. Qoca kral isə cavab verdi ki, oğlunun hərəkətlərinə görə heç bir məsuliyyət daşımır, çünki o, kifayət qədər ağıllı, üstəlik, sərbəst adamdır. II Filip cavabın belə olacağına şübhə eləmirdi. Odur ki keçən ildə olduğu kimi, iyunda Berriyə soxuldu. Bir neçə qala fransızlara müqavimət göstərsə də, bütün qraflıq onun tərəfindən zəbt edildi. Satqınlıq nəticəsində Şatoru da tutuldu. Henri təcili sürətdə qoşun topladı. Riçard isə öz yürüşünü yarımçıq kəsib qoşununu Berriyə yönəltməyə məcbur oldu.
II Henri iyulun 11-də qoşunu ilə Normandiya sahillərinə çıxdı Yeri gəlmişkən, o, səfər zamanı dənizdə batmaqdan zorla qurtula bilmişdi.
II Filip ingilislərin gəlişini eşidincə qoşununu tələsik Berridən geri çəkdi. O öz gücünə hələ də əmin deyildi. Fransa kralı yalnız Şatoruda cəngavər Qiyom de Barın başçılığı ilə qarnizon saxladı. Riçard vaxt itirmədən Şatorunu mühasirəyə aldı. Şəhər darvazasının qarşısındakı döyüşlərin birində atdan yıxılan Riçard ölümdən canını zorla qurtardı. Sonrakı mərhələdə o, Fransa kralının qoşunlarını parçalamaq üçün cənubdan zərbə vurub strateji əhəmiyyətli Roş qalasını tutdu. II Filip tamamilə geri çəkildi və qoşununu Parisə apardı. Riçard isə öz qoşunu ilə Normandiyada II Henriyə birləşdi.
Bundan sonra krallar arasında yeni sülh danışıqları başladı. Ancaq müzakirələr nəticəsiz qaldı. Riçard fransız qoşunu ilə qarşılaşmaq üçün fürsət axtarırdı. Nəhayət, istəyinə çatdı və xırda bir toqquşmada Qiyom de Barı əsir götürdü. Lakin Qiyom əsirlikdən qaça bildi. Riçard isə yolunun üstündəki yaşayış məntəqələrini talayıb Normandiyaya qayıtdı. Onun səylərinə baxmayaraq Şatoru fransızların əlində qalmışdı.
Beləcə, müharibə payıza qədər davam etdi. Hər iki tərəfdəki baronlar döyüşməkdən təngə gəlmişdilər. Üstəlik, Qüdsün taleyi də yaddan çıxmışdı…
Vəziyyətin çıxılmazlığını görən II Filip yenidən sülh təşəbbüsü ilə çıxış etdi. Qarşı tərəf bu təşəbbüsü müsbət qarşıladı. Danışıqların əvvəlində fransız kralı ilə Riçardın mövqeyi bir-birindən kəskin fərqlənsə də, axırda ümumi dil tapa bildilər. II Filip Riçarda təklif etdi ki, II Henriyə qarşı yenidən birləşsinlər. Fransa kralını anlamaq olardı: o, həmişəki kimi, II Henrini hələ də ən güclü düşməni sayırdı.
Ümumiyyətlə isə, II Filipin başlıca məqsədi Plantagenetlər arasındakı parçalanmanı gücləndirmək, onların barışmasına imkan verməmək idi. Fransız kralının Riçarda sadaladığı arqumentləri təxmin etmək çətin deyil: o niyə hələ də varis elan edilməyib? II Henri niyə İoana səlib yürüşünə getməyə icazə verməyib? Ola bilsin, II Henri özündən sonra məhz İoanı varis elan etmək istəyirdi! Riçard, yəqin ki, II Filipin onun varis olmasına kömək etməsi müqabilində Alisa ilə evlənməyə razı oldu. Filip ona inanırdımı? Məlum deyil. Lakin ən azından inanmaq istəyirdi. Hər halda, bir məqam şübhə doğurmur: Riçardın əsas məqsədi taxt-tacın varisi olmaq idi və o buna görə hər şeyə razı idi!
Düzünə qalsa, qəhrəmanımız həmin vaxt Fransa kralına münasibətdə ikibaşlı oyun oynayırdı. Həm öz məqsədinə çatmaq üçün II Filip kimi bir müttəfiq qazanır, həm də II Filip vasitəsilə atasını daha ağır təzyiq altında saxlayırdı.
II Henriyə gəlincə, aydın görünürdü ki, ingilis kralı özündən sonra hakimiyyətin Riçarda ötürülməsində maraqlı deyil, bu səbəbdən də onun səlib yürüşünə qatılmasına etiraz etmirdi. Ancaq bunu da yaxşı başa düşürdü ki, Riçardsız onun üçün çətin olacaq. II Henri oğulları arasındakı fərqi gözəl anlayır, dövlətini yalnız Riçardın qoruya biləcəyini başa düşürdü. Həmin vaxt ingilis kralı artıq ağır xəstə idi. Ancaq sayılı günlərinin qaldığına inanmırdı. Odur ki varislik məsələsinin biryolluq həllini də yubadırdı. Üstəlik, hamını aldatmağa öyrəşdiyindən, heç kimə etibarı yox idi, kimsəyə güvənmir, bel bağlamırdı, axırda isə o öz oyunlarının içində özü dolaşıb qaldı…

II Henrinin ölümü
1188-ci il noyabrın 18-də baş tutan görüşdə təzədən dostlaşan II Filiplə Riçard birlikdə II Henrinin yanına gəldilər. Bu dəfə danışıqlar üç gün davam etdi. Fransa kralı tələb etdi ki, Riçard dərhal Alisa ilə evlənsin və İngiltərədəki, eləcə də materikdəki bütün baronlar Riçarda sədaqət andı içsinlər. II Henri bu tələbi yerinə yetirməkdən yenə, özüq də bu dəfə lap açıq şəkildə imtina elədi: «Mən bu gün bununla razılaşmağa hazır deyiləm».
«Ağlıma sığışdıra bilmədiyim həqiqət indi mənə gün kimi aydındır!» – Riçard atasının cavabını eşidincə qışqırdı. Sonra da qılınc bağlanmış qurşağını açıb II Filipin qarşısında diz çökdü və ona sədaqət andı içdi. Söz verdi ki, atasından başqa, Filipin bütün düşmənlərinə qarşı onunla birgə mübarizə aparacaq!
Bu o demək idi ki, atası istəməsə belə, Riçard özünü II Henrinin varisi elan edir. II Filipin sədaqət andını qəbul etməsi isə fransız kralının onu növbəti ingilis hökmdarı olaraq qəbul eləməsinə işarə idi. Riçard eyni zamanda atasına verdiyi sədaqət andını pozur və ona açıq-aşkar müharibə elan edirdi. Baş verənlərdən sarsılan II Henri 1189-cu il yanvarın ortalarında keçiriləcək növbəti görüşə qədər sülhün qorunması təklifi ilə razılaşdı və sarayına qayıtdı. O, Milad bayramını İoanla birlikdə keçirdi. Baronların çoxu ingilis kralının təşkil etdiyi bayram mərasiminə qatılmadılar. Bununla onlar artıq Riçard və II Filipin tərəfində olduqlarını göstərdilər.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289493) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Qaskoniya – Fransada baskların tarixi yaşayış məskəni olmuş bölgə. Basklar hazırda İspaniyanın şimalında və Fransanın cənub qərbindəki muxtar bölgədə yaşayan qədim xalqdır (red.).

2
Səlib yürüşləri – 1096 –1270-ci illərdə Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən azad etmək pərdəsi altında Qərbi Avropa feodallarının Yaxın Şərqə işğalçılıq yürüşləri. Təqribən 200 il ərzində Yaxın Şərqə 8 böyük və çoxlu sayda xırda yürüşlər təşkil olunub. 1095-ci ildə papa II Urbanın elan etdiyi I Səlib yürüşü (1096 –1099) 1099-cu ildə Qüdsün tutulması və burada Qüds krallığının yaradılması ilə nəticələnib. II (1147–1149) və III (1189–1192) Səlib yürüşləri nəticəsiz bitib. 1199-cu ildə papa III İnnokenti tərəfindən elan olunmuş IV Səlib yürüşünün (1202–1204) iştirakçıları isə, əvvəl nəzərdə tutulduğu kimi, Misirə deyil, Dalmasiya və Bizans ərazisinə hücum ediblər. Burada onlar Bizansın paytaxtı Konstantinopol da daxil olmaqla bir sıra xristian şəhərlərini ələ keçirərək qarət ediblər və həmin ərazilərdə Latın imperiyasını yaradıblar. Misirə qarşı təşkil olunan V yürüş (1217–1221) də nəticəsiz bitib. VI Səlib yürüşünün (1228–1229) iştirakçıları yenidən Qüdsü tutmağa nail olublar, lakin 1244-cü ildə şəhər müsəlmanlar tərəfindən geri alınıb. Misirə VII yürüş (1248 –1254) və Tunisə qarşı təşkil olunmuş VIII yürüş (1270) tam iflasa uğrayıb. 1291-ci ildə səlibçilər bu yürüşlərdə ələ keçirdikləri bütün torpaqları itiriblər (red.).

3
Cəngavər – orta əsrlərdə Qərbi və Mərkəzi Avropada hərbi-zadəgan silkinə mənsub şəxs, ağır silahlı süvari döyüşçü (red.)

4
Anqulem və Limuzen Fransada tarixi bölgədir. (red.)

5
Vikont – köhnə Fransada, İngiltərədə və bəzi başqa dövlətlərdə baron ilə qraf arasında orta zadəgan rütbəsi və bu rütbəyə sahib olan adam (red.)

6
Santiaqo-de-Kompostelaya – İspaniyanın şimal-qərbində Müqəddəs Yəqub katedralı ilə məşhur şəhər. Hazırda Qalisiya muxtar vilayətinin paytaxtıdır. Əfsanəyə görə İsanın on iki həvarisindən (əshabəsindən) biri olan Yəqubun nəşi bu şəhərdə dəfn edilib (red.).

7
İnterdikt – orta əsrlərdə Roma papası tərəfindən tənbeh olaraq müəyyən şəhərdə və ya ölkədə dini ayinlərin qadağan olunması

8
Qarnizon – istər sülh, istər müharibə şəraitində möhkəmləndirilmiş məntəqənin mühafizəsi və müdafiəsi üçün daimi, yaxud müvəqqəti olaraq orada yerləşdirilmiş qoşun, hərbi hissə

9
I Filip Avqust (1165 – 1223) – Bozonidlər sülaləsindən Fransa imperatoru

10
Bertran de Born (1140 – 1215) – orta əsrlər Provansının (Fransanın cənub-şərqində region) ən böyük şairi və musiqiçisi

11
Trubadur – əsasən Oksitianyadan (Fransada tarixi-etnik bölgə) olan orta əsr şair və musiqiçilərini belə adlandırırdılar (red.)

12
Abbatlıq – katolik kilsəsi. Bu kilsələr abbat tərəfindən idarə olunur.

13
Müqəddəs Roma imperiyası – əsası 962-ci ildə Almaniya imperatoru I Otto tərəfindən qoyulmuş və 1806-cı ilə qədər mövcud olmuş imperiya. Qərbi və Mərkəzi Avropa regionlarında mövcud olmuş çoxmillətli imperiya idi. Ən böyük ərazisi Almaniya krallığı hesab olunurdu. Bu imperiyanın ərazisinə həmçinin bir çox Avropa krallıqları, o cümlədən, İtaliya krallığı və bir çox başqa ərazilər daxil idi (red.)

14
Sneşal – X – XII əsrlərdə Qərbi Avropada ən yüksək saray vəzifələrindən biri

15
İordan – Yaxın Şərqdə 251 kilometr uzunluğunda olan çay (red.)

16
Tiberiya (və ya Tverya) – indiki İsrailin şimal-şərqində şəhər. Yəhudiliyin 4 müqəddəs şəhərindən biridir.
Şirürəkli Riçard Александр Грановский
Şirürəkli Riçard

Александр Грановский

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Şirürəkli Riçard, электронная книга автора Александр Грановский на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв