Spartak

Spartak
Rafaello Covanyoli
Dünya ədəbiyyatından seçmələr
Dünyada tarixi roman janrının incilərindən sayılan bu əsərdə Miladdan öncə I əsrdə Romada qullar üsyanına başçılıq etmiş Spartakın azadlıq uğrunda mübarizəsindən bəhs olunur.

Rafaello Covanyoli
SPARTAK

Birinci fəsil
Sullanın səxavəti
Roma erasının 675-ci ilində[1 - Roma erası – Roma şəhərinin əsasının qoyulduğu tarixdən (eramızdan əvvəl 753-cü il) başlanır. Roma erasının 675-ci ili yeni tarix hesabı ilə bizim eradan 78 il əvvəl deməkdir.], noyabr idinə[2 - İd – Roma təqvimi üzrə ayın ortası: martın, mayın, iyulun, oktyabrın on beşinci, başqa ayların on üçüncü günü.] dörd gün qalmış (noyabrın 10-da) səhər açılan kimi camaat küçələrə axışır, Böyük sirkə tələsirdi. Romalıların üzü gülürdü, göy üzünü bürüyən buludlar yağış yağacağından xəbər versə də, bu onları təşvişə salmırdı.
Roma tarixinin 138-ci ilində tikilmiş sirk təxminən yumurta şəklində idi. Sirkə girən əsas yol tağın altından keçirdi ki, buna Baş qapı deyilirdi. Digər tağların altındasa tövlələr, ya da “kameralar” yerləşirdi. Romalıların ən çox xoşladığı qanlı döyüşlərdə qladiatorlar, vəhşi heyvanlar bu kameralarda olardı. Tamaşaçıların oturması üçün amfiteatr şəklində olan sıraların arasında pilləkənlər vardı. Həmin pilləkənlər başqa pilləkənlərlə bitişirdi. Sıraların sonunda qadınlar üçün tağlı eyvan vardı. Tamaşa göstərmək üçün tikilən bu əzəmətli Roma sirki 675-ci ildə belə idi.
Bu gün axı nə olacaqdı? Bu qədər camaatı sirkə hansı tamaşa cəlb edirdi?
Bütün Romanı qorxu içində saxlayan İtaliya hökmdarı Lutsi Korneli Sulla[3 - Lutsi Korneli Sulla (e.ə. 138-78-ci illər) – aristokratların başçısı olmuşdur. E.ə. 82-ci ildə hakimiyyəti ələ keçirmiş, özünü hökmdar elan etmişdi. E.ə. 83-cü ildə Şərqdə Roma hökmdarlığını bərpa etdikdən sonra Romaya qayıtmış, senatı ona qeyri-məhdud hakimiyyət verməyə vadar etmişdir.] bir neçə həftə bundan əvvəl verdiyi əmrində Roma camaatına üç gün öz hesabına qonaqlıq və əyləncəli tamaşalar təşkil edəcəyini bildirmişdi. Bu qayda ilə Sulla sağ əli ilə qarət etdiyi dövlətinin bir hissəsini sol əli ilə romalılara paylayırdı.
İndi sirkdə yüz mindən çox tamaşaçı vardı. Sıralardakı qara camaatdan bəzisi evdən gətirdiyi yeməyi çıxarıb böyük iştahla yeyirdi. Dövlətlilərin ailələri qara camaatdan ayrı oturmuşdu. Onlar gülə-gülə qızğın söhbət edir, öz ədalarının üstünlüyünü gözə soxurdular.
Üçüncü sırada çox gözəl, füsunkar bir qadın oturmuşdu. Bu qəşəng geyimli gözəlin hələ otuz yaşı yox idi. O, Lutsi Valeri Messalanın qızı idi. Əri onu uşağı olmaması bəhanəsi ilə boşamışdı. Valeriyanın yanında Elvi Medulli oturmuşdu. O, naz-nemət içində böyümüş, ucaboylu bir adam idi. Qadının o biri tərəfində Mark Detsi Tsedisi əyləşmişdi. O, təxminən əlliyaşlı bir zadəgan idi. Hər şeydən çox yemək-içməyi xoşlayırdı. Bir qədər sonra Kvint Hortenzi[4 - Kvint Hortenzi (e.ə. 114-50-ci illər) – məşhur Roma natiqi] də bura gəldi. O, natiqliyi ilə şöhrət qazanmışdı. Kvintin heç otuz altı yaşı olmazdı.
Valeriya və onunla söhbət edən adamlardan bir az kənarda iki uşaq ayaq üstə durmuşdu. Onlardan birinin on dörd, digərinin on iki yaşı vardı. Böyüyünün adı Katon, kiçiyininki isə Tsepion idi. Tsepion qardaşına nisbətən dilli-dilavər, Katonsa, əksinə, qaradinməz idi.
Yuxarıda, çıxış yollarından birinə yaxın olan yerdə daha bir uşaq oturmuşdu. O, on yeddi yaşlı bir oğlanla söhbət edirdi. Qısaboylu, solğun bənizli oğlanın adı Tit Lukretsi Kar[5 - Tit Lukretsi Kar – böyük Roma şairi və alimi] idi. Gələcəyin bu böyük şairi on iki yaşı olan Kassi ilə şirin-şirin söhbət edirdi. Onlardan bir az aralıda Sullanın oğlu Favst oturmuşdu. O, sısqa, arıq, kürən bir uşaq idi.
Hələ təlim almamış cavan qladiatorlar meydanda taxta qılıncla vuruşurdular. Konsullar[6 - Konsul – Romada respublikanı idarə etmək üçün hər il iki konsul seçilərdi. Ali mülki hakimiyyət onların əlində olardı, müharibə zamanı orduya komandanlıq edərdilər.] və Sulla gələnəcən tamaşaçıları bununla əyləndirirdilər. Birdən gurultulu alqışlar nəhəng amfiteatrı bürüdü.
– Yaşasın Böyük Pompey![7 - Böyük Pompey (e.ə. 106-48-ci illər) – Roma sərkərdəsi və dövlət xadimi]
Pompey sirkə girib kahin qızlarının yanında özünə yer tutdu. O, alqışların müqabilində xalqa nəzakətlə baş əyərək minnətdarlığını bildirdi.
Qney Pompeyin iyirmi səkkiz yaşı olardı. O, ucaboylu, möhkəm bədənli bir adamdı. Üzündən ciddiyyət və sərtlik yağan Pompey Roma xalqının sevimli sərkərdəsi idi.
Pompeydən sonra konsullar gəldilər. Konsullar gələn kimi cavan qladiatorların döyüşü dayandırıldı. Hamı vuruşmanın başlanması üçün konsulların verəcəyi işarəni gözləyirdi. Konsullar isə amfiteatrın sıralarına göz gəzdirir, sanki icazə almaq üçün kimisə axtarırdılar. Onlar Lutsi Korneli Sullanı gözləyirdilər.
Nəhayət, alqış səsi eşidildi. Sulla senatorların, dostlarının və tərəfdarlarının müşayiəti ilə Zəfər qapısından sirkə girdi. Bu qəribə adamın o vaxt əlli doqquz yaşı vardı. Sullanın sifəti dəhşətli olsa da, üzünün xətləri düzgün və ahəngdar idi. O, yavaş-yavaş irəliləyərək sirkə girdi. Alqış gurultularını eşidib acı-acı gülümsədi və astadan dedi:
– Əl çalın, əl çalın, sarsaq qoyunlar!
Bu zaman konsullar tamaşanın başlaması üçün işarə verdilər. Kameralardan yüz nəfər qladiator çıxıb sıra ilə meydanda irəliləməyə başladı. Onlar sirk meydanında dolanır, tamaşaçılar da əl çala-çala onları alqışlayırdılar. Gəlib Sullanın oturduğu yerə çatanda başlarını qaldırıb bir ağızdan çığırdılar:
– Salam sənə, hökmdar!
Sulla ətrafındakı adamlara sarı dönərək dedi:
– Belə baxanda yaxşıdılar! İgid, qüvvətli cavanlardır! Biz gözəl bir tamaşanın şahidi olacağıq.
Qladiatorlar sirk meydanını dolanıb konsulları salamladılar, sonra da kameralara qayıtdılar. Meydanda ancaq iki adam qaldı: bir mirmillon[8 - Mirmillon – dəbilqəsinin ucunda balıq şəkli olan silahlı qladiator], bir də retiari[9 - Retiari – üçdişli yaraqla və torla silahlanmış qladiator].
Sirkə səssizlik çökdü. Hamının nəzəri vuruşmağa hazır olan bu iki qladiatora dikildi. Retiari birdən sıçrayaraq mirmillonun bir neçə addımlığında yerə düşdü, əlindəki toru ildırım sürətiylə düşmənin başına atdı. Mirmillon geri atılaraq özünü yerə sərib tordan canını qurtardı, sonra da retiarinin üstünə cumdu. Retiari yanıl- dığını başa düşərək qaçmağa başladı. Mirmillon onun ardınca yüyürdü. Lakin retiari bacarıqlı adamdı. O, meydanı dolaşaraq tor düşən yerə gəldi. Mirmillon ona çatanda toru düşməninin başına atdı. Mirmillon iməkləyərək torun altından çıxdı, cəld sıçrayışla ayağa qalxdı. Retiari irəliləyərək üçdişli yaraqla onun ancaq qalxa- nını cıza bildi. Bu zaman retiari yenə qaçmağa başladı.
Bu dəfə mirmillon onun ardınca yüyürmədi, düşməninin gələ biləcəyi tərəfə döndü, gedib tordan bir neçə addım kənarda durdu. Retiari onun hiyləsini duyaraq geri yüyürdü, silsilənin üstündən atıldı. Tərslikdən mirmillon onu burda gözləyirdi. O, retiariyə hücum edib onu qılınclamağa başladı. Retiarinin rəngi qaçmışdı. O, bütün gücünü toplayaraq əlindəki üçdişli yarağı mirmillonun ətrafında hərləyir, torunu yerdən götürməyə çalışırdı. Ancaq bunu məharətlə və cəld edə bilmədi, mirmillon qılıncı ilə onun sol çiynini yaraladı, qan yaradan fəvvarə kimi axmağa başladı. Retiari yaralansa da, toru götürüb qaçdı. Təxminən otuz addım qaçdıqdan sonra düşməninə sarı dönüb ucadan çığıra-çığıra dedi:
– Yara yüngüldür! Zərərsizdir!..
Sonra əlavə etdi:
– Gəl, gəl… Bu gün axşam mən mərhəmətli Xarona qızardılmış balıq göndərəcəyəm!
Retiarinin bu zarafatı mirmillonun yenidən hücum etməsinə səbəb oldu. Bu dəfə retiari torunu çox məharətlə ata bildi: düşmən tora düşdü. Mirmillon çıxmağa çalışsa da, daha artıq dolaşırdı. Tamaşaçılar qəhqəhə ilə gülürdülər. Retiari üçdişli yarağı ilə düşməninin üzərinə hücum çəkdi. Lakin mirmillon var gücünü toplayaraq güclü əlləri ilə toru yırtdı. İndi onun əlləri azad olduğundan retiarinin hücumuna qarşı dura bilərdi, ancaq tor onun ayaqlarını hərəkət etməyə qoymurdu.
Mirmillon toru yırtanda retiari yüyürüb əlindəki üçdişli yaraqla ona ağır zərbə endirdi. Mirmillon zərbəni elə qüvvətlə dəf etdi ki, əlindəki qalxan qırıq-qırıq oldu. Lakin üçdişli yaraq mirmillonu yaraladı, onun qolundan qan fəvvarə vurdu. Elə bu anda mirmillon sol əli ilə üçdişli yarağı tutdu, bütün gövdəsiylə düşmənin üstünə atılaraq qılıncı yarıyadək onun sağ buduna soxdu. Retiari silahını düşmən əlində qoyub qanı meydana tökülə-tökülə qaçdı. Lakin qırx addım getməmiş arxası üstə yerə yıxıldı. Mirmillon ayaqlarını tordan çıxardı və yıxılan düşmənin üstünə cumdu.
Ayağını onun üstünə qoyub qılıncını sinəsinə dayadı, tamaşaçıların rəyini bilmək üçün başını qaldırıb amfiteatrı nəzərdən keçirdi.
Doxsan mindən artıq kişi, qadın, uşaq sağ əlinin baş barmağını aşağı endirdi. Bu, ölüm işarəsi idi. Birdən retiari düşməninin qılıncından tutub onu zərblə dəstəyinə kimi öz ürəyinə soxdu. Mirmillon qılıncı tez onun ürəyindən dartıb çıxardı. Retiari insan səsinə oxşamayan bir səslə çığırdı:
– Lənət sizə!
O, cansız halda arxası üstə yerə düşdü.

İkinci fəsil
Spartak meydanda
Tamaşaçılar şiddətlə əl çalırdılar. Mirmillon kameraya qayıtdı. Sirkin xidmətçiləri meyiti sürüyə-sürüyə Ölüm qapısından çıxartdılar. Camaat əl çala-çala deyirdi:
– Yaşasın Sulla!
Əvvəllər diktator olmuş Sulla yerindən qışqırdı:
– Mən hakimiyyətdən əl çəkdim, amma siz yenə də mənə öz ağanız kimi baxırsınız! Alçaqlar, siz ancaq qul kimi yaşaya bilərsiniz!
Bir az kənarda oturan və Sullanın məiyyətindən olan bir patrisi[10 - Patrisilər – Qədim Romada hakim sinif] ona etiraz etdi:
– Sulla, hamı qul olmaq üçün doğulmayıb!
Bu cəsarətli adam Lutsi Sergi Katilina[11 - Lutsi Sergi Katilina (e.ə. 108-62-ci illər) – konsullar və senat əleyhinə sui-qəsd (e.ə. 66-62-ci illər) düzəltmişdir . Katilina xalq kütlələri vasitəsilə hakimiyyəti ələ almaq istəmiş, varlıların torpağını camaata paylayacağını vəd etmişdi. E.ə. 63-cü ildə Siseron sui-qəsdin üstünü açmış, Katilina öldürülmüşdür.] idi. Onun iyirmi yeddi yaşı vardı.
Katilinanın bu cəsarətli sözünü eşidən Sulla başını sakitcə ona sarı çevirib dedi:
– Necə bilirsən, Romada sənin kimi mərd neçə vətəndaş var?
Katilina ona cavab verdi:
– Ey şanlı Sulla, ancaq onu deyə bilərəm ki, təbiətim etibarilə azadlığı xoşlayıram. Özü də zülmə, istibdada nifrət edirəm. Bircə şeyə inanmaq istərdim: Romada çox vətəndaş bir adamın zülmü altına düşməmək üçün hər əzaba dözməyə hazırdır.
Sullanın üzündə istehzalı bir təbəssüm göründü, o, sakitcə soruşdu:
– Bəs onda niyə məni camaatın qarşısında məhkəməyə cəlb etmirsiniz?
– Ona görə ki, on il Romanı matəmə bürüyən müsibəti yenidən görmək istəmədik… Məqsədim səni təqsirləndirmək deyil. Sən bir çox şanlı qəhrəmanlıqlar da göstərmisən. Görəsən, elə bir adam tapılacaq ki, yenə ali hakimiyyəti zəbt etmək istəsin?
Sulla amfiteatrda oturanları göstərib rişxəndlə gülümsədi:
– Bəli… bu qulları görürsənmi? Onlar istədiyin qədərdir… hökmdarlar da tapılar.
Bu zaman Sullanı diqqətlə izləyən Valeriya arxadan yaxınlaşıb onun yun geyimindən bir sap çəkdi. Sulla təəccüblə geri döndü və ona toxunan qadına baxdı. Valeriya füsunkar bir təbəssümlə dedi:
– Hökmdar, acığın tutmasın! Sapı ona görə çəkdim ki, xoşbəxtliyindən mənə də qismət olsun.
Sulla yenə meydana sarı dönərək Dolabelladan soruşdu:
– Bu kimdir?
Dolabella cavab verdi:
– Messalanın qızı Valeriyadır.
– Kvint Hortenzinin bacısı?
– Hə.
Hortenzi qalxıb Mark Krassa[12 - Mark Krass (e.ə. 114-53-cü illər) – Spartak üsyanını yatırmağa göndərilən Roma qoşununun başçısı idi. E.ə. 60-cı ilin sonunda Sezar, Pompey və Krass triumvirat düzəltmişlər. Parfiyalılarla müharibədə həlak olmuşdur.] yaxın bir yerdə oturdu. Krass çox dövlətli bir patrisi idi. O, gözəl bir qızın yaxınlığında oturmuşdu. Qızın adı Evtibida idi. Bu yunan qızının yaşı iyirmi dörddən çox olmazdı. Mark Krass məftun-məftun ona baxırdı. Hortenzi onu dalğınlıqdan çıxartdı:
– Xoş gördük, Mark Krass! Deyəsən, ulduzları seyrə dalmısan?
– Yaxşı tapmısan. O bizdən iki sıra yuxarıda oturan yunan gözəlini.
– Evtibidanı? O, həqiqətən də, yunan qızıdır… Kurtizan[13 - Kurtizan qadın – həyat tərzi etibarilə kübar cəmiyyətə mənsub yüngül əxlaqlı qadın] qadındır…
– Kurtizan qadın? Amma üzdən elə bil xalis ilahədir! O, harada yaşayır?
– Müqəddəs küçədə…
Birdən şeypur səsləri eşidildi. Bu, sıra ilə qarşı-qarşıya durmuş otuz frakiyalı[14 - Frakiyalılar – Frakiyada yaşayan xalq. E.ə. I əsrdə romalılar tərəfindən istila edilmişdi.] ilə otuz samnitin[15 - Samnitlər – qədim İtaliyanın dağlıq mahalı Samniyada yaşayan xalq. Romalılarla uzun müddət davam edən müharibədən sonra samnitlər tamamilə onların hakimiyyəti altına düşmüşlər.] döyüşə başlamasına işarə idi. Danışıqlar, gülüşlər, səs-küy kəsildi, hamının gözü vuruşan qladiatorlara dikildi. İlk toqquşma çox dəhşətli oldu. Vuruşma başlanandan heç beş dəqiqə keçməmiş meydanda qan axmağa başladı. Qladiatorların sıraları seyrəldikcə alqış səsləri daha da gurlaşırdı. Bir saat belə keçdi, vuruşmanın sonu yaxınlaşırdı. Əlli qladiator meydanda yıxılıb qalmışdı. Frakiyalılar dal-dala verib üçbucaq əmələ gətirmişdilər. Onlar qüvvəcə üstün olan samnitlərə qəzəblə müqavimət göstərirdilər.
Sağ qalan frakiyalılar arasında Spartak da vardı. Pəhləvan vücudu, möhkəm əzələləri ona xüsusi yaraşıq verirdi. Spartakın otuz yaşı tamam olmuşdu. O, Frakiyada, Rodopi dağlarında anadan olmuşdu. Vətənini tutmaq istəyən romalılarla vuruşarkən əsir düşmüşdü. İgidliyinə görə Roma legionuna daxil edilmişdi. Lakin romalılar ikinci dəfə frakiyalılarla müharibə edəndə Spartak legiondan qaçıb özününkülərə qoşulmuşdu. Yaralanaraq ikinci dəfə əsir düşmüşdü. Qanuna görə, ordudan qaçanlara ölüm cəzası verilərmiş. Lakin Spartakın ölüm cəzası qladiatorluqla əvəz edilmişdi. Bu hadisədən iki il keçirdi. Onu lanistalardan[16 - Lanista – qladiatorların müəllimi, həm də qladiatorlar məktəbinin sahibi, onları alıb-satan adam] birinə satmışdılar, o da sonralar Spartakı Aksiana satmışdı. Sonuncusu baha aldığı qulunu bu gün ilk dəfə olaraq sirk meydanına buraxmışdı. Sulla bugünkü döyüş üçün Aksiana iki yüz iyirmi min sestertsi[17 - Sestertsi – Qədim Romada işlənən gümüş pul] vermişdi. Spartak öldürülsəydi, Sullanın səxavət göstərərək verdiyi pul Aksiana dəyən ziyanı ödəyə bilərdi. Amma o, yenə də Spartakın hər bir hərəkətini, endirdiyi hər bir zərbəni gərgin halda izləyirdi.
Samnitlər üçün mərc gəlmiş minlərlə tamaşaçı çığırırdı:
– Cürətli olun!
Bu çığırtılara cavab olaraq frakiyalıların tərəfini saxlayanlar daha bərk qışqırırdılar.
Vuruşmanın başlanmasından bir saatdan çox keçmişdi. Spartak ustalıqla döyüşdüyündən yalnız üç yerdən yüngülcə yaralanmışdı. Amma o nə qədər qoçaq olsa da, sonuncu yoldaşının öldüyünü görüb özünün də axırının çatdığını hiss elədi. Birdən ağlına bir fikir gəldi. Geri qaçmağa başladı. Heç əlli addım qaçmamış gözlənilmədən geri çevrildi, ən qabaqda gələn samnitin üstünə cumdu, əyri qılıncını onun döşünə soxdu. Sonra ikinci samnitin üstünə cumdu, onu da qılıncı ilə yerə sərdi. Üçüncüsü özünü yetirdi. Spartak bu dəfə qılıncını işə salmadı, görünür, onu öldürmək istəmirdi. Yalnız qalxanı onun başına vurdu. Samnit zərbədən gicəllənərək yerə yıxıldı. Bu zaman dördüncü samnit yoldaşının köməyinə gəldi. Spartak samnitin üstünə cumdu, bir neçə zərbə ilə qılıncını əlindən saldı. Sonra qüvvətli qolları ilə onu qamarlayıb yerə yıxdı, qulağına pıçıldadı:
– Kriks, qorxma, bəlkə, səni ölümdən qurtara bildim.
Spartak bir ayağını Kriksin, o biri ayağını qalxanla vurub yıxdığı samnitin sinəsinə qoydu; o bu vəziyyətdə xalqın qərarını gözlədi.


Tamaşaçıların, bəlkə də, hamısı baş barmağını açaraq yumruqlarını yuxarı qaldırdı: hər iki samnitə həyat bəxş edildi.
Yüzlərcə adam çığırırdı:
– İgid Spartaka azadlıq verilsin!
Katilina Sullanın qulağına pıçıldadı:
– O, azad olmağa layiqdir!
Sulla sualedici nəzərlərini Valeriyaya dikdi. Qadının şəfqətlə baxan gözləri sanki yalvarırdı.
– Yaxşı, qoy azad olsun!
Sulla başını əydi,– bu, razılıq işarəsi idi. Spartak azad oldu. Tamaşaçılar bunu gurultulu alqışlarla qarşıladılar.
Kimsə Spartakın başının üstündən pıçıldadı:
– Ay yaramaz, igidliyin məni müflis elədi.
Aksianın bu sözü sanki Spartakı yuxudan ayıltdı. O, əvvəl Sullaya, sonra da camaata baş əydi, gurultulu alqışlarla meydandan çıxdı.
Sullanı tamaşalar lap darıxdırmışdı. O, ayağa qalxıb Valeriya oturan yerə getdi və gözlənilmədən soruşdu:
– Valeriya, sən sərbəstsən?
– Bir neçə ay əvvəl ərim məni boşayıb.
– Bilirəm, – Sulla dedi, – məni sevə bilərsənmi?
– Bütün qəlbimlə.
– Valeriya, mən də səni sevirəm. Bir aydan sonra arvadım olacaqsan.
Sulla bunu deyib öz dostları ilə sirki tərk etdi.

Üçüncü fəsil
Libitina Venerası yeməkxanası
Eskvilinin ən ucqar küçələrinin birində, qədim şəhər divarının yanında bir yeməkxana vardı. Yeməkxanaya Libitina Venerasının adı verilmişdi. 675-ci ilin noyabrında burda əvvəlkilərdən daha çox adam vardı. Taygöz Lutasiya kömür kimi həbəş kənizi ilə birlikdə müştərilərin tələbini ödəməyə çalışırdı. Taygöz Lutasiya qırx beş yaşlı, dolğunsifətli bir qadındı. O, aşağı-yuxarı gedib-gəlir, masalara kolbasa verirdi. Sükutu hamıdan əvvəl qoca qladiator pozdu, o, ucadan dilləndi:
– İyirmi iki il amfiteatr və sirkdə vuruşdum, amma Basılmaz Spartak kimisinə rast gəlmədim.
Axsaq, qoca bir legioner dedi:
– Ordudan qaçmış olsa da, ona azadlıq verildi. Görünür, Sullanın kefi kök imiş.
O biri qoca qladiator dedi:
– Yəqin ki, lanista Aksianın yaman acığı tutub!
– Eybi yoxdur, öz malı üçün bolluca pul alıb!
Pəhləvan ucadan dilləndi:
– O pullar mənim olsaydı, ürəyimdən keçəni edərdim.
– Pulu dağıtmağa nə var ki, amma pul yığmaq hər adamın işi deyil! – qoca dilini dinc qoymadı.
– Siz məni inandıra bilməzsiniz ki, Sulla öz var-dövlətini zəhmət çəkərək yığıb.
Lutasiya skamyada oturmuşdu və qızartmaq üçün tavaya dovşan əti qoyurdu:
– Romanın ən böyük vətəndaşı olan Sullanı yeməkxanamda pisləməyin! – o çığırdı.
Qoca legioner ucadan dedi:
– Bir sözə bax! Sən demə, bu taygöz də Sullanın tərəfdarı imiş!
Bundan sonra mübahisə qapıda hündürboylu, iribədənli bir adam görünəndə səngidi.
Yeməkxananın ayrı-ayrı yerlərindən eşidildi:
– Trebonidir!
– Salam, Treboni!
Treboni lanista idi. Bir neçə il əvvəl qladiatorlar məktəbini bağlamışdı. O bu mənfəətli işdən yığdığı pulla dolanırdı. Treboni qladiatorların dostu və arxası hesab edilirdi. Bu gün tamaşa qurtarandan sonra qapı ağzında durub Spartakı gözləmişdi. Qladiator çıxanda onu qucaqlayıb təbrik etmişdi. Sonra onu Libitina Venerası yeməkxanasına dəvət eləmişdi. Bura Spartakdan savayı, on nəfər başqa qladiator da gəlmişdi.
Lutasiya Spartakla Trebonini qarşılayıb yanakı otağa ötürdü:
– Bura gəlin, şanlı qladiatorlar, burda sizin üçün axşam yeməyi hazırlanıb. Belə qızartma heç Mark Krassın da süfrəsində verilmir.
Axşam yeməyi yaxşı keçdi. Qladiatorların kefi açıldı. Hamı Spartakı tərifləyirdi, lakin o, nədənsə, qəmli idi.
Treboni dedi:
– Səni başa düşə bilmirəm! Sənə nə olub? Niyə içmirsən?
Başqa bir qladiator ucadan dedi:
– Elə bil ananın matəmini tutursan!
Bu söz sanki Spartakı sarsıtdı, o, dərindən ah çəkib:
– Bəli, anamın matəmini tuturam! – dedi.
Sarışın cavan qladiator dərdli-dərdli dedi:
– Spartak, sən xoşbəxtsən ki, sağlığında azadlığa çıxdın! Azadlıq bizə ancaq öləndə nəsib olacaq.
“Azadlıq” sözünü eşidəndə Spartakın eyni açıldı. O, camını yuxarı qaldırıb ucadan dedi:
– Yaşasın azadlıq!
O bu sözləri söyləyəndə qapıda görünən bir adam uca səslə dilləndi:
– Məğlubiyyət bilməyən Spartak, sən azad olmağa layiqsən!
Hamı başını səs gələn tərəfə çevirdi. Qapı ağzında Katilina dayanmışdı.
Treboni cəld Katilinanın qabağına keçib ona hörmətlə baş əydi.
Katilina:
– Treboni, mən səni axtarırdım, – dedi, sonra Spartaka sarı dönüb əlavə elədi: – Səni də!
Katilina öz zalımlığı və adam öldürməsi ilə ad çıxarmışdı. Hətta qorxu bilməyən Spartak da bu dəhşətli patrisinin səsini eşidəndə qeyri-ixtiyari diksindi:
– Məni?
Katilina sakitcə:
– Bəli, səni. Sənə azadlıq verdilər. Buna layiqsən. Amma pulun yoxdur ki, iş tapanacan özünü dolandırasan. Mən Qney Korneli Dolabella ilə sənin üstündə mərc gəlmişdim. İndi udduğum on mindən çox sestertsinin bir hissəsini sənə vermək istəyirəm.
Spartak Katilinaya etibar etməsə də, onun mərhəmətindən mütəəssir olmuşdu. O dilləndi:
– Ey şanlı Katilina, bu nəcib niyyətinə görə sənə təşəkkür edirəm. Lakin bu hədiyyəni qəbul edə bilmərəm. Əvvəlki sahibimin məktəbində döyüş təlimi keçəcəm. Əminəm ki, öz zəhmətimlə yaşaya bilərəm.
Katilina Spartaka sarı əyilib pıçıldadı:
– Mən də iyrənc Roma cəmiyyətinin quluyam, mən də azadlığın həsrətindəyəm… Bəli, mən işdən xəbərdaram… mən də sizinləyəm…
Sonra yerindən qalxdı, uca səslə dedi:
– Bu pul kisəsini rədd etmə. O heç də hədiyyə deyil, bu pulu öz zəhmətinlə qazanmısan.
Spartak mat qalmışdı: patrisi bəzi gizli işarə və sözlərə haradan bələd olmuşdu, – bunu anlaya bilmirdi. Spartak Katilinanın əlini sıxdı, pul kisəsini götürüb dedi:
– Nəcib Katilina, sənin bu hərəkətin məni çox həyəcanlandırdı.
Katilina bundan sonra Treboni ilə söhbətə qoşuldu. Burda söhbət gedərkən o biri otaqda əyyaşlar yaman səs-küy qoparmışdılar. Birdən Katilina süfrə yoldaşları ilə bərabər o biri otaqda hamının:
– Rodopeya! Rodopeya! – deyə bağırdığını eşitdi.
Rodopeya iyirmi iki yaşında gözəl bir cavandı. Əynindəki mavi geyimi bu qızın romalı olmadığından xəbər verirdi. O, istəmədiyi halda pozğun həyat tərzi keçirirdi. Amma yeməkxananın sırtıq müştəriləri ona hörmət edirdilər. Rodopeya Lutasiyanın masası qabağında dayandı. Ona bir cam alban şərabı verdilər. Birdən otağın küncündə yenə səs-küy başladı.
Ona qədər adam bir ağızdan çığırdı:
– Rədd olsun patrisilər! Rədd olsun Katilina!
Katilina bu hay-küyü eşidən kimi cəld yerindən qalxdı. Ordakı adamları qəzəblə süzüb ucadan çığırdı:
– Murdar həşəratlar, məndən nə istəyirsiniz?
Onun dəhşətli səsi bir anlıq hamını qorxutdu, lakin az sonra kimsə dedi:
– Biz istəyirik ki, sən burdan itilib gedəsən!
Katilina ucadan:
– Hamınız bura gəlin! – deyib qollarını açdı.
Çaxnaşma düşdü. Hər tərəfdən lənətlər, söyüşlər yağdırıldı. O biri otaqdan Treboninin, Spartakın səsi gəldi. Onlar davaya özlərinin müdaxilə etmələri üçün Katilinanın qapıdan geri çəkilməsini xahiş edirdilər. O, geri çəkilən kimi Treboni və Spartak öz yoldaşları ilə böyük otağa girdilər. Bayaqdan Katilinanın zərbələrinə məruz qalan sərxoşlar qladiatorları görüb küçəyə qaçdılar.
Bu vaxt Rodopeya qorxa-qorxa Katilinaya və onun dostlarına baxırdı. Birdən onun rəngi kətan kimi ağardı, qışqıraraq Spartaka sarı yürüdü:
– Spartak, bu sənsən?!
Spartak böyük həyəcanla qıza baxıb qışqırdı:
– Necə?.. Sənsən? Mirtsa?.. Mənim bacım!
Qardaşla bacı bir-birini qucaqlayıb bağrına basdı. İlk mehribanlıq həyəcanından sonra Spartak birdən bacısını özündən kənara çəkdi. O, həyəcanla dilləndi:
– Sən?.. – O, qızı nifrətlə itələdi: – Sən ki…
Mirtsa ağlayaraq çığırdı:
– Mən qulam!.. Ağam əclaf adamdır!.. O, közərmiş dəmirlə mənə işgəncə verirdi… Başa düş, Spartak!..
– Bədbəxt bacım! Gəl, yaxına gəl! – bacısını özünə sarı çəkib onu bərk-bərk öpdü.
Bir azdan başını qaldırdı: onun gözləri yaşla dolmuşdu. Spartak qəzəblə çığırdı:
– Yer üzündə azad insanlar və qullar törədən ilk adama lənətlər olsun!

Dördüncü fəsil
Spartak azad olduqdan sonra nə etdi
Bu hadisələrdən iki ay keçmişdi.
Roma küçələrində şiddətli şimal küləyi əsirdi. Palçıqlı yollara xırda qar yağırdı. Yuxarı qalereyada duran bikar adamlar aşağıda vurnuxan adamları müşahidə edirdilər. Spartak da onların arasında idi. Ondan bir az kənarda üç vətəndaş qızğın söhbət edirdi. Spartak qəmgin fikirlərə daldığından onların söhbətini eşitmirdi. Öz bacısını biabırçı vəziyyətdə tapdığı gündən yeganə dərdi Mirtsanı onu alçaldan adamın əlindən xilas etmək idi. Katilina səxavətli olduğundan o gün Dolabelladan udduğu pulun yerdə qalan hissəsini – səkkiz min sestertsini də Spartaka verdi. Spartak elə o saat bacısını köləlikdən qurtarmaq üçün onu qul kimi saxlayan adamın yanına getdi.
Mirtsanın ağası qızın qiymətini əlli min sestertsiyə qaldırdı. Spartak özündən çıxıb əclafın boğazından yapışdı. Sonra özünə gəldi və bənizi ağarmış ağanı yenidən dilə tutmağa başladı. Onlar razılığa gəldilər: “Spartak bu saat ona iki min sestertsi verir. Bu şərtlə ki, o öz evində Mirtsaya başqa bir otaq ayırsın, Spartaka da onunla bir yerdə yaşamağa icazə versin. Spartak bir aydan sonra pulun hamısını verməsə, onda Mirtsa yenidən onun qulu olsun”.
Spartak sonra Treboninin yanına gedib əhvalatı ona danışdı. Treboni onu sakitləşdirməyə çalışdı, kömək edəcəyinə söz verdi. Spartak da Treboninin vədindən bir qədər arxayın halda Katilinanın evinə getdi. Ona təşəkkür edərək səkkiz min sestertsini qaytardı.
Spartak azad edilən gündən Aksian onun zəhləsini aparırdı. Onu yenidən qladiator olmağa çağırır, əvəzində çoxlu pul vəd edirdi. Spartak əvvəlki ağasının təklifini rədd elədi.
Treboni Spartakın xətrini çox istədiyindən Mirtsanın taleyi ilə məşğul olmağa başladı. O, Valeriyaya Mirtsanı almağı məsləhət gördü. Valeriya qızı qırx beş min sestertsiyə aldı. Başqa kənizlər kimi onu da Sullanın evinə apardı. Valeriya keçən ilin on beş dekabrında Sullaya ərə getmişdi.
Spartak Mirtsa barədə daha narahat olmurdu. İndi o, ciddi və gizli bir işlə məşğul idi. Keçmiş qladiator Katilina ilə görüşür, hər gün uzun-uzadı söhbətlər aparırdı.
O, nəyin arzusunda idi? Bunu oxucular tezliklə biləcək.
Bəli, Spartak Emili bazilikasının yuxarı qalereyasında durub dərin fikrə dalmışdı. Elə bu vaxt ona ortaboylu bir adam yaxınlaşdı. Əlini yavaşca frakiyalının çiyninə vurdu:
– Elə fikrə getmisən ki, ətrafında heç kəsi görmürsən.
Spartak ucadan dedi:
– Kriks! Səni görmədim! Nə oldu, tez bir danış?!
– Artorikslə görüşdüm.
– O, Kapuyaya getmişdi?
– Bəli.
– Heç bir adamla görüşüb?
– Enomay deyilən bir germanla görüşüb.
– Sonra?
– Enomayın qəlbi ümidlə doludu, o da biz istəyəni arzu edir. Buna görə də bizim planımızı qəbul elədi.
Qladiatorlar bir qədər susdular. Sonra Kriks Spartakdan soruşdu:
– Bəs Katilina?
– O bizə qoşulmayacaq.
– Deməli, onun yaxşı adam olması barədə deyilənlər yalandır?
– Yox, o, pis adam deyil, lakin deyəsən, o, vəhşi qanunları deyil, indiki hakimiyyəti dəyişmək istəyir. Bu axşam onun yanına gedəcəm. Ümumi hərəkət planı ilə bağlı razılığa gəlməyə çalışacam.
– Sirrimiz Katilinaya və dostlarına məlumdur?
– Onlardan bizə təhlükə gəlməz. Razılığa gəlməsək belə, bizi ələ verməzlər.
Kriks pıçıltı ilə dedi:
– Ah, Spartak, əgər özünü həsr etdiyin bu çətin işi sona çatdırsan, onda sirkdə xilas elədiyin həyatımdan daha artıq sənə minnətdar olacam.
Spartakla Kriks küçə ilə addımlamağa başladılar. Onlar birdən qəşəng geyimli bir cavan qadın gördülər. Kriks onu görüb mat qaldı, tanımadığı bu qadına baxıb dedi:
– Bax buna gözəl deyərəm!
Spartak da başını qaldırıb qıza baxdı. Qız Kriksin tərifini qulaqardına vurub yunanca dedi:
– Spartak, allahlar səni pənahında saxlasın!
Spartak bu sözdən karıxdı:
– Təşəkkür edirəm, ay qız!
Qız Spartaka yaxınlaşaraq pıçıldadı:
– İşıq və azadlıq, şanlı Spartak!
Frakiyalı bu sözü eşidib diksindi:
– Gözəl qız, bu nə zarafatdır…
– Bu, zarafat deyil, özünü bilməzliyə qoyma. Mən kurtizan Evtibidayam, mən də məzlumlardanam.
Qladiator diksinib pıçıldadı:
– Gizli parolumuzu bilir!..
Spartak bir az susub qızın üzünə baxdı:
– Allahlar səni hifz eləsin, – dedi.
– Mən Müqəddəs küçədə qalıram. Gəl bizə. Başladığın işə mənim də xeyrim dəyə bilər.
Spartak:
– Gələrəm, – dedi.
Kurtizan qız latınca dedi:
– Salamat qal!


Spartak da:
– Salamat qal, – deyə cavab verdi.
Kriks yerində donub-qalmışdı. Spartak onun çiynindən tutdu:
– Biz burdan gedəcəyik, ya yox?
Qall özünə gəlib frakiyalının yanınca yeriməyə başladı. Bu an Valeriyanın qullarından biri özünü onlara yetirib soruşdu:
– Spartak hansınızsız?
Frakiyalı cavab verdi:
– Mənəm.
– Bacın Mirtsa gecə səni Valeriyanın evində gözləyəcək. Səninlə təcili bir iş barəsində danışmaq istəyir.
– Deyilən vaxtda onun yanında olacam.
Qul qayıdıb getdi. İki dost yoluna davam elədi.

Beşinci fəsil
Katilinanın yemək otağı və Valeriya ilə görüş
Katilinanın evi təpənin döşündə idi. Yemək otağının dəbdəbəsi bütün Romada məşhur idi. Axşam idi, Lutsi Sergi Katilina qonaqlıq düzəltmişdi, öz dostları ilə yeyib- içirdi.
Katilina və qonaqları taxtlarda balışlara dirsəklənib uzanmışdılar. Yemək otağı adamlarla dolu idi. Onlar Romanın çox da xeyirxah vətəndaşları deyildi, heç də münasib işlər və hərəkətlər üçün bura yığışmamışdılar.
Mavi geyimli qullar qonaqlara quluq edirdilər. Onlar şərəfli taxtın qarşısında durmuşdular və ilk işarə ilə qonaqların hər arzusunu dərhal yerinə yetirməyə hazır idilər.
İçməkdən sərxoş olmuş qonaqlarsa yoxsulluqdan və hakimiyyətdən şikayətlənirdilər.
Bir azdan zala bir qul girib ev sahibinə yaxınlaşdı və onun qulağına astadan bir neçə söz söylədi.
Katilina sevincək dilləndi:
– Axır ki, gəlib çıxdı. Gətir onu bura, qoy yoldaşı da onunla gəlsin.
Sonra əlavə elədi:
– Onlara lazımınca qulluq edin. Ayaqlarını yuyun, bədənlərinə ətir sürtün, əyinlərinə qonaqlıq paltarı geyindirin, başlarına çələng qoyun.
Çox keçmədi ki, xidmətçilər onları gətirdilər. Təzə qonaqların əynində ağ qonaqlıq paltarları, başlarında da qızılgül çələngi vardı.
Onlar Spartakla Kriks idi. Katilina yerindən qalxıb qonaqları qarşıladı. Spartakın əlindən tutub uzandığı taxta tərəf gətirdi, Kriksi şərəfli taxtın qabağında qoyulan skamyada oturtdu, özü də onun yanında əyləşdi.
Katilina təzə gələn qonaqları da şəraba qonaq edib sözünə başladı:
– Bəli, şanlı cavanlar, mən sizi bura bir məsələni müzakirə etmək üçün çağırmışam. İşimizin xeyri üçün Spartakla, onun qladiatorları ilə birləşməyimiz necə olardı? Ali hakimiyyət qorxunc zadəganların əlindədir. Onlara qarşı çıxmaq istəsək, gərək haqqını qorumağı bacaran adamlarla birləşək. Qulların ağalara qarşı müharibəsi bizim də müharibəmiz olmalıdır.
Qonaqlar narazı halda deyindilər. Katilinanın nitqi çoxunun xoşuna gəlməmişdi. Spartak həyəcan içində Katilinaya qulaq asırdı, həm də cavan patrisiləri diqqətlə müşahidə edirdi. Onun rəngi qaçsa da, sakit ifadə ilə dedi:
– Siz azad adamlarsız, amma bununla belə, sizi dövlət işlərini idarə etməkdən kənarda saxlayırlar. Buna görə də sizin üçün bircə şey mühümdür: indiki hökmdarların yerini tutmaq! Amma biz bədbəxt qladiatorları tamamilə başqa şeylər narahat edir. Hamı bizə “rəzil adam” deyə həqarətlə baxır. Məğrur romalıları əyləndirmək üçün bizi bir-birimizlə vuruşmağa, bir-birimizi öldürməyə məcbur edirlər! Buna görə də üsyan etməkdə məqsədimiz ancaq indiki hökmdarların əleyhinə deyil, onların yerinə gələn hökmdarların da əleyhinə mübarizə aparmaqdır.
Qaldırılan məsələnin müzakirəsi çox çəkdi, axırda belə qərara gəldilər ki, qiyamı əlverişli bir vaxta saxlasınlar. Spartak Katilinaya və onun dostlarına kömək etməyə hazır olduğunu bildirdi. Sonra ev sahibi və qonaq- larla sağollaşdılar. Patrisilər onları saxlamağa çalışsalar da, Spartak da, Kriks də imtina edib Katilinanın evindən çıxdılar.
Təxminən üç yüz addım yol getdikdən sonra Spartak sözə başladı:
– Orda çox adam vardı, bir də onların hamısı bizim tərəfimizdə deyildi. Eşitdin də, qaldıracağımız qiyam onların nəzərində dəli adamın xəyalı kimi dağılıb getdi. Bu saat Aksianın qladiatorlar məktəbinə get, bizim təbrik parolumuzu, əl-ələ görüşərkən etdiyimiz gizli işarəni dəyiş. İndi bizim parolumuz “İşıq və azadlıq” deyil, “Səbat və qalibiyyət” olacaq. Daha üç dəfə dostcasına əl sıxılmayacaq, sağ əlin şəhadət barmağı yavaşca o biri adamın sağ əlinin ovcuna vurulacaq. Daha get. Vaxt itirmə. Sabah səhər tezdən Yuli Rabetsinin məktəbində görüşərik.
Spartak Kriksin əlini sıxıb Sullanın evinə sarı getdi. Çox keçmədi ki, ora çatdı. Qapını döydü. Qapıçı qapını açıb onu Valeriyanın Mirtsa üçün ayrılmış kiçik otağına apardı.
Spartak otağa girən kimi Mirtsa onun boynuna sarılıb üz-gözündən dəfələrlə öpdü. Sonra fərəhlə onu xanımının çağırdığını söylədi. Sən demə, Valeriya Spartakı əri Sullanın qladiatorlar məktəbinə rəhbər təyin etmək istəyirmiş. Sonra əlavə elədi:
– Sənə bir sirr də açım. Amma yalvarıram, qoy öz aramızda qalsın. Sirkdə sənə azadlıq verilməsini Sulladan Valeriya xahiş edibmiş!
Spartakın həyəcandan bədəni sarsıldı, rəngi ağardı. O, fikrə getdi.
Bir azdan Mirtsa qardaşına dedi:
– İndi gedib sənin gəldiyini Valeriyaya söyləyəcəm. Səni onun yanına aparmaq üçün özündən icazə almalıyam.
Mirtsa bir anda gözdən itdi. Spartak dalğın olduğundan onun getdiyini duymadı. O, Valeriya ilə ilk dəfə ay yarım bundan əvvəl rastlaşmışdı. Elə o zamandan onda bu gözəl qadına qarşı odlu arzu, böyük həsrət hissi oyanmışdı. Zavallı frakiyalı ilk vaxtlar bu yeni hissi qəlbindən çıxarmağa çalışmışdı. Amma ayaqları onu dəfələrlə Sullanın evinin qarşısına aparmışdı. Bu gedişlərin birində Valeriya Spartakı sezmişdi. Zavallı rudiari[18 - Rudiari – Qədim Romada azadlıq almış qladiator; onlar öz istəyi ilə qladiator döyüşlərində iştirak edə bilərdilər.] Valeriyanın bir anlığa ona şəfqətlə baxdığını hiss etmişdi. Spartak hələ də şaşqın-şaşqın, sanki sərsəm halda düşünürdü.
Mirtsa gəlib Spartakı Valeriyanın otağına aparanda, o, üzdən çox sakit görünürdü, lakin qəlbinin bərk-bərk döyündüyünü hiss edirdi. Onlar kiçik bir pilləkənlə aşağı enib konklava[19 - Konklav – Roma xanımlarının xüsusi otağı] sarı getdilər.
Çox zərif yundan tikilmiş mavi haşiyəli, ağ tunikaya bürünən gözəl Valeriya bu sakit otaqda təkbaşına taxtda dirsəklənib uzanmışdı. Spartakın üzü Paros mərmərindən də ağ idi. O, alışıb-yanan gözlərini gözələ dik- mişdi.
Valeriya qalxıb oturdu, dərhal qızaran gözəl üzünü Spartaka sarı çevirdi, dərindən nəfəs alıb mehriban bir səslə dedi:
– Allahlar səni öz himayəsində saxlasın, şanlı Spartak!
Spartak özünə gəlmişdi. O, zərif, titrək səslə dedi:
– İlahi Valeriya, allahlar layiq olduğumdan artıq məni himayə edirlər. Onlar sənin himayəni mənə bəxş edirlər.
Valeriyanın qəlbində gözəl bir hiss doğdu, mehriban səslə dedi:
– Əziz Mirtsa səndən mənə çox şey danışıb. İgidliyin də mənə məlumdur.
Mehriban səslə söylənilən bu söz Spartakın qəlbinə məlhəm kimi yayıldı. Onun gözləri yaşardı, sakit səslə söylədi:
– Ah, dünyanın ən mərhəmətli qadını, bu xoş sözlərin üçün həmişə allahların inayətində olasan… Qoy böyük allahlar səni bütün insanlardan yüksəkdə tutsun… Sən buna layiqsən. Qoy onlar səni dünyanın ən xoşbəxt qadını eləsinlər.
Spartakın son sözündən sonra susdular. Sükutu Valeriya pozdu:
– İndi sən tamamilə azadsan. Sulla Kumadakı villasında altmış quldan ibarət məktəb açıb. Sən bu məktəbi idarə etməyi boynuna götürərsənmi?
Spartak böyük nəzakətlə Valeriyaya baxaraq yavaşca dedi:
– Sən nə istəsən, mən onu yerinə yetirməyə hazıram. Axı mən sənin qulunam, sənin ixtiyarındayam.

Altıncı fəsil
Təhdidlər, qiyamlar, təhlükələr
Gözəl kurtizan qadın Evtibida evində, söhbət zalında qırmızı balışlar üzərində uzanmışdı. O, yanındakı adamdan soruşdu:
– Məsələnin nə yerdə olduğunu başa düşdünmü?
Evtibida verdiyi sualın cavabını gözləmədən əlavə etdi:
– Yaxşı, bu vaxtadək nə öyrənə bilmisən?
– Bu saat deyim… həm çox şey öyrənmişəm, həm də heç nə…
– İndi bunu necə anlayaq?
– Füsunkar Evtibida, əgər mənim bacarığım qladiatorların hazırladığı qiyamın üstünü açmaqla ölçülürsə, onda qabiliyyətimi başqa şeylə sınağa çək. Çünki bu qiyamın üstünü açmaq mümkün deyil, ona görə ki belə bir qiyam yoxdur. Axı sən bu üsyan məsələsini kimdən eşitmisən?
– Bir qladiatordan… Sən yenə də qladiatorları gözdən qoyma.
– Kumada onları izləyəcəm, Kapuyaya da gedəcəm.
– Bir şey bilmək istəyirsənsə, onda hamıdan çox Spartaka göz qoy!
– O ki qaldı Spartaka, onu addım-addım izləyirəm: özü də ancaq səndən ötrü yox, həm də Sulladan ötrü…
– Spartak Sullanı öldürmək istəyir?
– Sən nə danışırsan, gör ağlına nə gəlir?!
– Bəs onda nə olub?
– Deyəsən, Spartak Valeriyaya vurulub, qadın da ona.
Cavan qadının rəngi ağardı, yumruqlarını qəzəblə sıxıb qışqırdı:
– Ola bilməz!
– Bunu hamı deyir. Amma əlimdə dəlil yoxdur…
– Deməli, bir başqası var… o mənə qalib gəldi!
Qadın əlləri ilə üzünü örtüb hönkür-hönkür ağladı.
Metrobi bu sirri bölüşdüyünə çox peşman oldu. O, yavaş səslə dilləndi:
– Ancaq yalvarıram sənə… Məni ələ vermə…
– Qorxma, Metrobi, qorxma! Qulaq as, gör sənə nə deyirəm… Kumaya get… Onların hər addımını izlə… bir dəlil tap… biz onda Sullanın şərəfinin də, mənim qürurumun da qisasını alarıq!
O, zavallını itələyə-itələyə otaqdan çıxardı. Evtibida Metrobi ilə vidalaşıb öz otağına qayıtdı, qapını bağlayıb xeyli var-gəl elədi. Gözəl Evtibidanın qəzəbinin səbəbini anlamaq üçün bir az geri qayıtmalı olacağıq. Spartak Valeriyanın eşqi ilə yandığı bir vaxtda Evtibida bir neçə dəfə onu öz yanına çağırmışdı. Axırda Spartak onun evinə gedəsi oldu. Qadın ona ürəyini açıb tökdü, onu sevdiyini dedi, lakin heç gözləmədiyi halda qladiatordan rədd cavabı aldı. Spartakın hərəkəti Evtibidanın heysiyyətinə toxundu.
Cavan qadın qapını bağlayıb otağında gəzişirdi, qəlbindən qara qanlar axırdı. Metrobisə həmin vaxt atını dördnala Kuma istiqamətində çapırdı. Libitina Venerasında isə bundan heç də az mühüm olmayan bir hadisə baş verirdi. Həm Spartak, həm də qulların azadlığı üçün təhlükə əmələ gəlmişdi…
Axşamçağı Taygöz Lutasiyanın yeməkxanasına yeyib-içmək üçün çoxlu qladiator gəlmişdi. Süfrə başında qladiator Kriks oturub qonaqlığa başçılıq edirdi. O öz yoldaşları ilə süfrənin ətrafında oturanda gördü ki, otağın bir küncündə qoyulmuş masada yemək artığı qalıb. Kriks Lutasiyaya sarı çevrilib soruşdu:
– Bu balaca masanın arxasında kim xörək yeyib?
Lutasiya dönüb baxdı və təəccüblə dedi:
– O hara getdi? Masanın da üstünə səkkiz sestertsi pul qoyub… Yediyi xörəyin pulundan da çoxdur.
Lutasiyanın çərənləməsi Kriksi özündən çıxartdı. O çığıraraq dedi:
– Qoca kaftar, bu adamın adını deyəcəksən, ya yox?
– Axmaqlar, deyim də! O masanın arxasında Sabina elindən gəlmiş bir taxıl alverçisi yemək yeyib. Hər gün həmişə eyni vaxtda burda olur.
Qladiatorlar bərk acmışdılar, dinməz-söyləməz yeyirdilər. Bir azdan otaqda tək qalmalarından istifadə edib astadan danışmağa başladılar:

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/rafaello-dzhovanoli/spartak-68289430/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Roma erası – Roma şəhərinin əsasının qoyulduğu tarixdən (eramızdan əvvəl 753-cü il) başlanır. Roma erasının 675-ci ili yeni tarix hesabı ilə bizim eradan 78 il əvvəl deməkdir.

2
İd – Roma təqvimi üzrə ayın ortası: martın, mayın, iyulun, oktyabrın on beşinci, başqa ayların on üçüncü günü.

3
Lutsi Korneli Sulla (e.ə. 138-78-ci illər) – aristokratların başçısı olmuşdur. E.ə. 82-ci ildə hakimiyyəti ələ keçirmiş, özünü hökmdar elan etmişdi. E.ə. 83-cü ildə Şərqdə Roma hökmdarlığını bərpa etdikdən sonra Romaya qayıtmış, senatı ona qeyri-məhdud hakimiyyət verməyə vadar etmişdir.

4
Kvint Hortenzi (e.ə. 114-50-ci illər) – məşhur Roma natiqi

5
Tit Lukretsi Kar – böyük Roma şairi və alimi

6
Konsul – Romada respublikanı idarə etmək üçün hər il iki konsul seçilərdi. Ali mülki hakimiyyət onların əlində olardı, müharibə zamanı orduya komandanlıq edərdilər.

7
Böyük Pompey (e.ə. 106-48-ci illər) – Roma sərkərdəsi və dövlət xadimi

8
Mirmillon – dəbilqəsinin ucunda balıq şəkli olan silahlı qladiator

9
Retiari – üçdişli yaraqla və torla silahlanmış qladiator

10
Patrisilər – Qədim Romada hakim sinif

11
Lutsi Sergi Katilina (e.ə. 108-62-ci illər) – konsullar və senat əleyhinə sui-qəsd (e.ə. 66-62-ci illər) düzəltmişdir . Katilina xalq kütlələri vasitəsilə hakimiyyəti ələ almaq istəmiş, varlıların torpağını camaata paylayacağını vəd etmişdi. E.ə. 63-cü ildə Siseron sui-qəsdin üstünü açmış, Katilina öldürülmüşdür.

12
Mark Krass (e.ə. 114-53-cü illər) – Spartak üsyanını yatırmağa göndərilən Roma qoşununun başçısı idi. E.ə. 60-cı ilin sonunda Sezar, Pompey və Krass triumvirat düzəltmişlər. Parfiyalılarla müharibədə həlak olmuşdur.

13
Kurtizan qadın – həyat tərzi etibarilə kübar cəmiyyətə mənsub yüngül əxlaqlı qadın

14
Frakiyalılar – Frakiyada yaşayan xalq. E.ə. I əsrdə romalılar tərəfindən istila edilmişdi.

15
Samnitlər – qədim İtaliyanın dağlıq mahalı Samniyada yaşayan xalq. Romalılarla uzun müddət davam edən müharibədən sonra samnitlər tamamilə onların hakimiyyəti altına düşmüşlər.

16
Lanista – qladiatorların müəllimi, həm də qladiatorlar məktəbinin sahibi, onları alıb-satan adam

17
Sestertsi – Qədim Romada işlənən gümüş pul

18
Rudiari – Qədim Romada azadlıq almış qladiator; onlar öz istəyi ilə qladiator döyüşlərində iştirak edə bilərdilər.

19
Konklav – Roma xanımlarının xüsusi otağı
Spartak Рафаэлло Джованьоли

Рафаэлло Джованьоли

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Spartak, электронная книга автора Рафаэлло Джованьоли на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв