Hannibal

Hannibal
Riçard A. Qabriel
Tarixi yaradanlar
Hannibalın ən yaxşı bioqrafiyalarından biri sayılan bu kitabı oxuyaraq məşhur sərkərdə ilə bağlı yüzillər boyu hər kəsi düşündürən çoxsaylı suallara konkret cavab tapmaq mümkündür.

Riçard A.Qabriel
Hannibal


Özünü düşünmədən alova atan onun daha gur yanmasına xidmət edir.
    Hannibal

Hannibalın andı
Gecə. Müqəddəs quyuda şölələnən alovun qığılcımları Şimali Afrikada yerləşən Karfagen ölkəsinin əzəmətli tanrısı Baal-Hammonun tunc heykəlini işıqlandırır. Bir tərəfdə ağ geyimli kahinlər dayanıb. Digər tərəfdə çalğıçılar fleyta və qavallarla kədərli musiqi ifa edirlər. Bir kənarda durmuş 7 yaşlı oğlan heyrət və dəhşət içindədir.
Oğlanı bu müqəddəs yerə valideynləri gətirib. Onlardan biri – ana qucağındakı körpəni bərk-bərk bağrına basıb. Gözləri yaşarıb. Elə ata da dərin hüzn içindədir. Oğlanın valideynləri kahinlərə yaxınlaşırlar. Bir neçə ay əvvəl doğulmuş körpə altı övladdan ən kiçiyidir. Onu qırmızı əski ilə bələyiblər, əllərini və ayaqlarını isə dəri kəmərlə bağlayıblar. Ana nəvaziş dolu baxışlarını sonuncu dəfə övladına dikib körpəni kahinlərdən birinə uzadır. Karfagen müharibələrinin iştirakçısı olan ata geri çevrilir və gözüyaşlı arvadını oradan uzaqlaşdırır. Ailənin digər üzvləri də onun ardınca gedir… Bircə 7 yaşlı oğlan yerinə mıxlanıb. O, baxışlarını bu qorxunc mənzərədən çəkə bilmir.
Kahin körpəni quyunun kənarına gətirib tunc heykələ təntənəli şəkildə təzim edir. Sonra gözünü qırpmadan uşağın boğazını kəsir. Daha sonra meyiti alovlanan quyunun içinə atır. Karfagendə kahinlər bu mərasimi 600 ildən artıqdır ki, həyata keçirirlər. Fleytalarla qavalların səsi bir-birinə qarışır. Kütlə Karfageni qoruyan tanrıya gətirilən qurban mərasimini vəcdlə izləyir. Mərasim günəş doğanadək davam edir. 7 yaşlı oğlanın gözyaşları isə səhərəcən qurumur. Bu uşaq – Hannibal Barka həmin gecə yaşadıqlarını həyatı boyu unutmayacaq!
Hannibalın dövrünədək artıq min il idi ki, Karfagendə uşaqları qurban gətirirdilər. Bu qorxunc dini mərasim barədə qədim mətnlərdə də oxumaq olar. M.ö. III əsrdə yaşamış yunan tarixçisi Klitarx yazır ki, tanrının lütfünü qazanmaq istəyən karfagenlilər ona övladlarından birini qurban gətirəcəklərini vəd etmişdilər. Plutarx[1 - Mestri Plutarx – qədim yunan yazıçısı və filosofu, Roma dövrünün ictimai xadimi] isə yazır ki, övladı olmayan cütlüklər öz tanrılarına qurban vermək üçün bəzən kasıb ailələrdən uşaq alırdılar.
Finikiyalıların, sonralar isə karfagenlilərin təsiri ilə uşaqları qurban gətirmə mərasimi Mərkəzi və Qərbi Aralıq dənizi ölkələrində də yayıldı. Şimali Afrikada, Sardiniya və Siciliyada yandırılmış körpələrin külləri ilə dolu keramik urnalar[2 - Urna – yandırılmış cənazənin külünü saxlamaq üçün qab] aşkar olunub. M.ö. 146-cı ildə baş verən müharibə zamanı Karfagen romalılar tərəfindən məğlub edildi. Bundan sonra romalılar qurban mərasimini qanunsuz elan etdilər. Lakin arxeoloji qazıntılar nəticəsində belə məlum olur ki, M.ö. I əsrdə Afrikada hələ də körpələr tanrılara qurban gətirilirdi.
Karfagendə vəziyyət ağırlaşdıqca daha çox uşağın qurban gətirilməsində təəccüblü heç nə yox idi. Üstəlik, belə hesab olunurdu ki, qurban mərasimi üçün təkcə zadəgan uşaqları uyğun gəlir. M.ö. III əsrdə, Hannibal və ailəsinin yaşadığı dövrdə bu mərasim daha da geniş yayılmışdı. Həmin dönəmdə Karfagenin müqəddəs qəbiristanlığında urnaların sayı 20 minə çatmışdı.
Həmin vaxt Karfagendə durum ağır idi: bir qədər sonra haqqında ətraflı bəhs edəcəyimiz bu ölkə Roma dövlətinə uduzmuşdu, üstəlik, daxili üsyanlar nəticəsində daha da zəifləmişdi. Belə üsyanlardan biri bütün ölkəyə yayılmış, tezliklə vətəndaş müharibəsinə çevrilmişdi. Hannibalın atası Haminkar da hadisələrin fəal iştirakçısı idi. O, Siciliyada yerləşən Karfagen ordusuna başçılıq edirdi. Haminkar muzdluların üsyanını yatırtmaq üçün əlindən gələni əsirgəməmişdi. Sərkərdə bu ağır dönəmdə, şübhəsiz ki, kömək üçün tanrısına üz tutmuş və yeni doğulmuş körpəsini qurban gətirmişdi. Hannibal da üç bacısı və ailənin digər üzvləri ilə birgə həmin mərasimdə iştirak etmişdi. Yeri gəlmişkən, hadisədən bir il sonra ailədə daha bir oğlan övladı doğulacaqdı....
Hannibalın qurbanvermə mərasimi haqqında nə düşündüyü bizə məlum deyil. Qədim Roma tarixçisi Tit Livi (M.ö. 59 – M.s. 17) bəyan edir ki, karfagenli sərkərdə tanrılara hörmət bəsləmirdi. Hərçənd Hannibalın bir sıra davranışları Livinin yazdıqlarını təkzib edir. Belə ki, Hannibal əldə etdiyi bir qələbədən sonra Baal-Hammona qurban aparmış, İtaliyaya yürüşləri zamanı isə dəfələrlə məbədlərin dağıdılmasının qarşısını almışdı.
Qədim Roma tarixçisi Korneli Nepota (M.ö. 100 – M.ö. 25) inansaq, sonralar geniş yayılmış bir hekayəti vaxtilə Hannibal özü ona danışıb. Belə ki, gələcək sərkərdənin hələ 9 yaşı olanda atası oğluna İspaniyaya getməyi təklif edib. Hannibal bu təklifə sevinclə razılaşıb. Həmin vaxt atası onu Baal-Hammonun mehrabına gətirib və heç vaxt romalılarla dostluq etməyəcəyinə dair and içdirib. Hannibal ömürboyu bu andı pozmamaq üçün çalışıb…

Hannibalın ailəsi
Dünya hərb tarixinin ən qüdrətli sərkərdələrindən biri olan Hannibalın həyatı barədə çox az şey məlumdur. Bu məlumatlar daha çox Roma mənbələrindən götürüldüyü üçün onun qələbələri kiçildilib, əvəzində uğursuzluqları şişirdilib. Bununla yanaşı romalı tarixçilər həvəssiz olsa belə, Hannibala lazım olan qiyməti veriblər.
Dahi sərkərdə M.ö. 247-ci ildə karfagenli zadəgan ailəsində anadan olub. Atası Haminkar Birinci Pun müharibəsində Siciliyada romalılarla döyüşən Karfagen ordusuna başçılıq edib. Sərkərdənin bundan əvvəl üç qızı olub. Lakin bizə nəinki onların nə qədər yaşadıqları hətta adları belə məlum deyil. Bircə o bəllidir ki, ailənin digər övladlarından Hannibalın qardaşı Hasdrubal M.ö. 244-cü ildə, Maqon isə M.ö. 239-cu ildə dünyaya gəlib.
Haminkar və oğulları tarixə Barka ləqəbi ilə məlumdur. Hərçənd romalılardan fərqli olaraq karfagenlilərin nə ləqəbləri, nə də soyadları olmayıb. Hannibalın atasına və oğullarına bu ləqəbi antik tarixçilər veriblər.
Deyilənə görə, Haminkar qədim və nüfuzlu nəslin nümayəndəsi imiş. Onun əcdadlarının varlı mülkədar olduğu ehtimal edilir. Nəticədə öncə Hannibalın atasına, sonra isə özünə böyük torpaq sahələri qalmışdı.
M.ö. 247-ci ildə Karfagen senatının qoşunlarına başçılıq Haminkara tapşırıldı. Bu onun mənsub olduğu ailənin, həqiqətən də, mötəbər bir zadəgan nəslindən gəldiyini təsdiqləyir. Belə ki, ali hərbi rütbələr o dövrdə yalnız çox nüfuzlu aristokrat ailələrinin üzvlərinə verilirdi.
Hannibalın 9 yaşı olanda atasının ona birlikdə İspaniyaya yola düşməsini təklif etməsi təsadüfi deyil. Oğlan hərbi hazırlıq üçün hələ çox gənc, İspaniya isə çox təhlükəli yer idi. Haminkar hərbi zadəgan ailəsindən olduğu üçün oğullarının da onun yolu ilə gedəcəyini düşünürdü. Onların hərbi təcrübə toplamaları üçün isə döyüşlərdə iştirak etmələri lazım idi. Oğlanlar bu təcrübə olmadan gələcəkdə yüksək rütbə qazana və ali hərbi vəzifələr tuta bilməzdilər.

Hannibalın yeniyetməliyi
Hannibal İspaniyaya M.ö. 237-ci ildə gəlib. Bu zaman artıq 30 ilə yaxın idi ki, Karfagen müxtəlif fasilələrlə bir çox qanlı müharibə ilə üzləşmişdi. Elə atası Haminkar da həmin 30 ilin 15 ilini döyüşlərdə keçirmişdi. Karfagenin Birinci Pun müharibəsində itirdiyi nüfuzu geri qaytarmaq üçün indi onu ordunun başında İspaniyaya göndərmişdilər. Döyüşlər Əndəlüs sahilindən Betis çayının vadisinədək ərazini əhatə edirdi. Bu bölgədə yaşayan İberiya tayfaları karfagenlilərə sərt müqavimət göstərirdi. Beləcə, Hannibal 10 il ərzində qiymətli hərbi təcrübə qazanır. Müəllimi isə atası olur.
Hannibal hərbi düşərgədə yaşayır, canı vuruşmalarda bərkimiş döyüşçülərin arasında tərbiyə alırdı. Hərbçilərin əhatəsində olmaq gələcəyin böyük sərkərdəsinə xoş idi. O, at, qatır və filin tərkində getməyi öyrənir, ətraf mühiti tanıyır, ova çıxırdı. Yetkinləşdikcə şəraba və qadınlara marağı artırdı. Hannibal dünyagörmüş döyüşçülərin müharibə haqqında hekayətlərini dinləyir, onların savaşlarda aldığı yaraların izlərini şövqlə nümayiş etdirməklərini heyrətlə izləyir, bu çapıqlara heyranlıqla baxırdı.
Günlərin birində Haminkar oğlunu sınağa çəkmək qərarına gəldi. Bu sınaq Hannibalın gələcəyi baxımından çox vacib idi: o, vaxt yetişəndə döyüşçüləri arxasınca apara biləcəyini indidən sübut etməli idi!
Hannibal atasının sınağından üzüağ çıxır. Elə həmin zamanlarda Maqon Samnit adlı gənclə ömürlük dostluğu başlayır. Maqon Roma ilə tez-tez müharibə edən italyan mənşəli qədim dağ xalqının – samnitlərin nümayəndəsi idi. Hannibalın gənclik dostları arasında Maqondan savayı daha iki nəfərin adı çəkilir. Onlardan biri Qannon, digəri isə «Təkbaşına» ləqəbli Hannibal Monomax idi.
Hannibal hərbi hazırlıqlara 13 yaşında başlayıb. Qısa vaxtda karfagenlilərə və ispan tayfalarına məxsus bütün silahlardan istifadə etməyi öyrənib. Üstəlik, tarixi mənbələrdə onun məharətlə at çapdığı, həddən artıq iradəli və dözümlü olduğu yazılıb. Bununla yanaşı, Hannibal Pireney yarımadasını əhatə edən Kelt-İberiya mədəniyyətini, oradakı tayfaların adət-ənənəsini və idarəçilik qaydalarını öyrənmişdi. Bu tayfalar arasında ittifaqlar və ədavətlər barədə dərindən məlumatlı idi. Onların dini dünyagörüşlərindən tutmuş döyüş taktikalarınadək hər şeyi bilirdi. Yəqin, elə buna görə tezliklə başa düşmüşdü ki, Karfagen ordusundakı döyüşçülərin sayı İspaniyada zəbt edilən əraziləri əldə saxlamaq üçün çox azdır. Üstəlik, həmin torpaqları itirməmək üçün əsgərlərin sayını artırmaqdan daha vacib iş var: yerli tayfalar arasında qurulan və tərkibi mütəmadi olaraq dəyişən ittifaqlarla ayaqlaşmaq, dil tapmaq!
Hərbi hazırlıqlarla yanaşı, Hannibal hərtərəfli təhsil almışdı: onun müəllimləri böyük ehtimalla Siciliyada və İspaniyada muzdla işləyən yunanlarla karfagenlilər olub. Yunan dilini mükəmməl bilirdi hətta sonralar sürgündə olduğu müddətdə Suriya, Ponta və Vifiniyada yunanca danışan zadəganlarla rahat ünsiyyət qururdu. Qədim mənbələrdə onun digər dillərin də bilicisi olduğu yazılıb. Ümumiyyətlə isə dillərə olan bu həvəsi gələcəkdə müxtəlif tayfa başçıları ilə danışıqlar apararkən karfagenli sərkərdənin dadına çox çatıb.

Gənc hərbçi
Atası oretan tayfası ilə döyüşdə həlak olarkən Hannibalın 20 yaşı vardı. Hadisə belə baş vermişdi: Haminkar sahil kənarı bir şəhəri mühasirəyə aldı və karfagenlilərin müttəfiqi olan oretan tayfasının başçısını gözlədi. Oretanlar gələndən sonra o, ordunun böyük bir hissəsini geri göndərdi. Lakin tayfa başçısı Haminkarı düşmənə satdı – oretanlar karfagenlilərə hücum çəkdilər. Daha çox oğullarının həyatına görə narahat olan Haminkar düşmən mühasirəsindən çıxmağa cəhd etdi. O, Hanniballa Hasdrubalı xilas etmək üçün oretanların diqqətini özünə çəkməyə çalışdı. Oğullarını yola salıb özü tamam başqa yolla getməyə başladı. Hiyləsi baş tutdu və övladları xilas oldu. Oretanlar Haminkarla döyüşçülərini sonadək təqib etdi. Fərziyyələr müxtəlifdir: kimi sərkərdənin suda batdığını, kimi də ələ keçirilərək qətlə yetirildiyini bildirir. Həmin vaxt Haminkarın təxminən 50 yaşı var idi və artıq 9 ildir ki, İspaniyada Karfagenin maraqları uğrunda döyüşürdü.
Respublika olan Karfagendə hərbi rəisləri senat təyin edirdi. Hannibal, Karfagen ənənələrinə görə, bu mühüm vəzifə üçün hələ çox gənc idi. Bu səbəbdən də Haminkarın ölümündən sonra ordu və karfagenlilər onun kkürəkəni, «Gözəl» ləqəbli Hasdrubalı sərkərdə seçir. Beləcə, Hannibal M.ö. 228-ci ildən M.ö. 221-ci ilədək Hasdrubalın rəhbərliyi altında xidmət edir. O həmin illər ərzində cəsur komandir kimi tanınır. Livinin yazdığına görə, «Hasdrubal qətiyyət tələb olunan döyüşlərdə həmişə Hannibala üstünlük verirdi. O, tabe olduğu qədər də əmr etməyi bacarırdı. Təhlükə qarşısında həm cəsarət, həm də müdriklik nümayiş etdirir, hər cür əziyyətə qatlaşırdı. İstiyə və soyuğa eyni qədər dözümlü idi. Heç vaxt lazım olandan çox yeməz və içməzdi. Asudə vaxtını rahat yataqda deyil, hərbçilərin arasında və qarovulda keçirərdi. Geyimi də Hannibalı digər döyüşçülərdən fərqləndirmirdi. Onu yalnız silahından və atından tanımaq olurdu. Döyüşə hər kəsdən öncə atılar, hər kəsdən sonra çıxardı».
Hannibal Gözəl Hasdrubalın rəhbərliyi altında üç il kiçik bir hərbi hissənin rəhbəri kimi xidmət edib. Ardınca isə qoşun başçısı təyin olunub. Bir neçə ay sonra bu təyinatı Karfagen senatı da təsdiqləyib. Həmin vaxt onun vur-tut 26 yaşı vardı, lakin böyük hərbi təcrübəyə yiyələnməyə macal tapmışdı. Odur ki qədim dövrün bir çox sərkərdələrindən daha yetkin və təcrübəli təsir bağışlayırdı. Bircə İspaniya qoşunlarına rəhbərlik edən Afrikalı Ssipionun[3 - Publi Korneli Ssipion (M.ö. 235 – M.ö. 183) – Qədim Roma sərkərdəsi və siyasi xadim. Hərbçi və dövlət xadimi olan atası ilə eyni ad və soyadı daşıyırdı. Odur ki əsərin müəyyən yerlərində onları fərqləndirmək üçün mötərizədə yazılmış «ata» və «oğul» sözlərindən istifadə edəcəyik.] hərbi təcrübəsini Hannibalın təcrübəsi ilə müqayisə etmək olardı.

Hannibalın xarakteri
Hannibal xaraktercə çox qorxmaz idi. Lakin bəzən onun cəsarəti həddi aşır və həyatı üçün ciddi təhlükəyə çevrilirdi. Məhz buna görə dəfələrlə ölümdən dönmüşdü. Məsələn, Hannibal indiki İspaniya ərazisində yerləşən Saqunt qalasını mühasirəyə alarkən nizə ilə yara almışdı. Antik müəlliflərin yazdığına görə, «ehtiyatsızlıq edən Hannibal mizraqla ombasından ağır yaralanır. Bundan sonra hücumdan imtina edən karfagenlilər bir neçə gün sərkərdənin yarasının sağalmasını gözləmişdilər. Həmin zaman kəsiyində döyüşlərə ara vermiş, hər iki tərəf fürsətdən faydalanaraq səngər qazmış və istehkam qurmuşdu».
M.ö. 218-ci ildə baş verən bir döyüşdə Hannibal yenə yaralanır, ancaq yarası sağalmağa macal tapmamış növbəti qalaya doğru hərəkət edir. Orada romalıların çörək anbarları vardı. Müharibənin əvvəlindən burada kəndlilər sığınacaq tapmışdılar. Onlar Hannibalı silahla qarşılamaq qərarına gəlirlər, hərçənd ilk toqquşmadaca məğlub olurlar. Baxmayaraq ki, qarşılarında yaralı bir sərkərdə vardı.
Bundan bir müddət sonra Hannibal Arno çayının yanındakı bataqlıqdan keçərkən gözünə infeksiya düşür. Nepotun dediyinə görə, sərkərdə «ağır göz xəstəliyi keçirir və nəticədə sağ gözü zəifləyir». Livi isə yazır ki, onun gözləri iltihablanır və müalicə almağa vaxtı olmadığından bir gözünü tamamilə itirir.
Bir sözlə, hədsiz cəsarəti, qarşısına qoyduğu məqsədə mümkün olduğu qədər tez çatmaq istəməsi çox vaxt Hannibala baha başa gəlirdi: yaralanır, səhhətində problemlər ortaya çıxırdı.
Yeri gəlmişkən, romalı müəlliflər Hannibalın xarakteri ilə bağlı bir çox hallarda qərəzli məlumat verirlər. Onlar sərkərdənin hərbi istedadını təkzib etməsələr də, xasiyyətindəki nöqsanları xüsusi qabardırlar. Hannibalı tənqid edən bir sıra tarixçilər onun tamahkar, qəddar və vəhşi birisi olduğunu irəli sürür, əxlaqi seksual pozğunluqda hətta adamyeyənlikdə ittiham edirlər! Sərkərdəni ən obyektiv qiymətləndirən qədim dövr tarixçilərindən biri olan Polibi[4 - Polibi – M.ö. 200 – M.ö. 120-ci illərdə yaşamış qədim yunan tarixçisi, dövlət xadimi və sərkərdə] təsdiqləyir ki, «karfagenlilər Hannibalı tamahkar, romalılar isə qəddar sayırdılar». Məsələn, yunan əsilli Roma tarixçisi İsgəndəriyyəli Appian Hannibalı «sevgi macəraları yaşamaqda» ittiham edir. Livi isə yazırdı ki, Hannibal Alp marşrutunu planlaşdıranda azuqə ehtiyatı məsələsi müzakirə olunurmuş. «Təkbaşına» ləqəbli hərbçilərdən biri – Monomax deyir ki, Alpı uğurla qət etmək üçün yolda ölənlərin ətini yemək lazım gələcək. Livi Hannibalı bu təklifdən imtina etməməkdə günahlandırırdı.
Bütün bu tənqidi fikirlər romalıların özlərini düşmənlərindən mənəvi cəhətdən yüksək göstərmək cəhdindən savayı bir şey deyil. Halbuki tarixi gerçəklik Hannibalın xaraktercə təqdim olunandan çox fərqləndiyini deməyə əsas verir. Hətta Polibi özü də etiraf edir ki, görkəmli sərkərdənin acgözlüyü barədə Karfagendə Numidiya çarı Masinissadan eşidib. Buna təəccüblənməmək lazımdır, çünki Numidiya çarı Hannibalı sataraq Publi Korneli Ssipionun (oğul) tərəfinə keçmişdi. Odur ki Masinissanın söylədiklərinə etibar etmək doğru deyil.
Yuxarıda qeyd etdiyimiz kimi Hannibal həm də qəddarlıqda və vəhşilikdə günahlandırılırdı. Romalı tarixçilərin bununla bağlı tərtib etdikləri siyahı kifayət qədər uzundur və yenə də şübhə doğurur. Məsələn, onların iddiasına görə Hannibal:
1) bir dəfə göstəriş verib ki, əsir götürülənləri suda batırsınlar, sonra da onların meyitindən çayı adlamaq üçün körpü kimi istifadə olunsun;
2) hərbi əsirləri bir-biri ilə ölənədək döyüşməyə məcbur edib;
3) döyüşçülərini insan əti yeməyə alışdırıb;
4) Nuseriya şəhərini ələ keçirdikdən sonra ağsaqqalları hamamda boğdurub;
5) tutduğu şəhərlərdən birinin sakinləri azad olmaları üçün fidyə versələr də, sonradan qul kimi satılıblar;
6) Hannibal İtaliyadan Karfagenə qayıdarkən 20 min italyan hərbçisini qətlə yetirib ki, sonradan ona qarşı çıxa bilməsinlər;
7) Hannibal İtaliyanın bir çox cənub şəhərini yerlə yeksan edib, yerli əhali ilə qəddar davranıb və çox vaxt onları qılıncdan keçirib;
8) Arpa şəhərindən olan bir zadəganı ona xəyanət etdiyi üçün ailəsi ilə birgə diri-diri yandırtdırıb;
9) Saqunt şəhərinin bütün kişilərinin qətlə yetirilməsini əmr edib;
10) düşmənlərindən biri olan romalı Fabinin qurduğu tələdən qurtulmaq üçün 5 min əsiri öldürtdürüb və s.
Bu ittihamların bir çoxunun yalandan ibarət olduğunu asanlıqla sübut etmək mümkündür. Bir az da dəqiqləşdirsək, Mommzenin[5 - Teodor Mommzen (1807 – 1903) – alman tarixçisi, filoloq və hüquqşünas. 1902-ci ildə «Roma tarixi» əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.] də vurğuladığı kimi bu «mənfur uydurmaların əksəriyyəti öz özünü təkzib edir». Məsələn, götürək elə Hannibalın romalı Fabinin qurduğu tələdən çıxmaq üçün 5 min hərbi əsiri qətlə yetirdiyi barədə ittihamı… Həmin ittihamın həqiqətlə əlaqəsi yoxdur, çünki obyektivliyi şübhə doğurmayan bir çox tarixi mənbələrdə 5 min əsirdən yox, 2 min öküzdən söhbət gedir. Belə ki, buynuzlarına kösöv bağlanan öküzlər romalıların diqqətini yayındırır və Hannibal başqa yolla aradan çıxa bilir. O ki qaldı Nuseriya ağsaqqallarına, onlar şəhər hamamlarında boğula bilməzdilər, çünki həmin dövrdə sadəcə oturaq vannalar mövcud idi. Onları boğmağa imkan verəcək məşhur Roma hamamları çox sonralar peyda olmuşdu.
Saqunt sakinləri isə gerçəkdən qul kimi satılmışdılar, lakin bunda təəccüblü heç nə yox idi. Belə ki, qədim dövrlərdə ələ keçirilən düşmən şəhərlərinin yağmalanması, sakinlərinin isə qul kimi satılması adi hal sayılırdı.
Ədalət naminə qeyd etmək lazımdır ki, Hannibalın ünvanına söylənən ittihamların bəziləri doğrudur. Sərkərdənin Saquntu ələ keçirərkən çağırış yaşına çatmış bütün kişiləri qətlə yetirməsi faktı həqiqətə yaxındır. Bununla belə Livi yazır ki, həmin qırğın başlanmazdan öncə Hannibal onlara xilas olmaq üçün şans verib. Bunun qarşılığında saquntlu kişilər könüllü təslim olmalı, mal-mülklərini təhvil verməli və başqa yerə köçməli idilər. Lakin qarşı tərəf həmin şərtlə razılaşmayıb və son nəfəsinədək mübarizə aparıb. Onlar hətta karfagenlilərin əlinə keçməməsi üçün öz doğmalarını qətlə yetirir və malikanələrini yandırır-dılar. Livi etiraf edir ki, Hannibalın, demək olar, başqa seçimi yox idi. Üstəlik, saquntlu kişilər istənilən halda döyüşdə həlak olacaqdılar. Bir də Livi Hannibalı Arpidən olan Dari və ailəsinin diri-diri yandırılmasını əmr etməkdə günahlandırır. Tarixçi eyni zamanda xəbər verir ki, həmin adam şəhəri romalılara satmaq istəyən fərari və mənfur düşmən olub. Odur ki Hannibal başqalarına dərs olsun deyə, bu satqını və ailəsini diri-diri yandıra bilərdi.
Bir çoxlarının fikrincə, Polibinin karfagenli sərkərdə barədə ittihamlarına daha ciddi yanaşmaq lazımdır, çünki o, bir çox hadisələrin canlı şahidi olmuşdu. Polibi Hannibalın iki dəfə qəddarlıq nümayiş etdirdiyini söyləyir. O deyir ki, Trazimen döyüşündən sonra Hannibalın döyüşçüləri Umbriya və Pisenanı boşaldarkən daha çox dinc sakinləri qətlə yetiriblər. Müəllif təsdiqləyir ki, Hannibal bir neçə italyan şəhərinin sakinlərini qovub və döyüşçüləri həmin adamlarla qəddar davranıb. Lakin, görəsən, dinc əhalini alçaltmağı, qətlə yetirməyi sərkərdə əmr edib yoxsa bu cinayətlərin səbəbi ayrı-ayrı əsgərlərin özbaşınalığı və nizamsızlığı olub?! Hannibalın əsgərlərinə günahsız adamları qətlə yetirməsini əmr etdiyinə inanmaq çətindir. Unutmayaq: elə Polibi özü, həmçinin, Livi və Plutarx başda olmaqla əksər nüfuzlu tarixçilər onun hətta əsirlərlə belə insafla davrandığını qeyd edir.
Maraqlıdır ki, romalı tarixçilər Hannibalın qəddarlığını qabartdıqları halda romalıların da insanlarla amansız davrandığını gizlədə bilmirlər. Hətta bir çox əsərdə romalıların daha qəddar olduğuna şəkk-şübhə qalmır. Məsələn, onlar Kapuyanı ələ keçirdikdən sonra senatorları edam edib, siravi vətəndaşları isə qul kimi satmışdılar. Bununla kifayətlənməyib lap axırda isə şəhəri xaraba qoymuşdular. İndiki İtaliyanın cənubundakı Lokra şəhərində törədilən qırğın isə hətta Roma senatını da pərt etmişdi. Romalılar Kazilini ələ keçirdikdə əsirləri qılıncdan keçirməyəcəklərini vəd etsələr də, vur-tut ilk əlli nəfərə toxunmadılar. Yerdə qalanları öldürdülər. İspaniyada və Oronqisdə romalı əsgərlər silahsız, əliyalın sakinləri belə qətlə yetirirdilər. Baxmayaraq ki, onların nə müqavimət gücü, nə də fikri vardı. Siciliyada isə könüllü təslim olmuş şəhər sakinləri bir nəfər kimi qılıncdan keçirilmişdi. Onlar bunu düşməni dəhşətə gətirmək məqsədilə edirdilər. Odur ki romalıların tutduqları şəhərlərdə təkcə insan meyitlərinə deyil, ikiyə bölünmüş heyvan cəsədlərinə də rast gəlmək olardı. Bu qarşı tərəfdə xof və dəhşəti gücləndirmək üçün lazım idi…
Buradan belə nəticəyə gəlmək olar ki, romalılarla müqayisədə Hannibal daha insanpərvər olub. O, qalib gəldiyi romalı sərkərdələrin dəfnini belə təşkil edirdi. Həmin sərkərdələrin arasında Flamini, Emili Pavel, Semproni Qrakx və Mark Marsell kimi qədim Romanın nüfuzlu qoşun başçıları vardı. Açıq danışmaq lazımdır: Hannibalı Metavr çayı sahilində Hasdrubala qalib gələn romalı sərkərdə Klavdi Neronla necə müqayisə etmək olar? Neron Hasdrubalın başını kəsib Kapuyaya gətirmiş, sonra da Hannibalın düşərgəsinə atmışdı. Bundan sonra karfagenli sərkərdəni romalılardan daha qəddar təqdim etmək nə qədər ədalətlidir?
Hannibal, sözsüz ki, romalıları dəfələrlə alçaldıb və aşağılayıb. Odur ki Roma tarixçiləri öz əsərlərində bunun qisasını almağa çalışıblar: karfagenli sərkərdənin xarakterini şüurlu şəkildə təhrif ediblər. Lakin Hannibalın hərbi zəkasını və bacarığını gizlədə bilməyiblər. O ən yaxşı romalı sərkərdələrlə döyüşüb və qalib gəlib. Üstəlik, romalılarla müqayisədə karfagenlilərin ordusunda heç vaxt nə qiyam, nə də fərarilik baş verməyib.
Kimsə inkar edə bilməz: Hannibal əla taktikaçı, mahir komandan və Romanın tarixboyu qarşılaşdığı ən güclü düşmən olub.

Hannibalın ordusu
Karfagenin nizami ordusu yox idi. Zərurət olanda karfagenlilər külli miqdarda pul xərcləyərək çağırışçı və muzdlulardan ibarət ordu yaradırdılar. Karfagenin təxminən 2500 silahlı vətəndaşdan ibarət Müqəddəs dəstəsi vardı. Bu silahlı dəstə daimi olsa da, böyük ehtimalla dövrümüzdəki polis rolunu oynayırdı. Müharibələr zamanı isə Müqəddəs dəstə ordu ilə birgə hərəkətə keçirdi. Məsələn, M.ö. 341–311-ci illərdə Siciliya döyüşündə olduğu kimi…
Ehtimal edilir ki, zərurət yarandıqda çağırışçı və muzdlulardan ibarət ordu elə Müqəddəs dəstənin əsasında yaradılırdı. Məsələn, Appian xəbər verir ki, Karfagendə 24 min piyada əsgər üçün kazarmalar və 4 min atla 300 fil üçün tövlələr tikilmişdi.
Karfagenlilər muzdlulardan istifadəyə xüsusi önəm verirdilər. Belə ki, Yunanıstanla Romadan fərqli olaraq Karfagendə kiçik fermerlər az idi və onlar ordunu lazımi sayda döyüşçülərlə təmin edə bilməzdilər. Torpaqların böyük hissəsi zadəganların əlində idi ki, onlar da ordunun cins atlarla təminatını üzərlərinə götürürdülər. Karfagenin sərəncamında xeyli afrikalı təbəə vardı. Sonralar ispan təbəəsi və müttəfiqləri, digər Karfagen şəhər və kəndlərinin sakinləri də ordu sıralarına cəlb edilməyə başlandı.
Bəs ayrı-ayrı zamanlarda Karfagen ordusunun nə qədər döyüşçüsü olub? Məsələn, M.ö. 255-ci ildə Baqradas çayının vadisində baş verən döyüşdə Karfagenin tərəfində 12 min piyada döyüşçü vuruşub. Sonralar Haminkar İspaniyaya gedəndə onun 17 minlik piyada əsgəri vardı. Həmin əsgərlərin əksəriyyəti muzdlular idi. Yaxud, Hannibal özü İtaliyaya yürüş etməzdən öncə 11 min karfagenli piyada əsgəri Hasdrubala kömək məqsədi ilə qoyub və 20 min piyada ilə Alp dağlarından keçib.
Karfagen ordusunun tərkibində liviyalı ağır silahlı və yüngül silahlı piyadalar vardı. Ağır piyada döyüşçü nizə və qalxanla silahlanmışdı, bundan başqa, zirehli libas geyinirdi. Yüngül piyadanın da nizəsi və balaca yumru qalxanı vardı, lakin yaraq-əsləhəsi yox idi.
Karfagenin mavrlardan ibarət yüngül silahlı piyadalarının olduğu məlumdur.
Bundan başqa, karfagenlilər oxatan dəstələri də yaratmışdılar. Əlimizdə Hannibalın İtaliya yürüşləri zamanı həmin dəstələrdən faydalandığı barədə heç bir məlumat yoxdur. Yəqin ki, onun ordusunda uzaq məsafəyə silah atan yeganə döyüşçülər sapandatanlar idi. Bu döyüşçülərin hər birinin iki sapandı vardı. Biri uzaq, digəri yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdu.
Karfagen ordusunda həmçinin atıcı maşınlar da vardı. Publi Ssipion (oğul) Yeni Karfageni işğal edərkən 120 böyük katapult[6 - Katapult – qədimdə qalaların mühasirəsi zamanı ox, daş və s. atmaq üçün işlədilən qurğu; mancanaq], 281 kiçik katapult, eləcə də digər hərbi qurğular ələ keçirmişdi. İkinci Pun müharibəsinin sonunda isə romalılar karfagenlilərdən 2 min atıcı maşını hərbi qənimət kimi götürmüşdülər.
Karfagen süvari dəstəsi isə zadəganlardan təşkil edilirdi. Onlar bahalı atlara və güclü silahlara malik idilər. Karfagendə süvari dəstələr daha erkən yaradılıb. Yəqin ki, bu, tarlaları numidiyalılardan qorumaq zərurətindən irəli gəlib. Numidiyanın Liviya ilə sərhəddi vardı. Odur ki Karfagen Liviyanı və onun qiymətli taxıl sahələrini numidiyalı atlıların hücumundan qorumalı idi.
Karfagenli süvarinin əynində yaraq-əsləhə, başında dəbilqə, əlində qalxan və qısa nizə vardı.
Qeyd etmək lazımdır ki, Hannibalın ordusunda müxtəlif xalqların nümayəndələrinə rast gəlmək olardı. Zaman keçdikcə bu müxtəliflik də artırdı. Onun qoşunlarında numidiyalılar, ispanlar və romalıların qallar adlandırdığı keltlər döyüşürdü. Sonralar ordunun tərkibinə, deyəsən, yunanlar da daxil olublar. Belə ki, Livinin yazdığına inansaq, Zamadakı döyüş zamanı Hannibalın ordusunda 4 min makedoniyalı vuruşurdu.
Hannibal müxtəlif ölkələrdən, tayfalardan və mədəniyyətlərdən olan döyüşçüləri vahid orduda birləşdirməyə heç vaxt cəhd etməyib. Onların hər biri ayrıca dəstəni təşkil edirdi. Hər dəstənin də özünəməxsus silahları və döyüş taktikası vardı. Bu fərqli dəstələrdən bacarıqla istifadə etmək Hannibalın hərbi zəkasını təsdiqləyən önəmli faktlardan biridir.
Karfagenli sərkərdə İtaliya torpaqlarındakı müharibələr zamanı qall və italik[7 - İtalik – Appenin yarımadasında yaşayan qədim xalq] tayfalarına arxalanıb. Onlar əsasən muzdlu kimi döyüşürdülər. Onlar romalı döyüşçülərdən heç də az təcrübəli deyildilər.
Karfagen ordusunun ən böyük gücü ispan ağır süvari dəstəsi idi. İspaniyada atçılıq inkişaf etmişdi və dözümlü ispan atları dağlıq yerlərdən keçməyə alışdırılmışdı. Bu isə ispan süvari dəstəsini döyüşlərdə olduqca çevik edirdi. Yəhərdən istifadə etməyən ispanlar balaca xalçalarla keçinirdilər. Onlar atları yüyən və cilovla sürürdülər.
Hannibalın ispan ağır süvari dəstəsi Makedoniya çarı II Filipin süvari qoşununun, belə demək mümkünsə, Karfagen variantı idi. II Filipə qədər yunan süvari qoşunu qısa nizələrlə silahlanmışdı. Ondan piyada qoşunun cinahdan və arxadan mühafizəsi üçün istifadə olunurdu. İlk olaraq məhz II Filip süvari qoşunlardan düşmən piyadasını yarmaq üçün faydalanıb. O bu süvari dəstələrin sayəsində Yunanıstanı, oğlu Böyük İsgəndər isə Asiyanı fəth edib.
Haminkar İspaniyada ikən buradakı süvari dəstələri və onun güclü atları ilə tanış oldu. İspan atlılarının qorxunc qılıncları ölüm saçırdı. Bu cür silahlar və düşmənlə mümkün olduğu qədər yaxın döyüşmək təcrübəsi Haminkarın xoşuna gəldi. Bundan faydalanmaq fikrinə düşdü. Nəticədə romalılara qarşı ciddi üstünlük əldə edildi.
Ardı-arası kəsilməyən döyüşlərdə zəngin təcrübə toplamış Haminkar, şübhəsiz ki, tarixdən də xəbərdar idi: o, ispan süvari dəstələrinin II Filipin süvari qoşunları kimi döyüşdüyünü bilirdi. İstənilən halda Haminkarla Gözəl Hasdrubalın Hannibala miras qoyduğu süvari dəstələri əsərimizin qəhrəmanı üçün böyük əhəmiyyətə malik idi.
***
Hannibalın ordusundan danışarkən qall piyada qoşunu ilə bağlı da ayrıca bəhs etmək lazımdır. Bu qoşunun böyük hissəsi İtaliyada Po çayının vadisində yaşayan tayfalardan toplanmışdı. M.ö. 390-cı ildə qallar Romaya hücum çəkib qarət etdilər. Onlar növbəti yüz il ərzində də dəfələrlə Mərkəzi İtaliyaya soxulmuşdular. Hannibal İtaliyaya gəlməzdən yeddi il əvvəl qalların 70 minlik ordusu Apennini keçərək, romalıların Po çayı vadisinə soxulmasına mane olmağa çalışdı. Romalılarla uzun müddət münaqişədə olan qalların Hannibalın müttəfiqinə çevrilməsi və onun İtaliyadakı ordusunun 40 faizini təşkil etməsi təəccüb doğurmur. Bu tayfanın döyüşçüləri müharibə, şan-şöhrət və qarət naminə yaşayırdılar.
Dəbilqə, böyük qalxan və uzun qılıncla silahlanmış qallar ağır piyada döyüşçülər idi. O dövrdə ən yaxşı zirehləri qallar hazırlasalar da, maraqlıdır ki, bəziləri qurşağadək çılpaq döyüşürdülər. Onlar Aralıq dənizi xalqlarından qat-qat hündür və güclü idilər. Romalıları öz boy-buxunları, açıq rəngli dəriləri, uzun saçları, hərbi rəqsləri və vahiməli döyüş çağırışları ilə qorxudurdular. Qalların hücumları qarşısıalınmaz idi, baş kəsmək adətləri isə dəhşət doğururdu. Romalı tarixçilər bu tayfanın zəif nöqtələri arasında səbirsizliklərini, təlaşa meylli olmalarını və döyüş yerlərini tez tərk etmələrini göstərirlər.
Ağır piyada qoşunu təşkil edən qalların əsas silahı uzunluğu bir yard (təxminən bir metr) olan ikiağızlı qılınc idi. Qılıncını başının üzərində bir neçə dəfə hərlədən qall onu düşməninin üzərinə balta kimi endirirdi.
Qallar fərdi döyüşə üstünlük verirdilər.
Onların süvari dəstələrində isə əsasən əyanlar, tayfa başçıları xidmət edirdilər. Dəmir zirehli döyüşçülərin başında dəbilqə, əllərində yumru qalxan olurdu. Əsas silahları nizə və qılınc idi. Qall süvari dəstələri, adətən, qəfil hücuma keçir yaxud kəşfiyyata gedir, aparıcı mövqeləri ələ keçirərək düşmənə ağır zərbə vururdular.
Döyüş zaman qallı əsgərləri idarə etmək çətin başa gəlirdi. Odur ki karfagenli sərkərdələr çox zaman onlardan düşmənin mərkəzi sıralarını yarmaq üçün istifadə edirdi. Bu cür taktika ağır itkilərə gətirib çıxarırdı və qallar bəzən Hannibalın onları qurban verməsindən şikayətlənirdilər.
Numidiya yüngül süvari dəstələri isə Hannibalın ən yaxşı və ən etibarlı döyüşçüləri idi. Onlar bəzən Karfagenin düşməninə, bəzən də müttəfiqinə çevrilsələr də, əsas etibarı ilə muzdlu kimi döyüşürdülər. Bu dəstələr müasir Əlcəzair ərazisinin bir hissəsini tutan Numidiyadan gəlmişdi. Livi numidiyalı «atlar və atlıların arıq, lakin qıvraq olduğunu» yazırdı: «Onlar zirehsiz idilər, silahları isə təkcə nizədən ibarət idi».
Numidiyalı atlıların, həqiqətən də, qılıncları yox idi. Erkən yaşdan at minib-çapmağı öyrənən numidiyalıların başqa bir qəribə cəhətləri vardı: onlar atlarını yəhərsiz çapır, təhlükəsizlik üçün heyvanın boynuna kəndir atmaqla kifayətlənirdilər. Yüyən və cilovdan istifadə etməyən numidiyalılar atları ayaqlarının və çubuğun, eləcə də çıxardıqları səslərin köməyi ilə idarə edirdilər. Müdafiə məqsədi ilə balaca yumru qalxanlardan yararlanırdılar. Bəzən isə hətta bundan da imtina edir, sadəcə, qollarına dəri geyməklə kifayətlənirdilər.
***
Hannibalın ordusunda fillərdən də geniş istifadə olunurdu.
Xatırlatmaq yerinə düşər ki, bu nəhəng heyvanlardan hərbi vasitə kimi istifadə edilməsi faktı ilə ilk dəfə Makedoniyalı İsgəndər qarşılaşıb. Həmin hadisə farslarla müharibə zamanı baş verib. Onlar isə bu fəndi, yəqin ki, hindlilərdən öyrənmişdilər. Hind çarı Porun filləri Gidasp döyüşündə İsgəndərin ordusuna əməllicə başağrısı yaşadıb. Həmin döyüş M.ö. 326-cı ildə baş vermişdi.
Karfagenlilər isə ilk dəfə fillərlə M.ö. 310-cu ildə qarşı-qarşıya gəliblər. Həmin vaxt Sirakuzlu Aqafokl Afrikaya soxularaq Karfageni ələ keçirmək istəmişdi. Bundan başqa, M.ö. 278–276-cı illərdə Siciliyada baş verən müharibə zamanı da fillər silah aləti kimi istifadə olunub. Karfagenlilər məhz həmin müharibədən sonra öz ordularına filləri də daxil etmişdilər. Belə ki, fillər döyüş arabalarını əvəzləyirdilər.
Karfagenlilər ilk dəfə fillərdən Akraqas (M.ö 262-ci ildə), sonra isə Panorma döyüşündə (M.ö. 250-ci ildə) yararlanıblar. Yunanlar və karfagenlilər nəhəng hind fillərini əldə edə bilmədiklərindən Afrikanın meşə fillərinə təlim keçmək məcburiyyətində qalırdılar. Bu zaman daha çox yaşı 5-i keçməyən gənc filləri tutmağa çalışırdılar, hərçənd onları 10 yaşından başlayaraq əhliləşdirirdilər. Meşə filləri 20 yaşında tam hazır olur və 40 yaşınadək xidmət edə bilirdi. Bu heyvanlar vəhşi təbiətdə 60 il yaşadığı halda insanların yanında yaşları 40-ı ötmürdü. Saatda 3 mil[8 - Mil – 1609 metrə bərabər uzunluq ölçü vahidi] qət edə bilən həmin fillər gün ərzində ağır yüklə 15 hətta 20 mil getməyi bacarırdılar.
Birinci Pun müharibəsi zamanı Karfagen ordusunda 300 fildən ibarət dəstə vardı.
Daha bir maraqlı fakt: Hannibalın otuz yeddi filinin hamısı Alp dağlarından sağ-salamat keçə bilmişdi. Sərkərdə Trebbi çayı (İtaliya) yaxınlığında baş verən döyüş zamanı bu heyvanlardan piyada qoşununu mühafizə etmək üçün istifadə etmişdi. Belə ki, fillər romalıların cinahlardan hücumunun qarşısını almışdı. Hannibal bataqlıqdan keçəndə göz infeksiyasına mübtəla olarkən isə ətrafındakılar ona yolun qalan hissəsini filin üstündə getməyi məsləhət görmüşdülər. Çünki bu halda yerdən xeyli yuxarı ilə gedəcək və yeni infeksiyaya tutulmayacaqdı.
Fillər İspaniyadakı döyüşlər zamanı da böyük rol oynayıb. Publi Ssipion (oğul) bütün həlledici döyüşlərdə karfagenlilərin filləri ilə qarşılaşmalı olurdu. Oğul Ssipion fillərdən o qədər çəkinirdi ki, dəstələrinin nizamını belə dəyişmişdi. İndi onların arasında bəlli məsafədə keçid qoyulurdu. Həmin keçidlər fillərin hücumundan yayınmağa imkan verirdi.
Fillərin Karfagen ordusunda daha bir mühüm rolu vardı. Bu heyvanlar ömürlərində fil görməyən düşmən döyüşçülərini dəhşətə gətirirdi. Üstəlik, fillərin hücumunu dəf edə bilmək üçün rəqiblər atlara ayrıca təlim keçməli olurdular. Yalnız xüsusi təlim görmüş belə atlara malik süvari döyüşçülər bu nəhəng heyvanlarla mübarizədən salamat çıxa bilirdilər.
Lakin bütün döyüş vasitələri kimi fillərin də öz qüsurları vardı. Məsələn, ox və nizə yağışına tutulan nəticədə yaralanan fillər azğınlaşır, bu zaman onları idarə etmək çətinləşir, bəzən mümkünsüzə çevrilirdi. Belə vaxtlarda onlar adətən arxaya doğru qaçır və karfagenli əsgərləri tapdalayıb keçirdilər. Üstəlik, döyüş planı da alt-üst olurdu. Bəzi tarixçilərin yazdığına görə, karfagenli çarvadarlar[9 - Çarvadar – yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adam] özləri ilə uzun mıx və çəkic daşıyırdılar. Fil sahibinə tabe olmadığı təqdirdə çarvadar onun kəlləsinə mıx çalır və zavallı heyvan anındaca ölürdü. Buna baxmayaraq, fillər bir çox tarixi qələbənin qazanılmasında mühüm rol oynayıblar.
Görəsən Hannibal çətin yürüşlərə niyə özü ilə filləri də aparırdı? Axı romalılar bu heyvanları yaxşı tanıyır və onlarla necə mübarizə aparacaqlarını bilirdilər. Məsələn, məşhur yunan sərkərdəsi Pirr M.ö. 280-ci ildə romalıları məhz fillərin sayəsində məğlub etmişdi. Bundan nəticə çıxaran romalılar beş il sonra baş verən Benevent döyüşündə iki fili öldürmüş, səkkizini də ələ keçirmişdilər.
İstisna edilmir ki, Hannibal bu heyvanlardan daha çox düşmən üzərində psixoloji üstünlük qazanmaq üçün yararlanırdı. Yuxarıda vurğuladığımız kimi bu nəhəng heyvanların döyüş meydanındakı varlığı istər-istəməz qarşı tərəfdə narahatlıq və təşviş yaradır, onu əlavə güc sərf etməyə məcbur edirdi.

Hannibalın döyüş taktikaları
Artıq bilirsiniz ki, Karfagen ordusu müxtəlif qruplardan ibarət idi. Bu qrupların hərəsi bir xalq və ya tayfadan təşkil olunmuşdu. Üstəlik, hər qrupun özünəməxsus döyüş üslubu və silahları vardı. Belə bir ordunu idarə etmək asan deyildi. Buna baxmayaraq, karfagenli sərkərdələr həmin işin öhdəsindən məharətlə gəlirdilər.
Bir mühüm məqamı qeyd etmək lazımdır: Haminkarla Gözəl Hasdrubal öz əsgərlərinə qarşı olduqca ədalətli və mərhəmətli davranırdı. Məhz bu məqam hər iki sərkərdənin bəzi ispan tayfaları ilə sıx əlaqələr yaratmasında həlledici rol oynamışdı. Hasdruballa Hannibal hətta ispan şahzadələri ilə evlənmişdilər. Hərçənd İspaniyadakı Roma ordusuna sərkərdəlik edən Publi Ssipion (oğul) da yerli tayfalarla münasibətdə mərhəmətli və ədalətli olmaq üçün əlindən gələni əsirgəmirdi. Bu səbəbdən bir çox ispan tayfaları onu öz hökmdarları kimi salamlayıb, himayədarları hesab edirdilər.
Lakin Karfagen ordusunda əsgərlərə qarşı həmişə mərhəmətli və ədalətli davranıldığını söyləmək olmaz. Hərbi nizam-intizamı qoruyub saxlamaq üçün karfagenli sərkərdələr bəzən amansız və qəddar ola bilirdilər. Onlar əsgərləri döyür, şikəst edir və barələrində ölüm hökmü çıxarırdılar. Eyni təcrübədən Hannibalın Karfagen ordusuna rəhbərlik etdiyi vaxtda da istifadə olunurdu. Ancaq bu bir çox tayfaların onun ordusunda həvəslə xidmət etmək istəməsinə əngəl yaratmırdı.
Hannibal zamanında Karfagen ordusunda əvvəlcədən müəyyənləşdirilmiş döyüş taktikaları tətbiq edilmirdi. Qoşunların savaş meydanında uğuru əksər hallarda döyüşün gedişatından asılı idi. Bu zaman sərkərdələrin təcrübəsi işə düşür, onlar situasiyaya uyğun qərarlar verirdilər. Zəfər əldə etmək üçün bəzən ayrı-ayrı hərbi taktikaları ümumiləşdirmək lazım gəlirdi. Bu olduqca mürəkkəb vəzifə idi və sərkərdələr onun yarada biləcəyi çətinliklərdən xəbərdar idilər.
Karfagen ordusunun piyada qoşunu kifayət qədər güclü və təcrübəli olsa da, Hannibal həlledici anlarda daha çox süvari dəstələrə güvənirdi. Nəticədə karfagenlilər süvari qoşunu elə də ürəkaçan durumda olmayan romalılar üzərində aşkar üstünlük qazanırdılar. M.ö. 202-ci ildə baş tutan Zama döyüşü istisna olmaqla, yerdə qalan bütün hərbi əməliyyatlarda Hannibalın süvari dəstələrinin üzərinə ciddi iş düşmüşdü. Karfagenli süvari dəstələri düşmənin piyada qoşununa cinahlardan və arxadan hücüm çəkə bilir, bununla savaşın gedişatını dəyişirdi. Hannibal həmin taktikanı da Makedoniyalı II Filipdən öyrənmişdi. Məsələ burasındadır ki, karfagenli sərkərdənin dostlarından biri Sosil adlı yunan idi. Qədim tarixçilərin yazdıqlarından belə məlum olur ki, Sosil Hannibala yunan dili ilə yanaşı yunan və makedon döyüş taktikalarını öyrədib. Bununla belə, Hannibal yunan döyüş taktikalarını Haminkarın ordusunda xidmət edərkən də mənimsəyə bilərdi.
Karfagenli sərkərdənin hər savaş zamanı üstünlük verdiyi ümumi qaydalar vardı. Bunlardan biri düşmən qarşısına çıxan çayı, yaxud dağlıq və ya meşəlik kimi mürəkkəb maneəni dəf etməyə macal tapmadan ona hücum çəkmək idi. Nümunə kimi romalıların Trebbi çayını keçərkən başlarına gələnləri göstərmək olar. Həmin vaxt onlar tamam əldən düşmüşdülər, üstəlik, soyuqdan tir-tir əsirdilər. Nəticədə karfagenlilərin qəfil hücumu ağır məğlubiyyəti qaçılmaza çevirdi. Başqa bir qayda döyüşün baş verdiyi ərazinin coğrafi göstəricilərindən maksimum şəkildə istifadə etmək idi. Karfagenli sərkərdələr tez-tez cinahlarda ağır hərbi birləşmələr yerləşdirir, bu zaman düşmənə manevr etməsi üçün mümkün qədər az yer saxlayırdılar. Bəzən bunun üçün piyada və süvari dəstələrlə yanaşı, fillərdən də istifadə olunurdu. Coğrafi mövqe əlverişlidirsə, Karfagen süvarilərinin bir hissəsi rəqibin qoşununu döyüş meydanından sıxışdırıb çıxarır, digər hissəsi isə arxadan qəfil hücuma keçirdi.
Bir sözlə, Hannibalın ordusu əksər qələbələrini ağıllı şəkildə düşünülmüş və dəqiqliklə icra edilmiş hərbi qərarlar nəticəsində qazanmışdı.

Karfagenlilərin düşməni – romalılar
Roma ordusu uzun müddət legion adlanıb. Legion manipula adlı hərbi dəstələrə, bu hərbi dəstələr isə senturiyalara bölünürdü.
Roma ordusunda 100 illər boyunca əsasən romalıların özləri xidmət edirdilər. 17 yaşından 46 yaşınadək bütün kişilər hərbi xidmətə çağırıla bilərdi. Piyada qoşunlarda xidmət müddəti 20, süvari dəstələrdə isə 10 il idi. Yoxsul romalıları daha çox hərbi donanmalarda qulluğa götürürdülər.
M.ö. 400-cü ildə orduda qeyri-romalıların da xidmət etməsinə icazə verildi. Oğlan uşaqları hərbi xidmət haqqında ilk bilikləri atalarından öyrənirdilər. Orduya çağırılan gənclər bir neçə həftə ərzində təcrübəli hərbi tribunların başçılığı ilə təlim keçir və yalnız bundan sonra legionun tərkibində döyüşə yollanırdılar. Növbəti təlimə görə isə legionun rəhbəri məsuliyyət daşıyırdı.
Respublikanın əsası qoyulandan sonra (M.ö. 509-cu ildə) ilk Roma qoşunu yunan hərbi ənənələri üzərində formalaşmışdı. Onların hətta silahları yunan döyüşçülərinin silahlarını xatırladırdı. Romalı əsgərlər qısa nizədən, yumru qalxandan, dəbilqədən, yaraq-əsləhədən, ayaq süpərisindən[10 - Süpəri – qədim döyüşçülərdə ayağı dizdən topuğa qədər örtən dəmir sipər] və qılıncdan istifadə edirdilər.
M.ö. 343–341-ci illərdə baş verən Samnit müharibəsindən sonra romalılar o vaxtadək cinahlara bölünən legionu manipullara bölünən legionla əvəzlədilər. Üstəlik, əvvəlkindən fərqli olaraq yüngül taxta qalxanlardan və skutumlardan[11 - Skutum – ortasında dəstəyi olan uzun qalxan] istifadə etməyə başladılar. Romalılar skutumlarla yanaşı, pilumlardan[12 - Pilum – nizə növü] da faydalanırdılar və hər iki silahı Samnit müharibəsindəki rəqiblərindən – Mərkəzi İtaliyada məskunlaşmış qədim xalq olan samnitlərdən götürmüşdülər. Manipulyar legion, adətən, 4300 piyada əsgərdən və 300 atlıdan ibarət olurdu. Zəruri zamanlarda legionun sayı 5200 piyada döyüşçüyədək artırıla bilərdi.
Manipulyar legion Pun müharibələri boyu əsas hərbi birləşmə idi. Lakin romalılar karfagenlilərin ispan ağır piyada qoşununa tab gətirə bilməyəcəklərini anlayanda legionun sayını daha da artırmalı oldular.
Roma ordusunun özünəməxsus düzülüşü vardı. Ən gənc və zirək, bununla belə, az təlim görmüş döyüşçülər yüngül piyada qoşunlarına cəlb edilirdi. Onlara velit[13 - Velit – qədim Roma ordusunda piyada dəstələri] deyilirdi, döyüşlərdə daha çox ox və nizə atıcısı kimi çıxış edirdilər. Ön xətti təmsil edən ikinci qrup döyüşçülər isə qastatlar adlanırdı və dəbilqə, sinəbənd, ayaq süpəri kimi yaraqlarla silahlanırdılar. İkinci xətdə ən yaxşı və ən təcrübəli döyüşçülər – prinsiplər düzülürdülər. Prinsiplər əsasən 30 yaşlarında olan və canları döyüşlərdə bərkimiş veteranlar idi. Onlar qastatlar kimi silahlanmışdılar. Üçüncü xətt 40-45 yaşlı veteranlardan – triarilərdən ibarət idi. Uzun nizələrlə silahlanmış triarilərin öz vəzifəsi vardı. Belə ki, irəlidəki iki ön xətt düşmənə tab gətirməyəndə onlar geriyə çəkilən qastatlarla prinsiplərin qarşısını kəsir, hər iki qrupun yenidən toparlanmasına imkan yaradırdılar. 4200 döyüşçüdən ibarət legiona 1000 velit, 1200 qastat, 1200 prinsip, 600 triari və təxminən 100 zabit daxil idi.
Romalıların döyüş taktikaları da öz dövrünə görə kifayət qədər ağıllı düşünülmüşdü. Manipullar ordunun əsas taktiki bölməsi idi və hər birinin tərkibinə 120 əsgər daxildi. Döyüşün gedişində onlar da yarıya bölünərək iki senturiya yaradırdılar. Manipullar şahmat düzülüşü ilə yerləşirdilər. Ön xəttin döyüşçüləri düşmənə güc gələ bilməyəndə tədricən geri çəkilir, bu zaman ikinci xəttin əsgərləri döyüşə atılırdı. Beləcə, fürsətdən istifadə edən ön xəttin döyüşçüləri yenidən toparlanmağa macal tapırdı. Həmin manevr bir neçə dəfə təkrarlanır və nəticədə ön xətdəki döyüşçülərin uzun müddət tam gücü ilə vuruşması təmin edilirdi.
Xətlər arasındakı bu cür yerdəyişmə daha bir üstünlük yaradırdı. O dövrdə ön cərgələr məğlubiyyətə uğrayan kimi əsgərlər qaçıb canlarını qurtarmağa çalışırdı. Lakin xətlər arasındakı mütəmadi yerdəyişmə fərarilik cəhdlərinin qarşısını alırdı. Publi Ssipion (oğul) öz əsgərlərini bu manevrlə döyüşdürən ilk romalı sərkərdə idi.
Tarixdə vahid ordunun tərkibində vəziyyətə uyğun sərbəst şəkildə qərarlar verə və həmin qərarlar üzrə hərəkət edə bilən ilk əsgərlər də romalılar olub. Bu da onlara bir çox döyüşlərin gedişatını kökündən dəyişmək imkanı yaradıb.
Daha bir maraqlı məqam: romalılar karfagenlilərlə döyüşdə daha çox yunanlarda rast gəlinən qısa qılınclardan istifadə ediblər. İkinci Pun müharibəsi zamanı isə İspaniyada bəzi legionlar tədricən falkatalarla[14 - Falkata – oraqşəkilli qılınc] silahlanmağa başladılar. Bu qısa qılınclar uzun təkamül yolu keçdikdən sonra məşhur qladiusa – ispan qılıncına çevrildi. Roma qladiusunun uzunluğu iyirmi düym[15 - Düym – 2,54 santimetrə bərabər uzunluq ölçüsü], eni isə təxminən üç düymə çatırdı. Möhkəm poladdan düzəldilən bu qılınclar sınmadığından romalı əsgərə psixoloji cəhətdən ciddi üstünlük qazandırırdı. Hərçənd həmin qılıncdan istifadə etmək üçün yüksək hazırlıq və bacarıq tələb olunurdu.
Romalıların müharibədəki aparıcı hərbi gücü ağır piyada qoşunları idi. Bu qoşunlar mərkəzdə dayanır və düşmən ordusunu zəiflədənədək zərbələr endirirdi. Karfagenlilər savaş zamanı çox vaxt qalları irəli verdiyindən və mərkəzi mühafizə etmək üçün cinahlarda düzülmüş ispan piyada qoşunlarına bel bağladığından bu romalıların işinə yarayırdı. Belə ki, onlar ispanlarla müqayisədə daha nizam-intizamlı və inadkar təsir bağışladıqlarından çox keçmirdi ki, düşmən üzərində üstünlük əldə edirdilər.
Buna baxmayaraq, Roma ordusunun zəif yerləri də az deyildi. Məhz həmin zəif yerləri yaxşı dəyərləndirən karfagenli sərkərdələr uğur qazanmağı bacarmışdılar. Birincisi, romalılarda peşəkar zabitlər az idi. Bu zabitlər çox vaxt mülki şəxslər olurdu. Başqa bir problem də vardı. Orduya növbə ilə iki konsul başçılıq edirdi: bir gün biri, ertəsi gün digəri. Bu cür rəhbərlik xeyli dərəcədə ikihakimiyyətlilik yaradır, fikir ayrılığına gətirib çıxarır və qoşunların döyüş qabiliyyətini aşağı salırdı. Düşmən cəbhəsindəki belə vəziyyətlərdən Hannibal dəfələrlə istifadə etmişdi.
Romalıların daha bir zəif yeri süvari dəstələri idi. Bu dəstələr tez-tez nizamsızlıq nümayiş etdirir, hədəfi düzgün müəyyənləşdirmir, döyüş meydanında necə gəldi vuruşurdular. Hannibal romalıların süvari dəstələrinin səriştəsizliyindən istifadə edərək bir neçə həlledici qələbə qazanmışdı.
Romalılardan fərqli olaraq, Hannibalın süvari qoşunları əla təlim keçmiş və yaxşı silahlanmışdı. Karfagenlilər Romanın süvari qoşunlarını döyüş meydanında pərən-pərən salır, yalnız bundan sonra piyada qoşunlara keçirdilər. Hətta Publi Ssipion (oğul) kimi bacarıqlı və qəddar sərkərdə belə süvari qoşunlardakı vəziyyəti dəyişə bilməyib. O, sonda romalılardan əlini üzmüş və ispan muzdlularından ibarət süvari dəstələr yaratmalı olmuşdu.
Karfagenlilərlə müqayisədə qarşı tərəfin daha bir ciddi əskikliyi kəşfiyyat işinin zəif qurulması idi. Bu səbəbdən də romalılar Hannibalın planlarından və hədəflərindən, demək olar, məlumatsız idi. Onlar mütəmadi şəkildə çıxılmaz vəziyyətdə qalırdılar: nə karfagenlilərin hücumlarından, nə də başqa təhlükələrdən vaxtında xəbər tuturdular. Müxtəlif vaxtlarda Romanın altı legionuna pusqu qurulması və darmadağın edilməsi də dediklərimizi təsdiqləyir.
Hannibal isə yuxarıda da vurğuladığımız kimi güclü kəşfiyyat xidmətinə sahib idi. O, peşəkar casuslarla yanaşı, tacirlərdən və s. kəşfiyyat məqsədilə mahir şəkildə faydalanırdı. Üstəlik, karfagenli sərkərdə kəşfiyyat xidmətindən yalnız düşmən barədə zəruri bilgilər toplamaq üçün yararlanmırdı. Eyni zamanda ondan qarşı tərəfdə təxribatlar yaratmaq, Roma ilə müttəfiqləri arasına nifaq salmaq üçün istifadə edirdi.
Bir sözlə, iki amansız rəqibin – Karfagenin və Romanın arasında istər orduların quruluşu, istərsə də döyüş strategiyaları və taktikaları baxımından kəskin fərqlər vardı. Elə onların bir-biriləri ilə hərbi mübarizəsinin taleyini də məhz həmin fərqlər müəyyənləşdirirdi…

Karfagenlə Roma arasında savaşın səbəbləri
Karfagen M.ö. 814-cü ildə Finikiya[16 - Finikiya – indiki Suriya, Livan və İsrail ərazilərini əhatə edən, Aralıq dənizi sahilində qədim ölkə. M.ö. XIII-VIII yüzilliklərdə mövcud olmuşdur.] şəhər-dövləti olan Tirin müstəmləkəsi kimi yaradılıb. Qeyd edək ki, Qərbi Aralıq dənizi sahilində Finikiya müstəmləkələrinin yaradılması yunanların Şərqi Aralıq dənizi sahilindəki hegemoniyasını zəiflətmək məqsədi daşıyırdı. Nəticədə M.ö. VIII–VII əsrlərdə burada xeyli Finikiya müstəmləkəsi meydana çıxdı. Karfagen isə onlardan yalınız biri idi.
Müstəmləkələr Siciliyada, Korsikada, Sardiniyada və İspaniyada salınmışdı. Əvvəllər həmin müstəmləkələr sadəcə ticarət məntəqələri rolunda çıxış edirdi. Lakin zaman keçdikcə onların bir çoxu xeyli gücləndi və müstəqil mövqelərə sahib olmağa başladı. Elə Karfagen kimi! Hətta bir müddət sonra iş o yerə çatdı ki, bəzi müstəmləkələr öz nicatını Tirdə deyil, Karfagendə axtarmağa başladı.
M.ö. 498-ci ildə yunanlar Karfagen şəhərlərinə hücum çəkməyə başladılar. 18 il davam edən bu mübarizədə heç bir strateji uğur əldə olunmadı. M.ö. 480-ci ildə isə karfagenlilər Siciliyaya soxularaq, yunanları adadan qovmağa çalışdılar. Həmin vaxt Karfagen 300 min əsgər, 200 hərbi və 3 min yük gəmisindən ibarət hərbi gücə malik idi. Bu qədər nəhəng orduya isə həmin vaxt Karfagenin aparıcı dövlət xadimi olan Haminkar başçılıq edirdi.
Qarşı tərəfə gəlincə, 2 yunan tiranı[17 - Tiran – Qədim Yunanıstanda və XIII-XVI əsrlərdə İtaliyanın şəhər-respublikalarında hakimiyyəti zorla ələ keçirən şəxs] – Qelon və Teron 24 min piyada əsgər və 2 min atlıdan ibarət ordu toplamışdı. Müttəfiqlərinin dəstəyinə ümid bəsləyən Haminkar isə süvari dəstələri özü ilə götürmədi. Bundan xəbər tutan Qelon karfagenliləri qəfil yaxaladı və Haminkarın ordusunu darmadağın etdi. Bu məğlubiyyəti özünə sığışdırmayan Haminkar müqəddəs tonqala atılaraq özünü öldürdü.
Həmin hadisədən sonra karfagenlilər 90 ilə yaxın müddətdə Siciliyanı rahat buraxdılar və Afrikadakı torpaqları ələ keçirməyə yönəldilər.
Nəhayət, M.ö. 409-cu ildə Karfagen ordusu Siciliyanı qaytarmağa cəhd etdi. Ordu Hannibalın başçılığı altında dəniz yolu ilə Siciliyaya gəldi. Əvvəlcə buradakı Selinus, ardınca isə Qimer şəhəri tutuldu. Haminkarın özünü müqəddəs tonqala atdığı yerdə 3 min kişi və qadın işgəncələrə məruz qaldıqdan sonra qətlə yetirildi. M.ö. 406-cı ildə Sirakuz istisna olmaqla, Karfagen artıq Siciliyanın yunan hissəsinə sahib idi. Bir il sonra Sirakus tiranı Dionisi Karfagenlə sülh müqaviləsi bağlamağa məcbur oldu.
Siciliyada mövqelərini gücləndirən karfagenlilər Qərbi Aralıq dənizinə nəzarəti də ələ almışdılar. Həmin vaxt Karfagen dövlətinin tərkibinə Cənubi İspaniya, Qades, Korsika, Sardiniya, Balear adaları, Malta və Şimali Afrika sahili daxil idi. M.ö. 348-ci ildə Karfagenlə Roma arasında müqavilə bağlandı. Həmin müqaviləyə görə karfagenlilər romalıların, romalılar isa karfagenlilərin torpaqlarına yaxınlaşa bilməzdilər. İki ölkənin torpaqları arasındakı sərhəd Korsika şəhəri oldu. M.ö. 306-cı ildə Roma ilə Karfagen arasında növbəti müqavilə imzalandı. Bu müqaviləyə görə Karfagen Romanın İtaliyada, Roma isə Karfagenin Şimali Afrikada hakimiyyətini tanıyırdı.
Beləcə, təxminən M.ö. VIII əsrdən III əsrədək Roma ilə Karfagen Qərbi Aralıq dənizi sahillərində əsas dövlətlər kimi inkişaf etdi. Nə qədər ki, Karfagen Roma limanlarına soxulmur, Roma isə Karfagen ərazisinə girmirdi, hər iki dövlət qarşılıqlı uzlaşma şəraitində yaşayırdı.
İtaliya üzərində hakimiyyətini tamamilə möhkəmləndirmək üçün Romaya təxminən üç əsr lazım oldu. Nəhayət, İtaliyanın böyük bir hissəsinə ağalıq edən Roma karfagenlilər və yunanların Siciliyada mövcudluğunu həzm etməməyə başladı. Romalıların fikrincə, bu onların daha geniş əraziləri ələ keçirmələrinə mane olurdu.
Beləliklə, M.ö. 264-cü ildə Roma Siciliyaya soxulmaq qərarına gəldi. Bununla da Birinci Pun müharibəsi başladı.

Birinci Pun müharibəsi
(M.ö. 264–241-ci illər)
Mamertinlər – İtaliyanın Kampaniya adlanan vilayətindən olan muzdlular idi. Onlar ilk Pun müharibəsinin əsas səbəbkarı hesab edilir. Sirakuzlu Aqafoklun yanında xidmət edən bu muzdlular karfagenlilərlə müharibədən sonra Siciliyada gəzib-dolaşırdılar. M.ö. 289-cu ildə Aqafokl öldü. Bundan sonra mamertinlər Messina şəhərinə doluşdular. Şəhər sakinləri onları gülərüzlə qarşıladı. Lakin mamertinlər tezliklə yerli əhalinin axırına çıxıb, mal-mülklərini öz aralarında böldülər və Siciliyanın şimal-şərq hissəsinə ağalıq etməyə başladılar. Aqafoklun varisi olan Gieron bu vəziyyətdən razı qalmayıb, onların üstünə hücum çəkdi. Lonqan çayı yaxınlığındakı döyüşdə mamertinlər məğlubiyyətə uğradı. Gieron bu qələbədən sonra Messinaya doğru hərəkət etsə də, karfagenlilər onlara qarşı çıxdılar. Mamertinlər karfagenlilərin hakimiyyəti altında olmaq istəmədikləri üçün romalılardan onları Messinadan qovmağı xahiş etdilər.
Beləcə, bu şəhər Roma ilə Karfagen arasında mübahisəli bölgəyə çevrildi. Axırda romalılar karfagenlilərlə anlaşmanı pozmaq qərarına gəldilər və öz qoşunlarını Messinaya göndərdilər. Həmin vaxt Karfagen donanyması uzaqda olduğundan Qannonun başçılığı altında azsaylı ordu romalılara müqavimət göstərməyə çalışdı. Ancaq müqavimət nəticəsiz qaldı və romalılar Messinanı tutdular. Həmin məğlubiyyətdən sonra Qannon Karfagenə qayıtdı. Karfagenlilər Messinanı qoruyub saxlaya bilmədiyi üçün onu edam etdilər.
Bu vaxt xəbər gəldi ki, Sirakuzlu Gieron da Romanın tərəfinə keçib. Beləcə, Siciliyada gücünü bir az da artıran romalılar Messinanın ardınca Aqriqent şəhərini tutdular. Düşmənə açıq döyüşdə qalib gələ bilməyəcəyini düşünən karfagenlilər maraqlı taktika seçdilər. Siciliya ərazisinə yaxşı bələd olduqları üçün pusqular qurmağa, Roma gəmilərinə hücum etməyə başladılar. Bu bir növ partizan müharibəsini xatırladırdı. Beləcə, dörd il ərzində romalıların daha da irəliləməsinin qarşısını alındı. Lakin bu onları Siciliyanı tamamilə ələ keçirmək niyyətindən daşındırmadı.
Güclü donanması olmadan Karfageni məğlub edə bilməyəcəyini anlayan Roma cəmi iki ay ərzində yüz kvinkvirema[18 - Kvinkvirema – hərbi gəmi növü] və iyirmi trirema[19 - Trirema – hərbi gəmi növü] inşa etməyi bacardı. Polibi yazır ki, donanmanın inşaatına ümumilikdə 20 min adam cəlb edilmişdi.
Ellin dövrünün[20 - Ellin dövrü – Yunanıstanda və Aralıq dənizinin şərq sahili ölkələrində Makedoniyalı İsgəndərin hərbi yürüşlərindən (M.ö. 334–323) başlayaraq burada Roma imperiyasının hökmranlığı tam bərqərar olanadək (M.ö. 30-cu il) davam edən tarixi mərhələ] sonundan başlayaraq kvinkvirema Aralıq dənizi donanmasında əsas hərbi gəmi idi. O da trirema kimi ilk dəfə karfagenlilər tərəfindən inşa olunmuşdu. Kvinkviremanın uzunluğu 120, eni isə 18-20 fut[21 - Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi] idi. Yelkənlərin ümumi sahəsi təxminən 1400 kvadrat fut təşkil edirdi. Yuxarı və aşağı göyərtələrə ayrılan kvinkviremanın heyəti 400 nəfərdən ibarət idi: 280 avarçəkən, 75-100 nəfərdən ibarət abordaj[22 - Abordaj – bilavasitə vuruşmaq üçün gəmilərin bir-birinə yanaşdırılmasından ibarət qədim dəniz müharibəsi üsulu] piyada dəstəsi, 25 matros və zabit. Sahəsi 2 min kvadrat fut olan göyərtədə cəmi 2-3 günlük azuqə və su ehtiyatı olurdu. Belə ki, uzun müddət suda qalan nəqliyyat gəmilərindən fərqli olaraq hərbi gəmilər dincəlmək, yeni ehtiyat yığmaq və heyəti tamamlamaq üçün müntəzəm olaraq sahilə yan almalı idi.
Lakin məsələ gəmi tikməklə bitmirdi, heyətə təlim keçmək də lazım idi. Odur ki romalılar inşaat müddətində təkcə 44 min adama quruda avar çəkməyi öyrədirdi. Gəmilər tikiləndən sonra isə heyətlər göyərtədə təlim keçməyə başlayır və yalnız bundan sonra hərbi əməliyyatlara qoşulurdular.
Qısa vaxtda böyük donanma yaratmalarına baxmayaraq romalılar dənizçilikdə qat-qat təcrübəli olan karfagenlilərin əlinə su tökməyə yaramırdılar. Odur ki düşmən üzərində üstünlük qazana bilmək üçün maraqlı fəndə əl atdılar: onlar gəmiləri qarmaq-lövbər və aşma körpü ilə təchiz etdilər. Yüz il əvvəl qallar həmin lövbərlərin sayəsində romalıların gəmilərini öz göyərtələrinə tərəf çəkmiş, düşmən gəmisinə soxulmuş və heyəti qətlə yetirmişdilər. Aşma körpü isə romalıların özlərinin kəşfi idi. Onlar bu körpü ilə düşmənin gəmisinə keçir və heyətinə hücum çəkirdilər. Hərçənd həmin körpülərlə təchiz olunmuş Roma gəmiləri karfagenlilərin gəmilərindən daha ağır, üstəlik, fırtına zamanı idarəolunmaz idi. Bu səbəbdən də romalılar minlərlə dənizçi və əsgər itirdilər, belə ki, fırtına zamanı gəmilər suda batırdı.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289397) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Mestri Plutarx – qədim yunan yazıçısı və filosofu, Roma dövrünün ictimai xadimi

2
Urna – yandırılmış cənazənin külünü saxlamaq üçün qab

3
Publi Korneli Ssipion (M.ö. 235 – M.ö. 183) – Qədim Roma sərkərdəsi və siyasi xadim. Hərbçi və dövlət xadimi olan atası ilə eyni ad və soyadı daşıyırdı. Odur ki əsərin müəyyən yerlərində onları fərqləndirmək üçün mötərizədə yazılmış «ata» və «oğul» sözlərindən istifadə edəcəyik.

4
Polibi – M.ö. 200 – M.ö. 120-ci illərdə yaşamış qədim yunan tarixçisi, dövlət xadimi və sərkərdə

5
Teodor Mommzen (1807 – 1903) – alman tarixçisi, filoloq və hüquqşünas. 1902-ci ildə «Roma tarixi» əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

6
Katapult – qədimdə qalaların mühasirəsi zamanı ox, daş və s. atmaq üçün işlədilən qurğu; mancanaq

7
İtalik – Appenin yarımadasında yaşayan qədim xalq

8
Mil – 1609 metrə bərabər uzunluq ölçü vahidi

9
Çarvadar – yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adam

10
Süpəri – qədim döyüşçülərdə ayağı dizdən topuğa qədər örtən dəmir sipər

11
Skutum – ortasında dəstəyi olan uzun qalxan

12
Pilum – nizə növü

13
Velit – qədim Roma ordusunda piyada dəstələri

14
Falkata – oraqşəkilli qılınc

15
Düym – 2,54 santimetrə bərabər uzunluq ölçüsü

16
Finikiya – indiki Suriya, Livan və İsrail ərazilərini əhatə edən, Aralıq dənizi sahilində qədim ölkə. M.ö. XIII-VIII yüzilliklərdə mövcud olmuşdur.

17
Tiran – Qədim Yunanıstanda və XIII-XVI əsrlərdə İtaliyanın şəhər-respublikalarında hakimiyyəti zorla ələ keçirən şəxs

18
Kvinkvirema – hərbi gəmi növü

19
Trirema – hərbi gəmi növü

20
Ellin dövrü – Yunanıstanda və Aralıq dənizinin şərq sahili ölkələrində Makedoniyalı İsgəndərin hərbi yürüşlərindən (M.ö. 334–323) başlayaraq burada Roma imperiyasının hökmranlığı tam bərqərar olanadək (M.ö. 30-cu il) davam edən tarixi mərhələ

21
Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi

22
Abordaj – bilavasitə vuruşmaq üçün gəmilərin bir-birinə yanaşdırılmasından ibarət qədim dəniz müharibəsi üsulu
Hannibal Richard A. Gabriel

Richard A. Gabriel

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hannibal, электронная книга автора Richard A. Gabriel на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв