Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev
Müsəllim Həsənov
Tarixi yaradanlar
Bu kitabda Hacı Zeynalabdin Tağıyevə, onun şəxsiyyətinə və fəaliyyətinə folklor «həqiqət»lərindən deyil, tarixi mənbələr, arxiv materialları prizmasından nəzər salınıb, görkəmli mesenatın trafaret olmayan həqiqi obrazı yaradılıb.

Müsəllim Həsənov
Hacı Zeynalabdin Tağıyev


Hacı yalnız maddi baxımdan deyil, mənəvi baxımdan da milyoner idi.
    Məhəmməd Əmin Rəsulzadə

Giriş əvəzi
1961-ci ilin adi bir dekabr günü.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin köhnə binası.
Təxminən 60 yaşlarında bir qadın əlindəki sənəd dolu çanta ilə binaya daxil olur.
Onu burada gözləyirlər.
Mərkəzi Komitənin elm və məktəblər şöbəsinin müdiri dəvət edib.
O vaxt bu binada oturan şöbə müdirləri yüksək vəzifəli məmur sayılırdılar. Və hər adam da onların qəbuluna düşə bilmirdi.
Amma bu qadını, özü də keçmiş neft milyonçusunun qızını Mərkəzi Komitənin binasına şöbə müdiri özü çağırıb. Dinləmək üçün. Bu onların birinci görüşü deyil…
Şöbə müdiri yaşlı qadını qəbul edir, amma bu dəfə onun uzun-uzadı izahatlarına qulaq asmır, çünki nə istədiyini yaxşı bilir. Qadına izah edir ki, «…sizin atanızın fəaliyyətinin təhrif olunmasından söhbət gedə bilməz».
O isə yenidən təkid edir:
– Axı təhrif olunur! Mənim sizdən və hökumətimizdən yeganə xahişim odur ki, atamın maarifçilik fəaliyyəti haqqında kitab buraxılsın, haqq-ədalət öz yerini tapsın.
Şöbə müdiri uzun söhbətə qısa yekun vurur:
– Sizin atanızın fəaliyyəti haqqında xüsusi monoqrafiya buraxılmayacaq!
– Axı niyə?
– Çünki neft sənayeçisi Tağıyev məktəblərlə yanaşı həm də həbsxanaları maliyyələşdirib. Çar həbsxanalarını…
Mərkəzi Komitədə qəbul olunan həmin yaşlı qadının adı Sara idi. Qızlıq familiyası Tağıyeva olan Sara Sarayeva. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızı. Onun sovet hökumətindən bircə istəyi vardı. Atası haqqında tarixi ədalətsizliyə son qoyulsun və onun fəaliyyəti barədə kitab nəşr edilsin.
Belə bir kitab nəşr edilir, amma çox sonralar, sovet hökumətinin dağılması ərəfəsində – 1990-cı ildə…
Marat İbrahimov öz vəsaiti hesabına «H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti» («Предпринимательская деятельность Г.З.Тагиева») adlı kitab nəşr etdirir.
Tağıyev haqqında ilk kitab…
Sara Sarayeva-Tağıyeva bu kitabı görəndən sonra – 1991-ci ilin dekabrında dünyadan köçür.
SSRİ adlı nəhəng imperiya da həmin dekabr günlərində süqut edir. Ədalətsiz qadağaları ilə birlikdə…
Azərbaycan dövlət müstəqilliyini də həmin il bərpa edir. Sara xanımın Tağıyev haqqında illərdən bəri arzuladığı əsərlər bundan sonra nəşr edilir. Onun xeyriyyəçiliyi, məktəb və maarifçilik sahəsində xidmətləri barədə kitablar çıxır.
Bu kitab da onlardan biridir…
Sadəcə, Tağıyev haqqında.
Hacı Zeynalabdin Tağıyev necə varsa, elə…
Bəzək-düzəksiz, əfsanəsiz bir kitab…
Yalnız o dövrün mətbuatına və arxiv sənədlərinə əsaslanan kitab.
Arxiv sənədləri isə Sara Tağıyevanın Azərbaycan kommunistlərinin Bakıdakı baş binasına növbəti gəlişindən söhbət açır.
1961-ci ildir…

Milyonçunun qızı… Mərkəzi Komitədə
Həmin 1961-ci ildə Sara Sarayeva artıq yeddinci il idi ki, hökumət idarələrinin qapısını döyür, şikayət ərizələri verirdi ki, tarixçilərin Tağıyevin fəaliyyətinə kölgə salan yazılarına son qoyulsun. Ən başlıcası, Tağıyevin maarifçilik sahəsində fəaliyyəti haqqında kitab buraxılsın.
Atasının maarifçilik fəaliyyətinə dair kitab üçün materiallar isə Sara xanımın daim özü ilə gəzdirdiyi səliqəsiz çantasında idi. «Kaspi» qəzetində çap edilmiş ayrı-ayrı yazıların, məktəb və təhsil işləri ilə bağlı Tağıyevə inqilabdan əvvəl verilən arayış və məktubların makinada yazılmış (!) mətni. Və bir də Sara xanımın illər boyu qapı-qapı gəzib topladığı saralmış vərəqlər. Bu vərəqlərdə atasını tanıyanların onun barəsində danışdıqları xatirələr çap edilmişdi.
Ötən əsrin 50-ci illərində Tağıyev haqqında hətta xatirə danışdırmaq da Sara xanıma asan deyildi. Onu tanıyanlar «sovet hakimiyyətinin qatı düşməni» barədə bildiklərini rahat danışmaqdan ehtiyat edirdilər. Bununla belə, o, qocaman Abdulla Şaiqi, Azərbaycan Dövlət Universitetinin professoru Feyzulla Qasımzadəni, Nəriman Nərimanovun yaxın qohumu Nabat Nərimanovanı və onlarla başqalarını tapıb danışdıra bilir və bu mətnləri makinada yazdırıb topladığı sənədlərə əlavə edir.
Sara Tağıyeva atası haqqında kitabın həmin materiallar əsasında yazılmasını istəyirdi.
1953-cü ilin martında «bütövlükdə burjuaziya sinfinin», deməli, həm də Tağıyevin qatı düşməni olan İosif Stalin vəfat edir. Ölkənin siyasi iqlimində nisbətən yumşalma, mülayimləşmə müşahidə olunur. Sara xanım atası haqqında sənədlərin toplanmasına və dövlət idarələrinə məktub yazmağa Stalinin vəfatından bir neçə il sonra – 1956-cı ildən başlayır.
Və 1961-ci ilin payızında Moskvaya – Sov.İKP MK-ya yeddi səhifəlik növbəti ərizəsini göndərir. Mərkəzi Komitənin elm, məktəblər və ali məktəblər şöbəsinin müdiri A.Monin həmin ərizəni dərkənarla Bakıya – Mərkəzi Komitənin eyniadlı şöbəsinə ünvanlayır: «Əvvəlcə danışdığımız kimi, Sarayeva yoldaşın məktubuna baxılması və müəllifə cavab verilməsi üçün Sizə göndərirəm. Məktub Sizin cavabınızla birlikdə Sov.İKP MK-ya qaytarılmalıdır».
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri isə Moskvadan gələn məktubun üstünə şöbənin Abdullayeva familiyalı əməkdaşına ünvanlanan dərkənar yazır: «Xahiş edirəm, təcili cavab hazırlayın. Siz əvvəllər də onun məktubları ilə məşğul olmusunuz». (Diqqət: Siz əvvəllər də onun məktubları ilə məşğul olmusunuz! – M.H.)
Dərkənar yazan şöbə müdiri özü isə Sara Sarayevanı qəbul edir.
Növbəti dəfə izahat verir. Sarayeva bu izahatlarla razılaşmır. Belədə Mərkəzi Komitədən Moskvaya növbəti cavab məktubu göndərilir: «…S.Z.Sarayeva (Sara Zeynalabdin qızı Sarayeva – M.H.) yoldaş dörd ildən çoxdur Azərbaycan KP MK-ya müraciət edir ki, onun atası – inqilabaqədərki Azərbaycanın nəhəng neft sənayeçisi H.Z.Tağıyevin maarifçilik fəaliyyəti haqqında xüsusi monoqrafiya nəşr olunsun.
Sarayeva yoldaş öz ərizələrində tarixçi alimləri günahlandırır ki, guya onlar tarixi həqiqəti təhrif edərək atasının fəaliyyətini yanlış qiymətləndirirlər.
…Sarayeva yoldaş dəfələrlə Mərkəzi Komitəyə dəvət olunub, ona izah edilib ki, atası H.Z.Tağıyevin maarifçilik fəaliyyəti barədə xüsusi monoqrafiya nəşr olunmayacaq.
…Həmçinin ona izah olunub ki, atasının maarifçilik fəaliyyətinin təhrif olunmasından söhbət gedə bilməz, çünki neft sənayeçisi Tağıyev məktəblərlə yanaşı həm də həbsxanaları maliyyələşdirib.
Sarayeva yoldaş onun qaldırdığı məsələlərin müqabilində bu qərarla razı deyil».
Və Moskvaya yazılan sonuncu cümlə-verdikt: «Sara Sarayeva yoldaş 1954-cü ildən şizofreniya xəstəliyindən əziyyət çəkir. Bakı psixonevroloji dispanserində müalicə olunub, hazırda xəstəliyi ilə əlaqədar həmin dispanserdə qeydiyyatdadır».
Şizofreniya əqli xəstəlikdir. Bu xəstəliyə tutulanlara el arasında, sadəcə, «dəli» deyirlər…
1961-ci ildə H.Z.Tağıyevin 62 yaşlı qızı dəli idimi? Bəli, sovet dövrünün standartları ilə dəli sayılırdı. Çünki o dövrdə burjuaziyanın düşməni olan sovet hökumətindən neft milyonçusu haqqında kitab buraxılmasını tələb etməyin başqa adı yox idi. Xüsusən də ona görə ki həmin milyonçu məktəblərlə yanaşı «həbsxanaları da maliyyələşdirmişdi».
Tağıyev həbsxanaları maliyyələşdirmişdimi? Biz bu suala cavab verəcəyik. Hələlik onu xatırladaq ki, Sara xanım bundan sonra da düz 30 il «dəlilik edir», şikayət ərizələri yazmaqdan əl çəkmir. Müxtəlif vəzifə sahiblərinin qapısını döyür.
Təkcə Bakıdakı bir arxivdə saxlanılan və «Sarayeva-Tağıyevanın ərizələrinin araşdırılmasına dair materiallar» adlanan qovluq 199 səhifədən ibarətdir.
Qovluqdakı yazışmaların tarixi isə 1956-cı ildən başlayır…
Bu inadkar qadından yaxa qurtarmaq istəyənlər onu dəfələrlə psixiatriya xəstəxanalarına yönəldirlər, onu dəli hesab edirlər, amma Sara xanım bu yoldan dönmür, atasının haqqını tələb etməkdən usanmır!
Tanınmış kinorejissor Eldar Quliyevin rəhbərlik etdiyi «Debüt» studiyası 1988-ci ildə «Ata» adlı film çəkib. İdeyası E.Quliyevə aid olan və Sara Tağıyevanın müsahibələrindən ibarət həmin filmin müəllifi Ayaz Salayevdir. Düzdür, film o dövrün texniki imkanlarına və siyasi mühitinə uyğun çəkilib. Bununla belə, milyonçu qızının xarakteri barədə kifayət qədər təsəvvür yarada bilib.
Həmin filmdə Sara xanım kiməsə telefonla sevincək xəbər verir ki, «radioda Tağıyevdən danışdılar. Mən sevinirəm. Amma özümə görə sevinmirəm, tariximizə görə sevinirəm».
Sara xanımın bu sevinci uzun çəkmir. Həyatla vidalaşır. Tağıyev isə yaşayır… Onu həm də qızının ötən əsrin 50-ci illərindən başladığı övlad mücadiləsi yaşadır. Sara xanımın vaxtilə min bir əziyyətlə toplayıb çap üçün təqdim etdiyi xatirələr sovet dövründə ora-bura atılsa da, müstəqillik illərində kitab şəklində işıq üzü görür.
Sara xanım həyatda olmasa da, onun arzuları reallaşır. Yəqin, buna görə də ruhu şaddır.
O da sirr deyil ki, 1960-cı illərin əvvəllərindən Tağıyev mövzusu təkcə Sara Sarayevanın şikayət ərizələri ilə aktuallaşmır. İ.Stalinin ölümündən sonra ölkədə gedən liberallaşma prosesi insanlara böyük milyonçu barədə açıq danışmağa imkan verir.
Və adamlar danışırlar… Bu danışıqlar isə sovet ideoloqlarını ciddi narahat etməyə başlayır. 1961-ci ilin fevralında Azərbaycan KP MK-ya göndərilmiş bir məktub bu narahatlığı bütün çılpaqlığı ilə əks etdirir.
Söhbət Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda Hərbi və Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi («Qlavlit») rəisinin Mərkəzi Komitəyə göndərdiyi «məxfi» qrifli məktubdan gedir…
Azərbaycanın ovaxtkı baş senzorunun məktubundan…

Respublikanın baş senzoru nədən narahat idi?
«Qlavlit»in rəisi Mərkəzi Komitəyə yazır ki, son vaxtlar nəzarət üçün bizə daxil olan bəzi materiallarda Bakının milyonçu-sənayeçisi Tağıyev Hacı Zeynalabdin oxuculara Azərbaycanda maarifin, mədəniyyətin və incəsənətin inkişafına qayğı göstərən xeyirxah insan kimi təqdim olunur.
Belə faktlar barədə Mərkəzi Komitəyə məlumat verilib. Həmin materiallarda milyonçu Tağıyevin tərifləndiyi hissələr MK-nın razılığı ilə ləğv olunub. Lakin Tağıyevin xeyirxah və mütərəqqi ictimai xadim olması barədə materiallar yenə də daxil olur.
Baş senzor Vəli Məmmədovun «Azərbaycan» jurnalının 1960-cı ilə aid 10-cu sayındakı «Yazıçı-vətəndaş» adlı yazısından sitatları nümunə gətirir: «…Tağıyev Azərbaycanda ilk texniki sənət məktəbi, ilk müsəlman qız məktəbi açmış, toxuculuq fabriki və ilk teatr binası tikdirmişdir. Tağıyev ictimai faydalı işlərə yardım etmiş, çoxlu yoxsul tələbələrə təqaüd vermişdir».
Mərkəzi Komitəyə ünvanlanan məktubda Abuzər Xələfovun Azərbaycan Dövlət Universiteti nəşriyyatında buraxılmış «Azərbaycanda kitabxana işinin tarixindən (1870–1920)» adlı kitabı da xatırladılır. Kitabda 1894-cü ildə Nəriman Nərimanovun Bakıda qiraətxana təşkil etməsindən söhbət açılır və həmin qiraətxanaya Tağıyevin köməyi qeyd olunur.
Kitabda baş senzoru narahat edən sitat isə belədir: «Kitabxanaya daxil olan qəzet və kitabların çoxu Nərimanovun və digər ziyalıların xahişi ilə Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə alınırdı».
Bütün bunlarla yanaşı baş senzor son vaxtlar şifahi söhbətlərdə Tağıyevin maarifçi kimi təbliğ olunduğundan narahatlığını da gizlətmir. Yazır ki, 1960-cı il noyabrın 9-da Mərdəkandakı 1 nömrəli istirahət evində dincələnlər üçün tarixi yerlərə ekskursiya təşkil olunub. Ekskursovod adamları nəinki məscidə, həm də milyonçu Tağıyevin qəbri üstünə aparıb. Bu zaman o, Tağıyevin xeyirxahlığından, yoxsullara köməyindən, Bakıda teatr, fabrik və s. tikdirməsindən danışıb.
Ekskursiya iştirakçılarından biri ona sual verib: «Əgər bu adam bu qədər xeyirxah olubsa, nə əcəb ona yaxşı qəbirüstü abidə düzəltməyiblər?»
Ekskursovodun cavabı: «Söhbət 1924-cü ildən gedir, onda hələ xalq indiki kimi ayılmamışdı».
Bəs Tağıyevin qəbrinin ziyarətindən belə geniş «reportaj» baş senzora necə çatıb? O, Mərkəzi Komitəyə məktubunda həmin «informator»un adını da çəkir: «Bunun şahidi bizim senzor – Sov.İKP üzvü, yoldaş Avanesyan L.B. olmuşdur».
Daha sonra baş senzor Tağıyevin qızının topladığı xatirələr məsələsinə toxunur. Yazır ki, qızı atasını tanıyan adamların xatirələrini toplayıb və onların surətini Elmlər Akademiyasının Tarix İnstitutuna təqdim edib. Həmin materiallar arasında Azərbaycan Dövlət Universitetinin professoru Feyzulla Qasımzadənin və M.F.Axundov adına Pedaqoji İnstitutun işçisi Heydər Verdiyevin də xatirələri var.
F.Qasımzadənin 1956-cı ilin iyununda danışdığı xatirələrə görə, «Tağıyev nəhəng kapitalist olmaqla yanaşı həm də nəhəng maarifçi idi, yoxsullara kömək edirdi. Ümumiyyətlə, H.Z.Tağıyev savadsız kəndlilərin oxumasına çalışan şəxsiyyət idi, öz xalqını çox sevirdi».
Heydər Verdiyev isə xatırlayır ki, 1905-ci ildə Tağıyev fabrikində işləyərkən milyonçunun fəhlələr üçün açdığı axşam kurslarında oxuyub. Və bir dəfə Tağıyev uşaqlarla görüşərək deyib: «Bu məktəbi açmışam ki, siz təhsil alasınız, yaxşı oxuyun, uğurlar arzulayıram».
«Bu sözlər ürəyimi titrətdi və qərara aldım ki, təhsilimi davam etdirim» – bu fikir də Heydər Verdiyevin xatirəsindəndir. O, sonralar Moskva Universitetində oxuyub.
Mərkəzi Komitəyə ünvanlanan məktubda H.Verdiyevin bir sitatı xüsusi qeyd olunur: «Mən indi ali məktəblərdə işləyirəm, maddi cəhətdən tam təmin olunmuşam. Bütün bunlara görə Tağıyevə borcluyam. Çünki vaxtında məni düz yola istiqamətləndirdi. Mən həmişə hesab etmişəm, indi də hesab edirəm ki, H.Z.Tağıyev Azərbaycan xalqının nəhəng maarifçilərindən biridir».
Baş senzor Tağıyev mövzusunun aktuallaşmasından narahatdır. Mərkəzi Komitəyə məlumat verir ki, «ayrı-ayrı müəlliflər sanki Azərbaycanda xalq təhsilinin, mədəni-maarif müəssisələrinin, ədəbiyyat və incəsənətin inkişaf tarixindən yazanda maarif və mədəniyyətə milyonçu Tağıyevin qayğısını göstərməyi özlərinə borc bilirlər».
«Milyonçu Tağıyevi və digər kapitalistləri yeni nəslə ictimai və mütərəqqi xadimlər kimi təqdim etmək… onların adını tarixdə süni yolla əbədiləşdirmək, Azərbaycan xalqının «xeyirxahları» kimi onlara hörmət və ehtiram təlqin etmək kökündən yanlışdır».
Baş senzorun qənaəti belədir!
O yazır ki, «Bakıda Tağıyev kimi milyonçular az olmayıb. Kim zəmanət verə bilər ki, gələcəkdə digər kapitalistlər haqqında da müsbət fikirlər yazılmasın?» Axı bütün bunlar «bizim partiyanın ideoloji məsələlərə dair qərarları ilə ziddiyyət təşkil edir».
Ona görə də baş senzor təklif verir: «Yuxarıda göstərilənlər barədə məruzə edərək demək istərdim ki, məsələ Azərbaycan KP MK-da müzakirə olunsun, nəşriyyat və jurnal redaksiyalarının rəhbərlərinin diqqətinə çatdırılsın ki, öz işlərində belə çatışmazlıqları aradan qaldırsınlar».
Biz bu «məruzə»nin müəllifini qınamaq fikrində deyilik. Adını da ona görə çəkmirik. 1961-ci ildə yüksək rütbəli sovet məmuru başqa cür düşünə də bilməzdi. Lakin onun nə düşünməsindən asılı olmayaraq elə həmin illərdə Hacının adı ətrafında əfsanələr yayılırdı. Tağıyev əfsanələşirdi.
Niyə?

Tağıyev niyə əfsanələşir?
Böyük şəxsiyyətlərin adı ətrafında, bir qayda olaraq, həmişə əfsanələr yaranır və yayılır. Tağıyev də istisna deyil.
Əgər günün birində qəzetlərin hansısa «Bakı metrosu Tağıyevin pulu ilə tikilib» başlıqlı yazı dərc etsə, bu xəbəri oxuyanların yarıdan çoxu inanacaq. Baxmayaraq ki Bakı metrosu Tağıyevin ölümündən nə az, nə çox, düz 43 il sonra istifadəyə verilib.
Tağıyevə bu inam, bu etimad haradan qaynaqlanır?
Məlum olduğu kimi, 70 illik sovet dövründə Tağıyev, eləcə də digər milyonçular barəsində ya yazılmayıb, ya da yalnız tənqidi material yazılıb. Bu adamlar burjuaziya nümayəndəsi kimi təqdim edilib, onların haqqında xoş söz demək yasaq olunub. Amma bu insanların, xüsusən H.Z.Tağıyevin xeyirxah əməlləri barədə söz-söhbətlər nəsildən nəslə keçib. Folklor kimi, nağıl-əfsanə kimi…
Və təbii ki, nəsildən nəslə keçən bu danışıqlarda təhriflər də, şişirtmələr də qaçılmaz olub. Bəzən başqa milyonçunun elədiyi xeyirxahlıq da Tağıyevin adına çıxılıb. Yaxud, əksinə, Hacının xidmətləri kiməsə şamil olunub…
Beləcə, Azərbaycan xalqının qan yaddaşında bir Tağıyev nağılı, Tağıyev əfsanəsi formalaşıb. Daha doğrusu, xalqın yaddaşında əfsanəvi Tağıyev obrazı yaranıb.
Bəs real Tağıyev kimdir, necədir? Biz bu suala cavab vermək istəyirik. Arxiv materialları əsasında. Çünki Hacının fəaliyyətinin əksər hissəsi arxiv sənədlərində qorunur.
Nə yaxşı ki, sovetlər burjuaziya nümayəndələrinə aid olan bu sənədləri məhv etməyiblər. Sadəcə, bu sənədləri gözdən-könüldən uzaq saxlamaqla kifayətləniblər. Zaman gəlib ki, həmin arxivlər açılıb və real Tağıyev obrazı da o sənədlərdən boylanmağa başlayıb.
Tağıyev obrazı həm də öz dövrünün mətbuat səhifələrində yaşayır. Hacının gördüyü işlər, iştirak etdiyi tədbirlər və məclislər, ayrı-ayrı məktub və müraciətləri qəzet səhifələrində əksini tapıb.
Bir sözlə, real Tağıyev obrazı bu iki mənbədə – arxivlərdə və qəzetlərdədir! Qalanları, necə deyərlər, təfərrüatdır…
Daha doğrusu, qalanları təsdiq və ya inkar olunmayan həqiqətlərdir. Xalq həqiqəti, folklor həqiqəti… Məsələn, Tağıyevin Pakistan xalqına yardımı kimi…
Deyilənə görə, XX əsrin əvvəllərində hələ Pakistan ərazisi Britaniya müstəmləkəsi olduğu vaxtlarda yerli əhali arasında ağır xəstəlik yayılır. İnsanlar kütləvi qırılır. Onda Tağıyev şəxsi vəsaiti ilə 300 min ampul peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da xəstəliyin qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliklərinə daxil edir.
Hələ ki bu faktın Pakistanda nəşr edilən hansı dərslikdə olduğunu göstərən yoxdur. Həmin faktı təsdiqləyən arxiv sənədi də mövcud deyil. Hər halda, hələ ki tapılmayıb. O dövrün qəzetlərində belə informasiya tapmaq da mümkün olmayıb. Lakin bu o demək deyil ki, belə bir şey, ümumiyyətlə, olmayıb deyək… Kim bilir, bəlkə də, nə vaxtsa bu faktı təsdiqləyən sənədlər tapılacaq? Lakin Tağıyevin Almaniyada guya bir restoranın azərbaycanlıların pulsuz yeyib-içməsi üçün yüzillik xərcini ödəməsi barədə deyilənlər xalq yaradıcılığının məhsuludur. Belə bir hadisə də olmayıb, belə bir restoran da yoxdur.
Xalq yaradıcılığından söz düşmüşkən Tağıyevlə bağlı bir əhvalat da uzun illərdir ki, zaman-zaman yada salınır: Guya hansısa dövrdə Bakıda balıq tapılmır. Camaat narazılığını Hacıya bildirir. Tağıyev problemin həlli yolunu tapır: özünün balıq vətəgələrindən birinə gedir və barmağındakı brilyant qaşlı bahalı üzüyü təzə tutulmuş, çabalayan bir balığın quyruğuna məftillə bənd edir və dənizə buraxır.
Həmin xəbər bütün balıq vətəgələrinə yayılır. Balıqçılar quyruğunda brilyant qaşlı üzük olan balığı tutmaq üçün, necə deyərlər, yarışa çıxırlar. İki gündən sonra şəhər bazarları balıqla dolur…
Bu, Azərbaycan folklorunda tez-tez rast gəlinən qızılbalıq haqqında nağıla daha çox bənzəyir. Çünki onunla bağlı nə arxiv sənədlərində, nə də o dövrün mətbuatında söhbət açılır. Lakin burada həqiqət payının olmadığını söyləmək də xüsusi cəsarət tələb edir.
«Şollar suyu Bakıya Tağıyevin pulu ilə çəkilib». Bu fikir isə, yumşaq desək, bir qədər şişirdilib. Bəli, Şollar suyunun Bakıya gətirilməsində Hacının xüsusi xidmətləri olub. Ancaq bu o demək deyil ki, bu kəmər Tağıyevin pulu ilə çəkilib. Hacı istəsə də, Şollar kəmərini maliyyələşdirə bilməzdi…
Çünki Şollar–Bakı kəməri olduqca bahalı layihə idi. Biz bu barədə ayrıca və ətraflı söhbət açacağıq.
Bir faktı da unutmaq olmaz ki, hələ sovet dövründə, hələ Sara xanımın sağlığında – 1987-ci ildə həm də H.Z.Tağıyev haqqında söhbət açılan bir kitab çıxıb. Tanınmış yazıçı Manaf Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabı.
Nəşr edildiyi gündən bu kitab əl-əl gəzib ən çox satılan, ən çox oxunan əsərə çevrilib. Çünki o dövrdə belə kitablar nəşr olunmurdu. Bakı milyonçuları barədə hamı danışırdı, lakin həmin danışıqlar kitab səhifələrinə çıxmırdı. Onu ilk dəfə Manaf Süleymanov bacarmışdı. Amma…
İndi haqq dünyasında olan Manaf Süleymanovun bu kitabın ərsəyə gəlməsi üçün çəkdiyi zəhməti kiçiltmədən deməliyik ki, «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» bir az bədii əsər, bir az xatirat tipli kitabdır. Və həmin kitabda verilən məlumatların heç də hamısı həqiqəti əks etdirmir!
Rəhmətlik Manaf Süleymanov özü də bunu etiraf edirdi. Ona görə də kitabın adını «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» qoymuşdu. Əslində, daha çox eşitdiklərini qələmə almışdı. Bu isə mərhum yazıçının günahı deyildi. Həmin 80-ci illərdə arxivlər hələ indiki kimi açılmamışdı. Bakı milyonçuları haqqında indiki qədər sənəd-sübut aşkar edilməmişdi. Ona görə də «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» ciddi elmi və tarixi mənbə sayıla bilməz.
Biz isə daha çox tarixi həqiqətə əsaslanmağa çalışmışıq. Tağıyev barəsində xalq sevgisindən qaynaqlanan əfsanələr isə qoy yaşasın. Elə mərhum Manaf müəllimin yazdıqları da! Necə ki yaşayır…
Bu əfsanələr isə bir deyil, beş deyil…
Hətta Hacının doğum tarixi də artıq əfsanələşib.
Bilirsiniz necə?

Doğum tarixində müəmma
H.Z.Tağıyevin vəfat etdiyi tarix dəqiq məlumdur: 1924-cü il sentyabrın 1-i, axşam saat 7:30…
«Bakinski raboçi» qəzetinin 3 sentyabr tarixli nömrəsində Sona xanım və İlyas Tağıyevlər əzizlərinə və tanışlarına H.Z.Tağıyevin sentyabrın 1-də axşam saat 7:30-da Mərdəkan kəndində vəfat etdiyi barədə məlumat verirlər. Onu da bildirirlər ki, mərhum sentyabrın 4-də səhər saat 10-da Mərdəkanda dəfn ediləcək. Yas mərasimi sentyabrın 1-dən 4-nə qədər Mərdəkanda təşkil olunacaq.
Qəzetdə Sara xanım və onun həyat yoldaşı Zeynal bəy Səlimxanovun, başqa qohum və əzizlərinin adından da elanlar var.
Oxşar elanlar Azərbaycan dilində nəşr edilən «Kommunist» qəzetində də verilir.
Tağıyevin vəfatı ilə bağlı bir əfsanə var. Deyirlər ki, guya Hacının vəfatından sonra Nəriman Nərimanovun tapşırığı ilə qəzetlərdə onun haqqında nekroloq dərc edilib.
Tağıyev vəfat edəndə Nərimanov artıq Moskvada işləyirdi. Və Bakıda söz sahibi deyildi. Həmin vaxt bu şəhərdə, bu respublikada söz sahibi S.M.Kirov idi. Deməli, Nərimanov tapşırıq verə bilməzdi.
Yəqin ki, Nərimanovun imkanı olsa, necə deyərlər, əli çatsaydı, ən azı Hacının vəfatından bir neçə gün sonra «Kommunist» qəzetində onun haqqında tənqidi yazı dərc olunmasına icazə verməzdi.
Həmin yazı isə belə başlayırdı: «Bu gün ölüm xəbərini verdiyimiz Hacı Zeynalabdin Tağıyev Azərbaycanın sərvətdarlıq həyatında böyük rol oynayan milyonçulardan biri idi.
Tağıyev varlı idi. Minlərcə əməkçini istismar edəcək müəssisə və fabriklərə sahib idi. Lakin eyni zamanda öz gələcək mənfəətini düşünən bir şəxs olub, xalqın rəğbətini cəlb etmək üçün Bakı, ümumiyyətlə, Azərbaycan camaatı arasında maarif sahəsindəki xidmətləri ilə şöhrət qazanmışdı. Bu cür «xidmət» onun uzaqgörücülüyünün nəticəsi idi. O, maarifə xərclədiyi pulların müqabilində avam camaatın hüsntəvəccöhünü qazanmış və bu sayədə yağlı tikələrin ən dadlısını rəqibləri olan Musa Nağıyev, Əsədullayev və başqalarının boğazından çıxarıb öz əlində saxlamaq istəmişdi».
Təbii ki, bu fikirlər ağ yalan idi. Çünki Şəmsi Əsədullayevin müflis olduğu vaxtda Tağıyevə müraciət etdiyi, onun köməyi ilə xilas olduğu barədə sənədlər var.
«Kommunist» davam edir: «Kapitalist rəqabətin hökm-fərma olan qanunlarını o gözəl anlamışdı. Bu səbəblə də o, başqalarına nisbətən «qabaqda gedənlərdən» idi.
Çoxdan bəri söylənmiş bir kapitalist şüarı gərəyincə «Reklam ticarətin mihrakıdır[1 - Mihrak – mühərrik]».
İştə Tağıyevin maarifçilik və camaata «bir parça çörək vermək» siyasəti həmən özünə reklama yaratmaqdan başqa bir şey deyildi».
Həmin yazı bu cür insafsız ruhda davam edir.
Məsəl var, deyirlər, ölənin dalınca ya yaxşı danışarlar, ya da heç danışmazlar. Bunu «Kommunist»də «nekroloq» yazan müəllif də yaxşı bilir. Elə həmin məsəli də xatırladır. Bununla belə, Hacını son mənzilə tikanlı sözlərlə yola salır: «Hacı öldü. Onun vəfatı olduqca pür-əlamət bir zamana təsadüf etdi. O da Azərbaycanda, ümumiyyətlə, burjuaziya sinfinin bir sinif kimi ölüb məhv olmaq zamanıdır.
Hacının vəfatı gücdən düşmüş və unudulmuş burjuaziyanın son nəfəsi olacaqdır.
Ölmüşlər haqqında ya yaxşı söylərlər, ya heç danışmazlar.
Azərbaycan əməkçiləri kinli və ədavətli deyildirlər. Əllərində olan ixtiyar və hakimiyyət keçmişin acısını onların yadından çıxarmaq üzrədir. Ona görə də vəfat etmiş Hacı haqqında fəna danışmayacaqlar. Onu bu gündən etibarən, sadəcə, unudacaqlardır.
Nasıl ki keçmişdəki bütün sinif düşmənlərini unuduyorlar».
«Bakinski raboçi» qəzeti isə Tağıyevi kiçik bir xəbərlə yada salır: «Z.A.Tağıyevin vəfatı (bolşevik qəzeti «Hacı» titulunu ixtisar edir: «Zeynal Abdin Tağıyevin vəfatı» yazır – M.H.). Zeynal Abdin Tağıyev sentyabrın 1-də 105 yaşında Mərdəkanda ağ ciyər iltihabından vəfat etmişdir. Mərhum nəhəng sənayeçi, maliyyəçi və böyük filantroplardan[2 - Filantrop – yoxsullara kömək edən, xeyriyyəçi, insansevər, humanist (red.)] biri kimi məşhur idi».
Hacı, həqiqətən, 105 yaşındamı vəfat edib? Bu suala birmənalı cavab vermək mümkün deyil. Əgər təsdiq cavabı verilsə, onda belə çıxır ki, məşhur milyonçu 1819-cu ildə doğulub. Lakin…
1900-cü ilin sentyabrında Tağıyevin fəaliyyətinin 50 illiyi tamam olur və bu münasibətlə Nəriman Nərimanov ilk dəfə onun haqqında kiçik bir kitab yazır: «Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaətə xidmətləri». Həmin kitabda Hacının doğum tarixi barədə belə bir qeyd var: «Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Badkubədə (Bakının tarixi adlarından biri – red.) təvəllüd olubdur. Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırırdı. On yaşınadək Hacı Zeynalabdin atasının tərbiyəsində olubdur».
Bu, Tağıyevin müasiri və onu yaxından tanıyan Nərimanovun qeydləridir. Nərimanovdan təxminən on il sonra – 1912-ci ildə H.Z.Tağıyev Bakı Dairə Məhkəməsinin müttəhimlər kürsüsündə oturmalı olub. «Tağıyev–Behbudov» qalmaqalına görə… Məhkəmədə Tağıyevin tərcümeyi-halı səsləndirilir və onun 74 yaşı olduğu elan edilir. Bu fakt da Hacının 1838-ci ildə doğulduğundan xəbər verir.
Təəssüf ki, doğum tarixi ilə bağlı bu məlumatların heç biri yazılı kağızla, sənədlə təsdiq olunmur. Həm də ona görə ki XIX əsrin ortalarında, xüsusən əsrin əvvəllərində Bakıda yazı-pozu işi bir az pərakəndə olub. O vaxt doğum tarixinin dəqiq qeydə alınması o qədər də real deyil. Belə olan təqdirdə Tağıyevin neçənci ildə doğulduğunu dəqiq söyləmək mümkün olmur.
Əvəzində əfsanə üçün meydan açılır. Deyirlər ki, guya Tağıyev doğum tarixini sonralar özü «irəli çəkib» ki, ikinci dəfə general Ərəblinskinin azyaşlı qızı ilə evlənəndə yaş fərqi çox görünməsin.
Nə dərəcədə inandırıcıdır? Bilmirik. Bununla belə, Dövlət Tarix Arxivində H.Z.Tağıyevin özünün 1916-cı ildə Rusiya imperatoruna ünvanlanmış bir məktubunun surəti saxlanılır. Məsələ ondadır ki, həmin 1916-cı ildə Hacı özünün, həyat yoldaşının və övladlarının adının ümumi zadəgan şəcərə kitabına daxil olunması üçün müraciət edir. Əslində, Hacı zadəgan nəslindən deyildi. Atası sadə başmaqçı olmuşdu. Amma həqiqi dövlət müşaviri rütbəsi aldığına görə artıq əsilzadə sayılırdı. Lakin Ali Senat Hacının özünün və ailə üzvlərinin adının zadəgan şəcərə kitabına daxil edilməsi barədə vəsatətini rədd edir. Bu imtinanı da onunla əsaslandırır ki, Tağıyev həqiqi dövlət müşaviri rütbəsi ilə əsl fəaliyyətinə görə yox, Bakı orta texniki məktəbinin fəxri himayədarı kimi xidmətlərinə görə mükafatlandırılıb.
Hacı Ali Senatın qərarından imperatora şikayət edir. Bu, başqa mövzudur. Lakin həmin 1916-cı ildə Tağıyev imperatora göndərilən şikayət ərizəsinə özünə və ailə üzvlərinə aid bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnamələrin notarius vasitəsilə təsdiq edilmiş surətlərini də əlavə edir. Və özünün doğum tarixi barədə söz-söhbətlərə sanki aydınlıq gətirir. Lakin yenə də ortaya müəmmalar çıxır…
Bu sənədlərin birincisi Hacının özünün Sona xanımla nikahına aiddir. Dərbənd Şiə Ruhani İdarəsindən verilən 189 nömrəli şəhadətnamədə göstərilir ki, Hacı Zeynalabdin Tağıyevlə general-mayor Balakişi bəy Ərəblinskinin qızı, hazırda Sona xanım adlanan Sofiya Qızbikənin kəbini 1896-cı il iyunun 28-də Dərbənd şəhərində Qazı Axund Molla Sadıq Kişnamazov tərəfindən kəsilib.
Növbəti sənəd Hacının 1898-ci ildə doğulan qızı Leylanın doğum şəhadətnaməsidir. Bakıdakı Gileyli məscidinin doğum kitabına əsasən verilən şəhadətnamədə uşağın atasının – H.Z.Tağıyevin 56, anasının – Sona Balakişi bəy qızının isə 18 yaşı olduğu göstərilir.
1899-cu ildə Hacının daha bir qızı dünyaya gəlir – Sara… Təbii olaraq onun doğum kağızında Tağıyevin yaşı artıq 57 göstərilir.
Bu sənədlərə əsasən inamla söyləmək olar ki, Hacı 1842-ci ildə doğulub. Amma həmin arxiv qovluğunda saxlanılan başqa bir möhürlü sənəd bu fikri təkzib edir: «ŞƏHADƏTNAMƏ verilir Zaqafqaziya Şiə Ruhani İdarəsindən ondan ötrü ki, Bakı şəhərinin sakini Hacı Zeynalabdin Tağıyev öz atası Tağı Tağıyevin qanuni arvadı Ummu xanım Axund Zülfüqar qızından 1823-cü ildə doğulub.
Onun doğulduğu gün və ay məlum deyil.
Ruhani İdarəsi imzalarla və dövlət möhürü ilə təsdiq edir.
12 oktyabr 1899-cu il.
Tiflis şəhəri.
Ruhani İdarəsinin sədri, Zaqafqaziya şeyxülislamı A.Axundzadə,
Üzvləri Talıbzadə, Sultan Hüseynbəyov».
Beləliklə, bu sənədlər əsasında məşhur milyonçunun doğulduğu illə bağlı ortaya dörd rəqəm çıxır: 1819, 1823, 1838 və 1842.
Tağıyevin doğum tarixi barədə müəmmanın qısa tarixçəsi belədir.
Yəqin ki, 1899-cu ildə verilən doğum şəhadətnaməsi də yaddaş əsasında tərtib edilib. Çünki Tağıyevin doğulduğu 1823-cü ildə (lap 1838-də də!) məsciddə dəqiq qeydiyyat aparıldığı inandırıcı görünmür.
Hər halda, Hacının doğum tarixi ilə bağlı bilgilər bu qədərdir. Lakin indinin özündə də Tağıyevin doğum tarixi ilə bağlı müəmmaların nədən qaynaqlandığı barədə müxtəlif mülahizələr səsləndirilir. Hacının 1896-cı ildə Balakişi bəyin qızı ilə ailə quranda yaşını bir qədər «azaltmasını» təbii və inandırıcı hesab edənlər var.
Bəs onda Hacı bundan üç il sonra Zaqafqaziya Ruhani İdarəsindən özünə təzə doğum şəhadətnaməsi alanda niyə doğum tarixini 1823-cü il yazdırıb? Axı onda Hacı artıq üç il idi ki, ikinci dəfə ailə qurmuşdu…
Bu suala ehtimalla cavab verənlər var: ola bilsin ki, 1828-ci ildə Azərbaycanın Rusiyaya birləşdirilməsindən əvvəl doğulanlar üçün Rusiya hökumətinin hansısa güzəştləri olub. Və Tağıyev məhz buna görə 1823-cü ildə doğulduğunu yazdırıb.
Kim bilir? Bəlkə də…
Hər halda, Tağıyevin doğum tarixi hələ də müəmma olaraq qalır. Lakin N.Nərimanov 1900-cü ildə yazırdı: «Cənab Hacı hal-hazırda 63 sinnində varsa da, ancaq çox diribaş görünür. Özü ortaboy, tökmə (sağlam, möhkəm – red.) şəxsdir. Hər bir əzası dürüst, üzündən əqli, kəmali məlum olunur».
Nərimanov Tağıyevin xarakterini isə belə təsvir edir: xasiyyəti çox mülayim, özündən kiçiklərə həmişə hörmət edən, dediyi bir sözü iki olmayan, verdiyi vədə əməl edən, haqq sözdən qaçmayan, günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, ürəyi saf hissli bir zatdır.
Bəs yoxsul başmaqçı ailəsində böyümüş «ürəyi saf hissli bu zat» necə milyonçuya çevrilir?

Tağıyev necə varlanmışdı?
Bu sualı Tağıyev haqqında kitab yazan N.Nərimanov da öz oxucusuna verir: «…görək hörmətli Hacı milyonları nə tövr qazanıbdır və millətə, insana nə xidmətlər göstəribdir?» Onun qısa cavabı belədir: «Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırardı. On yaşınadək Hacı Zeynalabdin atasının tərbiyəsində olubdur. Atası külfət qeyrəti çəkən, zəhmətdən qorxmayan bir zat idi və həmişə oğlu Zeynalabdinə bu nəsihəti edərdi: «Oğlum, zəhmətdən qorxma, çalış, ta axırda özgəyə möhtac olmayasan».
…On yaşında uşaq atasının zəhmətini görüb ondan təvəqqe edir ki, onu bir işə qoysun, tainki öz yemini qazana. Atası razı olub on yaşında oğlunu bənna yanında palçıq daşımağa qoyur. Bu işdə uşağa gündə 6 qəpik verirlər».
Nərimanov belə yazır. Lakin sonralar, aradan 60 il keçəndən sonra da Tağıyev bu 6 qəpik söhbətini unutmur. 1912-ci ildə rəssam İsaak Brodski onun portretini bir həftəyə çəkib iki min rubl pul istəyəndə Hacı təəccüblənir və deyir: «Cəmi bir həftə işləməyə görə 2 min? Heç olmasa, iki həftə də işlə. Mən cavan olanda günə 6 qəpik qazanırdım».
Düzdür, Hacı cavan olanda qazandığı 6 qəpik az pul deyildi. Təxminən bir kilo qoyun əti demək idi. Amma yenə də…
Nərimanovun yazdığına görə isə, Zeynalabdin əvvəlinci qazancını gətirib atasına verir. Atası dəxi pulu götürüb bir qədər çörək və bir qədər pendir alır, sonra oğluna xeyir-dua verib deyir: «Pərvərdigara, çox şükür ki, oğlumun qazancını yeyirəm». Bu söz uşağın qəlbinə çox təsir edir. Və bundan sonra öz gücündən artıq işlərə baş vurur. 12 yaşında daş yonmağa başlayır, 15 yaşında artıq bənnalığı mənimsəyir. Bir qədər sonra podrat işlərinə girişir. Və bir xeyli pul toplaya bilir. 1873-cü ildə isə artıq neft işlərinə girişir. Lakin dörd dəfə uğursuzluqla üzləşir. Ruhdan düşmür. Bu dəfə Bibiheybətdə şərikli torpaq sahəsi alır. Buruqlar vurdurur. Xərclər günbəgün artır, gəlir isə görünmür. Şəriki bu itkiyə tab gətirə bilmir və öz payını Zeynalabdinə satır. O, borca düşsə də, dözür, ümidini üzmür, gözləyir. Və günlərin birində buruq fontan vurur. Sonra o biri buruq… Bununla da Tağıyevin xoş günləri başlayır.
Böyük rus kimyaçısı D.Mendeleyevin Tağıyev haqqında maraqlı bir fikri var. Deyir ki, Hacı Tağıyevi Bakıda neft işinin çox vacib yerli hərəkətvericisi hesab etmək lazımdır. Çünki o, Bakıya və dənizə yaxın olan Bibiheybətdə torpaq sahəsi alaraq böyük inadkarlıqla çoxlu quyular qazmağa başlayıb. Demək olar ki, bütün quyular fontan vurub. Tağıyev elə neft hasil olunan yerdə böyük zavod qurub. Rusiyada və xarici ölkələrdə ticarətə başlayıb. İşini o qədər ehtiyatlı tutub ki, Bakıda baş verən bir neçə neft böhranına rahat tab gətirə bilib. Bununla da Tağıyev çox cüzi pulla, lakin bütün əməliyyatlara ağıllı münasibət bəsləməklə neft işindən böyük pullar götürməyin nümunəsini ortaya qoyub.
D.Mendeleyev özü Tağıyevin neft işinə çox cüzi pulla başladığının şahidi olub. İlk dəfə Bakıya 1863-cü ildə gələn gənc alim Hacını kiçik podratçı kimi tanıyıb. Aralarında mehriban münasibət yaranıb. Mendeleyev növbəti gəlişində artıq Bakıda milyonçu Tağıyevi görüb.
Varlanandan sonra Hacının başqa imkanlılardan bir fərqli cəhəti dərhal üzə çıxır. Nərimanovun yazdığına görə, Tağıyev yetim və fəqirləri də unutmur. Əlsiz-ayaqsızlara pul verib kömək edir: «Canları saf adamlar yolçuluq edəndə pul verməyib iş üstə qoyur ki, ta özləri zəhmət çəkib pul qazansınlar».
Bir məsəldə deyildiyi kimi, Hacı imkansız adamlara, sadəcə, balıq vermir, onlara balıq tutmağı öyrədir…
Tağıyevin varlanandan sonra yoxsullara daim kömək etdiyi barədə «Sərvət və səxavətdə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı» kitabında da söhbət açılır. Kitabda müəllifin adı göstərilməyib. Lakin tədqiqatçılar həmin əsəri Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadənin qələmə aldığını iddia edirlər.
«…Badkubədə çox bahalıq və ziyadə qəhətlik vaqe oldu ki, xalqın dolanmaq və dirilik taqəti müşkül idi. Bu cənab dörd yerdə taxtadan anbar qərar verib birini buğda, o birisini un və birini düyü və birini dəxi arpa ilə doldurub abru sahibləri və qüvvəsiz şəxslər üçün və ev-eşiksiz dul övrətlərə və yetim uşaqlara hər gündə hər kəsin ehtiyacı qədərində öz nəzarəti ilə təqsim edirdi.
Lakin onu istəməyən varlılar paxıllıq etdilər. Gedib Hacıya podrata ev verənə şikayətləndilər ki, «bu podratçı (yəni Tağıyev – M.H.) sənin evinin qeydində deyil, ancaq o pulları ki səndən alıb, onunla dörd anbar düzəldib. Buğda, arpa, düyü və un yığıb xalqa paylayır və sənin malını dağıdır».
O adam da inanır və yoxlama göndərir. Yoxlama nəticəsində şikayətlərin əsassızlığı ortaya çıxır. Podrata ev verən anlayır ki, Hacının «…fəqirlərə və zəiflərə kömək eyləməkdən başqa bir özgə məqsədi» yox imiş.
Ev isə, həqiqətən də, vaxtında hazır olur. Bundan sonra evin sahibi Tağıyev haqqında böhtanlara inandığı üçün bərk xəcalət çəkir və ondan üzr istəyir…
Həmin dövrdə Bakıda varlı adamlar, milyonçular az deyildi. Lakin onların heç də hamısı fağır-füqəranı düşünmür, ac-yalavaca yardım etmirdi. Elə Nərimanov da bu məsələyə toxunur: «Hal-hazırda Badkubədə azmı Hacılar var? Çifayda! Bu biçarələr pulları sandıqlara yığıb pişik kəsəgəni (kəsəyən – red.) marıtlayan təki marıtlayırlar. Bunlar müamilə (sələm – M.H.) pullar verib fəqirlərin evlərini yıxırlar».
Tağıyev isə ev tikir, ailə qurur. Əmisi qızı Zeynəblə evlənir. Bu izdivacdan iki oğlu – İsmayıl və Sadıq və qızı Xanım dünyaya gəlir. Həyat yoldaşı Zeynəb vaxtsız vəfat edir.
Hacının oğlu İsmayıl general-leytenant Balakişi bəy Ərəblinskinin böyük qızı ilə ailə qurur. Aradan bir neçə il keçəndən sonra Tağıyev özü də Balakişi bəyin kiçik qızı Sona xanımla evlənir. Bu izdivacdan isə üç qızı və iki oğlu dünyaya gəlir.
Yoxsul başmaqçı ailəsində doğulan Zeynalabdinin övladları atalarından fərqli olaraq, milyonçu çörəyi yeyirlər. Milyonlar isə Hacıya qızıl teştdə gəlmir. Bəs necə gəlir?

Uğurlu sahibkarlıq fəaliyyətinin sadə sirri
Tağıyevin varlanma mənbəyi məlumdur – neft. Bibiheybət mədənlərində fontan vuran buruqlar…
Amma buruqlar birdən-birə, bir günün içində fontan vurmayıb. Neft fontan vurandan sonrakı prosesləri idarə etmək də asan və sadə olmayıb. Hacı, məşhur alimin dediyi kimi, «bütün əməliyyatlara ağıllı münasibət bəsləməklə neft işindən böyük pullar götürüb». Və bu pulların qədrini bilib, ondan ağılla yararlanıb. Odur ki Tağıyev sonralar neft sahəsi ilə kifayətlənmir. İllər keçdikcə onun maraqları az qala iqtisadiyyatın bütün sahələrini əhatə edir. Neftdən gələn gəlirlərdən müxtəlif sahələrə sərmayə yatırır. Balıqçılıq sənayesinə maraq göstərir, iri balıq vətəgələrini icarəyə götürür, Kür və Xəzər sahilləri boyunca böyük balıq vətəgələri alır. Petrovsk şəhərində soyuducu zavodu tikdirir. 1894-cü ildə Yelizavetpol quberniyasının Cavanşir qəzasındakı «Yevlax mülkü»nün bir hissəsini satın alır. Böyük torpaq sahələrini icarəyə götürməklə kənd təsərrüfatı sahəsinə yatırım edir. 1903-cü ildə un dəyirmanı qurur və sonralar Bakının ən məşhur un istehsalçılarından birinə çevrilir. 1909-cu ildə Cavad qəzasının Tataroymaq kəndində pambıqtəmizləmə zavodu tikdirir.
Əsrin sonuna yaxın Tağıyev tamamilə başqa bir sahəyə – mətbuat sahəsinə sərmayə qoyur. O, 1897-ci ilin əvvəllərində «Kaspi» qəzetini və eyniadlı mətbəəni kollec müşaviri Nikolay Sokolinskidən satın alır.
Sonrakı illərdə Hacı daha bir neçə qəzetin də təsisçisi olur.
1904-cü ilin yanvarında Rusiya imperatoru «Kür–Xəzər Səhmdar Gəmiçilik Cəmiyyəti»nin nizamnaməsini təsdiq edir. Nizamnamənin birinci paraqrafında deyilirdi: «Xəzər dənizində, habelə Kür, Volqa çaylarında və onların qollarında yük və sərnişin daşımaq məqsədilə «Kür–Xəzər Səhmdar Gəmiçilik Cəmiyyəti» adı altında səhmdar cəmiyyət təsis olunur.
Qeyd 1. Cəmiyyətin təsisçiləri: 1-ci gildiya Bakı taciri Hacı Zeynalabdin Tağıyev və 2-ci gildiya Bakı taciri İmamverdi Vəliyev».
Bundan sonra Tağıyev gəmiçilik sahəsində də kifayət qədər uğurlu fəaliyyət göstərir. Arxiv sənədlərindən görünür ki, hətta bir ara Tağıyevin gəmiçilik şirkəti Nobel qardaşları şirkətinin neftini daşımaqla məşğul olur. Məsələn, Hacı 1908-ci ilin iyulunda Nobel qardaşları şirkətinə məktub yazaraq şirkətə məxsus 2 milyon 500 min pud neftin bu ay daşınacağı barədə götürülmüş öhdəliyin vaxtında yerinə yetiriləcəyini bildirir. O, enerji, nəqliyyat, şərabçılıq, bankçılıq və s. sahələrdə də uğur qazanır.
Əgər XIX əsrin 80-ci illərində Tağıyevin ticarət əməliyyatlarının dövriyyəsi 3 milyon rubl təşkil edirdisə, 1897-ci ildə bu rəqəm 4,9 milyona çatır.
Biz Tağıyevin çoxşaxəli sahibkarlıq fəaliyyətinin kiçik bir hissəsini xatırlatdıq. Və bu qeydlərdən belə çıxır ki, məşhur milyonçu əlini nəyə atıbsa, işi yağ kimi gedib. Belə düşünməyə əsaslar da var. Hacı imkanlı adam idi. Dövlət orqanlarında onu yaxşı tanıyır, necə deyərlər, bir sözünü iki eləmirdilər. Alırdı, satırdı, qururdu, yaradırdı… Lakin heç də həmişə belə olmurdu. Onu da istəməyənlər, nüfuzuna, çevik düşüncə qabiliyyətinə paxıllıq edənlər, hətta Hacını sıradan çıxarmaq istəyənlər də tapılırdı.
XIX əsrin axırlarında Hacı neft sənayesi ilə bağlı bütün obyektlərini satmaq qərarına gəlir. O, 1897-ci ildə «H.Z.Tağıyev» firmasına məxsus olan mədənləri, ağ neft, yağ və kükürd turşusu zavodlarını, neft kəmərini, dəmir yolu çənləri parkını, Rusiyanın bir çox şəhərlərindəki ağ neft-mazut anbarlarını ingilis bankının direktoru Evelin Qubbardın başçılıq etdiyi qrupa 5 milyon rubla satır.
Niyə satır? Biz bu sualın cavabını bilmirik. Amma onu bilirik ki, 1897-ci il oktyabrın 11-də imperator II Nikolay Hacı Zeynalabdin Tağıyevin «Lifli Maddələrin Emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti»nin nizamnaməsini təsdiq edir.
Hacı, indiki terminlə desək, neft sektorundan qeyri-neft sektoruna keçir. Toxuculuq məhsullarına böyük tələbatın yarandığını hiss edərək…
Tağıyev yeni toxuculuq fabrikini Zığ və Əhmədli kənd icmasından aldığı torpaq sahəsində inşa etmək istəyir. Cəmiyyətin nizamnaməsi təsdiq olunan kimi Hacı 1898-ci ildə fabrikin tikintisinə başlayır. Eyni zamanda xarici ölkələrdən fabrik üçün lazımi texnika və maşınlar sifariş verir. Lakin tezliklə guya icarə sənədlərində nöqsanlar tapılır və tikinti dayandırılır. Hətta artıq inşa olunan tikililər hökumətin tapşırığı ilə sökülür. Hacının dilindən iltizam alınır ki, sənədlər qaydaya düşməyincə tikintini başlamayacaq.
1902–1904-cü illərdə Bakı şəhər başçısı vəzifəsində işləmiş A.Novikov sonralar Peterburqda nəşr etdirdiyi «Şəhər başçısının qeydləri» («Записки городского головы») kitabında Hacının fəaliyyəti barədə məhəbbətlə söhbət açır. Həmin kitabda toxuculuq fabriki ilə bağlı məsələyə də toxunulur: «Tağıyev Bakıda böyük fabrik tikmək qərarına gəlir. Onun əlində Bakı yaxınlığında yaşayan yerli əhali ilə bağlanmış icarə müqaviləsi var. Fabriki həmin ərazidə tikmək istəyir. Tağıyev tikintiyə başlayanda keçmiş torpaq sahibləri etiraz edirlər. Cəmiyyəti iki düşərgəyə – Tağıyevin lehinə və əleyhinə olanlar düşərgəsinə bölən uzun bir proses başlayır. Bəzi mətbuat orqanları Hacının əleyhinə iyrənc təbliğat aparır».
Bütün bunlara baxmayaraq, Tağıyev səbirlə, təmkinlə mübarizəni davam etdirir. İllərlə Peterburqla, Tiflislə yazışmalar aparır, nəhayət, istədiyinə nail ola bilir. Fabrik işə düşür…
Bu faktı niyə xatırlatdıq? Ona görə xatırlatdıq ki, oxucuda təsəvvür yaransın: Hacının da işləri həmişə hamar getməyib. Ümumiyyətlə, hər zaman olduğu kimi Tağıyevin dövründə də uğur milyonçuların üzünə daim gülmür. Məsələn, Tağıyevlə şərikli gəmiçilik şirkəti yaradan İmamverdi Vəliyev bir neçə il sonra müflisləşir.
Bəs Tağıyevin uğurunun sirri nədə idi? Onun dərin zəkasında, hər cür zəhmətə qatlaşmaq bacarığında və güclü sahibkarlıq intuisiyasında! Və bu xüsusiyyətlər kənardan da aydın görünür və deyilirdi: Hacı «işini o qədər ehtiyatlı tutub ki, Bakıda baş verən bir neçə neft böhranına rahat tab gətirə bilib» (D.Mendeleyev).
Və bir də: Hacı Bakı şəhər Dumasının üzvü – qlasnı kimi ictimai fəaliyyəti ilə çoxlarına nümunə olub. Sahibkarlıq sahəsində olduğu kimi Dumada da söz sahibinə, liderə çevrilib.
Qlasnı Tağıyevi liderə çevirən keyfiyyətlər nədən ibarət idi?

Tağıyev şəhər Dumasında
1877-ci ildə Bakı şəhər Dumasının yaradılması barədə qərar qəbul edilir. Tağıyev nəinki şəhər Dumasına üzv – qlasnı seçilir, eyni zamanda Dumanın işini təşkil edənlərdən biri və birincisi olur. Bakı Dumasında müsəlmanların hüquqlarının müdafiəsi üçün daim haqq səsini qaldırır.
İllər keçdikcə Hacı, demək olar ki, Dumanın ən nüfuzlu qlasnısına çevrilir. Yeni şəhər başçısı seçilməlidir? Tağıyevin məsləhəti əsas götürülür. Şəhər hansısa mühüm layihəyə pul ayırmalıdır? Hacının razılığı vacibdir.
1904-cü ildə Peterburq qəzetlərinin birində Bakı Dumasının fəaliyyəti barədə yazı dərc olunur. Qeyd edilir ki, Bakı Dumasının yarısı müsəlman qlasnılardır. Bəli, məhz yarısı! O vaxtın qaydalarına görə Bakıda müsəlman qlasnıların sayı ümumi Duma üzvlərinin sayının yarısından çox olmamalı idi!
Qəzet yazır ki, Duma üzvlərinin o biri yarısının üçdə ikisi ermənilər, üçdə biri isə rusların payına düşür. Müsəlman qlasnıların lideri yerli varlılardan biridir. Anadangəlmə ağıllı adamdır, amma təhsili yoxdur.
Hansısa məsələni Duma iclasından keçirmək lazım olanda o ayağa durub «mən xahiş edirəm» deyə sözə başlayır. Bu, əslində, «mən əmr edirəm» deməyə bərabərdir. Onun həmin sözü təkcə müsəlmanlar tərəfindən deyil, hətta erməni və rusların əksəriyyəti tərəfindən elə belə də qəbul olunur və onun «xahişi», bir qayda olaraq, yerinə yetirilir…
Bu yazının dərc edildiyi ovaxtkı Peterburq qəzetində ad çəkilməsə də, söhbətin məhz Tağıyevdən getdiyi heç kimə nə o vaxt, nə də indi sirdir.
Hacı Dumada ilk günlərdən söz sahibi olur.
Bakı şəhər Dumasının ilk iclası 1878-ci il yanvarın 14-də açılır. Həmin iclasda şəhər upravasına iki nəfər üzv seçilməsi məsələsi qaldırılır. Və şəhər başçısı uprava üzvlərinin hər ikisinin xristian olacağını bildirir. Onda qlasnı Şıxəli Dadaşov uprava üzvlərindən, heç olmasa, birinin müsəlman olmasının vacibliyini xatırladır. Digər müsəlman qlasnılar da bu məsələdə israr edirlər. Tağıyev burada da öz etiraz səsini qaldırır. Nəhayət, qərara alınır ki, upravaya üç nəfər üzv seçilsin və onlardan biri müsəlman olsun.
«Kaspi» qəzetinin yazdığına görə, həmin iclasda qlasnı Baqirov ermənilərə «qəza rəisi Antonovun üstünlüklərini izah edərkən Tağıyev müsəlman namizədi xarakterizə etməklə məşğul idi».
Tağıyevin canfəşanlığı öz nəticəsini verir: jandarm idarəsinin tərcüməçisi Dadaş bəy Səfərəliyev upravaya üçüncü üzv seçilir.
Hacının Dumadakı nüfuzu barədə A.Novikovun «Şəhər başçısının qeydləri» kitabında da söhbət açılır. Novikov yazır ki, Tağıyev Duma iclaslarına həmişə gəlmirdi, amma onun lazım olduğu iclaslara mütləq gəlirdi. O iclaslara gəlirdi ki, taleyüklü məsələlər müzakirə olunurdu.
A.Novikovun kitabından: «Onunla yaxından tanış olduqca varlı müsəlman xalqın içindən çıxan bu ağıllı şəxsiyyət məni özünə daha çox cəlb edirdi. Rus dilində pis danışırdı, amma ağlına və hissiyyat qabiliyyətinin səviyyəsinə görə – oxucum, təəccüb eləmə – təhsilli həmkarlarından çox-çox yüksəklərdə dayanırdı».
Və təhsili olmayan bir milyonçunun iti zəkası, çevik məntiqi hamını təəccübləndirirdi. Ona görə də Nəriman Nərimanov yazırdı: «Belə elm hörmətli Hacıda olmaya-olmaya bunun xidmətləri hansı aqili təəccübə gətirməz? Qeyrətli Hacının vətənə, millətə və insana olan himmətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar nadan, vəhşi, camaat və dövlət işinə yaramayan tayfadır?!»
«Bakı şəhərinə aid əsas məsələlərdə, istər su məsələsi olsun, istər torpaq, o, həmişə düzgün mövqe tuturdu» – bu da Novikovun fikridir.
Tağıyevin şəhər üçün vacib məsələlərdə həmişə düzgün mövqe tutduğu barədə hələ danışacağıq. Amma onlardan biri barədə danışmağın vaxtıdır.
Heç bir təhsili olmayan Hacı Bakıda teatr binası tikdirir. İlk teatr binası!
Oxumağı bacarmayan, incəsənət sahəsinə, ümumiyyətlə, aidiyyəti olmayan Tağıyev niyə məhz teatr binası tikdirmək qərarına gəlmişdi?

Milyonçunun teatr sevgisi
1882-ci ilin aprelində çıxan Bakı qəzetlərində maraqlı bir xəbər var: «…nəhayət ki, bizdə də isti, rahat, bütün lazımi qurğuları olan əsl teatr olacaq». Və ardınca: «Bu teatra görə biz cənab Tağıyevə borclu olacağıq, bu xeyirxah işə görə bütün şəhər ona «sağ ol» deyəcək!»
Qəzetdə bu xəbər başqa bir mühüm məlumatla yanaşı dərc olunur: aprelin 18-də Qafqazın mülki hissəsinin yeni baş rəisi knyaz A.M.Dondukov-Korsakov Bakıya gəlir…
Aprelin 20-də knyaz Bakı Dumasının üzvləri ilə də görüşür və həmin görüşdə Tağıyevi ona təqdim edirlər. Şəhərdə ilk teatr binası tikmək arzusunda olan neft sənayeçisi kimi…
Knyaz Hacının əllərini sıxır, ona bu cəsarətli addımına görə təşəkkür edir və teatrın da məktəb kimi millətin inkişafında xüsusi rolu olduğunu vurğulayır. Əslində, bu həqiqəti Tağıyev çoxdan anlamışdı. Onda Bakıya Peterburqdan tez-tez müxtəlif teatr truppaları gəlir, cürbəcür tamaşalar qoyulurdu. Lakin taxtadan tikilmiş sirk binasında, yaxud Bakı İctimai Məclisinin qış sarayında… O binalarda ki tamaşa üçün yararsız idi. Amma başqa variant da yox idi. Bakı şəhərində teatr binası tikilməmişdi. Buna ehtiyac duyulmamışdı. Lakin Tağıyev belə bir ehtiyac duyur. Və özünün torpaq sahəsində – Merkuri (indiki Zərifə Əliyeva) və Qorçakov (indiki H.Z.Tağıyev) küçələrinin kəsişməsində teatr binası tikdirmək qərarına gəlir.
1883-cü il noyabrın 25-də tikinti başa çatır və binaya baxış keçirilir.
Yalnız bundan sonra «Tağıyev teatrı» kimi şöhrət qazanan mədəniyyət obyekti fəaliyyətə başlayır.
«Bu zati-möhtərəmin qeyrəti insanı həqiqət heyran edir. Təəccüb budur ki, 18 il bundan müqəddəm Badkubədə Hacıdan dövlətli və mədəniyyətli şəxslər olubsa da və hal-hazırda varsa da, ancaq Badkubədə teatrın əvvəlinci binasını qoyan hörmətli Hacı olubdur» – bu fikirlər də N.Nərimanova məxsusdur.
Teatr binası tikdirdiyi dövrdə onun iri neft istehsalı kompleksi var idi. İki neftdaşıyan gəmisi, Rusiyanın bir çox şəhərlərində anbarları, ağ neft və sürtkü yağı istehsal edən zavodları işləyirdi. 80-ci illərin axırlarında artıq Tağıyevin firması 10 milyon pud neft hasil edirdi.
Yəni Hacı teatr əvəzinə gəlirli sənaye sahələrinə pul qoymaqla varidatını daha da artırmaq imkanına malik idi. Amma o, teatr binası tikdirməyə üstünlük verir. Və illər keçir, bu şəhərdə Azərbaycan dilində də tamaşalar oynanılır. Tağıyev teatrı belə tamaşaların göstərildiyi mədəniyyət ocağına çevrilir. 1908-ci ildə isə Şərqin ilk operası – «Leyli və Məcnun» məhz bu teatrda tamaşaya qoyulur.
Bakıda müsəlman qadınlar da yavaş-yavaş teatr tamaşalarına maraq göstərməyə başlayırlar. Onda Tağıyev bu reallığı nəzərə alaraq teatr binasının daxilində dəyişiklik etmək qərarına gəlir: müsəlman qadınlar üçün lojalar düzəldilir. O lojalar ki, necə deyərlər, qadınları yad gözlərdən «qoruyur»: qadın lojalarının yan tərəflərinə qalın, ön hissəsinə tül pərdə asılır.
XX əsrin əvvəllərində Bakı neft və milyonlar səltənəti kimi məşhurlaşsa da, çağdaş Avropa mədəniyyətinin bir sıra elementlərini özündə ehtiva etsə də, hələ dini ehkamların güclü olduğu müsəlman şəhəri idi. Burada müsəlman qadınların teatra getməsi məqbul sayılmırdı, çünki digər incəsənət növləri kimi aktyorluq – insanın başqasının cildinə girməsi, kişilərlə qadınların eyni səhnəyə çıxması şəriət qanunlarına zidd sayılırdı. Məhz bu ehkamların qırılması və Bakıda müsəlman qadınların da teatra yolunun açılmasında mütərəqqi dünyagörüşlü bir şəxsiyyət kimi Tağıyevin xidməti böyükdür.
Hacı həyat yoldaşını və qızlarını vaxtaşırı teatr tamaşalarına baxmağa aparır. Hətta tamaşa salonunda özü və ailə üzvləri üçün daimi xüsusi loja ayırtdırır. «Hörmətli Hacı teatrı nəhayətdə sevir, hər axşam öz lojasında əyləşib artistlərin oyunlarına çox diqqətlə baxır» – bu da Nərimanovun müşahidəsidir.
1899-cu ildə Tağıyev teatrda təmir və yenidənqurma işləri gördürür. Tamaşa zalında yerlərin sayı artırılır. Yeni eyvanlar əlavə edilir. Tamaşa zalının döşəməsi bu dəfə maili qurulur ki, arxada əyləşənlər səhnəni daha yaxşı görsünlər. Eyni zamanda yanğın təhlükəsizliyi üçün bəzi tədbirlər də görülür.
Lakin bütün bu təhlükəsizlik tədbirləri 1909-cu ildə teatrda dəhşətli yanğına mane ola bilmir. Fevralın 21-də teatrda elə bir yanğın baş verir ki, ancaq divarlar qalır. Yanğın gündüz baş verdiyindən insan tələfatı olmur.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadası da alovun söndürülməsində aciz qalır. Səhər saat 10-dan başlayan yanğının söndürülməsinə yeddi saat vaxt sərf olunur.
Şəhərdə şayiə yayılır ki, Tağıyev teatrı bərpa etmək istəmir. Bu xəbər Bakı ermənilərinin əlinə girəvə verir. İki gün sonra şəhər Dumasının iclasında çıxış edən erməni qlasnı Ayvazov deyir ki, şəhərin yeganə teatrı yanıb, Tağıyev də bərpa etmək istəmir. Yeni teatr tikmək üçün torpaq sahəsi ayırmaq lazımdır. Gecikdirmək olmaz, növbəti iclasda bu məsələyə baxılmalıdır. Lakin Tağıyev fikrini dəyişir. İyun ayında teatrı bərpa etdirmək qərarına gəlir və şəhər rəhbərliyinə yeni layihə təqdim edir. Lakin layihə bəyənilmir və Tağıyevin özünə qaytarılır.
Şəhər mühəndisi layihənin qüsurlarını göstərir: çıxış qapıları tamaşaçıların sayına görə azdır; qızdırıcı qurğu yoxdur; havatəmizləyici quraşdırılmayıb; yanğınsöndürənlər üçün mühafizə otağı ayrılmayıb və s. Odur ki layihə yenidən işlənir, təsdiq edilir və teatr 1910-cu ilin payızında istismara hazır vəziyyətə gətirilir.
Tağıyev teatrı, demək olar ki, yenidən qurulur, genişləndirilir, əlavə mərtəbə artırılır. Üstəlik, buxar qızdırıcısı, havatəmizləyici qurğu quraşdırılır…
1910-cu ilin dekabrında isə bu teatrda gənc Üzeyir bəy Hacıbəyovun yazdığı «General Tağıyev marşı» ilk dəfə ifa olunur. Elə Tağıyevin iştirakı ilə… Həm də Hacının şərəfinə! Yaxşı, bəs niyə «General Tağıyev»?

«General Tağıyev» marşı necə yaranmışdı?
1910-cu ildə Tağıyev teatrının 30 illiyi qeyd olunur. Əslində isə, bu teatr 1883-cü ildən fəaliyyətə başlayıb. Bu baxımdan teatrın 30 illiyinin niyə 1910-cu ildə qeyd olunduğu da sual doğurur. Bəlkə, bu tarix teatr binasının özülünün qoyulması tarixindən hesablanıb? Bilmirik. Lakin onu bilirik ki, 1910-cu ilin dekabrında Nicat Cəmiyyəti Tağıyev teatrının 30 illiyi ilə əlaqədar xüsusi tədbir təşkil edir. Həmin gün teatr binası işıqlarla bəzədilir. Binanın içərisinə xalçalar döşənir, hər tərəf gül-çiçəyə qərq edilir. Bu mədəniyyət ocağının əsasını qoyan Tağıyevin keçəcəyi pilləkənlərdə isə Nicat Cəmiyyətinin üzvləri sıraya düzülür və onun gəlişini alqışlayırlar.
Hacı təntənəli tədbirdə nitq söyləyir, teatr incəsənəti sahəsində müsəlmanların qazandığı uğurlardan danışır. Bundan sonra teatrın pərdəsi qalxır və… Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi orkestr bəstəkarın bu münasibətlə yazdığı xüsusi marşı ifa edir. «General Tağıyev» marşını…
Bəs Üzeyir bəy H.Z.Tağıyevə həsr etdiyi marşı niyə «General Tağıyev» adlandırır? Səbəbi sadədir: artıq Tağıyev general statusunda idi. 1907-ci il yanvarın 25-də imperator II Nikolayın fərmanı ilə bu vaxtadək kommersiya müşaviri titulu daşıyan H.Z.Tağıyevə həqiqi dövlət müşaviri mülki titulu verilmişdi. Bu mülki rütbəyə layiq görülənlər orduda general-mayor, donanmada isə kontr-admiral rütbələrinə bərabər imtiyaz sahibi sayılırdılar…
Həqiqi dövlət müşavirlərinə «Zati-aliləri» deyə müraciət olunmalıydı. Elə Bakıya – Tağıyevə ilk dəfə «Zati-aliləri» sözü ilə başlayan teleqramı da Tiflisdən Qafqaz canişini qraf Vorontsov-Daşkov göndərmişdi. Bu şad xəbəri ilk dəfə Hacıya canişin çatdırmış, onu təbrik etmişdi. Yazmışdı ki, «din qardaşlarınız arasında təhsil toxumu səpmək kimi yüksək faydalı fəaliyyətinizi bundan sonra da davam etdirəcəyinizə inanıram…»
Tağıyev canişinə cavab teleqramında təşəkkürünü bildirmiş, onu əmin etmişdi ki, «ömrümün sonuna kimi öz dinimdən olanların maarifləndirilməsi üçün nəzərdə tutduğum yolla gedəcəyəm». Bütün bunlar 1907-ci ilin əvvəllərində olmuşdu. Tağıyev general statuslu titul alanda…
1910-cu ilin dekabrında isə Tağıyev teatrının 30 illik yubiley tədbirində Üzeyir bəy məhz bu titula uyğun – «General Tağıyev» marşını təqdim edir. Tədbirdə Şillerin «Qaçaqlar» pyesindən və Üzeyir bəyin «Ər və arvad» operettasından parçalar oynanılır. Ərəblinski, Sarabski, Mirzə Ağa Əliyev kimi nəhəng aktyorların ifasında…
Bu yubileyə dəvət edilən Əli bəy Hüseynzadə isə tədbirdə iştirak edə bilmir. Tağıyevə xüsusi rəğbəti olan məşhur alim və publisist Hacını teleqramla təbrik edir: «Hörmətli Hacı, Bakını tərk edərək bu yubileydə iştirak edə bilmədiyimdən təəssüflənirəm. Səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm».
Əli bəy bundan bir gün əvvəl rəhbərlik etdiyi «Səadət» məktəbinin müəllim və şagirdləri ilə vidalaşaraq Türkiyəyə yola düşmüşdü. O, Konstantinopoldakı Hərbi-Tibb Akademiyasının Dermatologiya kafedrasına rəhbərlik etmək üçün gedirdi.
Əli bəy Hüseynzadədən söz düşmüşkən Tağıyev özü təhsilsiz olsa da, təhsilli adamlara xüsusi rəğbət bəsləyir, onlarla ünsiyyətə maraq göstərirdi.
Bütün bu kimi müsbət keyfiyyətlərə malik Hacını bütün ömrü boyu narahat edən bir çatışmazlığı, qüsuru var idi…

Hacının ən böyük çatışmazlığı
Tağıyev təhsil almamışdı! Yazıb-oxumağı bacarmırdı. Çünki uşaq vaxtı ailəsinin yoxsul olması ona təhsil almağa imkan verməmişdi. Böyüyəndən, özü varlanandan sonra isə gec olur… Ancaq Hacı böyüdükcə elmin, təhsilin nə demək olduğunu anlayır. Anlayır ki, müsəlmanların mədəniyyətdə və məişətdə geridə qalmaqlarının əsas səbəbi təhsilsizlikdir. Heç bir təhsil görməyən milyonlar sahibinin o dövrdə təhsilə bu cür qiymət verməsi, doğrudan da, təəccüblüdür.
Tağıyevin təhsil məsələsinə xüsusi diqqət yetirdiyini Nərimanov da vurğulayır: «Hərgah hörmətli Hacı elm təhsil etmiş olsaydı, onun millətə və vətənə olan xidmətləri onun şənini o payədə ucaltmazdı, necə ki indi. Çünki həqiqi elm vətənə və millətə qulluq etməyi tərbiyə verir». Yəni Hacı özü təhsilli olub elmə, təhsilə maraq göstərsəydi, burada qeyri-adi bir şey olmazdı. Məhz təhsili olmayan adamın bu mütərəqqi sahəyə xüsusi diqqət ayırması qeyri-adi bir hadisədir. Cəhalətin meydan suladığı XIX əsrin Bakısında xüsusən…
Hacı özünü dərk edəndən yazıb-oxumaq istəyənlərə kömək edir. Çünki dünyanın gedişatını anlayır, inkişafın elmlə, təhsillə bağlı olduğunu yaxşı başa düşür. İstər imperiya daxilində, istərsə də xarici dövlətlərdə baş verən proseslərə reaksiya verir, münasibət bildirir.
Bəs oxumağı bacarmayan Tağıyev ətrafda baş verənlərdən, xüsusən mətbuatdan necə xəbər tutur? Bu sualın cavabı «Sərvət və səxavətdə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı» kitabında var. Həmin kitabda Tağıyevin qəzetlərlə tanış olma «sirri»ndən də söhbət açılır, Hacının bu işə hər gün az qala dörd saat vaxt ayırdığı vurğulanır: «Əvvəlcə türk, fars və ərəb dillərində ruznamə (qəzet – red.) oxuyanı və mütərcimi cənab Mirzə Sadıq… oxuyur».
«Müsəlmani ruznamələrdən sonra rusi, firəngi dilinin mütərcimi müsyö Kadusli»nin növbəsi çatır və Hacını o məlumatlandırır.
Göründüyü kimi, Tağıyev mətbuatla tanışlıq üçün iki mirzə saxlayıb.
Hacının dünyada baş verən proseslərlə tanışlıq «mexanizmi»ndən N.Nərimanov da söhbət açır: «Hər gün rus mirzəsi rus lisanında məşhur qəzetləri oxuyur və arada sual-cavab olur. Sonra müsəlman mirzəsi İranda, Osmanlıda, Hindistanda və Misirdə verilən türk, fars və ərəb qəzetlərini oxuyur. Hacı çox diqqətlə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı politika, yəni siyasət məsələlərinə artıq diqqət edir. Hörmətli Hacının bu sinnində qüvveyi-hafizəsinin itiliyinə məəttəl qalınmalıdır. Gündə on qəzetəyə qədər oxunur, sabahı hamısından xəbər verməyə hazırdır: hansı əhvalatın hansı qəzetədə olmağını səhvsiz söylər. Bu səbəbə görə cənab Hacı zəmani-hazırda siyasidən, mədəniyyətdən və mərifətdən baxəbər bir zatdır. Nəinki türkcə və hətta rusca mədəniyyətdən və mərifətdən söhbət etməyə qadirdir». Bu qısa təqdimatdan göründüyü kimi, Tağıyev mətbuatı daim izləyir, yaşadığı ölkədə və dünyada baş verən hadisələrdən vaxtında məlumat ala bilir. Eyni zamanda özünün təhsil almamaq sahəsində yol verdiyi «səhvi» müasirləri olan cavanların təkrar etməməsinə çalışır. Oxumaq üçün ona müraciət edənləri, demək olar ki, naümid qoymur. Ömrünün sonuna qədər bir neçə məktəbin fəxri himayədarı olur, məktəb tikintisinə ianə verməkdə heç vaxt xəsislik etmir. Müqayisə üçün deyək ki, həm də qatı dindar olan Hacı təkcə 1909-cu ildə Rusiya imperiyasında məscid tikintisinə 18.500, məktəb-təlim işinə 77.000 rubl ianə ayırır. Və bu rəqəmlər havadan götürülməyib, arxiv sənədlərinə əsaslanır.
Hacı elm və təhsilin əhəmiyyətini həmişə yüksək qiymətləndirir. Həmişə gənclərə oxumağı, elmli olmağı tövsiyə edir və bu sahədə xeyriyyəçiliyə xüsusi əhəmiyyət verir.
Sonralar Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi rol oynamış onlarla məşhur alim, ictimai-siyasi xadim, ədəbiyyat və mədəniyyət adamının məhz Tağıyevin vəsaiti ilə oxuduğu indi heç kimə sirr deyil. Nəriman Nərimanov, Xudadat bəy Məlikaslanov, Ağa Axundov, Məşədi Əzizbəyov, Əziz Əliyev, Şövkət Məmmədova və s. kimi onlarla məşhur məhz Hacının yardımı ilə təhsil alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxışlarının birində H.Z.Tağıyevin təhsil sahəsinə qayğısından söhbət açaraq deyib: «Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və həmin pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi-Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu».
Bu fakt özü də Tağıyevin təhsil almaq üçün ona müraciət edənlərin kimliyinə xüsusi əhəmiyyət vermədiyini göstərir. Hacı o vaxt uzaq İrəvandan şəxsən tanımadığı bir gəncin müraciətini də cavabsız qoymur, onun oxumaq arzusuna yardımçı olur.
Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində təhsil üçün Tağıyevə müraciət edən gənclərin xeyli məktub-müraciəti saxlanılır. Nümunə üçün onlardan bəzi sitatları təqdim edirik.
Paris Universitetində təhsil alan Sədrəddin Məqsudi 1903-cü ildə çətinliklə üzləşir və Bakıya – Tağıyevə məktub göndərir: «…əmin olunuz, Hacı əfəndi, millət üçün faidəli bir adam olacağam. Etdiyiniz müavinət meyvəsiz qalmayacaqdır. Siz bəni hazırlayaraq millətimizə hədiyyə etmiş olacaqsınız».
Parisdən məktub yazan tələbə nə istəyir?
«Bu günlərdə əlimdə pək az bir şey qaldı. Halbuki bu on beş gün içində parə pək lazımdır. Çünki məktəbə vermək lazımdır. Məktəb üçün təqribən 200 frank gərəkdir. Bundan başqa, bir az da yaşamaq üçün lazım olacaqdır».
Başqa iki nəfər gənc isə Tiflisdən Hacıya bir məktubla müraciət edir. Yazırlar ki, «…biz iki cavan müsəlman anamızın göz dikəcək yeri və qohum-əqrəbamızın ümid bağlaması səbəbindən xahiş edirik, bu il, Allah qoysa, Tiflisdə olan Mədrəseyi-hərbiyyə ki, rusca ona «yunkerski işkola» deyirlər, o işkolaya girək. Bu səbəblə Vətəndən qıraq düşüb gəlmişik Tiflisə və oradan həm Qori şəhərinə ki, bu aprel ayından ta sentyabr ayına kimi bir əfsərin yanında hazırlaşaq. Pəs bizim ikimizin Qori şəhərində bir xanədə qalıb hazırlaşmağımıza bu beş ay müddətində dörd yüz əlli rubl zəruridir. Amma çifaidə, bizim bədbəxtliyimizdən bizdə o qüdrət və təvanə yoxdur ki, ol məbləği cəm edib verə bilək. Çünki biz bir kasıb və biçiz kəslərik. Pulun dörddən birini də verməyə halımız yoxdur. Əlhal cənabınızdan təvəqqe və ilhamımız budur ki, bizi bu kari-xeyrdə məyus qoymuyub bizə himmət əlinizi açasınız. Ta ki biz iki qərib cavani-məhrum didgiryan[3 - Didgiryan – gözüyaşlı]

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/mus-llim-h-s-nov/haci-zeynalabdin-tagiyev-68289481/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Mihrak – mühərrik

2
Filantrop – yoxsullara kömək edən, xeyriyyəçi, insansevər, humanist (red.)

3
Didgiryan – gözüyaşlı
Hacı Zeynalabdin Tağıyev Müsəllim Həsənov
Hacı Zeynalabdin Tağıyev

Müsəllim Həsənov

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hacı Zeynalabdin Tağıyev, электронная книга автора Müsəllim Həsənov на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв