Hekayələr

Hekayələr
Redyard Kiplinq
Hekayə ustaları
Redyard Kiplinqin seçmə hekayələrinin toplandığı bu kitabı oxuduqca özünüzü əsrarəngiz bir dünyada hiss edəcək, bir-birindən maraqlı xarakterlə qarşılaşacaqsınız.

Redyard Kiplinq
Seçmə hekayələr

KİLSƏNİN XEYİR-DUASI OLMADAN

I
– Birdən qız oldu?
– Allah rəhmlidir, bu ola bilməz! Mən gecələr o qədər dua etmişəm, şeyx Bədlin mehrabına o qədər nəzir-niyaz göndərmişəm ki, bilirəm: Allah bizə bir oğlan uşağı bəxş edəcək, o da böyüyüb kişi olacaq. Bu haqda fikirləş və sevin. Mən güc yığana kimi anam ona analıq edəcək; Patan məscidinin mollası isə onun ulduz falına baxacaq, – Allah eləsin, balam xoş saatda dünyaya gəlmiş olsun! – bax onda bu sadiq qulun heç vaxt səni bezdirməz!
– Ey başımın tacı, nə vaxtdan mənə qul olmusan?
– Lap elə əvvəldən – başıma səadət quşu qonanadək. Pulla satın alındığımı bilə-bilə sənin məhəbbətinə necə əmin olaydım axı?
– Bu, adi başlıq idi. Sənin anana verdim.
– O da pulu gizlətdi. İndi də bütün günü qırt toyuq kimi üstündən düşmür. Əşi, başlıq söhbətini ortaya atma. Məni uşaq kimi yox, Lakhnau rəqqasəsi kimi almışdın.
– Sən də peşmansan buna?
– Peşman idim; amma bu gün şadam. İndən belə sənin məhəbbətin heç vaxt soyumayacaq, elədir? Cavab ver, mənim hökmdarım.
– Heç vaxt… Heç vaxt!
– Hətta hansısa mem-loq – qanı qanından olan ağdərili qadın səni sevsə də? Yadında saxla, onları mən də görmüşəm – axşamlar gəzməyə çıxanda; çox gözəldirlər.
– Mənsə yalnız hava şarlarını görürdüm, yüzlərcə şar vardı göy üzündə. Sonra da ay çıxdı, şarlar görünməz oldu.
Əmirə əl çalıb ürəkdən güldü.
– Çox gözəl sözlərin var, – dedi. Sonra hökmran bir görkəm alıb əlavə etdi: – Bəsdir. Sənə icazə verirəm gedəsən – əgər könlündən keçirsə.
Qadın yerindən tərpənmədi. O, bəzəyi yalnız yerdəki ağ-mavi müşənbə, iki-üç xalı və üst-üstə qalaqlanmış neçə dəst balışdan ibarət otaqdakı pardaqlanmış alçaq taxtda əyləşmişdi. Kişinin ayağının altında onun gözlərində bir dünya dəyəri olan on altı yaşlı qadın oturmuşdu. Bütün ədəb-ərkan qaydalarına görə, bu belə olmamalı idi, axı kişi ingilis, qadın isə iki il qabaq əri öləndən sonra tək qaldığından Əmirəni babat pul versə, lap şeytanın özünə də satmağa hazır olan anasından satın alınmışdı.
Alğı-satqı müqaviləsini çox düşünmədən imzalamışdılar; amma bu qız hələ yetkinləşməmişdən öz varlığı ilə Con Holdenin həyatının böyük bir hissəsini doldura bilmişdi. Bu qadınla onun cadugər anası üçün kiçik bir ev kirayə etmişdi – oradan şəhəri üzük qaşı kimi dövrəyə almış qırmızı qala divarları görünürdü. Həyətdəki fəvvarənin yanında gülümbahar çiçəkləyəndən, Əmirə rahatlıq barədə düşüncələrinə uyğun yerbəyer olandan və anası mətbəxdəki narahatlıqdan, bazardan çox uzaq olduqlarından və ümumiyyətlə, bütün ev işlərindən deyinməyinə son qoyandan bəri kişi özü üçün kəşf etmişdi ki, bu ev onun üçün artıq doğmalaşıb. Onun subay daxmasına kim istəsə gecə-gündüz baş çəkə bilərdi və orada yaşadığı həyatın elə bir dəyəri yox idi. Şəhərdəki evində isə həyətdən qadınlar yaşayan otaqlara yalnız özü daxil ola bilərdi və iri darvaza onun dalınca taqqıltıyla bağlananda o öz ərazisinin şahına, Əmirə isə şahbanusuna çevrilirdi. İndi isə bu səltənətə üçüncü, daha bir vücud gələcəkdi ki, Holden bundan heç məmnun deyildi. Onun ucbatından kişi özünü tam xoşbəxt hiss edə bilmirdi; evindəki hüzur və düzən pozulurdu… Lakin Əmirə və anası çağa barədə düşünəndə sevinclərindən uçmağa qanad gəzirdilər. Kişinin, xüsusilə də ağdərili kişinin məhəbbəti səbatsız olur, amma sevgini tutub saxlamaq da olar – körpə əlləriylə saxlamaq – bu qadınlar belə fikirləşirdilər.
– Bax onda, – Əmirə elə hey deyirdi, – ərim daha mem-loqlar barədə düşünməyəcək. Mən onların hamısına nifrət edirəm, hamısına!
– Vaxt gələcək, o, xalqının içinə qayıdacaq, – anası belə deyirdi, – amma Allaha şükür ki, o zamana hələ çox var.
Holden taxtın üstündə oturub gələcək haqda düşünürdü və düşüncələri heç də xoşagələn deyildi. Ər-arvad həyatının narahat məqamları çoxdur. Tərslikdən “qayğıkeş” hökumət də onu daimi yerindən iki həftəliyə ayırırdı – xəstə arvadının yatağı yanından çəkilməyən başqa bir məmurun yerinə yollayırdılar. Bu dəyişiklik barədə şifahi xəbərdarlıq belə bir zarafatla müşayiət olunurdu ki, Holden buna sevinməlidir, çünki subaydır – hələ azadlığını itirməyib. O gəlmişdi ki, Əmirəyə bu xəbəri yetirsin.
– Heç yaxşı olmadı, – qadın astaca dilləndi, – amma bir o qədər pis də deyil. Anam burada, yanımdadır və başıma pis heç nə gələsi deyil – əlbəttə, sevincək olub ölməkdən başqa. Ayrılığımız başa çatandan sonranı deyirəm. Bu müddət başa çatanda elə bilirəm… yox, əminəm buna! Bax onda verəcəyəm onu sənin qucağına və sən də məni əbədi sevəcəksən. Qatar bu gecə yola düşür, elə deyil? Di qalx, yolçu yolda gərək. Mənə görə narahat olma. Amma ləngiməzsən, yəqin. Yolda mem-loqlarla söhbətləşmək üçün ayaq saxlamazsan, hə? Tez qayıt yanıma, mənim həyatım!
Doqqazın ağzında bağlanmış atına minmək üçün həyətdən keçərkən ağbaş, qoca qarovulçu ilə danışdı. Tapşırdı ki, ehtiyac yaranarsa, ona teleqram vursun və bunun üçün qabaqcadan doldurduğu teleqram blankını ona verdi. Nə etmək mümkün idisə hamısını eləyəndən sonra özünü öz dəfnində iştirak etmiş adam kimi hiss eləyən Holden gecə qatarına oturub qürbətə yollandı. Gündüzlər elə hey teleqram alacağından narahat qalırdı, gecələr isə daim Əmirənin ölümü gözləri önündə canlanırdı. Bunun nəticəsində xidməti borcunu yüksək səviyyədə yerinə yetirə, iş yoldaşlarıyla normal münasibət yarada bilmədi. İki həftəsini evdən bixəbər vəziyyətdə keçirdi və nigarançılıqdan ürəyi paralanan Holden qayıtdı ki, huşu özündə olmayan adam görkəmiylə müvəqqəti xidməti borcunu necə pis yerinə yetirdiyini, iş yoldaşlarının onun barəsində nə düşündüyünü söyləyən səslərə qulaq asmaq üçün qiymətli vaxtından düz iki saatını klubdakı nahara sərf etsin. Sonra isə bütün gecəni qəlbində nigarançılıq at çapdı. Qapını bir-iki dəfə döydü, amma cavab gəlmədi deyə az qalmışdı atın başını çevirib özünü darvazaya çırpsın ki, Pirxan peyda olub üzəngisini tutdu.
– Bir hadisə olub? – Holden soruşdu.
– Ey yoxsulların hamisi, təzə xəbər mənim dilimdən səslənməməlidir, amma… – Şad xəbər gətirmiş adamlar kimi əlini muştuluq almaq üçün irəli uzatdı, Holden tələsik həyətdən ötdü. Yuxarı otaqda çıraq yanırdı. Atı darvazanın ağzında kişnədi və o, tükürpərdici, şikayət dolu bir çığırtı eşitdi, boğazında qəhər yumruğa döndü. Bu, təzə səs idi, amma Əmirənin sağ olduğuna dəlalət etmirdi.
– Kim var orada? – dar kərpic pilləkənin ayağından çığırdı.
Əmirənin heyranlıq dolu nidası, sonra da anasının qocalıqdan və qürurdan titrəyən səsi eşidildi:
– Bizik – iki qadın və bir kişi, sənin oğlun.
Kandarın ağzında Holden bədbəxtliyi qovmaq üçün qınından çıxarılıb yerə qoyulmuş xəncəri tapdaladı. Xəncərin qəbzəsi hövsələsiz dabanın altında sındı.
– Allah böyükdür! – Əmirə alaqaranlıqda dilləndi. – Sən onun bədbəxtliyini öz gərdəninə çəkdin.
– De görüm, necəsən, həyatımın həyatı necədir? Ay qarı, necədir bu?
– Uşaq doğulanda sevincindən ağrısını unutdu. Pis bir şey yoxdur; amma bir az yavaş danış, – ana dilləndi.
– Özümü tam yaxşı hiss etməyim üçün bircə sənin yerin boş idi, – Əmirə dedi. – Ey mənim şahım, gör nə vaxtdan burada deyilsən. De görüm, mənə nə hədiyyələr gətirmisən? A-a! Bu dəfə hədiyyə məndəndir. Bura bax, canım-gözüm, bax! Heç yer üzündə belə uşaq olub? Onu qucağıma almağa belə heyim yoxdur.
– Sakit uzan, danışma. Mən buradayam, zavallım.
– Yaxşı deyirlər ki, indi bizim aramızda heç kəsin qıra bilməyəcəyi tellər var. Yaxşı bax, bəlkə, elə alaqaranlıqda da görə bildin. Bircə dənə xalı da yoxdur, tən-dürüst baladır. Belə oğlan uşağı inanmıram ki, nə vaxtsa yer üzünə gəlmiş ola. Ya Allah! O, elmli adam olacaq – pandit[1 - Pandit – Hindistanda sanskritcəni və hinduist kanon ədəbiyyatını yaxşı bilən brəhmən alimin qədim fəxri adı], yox, lap kraliçanın əsgəri olacaq. Sən isə, həyatım, de görüm, indiki vəziyyətimə, yorğunluğuma baxmayaraq, yenə də əvvəlki kimi sevirsənmi məni? Düzünü de.
– Hə. Sevirəm, əvvəl sevdiyim kimi – bütün qəlbimlə sevirəm. Sakit uzan, mənim mirvarim, uzan, dincəl.
– Onda getmə. Burada qal, mənim yanımda, bax belə. Ana, bu evin sahibinə balış lazımdır. Balış gətir. – Dünyaya yenicə gələn, Əmirənin qucağında uzanmış körpənin bədəni zorla sezilən bir tərzdə tərpəndi. – Aha! – məhəbbətdən nəfəsi kəsilən qadın dilləndi. – Oğlandır – anadan döyüşçü doğulub. Böyrümü elə bərk təpikləyir ki. Sən Allah, heç belə uşaq görmüsən! Əlini onun başına qoy, amma ehtiyatla, balacadır hələ, kişilərsə belə işlərdə yaman yöndəmsiz olurlar.
Holden barmaqlarını çağanın narın tüklə örtülü xırda başına lap ehtiyatla toxundurdu.
– O bizim dindəndir, – Əmirə dedi, – gecələr oyaq qalıb qulağına kəlmeyi-şəhadətini pıçıldamışam. Ən təəccüblüsü isə budur ki, mənim kimi o da cümə günü doğulub. Ehtiyatlı ol, sevgilim; amma o artıq adamın barmaqlarından yapışa bilir.
Holden barmağından yavaşca tutmuş zəif əli ovcunda saxlamışdı və bu toxunuşdan, bu təmasdan onun bədənindən bir vicvicə keçib düz ürəyinin başında dayandı. O anadək Holdenin bütün fikri-zikri Əmirədə idi. İndi isə anlamağa başlayırdı: yer üzündə daha kimsə var, amma hələ də heç cür təsəvvür edə bilmirdi ki, bu onun ruhu, canı olan oğludur. Yerində oturub fikrə getdi. Əmirəni mürgü aparmışdı.
– Sahib, get, – anası pıçıltıyla dedi. – Oyananda səni görsə, yaxşı olmaz. Ona indi sakitlik lazımdır.
– Mən gedirəm, – Holden müti tərzdə dedi. – Bu pulları götür. Mənim oğluma yaxşı bax. Nəyə ehtiyacı olsa, əsirgəmə.
Gümüş sikkələrin cingiltisi Əmirəni oyatdı.
– Mən onun anasıyam, pulla çalışan xidmətçi deyiləm, – zəif səslə dilləndi. – Yəni elə fikirləşirsən ki, pula görə öz balama daha yaxşı baxacağam! Ana, qaytar pulları. Mən öz ağama oğul bəxş etmişəm.
Möhkəm yorğunluğun nəticəsi olan dərin yuxu onu apardı, sözü ağzında qaldı. Holden ürəyində bir yüngüllüklə həyətə endi. Qoca gözətçi Pirxan sevincindən gülürdü.
– Artıq ev doludur, – fikrini izah etmədən dilləndi və çox qabaqlar, krallıq polisində çalışarkən gəzdirdiyi qılıncın qəbzəsini Holdenin əlinə verdi. Fəvvarənin yanından kəndirlənmiş keçinin mələrtisi gəlirdi.
– İki dənədir, – Pirxan dedi, – ən yaxşı keçinin iki dənəsi. Onları mən almışam, özü də xeyli pul verdim; amma qonağımız yoxdur deyə heyvanların əti özümə qismət olacaq. Var gücünlə vur, sahib! Bu qılınc yaxşı tarazlanmayıb. Gözlə, qoy ot qırpmağı qurtarıb başlarını qaldırsınlar.
– Bunları neynirdin? – Holden təəccüblə soruşdu.
– Uşağın gəlişinə qurbanlıqdır. Necə yəni neynirdin? Qurban kəsilməsə, körpənin bəxti olmaz, ölər. Yoxsulların hamisi demək lazım olan sözləri də bilir.
Holden bu duanın sözlərini bir dəfə öyrənmişdi, amma onda heç düşünmürdü ki, nə vaxtsa bu duanı etməsinə ehtiyac olacaq. Qılıncın buz kimi qəbzəsi qəflətən ona yuxarıdakı körpənin xırdaca əlinin təmasını xatırlatdı – həmin körpə onun oğluydu və oğlunu itirmək qorxusu kişinin qəlbini çulğadı.
– Vur! – Pirxan dedi. – Əgər bahası başqa bir həyatla ödənməsə, dünyada heç bir yeni həyat yaranmaz. Bir bax, keçilər başlarını qaldırdı. İndi vur!
Holden, demək olar, şüursuz surətdə dodağının altında müsəlman duasının kəlmələrini deyə-deyə iki zərbə endirdi:
– Ey yerin-göyün sahibi. Bu oğlumun yerinə sənə başqa qurban verirəm – həyatını həyat yerinə; qanını qan yerinə; başını baş, tükünü tük, dərisini dəri yerinə!
Bir qədər aralı durmuş at Holdenin çəkməsinə sıçrayan təzə qanın qoxusunu duydu, fınxıraraq cilovunu dartdı.
– Yaxşı zərbə idi! – Pirxan qılıncın tiyəsini silə-silə dilləndi. – Sənin simanda yaxşı bir döyüşçü itib. Get. Qoy ürəyinə bir hüzur çöksün, ey Allahın sevimlisi. Mən həm sənin, həm də oğlunun nökəriyəm. Qoy ağam min il ömür sürsün, bəs… ətin hamısı mənimdir?
Pirxan biraylıq məvacibi qədər varlanaraq getdi. Holden yəhərə sıçrayıb yer üzünü qəfil bələmiş axşam dumanına baş vurdu. O, indi içindəki mübhəm sevincini əvəz edən, heç bir bəlli şeyə aid olmayan qəribə riqqətin ağuşunda idi. O, başını çılğın atının yalmanına sarı əyəndə riqqətdən nəfəsi kəsilirdi. “Mən heç vaxt belə bir hiss yaşamamışam, – düşündü. – Kluba gedim, özümü ələ almalıyam”.
Bilyard partiyası başlanırdı; otaqda çox adam vardı. İçəridəki gur işığa və tünlüyə sevinən Holden dilinə qəfil düşən bu mahnını ucadan oxuya-oxuya içəri girdi:
“Baltimorda gəzərkən bir xanımla rastlaşdım…”
– Doğrudan? – klubun katibi elə oturduğu yerdən soruşdu. – Bəs o xanım demədi ki, çəkmələriniz yaşdır? Aman Tanrı, bu ki qandır!
– Boş şeydir! – Holden bilyard kiyini əlinə alıb cavab verdi. – Mən də qoşula bilərəm? Şehdir. Tarlanın içindən keçirdim. Lənət şeytana! Çəkmələrim, doğrudan, yaman gündədir ha!
Qızımız olarsa, ərə verərik,
Oğlumuz olarsa, matros edərik.
Göy gödəkcə geyib xəncərin taxar,
Vüqarla meydanda ətrafa baxar.
– Sarı, mavi; növbəti oyun yaşılındır, – marker yeknəsəq səsiylə elan etdi.
– “Vüqarla meydanda ətrafa baxar…” Marker, mən yaşılam? “Necə ki bir zaman atam baxardı…” Eh! Axmaq zərbə idi.
– Bilmirəm nəyə sevinirsiniz, – cavan, çalışqan məmur sərt ahənglə dilləndi. – Hökumət Sandersi əvəz edərkən göstərdiyiniz fəaliyyətdən o qədər də razı qalmayıb.
– Bu nədir elə? Mənzil-qərargahdan töhmət gəlib? – Holden dalğın təbəssümlə dilləndi. – Mən elə bilirəm ki, birtəhər dözərəm buna.
Söhbət daim yeni olan bir məsələdən – buradakı insanların hər birinin əmək fəaliyyətindən gedirdi, – və Holden hələ ağasının bütün işlərindən xəbərdar olan eşikağasının onu qarşıladığı qaranlıq, boş daxmasına gedənədək sakitləşdi. Holden gecənin xeyli hissəsini yatmamışdı, amma yuxuları şirin idi.
II
– İndi nə boydadır o?
– Ya Allah!.. Kişinin sualına bax bir! Cəmi altıhəftəlikdir. Ömrüm-günüm, bu gecə səninlə dama çıxıb ulduzları sayacağam. Çünki bu, xoşbəxtlik gətirir. Anadan isə cümə günü olub, Günəş nişanəsi altında. Mənə dedilər ki, hər ikimizdən uzun ömür sürəcək və xoşbəxt olacaq. Bundan artıq nə arzulaya bilərik, sevgilim?
– Bundan yaxşı nə var ki… Gəl dama çıxaq, sən ulduzlarını say. Amma elə də çox saya bilməyəcəksən, hava buludludur.
– Qışda yağış daha gec yağır, amma hərdən bivaxt yağdığı da olur. Ulduzların hamısı yox olmamışdan qalxaq. Gözəl nəyim varsa yanımdadır indi.
– Ən gözəlini unutmusan.
– Hə, elədir!.. Həyatımızın ən qiymətli bəzəyi!.. O da bizimlə dama qalxacaq. O hələ ulduzları görməyib.
Əmirə yastı dama aparan dar pilləkənlə yuxarı çıxdı. Gümüş saçaqlı hələkdəki, başında xırdaca papağı olan körpə onun sağ qolunun üstündə qımıldanmadan uzanmışdı, gözlərini belə qırpmırdı. Əmirə ən qiymətli nəyi varsa əyninə geymişdi. Burnundakı xırda brilyant bizim avropalıların qoyma xalını əvəz edir, burun pərələrinin quruluşunu vurğulayırdi; üzərində zümrüd və yaqut asmaları olan qızıl bəzəyi alnında parlayırdı; ağır, döymə qızıl boyunbağısı boğazını incə-incə qucmuşdu; ayaqlarına taxdığı cingildəyən, gümüş halqalar isə çəhrayı topuqlarına enmişdi. Hər bir mömin müsəlmanın qızı kimi o, yaşıl sariyə bürünmüşdü; çiynindən dirsəyinə çəhrayı ipək sapa düzülmüş gümüş halqalardan incə zəncirlər enirdi; kövrək büllur qolbaqlar qolun incəliyini vurğulayaraq biləklərindən sürüşürdü; yerli bəzək əşyalarından olmayan gözəl bəndəmli ağır qızıl qolbaqlar isə ona Holdenin hədiyyəsiydi deyə Əmirəni lap heyran edirdi.
Onlar damın alçaq sürahisi üzərində oturdular – buradan şəhərin bütün işıqları görünürdü.
Qadın işıqları yanan evlərə işarə edib dedi:
– Onlar da orada xoşbəxtdirlər, amma inanmıram ki, bizim qədər bəxtiyar olalar. Heç mem-loqların da bu qədər xoşbəxt ola biləcəyinə inanmıram. Bəs sən necə düşünürsən?
– Mən bilirəm ki, onlar bizim qədər xoşbəxt ola bilməzlər.
– Haradan bilirsən?
– Onlar uşaqlarını dayəyə verirlər.
– Mən heç vaxt belə bir şey görməmişəm, – Əmirə köks ötürüb dilləndi, – görmək də istəmirəm. – Qadın başını Holdenin çiyninə endirdi. – Qırx dənə ulduz sayıb yoruldum. Bir balamıza bax, sevgilim, o da ulduzları sayır.
Uşaq girdə gözləri ilə səmanın zülmətinə diqqət kəsilmişdi. Əmirə onu Holdenin qucağına verdi; körpə lap sakit, səssiz uzanmışdı, ağlayıb-eləmirdi.
– Öz aramızda onu necə çağıracağıq? – qadın soruşdu. – Ona bax! Adam da bu gözəlliyə baxmaqdan usanar yəni? Gözləri lap səninkidir. Amma ağzı…
– Səninkidir, mənim əzizim. Bunu məndən yaxşı kim bilər ki…
– Necə zərif, incə ağzı var. Özü də lap bir tikədir. Amma buna baxmayaraq ürəyimi bərk tutub saxlayır. Onu mənə ver. Gör nə vaxtdan sənin qucağındadır.
– Yox, qoy bir az da uzansın, hələ ağlamayıb.
– Ağlayanda verəcəksən, hə? Əsl kişisən! Əgər ağlasa, mənim üçün daha qiymətli olardı. Yaxşı, bəs onun adını nə qoyacağıq, həyatım?
Zərif vücud indi Holdenin ürəyinin başında uzanmışdı. Lap köməksiz, yumşaq idi. Körpəni əzəcəyindən qorxub sinədolusu nəfəs almırdı. Yerli xalqın əksəriyyəti tərəfindən qoruyucu ruhun daşıyıcısı kimi qəbul edilən qəfəsdəki yaşıl tutuquşu qımıldandı və yuxulu-yuxulu qanadlarını tərpətdi.
– Bu da cavab, – Holden dedi. – Mian Mittu onun adını dedi. O, tutuquşu olacaq. Böyüyəndə çox danışacaq, oyan-buyana çox yüyürəcək. Mian Mittu sizin müsəlman dilində tutuquşu deməkdir, elə deyil?
– Məni niyə belə özündən uzaqlaşdırırsan? – Əmirə bir qədər əsəbi tərzdə dilləndi. – Qoy ingilis adına bənzəyən bir ad olsun, amma tamam ingilis adı yox. Çünki o həm də mənimdir axı.
– Yaxşı, onda adını Tota çağır, ingilis adına hamısından çox oxşayır.
– Hə, Tota olar, amma yenə də tutuquşu adıdır. Məni bağışla, ağam – bir dəqiqə qabaq olanlara görə bağışla, amma o, Mian Mittu adının bütün ağırlığını daşımaq üçün hələ çox balacadır. O, Tota olacaq – bizim Tota. – Qadın körpənin yanağına toxundu; o oyanıb nıqqıldadi; Holden məcbur oldu uşağı anasına verə. Ana isə körpəsini qəribə bir mahnıyla sakitləşdirdi:
Are koko! Care koko!
Balamız möhkəm yatıb,
Şirələnir gavalı
Bağçadakı ağacda.
– Baba, gavalın neçə?
– Girvənkəsi bir penni!
Amma qoymayın seçə!..
Gavalının qiymətini təkrar-təkrar xatırladan mahnı, deyəsən, körpəni sakitləşdirdi. Tota anasına sığınıb yuxuya getdi. Həyətdə ağ rəngli iki dana axşam yeməklərini səylə gövşəyirdi. Pirxan polis qılıncını dizinin üstünə qoyub Holdenin atının qabağında çöməlmişdi, yuxulu görkəmlə su nasosunun dəstəyini basırdı. Əmirənin anası aşağı eyvanda cəhrə arxasında oturmuşdu; taxta darvazanın cəftələri çəkilmişdi. Yaxınlıqdan ötən toy dəstəsinin çaldığı musiqi şəhərin zəif uğultusunu üstələyərək damda da eşidilirdi; göy üzündəki buludlar ayın üzünü örtürdü.
– Dua edirdim, – uzunsürən sükutdan sonra Əmirə dilləndi, – əvvəla, ona görə ki, öləsi olsan, sənin yerinə ölə bilim; ikincisi də ona görə ki, balamızın yerinə ölə bilim. Peyğəmbərə və Bibi Məryəmə dua edirdim. Necə bilirsən, onlardan hansısa duamı eşidəcək?
– Sənin ağzından, heç olmasa, bir söz eşitməyi kim istəməz ki?..
– Mən səndən açıq cavab istədim, sən isə şirin-şirin sözlər deyirsən. Mənim dualarımı eşidəcəklər?
– Buna mən nə cavab verə bilərəm ki? Tanrı çox mərhəmətlidir.
– Mən buna əmin deyiləm. Eşit: ya mən, ya da uşağımız ölsə, sənin taleyin necə olacaq? Yenə də ağ əndamlı mem-loqların yanına dönəcəksən, çünki qan öz sözünü ucadan deyir.
– Həmişə yox.
– Qadınlarda həmişə elədir; kişilər fərqli olur. Gələcəkdə, amma elə bu həyatında sən öz xalqının içinə qayıdacaqsan. Amma buna dözə biləcəyəm, çünki artıq ölmüş olacağam, öləndən sonra da səni bizim üçün yad olan, tanımadığım cənnətə aparacaqlar.
– Yəni cənnət olacağına əminsən?
– Yəqin ki! Sənin xətrinə kim dəyər ki? Amma biz – uşağımla mən – başqa yerdə olacağıq. Heç sənin yanına da gələ bilməyəcəyik, heç sən də gələ bilməyəcəksən… Qabaqlar, hələ uşağımız olmamışdan, mən heç bu barədə fikirləşmirdim, amma indi beynimdən çıxara bilmirəm. Bunu etiraf etmək çox çətindir.
– Nə olacaqsa, qoy olsun. Sabahkı günümüzdən xəbərimiz yoxdur; amma bu günümüzdən və sevgimizdən xəbərdarıq! Biz indi birlikdə xoşbəxtik.
– O qədər xoşbəxtik ki, bu xoşbəxtliyi qorumaq yaxşı olardı. Sənin Bibi Məryəmin gərək məni eşitsin; axı o da qadındır. Amma yox, bəlkə də, paxıllığımı çəkər! Kişinin qadın qarşısında əyilməsi ayıbdır.
Holden Əmirənin bu qısqanclıq tutmasına ucadan güldü.
– Ayıbdır? Yaxşı, onda bəs niyə məni qarşında əyilməyə qoyursan?
– Sən əyilirsən?! Özü də mənim qarşımda? Ey mənim şahım, bütün şirin sözlərinə baxmayaraq, mən bilirəm ki, sənin qulluqçun və qulunam, ayaqlarının tozuyam. Amma mən heç özüm də istəməzdim ki, başqa cür olsun. Bax. – Holden onu dayandırmağa macal tapmamış əyildi və kişinin ayaqlarına toxundu; sonra yüngül gülüşlə qalxıb Totanı sinəsinə daha bərk sıxdı və az qala qəzəblə dedi: – Düz deyirlər ki, cəsur mem-loqlar bizdən üç dəfə uzun ömür sürürlər? Düz deyirlər ki, onlar ancaq qocalanda ərə gedirlər?
– Onlar da digər qadınlar kimi vaxtı çatanda gedirlər ərə.
– Mən bunu bilirəm, lakin deyirlər ki, onlar iyirmi beş yaşları olanda ərə gedirlər. Bu həqiqətdir?
– Hə.
– Ya Allah! İyirmi beş yaşında! İyirmi beş demirəm, on səkkiz yaşlı qadınla özxoşuna evlənən kimdir, görəsən? Axı bu yaşda qadın saatbasaat qocalır. İyirmi beş! Mən o yaşda artıq qoca qarı olacağam və… Bu mem-loqlar həmişə cavan olurlar! Elə nifrət edirəm onlara!
– Onların bizə nə aidiyyəti var axı?
– Bilmirəm. Bircə onu bilirəm ki, indi yer üzündə məndən on yaş böyük bir qadın yaşayır və həmin qadın on ildən sonra, artıq mən qocalanda, saçlarım ağaranda, Totanın dayəsinə çevriləndə gəlib sənin məhəbbətini aparacaq… Bu ədalətsizlikdir, yaxşı iş deyil. Onlar da bizim kimi ölməlidirlər.
– Amma sənin qocalığına baxmayaraq, hələ də uşaqsan. Buna görə də səni indi qucağıma alıb pilləkənlə aşağı düşürməliyəm.
– Tota! Tota barədə düşün, mənim ağam! Sən istənilən uşaqdan heç də ağıllı deyilsən!
Holden Əmirəni qollarına alıb gülən qadını aşağı düşürdü; anasının ehtiyat üçün başının üstünə qaldırdığı Tota isə gözlərini açıb gülümsündü – lap mələk kimi.
O, sakit uşaq idi. Holden onun varlığından duyuq düşənə kimi oğlan qızılı rəngli, kiçik ilahiyə çevrildi və evlərinin yeganə despotu oldu. Həmin zamanlar Holden və Əmirənin mütləq bəxtiyarlıq ayları idi – yad gözlərdən iraq, Pirxanın qoruduğu taxta darvazalar arxasında gizlənmiş bəxtiyarlıq. Səhərlər Holden öz işini onun kimi xoşbəxt ola bilməyənlərin əvəzinə acı təəssüf hissi keçirməklə yerinə yetirirdi: onun balaca uşaqlara sevgisi yerli yığıncaqlarda iştirak edən anaları da heyran qoyur, əyləndirirdi. Axşam düşəndə o, Əmirənin yanına dönürdü – Totanın gün ərzində elədikləri barədə maraqlı söhbətləri olan Əmirənin; Tota qollarını necə bükür, barmaqlarını necə tərpədir, alçaq çarpayısından özbaşına yerə necə enir və ləngər vuraraq iki ayağı üstə ilk üç addımını necə atır:
– Mənim ürəyim heyranlıqdan düz bir dəqiqə döyünmədi.
Sonra Tota öz oyunlarına heyvanları da cəlb elədi – danaları, balaca boz dələni və xüsusilə də Mian Mittunu – quyruğundan bərk dartdığı tutuquşunu. Mian Mittu düz Əmirə ilə Holden ona yaxınlaşana kimi səsini başına atıb çığırırdı.
– Ay yaramaz! Qaniçən! Damdakı qardaşınla belə davranırsan! Tobah, tobah! Fuy, fuy. Amma mən elə tilsimlər bilirəm ki, sən Süleyman və Əflatun kimi müdrik olacaqsan. Bax, – Əmirə dedi. O, üstü tikməli kisədən bir ovuc badam çıxardı. – Bax! Yeddiyədək sayırıq! Allahın adıyla!..
Qadın qəzəblənmiş, kəkilini qabartmış Mian Mittunu qəfəsinin üstünə oturtdu və uşaqla quşun arasında əyləşib badam dənəsini qabıqdan təmizlədi – içi heç də onun öz dişlərindən ağ deyildi.
– Həyatım mənim, gülmə, bu, əsl tilsimdir. Bax: ləpənin yarısını tutuquşuna, yarısını Totaya verirəm. – Mian Mittu dimdiyi ilə Əmirənin dodaqlarından öz payını ehtiyatla aldi; digər yarısını isə qadın körpənin dodaqlarından öpərkən onun ağzına qoydu, uşaq da anasına heyran gözləriylə baxaraq badam dənəsini tələsmədən yedi. – Mən bunu düz yeddi gün edəcəyəm və heç şübhə yoxdur ki, oğlumuz cəsur, bəlağətli və müdrik olacaq. Ey, Tota, mənim saçlarım ağaranda, sən isə kişiləşəndə kim olacaqsan?
Tota qəşəng ayaqlarını altına yığıb iməkləməyə başladı. İməkləyə bilirdi, amma həyatının ən gözəl çağlarını faydasız söhbətlərə sərf etmək ürəyindən deyildi. İndi istəyirdi ki, Mian Mittunun quyruğunu yenə dartsın.
Bir az böyüyəndə gümüş kəmər taxmaq şərəfinə nail oldu, – boynundan asılan üstü dualı gümüş lövhə və elə həmin kəmər Totanın geyiminin əsas qismi idi, – ayağı büdrəyə-büdrəyə bağçaya təhlükəli səyahətə çıxdı və Pirxanın yanına gəldi, nənəsi arşınmalçılarla söhbət edənə kimi Holdenin atına minməsi müqabilində üst-başındakı bütün qiymətli əşyaları qocaya təklif elədi. Pirxan ağladı və bu cəsur macəra həvəskarının təcrübəsiz ayaqlarını başına qoydu – sədaqət əlaməti olaraq. Sonra da oğlanı anasının yanına apardı. Pirxan and-aman eləyirdi ki, bu uşaq hələ üzünə tük çıxanadək insanlara başçılıq edəcək.
İsti axşamların birində o, damda atasıyla anasının arasında oturmuşdu və şəhər uşaqlarının uçurduğu çərpələnglərin bitib-tükənməz davasına tamaşa edirdi. Xahiş etdi ki, ona da çərpələng düzəltsinlər, Pirxan da onu havaya buraxsın, çünki özündən böyük əşyalarla oynamaqdan qorxurdu. Holden ona frant deyəndə isə uşaq ayağa qalxıb yenicə dərk etdiyi fərdiyyətini müdafiə etmək üçün belə dedi:
– Mən frant deyiləm, kişiyəm.
Bu etiraz az qalmışdı Holdeni gülməkdən boğa və o belə qərara gəldi ki, Totanın gələcəyi barədə ciddi düşünsün. Lakin bu barədə nigarançılıq keçirəsi olmadı. Bu şirin həyat o qədər gözəl idi ki, uzun sürə bilməzdi. Elə buna görə də əllərindən alındı bu həyat – Hindistanda çox şeyi beləcə qəfil, xəbərdarlıqsız alırlar. Pirxanın diliylə desək, kiçik ağa getdikcə daha qüssəli görünməyə, qabaqlar ağrı haqda heç bir təsəvvürü olmasa da, ağrılarından şikayətlənməyə başladı. Qorxudan ağlını itirmiş Əmirə onun yatağı yanında səhərədək gözlərini yummadı, xəstəliyinin ikinci gününün səhəri açılanda isə oğlanlarının həyatına adi payız qızdırması son qoydu. Adama elə gəlirdi ki, onun ölməsi qeyri-mümkün bir şeydir və əvvəlcə nə Əmirə, nə də Holden çarpayıda uzananın yalnız cəsəd olduğuna inana bilmirdilər. Sonra Əmirə başını divara çırpmağa başladı və əgər Holden onun qarşısını zorla kəsməsəydi, bəlkə də, özünü bağdakı quyuya atacaqdı.
Mərhəmət Holdenə nazil oldu. Günorta öz dəftərxanasına gələndə hədsiz dərəcədə çox təzə məktub gəldiyini gördü – onların üzərində işləmək üçün böyük diqqət və xeyli vaxt gərək idi. Lakin o vaxt Holden bunun Tanrı mərhəməti olduğunu sonadək dərk etmirdi.
III
Güllə yarası adama ilk əvvəl möhkəm çimdik kimi gəlir. Xəsarət almış bədən özünün etirazını ruha on-on beş saniyədən sonra göndərir. Holden də öz dərdini yavaş-yavaş dərk etdi – necə ki qabaqlar xoşbəxtliyini dərk etmişdi və yenə də onun hər bir təzahürünü gizlətməyə möhkəm ehtiyac duyurdu. Əvvəlcə o yalnız bunu hiss edirdi ki, nəsə bir itki üz verib və Əmirə ikiqat olub başını dizlərinə söykəyib oturarkən Mian Mittu damdan “Tota! Tota! Tota!” – deyə çığırıb onu diksindirəndə təskinliyə möhtacdır. Sonralar onu əhatə edən aləmdə, gündəlik həyatında olan nə varsa, sanki üzərinə yeriyirdi ki, ruhunu incitsin. Axşamlar orkestrin ətrafına toplaşan uşaqların hamısının sağ-salamat olması, onun balasınınsa ölməsi ona az qala təhqir kimi gəlirdi. Bu uşaqlardan hansısa təsadüfən ona toxunanda qəlbi daha çox ağrıyır, mehriban atalar öz balalarının sonuncu igidliklərindən onun yanında söz açanda qəlbinin dərinliklərinə qədər sarsılırdı. O öz dərdindən danışa bilmirdi. O, köməkdən, təsəllidən məhrum idi; hər ağır günün sonunda Əmirə onu övladını itirən və bir az artıq qayğı göstərilsə, onu xilas etməyin mümkünlüyünə inanan bütün insanların məhkum olduğu cəhənnəmdən keçməyə məcbur edirdi.
– Bəlkə də, – Əmirə deyirdi, – ona kifayət qədər diqqət yetirmirdim. Görəsən, elədir? Günəş şaxıyarkən o, damda oynayırdı – tək-tənha. Mən isə saçlarımı hörürdüm; bəlkə, elə balamın qızdırmaya tutulmasına günəş səbəb olmuşdu. Onu günəşdən qorusaydım, yaşaya bilərdi. Həyatım, de də. De ki, günahım yoxdur! Axı bilirsən ki, onu həyatımdan çox istəyirdim. De ki, günahım yoxdur, yoxsa ölərəm… mən də ölərəm.
– Günahın yoxdur, – Tanrı dərgahında durubmuşam kimi deyirəm, – heç bir günah etməmisən. Bu, alın yazısı, qismətdirsə, onu xilas etmək üçün nə yolumuz vardı? Olan oldu! Sevgilim, bəsdir daha.
– Əzizim, o mənim üçün hər şey idi. Əgər gecələr əllərim mənə onun yoxluğunu deyirsə, bu fikirləri beynimdən necə çıxara bilərəm? Vay-vay! Tota, qayıt yanıma, qayıt – yenə əvvəlki kimi birlikdə yaşayaq!
– Sakit, sakit! Özünə yazığın gəlsin; sevirsənsə, mənə yazığın gəlsin, sakitləş!
– Görürəm ki, sənin üçün fərqi yoxdur; bəs necə olmalıydı ki? Ağ adamların ürəkləri daş, ruhları dəmir olur. Kaş mən öz xalqımdan olan birisinə ərə gedəydim – lap qoy döyəydi məni – və heç vaxt yad çörəyi yeməyəydim!
– Məgər mən sənə – oğlumun anasına yadam?
– Bəs necə, sahib?.. Uf, bağışla məni, bağışla! Ağlım başımdan çıxıb. Sən qəlbimin həyatı, gözlərimin işığı, gedib-gələn nəfəsimsən, mənsə səni, bir anlıq da olsa, özümdən ayırdım. Əgər sən getsən, kimdən kömək istəyəcəyəm? Acıqlanma! Vallah, danışan mən – sənin sadiq qulun deyildi, dərdim idi məni danışdıran.
– Bilirəm, mən bilirəm. İndi üç nəfər deyilik – ikimiz qalmışıq. Ona görə daha sıx birləşməliyik.
Adətləri üzrə, yenə damda oturmuşdular. Erkən baharın isti gecəsi idi; üfüqdəki şimşək uzaqdan gələn göy gurultusunun sədaları altında çılğın rəqsini edirdi. Əmirə Holdenin qoynunda yuva qurmuşdu.
– Cadar-cadar olmuş torpaq yağış üçün inək kimi böyürür, mən isə qorxuram. Ulduzları birlikdə sayanda mən belə deyildim. Amma məni elə əvvəlki kimi sevirsən, elədir? Baxmayaraq ki bizi birləşdirən məxluq artıq əlimizdən alınıb? Cavab ver.
– Mən səni əvvəlkindən də çox sevirəm, çünki aramızda yeni rabitə yaranıb – bir yerdə yaşadığımız kədərin telləri. Sən də bunu bilirsən.
– Hə, mən bilirdim bunu, – Əmirə astaca pıçıldadı. – Amma sənin öz dilindən eşitmək ikiqat xoşdur, həyatım. Sən kişilik timsalısan. Mən daha uşaq olmayacağam, qadının olacağam sənin. Qulaq as. Sitarımı mənə ver, mahnı oxuyum.
Qadın yüngül, gümüşlə süslənmiş sitarı aldı və igid qəhrəman raca Rasalu haqda balladanı oxumağa başladı. Barmaqlar simlərdə dondu, mahnı kəsildi və bəm səsdən bəsit uşaq nəğməsinə keçdi:
“Balamız möhkəm yatıb,
Şirələnir gavalı
Bağçadakı ağacda.
– Baba, gavalın neçə?
– Girvənkəsi bir penni!
Amma qoymayın seçə!..”
Dalınca göz yaşları, alın yazısına, qismətə etiraz, şikayət gəldi və Əmirəni bu minvalla yuxu apardı. Yuxuda o, yüngülcə inildəyir, böyründəki kimisə qoruyurmuş kimi sağ əlini uzadırdı. O gecədən sonra həyat Holden üçün bir qədər yüngülləşdi. Yaşadığı itkinin daimi ağrısı onu məcbur edirdi ki, işə can atsın – yalnız işdə günün doqquz-on saatını beyni tam işğal olunurdu. Əmirə evdə tək oturub qüssə yeyirdi, amma Holdenin bir qədər sakitləşdiyini görəndə bütün qadınlar kimi özünü azacıq xoşbəxt hiss etdi! Onlar bəxtiyarlıq adlanan nemətdən bir də daddılar, amma bu dəfə son dərəcə ehtiyatla.
– Tota ona görə öldü ki, həddindən çox sevirdik onu. Tanrının bizə paxıllığı tuturdu, – Əmirə belə deyirdi. – Mən pəncərəmizin qabağından yekə qara kuzə asmışam ki, bədnəzərə gəlməyək. İndi biz məmnunluğumuzu göstərməməliyik, ulduzların altında sakit, səssiz dolanmalıyıq ki, Allah bizi tapa bilməsin.
O gündən bəri onlar sevinclərini göstərmir, xoşlarına gələn, məmnun qaldıqlan bir şey olanda “babatdır” deyir və ümid edirdilər ki, göylər onları eşidir.
Göylər isə bütün güclərini başqa məsələlərə yönəltmişdi. Onlar otuz milyon insana dördillik bolluq bəxş etmişdilər, adamlar qarındolusu yemək görür, bol məhsul toplayırdılar; əhalinin sayı ildən-ilə arta-arta gedirdi; əyalətlərdən xəbər gəlirdi ki, hər kvadratmil məhsuldar torpağa doqquz yüzdən iki minədək əkinçi düşür; Aşağı Tutinqdən olan, bütün Hindistanı başında silindr, əynində frak dolaşan parlament üzvü hər yerdə Britaniya idarəçiliyinin xeyirxah niyyətindən dəm vurur, bütün çıxış yollarını düzgün seçki sisteminin qəbulunda, nemətlərin bölüşdürülməsində görürdü. Onun əzabkeş seçiciləri isə millət vəkili gözəl dxak ağacı qarşısında ayaq saxlayaraq bəlağətli sözlərlə ağacın vaxtından qabaq açmış qan kimi qırmızı çiçəklərinin gələcək rifahın əlaməti olduğunu söyləyəndə həmişəkindən daha çox gülümsünmüşdülər.
Bir dəfə Holden yerli klubda Kot-Kumharsendən olan komissarın başısoyuq söhbətini eşitdi və az qaldı damarlarında qanı dona.
– O daha heç kəsi bezdirməyəcək. Hər şeyə belə təəccüb eləyən adamı heç vaxt görməmişəm. Yupiterə and olsun, fikirləşirdim ki, nümayəndələr palatasına bu münasibətlə mütləq sorğu ünvanlayacaq. Gəmidə onunla yanaşı nahar edən sərnişin vəbaya yoluxub on səkkiz saatdan sonra ölmüşdü. Gülməli heç nə yoxdur, qardaşlar. Aşağı Tutinqdən olan deputat buna görə dəhşət qəzəblənmişdi, amma qorxusu qəzəbini də üstələyirdi. Mən elə fikirləşirəm ki, o, Hindistanı özü kimi savadlı personadan azad edəcək.
– Onu qovmaq üçün nə desən verərdim. Bu onun kimilərinə birbaşa öz işiylə məşğul olmağı öyrədərdi. Bəs vəba necə olsun? Sanki bunun üçün hələ tezdir, – gəlir gətirməyən duz mədənlərinin nəzarətçisi dilləndi.
– Bilmirəm… – komissar qayğılı-qayğılı dedi. – Bizdə çəyirtkə peyda olub. Bütün şimal sporadik vəbadan əziyyət çəkir – biz onu utandığımızdan sporadik adlandırırıq. Beş əyalətdə yaz məhsuldarlığı aşağıdır və görünür, kimsə dəqiq bilmir ki, yağış niyə yağmır. Marta az qalıb. Mən heç kəsi qorxutmaq istəmirəm, amma mənə elə gəlir ki, bu il təbiət qırmızı qələmini əlinə alıb bizimlə haqq-hesab çəkəcək.
– Özü də düz mənim məzuniyyət götürmək istədiyim zamanda, – kiminsə uzaqdan səsi gəldi.
– Bu il məzuniyyətlər çox olmayacaq, amma vəzifəsi artanlar olacaq. Gəlmişəm hökuməti inandırım ki, vacib saydığım kanal məsələsini qıtlıqla əlaqədar tədbirlər siyahısına salsınlar. Elə bir bəd külək yoxdur ki, xeyir gətirməsin. Nəhayət ki, bu kanalın başa çatdırılmasına nail olacağam.
– Deməli, köhnə proqram qüvvədə qalır, – Holden dilləndi. – Aclıq, qızdırma və vəba.
– Yox, elə deyil. Yalnız bəzi əyalətlərdə məhsul qıtlığı və adi mövsümi xəstəliklərin çox yayılması. Əgər gələn ilə sağ çıxsanız, bütün bunları raportlarda taparsınız. Siz xoşbəxtsiniz, əzizim: bəladan uzaqlaşdırmalı olduğunuz arvadınız da yoxdur. Dağlıq ərazilər bu il, yəqin ki, qadınlarla dolacaq.
– Mənə elə gəlir ki, siz bazarlarda dolaşan söhbətlərin əhəmiyyətini şişirtməyə meyillisiniz, – katiblikdən olan gənc məmur dilləndi. – Mən fikir verdim ki…
– Razıyam: fikir verdiniz, – komissar dilləndi, – amma oğlum, həyatınız boyu hələ o qədər şeyə fikir verməli olacaqsınız ki. Hələliksə sizinlə bir məsələni müzakirə etmək istəyirəm. – Sonra o, cavan oğlanı bir kənara çəkdi ki, ürəyinə bu qədər yaxın olan kanalın tikintisiylə əlaqədar məsələləri onunla götür-qoy etsin.
Holden daxmasına getdi və artıq dərk etməyə başladı ki, yer üzündə tək deyil və o, başqasının həyatı üçün də yaman qorxur. Bu qorxu isə insana bəlli olan qorxuların ən təsəllivericisiydi.
Komissarın dediyi kimi, iki aydan sonra təbiət qırmızı qələmini götürüb insanlarla haqq-hesab çəkməyə başladı. Yaz mövsümünün məhsul yığımından dərhal sonra çörək barədə qara-qışqırıq düşdü və bircə nəfərin belə acından ölməyəcəyi haqda qərar vermiş hökumət taxıl yolladı. Sonra dörd bir tərəfdən vəba keçdi hücuma. Xəstəlik müqəddəs mehrabın ətrafına yığışmış yarım milyon zəvvarın arasında partladı. Çoxları öz tanrılarının ayaqları altında öldü; digərləri başlarını götürüb oradan qaçaraq azarı bütün ölkəyə yaydılar. Vəba qala divarlarıyla üzük qaşı kimi dövrəyə alınmış şəhəri də başına götürdü və gündə iki yüz nəfəri öldürməyə başladı. Xalq qatarlarda əziyyət çəkir, qapılarından sallaşır, büzüşərək vaqonların damlarında yerləşirdi, vəba isə onları qarabaqara izləyirdi deyə hər stansiyada ölüləri, can verənləri çölə çıxarırdılar. Can çəkişənlər canını yollarda tapşırırdı, ingilislərin atları isə göy otun üstündəki meyitləri görəndə ürküb qaçırdı. Yağış yağmaq bilmirdi; torpaq da dəmirə dönmüşdü ki, kimsə onun qoynunda ölümdən gizlənə bilməsin. İngilislər arvad-uşaqlarını dağlara yollayıb işlərinə davam edirdilər, əmr veriləndə gələrək döyüş xəttində yaranmış boşluqları doldururdular. Yer üzünün onun üçün ən qiymətli varlığını itirməkdən qorxan Holden bütün imkanlarından istifadə etdi ki, Əmirəni anasıyla bir yerdə Himalaya getməyə razı salsın.
– Niyə gedim axı? – qadın bir axşam dedi.
– Burada xəstəlik var, camaat qırılır; mem-loqların da hamısı artıq çıxıb gedib.
– Hamısı?
– Hə, hamısı. Bilmirəm, bəlkə də, ərinin əsəbləriylə oynamaq üçün özünü ölüm təhlükəsinə məruz qoyan hansısa ərköyün qarı burada qalıb hələ.
– Yox; burada qalanlar mənim bacılarımdır, sən də onlar barədə pis danışmamalısan, çünki mən də elə ərköyünlərdən olacağam. Şadam ki, diribaş mem-loqların hamısı çıxıb gedib.
– Mən kiminlə danışıram – qadınla, yoxsa uşaqla? Dağlara yola düş, mən də elə edəcəyəm ki, sənin bu səfərin şahanə olsun. Bir düşün, əzizim, ikiöküzlü, qırmızı, par-par yanan, dişləsində mis tovuzquşular, qırmızı mahuddan pərdələri olan arabada gedəcəksən. İki dənə buyruqçu da yollayacağam, səni qorusun…
– Danışma! Bax sən əsl uşaq kimi danışırsan. Bu oyun-oyuncaq mənim nəyimə gərəkdir? Uşaq oynayardı onlarla – öküzləri sığallayar, qotazlarla məzələnərdi. Bəlkə, onun xətrinə, – deyəsən, məndən də axırda ingilis xanımı düzəltdin, – gedərdim. İndi isə istəmirəm. Qoy mem-loqlar qaçsın buradan.
– Sevgilim, onları ərləri göndərir.
– Çox gözəl. Sən nə vaxtdan ərim olmusan, mənə əmr vermək haqqı qazanmısan? Sənin üçün oğlan doğandan. Sən yalnız ruhumun istəyisən mənimçün. Başına ən kiçik, lap xırda dırnağım boyda bəla gəlsə, lap cənnətdə olsam belə, bundan xəbər tutacağımı bilə-bilə necə gedə bilərəm buradan? Burada isə sən elə bu bahar ölə bilərsən və ölərkən bir ağdərili qadın çağıracaqlar sənə qulluq etməyə. O qadın da mənim əlimdən sənin sonuncu məhəbbət anlarını alacaq.
– Lakin məhəbbət bir anda doğulmur, özü də harada-harada – ölüm yatağında!
– Sən axı məhəbbət barədə nə bilirsən, ay qəlbidaş? Heç olmasa, sonuncu minnətdarlığını o qadın qəbul edəcək və Allaha, peyğəmbərə, sənin peyğəmbərinin anası Bibi Məryəmə and içirəm ki, buna tab gətirə bilmərəm. Ey mənim ağam və məhəbbətim, bu mənasız səfər söhbəti qoy aramızda bir daha olmasın. Sən haradasansa, mən də orada olacağam. Bəsdir.
Qadın bir qoluyla onun boynunu qucaqladı, digəriylə isə ağzını qapadı.
Taleyin Damokl qılıncının altından oğurlanan anlar qədər mütləq xoşbəxtlik dəqiqələri insan həyatında nadir hallarda olur. Onlar oturub bir-birini cürbəcür mehriban adlarla çağıraraq elə gülürdülər ki, Tanrının qəzəbinə gələ bilərdilər. Şəhər öz dərdini divarları arxasında gizləmişdi. Yanan kükürdün şöləsi küçələri ağuşuna almışdı; hind məbədlərindəki balıqqulağılar ona görə belə ucadan nalə çəkirdi ki, Tanrı həmin günlər insanlara qarşı çox biganə idi. Böyük müsəlman məscidində namaz vaxtı idi, minarələrdən isə arasıkəsilmədən azan verilirdi. Onlar ölüsü düşmüş evlərdən şikayətli ağlamaq səsləri eşidirdilər; bir dəfə isə övladını itirən və indi də onun qayıtması üçün yalvaran ananın nalələri yetişdi qulaqlarına. Sübh çağının boz dumanında gördülər ki, şəhər darvazalarından meyitlər çıxarılır; hər tabutun yanında cəmi bir neçə nəfər müşayiətçi vardı. Bu yerdə onlar öpüşdülər və vücudlarından bir üşütmə keçdi.
Təbiət haqq-hesabını böyük qırmızı qələmlə çəkirdi. Ölkə çox xəstə idi və heç olmasa, kiçik bir fasiləyə ehtiyac vardı ki, qiymətdən düşmüş həyatın yeni dalğası onu suvarsın. Yetkinləşməmiş ataların, böyüməmiş anaların övladları heç bir müqavimət göstərmirdilər. Onlar sarsılmışdılar və müticəsinə gözləyirdilər ki, qılınc yenidən qınına girsin – əgər qismət olsa, noyabrda baş verəcəkdi bu. İngilislər arasında da itkilər oldu, amma bu itkilərin yerini tez doldurdular. Aclıq çəkənlərə yardımlar, vəbalı xəstələrin qaldığı baraklara nəzarət, dərmanların paylanılması və həyata keçirilməsi mümkün olan sanitar tədbirlər öz qaydasında davam edirdi.
Holdenə tapşırılmışdı ki, birinci şəxsin müavini yatağa düşən kimi onu əvəzləməyə başlasın. Hər gün düz on iki saat ərzində Əmirəni görə bilmirdi, o isə üçcə saata ölə bilərdi. Fikirləşirdi ki, onu üç ay görməsə, yaman çətin olar, amma qadını gözlərinin qabağında ölsəydi, daha dözülməz olardı. Tam əmin idi ki, onun ölümü labüddür. O qədər əmin idi ki, gözlərini qarşısındakı teleqramdan ayırarkən qapının ağzında durmuş Pirxanı görəndə ucadan güldü:
– Hə?.. – soruşdu.
– Gecələr çığırtı eşidiləndə və nəfəs boğazda donanda kim sağalda bilər azarını? Tez ol, ey Tanrının sevimlisi! Bu, qara vəbadır.
Holden çaparaq özünü evlərinə yetirdi. Göy üzü ağır buludların əlində əsir idi, çünki nə vaxtdan bəri gözlənilən yağış yaxınlaşırdı və isti artıq adamı boğurdu. Əmirənin anası onu həyətdə şikayətli hıçqırıqlarla qarşıladı.
– O ölür. Canını tapşırmağa hazırlaşır. Demək olar ki, ölüb artıq. Mən başıma haranın daşını tökəcəyəm, sahib?
Əmirə Totanı doğduğu otaqda uzanmışdı. Holden içəri girəndə heç bir həyat nişanəsi göstərmədi, çünki insan ruhu son dərəcə tənha olur, bədəni tərk etməyə hazırlaşanda isə bu dünya ilə o dünyanın sərhədindəki dumanlı diyarda gizlənir və ora dirilərdən heç kim qədəm basa bilməz. Qara vəba öz işini sakitcə, izahatsız görür. Əmirə bu dünyadan elə itələnirdi, sanki ölüm mələyi özü ona sahib çıxmışdı. Kəsik-kəsik nəfəsi ya içindəki qorxuya, ya da ağrıya dəlalət edirdi, amma nə gözləri, nə ağzı Holdenin öpüşlərinə cavab verirdi. Nə bir şey etmək, nə də bir söz demək mümkün idi. Holdenə yalnız gözləmək və əzab çəkmək qalırdı. Yağışın ilk damlaları damı döyəcləməyə başladı və susuzluğun haldan saldığı şəhərdən sevincək nidalar ucaldı.
Ruh qayıtdı və dodaqları tərpənməyə başladı. Holden əyilib onu dinləməyə başladı.
– Özünə məndən qalan heç nə saxlama, – Əmirə dedi. – Başımın tükündən də götürmə. Arvadın məcbur edəcək ki, yandırasan tükümü. Onda mən bu alovu duyacağam. Aşağı! Bir az da aşağı əyil! Bircə bunu unutma ki, mən sənin olmuşam və səninçün oğlan doğmuşam. Hətta sabah ağdərili bir qadınla evlənsən də, ilk övladını qucağına almaq ləzzətini həmişəlik itirmisən artıq. Sənin adını hamının qarşısında aşkar daşıya biləcək oğlun doğulanda məni yada sal. Qoy onun bütün bəlaları mənim başıma yağsın. Mən şahidəm ki… – onun dodaqları sözləri düz qulağının dibində deyirdi. – Şahidəm ki… səndən başqa ilahi yoxdur, sevgilim!
Sonra o öldü. Holden sakit oturmuşdu; düşünmək bacarığını tam itirmişdi. Əmirənin anası pərdələri qaldırıb otağa girəndə özünə gəldi.
– Sahib, o öldü?
– Öldü.
– Onda ağlayım onun üçün. Sonra bu evin əşyalarının siyahısını tutacağam. Axı ev mənim olacaq. Yəqin, sahib evi məndən almaz, elə deyil? Çox balaca evdir, lap balaca. Mən də qoca arvadam. Yumşaq yerdə yatmaq istəyirəm.
– Sən Allahın, sus bir az. Get, elə yerdə ağla ki, səsin qulaqlarıma dəyməsin.
– Sahib, onu dörd saatdan sonra basdıracaqlar.
– Adətləri bilirəm. Onu aparmamışdan gedəcəyəm. Bu işlər sənin öhdənə düşür. Diqqət yetir ki, çarpayı… onun uzandığı çarpayı…
– Hə! Əla çarpayıdır. Çoxdan istəyirdim.
– Bu çarpayı elə yerindəcə, əl vurulmamış qalacaq – mənə qalacaq. Evdəki qalan şeylər isə sənindir. Araba tut, hər şeyi götür, buradan get. Dan yeri sökülənədək bu evdə əl vurmağı qadağan etdiyim şeydən başqa heç nə qalmamalıdır.
– Mən qoca qarıyam. İstərdim ki, heç olmasa, yas müddətində burada qalım. Yağışlar da təzə başlayıb. Hara gedəcəyəm?
– Bunun mənə dəxli var? Sənə əmr edirəm ki, buradan gedəsən. Evin əşyaları min rupi edir, axşam isə köməkçim sənə daha yüz rupi gətirəcək.
– Bu çox azdır. Elə araba kirayələmək bir aləm pul aparacaq.
– Buradan təcili getməsən, heç bunu da almayacaqsan. Ay arvad, rədd ol və imkan ver mərhumla qalım.
Ana ayaqlarını sürüyə-sürüyə pillələri endi və fikri-zikri bütün əşyaları toplamaqda qaldığından qızını ağlamağı da unutdu. Holden Əmirənin yatağı yanında qaldı, yağış isə damın tənəkəsini döyəcləyirdi. Bu səsin ucbatından o, fikirlərini bir sapa düzə bilmirdi, baxmayaraq ki onlarda bir sahman yaratmağa yaman çalışırdı. Sonra yaş çarşaba bürünmüş dörd kabus sivişib otağa girdi və örtüklərin altından ona dörd cüt göz zilləndi. Onlar mərhuməni yumağa gəlmişdilər. Holden otaqdan çıxıb atına sarı yönəldi. O bu ölü, boğucu sükuta topuğuna çıxan tozun içiylə gəlmişdi. İndi isə tozlu həyətin yerinə üzərinə yağış yağan, qurbağalarla dolu gölməçə görürdü; sapsarı sel darvazanın altından axırdı, dəli külək isə ağır damcıları gil divarlara taran kimi çırpırdı. Pirxan darvazanın ağzındakı kiçik daxmasında tir-tir əsir, at isə suyun içində narahat şəkildə ayağının birini götürür, o birisini qoyurdu.
– Mənə sahibin əmrini yetirdilər, – Pirxan dilləndi. – Yaxşı oldu. İndi bu ev boşalacaq. Mən də gedirəm, çünki meymun sifətim hamıya keçmişi xatırladacaq. O ki qaldı çarpayıya, sabah səhər onu evinizə gətirəcəyəm; amma sahib, unutma ki, bu sənin üçün təzə yaranın içində burulan bıçaq olacaq. Mən ziyarətə yollanıram, sizdən pul almayacağam. Cənabınızın himayəsi altında yaman kökəlmişəm. Atının üzəngisini sonuncu dəfə tuturam…
O, iki əliylə Holdenin ayaqlarına toxundu və at cırıldayan bambuk gövdələrinin səmaya çırpıldığı, qurbağalarınsa şən-şən quruldadığı yola sıçradı. Yağış Holdenin sifətinə elə çırpılırdı ki, heç nə görə bilmirdi. Əlləriylə üzünü tutub donquldandı:
– Ay heyvandır ha! Əsl heyvan!
Kədərli xəbər artıq onun bunqalosuna da yetişmişdi. O bunu eşikağası Əhmədxanın üzündən oxudu – şam yeməyini gətirəndə; kişi ilk və sonuncu dəfə əlini ağasının çiyninə qoyaraq dedi:
– Ye, sahib, ye. Ət kədərin ən yaxşı dərmanıdır. Mən də yaşamışam bunu. Bir də ki kölgələr gəlir-gedir, sahib; kölgələr gəlir-gedir. Bax bu da paxla sousuyla yumurtadır, ye.
Holden nə yeyə bilirdi, nə də yata bilirdi. Göylər gecəyə yağış göndərmişdi – yer üzünü səkkiz düym qalınlığında suyla örtən, hər tərəfi tərtəmiz yuyan yağış. Sellər divarları yıxdı, yolları apardı və müsəlman qəbiristanındakı dayaz məzarları açdı. Yağış ertəsi günün axşamınadək yağdı və Holden qüssə içində evində oturmuşdu. Üçüncü günün səhəri bir teleqram aldı. Teleqramda deyilirdi: “Rikkets, Mindoni. Ölür. Holden əvəz edir. Təcili”. Onda yola düşməmişdən sahibi və ağası olduğu evinə bir də nəzər salmaq istədi. Hava bir az açılmışdı; yaş torpaqdan buxar qalxırdı.
Gördü ki, leysan darvazanın gil dirəklərini uçurub, bir zamanlar onun həyatı sayılan nəsnəni qorumuş ağır ağac doqqaz isə tək rəzədən tənbəl-tənbəl sallanır. Həyətin otu üç düym qalxmışdı; Pirxanın daxması boş idi və yaş saman tirlərin arasından sallanırdı. Boz dələ eyvanı işğal etmişdi, elə bil bu ev üç gün yox, otuz il idi yiyəsiz qalmışdı. Əmirənin anası köhnə həsirlərdən savayı hər şeyi aparmışdı. Döşəmədə qaçışan xırda əqrəblərin tık-tıkı evdəki yeganə səs idi. Əmirənin otağı və Totanın yaşadığı otaq nəm iyi verirdi, dama aparan ensiz pilləkən isə palçıq içindəydi. Holden bütün bunlara nəzər salıb evdən çıxdı; küçədə evin sahibi Durqa Dass ilə rastlaşdı. Şişman, nəzakətli, ağ parçaya bürünmüş kişi ressorlu kabrioletdə idi.
– Eşitdim ki, sizin artıq bu evə ehtiyacınız yoxdur, sahib?
– Nə etmək istəyirsiniz?
– Bəlkə, yenə kirayəyə verdim.
– Onda burada olmadığım müddətdə qoy ev mənim ixtiyarımda qalsın.
Durqa Dass bir müddət susdu.
– Hər şeyi ürəyinizə belə salmayın, sahib, – dedi. – Cavan olanda mən də… İndi isə bələdiyyə üzvüyəm. Quşlar uçub gedəndən sonra yuvalarını saxlamağın nə mənası… Əmr edəcəyəm söksünlər onu – taxtası yaxşı pula gedər. Ev söküləcək və bələdiyyə buradan çoxdan arzuladığı kimi şəhərə yolu elə çəkəcək ki, kimsə bu evin yerini belə tapa bilməyəcək.

TANRILARIN PULU
Çubara Dhuini Bhaqatada[2 - Çubara Dhuini Bhaqata – Hindistanın şimalında monastır] şam yeməyi bitdi və qoca kahinlər indi ya tənbəki çəkir, ya da təsbeh çevirirdilər. Ağzı geniş açılmış, bir əlində kiçik gülümbahar dəstəsi, digərində isə bir bağlama qurudulmuş tütün olan balaca, yarımçılpaq oğlan çıxdı. O, dizi üstə durub Qobində baş əymək istədi, amma çox kök olduğundan irəli, qırxılmış kəlləsi üstə düşərək çapalaya-çapalaya, nəfəsi kəsilə-kəsilə bir kənara dığırlandı, özü də əlindəki çiçək dəstəsi bir, tütün bağlaması isə digər tərəfə düşdü. Qobind gülərək oğlanı ayaq üstə qaldırdı və tütünü qəbul edib gül çələnginə xeyir-dua verdi.
– Mənim atamdandır, – uşaq dedi. – O, qızdırmaya tutulub, bura gələ bilmir. Onun üçün dua edərsən?
– Əlbəttə, balaca; lakin yer üzünü duman alıb, havada isə gecənin soyuğu var – payızda çılpaq gəzmək heç yaxşı deyil.
– Mənim paltarım yoxdur, – uşaq dedi, – bu gün səhər bazara ara vermədən təzək daşıyırdım. Çox isti idi deyə yaman yoruldum.
Yüngülcə titrədi, çünki soyuq idi.
Qobind yekə, köhnə, rəngbərəng örtüyünün altından əlini uzatdı və böyründəcə balaca, rahat bir yuva düzəltdi. Uşaq sivişib örtüyün altına girdi. Qobind özünün mis işləməli dəri çubuğunu təzə tütünlə doldurdu. Mən çubaraya gələndə təpəsində bir çəngə tük olan qırxılmış başı və muncuğa oxşayan qara gözləri örtüyün qırışları arasından görünürdü – eynən yuvasından baxan dələ kimi. Uşaq onun saqqalını qarışdıranda Qobind gülümsünürdü.
Mən ona nəsə mehriban sözlər demək istəyirdim, amma vaxtında xatırladım ki, işdir-şayəd uşaq azarlasa, deyəcəklər ki, mənim gözüm dəydi. Gözü pis olmaq isə heç yaxşı şey deyildi.
– Sakit otur, ay şuluq, – uşaq ayağa durub qaçmaq istəyəndə dilləndim. – Sənin yazı taxtan hanı? Niyə müəllimin küçədə biz yoxsulları qorumaq üçün polis olmadığı halda sənin kimi qulduru bayıra buraxıb? Sən damdan çərpələng buraxanda harada boynunu sındırmağa cəhd göstərirsən?
– Yox, sahib, yox, – üzünü Qobindin saqqalında gizlətməyə çalışan və yerində narahat-narahat qurcalanan uşaq dedi. – Bu gün məktəbdə bayramdır və mən həmişə çərpələng uçurmuram ki… Mən də hamı kimi kerliket oynayıram.
Kriket Pəncab uşaqlarının açıq havada oynadığı milli oyundur: onu hamı oynayır – köhnə kerosin qutusundan qapı kimi istifadə edən çılpaq uşaqlardan ta çempion olmağa can atan universitet tələbələrinədək.
– Ah, sənsən kerliket oynayan! Özün isə qapıdan iki dəfə kiçiksən, – dedim.
Oğlan qətiyyətlə başını tərpətdi.
– Hə, oynayıram. Mən hər şeyi bilirəm, – deyə kriket oyununda istifadə olunan terminlərin qol-qabırğasını qıraraq sadalamağa girişdi.
– Amma buna baxmayaraq ilahilərə necə lazımdır dua etməyi də yaddan çıxarmamalısan, – kriketi və Qərbdən gələn digər yenilikləri o qədər də dəstəkləməyən Qobind dilləndi.
– Mən yaddan çıxarmıram, – uşaq astaca dedi.
– Bir də müəlliminə hörmətlə yanaşmağı, – Qobindin səsi yumşaldı, – müqəddəslərin saqqalından dartmamağı, ay od parçası… Həə?
Uşağın sifəti iri, çal saqqalın içində lap itdi; o ağlamsındı. Qobind isə onu sakitləşdirdi – bütün yer üzündə uşaqları necə sakitləşdirirlərsə, eləcə – söz verdi ki, ona nağıl danışacaq.
– Səni qorxutmaq istəmirdim, ay sarsaq bala. Bir bax, gör heç hirslənmişəm? Are, are, are! Bəlkə, mən də ağlayım? Onda göz yaşlarımızdan böyük göl əmələ gələr, ikimizi də batırar və onda sənin atan da heç vaxt sağalmaz, çünki yerin görünəcək, saqqalını qarışdırmağa heç kəsi olmayacaq. Sakit ol, sakitləş; sənə tanrılardan danışacağam. Sən çox hekayət eşitmisən?
– Lap çox, müqəddəs ata.
– Onda sənə bir təzəsini danışım, eşitmədiyini. Qədim zamanlarda, hələ tanrılar adamların arasında gəzib-dolaşanda, – əslində, indi də elədir, amma bizim imanımız kamil deyil ki, bunu görə bilək, – tanrıların ən böyüyü Şiva və onun arvadı Parbati bir məbədin bağçasında gəzirdilər.
– Hansı məbədin? Nandqaon məhəlləsindəki məbədin? – uşaq dedi.
– Yox, lap uzaqda. Bəlkə, Trimbakedə, ya da böyüyəndə ziyarətə gedəcəyin Xurdvarda. Bağdakı ağacların altında qırx ildən artıq Şivaya sitayiş etmiş bir dilənçi oturmuşdu. O, imanlı insanların nəzir-niyazıyla dolanır, bütün gününü saf düşüncələrdə keçirirdi.
– Müqəddəs ata, həmin dilənçi sən idin? – gözlərini geniş açaraq ona baxan uşaq dilləndi.
– Yox, mən dedim axı – bu əhvalat qədim zamanlarda olub, özü də həmin dilənçinin arvadı vardı…
– Onu çiçəklərlə bəzədilmiş atın belinə oturdaraq gecəni yatmağı qadağan etdilər? Mənim toyumda da belə eləmişdilər, – bir neçə ay qabaq evləndirilmiş uşaq dedi.
– Bəs sən neynirdin?
– Ağlayırdım, onlar da məni söyürdü; onda mən də bir dənə ilişdirdim qıza, başladıq bir yerdə ağlamağa.
– Dilənçi bunu etmirdi, – Qobind dedi, – çünki çox müqəddəs, yoxsul adam idi. Parbati onu zəvvarların keçib-getdiyi məbəd pillələrinin üstündə çılpaq oturmuş gördü və Şivaya dedi: “Tanrılar ki öz sitayişkarlarına belə yuxarıdan aşağı baxırlar, insanlar onlar barədə nə düşünərlər? Bu insan bizə qırx il dua edib, indi də qabağında bir neçə düyü dənəsi və qırıq kauridən[3 - Kauri – pul kimi istifadə edilən balıqqulağı] başqa heç nə yoxdur. Bu, adamların qəlbini sərtləşdirər”. Şiva dedi: “Buna diqqət edərlər, – və o öz oğlu, fil başlı Qaneşin məbədində qışqırdı: – Oğlum, məbədin yanında yoxsul bir dilənçi oturub. Onun üçün nə edəcəksən?” Onda fil başlı böyük ilahi zülmətdə oyanıb cavab verdi: “İstəyirsənsə, üç gündən sonra onun bir lak rupisi olacaq”. Onda Şiva ilə Parbati getdilər. Lakin məbəd bağındakı gül-çiçəyin arasında bir sələmçi vardı, – uşaq əlindəki, əzilmiş çiçəklərə nəzər saldı, – hə, sarı güllərin arasında, – və o, tanrıların söhbətini eşitmişdi. Onda həmin sələmçi dilənçiyə yaxınlaşıb soruşdu: “Qardaşım, imanlı insanlar hər gün sənə nə qədər nəzir verirlər?” Dilənçi cavab verdi: “Deyə bilmərəm. Bəzən bir az düyü, tərəvəz, ya da bir neçə balıqqulağı; hərdən turşuya qoyulmuş manqo meyvəsi, pörtdənmiş balıq gətirdikləri də olur”.
– Dadlı şeydir, – dodaqlarını yalayan uşaq dedi.
– Onda sələmçi dedi: “Mən sənə çoxdan göz qoyuram. Baxdım və sənin səbrini, özünü sevdim. Odur ki növbəti üç gündə alacağın nəzirin yerinə sənə beş rupi pul verəcəyəm”. Lakin dilənçi dedi: “Sən divanəsən. Mən beş rupini heç iki ayda da qazanmaram”. Axşam bütün baş verənləri arvadına danışdı, o isə belə dedi: “Heç olub ki, sələmçi özünə sərf eləməyən işə girişsin? Canavar ova ona görə çıxır ki, ətli-canlı maral tutsun. Bizim taleyimiz tanrıların əlindədir. Onunla razılaşma”.
Dilənçi qayıdıb sələmçiyə dedi ki, razı deyil. Pis adam bütün günü onun yanından əl çəkmədi, üçgünlük qazancına getdikcə daha yüksək qiymət təklif etdi. Əvvəlcə on, əlli, yüz rupi; sonra isə, tanrıların səxavətinə bələd olduğundan, minlərcə rupi təklif etdi, axırda qiyməti yarım lakadək yüksəltdi. Onda arvadı qərarını dəyişdi; dilənçi müqaviləni imzaladı, pul gümüş əsginaslarla verildi; onları bir cüt ağ öküz qoşulmuş arabada gətirdilər. Lakin dilənçi bu pullardan başqa tanrılardan heç nə almadı və sələmçinin qəlbində böyük narahatlıq baş qaldırdı. Ona görə də üçüncü günün günortası sələmçi məbədə gəldi ki, tanrıların məsləhətinə gizlincə qulaq assın və dilənçiyə mükafatlarını necə verəcəklərindən xəbər tutsun. O, dua edəndə döşəmənin daşları yarıldı, dabanı həmin yarıqda pərçim oldu. O, məbədin qaranlığında gəzən tanrıların səsini eşitdi. Şiva oğlu Qaneşə səsləndi: “Oğlum, dilənçinin bir lakı necə oldu?” Qaneş, deyəsən, yenə yuxudan oyandı, çünki sələmçi açılan xortumun küt səsini və verdiyi cavabı eşitdi: “Ata, pulun yarısı çatıb, ikincı yarısını da ödəyəcək adamın dabanından bərk-bərk yapışmışam, verənədək buraxan deyiləm”.
Uşaq gülməkdən ölürdü.
– Sələmçi pulun qalanını da verdi? – soruşdu.
– Əlbəttə: tanrılar dabanından yapışan adam mütləq borcunun hamısını verməlidir. Pul elə həmin axşam gümüş sikkələrlə ödəndi və yekə arabalarda gətirildi. Qaneş öz işini belə başa çatdırdı.
– Natu! Ehey, Natu!
Qaranlıqda doqqazın ağzından bir qadın çağırırdı.
Uşaq narahat halda qımıldandı.
– Anamdır, – dedi.
– Get, balaca, – Qobind dilləndi, – amma dayan, bir saniyə ayaq saxla.
Sonra səxavətli əliylə yamaqlı örtüyündən iri bir tikə qoparıb Natunun çiyinlərinə saldı. Uşaq qaçıb getdi.

LİSPET
O, dağlı Sonu ilə arvadı Cadehin qızıydı. Bir il qarğıdalının məhsulu pis oldu; onların Kotqarx tərəfdə, Setlec vadisindən yuxarıda yerləşən yeganə xaşxaş tarlasında isə iki ayı gecələmişdi. Buna görə də qışda Sonu ilə arvadı xaçpərəst oldular və öz qızlarını xaç suyuna çəkmək üçün xaçpərəst missiyasına gətirdilər. Kotqarxın keşişi qızın adını Yelizaveta qoydu, ya da dağlı paxarilərin çağırdığı kimi – Lispet.
Bundan bir neçə il sonra Kotqarx vadisinə vəba baş çəkdi, Sonu ilə Cadehi apardı, Lispet isə Kotqarx keşişinin arvadı üçün yarıqulluqçu, yarıortaq kimi bir şey oldu. Bu, Moraviya missionerlərinin oralara sahiblənməsindən sonra, amma Kotqarxın “Şimal dağlarının sahibi” şöhrətini itirməsinədək baş verdi.
Bilmirəm Lispeti xristianlıqmı belə təkmilləşdirmişdi, yoxsa ölkəsinin ilahiləri ona elə xarakter bəxş etmişdilər ki, böyüyüb qəşəng bir qıza çevrilən kimi istənilən şəraitdə özünü büruzə verirdi. Əgər dağlı qızı gözəldirsə, ona baxmaq üçün əlli mil daş-kəsəkli yoldan ötməyə dəyər. Lispetin klassik yunan sifəti vardı – insanların tez-tez çəkdiyi, amma gec-gec gördüyü sifətlərdən biri. Üzünün rəngi fil dişi kimi solğun idi və qız öz qəbiləsi üçün qeyri-adi, çox uca qamətə malikiydi. Onun gözləri də ecazkar idi və əgər missionerlərin sevdiyi sarsaq çit paltarlardan geyməsəydi, siz onunla qəflətən dağda qarşılaşanda romalıların ova çıxmış Dianası sanardınız.
Lispet yaxşı xristian idi və böyüyəndən sonra bir çox dağlı qızların etdiyi kimi, xristianlıqdan dönmədi. Yerlilərinin onu görməyə gözü yox idi, çünki özlərinin diliylə desək, “ağdərili qadın” olmuşdu və hər gün çimirdi. Kapellanın arvadı isə bilmirdi ki, onunla nə etsin. Beş fut on düym boyu olan mükəmməl ilahəyə qab-qaşıq yudurda bilməzsən axı. Lispet kapellanın uşaqlarıyla oynayır və bazar günləri məktəbində təhsil alırdı; evdə nə qədər kitab varsa, hamısını dəfələrlə oxumuşdu və günbəgün nağıllardakı şah qızları kimi gözəlləşirdi. Kapellanın arvadı deyirdi ki, Lispeti Simlada dayə kimi, ya da başqa “səviyyəli” yerdə işə düzəltmək lazımdır. Lakin Lispet kiməsə qulluq etmək istəmirdi. O elə indi yaşadığı yerdə də xoşbəxt idi.
Səyyahlar – həmin vaxt onların sayı elə də çox deyildi – Kotqarxa gələndə o, adətən, öz otağına qapanırdı – qorxurdu ki, onu Simlaya, yad adamların yanına apararlar.
Bir dəfə, artıq on yeddi yaşı olanda Lispet gəzməyə çıxmışdı. O, evdən ingilis xanımları kimi bir mil, mil yarım uzaqlaşıb sonra da geriyə faytonda, ya da at belində qayıtmırdı. Lispetin başmaqseyri Kotqarxla Narxund arasındakı iyirmi-otuz mil məsafə idi – gəzəndə belə gəzirdi. Bu dəfə o artıq qaş qaralanda qayıtdı – əlində nəsə ağır bir şey, dik yamacdan enirdi. Yükün ağırlığından əldən düşən Lispet nəfəsini zorla dərərək ayaqlarından daş asılıbmış kimi içəri girəndə keşişin arvadı qonaq otağında mürgü döyürdü. O, yükünü mizin üstünə qoyub sakitcə dedi:
– Bu mənim ərimdir. Onu Baqi yolunun üstündə tapdım. Əzilib. Sağaldarıq onu, düzələndə sizin əriniz kəbinimizi kəsər.
İlk dəfəydi Lispet evlilik haqda fikirlərini bölüşürdü və kapellanın arvadı dəhşətdən çığırdı da. Lakin hər şeydən əvvəl divanın üstündə uzanmış insanla məşğul olmaq lazım idi. Bu, cavan bir ingilis idi – onun başında açıq yara vardı, Lispet dedi ki, onu yamacda taparaq evə gətirib. O, çətin nəfəs alırdı, huşu üstündə deyildi.
Oğlanı yatağa uzatdılar və təbabətdən bir balaca başı çıxan keşiş yarasını sarıdı, Lispet isə qapının arxasında durmuşdu ki, köməyinə ehtiyac yaransa, özünü yetirsin. O, keşişə izah etdi ki, bu şəxsə ərə getmək niyyətindədir, keşişlə arvadı isə qıza belə ədəbsiz davranışla bağlı moizə də söylədilər. Lispet onları sakitcə dinləyib fikrinin qəti olduğunu söylədi. Bu cür, məsələn, ilk baxışdan vurulmaq kimi vəhşi şərqli instinktlərinı üstələmək üçün çox böyük miqdarda xristian hissiyyatı lazımdır. Lispet onun sitayişinə layiq bir adam tapmışdı və indi anlamırdı ki, öz seçimini nədən gizlətməlidir. O həm də Kotqarxdan getmək istəmirdi. Bu ingilisə sağalanadək, onunla evlənmək halına çatanadək qulluq etmək istəyirdi. Onun proqramı belə idi.
Yarasının iltihabıyla bağlı ikihəftəlik yüngül qızdırmadan sonra ingilisin huşu başına qayıtdı və o göstərdikləri mərhəmətə görə kapellana, onun arvadına və Lispetə minnətdarlığını bildirdi. Danışdı ki, Şərqə səyahətə çıxıbmış – o vaxtlar “Şərq gəmiçilik şirkəti” hələ təzə yaranmışdı, gəmisi az idi və “qlobetrotter[4 - Qlobetrotter – səyahətçi, turist]” termini kimsəyə tanış deyildi – və Dera Denadan Simla dağlarına bitki və kəpənək nümunələri yığmağa gəlibmiş. Ona elə gəlirdi ki, çürük ağacın gövdəsində bitən, qıjıkimilər fəsiləsindən qəribə bir nümunəyə əlini çatdırmaq istəyəndə qayadan düşüb, yükünü daşıyan nökərlər isə onun baqajını da özləriylə götürərək aradan çıxıblar. Bir az sağalandan sonra təzədən Simlaya qayıtmaq niyyətindəydi, amma daha dağlarda dolaşmaq istəmirdi.
İngilis getməyə tələsmir və çox gec sağalırdı. Lispet keşişlə arvadının nəsihətlərinə qulaq asmaq istəmirdi deyə arvad ingilislə danışıb Lispetin qəlbindəkiləri ona açdı. O, bir xeyli güldü. Deyirdi ki, bu, çox şirin, romantik bir hisdir, amma onun evdə artıq nişanlısı var və ümid edir ki, hər şey yaxşı qurtaracaq və təbii ki, o özünü son dərəcə ləyaqətli aparacaq. Oğlan bu vədini yerinə yetirdi. Lakin Lispetlə söhbətlər onu əyləndirirdi: tam sağalacağı vaxtın intizarında qulaqlarına gözəl sözlər pıçıldaya-pıçıldaya, ona cürbəcür nəvazişli adlar qoya-qoya bu qızla gəzməkdən zövq alırdı. Onun üçün bunun heç bir əhəmiyyəti yox idi, Lispet isə bunu əsl həyat sayırdı. Həmin o iki həftə ərzində qız özünü nəhayətsiz dərəcədə bəxtiyar sayırdı, çünki sevə bildiyi bir insana rast gəlmişdi.
Anadan vəhşi doğulan bu qız öz hislərini gizlətməyə çalışmırdı, bu isə ingilisi əyləndirirdi. Missiyanı tərk edəndə Lispet onu Narxund dağlarından ötürməyə getdi; o, kədərli görünürdü. Keşişin arvadı mərhəmətli bir xristian, qalmaqalın qoxusu belə gələn yerdən uzaq olmağa çalışan adam kimi – Lispet artıq onun nəzarətindən tamam çıxmışdı – ingilisdən xahiş etdi ki, qıza evlənmək üçün qayıdacagını söyləsin.
– O hələ lap uşaqdır, – keşişin arvadı deyirdi, – və mən qorxuram ki, qəlbən hələ bütpərəst olaraq qalıb.
Beləliklə, dağ yollarıyla keçdikləri on iki mil boyunca ingilis bir əliylə Lispetin belini qucaqlayıb onu əmin etməyə çalışırdı ki, qayıdıb evlənəcək onunla; Lispet isə oğlanı bu şirin sözləri təkrar-təkrar söyləməyə vadar edirdi. Qız Narxund aşırımında durdu və ingilis Muttian keçidində gözdən itənədək ağladı.
Sonra göz yaşlarını qurudub Kotqarxa döndü və keşişin arvadına dedi:
– O qayıdıb mənimlə evlənəcək. Özününkülərin yanına getdi ki, bunu onlara söyləsin.
Keşişin arvadı isə Lispeti sakitləşdirməyə çalışır, deyirdi:
– Qayıdacaq, mütləq qayıdacaq…
İki ay keçəndə Lispet nigaran qalmağa başladı, ona söylədilər ki, ingilis artıq dənizlərin o üzünə – İngiltərəyə yola düşüb.
Qız İngiltərənin harada olduğunu bilirdi, çünki coğrafiya üzrə ibtidai kurs keçmişdi, lakin əsl dağlar qızı kimi dənizin nə olduğunu təsəvvürünə gətirə bilmirdi. Evdən yarımkürələrin köhnə xəritəsi tapıldı. Lispet hələ uşaq ikən bu xəritəylə oynamağı çox sevirdi. İndi isə həmin xəritəyə yenə baxır, axşamlar qarşısında açaraq ağlayır, sevgili ingilisinin harada olduğunu təsəvvüründə canlandırmağa çalışırdı. Lakin bu boyda məsafələr və gəmilər haqda heç bir anlayışı olmadığından təsəvvürü son dərəcə qarışıq bir şeyə çevrilirdi. Ancaq bu təsəvvür lap dəqiq olsaydı belə, böyük fərq etməzdi, çünki ingilisin qayıdıb bu dağlar qızıyla evlənmək fikri qətiyyən yox idi. O, Assamda kəpənək qovaraq qızı tamamilə unutmuşdu. Sonralar həmin oğlan Şərq səyahəti haqda kitab da yazdı, amma orada Lispetin adına rast gəlmək mümkün deyil.
Üç ay keçəndən sonra Lispet hər gün Narxunda getməyə başladı – baxırdı ki, bəlkə, onun ingilisi yolda göründü. Bu onu sakitləşdirirdi, keşişin arvadı isə qızın keyfi açıldığını görəndə fikirləşirdi ki, yəqin, “bu vəhşi və qeyri-etik sarsaqlığı” artıq beynindən silinib. Lakin artıq az sonra bu gəzintilər belə Lispetə rahatlıq gətirə bilmirdi və qız əsəbiləşir, özündən çox tez çıxırdı. Keşişin arvadı əlverişli bir məqam tapıb ona əsl həqiqəti açmaq istəyirdi: ingilis yalnız qızın qəlbini qırmamaq üçün onu sevəcəyini söyləmişdi və beynində başqa heç nə yox idi. O ki qaldı Lispetin yüksək irqin nümayəndəsinə, üstəlik də özünə bab birisiylə artıq nişanlı olan bir adama ərə getmək kimi sarsaq, hətta tərbiyəsiz fikrinə – bu barədə heç danışmağa dəyməzdi. Qadının bu sözlərinə Lispet yalnız onu dedi ki, bu ola bilməz, çünki ingilis təzə gedəndə onun özü qızı inandırdı ki, oğlan mütləq qayıdacaq.
– Sizin və onun dedikləri necə yalan ola bilər? – Lispet soruşurdu.
– Biz bunu yalnız səni sakitləşdirmək üçün dedik, – keşişin arvadı cavab verirdi.
– Deməli, yalan söyləyirdiniz, – Lispet yekunlaşdırdı, – hər ikiniz?
Keşişin arvadı başını aşağı salaraq daha heç nə demədi. Lispet bir müddət susdu, sonra vadiyə yollandı. Qayıdanda əynində ağlasığmaz dərəcədə kirli dağlı paltarı vardı, lakin nə burnunda, nə də qulaqlarında üzük gözə dəymirdi. Saçını qara iplə bağladığı bir neçə hörüyə düzmüşdü – eynən dağlı qızlar kimi.
– Mən öz xalqımın içinə dönəcəyəm, – dedi. – Siz Lispeti öldürdünüz. İndi qalan yalnız Cadehin keçmiş qızıdır – paxari və Tarka Deviyə iman gətirən biri. Siz ingilislərin hamısı yalançıdır.
Lispetin öz anasının inancına dönməsi haqda bəyanatından sarsılan kapellan arvadı özünə gələndə artıq qızın izi-tozu belə qalmamışdı və onu bir daha onların ailəsində görən olmadı.
O, natəmiz xalqını ehtirasla sevdi, sanki ondan ayrı yaşadığı itirilmiş illərinin əvəzini çıxmaq istəyirdi və bir müddətdən sonra bir odunçuya ərə getdi. Həmin odunçu isə onu paxarilərin adət-ənənəsinə uyğun olaraq tez-tez döyürdü deyə qadının bənzərsiz gözəlliyi də az sonra soldu…
– Elə bir qanun yoxdur ki, bu bütpərəstlərin bütün divanəliyini qabaqcadan söyləməyə imkan yaratsın, – keşişin arvadı deyirdi, – və mən əminəm ki, Lispet qəlbən həmişə bütpərəst olub.
Lispetin anqlikan kilsəsinin qoynuna beşhəftəlik ikən qəbul olunduğunu nəzərə alsaq, elə bilirəm belə bəyanat ruhani arvadına heç də başucalığı gətirmirdi.
Lispet qocalıb qarıyandan sonra dünyasını dəyişdi. O, ingiliscə həmişə əla danışırdı və bir az vurandan sonra bəzən özünün ilk məhəbbət tarixçəsindən danışmağa razılıq verirdi.
Onda adam heç cür təsəvvürünə də gətirə bilmirdi ki, bu ikiqat olmuş, üzü qırış-qırış, nimdaş əsgini xatırladan məxluq həmin o “Kotqarx missiyasından olan Lispet”dir.

MİKROB QIRICISI
Ümumi qaydalara əsasən, məmurların sizin əvəzinizə dövlət işləriylə məşğul olduğu üçün yüksək maaş aldığı bir ölkədə bu işlərə qarışmaq qətiyyən olmaz.
Bu hekayə həmin ümumi qaydalara bir istisnadır ki, axtarsan, onun izahını da taparsan.
Məlum olduğu kimi, biz hər beş ildən bir yeni vitse-kralın gəlişini gözləyirik, hər vitse-kral isə özünün çoxsaylı yükləri arasında şəxsi katibini də gətirir.
Biri vardı-biri yoxdu, bir vitse-kral vardı ki, özüylə çox narahat bir katib gətirmişdi – sərt, eyni zamanda olduqca yumşaq xasiyyəti, işə hədsiz dərəcədə həvəsi olan birisini. Bu katibin adı Uonder, Con Uonder idi. Vitse-kralın isə adı yoxdu, əvəzində bir düjün rütbəsi, qraflığı vardı. Məhrəm söhbətlərində deyirdi ki, özünü qızıl administrasiyanın qızıl suyuna çəkilmiş başı sayır və Uonderin qətiyyən aidiyyəti olmayan işləri öz əlinə necə almaq istədiyinə altdan-altdan göz qoyub əylənir.
– Əgər biz hamımız məlaikə olsaq, – bir dəfə zati-aliləri sözə başladı, – və dostum Uonder baş mələk Cəbrayılın lələklərini yolmaq, müqəddəs Pyotrun açarını oğurlamaq məqsədilə yaranmış işbirliyinin başında dursa, onu sataram.
Baxmayaraq ki vitse-kral öz katibinin qızğınlığını cilovlamaq üçün heç bir şey etmirdi, başqaları onun barəsində yaman xoşagəlməz şeylər danışırdılar. Bəlkə də, ilk danışanlar şura üzvləri idi, amma hər necə olsa, bütün Simlanın yekdil rəyi belə idi ki, bu idarəçilikdə Uonderin payı həddindən artıq, vitse-kralınkı isə həddindən azdır. “Zati-aliləri” ifadəsi Uonderin elə bil dilində bitmişdi. Zati-aliləri oradan gəldi, zati-aliləri buradan getdi, zati-aliləri dedi və sairə və ilaxır. Vitse-kral isə elə hey gülümsünür, amma bir söz demirdi.
Həmin il Simlaya başında yalnız bir fikir olan cansıxıcı adamlardan biri gəlmişdi. Bu qəbildən olan insanlar dünyanı irəli aparırlar, amma onlarla söhbət həmişə xoşagələn olmur. Bu şəxsin adı Melliş idi. O, düz on beş ilini özünün Aşağı Benqaliyadakı torpaqlarında yaşayaraq vəba xəstəliyini araşdırmağa sərf etmişdi. Belə hesab edirdi ki, vəba rütubətli havada embrionlarını hər tərəfə yayır və bu embrionlar ağac budaqlarına lap mamır kimi yapışır.
– Embrionun inkişafını dayandırmaq olar, – deyirdi, – bunun üçün ən yaxşısı mənim icad etdiyim tünd-bənövşəyi tozun tüstüsüdür. Bu elə-belə şey deyil, on beş illik zəhmətimin bəhrəsidir, ser!
Bu ixtiraçıların, əslində, hamısı bir-birinə bənzəyir. Onlar mütləq ucadan danışır – xüsusilə də “inhisarçıların işbirliyindən” söhbət düşəndə yumruqlarını masaya çırpırlar, yanlarında da öz kəşflərindən nümunə olur.
Melliş əmin edirdi: Simlada bir səhiyyə “dərnəyi” var ki, ona rəhbərlik edən müfəttiş, çox güman, Avropanın bütün hospitallarının həkimləriylə cinayətkar əlaqədədir. Bunu necə isbatladığı artıq yadımda deyil, amma fikri-zikri öz kəşfini “yuxarılara çıxarmaq” idi – Melliş birbaşa vitse-kralın özüylə, “Ülyahəzrətin birbaşa nümayəndəsiylə, ser!” əlaqəyə girmək istəyirdi.
Nəhayət, Melliş artıq vəba embrionlarını tüstüylə boğmaq üçün hazırladığı ecazkar maddəsindən qırx səkkiz funt ağırlıqda bir bağlama düzəldərək Simlaya yollanır ki, vitse-kralı ziyarət etsin və öz kəşfinin bütün üstünlüklərini şəxsən ona göstərsin.
Lakin vitse-kralı görmək onunla söhbət etməkdən qat-qat asandır. Təbii ki, əgər siz Mədrəsdən olan başqa bir Mellişe kimi mühüm şəxs deyilsinizsə. Həmin o ikinci Mellişe altı min rupi məvacib alırdı və o dərəcədə əsilzadə adam idi ki, qızlarına heç vaxt ərə getmək nəsib olmurdu – onlar yalnız “izdivaca girirdilər”. Onun özü maaş deyil, yalnız ödəmələr alır, ölkədəki gəzməkləri isə “müşahidə səfərləri” adlanırdı.
Vəzifəsi Mədrəsdəki xalqı barmağının bir işarəsi ilə tərpətmək idi. Özü də xalq ondan işarə alan kimi heyrətə gələrək bu sözləri çığırmalıydi: “Bax buna deyərəm inkişaf, buna deyərəm maarifləndirmə! Baxın, məgər gözəl deyil?!” Bunun dalınca da Mellişeyə heykəllər qoyur, çələnglər təqdim edir və tez bir zamanda canlarının ondan vitse-kralla məsləhətləşmələrdən sonra qurtaracağına böyük ümid bəsləyirdilər.
Mellişe vitse-kralla məsləhətləşmək üçün Simlaya gəldi. Belə məsləhətləşmələr onun üçün dolayı gəlir mənbələrindən biri idi.
Vitse-kral mədrəsli Mellişe barədə o qədər də məlumatlı deyildi. Bildiyi yalnız bu idi ki, Mellişe ortaçaplı dahilərdən biriydi. Onun mövcudluğu, görünür, bu burjuaziya cənnətində ruhi müvazinət üçün zəruri idi deyə Mədrəsdəki bütün ictimai müəssisələr onun əliylə canlanır, onun tərəfindən təmin edilirdi. Bu, isbat edir ki, dumanlı şəkildə olsa da, zati-aliləri altı min rupilik bu insanın əhəmiyyəti haqda az-çox məlumatlı idi.
Benqallı Mellişin tam adı E.Melliş, Mədrəsdəkinin isə Mellişe – E.S.Mellişe idi. Onların hər ikisi eyni hoteldə qalırdı və görünür, Hindistan imperiyasının taleyinə yazılıbmış ki, bu işdə bir dolaşıqlıq yaransın – katib Uonder mədrəslinin adının axırındakı “e” hərfini səhvən buraxır, vitse-kralın kuryeri isə məktubu elə yazıldığı kimi də ünvanına təqdim edir:

“Mikrob qırıcısının ixtiraçısı Mellişə.
Əziz mister Melliş! Sabaha digər dəvətlərinizi təxirə salıb bizimlə səhər yeməyi yeyə bilərsinizmi? Zati-alilərinin sizə bu saatda vaxt ayırmaq imkanı var”.
İxtiraçı heyranlıqdan, qürurdan az qaldı ki, ağlaya və təyin olunmuş saatda cibində həmin tozla dolu böyük bir paket Peterqofa gəldi. Bəxti gətirmişdi və indi bu fürsətdən bəhrələnmək niyyətindəydi.
Mədrəsli Mellişe, adətən, öz görüşlərini elə dəbdəbəli şəraitdə keçirirdi ki, Uonder də onun üçün xudmani bir səhər yeməyi tədarük etmişdi və orada nə zati-alilərinin yavəri olacaqdı, nə də Uonderin özü – heç kəs. Təkcə vitse-kral və qonağı. Hərçənd ki zati-aliləri mədrəsli böyük Mellişe kimi azğın despotlarla təkbətək qalmaqdan qorxaraq həmişə şikayətlənirdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/redyard-dzhozef-kipling-50341/hekay-l-r-68289382/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Pandit – Hindistanda sanskritcəni və hinduist kanon ədəbiyyatını yaxşı bilən brəhmən alimin qədim fəxri adı

2
Çubara Dhuini Bhaqata – Hindistanın şimalında monastır

3
Kauri – pul kimi istifadə edilən balıqqulağı

4
Qlobetrotter – səyahətçi, turist
Hekayələr Редьярд Джозеф Киплинг

Редьярд Джозеф Киплинг

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Редьярд Джозеф Киплинг на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв