Hekayələr

Hekayələr
Cek London
Hekayə ustaları
XX əsr ədəbiyyatının ən böyük realist ədiblərindən biri olan Cek Londonun seçilmiş hekayələrindən ibarət bu kitabdakı əsərlərdə möhkəm iradəli, mərd, fədakar, nəcib insanlardan bəhs olunur.

Cek London
Hekayələri

KİŞİ SƏDAQƏTİ
– Bilirsən nə var, gəl zər ataq.
– Oldu, – o birisi cavab verib komanın bir küncündə ayaq xizəyini təmir edən hinduya tərəf döndü. – Ey, Bilbidem, Olsonun yanına gedib de ki, xahiş edirik zərlərini bizə versin, oynayıb qaytararıq.
Fəhlələrin maaşından, yanacaqdan, ərzaqdan söhbət gedən anda birdən bu gözlənilməz xahiş Bilbidemi çaşdırdı. Bundan başqa, hələ ertə idi, o, ağ adamların – xüsusilə Pentfild və Hatçinson kimi sahibkarların işlərini görüb qurtarmamış zər atdıqlarını və ya kart oynadıqlarını görməmişdi. O, yukonlu əsl hindu kimi təəccübləndiyini heç vəchlə büruzə vermədi; əlcəklərini əllərinə keçirib komadan çıxdı.
Səhər saat doqquz olsa da, hava hələ qaranlıq idi. Komanı şam ağacından düzəldilmiş stolun üstündəki qarmaqarışıq, bulaşıq qab-qacaq qalağının arasındakı piy şam işıqlandırırdı. Şamı uzunboğaz viski butulkasına keçirmişdilər; butulkanın boğazında saysız-hesabsız şamların piyi kiçik buzlaqlar kimi donub-qalmışdı. Komanın tənha otağının arxa divarında yorğan-döşəyi yığışdırılmamış iki taxt görünürdü. Otaqda elə stolun üstündəki kimi hərc-mərclik idi.
Lorens Pentfild və Korri Hatçinson zahiri görkəmlərindən heç kimin ağlına da gəlməsə, milyonçu idilər. Onların görkəmlərində heç bir qeyri-adilik yox idi, Miçiqan meşəqıranlarının düşərgəsində işçilərdən heç nə ilə seçilmirdilər. Ancaq bayırda qaralan çalaların dərinliyində onlarca adam gündə on beş dollara daş təbəqələri xırdalayır, başqaları dolamaçarxı hərləyir, şurflardan[1 - Şurf – qızıl yataqları axtarmaq üçün qazılan quyular] qum, qızıl, süxurlar çıxarırdılar. Hər gün hasil olunan min dollarlıq qızıl Bonanzanın ən dövlətli “qızıl kralları” sayılan Pentfild və Hatçinsona məxsus idi.
Bilbidem çıxıb gedəndən sonra araya çökən sükutu Pentfild pozdu. O, bulaşıq qab-qacağı stolun boşaldılmış hissəsinə itələdi, təmiz hissədə barmaqları ilə stolu taqqıldat- mağa başladı. Hatçinson his eləyən şamın gözünü baş və şəhadət barmaqları ilə təmizlədi. Sonra isə onları bir-birinə sürtüb qəfil dilləndi:
– İkimiz də çıxıb gedə bilsəydik, nə yaxşı olardı. Heç zər atmalı olmazdıq.
Pentfild qaşqabaqla ona baxdı:
– Sənin bu lənətə gəlmiş tərsliyin olmasaydı, heç mübahisə də eləməzdik. Sən ancaq şeylərini yığışdırıb yola düşərdin. Mən işlərə göz olar, gələn il gedərdim.
– Mən niyə gedim? Axı mənim yolumu gözləyən yoxdur…
Pentfild onun sözünü ağzında qoydu:
– Bəs qohum-qardaşın?
Hatçinson sözünə qaldığı yerdən davam etdi:
– Səni isə gözləyirlər. Bilirsən də mən kimi nəzərdə tuturam.
Pentfild qaşqabağını sallayıb çiyinlərini çəkdi:
– Gözləyər.
– Axı o, iki ildir ki gözləyir…
– Bir il də gözləsə, qocalmaz.
– Axı onda üç il olacaq! A kişi, bir ağlına vur, üç il dünyanın bu başında, bu lənətə gəlmiş cəhənnəmdə ilişib qalmaq olar?! – Hatçinson əllərini məyusluqla yellədi.
O öz şərikindən yaşca kiçik idi, iyirmi altıdan artıq yaşı olmazdı. Sir-sifətindən qəm-qüssə yağırdı: çoxdan bəri həsrətini çəkdiyi şeylərdən məhrum olan üzündə kədər vardı. Eynilə Pentfildin də üz-gözündən, donqar çiyinlərindən məyusluq tökülürdü.
– Dünən gecə yuxuda gördüm ki, Zinkengildəyəm, – Pentfild dedi. – Musiqi çalınır, badələrin cingiltisi, qadın gülüşü eşidilirdi. Mən yumurta sifariş vermişdim. Hə, özü də hər növündən – həm bərk, həm ilıq bişirilmiş, həm də qayğanaq; bunları elə aşırıram ki, bişirib çatdıra bilmirlər.
Hatçinson onun sözünü acgözlüklə kəsdi:
– Mən isə salat, üstünə göyərti səpilmiş bifşteks[2 - Bifşteks – qızardılmış iri ət tikəsi] sifariş verərdim, yanında da göy soğanı, turpu dişlərimin arasında xırçıldayaydı.
Pentfild ah çəkdi:
– Mən də bunların hamısını yumurtadan sonra sifariş verərdim, yuxudan ayılmasaydım…
O, döşəmənin üstündəki sınıq-salxaq banconu[3 - Banco – yerli simli musiqi aləti] götürüb simlərinə fikirli-fikirli toxundu. Hatçinson diksinib dərindən ah çəkdi. Pentfild şən bir melodiya çalanda isə o, gözlənilməz qəzəblə qışqırdı:
– Saxla! Adam dəli olar, dözmək olmur.
Pentfild banconu taxtın üstünə atıb qiraətlə oxudu:
Açıb gizli həsrətimi[4 - Şeirlərin tərcüməsi Musa Ələkbərlinindir.]
Oxuyuram mən beləcə,
Yaddaşımın qaranlığı
Axıb gedir,
Keçir gecə.
Bir şəhərəm, dan yerinin
Şəfəqində sökülürəm,
Xatirələr əzabında
Öz içimə çəkilirəm.
Qəlbim yenə düşür oda,
O geydiyim frak mənim
Gör nələri salır yada.
Dostu başını ağır-ağır əllərinin üstünə endirdi. Pentfild təzədən stolun üstünü yeknəsəq şəkildə taqqıldatdı. Sonra onun nəzərini qapının bərk açılması cəlb elədi. Qapının üstünə ağ qırov tük kimi çökmüşdü. Pentfild pəsdən oxudu:
Ağlımdadır qoyun-quzu…
Neçə ümid, neçə arzu,
Bir quş kimi süzüb gedir.
Qızılbalıq dağ çayından
Dəryalara üzüb gedir.
Ürəyimdə bir səda var:
yeri dinlə, göyü dinlə!
Haçan mənim məhəbbətim,
Qovuşaram mən səninlə?!
İçəri girən Bilbidem zərləri stolun üstünə atdı. Ani sükutdan sonra dedi:
– Yaman şaxta var, Olson mənə dedi ki, Yukon çayı dünəndən donub.
Pentfild Hatçinsonun çiyinlərini şappıldadıb qışqırdı:
– Eşitdin, dostum? Kim udsa, sabah bu vaxt xoşbəxt diyarın yolunda olacaq.
O, içində zərlər olan stəkanı şən halda silkələdi:
– Hə, nə oynayırıq?
– Poker[5 - Poker – qumar növü], at görüm.
Pentfild stolun üstündəki qab-qacağı itələyib şaqqıltı ilə yerə tökdü. Zərləri stolun üstünə atdı. İkisi də tələsik əyildi. Heç biri qoşa düşməmişdi, ən böyük say beş idi.
Pentfild içini çəkdi:
– Boş xana.
Çox götür-qoydan sonra o, zərlərin beşini də stəkana yığdı. Hatçinson dedi:
– Sənin yerinə olsaydım, beşi saxlardım.
– Yox, indi gör nə olacaq! – deyə Pentfild zərləri atdı.
Yenə heç biri qoşa düşmədi. Bu dəfə ikidən ta altıyacan düşmüşdü. Pentfild inildədi:
– Yenə fərli bir şey düşmədi. Korri, sən daha atma, sən uddun.
Korri dinməzcə zərləri yığdı, stəkanın içində cingildədib atdı. Ona da altı ilə boş xana düşdü. O, altılığı saxlayıb qalan dörd zəri yığaraq dedi:
– Hər halda, heç-heçə, ancaq mən qoşa bir zər istəyirəm. Budur, udacam.
Stolun üstünə iki, üç, dörd, beş və Pentfilddəki kimi boş xana düşdü. Hatçinson ah çəkdi:
– Belə hadisə yüz ildə bir dəfə olur.
Pentfild zərləri tələsik qamarlayıb təzədən atdı.
– Milyonda bir dəfə.
Üç beşlik düşdü. O, stəkanı xeyli silkələdi, nəhayət, zərləri atanda bir beşlik də düşdü. Korri hövsələsini lap itirdi. Ancaq onun üç altılığı düşdü. Oyun yoldaşının gözlərində inamsızlıq, onun baxışlarında isə ümid parladı. Bir altılıq da düşsəydi, o, buzun üzəri ilə ştatlara yollanardı. O, stəkanı silkələdi, istədi atsın, tərəddüd etdi, yenə də silkələməkdə davam elədi.
Pentfild qəzəblə qışqırdı:
– At, at! Bizi incitmə! – O, həyəcanını gizlətmək üçün stolun qırağından elə yapışdı ki, dırnaqları əyildi.
Zərlər diyirləndi. Stolun üstündə altılıq göründü. Onlar yerlərində donub-qalaraq altılığa tamaşa edirdilər. Araya uzun sükut çökdü. Hatçinson altdan-yuxarı yoldaşına nəzər saldı. Pentfild onun baxdığını görüb özünü etinasız göstərmək üçün soyuq-soyuq gülümsündü.
Hatçinson yerindən sıçradı. Üzündə pərt və əsəbi ifadə vardı. Bu oyunda udmaq uduzmaqdan çətin idi. O, dostuna yaxınlaşdı, amma dostu da onun nə deyəcəyini bildiyindən danışmağa qoymadı:
– Sus, Korri, mən bilirəm sən nə demək istəyirsən. Mənim getməyimi istəyirsən və sairə və ilaxır. Yaxşısı budur, dinmə. Detroytda qohumların yolunu gözləyir, buna görə də getməlisən. Bir də ki sən mənim istəyimi yerinə yetirə bilərsən.
– Yəni?
Pentfild dostunun onun ürəyindəkiləri anladığını hiss etdi:
– Yəni ki, sən onu bura gətirə bilərsən. Fərq onda olacaq ki, toy San-Fransiskoda yox, Dousonda olacaq.
Hatçinson etiraz etdi:
– Ağlın çaşıb, nədir? Mən onu necə gətirrəm, onu heç tanımıram da. Sənin nişanlın mənə bacı kimidir, amma özün başa düşürsən də, ikilikdə yola cıxa bilmərik. Sənlə mən bilirik ki, arada heç nə ola bilməz, amma başqaları bunu söz-söhbət eləyərlər.
Pentfild boğuq səslə söyüş söyüb başqalarını Alyaskadan daha isti yerlərə göndərdi. Şəriki isə sözünə davam etdi:
– Əgər sən mənə qulaq assaydın, öz alicənablığını gözə soxmasaydın, indiki şəraitdə özünün getməyin daha yaxşı olardı. Cəmi-cümlətanı bircə ildən sonra mən gedib kefə baxaram.
Pentfild yola düşməkdən özünü güclə saxlayaraq başını buladı:
– Dostum, özünə nahaq zəhmət vermə. Mən sənin xeyirxahlığını qiymətləndirirəm, ancaq olmaz. Mən sənin burda, mənim də yerimə can qoyduğunu bilə-bilə orda rahat otura bilmərəm.
Birdən ağlına qəribə fikir gəldi. O, taxtın üstünə atıldı. Tələskənliklə yatağı alt-üst edib qələm-kağız tapdı. Stolun arxasına keçib tələsik, ancaq inamla yazmağa başladı.
– Hə, al bunu, – deyib əlindəki kağızı şərikinin ovcuna basdı. – Təkcə ünvanına çatdır, hər şey yoluna düşəcək.
Korri kağızı oxuyub şübhə ilə dedi:
– Hardan bilirsən ki, qardaşı bu dalbucaq yerə gəlmək istəyər?
Pentfild sözünün üstündə inadla durub dedi:
– O mənim, bacısının xətrinə razılaşar. Sadəcə, iş orasındadır ki, qardaşı nərmənazikdir. Qızın onunla tək yola çıxmasını istəmirəm. Sən yanlarında olsan, ürəyim rahat olar. Həm də camaat artıq-əskik danışmaz. Şəhərə çatan kimi birbaşa onlara get, hər şeyi başa sal, sonra öz evinizə gedərsən. Yazda da onların dalınca gəlib bura gətirərsən.
Bu sözləri deyib saatın qapağını açdı:
– Əminəm ki, seçimimi bəyənəcəksən. – Qapağın içindəki şəkli göstərdi. Korri şəklə tamaşa etdikcə heyran qaldı. – Yaxşı bax ki, rastlaşanda tanıyasan, – deyə Pentfild əlavə etdi. – Adı Meybldir. Yeri gəlmişkən, ünvanı başa salım ki, tapa biləsən. San-Fransiskoya çatanda bir keb[6 - Keb – təkatlı ingilis faytonu] tutub sürücüyə de: “Mirdon avenyuya[7 - Avenyu (ing.) – adətən, ətrafında iri ağaclar əkilmiş geniş küçə], Holmsun evinə sür”. Şəhərdəki bütün faytonçular məhkəmə hakimi Holmsun harda yaşadığını yaxşı bilirlər.
O, sözünə azacıq fasilə verib dedi:
– Bilirsən nə var, sən mənə bəzi şeylər alsaydın, pis olmazdı, məsələn… məsələn…
– Ailəli adama lazım olan şeylər.
Pentfild bu cavabdan pərt halda gülümsündü.
– Hə, düz tapdın. Süfrələr, salfetlər, döşəkağı, balışüzü, yaxşı qab-qaşıq dəsti və sairə. Axı buralara alışınca ona çətin olacaq. Aldığın şeyləri gəmi ilə yola salarsan. Bir də yaxşı olardı ki… Royal barədə nə fikirləşirsən?
Hatçinson bu fikrə ürəkdən razı oldu. Bayaqdan bəri səfərə etiraz etdiyini unutmuşdu. Artıq üzərinə qoyulan vəzifə ona daha cəlbedici görünürdü. Söhbətlərini qurtarıb ayağa qalxanda o dedi:
– Lorens, Tanrıya and olsun, onu dəbdəbə ilə gətirib gələrəm. Yol uzunu bişirib-düşürməyi, itlərə qulluq etməyi də öz öhdəmə götürürəm. Onlara əziyyət çəkdirmərəm. Qardaşına da ancaq bacısının rahatlığını təmin etmək, bir də mənim nəsə yadımdan çıxsa, onları eləmək qalır. Amma yenə də çalışaram ki, heç nə unutmayım.
Ertəsi gün Pentfild dostunun əlini sonuncu dəfə sıxıb onun itlər qoşulmuş kirşədə donmuş Yukon çayı ilə üzüyuxarı “gen dünya”ya tərəf yollanmağına tamaşa etdi. Daha sonra mədənə, iş başına qayıtdı. Burada onun ürəyi çox sıxılırdı. Uzun qışı dözümlə qarşıladı. İşi başından aşırdı; fəhlələrə göz qoymalı, torpaqda aparılan kəşfiyyat işlərinə rəhbərlik etməli idi. Ancaq onu təkcə iş məşğul etmədi, təpənin üstündə, mədənlərin arxasında yeni koma tikdirdi. Bu, möhkəm tikilmiş, xudmani koma idi: üç rahat otağı vardı. Onun hər bir tiri çox yaxşı yonulmuşdu. Hər halda, dülgərlərə gündə on beş dollar vermək hər adamın xərci deyildi. Ancaq söhbət sevimli Meybldən gedəndə heç bir xərc onu qorxutmurdu. O, komanı səliqəyə sala-sala oxuyurdu:
Haçan mənim məhəbbətim,
Qovuşaram mən səninlə?!
Divardan təqvim asmışdı. Hər səhər yuxudan duran kimi təqvimdəki günün üstündən xətt çəkir, bahara nə qədər qaldığını, nişanlısını dostunun nə vaxt gətirəcəyi günü hesablayırdı. Təzə komaya özündən başqa heç kim girə bilməzdi. Nişanlısı gələndə hər şeyi təptəzə görməli idi. Özü saatlarla o evdə vaxt keçirirdi, oradan çıxanda isə üzündə qəribə nəvaziş olur, baxışlarından şadlıq və mülayimlik yağırdı.
Dekabrda dostundan məktub gəldi. O yazırdı ki, qız həqiqətən Pentfildə layiq adaxlıdır. Korri qıza heyran qalmışdı, şərikini belə arvadı olacağı ilə təbrik edirdi. Lorens çox sevincək olmuşdu, amma hövsələsi daha da daralmışdı. Yaxşı ki, dostundan məktublar bir-birinin dalınca gəlirdi. Bəzən poçt ləngiyəndə məktublar iki-iki, üç-üç gəlirdi. Bütün məktublarda Korri gah indicə Meyblgildən gəldiyini, gah da ora getməyə hazırlaşdığını yazırdı. Deyəsən, dostu San-Fransiskonu tərk edib Detroyta getmək niyyətində deyildi. Lorensə elə gəldi ki, Korri öz ailəsini unudub, nədənsə nişan- lısıgildə kök salıb. Hətta ürəyində narahat olmağa başlamışdı. Amma sonra şübhələri özündən kənarlaşdırırdı, çünki o, dostuna və nişanlısına yaxşı bələd idi.
Meyblin də məktublarında baş qəhrəman Korri idi. Onun diqqətindən və münasibətindən razılıq edirdi. Söhbət toy məsələsinə gələndə isə qız tərəddüd edir, qətiyyətsizlik göstərirdi. Lorens düşünürdü ki, qızın qorxusu çətinliklər, təhlükələr qarşısında onu gözləyən məhrumiyyətlərdən doğur.
Üzücü, intizarlı qış qurtarmaq bilmirdi. İşlərə nəzarət etmək artıq onun başını qatmırdı. Yanvarın axırlarında Pentfild fikrini dağıtmaq üçün qumar stolunun arxasına tez-tez keçməyə başladı. O, qumarda udurdu, hərçənd maddi vəziyyəti ona uduzmağa da imkan verirdi. Firon[8 - Firon – qumar oyunu] oynayanlar arasında “Pentfildin əli yaman gətirir” ifadəsi dildən-dilə dolaşırdı. Fevralın ortalarınadək bəxti əməlli-başlı gətirmişdi.
Bir dəfə qumar oyunu keçirilən “Opera” klubunda bir saat ərzində Lorensin bütün kartları uddu. Növbəti oyun zamanı kartlar qarışdırılanda stolun yiyəsi Nik İnvud bərkdən dedi:
– Öz aramızdır, deyəsən, şərikiniz vaxtını boş keçirmir?
– Hə, Korri əylənməyi yaxşı bacarır, – o cavab verdi. – Bir də ki o buna layiqdir.
Nik İnvud güldü:
– Əlbəttə, özü bilən yaxşıdır, amma əylənmək evlənmək deyil.
Təəccübünü gizlədə bilməyən Lorens inamsızlıqla soruşdu:
– Korri evlənib, yox a?
– Bəli, bu səhər “Frisko” qəzetindən oxumuşam.
Pentfild halını pozmayaraq səbirlə soruşdu:
– Qız kimdir, görəsən? – Arxayın idi ki, onu masqaraya qoyurlar, hər an qəhqəhə səsi eşidə bilər.
İnvud cibindən çıxardığı qəzetə göz gəzdirə-gəzdirə dedi:
– Qızın adı yadımda qalmır, ancaq deyəsən, Meybldir… Aha, tapdım: Meybl Holms, məhkəmə hakimi Holmsun qızı…
Ürəyi yerindən oynayan Lorens dərhal özünü ələ alıb düşündü ki, görəsən, Şimalda bu ad birinə məlumdur, ya yox. Hisslərini büruzə vermədən onlara qulaq asanların üzlərini sakitcə müşahidə elədi. Yox, qulaq müsafirlərinin üzündəki adicə maraq idi. O, üzünü Nikə çevirib laqeyd səslə dedi:
– Bax, bu beş yüz dollardan mərc gəlirəm ki, qəzetdə belə bir şey yoxdur.
İnvud anlaşılmaz şəkildə gülümsünüb dedi:
– Yox, əzizim, sizin pulunuz mənə gərək deyil.
Pentfild istehza ilə:
– Mən elə də bilirdim, zarafatı boşla! – deyib stola sarı çevrilərək daha iki karta pul qoydu.
İnvud qızardı, sanki özünə inanmayaraq qısa məqaləni diqqətlə bir də oxudu. Sonra Pentfildə sarı sərt dönüb həyəcanla dedi:
– Qulaq asın. Mən bu işi belə qoya bilmərəm.
Pentfild kobudcasına soruşdu:
– Nəyi?
– Sizin sözünüzdən belə çıxır ki, mən yalan danışıram?
– Yox, sadəcə, mənə elə gəlir ki, sizin zarafatınız tutub.
– Axı mən sizə deyirəm ki, bu doğrudur.
– Mənsə beş yüz dollardan mərc gəlirəm ki, qəzetdə belə bir şey yoxdur, – deyib içində qızıl səpintisi olan ağır kisəni stolun üstünə atdı.
– Sizin pulunuz mənə gərək deyil, madam ki israr edirsiniz, alın, özünüz baxın, – deyə İnvud qəzeti Lorensə uzatdı.
Lorens oxuduqlarına inana bilmirdi. O, başlığa göz gəzdirdi: “Şimaldan cavan Loxinvar[9 - Loxinvar – Valter Skottun “Marmion” poemasının qəhrəmanlarından biri] çapa-çapa gəlirdi”. Məqalədə Meybllə Korrinin adları yanaşı idi. Qəzetin birinci səhi- fəsinə baxdı, San-Fransiskoda nəşr olunmuşdu.
O, yüngülcə gülümsəyib dedi:
– Pullar sizindir. Bir halda ki mənim şərikim kefə başladı, qabağında çətin duruş gətirmək olar.
Sonra qəzeti əlinə alıb yenidən kəlmə-kəlmə oxudu. Şəkk-şübhə ola bilməzdi. Korri Hatçinson, həqiqətən də, Meyblə Holmsla evlənmişdi. Məqalədə Korri haqqında “Bonanzanın krallarından biri, Lorens Pentfildin şəriki (San-Fransisko cəmiyyətində hələ unudulmamışdı), onunla birlik- də Klondaykın bir çox sərvətlərinin yiyəsi” deyilirdi. Məlumat verilirdi ki, mister və missis Hatçinsonlar toydan sonra bir müddət Detroytda qalacaq, sonra isə bal aylarını Klondayka səyahətdə keçirəcəklər.
Pentfild ayağa qalxdı və tərəzidə çəkildıkdən sonra beş yüz dollar məbləğində qızıl səpintisi boşaldılmış kisəsini götürdü:
– İndicə qayıdıram, yerimi saxlayın.
Küçəyə çıxıb başqa bir qəzet aldı, bu qəzet də məlumatı təsdiqləyirdi. Artıq şübhəsi qalmadı: dostu və nişanlısı evlənmişdilər. O, kluba qayıdıb oyuna davam etdi. Təklif etdi ki, kim nə qədər istəyir pul qoysun. Nik kart paylayana başı ilə işarə edib güldü:
– Şirkətin anbarlarına baş çəkmək istəyirdim, amma gedəsi olmadım. Hə, bacarığınızı göstərin görək!
Lorens ikisaatlıq qızğın oyundan sonra qırx min pul uddu. Kart paylayan siqaretini yandırıb elan etdi ki, bankda pul qurtarıb. Pentfild Nik İnvudun əlini sıxıb bildirdi ki, bu onun sonuncu oyunu idi.
Heç kəsin ağlına belə gəlmədi ki, ona necə ağır bir zərbə vurulub. O, zahirən bunu göstərmirdi. Həmişəki kimi bütün həftə işi-gücü ilə məşğul oldu. Ancaq şənbə günü toy mərasimini təsvir edən “Portlend” qəzeti gözünə dəydi. Mədəndəki işlərə nəzarəti dostlarından birinə tapşırıb itləri qoşdu, Yukon çayı boyunca yuxarı yollandı. O, Şor Sulara tərəf yol aldı, sonra Ağ çaya döndü. Beş gündən sonra yerli hinduların düşərgəsinə çatdı. Axşam onun şərəfinə verilən qonaqlıqda başçının böyründə oturmuşdu. Ertəsi günü o, itləri geri, Yukona tərəf qovanda artıq tək deyildi. Gənc hindu qızı axşam onun itlərini yedirdi, gecələmək üçün yer hazırlamaqda ona kömək etdi. Uşaqlıqda qızın ayağını ayı əzmişdi, buna görə də o, axsayırdı. Adı Laşka idi. Əvvəlcə naməlum ölkədən gəlmiş, ona bir kəlmə söz belə demədən, bir dəfə nəzər salmadan alıb yad yerlərə aparan ağ adamdan qorxmuşdu. Sonra isə ondan təhlükə gəlmədiyini görüb isinişməyə başladı.
Şimalda yaşayan ağ adamların çoxunun aldığı hindu qızlardan fərqli olaraq Laşkanın bəxti gətirdi. Dousonda onları birləşdirən bütpərəst kəbinindən sonra kilsədə də nikah kəsildi. Hər şey Laşkaya yuxu kimi görünürdü. Əri onu Bonanzaya aparıb təpənin başındakı yeni komada yerləşdirdi.
Pentfildin hindu qızı alıb onunla bir dam altında yaşaması heç kimdə təəccüb doğurmadı. Ancaq onun kilsədə nikah kəsdirməsi sensasiya yaratdı. Bunu anlamaq istəməsələr də, onunla bir işləri də olmadı. Yerli mühit bir işdən zərər görməyincə çək-çevir yaratmırdı. Ağ qadınlar sahibəsi olduqları evlərə Lorensi yenə də qonaq çağırırdılar. Kişilərin bir çoxu onun zövqünü bəyənməsə də, hər halda, onu məzəmmət edə bilməzdilər.
San-Fransiskodan daha məktub gəlmirdi. İçində poçt olan altı narta[10 - Narta – şimalda it və ya maral qoşulan xizək] Böyük Qızılbalıq yaxınlığında qəzaya uğramışdı. Bundan başqa, Pentfild bilirdi ki, yeni evlənənlər artıq Klondaykda olmalıdırlar. Onların toy səyahəti sona çatırdı. Halbuki o özü bitmək bilməyən iki il ərzində belə səyahətin arzusu ilə yaşamışdı. Bu fikirlərdən dodaqları acı-acı büzülürdü, ancaq hisslərini gizlədir, Laşkaya qarşı daha mehriban olurdu.
Mart qurtardı, aprelin axırına az qalmışdı ki, bir dəfə səhər tezdən Laşka koması çaydan bir neçə mil aşağıda olan Pitin yanına getmək üçün ondan icazə istədi. Əsli Stüart çayı sahilindən olan Pitin arvadı ona xəbər göndərmişdi ki, uşağı xəstələnib. Təbiətən əsl ana olan Laşkaya elə gəlirdi ki, bütün uşaq xəstəliklərindən yaxşı baş çıxarır və tale özünə övlad bəxş edənə qədər başqalarının uşaqlarına qulluq etməyə hazırdı.
Pentfild itləri nartaya qoşdu. Arvadını nartaya mindirib Bonanza çayının mənsəbi ilə aşağı yollandı. Havadan bahar ətri gəlirdi. Yer hələ də qarla örtülü olsa da, şaxta əvvəlki kimi kəsmirdi. Qışın gücü zəifləmişdi, çayların, nohurların şırıltısı eşidilirdi. Bəzi yerlərdə buz əridiyindən yolları su basmışdı, dövrə vurub keçməli olurdular. İki nartanın keçə bilməyəcəyi yerdə Lorens yaxınlaşan zınqırov səsləri eşidib itləri saxladı. Çayın aşağısı tərəfdən ağır yükləri çəkən yorğun itlər qoşulmuş narta göründü. İtləri qovan kişinin görkəmi Pentfildə tanış göründü. Kirşədə iki qadın da vardı. Pentfild bir də diqqətlə sürücüyə nəzər yetirdi: bu, Korri Hatçinson idi. Dayanıb gözlədi, sevinirdi ki, Laşka yanındadır. Düşünürdü ki, tale bu görüşü çox yaxşı təşkil edib. Bilmək istəyirdi ki, ona nə deyəcəklər, vəziyyətdən necə çıxacaqlar. Onun danışmağı artıq idi, izahatı qarşı tərəf verməli idi.
Qoşqular bərabərləşəndə Korri onu görüb itləri saxladı.
– Salam, dost! – deyib əlini uzatdı.
Lorens onun əlini soyuq və dinməzcə sıxdı. Bu ara qadınlar da yaxınlaşdılar. Bunlar Meybl və onun bacısı Dora Holms idilər. Pentfild xəz papağını çıxarıb Doranın əlini sıxdı, Meyblə tərəf döndü. Gözəl, sevincək Meybl özünü ona sarı atdı, ancaq Lorensin görüşmək üçün əl uzatdığını görüb özünü itirdi. Pentfild istədi ki, desin: “Salam, missis Hatçinson”, amma “missis Hatçinson” sözləri ilişib boğazında qaldı, o, ancaq mızıldandı:
– Salam.
Ortada elə pərtlik yarandı ki, bu, Pentfildin ürəyindən oldu. Meybl çox həyəcanlanmışdı. Vəziyyəti belə görən Dora dilləndi:
– Bura bax, Lorens, nə olub?
Korri onun cavabını gözləməyib qolundan tutub kənara çəkdi. Gözləri ilə Laşkaya işarə edərək pıçıltı ilə soruşdu:
– Dostum, bu nə məsələdir?
Pentfild istehza ilə cavab verdi:
– Sənin nə borcuna?
Lakin Korri əl çəkmədi:
– Bu skvo[11 - Skvo – ağ adamların qəbilə qaydaları ilə evləndikləri hindu qadın] cənin kirşəndə nə edir? Qızlara nə deyim, məni əməllicə işə saldın. Əminəm ki, tutarlı izahatın var. Axı o kimdir, kimin skvosudur?
Nəhayət, həlledici zərbəni endirməyin vaxtı çatmışdı. Pentfild ona edilən bədxahlığın əvəzini çıxırdı. Zahirən sakit olsa da, elə bil ürəyindən tikan çıxarırdı.
– Bu mənim skvomdur. İcazənizlə təqdim edim: arvadım – missis Pentfild.
Korrinin nəfəsi təngidi. Meyblin üz-gözündən narazılıq yağırdı, ağzını açıb danışa bilmirdi. Lorens heç nə olmayıbmış kimi qadınlara yaxınlaşdı. Doraya müraciət etdi:
– Səyahətiniz necə keçdi? Yollarda çox donmadınız ki?
Sonra Meyblə tərəf dönüb soruşdu:
– Missis Hatçinson necədir?
Dora Lorensin çiyinlərindən tutub hiddətlə silkələdi:
– Səfehin biri səfeh! Deməli, qəzetdə oxuduqlarına görə özünü belə aparırsan?
Pentfild mızıldandı:
– Başa düşmədim, nə demək istəyirsən?
Dora həyəcanla davam etdi:
– Axı növbəti nömrədə düzəliş vermişdilər. Ağlımıza da gəlməzdi ki, qəzetin əvvəlki nömrəsi əlinə düşər. O biri qəzetlər də həmin qəzetdən xəbəri götürüb yanlışlıqla çap etmişdi.
– Necə?.. – Pentfildin sarsıntıdan ürəyi sancdı. Özünü uçurumun kənarında hiss elədi.
Dora isə dil boğaza qoymurdu:
– Meybllə mənim Klondayka gedəcəyimiz məlum olanda “Həftəlik” qəzetindən bildirdilər ki, bizim Mirdon avenyuda yerimiz görünəcəkdir.
– Onda, deməli…
– Bəli, missis Hatçinson mənəm. Biz Korri ilə evlənmişik, sən isə elə bilmisən ki, Meybl dostuna ərə gedib…
Pentfild ağır-ağır dilləndi:
– Hər şey aydındır. Müxbir adları çaşbaş salıb…
O susdu. Meyblə baxdı. Qız gözünü ona zilləyib nə deyəcəyini gözləyirdi. Korri ayaqqabısının burnu ilə yeri eşir, Dora isə altdan-altdan nartada sakitcə oturmuş Laşkaya baxırdı. Lorens dönüb itlər qoşulmuş nartaya – ümidsiz gələcəyinə baxdı, özünü və yanındakı axsaq Laşkanı gördü. Sonra təəssüflə Meyblin gözlərinin içinə baxaraq dedi:
– Bağışla, belə bir xəbərin yanlış olduğu mənim ağlıma da gəlməzdi. Elə bildim Korriyə ərə getmisən. Mən də evləndim, nartadakı missis Pentfilddir…
Meybl özünü itirdiyindən bir söz deyə bilməyib bacısına tərəf döndü. Sanki çətin səfərin ağırlığı birdən üstünə çökmüşdü. Dora ondan yapışdı. Korri isə hələ də gözlərini yerdən ayıra bilmirdi. Pentfild bir daha dostuna, qadınlara nəzər salıb nartaya tərəf getdi. Laşkaya üzünü tutub:
– Getmək lazımdır, Pitin uşağı bizi bütün günü gözləyə bilməz, – dedi.
Uzun qırmanc havada vıyıldadı, itlər kirşənin yan qayışlarını dartıb irəli cumdular. Pentfild gedə-gedə qışqırdı:
– Korri, qulaq as! Sən köhnə daxmada yaşaya bilərsən. İndi ora boşdur. Mən təpənin başında özümə təzəsini tikdirmişəm.

    Tərcümə edəni: Rəna Şıxəmirova

LİT-LİTİN ƏRƏ GETMƏSİ
Con Foks viskinin, demək olar ki, bütün ilboyu bərk olduğu, donduğu, ona görə də ondan press-papye[12 - Press-papye – yazını qurulamaq üçün alət] kimi istifadə etmək mümkün olan yerə gəlib çıxanda uşaqlıqdan həyata açıq gözlə baxmayan başqa macəra axtaranlardan fərqli olaraq idealların, illüziyaların əsiri olub qalmadı. Uzaq Qərbdə anadan olub böyüyən Con Foksun ağlı iti olmasa da, o, sağlamdüşüncəli, işgüzar, qoçaq adam idi, hər şeyə açıq gözlə baxırdı. Bu da onun Kanadada yeni sahədə müvəffəqiyyət qazanmasını təmin edirdi. O, Hudzon körfəzi şirkətinin adi xidmətçisi kimi bələdçilərlə birlikdə avar çəkir, hər cür işdən yapışırdı, odur ki irəli tez çəkildi. “Mələklər” istehkamındakı ticarətə başçılıq etməyə başladı.
Con Foks hər şeyə adi gözlə baxırdı, ona görə də yerli tayfadan olan bir qızı aldı; bu ər-arvadlıq sözün əsl mənasında uğurlu oldu. Çünki o, başqa, iradcıl kişilərdən deyildi; belələri işləyə bilmir, axırdan-axıra öz həyatlarını cəhənnəm əzabına döndərirdilər. O, taleyindən çox razı idi, şirkətə canla-başla qulluq edirdi, bir neçə müddətdən sonra sayılan işçilərdən biri oldu. Arvadı öləndə qadının tayfası onun cəsədini götürüb yerli qayda-qanunla ağac başında dəmir yeşikdə basdırdı.
Arvadı Foks üçün iki oğlan doğmuşdu. Şirkət onun vəzifəsini artıranda o da oğulları ilə uzaqlara, Şimal-Qərbin ucu-bucağı görünməyən ərazisinə – Günah Qayasına yollandı. Orda onu dəri alveri kimi mühüm sahədə yeni vəzifə gözləyirdi. O, burda bir neçə ay tənha qaldı və yeknəsəq həyatdan darıxdı. Açıq-aydın nifrətlə bir o qədər də gözəlliyi olmayan hindu qızlarına baxır, daim ana nəvazişi və qayğısı görməyən oğlanlarının dərdini çəkirdi. Birdən o, Lit-Liti gördü.
– Lit-Lit… Sizə necə deyim, Lit-Litdir də… – qızı təsvir eləmək üçün baş keşikçi Aleksandr Mak Linə bundan artıq söz tapıb deyə bilmədi.
Mak Lin sözün əsl mənasında şotland idi, onun, Con Foks demişkən, ağzından süd iyi gəlirdi, ona görə də hindu qadınları almaq fikrini heç yaxına belə qoymurdu. İşlər müdiri öz ölməz ruhunu məhv etmək fikrinə düşsəydi, Mak Lin narazı qalmazdı, çünki Mak Lin qorxurdu ki, özü Lit-Litin gözəlliyi qarşısında davam gətirməyib ruhunu məhv edər.
Şotlandın sərt qəlbi Lit-Litin qəlbə od salan baxışları qarşısında az qala əriyəcəkdi. Lit-Lit mütənasib bədənli, çevik qız idi, üzünün ifadəsi olmayan, ağır tərpənən, süst, başqa hindu qadınlara heç bənzəmirdi. Uşaqlıqdan bir yerdə otura bilmədiyinə, kəpənək kimi ora-bura uçub qonduğuna görə, adama uyuşan, şən, qayğısız, kəlməbaşı qəhqəhə çəkib güldüyünə, ora-bura qaçdığına, atılıb-düşdüyünə görə ona Lit-Lit deyirdilər.
Lit-Lit yerli tayfanın şöhrətli başçısı Snitşeynin və metis qadının qızı idi. Con Foks bir dəfə yayda sözarası evlənməkdən danışmaqdan ötrü ona baş çəkdi. Onlar tayfa başçısı ilə ağcaqanadları qovlamaq üçün viqvamın[13 - Viqvam – Şimali Amerika hindularının ağac qabığından, göndən, dəridən tikdikləri koma] qabağında qalanmış ocağın qırağında oturmuşdular; tələsmədən toydan başqa, Şimal diyarına aid olan hər şeydən danışırdılar. Con Foks ancaq toydan danışmaq üçün gəlmişdi; Snitşeyn bunu bilirdi, Con Foks da onun bildiyini bilirdi, buna baxmayaraq onlar xüsusən toydan söz salmayıb möhkəm susdular. Bu, hindular arasında çox məharətlə danışıq aparmaq bacarığı sayılırdı. Əslində isə bu, adicə sadəlövhlük idi.
Saatlar ötürdü, Foksla Snitşeyn isə trubka dalınca trubka çəkir, özlərini bir-birinə sadəlövh göstərirdilər.
Günün günortaçağı Mak Lin və o biri keşikçi Mak Teyviş gəlib-keçdilər. Onlar çaya gedirdilər, özlərini laqeyd göstərdilər. Bir saatdan sonra onlar qayıdanda Foksla Snitşeyn şirkətin xəzlə dəyişmək üçün verdiyi barıtın və bekonun[14 - Bekon – hisəverilmiş və duzlanmış donuz budu] miqdarı barədə nəzakətlə mübahisə edirdilər. Bu ara faktoriyanın işlər müdirinin nəyə gəldiyini başa düşən Lit-Lit viqvamın arxa divarının altından sürünüb keçdi. Giriş qapısının ağzını örtən dərinin qırağını qaldırdı və arasından ocağın qırağında oturub mübahisə eləyənlərə tamaşa etməyə başladı. Qızın yanaqları pörtmüşdü, gözləri alışıb-yanırdı, qəlbi iftixar hissi ilə aşıb-daşırdı, axı işlər müdirinin özü onu seçmişdi (Şimal diyarlarında o, Allahdan sonra birinci adam sayılırdı) – Lit-Litin qəlbini qadın marağı bürümüşdü, ona yaxşıca baxmağa, tamaşa etməyə tələsirdi. Günəşin şüalarından, düşərgə ocaqlarının istisindən, yağmurlu havadan kişinin sifətinin rəngi qızın atasının üzü rəngdə, qıpqırmızı bürünc rəngindəydi, onunla yanaşı duranda Lit-Lit ağ görünürdü. Bu, qızın xoşuna gəlirdi, sevinirdi ki, Foks belə cüssəli, qüvvətlidir, qızı təkcə onun iri, qara saqqalı bir qədər qorxudurdu, o, çox qeyri-adi idi.
Lit-Lit çox cavan idi, kişilərin necəliyindən heç baş açmırdı. Qız günəşin cənuba çəkilib üfüqün arxasında yox olmasını, günün göydə daha çox olmasını, gecənin, nəhayət, onun qarşısında geri çəkilməsini on yeddi dəfə görmüşdü. Bütün bu illər ərzində Snitşeyn qızını möhkəm qorumuşdu, onun pərəstişkarlarını yaxına qoymamışdı. Onu almaq istəyən gənc oçvuların təkliflərinə nifrətlə qulaq asıb hamısını rədd etmişdi, sanki qızın, doğrudan da, misli-bərabəri yox idi. Qoca tayfa başçısının tamahı cuşa gəlmişdi. Lit-Lit onun sərvəti idi. Özü də elə sərvəti idi ki, o bundan ancaq xırda-xuruş faizlər əldə etməklə kifayətlənməyib, ardı-arası kəsilməz çoxlu qazanc əldə etmək istəyirdi.
Lit-Lit hindu qəsəbəsində sanki monastırda böyümüşdü, indi o, narahatlıqla, qız marağı ilə onu aparmağa gələn kişiyə, bilmədiyi şeyləri ona öyrədəcək ərinə, başının ağasına, sözü onun üçün qanun olana, ömrünün axırınadək ona istiqamət verəcək, ona ağalıq edəcək adama tamaşa eləyirdi.
Yanaqları pörtmüş, gələcək qəribə taleyi barədə həyəcanlı fikirlərə dalan qız viqvamdan boylanırdı, ancaq vaxt ötürdü, işlər müdiri ilə atası toydan başqa hər şey barədə lovğa-lovğa danışırdılar. Qızın qanı qaraldı. Axşam düşürdü. Günəş get-gedə lap aşağı enirdi, işlər müdirinin getməyə hazırlaşdığı hiss olunurdu. Budur, dönüb getmək istəyir. Lit-Litin ürəyi düşdü, çünki kişi ayaq saxlayıb çiyni üstündən dedi:
– Hə, Snitşeyn, mənə alt paltarımı yuyan, üst-başımı yamayan arvad lazımdır.
Snitşeyn burnunun altında nəsə mızıldandı və dişsiz qarını – Vanidanini təklif elədi.
Foks etiraz etdi:
– Yox-yox! Mən qulluqçu deyil, arvad almaq istəyirəm. Son vaxtlar bu barədə fikirləşirəm, indi birdən ağlıma bir şey gəldi, bəlkə, sənin elə bir adamın oldu?
Snitşeyni möhkəm maraq hissi bürüdü, işlər müdiri ona yaxınlaşdı ki, işarası guya gözlənilmədən ortaya çıxmış məsələni müzakirə edə.
Snitşeyn təklif elədi:
– Katunu al.
İşlər müdiri etiraz etdi:
– Çolaqdır.
– Laskanı necə?
– O, itpaçadır. Ayaq üstündə olanda qıçları arasından sənin ən böyük köpəyin Kips asanlıqla keçə bilər.
Snitşeyn halını pozmadan təklifini elədi:
– Sinatini necə, alarsan?
Con Foks özünü yalandan qəzəbli göstərib qışqırdı:
– Bircə bu çatmırdı. Mən qoca-zadam məgər, qarılarını mənə vermək istəyirsən? Dişsiz qocayam? Topalam, koram? Ya da elə kasıbam ki, yer üzündə heç bir gözəl qız üzümə baxmaz?! Bilirsən mən kiməm? Mən işlər müdiriyəm, dövlətliyəm, qüdrətliyəm, güclüyəm, hakimiyyət əlimdədir, mənim bir sözümlə adamların canına üşütmə düşür, sözümdən çıxmağa cürət etmirlər.
Bütün bu sözlər Snitşeynin ürəyinə yağ kimi yayıldı, ancaq üzü sirli və müəmmalı idi. O, istər-istəməz işlər müdirini məcbur etdi ki, ilk addımı atsın. Snitşeynin çox sadə quruluşlu beyninə bir dəfəyə ancaq bir fikir hakim kəsilirdi, ürəyində tutduğunu Con Foksdan daha inadla əldə etmək istəyirdi. Con Foks nə qədər sadə olsa da, bir o qədər mürəkkəb idi, onun ağlında eyni zamanda bir neçə ideya dolaşırdı, bu da ona tayfa başçısı kimi bir şeyi inadla, hökmən əldə etməkdə mane olurdu.
Snitşeyn tayfa qadınlarının adını bir-birinin dalınca çəkirdi, Con Foks o dəqiqə bunları rədd edirdi, ona yaramadıqlarını deyirdi. Nəhayət, bütün bunlar onun zəhləsini tökdü, təzədən evinə yola düşmək istədi. Snitşeyn altdan-altdan ona göz qoyurdu, ancaq Foks axırda ayaq saxlayıb dedi:
– Gör nə deyirəm. Biz ikimiz də Lit-Liti yaddan çıxarmışıq. Bəlkə, o mənə yaradı?
Snitşeynin qaşqabağı açılmadı, ancaq ürəyində sevincinin hədd-hüdudu yox idi. Bax buna varam! Bir dəqiqə də ötsəydi, o özü Lit-Litin adını çəkəcəkdi, ancaq işlər müdiri özü ilk addım atdı.
İşlər müdiri ucadan ürəyindən keçənləri deyirdi:
– Hə, nə olar ki? Bunu bir yolla yoxlamaq olar, sınaqdan keçirək. Hə, demək belə, – o, səsini ucaltdı, – Lit-Lit üçün on yorğan, üç funtluq da əla tütün verrəm.
Ancaq Snitşeyn başını buladı, bu, açıq-aydın o demək idi ki, yer üzünün bütün yorğanları, tənbəkisi gözəllik mücəssəməsi olan Lit-Litin yerini verməz. Foks, nəhayət, ondan nə istədiyini tələb edəndə tayfa başçısı soyuqqanlılıqla bildirdi ki, ona beş yüz yorğan, on tüfəng, əlli funtluq tənbəki, iyirmi parça qumaş, on butulka rom, şarmanka verəcək, bundan başqa da işlər müdirinin iltifatını qazanacaq və ocağının başında yeri olacaqdır.
Foksu sanki iflic vurdu, ona görə də yorğanların sayı tez iki yüzə endirildi, onun dalınca da tayfa başçısı ocağın qırağında yer istəməkdən boyun qaçırdı, – ağdərili kişilərlə bu yerin qızları evlənə, bu, görünməmiş iş idi. Onlar daha üç saat sövdələşdilər, sonda razılığa gəldilər. Snitşeyn Lit-Lit üçün yüz yorğan, beş funtluq tənbəki, üç tüfəng, bir butulka rom alacaqdı. Həm də, şübhəsiz ki, işlər müdirinin iltifatını qazanacaqdı: Con Foksun fikrincə, o, on yorğan, bir tüfəngi qıza görə artıq verirdi. Gecəyarıdan ötəndə Foks evə qayıdanda təəssüflə fikrindən keçirdi ki, Snitşeyn ona kələk gəldi.
Yorulmuş, ancaq əldə etdiyi qələbədən sevincək olan Snitşeyn uzanmağa hazırlaşırdı ki, viqvamdan yavaşca sürünüb çıxmaq istəyən Lit-Liti gördü.
O, nəsihətverici şəkildə mızıldandı:
– Sən özün gördün, özün eşitdin. İndi görürsən ki, atan müdriklərin müdrikidir. Sənin üçün ən sərfəli ər tapmışam. Mənə qulaq as, nə deyirəmsə, onu elə, mən get deyəndə gedər, qayıt deyəndə qayıdarsan. Beləcə, biz bu ağ axmağı soyarıq, boyu uzundur, ağlı az.
Ertəsi gün ticarət işləri dayandırılmışdı. İşlər müdiri səhər yeməyindən əvvəl Mak Lini və Mak Teyvişi sevindirərək bir butulka viski açdı, itlərə iki pay yemək verdi, ən yaxşı mokasinləri geyinib gəzdi. Faktoriyanın yaxınlığında potlaça[15 - Potlaç – һәdiyyә paylanan qonaqlıq] möhkəm hazırlıq görülürdü. Con Foks Lit-Liti almasını indiyədək görünməmiş potlaçla qeyd etmək istəyirdi ki, adaxlının əliaçıqlığı gəlinin gözəlliyindən geri qalmasın. Axşama yaxın bütün tayfa qonaqlığa gəldi. Kişilər, qadınlar, uşaqlar və itlər doyunca yedilər, əliaçıq kişi heç kəsin – nə yol azıb gələn yolçuların, nə də tayfasından geri qalan ovçuların xətrinə dəymədi. Saqqallı ər indicə gözünün yaşını tökəcək, fağırlaşan Lit-Litə təzə çit paltar, zəngin naxışlı mokasin verdi, onun qaralığından göyəçalan saçları üstünə al-əlvan ipək yaylıq örtdü, boğazına qıpqırmızı şərf bağladı, üstəlik də bürünc sırğa, üzüklər, bir ovuc par-par parıldayan bəzək şeyləri, ucuz saat bağışladı.
Snitşeyn hədiyyələr paylananda özünü güclə saxladı, ən axırda bir dəqiqə vaxt tapıb qızını bir qırağa çəkdi.
O, burnu altında mızıldandı:
– Bu gecə yox, sabah gecə də yox, gecələrin birində çayın qırağına gəlib qarğa kimi qarıldayacağam, sən də yekəpər, axmaq ərinin yatağından qalxıb mənim yanıma gələrsən. – Lit-Litin yeni gözəl həyatdan ayrılmalı olacağını eşidəndə sifətinin uzandığını görüb tələsik əlavə etdi: – Qorxma. Sən qaçıb gələn kimi yekəpər və sadəlövh ərin ah-ufla viqvamıma qaçıb gələcək, sonrası isə səndən asılıdır; var gücünlə şikayətlənərsən ki, ondan xoşun gəlmir, ürəyindən deyil, işlər müdirinin arvadı olmaq sənin düşündüyündən çətin imiş, qoy ərin yazıq, kasıb, qoca atana əlavə yorğanlar, tənbəki və başqa mallar versin. Belə ki, möhkəm yadında saxla, gecə çay sahilində qarğa kimi qarıldayacağam.
Lit-Lit başını tərpətdi, bilirdi ki, atanın sözünə qulaq asmamaq olmaz, bir də o, qızından nə tələb edirdi ki, deyirdi Foksdan bir müddət ayrılsın, Lit-Lit onun yanına qayıdanda əvvəlkindən xoşbəxt olacaqdır. Qız qonaqlara qarışdı, gecəyarıdan keçəndə Foks xüsusilə yaşlı hindu qadınlar dəridən-qabıqdan çıxıb zarafatlaşanda və hay-küy salanda Lit-Liti çağırıb qalaçaya apardı.
Lit-Lit faktoriyada ən nüfuzlu adamın arvadı olmağın nə qədər sərfəli olduğunu tez başa düşdü, belə güzəran yatsaydı, yuxusuna da girməzdi. İndi o, odun, su daşımırdı, deyingən tayfa qocalarına qulluq eləmirdi. İlk dəfə idi ki, səhər yeməyi hazır olunca yataqda uzanıb nazlana bilərdi. Yataq da ki nə yataq: təmiz, yumşaq, rahat; o, ömründə belə yorğan-döşəkdə yatmamışdı. Bəs yeməyinə nə deyirsiniz! Yediyi ağ çörək, peçenye, buğda unundan kökə idi. Gündə üç dəfə, hər gün, özü də ki ürəyin istədiyi qədər. Belə bolluğa adam alışa bilmir. Bundan başqa, Foks xeyirxah da olurdu. Bir arvadı ölmüşdü, evi idarə etməyi yaxşı bacarırdı, arvadın cilovunu da hərdənbir, özü də ciddi şəkildə çəkə bilirdi.
O, toyun ertəsi günü süfrə arxasında oturanda dedi:
– Lit-Lit burda xanımdır. Nə dedi, o da olmalıdır, başa düşdünüz?
Mak Lin və Mak Teyviş başa düşdülər. Onlar bunu da bilirdilər ki, işlər müdirinin əli ağırdır.
Lit-Lit vəziyyətindən sui-istifadə eləməyə tələsmirdi. O, ərinə qulluq etdiyi kimi, onun böyüyən oğlanlarının nazını çəkdi, yorulmadan onların qeydinə qaldı, bununla bərabər, əri onu müəyyən dərəcədə sərbəst buraxdığı kimi, o da onları sərbəst buraxırdı. Oğlanlar təzə analarını hamıya, hər gördüklərinə tərifləyirdilər. Mak Linlə Mak Teyviş də dil boğaza qoymurdular, Foks da ailə həyatının gözəlliklərindən, cavan arvadının məziyyətlərindən, özünün razılığından o qədər danışdı ki, bütün bunlar Günah Qayasının sakinləri və ətrafında yaşayanların dilində dolaşmağa başladı.
Gələcək saysız-hesabsız, qurtarmaq bilməyən qazancların eşqinə düşən, gecələr yuxusu ərşə çəkilən Snitşeyn qərara aldı ki, hərəkətə gəlmək vaxtı çatıb. Toyun onuncu gecəsi Lit-Liti qarğa qarıltısı yuxudan elədi. Qız başa düşdü ki, Snitşeyn onu sahildə gözləyir. Xoşbəxt həyata başı qarışdığından o, atası ilə şərtləşdiklərini unutmuşdu, indi onun canına uşaqlıqda olduğu kimi qorxu düşmüşdü. Lit-Lit tir-tir əsərək yorğan-döşəkdə xeyli uzanıb qaldı, getmək də istəmirdi, qalmağa da qorxurdu. Axırdan-axıra Foksun mehribanlığı, həm də dəmir kimi əzələləri, dördkünc çənəsi ona cürət verdi. Atasının sözünü qulaqardına vurdu, Foks da bu gecə nə kimi qələbə əldə etdiyindən xəbər tutmadı.
Səhəri Lit-Lit qorxu içində yatağından qalxdı, evdə yır-yığış edəndə atasının bu dəqiqə gəlib çıxacağını fikrinə gətirəndə diksinirdi. Vaxt ötüb-keçdi, qız get-gedə sakitləşdi. Foks Mak Lini, Mak Teyvişi diqqətsizlik üstündə ucadan danlayırdı, onun səsi qıza cəsarət verdi. Lit-Lit bütün günü çalışdı ki, ərinin yanında olsun, onun iri anbarda nəhəng mal bağlamalarını qu tükündən hazırlanmış balışlar kimi çətinlik çəkmədən qaldırıb ordan-bura atdığını görəndə tamamilə bu qərara gəldi ki, atasına qulaq asmasın. Bundan başqa, o, ilk dəfə idi ki, anbarı görürdü – Günah Qayası bir neçə xırda faktoriyanın bazası idi.
Lit-Liti bura yığılmış saysız-hesabsız var-dövlət mat qoydu. O bu var-dövlətə tamaşa edir, atasının miskin viqvamı gözləri önünə gəlirdi. Onun bütün tərəddüdləri yoxa çıxdı. Öz qərarını yoxlamaq üçün oğulluğundan soruşdu:
– Atan yaxşı adamdır?
Oğlan cavab verdi ki, yer üzündə ondan yaxşısı yoxdur.
Bu gecə də qarğa təzədən qarıldadı. Ertəsi gecə onun qarıltısı lap ucadan, aravermədən eşidildi. Foks yuxudan oyandı, yorğan-döşəyində narahat-narahat çevrilib söydü:
– Lənətə gəlmiş qarğaya bax!
Lit-Liti gülmək tutdu, ehmalca üzünü yastığa yapışdırdı.
Snitşeyn səhər tezdən günəş doğanda kabus kimi faktoriyaya gəlib çıxdı, onu Vanidani ilə birlikdə mətbəxə səhər yeməyinə çağırdılar. Qoca isə yeməyi qadınla bölüşməkdən qətiyyətlə boyun qaçırdı, bir azdan qızğın alver gedən dükanda kürəkəninin başının üstünü kəsdirdi. Dedi ki, qızı tayı-bərabəri olmayan bir incidir. Deməli, ona yenə tənbəki, yorğanlar, üstəlik, ən vacibi – tüfənglər düşür… Onu, sadəcə, aldadıblar. Lit-Litə görə az şey veriblər. İndi o gəlib ki, insafla işi yoluna qoysun. Ancaq Con Foksun nə artıq adyalları, nə də insafı var idi.
Snitşeyn xəbər verdi ki, üç yerə ayrılan yolun ağzında missionerə rast gəldi, o dedi ki, Allah-taala belə nikahları təqdir eləmir, atanın borcu qızını qaytarıb evinə aparmaqdır.
Snitşeyn sözünü axıra çatdırdı.
– Mən indi əsl xristianam, istəyim budur ki, qızım Lit-Litin göylərdə yeri olsun.
İşlər müdirinin qayınatasına cavabı qısa, aydın oldu: onu cəhənnəmə yollamadı, ona bu yolda ilk addımlarını atmaqda kömək edərək boynunun dalından tutub çölə atdı, qapını çəkdi.
Snitşeyn evin ətrafında dövrə vurub mətbəxdən qonaq otağına keçdi, orda Lit-Litin üstünə düşdü.
O, qızına qəzəbli bir nəzər salıb sözünə başladı:
– Mən səni çağıranda, görünür, yuxun bərk imiş.
– Yox, mən yatmamışdım, hər şeyi eşidirdim. – Qızın ürəyi bərk döyünürdü, qorxudan sıxılırdı, buna baxmayaraq qətiyyətlə sözünə davam etdi: – Keçən gecə də yatmamışdım, çağırdığını eşidirdim, ondan qabaqkı gecə də.
Böyük səadətinin əlindən alınacağından qorxan Lit-Lit qadınların hüquq və mövqelərindən ilhamla nitq söylədi. Bu, altmış üçüncü paraleldən şimalda “yeni qadının” ilk çıxışı idi. Ancaq Lit-Lit nahaq yerə canfəşanlıq edirdi: Snitşeyn hələ də orta əsrlər cəhalətindən ayılmamışdı.
Qız nəfəsini dərmək üçün sözünü kəsəndə isə o, təhdidlə dedi:
– Bu gün mən yenə qarğa kimi qarıldayacağam.
Bu vaxt Con Foks içəri girib qayınatasına eşik qapısını göstərdi.
Bu gecə qarğa həmişəkindən inadla qarıldadı. Oyaq yatan Lit-Lit qarıltını eşidib gülümsünürdü. Con Foks narahat-narahat qurcalanırdı. Sonra o, yuxudan ayılıb daha çox qurcalandı. Mızıldandı, fısıldadı, alçaqdan o ki var söyüş söydü. Nəhayət, yatağından qalxdı, əlhavasına qonaq otağına keçdi, başısoyuq Mak Teyvişin yaddan çıxarıb qoyduğu və içinə xırda qırma doldurulmuş tüfəngi qapıb çölə çıxdı.
Foks oğrun-oğrun faktoriyadan çıxıb tələsik çaya tərəf yollandı. Qarıltı səsi daha gəlmirdi, Foks hündür otların arasında sərələnib gözləməyə başladı. Gündüzün bürküsündən sonra ətrafda ürəklərə yayılan sərinlik vardı. Gecə Foksu yırğalayıb yatırtdı, o, əlini başının altına qoyub əvvəlcə mürgü vurdu, sonra isə dərin yuxuya getdi.
Ondan əlli yard[16 - Yard – 81 sm-ə bərabər ingilis uzunluq ölçüsü] aralıda gecənin sakitliyindən xumarlanan Snitşeyn də başını dizlərinin üstünə qoyub yatırdı. Bir saatdan sonra o, yuxudan ayıldı, başını yuxarı qaldırmadan sakitliyi xırıltılı boğazdan gələn qarıltısı ilə pozdu.
Foks yuxudan mədəni adamlar kimi ayılmadı, vəhşi kimi sürətlə oyandı. Tutqun gecə işığında otların arasında nə isə tünd bir şey gördü, tüfəngi qaldırıb nişan aldı. Qarğa təzədən qarıldadı, o, tətiyi basdı. Cırcıramaların cırıltısı, kəkliklərin qaqqıltısı bir anlığa kəsildi, qarğanın qarıltısı ürküdül- müş sükut içində bilmərrə kəsildi.
Con Foks özünü irəli atdı, qurbanını qucaqladı. Əlləri cod, pırtlaşıq saçlara toxundu, ulduzların işığında o, tanış sifəti gördü. O, əlli yardlıq məsafədən qırmanın necə yayıldığını bilirdi, başa düşdü ki, Snitşeynin çiyinlərində, kürəyində sağ-salamat yer yoxdur. Snitşeyn Con Foksun bunu bildiyini anlasa da, bu haqda ağzını açıb bir söz demədi.
Foks soruşdu:
– Burda nə eləyirsən? İndi sənin yatan vaxtındır.
Qırma dərisini göynətsə də, Snitşeyn heç özünü sındırmadı, qaşqabaqla cavab verdi:
– Yatmaq hardan yadıma düşür?! Mən qızım Lit-Litə yas tuturam, qızım yaşasa da, ölüdür, birbaş gedib ağ adamın cəhənnəminə düşəcək.
Con Foks sərt şəkildə dönüb dedi:
– Bundan sonra qızına o biri sahildə yas tut. Elə et ki, səsi faktoriyada eşidilməsin, yoxsa elə bərkdən ağlayırsan ki, yatmağa qoymursan.
Snitşeyn etiraz etdi:
– Ürəyim parçalanır. Gecəm-gündüzüm qapqaradır.
Con Foks sancdı:
– Qarğa kimi qaradır.
Snitşeynin razılaşmaqdan başqa çarəsi qalmadı:
– Hə, qarğa kimi qaradır.
O vaxtdan bəri qarğa qarıltısı eşidilmir, Lit-Lit gündən-günə daha yaraşıqlı, daha mötəbər olur, özü də çox xoşbəxtdir. Con Foksun birinci arvadından olan oğlanlarının bacıları dünyaya gəlib. Qoca Snitşeyn daha faktoriyada görünmür, o, nazik qoca səsi ilə yer üzündəki bütün nanəcib uşaqları, eləcə də öz qızı Lit-Liti lənətləyir. Tayfa başçısı oturub-durub deyir ki, onu aldadıblar, çünki hətta Con Foks da Lit-Lit üçün on yorğan və bir tüfəng artıq verdiyini daha iddia etmir.

    Tərcümə edəni: Rəna Şıxəmirova

YADDAN ÇIXMAYAN ADAM
La Perl içini çəkə-çəkə qarın üstüylə qaçırdı. O, tövşüyə-tövşüyə öz taleyinə, Alyaskaya, Nom şəhərinə, qumara və bir də indicə bıçaqla vurub öldürdüyü adama lənət oxuyurdu. Barmaqlarındakı insan qanı artıq soyumuşdu. Amma o dəhşətli mənzərə hələ də gözləri qarşısından getmirdi: stolun küncündən yapışan adamın yavaş-yavaş döşəməyə yıxılması, ətrafa səpələnən fişkalar[17 - Fişka – müxtəlif qumar oyunlarında işlənən daş, marka], dağılmış kartlar, içəridəki- lərin qorxudan tir-tir əsməsi, xəzinədarların çaşqın-çaşqın baxması, dəmir pulların ölü sükutu, camaatın təlaşı və nəhayət, köməyə çağıran dəhşətli, tükürpədici bağırtı. Məhz bu bağırtı onu aradan çıxmağa məcbur etdi və bundan sonra bütün şəhər ayağa qalxıb bir-birinə dəydi.
“Şeytanlar cəhənnəm zəncirini qırdılar!” – deyə o, istehza ilə güldü, gecənin zülmətində gözdən itib sahilə doğru qaçdı.
Qapılar taybatay açıldı. İçəridən gələn işıq seli ətrafı bürüdü. Adamlar otaqlardan, çadırlardan, rəqs salonlarından çıxıb qatili qovmağa başladılar. Camaatın hay-küyü, itlərin hürüşməsi onu var gücüylə qaçmağa məcbur edirdi. Arxadan gələn səslər yavaş-yavaş azalırdı. Yəqin ki, təqib edənlər axtarışlarının boşa çıxdığını görüb əsəbiləşmişdilər. Amma kiminsə kölgəsi xəlvətcə və inadla onu izləyirdi. Geriyə boylandı. Həmin kölgə göründü. Kölgə gah ağ örpəyə bürünmüş açıq düzəndə tutqun qaraltıya dönür, gah da qarlı havanın qalın duman yorğanı içində əriyib yox olurdu. Elə bil kölgə hardansa yaxın bir yerdən çıxmış və düz onun dalınca yüyürmüşdü. La Perl astaca donquldandı. Səsində yorulub əldən düşmüş heysizlik vardı. Buna baxmayaraq o, buz dolanbacların daha dərinliklərinə, qızılaxtaranların qazdığı quyulara tərəf yüyürdü. Birdən yerə basdırılmış yöndəmsiz payalara və bir yığın kəndirə ilişib yıxıldı, rəng-ruyu qaçdı. O, sıra ilə düzülmüş və buz bağlamış ağac parçalarının üstünə düşmüşdü. Başı gicəlləndi, ürəyi guppultuyla döyünməyə başladı. Nəfəsi də təngiyirdi. Az sonra ona elə gəldi ki, nəhayət, təqibdən canı qurtarıb. Yavaş-yavaş yoluna davam etdi. Amma gecənin qaranlığında həmin tanış kölgə yenə də göründü. La Perl dərhal yerindən götürüldü. Qəflətən beyninə bir fikir girdi: bu onun xofunu azaltdı. Ona, qumar oyunu oynayan bir adama, kölgənin qətiyyəti, inadkarlığı sərsəm bir işarə kimi göründü. Ona elə gəldi ki, dilsiz-ağızsız bu kölgəni tale özü göndərib. Məğlubiyyət və ya qələbələrə xitam vermək üçün son oyununu gözləyir. La Perl işıq ucu görünən anlara çox nadir hallarda inanırdı. Bu vaxt ağıl və idrak zamanı qabaqlayır, öz çərçivəsindən çıxıb əbədiyyət üzərində dalğalanır və öz gələcəyini təsadüfün açdığı səhifələrdə oxuyur. Şübhəsiz, indi yalnız bu anların vaxtıydı. Buna görə də o, sahildən uzaqlaşdı. Ağ örpəyə bürünmüş adda-budda meşə zolağına tərəf qaçdı. Yaxınlaşan və lap aydın görünən kölgə onu daha qorxutmadı. Amma taqətdən düşmüşdü. Talada dayandı və qəfil geri döndü. Sağ əlindəki əlcək sürüşüb yerə düşdü. Ulduzların solğun işığında tapançası parıldadı.
– Atmayın, mən silahsızam… – deyə kölgə danışdı.
La Perlin dizləri əsməyə başladı. Hiss etdi ki, hətta topuqları da titrəyir. Əlbəttə, əgər “Eldorado” restoranının dəmir oturacaqlarından birində əyləşən və bu hadisəni öz gözləri ilə görən Uri Bramın tapançası üstündə olsaydı, bəlkə də, həmin gecə hər şey başqa cür olacaqdı; yoxsa ona nə düşmüşdü ki, özünə bab olmayan bir adamın dalınca bu qədər yolu qaçsın. Amma nə fərqi var, ya elə, ya belə?!
Bram bir də təkrar etdi:
– Atma, görürsən ki, mən əliyalınam.
– Bəs onda məni niyə təqib edirsən? – deyə qumarbaz tapançanı aşağı saldı. Uri Bram çiyinlərini çəkdi.
– Bunun nə dəxli var, istəyirəm ki, mənimlə gedəsən.
– Hara?
– Bax, düşərgənin o başındakı komaya. Mənimkidi.
La Perl yerindən tərpənmədi və ürəyində bütün gözəgörünməz qüvvələri şahidliyə çağırdı. Yalnız və yalnız ona görə ki, gəlib Uri Bramın sərsəmliyinə tamaşa etsinlər, doyunca gülsünlər. Nəhayət, soruşdu:
– Axı sən kimsən? Məni nə hesab edirsən, elə bilirsən tələyə düşəcəyəm? Ay-hay…
– Bura bax, mən Uri Bramam, komam isə ordadı, düşərgənin o başında. Səni tanımıram, amma sən canlı bir adamın bağırsaqlarını tökdün, əllərin hələ də qanlıdı. Sən qatil- sən və hamı səni axtarır. Gizlənməyə də yerin yoxdu. Mənim isə komam var, heç olmasa…
– Yaşamaq istəyirsənsə, səsini kəs! – deyə La Perl onun sözünü ağzında qoydu. – Yoxsa sənin də işini bitirərəm. Xəbərsiz-ətərsiz. Vallah, öldürərəm səni! Koma-zad qulağıma girmir. Görmürsən bütün şəhər məni təqib edir? Onlar məni yerin deşiyindən də olsa tapıb çıxararlar. Burdan əkilmək istəyirəm. Əclaflar! Ax… şeytan deyir, qayıt geri, get bir-ikisinin də bağırsaqlarını tök yerə! Görüm onları lənətə gəlsin. Vallah, qarşıma çıxanın qarnını yırtacağam, köpək uşağı! Həyat bəs nədir? Budur da – murdar bir oyundu. Onsuz da bezmişəm bu həyatdan…
Birdən onu vahimə basdı, qorxudan səsini kəsdi. Yalqızlığını hiss etdi. Uri Brama da elə bu lazım idi. Dərhal vəziyyətdən istifadə etməyə çalışdı. Bu adamın elə də qeyri-adi nitqi yox idi və o, ömründə indiki kimi uzun danışmamışdı. Yalnız bircə dəfə uzun danışacaqdı, vəssalam. Onu da burda yox, başqa yerdə.
– Elə isə gedək mənim komama. İnan, səni elə gizlədərəm ki, heç kəsin ağlına gəlməz. Yemək də çoxdu, nə qədər istəyirsən. Yoxsa aradan çıxa bilməzsən. Nə kirşən var, nə də sursatın. Dəniz də buz bağlayıb. Yəqin ki, bu xəbər yaxınlıqdakı Anvik şəhərinə səndən qabaq gedib çatacaq. Özün bil, başqa yolun yoxdur. Bir az gözləyərsən, ara sakitləşər. Bir aydan sonra, bəlkə də, daha tez çıxıb gedərsən. Baş qarışacaq, heç səni yada salan olmayacaq. Sən lap camaatın içində gizlənəcəksən, heç kəs burda olduğundan şübhələnməyəcək. Qorxma, mən ədalətli adamam və ədalət haqqında öz mülahizələrim var. Səni ələ vermək niyyətim yoxdur. Mən axı onlar kimi düşünmürəm. Öz ağlıma nə gəlib!
Uri qatilin cibindən kitab çıxardığını gördü və susdu. Göy qübbəsinin şimal-şərq tərəfindən düşən ayın sarımtıl işığında La Perl Uri Bramı papağını çıxarmağa və müqəddəs kitaba and içməyə məcbur etdi. Bram müqəddəs andı heç vaxt pozmamışdı. Pozmadı da…
Qumarbaz qapının kandarında bir an ayaq saxladı. Qəflətən onu xilas etmək istəyən adamdan şübhələnməyə başladı. Bu adamın qəribə hərəkətləri qatili şübhələndirmişdi.
Şamın tutqun işığında otağa göz gəzdirdi. Onlardan başqa kimsə yox idi. Ev sahibi qəhvə hazırlayana qədər o, cəld siqaret bükdü. Otağın istisi onun əzələlərini boşaltdı. O, laqeyd halda stula yayxanıb siqaretin əyri-üyrü tüstü burumları arasından ev sahibini diqqətlə süzdü. Bu, güclü bir adam sifətiydi və bu gücün arxasında sonsuz insan səbri gizlənmişdi. Yəqin ki, o bu gücü boş yerə sərf etməzdi. Sifətindəki dərin qırışlar çapıqları xatırladırdı. Görkəminə diqqətlə baxan adamlar bu sifətdə xeyirxahlıq, yaxud üzüyolalıq əlaməti görməzdilər. Qalın qaşlarının altından boz gözlərinin soyuq baxışları adamı üşüdürdü. Çuxura düşmüş yanaqlarının dik sümükləri sifətini daha da eybəcərləşdirmişdi. Çənəsinin quruluşu bu adamın kor-koranə sərtliyindən, ərköyünlüyündən xəbər verirdi. Alnı geniş deyildi və bu onun yeri gələndə amansız olduğunu göstərirdi. Səsində, sifətindəki bütün cizgilərdə – burnunda, dodaqlarında və alnındakı qırışlarda kobudluq vardı. Yalnız ömrü boyu tək yaşamış insanlar belə ola bilərdilər. Bu adam heç vaxt özgə sözü ilə oturub-durmamış, heç kəsdən kömək ummamışdı. Uzun, qaranlıq gecələrdə beynindəki fikirlərlə mübarizə aparanda da gündüzlər üz-gözündə gecəki düşüncələrdən əsər-əlamət görməzdin. Dünyagörüşü dar olsa da, məqsədi həmişə aydın idi. Təbiətcə yüngülxasiyyətli La Perl bu adamdan heç cür baş aça bilmirdi. Düzü, baş açmağa heç halı da yox idi. Əgər Uri oxuyub şənlənsəydi, yaxud ah çəkib kədərlənsəydi, bəlkə də, onu asanlıqla başa düşə bilərdi. Hətta La Perl onun “tapmaca cizgilərini” də açar və nə yuvanın quşu olduğunu söyləyərdi.
– Mister, mənə kömək edin, – deyə Uri əmr etdi. – Gərək çağırılmamış qonaqları da qarşılamağa hazır olaq.
Yalnız bundan sonra La Perl özünü ev sahibinə təqdim etdi və dərhal işə girişdi. Urinin yatağı komanın uzaq küncündə, divarın dibindəydi. Bu, yöndəmsiz şalbanlardan düzəldilmiş taxt idi. Üstünə saman döşənmişdi. Taxtın divar tərəfindən Uri şalbanların üçünü söküb uclarını mişarladı. Təzədən onu yerinə elə qoydu ki, küncdə boş yer qalsın. La Perl anbardan bir-iki kisə un gətirdi. Onları taxtın altına itələdi. Uri bunların üstünə iki kisə də sərdi, üstünə də saman döşəyib adyalla örtdü. La Perl bu “yataq”da yatmalı idi. Urinin öz taxtı başdan-ayağa dəri ilə örtülmüşdü və kənardan baxanda heç kəsin ağlına gəlməzdi ki, bu taxtın altında adam gizlənib.
Bir neçə həftə ərzində hökumət orqanları gərgin axtarışlar apardı. Şəhərdə ev qalmadı, hamısını ələk-vələk elədilər. Amma qatili tapa bilmədilər. Doğrusu, Uri Bramın komasına heç kəs bir elə əhəmiyyət vermədi. Kimin ağlına gələrdi ki, Con Randolfun qatili məhz bu komada gizlənib.
Axtarışlara çoxdan son qoyulmuşdu. La Perl bütün günü komada var-gəl edir, elə hey kartları düzür, həddindən artıq siqaret çəkirdi. O, sabit adam deyildi. Şən, zarafatcıl söhbətləri xoşlasa da, tez bir zamanda Urinin qaradinməzliyinə alışdı. Uri ilə söhbət, adətən, çox qısa olurdu. Ya təqibçilərdən, ya da yolların vəziyyətindən, yaxud da itlərin qiymətindən qısaca danışardılar.
La Perl kartda udmağın yollarını tapmağa möhkəm girişmişdi. Bütün günü kartları qarışdırıb paylayırdı. Müxtəlif əməliyyatları, öyrəndiyi fırıldaqları qeyd edirdi. Hər dəfə təzə bir fənd axtarıb tapırdı. Nəhayət, bu məşğuliyyət də onu təngə gətirdi. Başını stolun üstünə qoyub şəhərin səs-küylü qumarxanalarını yada saldı. Xəyalında qumar otaqlarında kart paylayan oyunçuların coşqunluğu, gözətçilərin növbə ilə oyunlara acgözlüklə tamaşa etməsi, diyirlənən ruletka şarı canlandı. Belə anlarda o öz yalqızlığını daha çox hiss edir, uğursuzluğu haqqında düşünürdü. Çox vaxt hərəkətsiz halda oturub gözlərini bir nöqtəyə zilləyirdi. Bəzən içində coşan amansızlıq onun hiddətli ehtiraslarını daha da qızışdırırdı. Həyat çox vaxt onunla sərt rəftar etmişdi, buna görə də həyatı sevmirdi. “Həyat çirkin bir oyundur” deyərək öz taleyindən gileylənirdi.
– Bəxtim yoxdur, əlim heç vaxt gətirməyib. Mən doğulandan məni aldadıblar, hətta ana südündə də aldanmışam. Guya mənim ayağım anama düşməyib, ona uğursuzluq gətirmişəm. Onun məğlubiyyətlərinə mən səbəb olmuşam. Məgər mənim günahım var? Axı niyə anam mənə həmişə uduzulmuş kartlar kimi baxıb?! Axı mən niyə bu şəhərə gəldim, hardan aglıma gəldi bu şəhər? Lap donuz kimi yaşayıram. Elə bil hər şey mənə qarşı yönəlib. O gün az qala bankı udacaqdım. Ömrümdə bu qədər pul görməmişdim. Elə buna görə də Con Randolf kart atdı və eyni vaxtda fişkaları qabağa itələdi. Əcəb eləyib öldürdüm onu! Qoy cəhənnəm olsun! Heç olmasa mənə də bir dəfə bəxtimi sınamağa imkan verəydi. O bilirdi ki, mən bankı udacağam. Axı mən niyə son anda özümü ələ ala bilmədim, niyə?
La Perl hirsindən döşəməni yumruqladı və hər şeyə lənət yağdırdı. Adətən, onun belə gərgin anlarında Uri sakitcə dayanıb ona baxır, bu mənzərəni izləyirdi. Yalnız boz gözləri qaralır, baxışları dumanlanırdı. Sanki bu hərəkətiylə La Perlin deyinməsinin mənasız, boş bir şey olduğunu bildirirdi.
La Perl yaxşı görürdü ki, Uri ilə onun arasında heç bir ümumi cəhət yoxdur. Bəs necə oldu ki, bu adam onu xilas etdi?! Bu onu çox təəccübləndirirdi. Amma vaxt da yetişmişdi. Con Randolfun ölümü artıq şəhər tarixinin arxivinə düşmüşdü. Əlbəttə, qatil tapılsaydı, camaat iş-gücünü bir kənara qoyub məhkəmənin hökmünü gözləyərdi. Amma qatil tapılmadığından insanların qızıla olan marağı üstün gəlirdi. Çayın dibində qızıl yatırdı, sahildəki qumlar da öz qiymətini itirməmişdi. Dənizin buzu əriyəndən sonra isə insanlar ora axışacaqdılar. Buradakı axtarışlar onların naz-nemətlə yaşamasını təmin edəcəkdi.
Bir gecə Uri Bramla birlikdə La Perl itləri kirşəyə qoşdu və onlar ağ qarla örtülü cığırla cənuba yollandılar. Alçaq sıra dağları, təpəlikləri aşıb Anvik çayının yanından ötdülər və düz Yukona gedib Koyukuk, Tanana və Minuk şəhərlərini arxada qoyaraq iki dəfə qütb dairəsini keçib böyük bir düzənliyə çıxdılar. Bu, həddindən artıq üzücü bir səyahət idi. La Perl heç cür başa düşə bilmirdi ki, niyə Uri onu özüylə buraya gətirib. Nəhayər, Uri dedi ki, düzənliyin o tayında – İqldə onun öz sahəsi var və orada adamlar işləyirlər. İql şəhəri düz sərhəddə yerləşirdi. Ondan bir az aralı yerləşən Kudaxi istehkamlarının kazarmaları üstündə Britaniya bayraqları yellənirdi. Bundan sonra Douson, Pelli, Vindi-Arm, Linderman, Çilkut və Dayi şəhərləri gəlirdi.
Onlar İql şəhərini də ötüb dayandılar. Bu onların son dayanacağıydı və burada ayrılmalıydılar. Ətrafdan bahar iyi gəlirdi. La Perl indi arxayın idi, sanki azadlıq lap qulağının dibindəydi. Hər təzə gün gəldikcə o da yeni həyata yaxınlaşırdı. Dünya geniş, gələcək isə ona işıqlı görünürdü.
Səhər yeməyi zamanı La Perlin kefi kök idi. O, fit çalır, astadan mahnı oxuyurdu. Uri itləri qoşub yola düşməyə hazırlaşırdı. Hər şey hazır idi, amma yolqabağı Uri sönmüş odun parçalarını tonqala yaxın gətirib soruşdu:
– Sən heç Ölü atlar yolu haqqında eşitmisənmi?
Onun baxışları qayğılı idi. La Perl sualı başa düşməyib çiyinlərini çəkdi.
– Bəzən həyatda elə adamlar olur ki, onları yaddan çıxarmaq çox çətin olur, – deyə Uri astadan, tələsmədən söhbətə başladı. – Mən belə bir adamla görüşmüşəm. Bax, dediyim həmin o yolda. 1897-ci ilin qarlı aşırımlarını keçmək çoxlarının həyatı bahasına başa gəlmişdi. O vaxtdan həmin yolun adı beləcə qalıb. Bir vaxtlar atlar bu yolda buz heykəllərə dönmüş və Skaqueydən Bennetə[18 - Skaquey, Bennet – sıldırım qayalarda yerləşən şəhər və göl] qədər dağlarda at cəmdəkləri sıralanmışdı. Qarlı aşırımı keçərkən yük dolu atlar sürüşüb dərələrə düşmüş, tikə-tikə olmuşdular. Bəziləri isə soyuqdan uçurumlarda can vermiş, dolu kisələrin ağırlığına tab gətirməyib bataqlıqda, lehməli sularda boğulub ölmüşdülər. Mən adamların bu dilsiz-ağızsız heyvanlara necə əziyyət verdiklərinin, onları ölənədək işlətdiklərinin şahidi olmuşam. Bəzən də can verən atları taleyin hökmünə buraxıb tərk edirdilər. Amma yəhərlərini və nallarını çıxarmağı unutmurdular. Elə bil bu qarlı aşırım insanların ürəyini də dondurmuşdu.
Belə bir günlərdə mən böyük bir ürək sahibinə rast gəldim. Yaxşı və vicdanlı adam idi. Elə bil lap peyğəmbər övladıydı. Dincəlmək vaxtı gələndə o, atların yükünü boşaldır, bu zaman heyvanlar rahat nəfəs alırdılar. At yeminə xeyli pul xərcləyən bu adam heyvanların yük daşımaqdan sürtülüb yara olmuş bellərini yorğanla örtərdi. Amma o biri sahibkarların atlarının bellərinə baxanda adamı dəhşət bürüyürdü. Yəhərlərin altındakı dərin yaralar irin bağlamışdı. Bu sahibkarlar atları dırnaqlarından qan gələnə qədər qovurdular. Mənim dostum isə son dollarını belə nalların mismarlarına verərdi. Biz onunla bir qabdan xörək yeyir, çörəyimizi yarı bölürdük. Bu qanlı yolda həmin adamla elə qan qardaşı olmuşduq. Azğın, Tanrını unutmuş sahibkarlardan fərqli olaraq mənim dostum sonsuz əzab dənizinə baxır, gözlərindən acı yaşlar axıdırdı. Dağ aşırımlarında yazıq atlar şahə qalxaraq imdad istəyirdilər. Uçuruma yuvarlanan atlar yaralı halda pişik kimi divara dırmaşmağa çalışır, müvəffəq ola bilmirdilər. Sahibləri isə yaralı atları ölümün pəncəsinə buraxırdılar. Bizim isə atlarımızdan biri yıxılsaydı, dostum dərhal karvanı saxlayıb ata yardım edir, ona qayğı və nəvaziş göstərirdi.
Bir dəfə qarlı aşırımı keçəndən sonra əlliyə qədər atı yorub öldürmüş bir sahibkar təzə atlar almaq istəyirdi. Bizə atlara görə beş min təklif etdi. Biz bir ona, bir də dönüb atlarımıza baxdıq. Atlarımız poni cinsindən idi. Cibimizdə siçanlar oynaşırdı, pula ehtiyacımız vardı. Amma yadımıza dağ yamaclarındakı əziyyətlər, qarlı uçurumlar düşdü. Dostum bir kəlmə də demədən atlarını ayırdı. Sonra mənə baxdı, biz bir-birimizi danışmadan anladıq. Mən onun, o da mənim atlarımı güllələdi. Dostumun sarsıntıdan az qala ürəyi partlayacaqdı. Güllə səsləri və atların dəhşətli hayqırtısı həmin sahibkarı özündən çıxarmışdı. Bizə ağzına gələni dedi.
İndi bildin ki, qarlı aşırımda rast gəldiyim və dostlaşdığım adam…
– Bildim, Con Randolf!… – deyə La Perl onun sözünü tamamlayarkən dodaqları səyridi.
Uri başını tərpədib dedi:
– Şadam ki, başa düşdün.
La Perl çarəsiz və qüssəli halda:
– Mən hazır, – deyə bildirdi. – Keçək əsas məsələyə, amma cəld ol.
Uri ayağa qalxıb:
– Ömrüm boyu Allaha inanmışam, – dedi. – Bilirəm ki, ilahi ədalət var. Yəqin ki, yuxarıdan bizə baxır və taleyimizi həll etmək istəyir. Əminəm ki, o gözəgörünməz qüvvə mənim sağ əlimin məhz onun hökmünü yerinə yetirməsini istəyir. Allaha o qədər inanıram ki, hətta səninlə bərabər şərtlərlə atışmağa razıyam. Qoy Allah özü son hökmünü versin!
Bu sözlərdən sonra La Perlin sevincdən ürəyi şiddətlə döyündü. O, Urinin itaət etdiyi gözəgörünməz qüvvəyə yox, şansa inanırdı. Bu, həmin şans idi ki, həmin gecə sahilboyu qar təpəcikləri arasında qaçanda da onun yanında olmuşdu.
– Axı bizim bir tapançamız var, – deyə La Perl etiraz etdi.
– Növbə ilə atarıq, – Uri tapançanı çıxarıb yoxladı. – Kimin birinci atacağını qoy kart həll etsin.
La Perlin bədəni istiləndi. Ürəyində kart oyununu götür-qoy elədi. Kartları cibindən çıxardı. Düşünürdü ki, bu dəfə bəxt onun üzünə güləcək. Cəld kartlardan birini çıxardı ki, siftə paylayan adamı müəyyənləşdirsin. Bəxti gətirdi, sevincdən uçundu. Tez kartları qarışdırıb payladı. Oynamağa başladılar. Urinin əlində kozır yox idi. Amma La Perlin iki tuzu, iki kozırı[19 - Tuz, kozır – qumarda uduşlu kartlar] vardı. Bəxt bu dəfə onun yanında idi. Beləliklə, onlar əlli addım ölçüb məsafəni müəyyənləşdirdilər.
Uri dedi:
– İşdir, məni öldürsən, itləri də, sursatı da götür. Cibimdə onlara aid rəsmi mülki kağızlar da var.
Uri çiyinlərini düzəldib dik dayandı və rəqibinin üzünə baxdı. La Perl arxasını şüaları okeanın suyunda əks olunan günəşə çevirdi. Gözlərini qıyıb nişan aldı. Tələsmirdi, yaz yelinin ani vıyıltısında silahı aşağı saldı. Birdən dizi üstə çökərək tapançanı iki əli ilə bərk-bərk tutub atəş açdı. Uri bir addım atıb əllərini havada yellədi. Səndələyib qarın üstünə yıxıldı. Güllə ürəyindən dəyməmişdi, yoxsa elə yerindəcə ölərdi. Amma Uri var gücünü toplayıb ayağa qalxdı. Tapançanı istədi. La Perlin könlündən ikinci dəfə atəş açmaq keçdi. Amma o dəqiqə də bu fikri beynindən çıxartdı. Düşünürdü ki, onsuz da bəxt onun tərəfindədi. Ona görə də hiylə və fırıldaq gəlmədən bu oyunu vicdanla oynamaq istəyirdi. Uri ağır yaralı idi. Çətin ki hədəfi düz nişan alsın. Bəlkə, heç tapançanı əlində tutmağa gücü çatmayacaqdı?!
La Perl kinayə ilə güldü, tapançanı yaralıya uzadıb dedi:
– Nə oldu, bəs deyirdin Allah var? Hanı o, hardadı sənin ədalətli Allahın?
– O hələ son sözünü deməyib. Onun son sözünü eşitməyə hazırlaş…
La Perl laqeyd halda Uri ilə üzbəüz dayandı. Uri sərxoş adamlar kimi yırğalanırdı. Tapança ona çox ağır gəlirdi. Qorxurdu ki, onu əlində saxlaya bilməsin. Uri bütün gücünü toplayıb tapançanı gözünə tərəf qaldırdı. Rəqibinin düz ürəyini nişan alıb tətiyi çəkdi. La Perl bir an hərəkətsiz qaldı, gözləri önündə San-Fransisko haqqındakı arzuları canlanıb söndü. Günəş işığına qərq olmuş bəyaz qar gözlərində yavaş-yavaş qaraldı. O bu dəfə pıçıltı ilə bəxtinə qarğış yağdırdı. Son dəfə belə kobud səhv buraxdığı bu amansız oyunu lənətlədi.

    Tərcümə edəni: Kamran Nəzirli

İNSANI ÖLDÜRMƏK
İçərini ölgün gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan böyük otaqlarda və geniş salonlarda sərbəst dolanır, yarımçıq qoyduğu şeirlər kitabını axtarırdı; axşamtərəfi kitabı harasa qoymuşdu. Qonaq otağına girib işığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri kənarları krujevalı, açıq-qırmızı rəngli ipək donun içində üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındakı üzüklər bərq vururdu, qızılı saçları səliqəylə yığılmışdı. O, çox məlahətli, incə hərəkətli, zərif bir qadındı. Al dodaqlı yumru sifətində mavi gözləri xəfif parıltı saçırdı; gözlər gah bakirə qız sadəlövhlüyü ilə geniş açılır, gah da qəddar, soyuq, amiranə, inadkar qadın əzmiylə xumarlanırdı.
Qonaq otağının işığını keçirib başqa otağa üz tutdu. Hardansa onun qulağına zəif səs gəldi. Qapının yanında dayandı. Yüngül bir xışıltıydı, ya nəydi, sanki kimsə yeriyirdi. Ona elə gəldi ki, qulağına səs gəlib, amma nəsə onu ehtiyatlı olmağa vadar etdi. Düşündü ki, görəsən, gecənin bu vaxtı xidmətçilərdən kim otaqlarda gəzə bilərdi. Xidmətçilərin başçısı ola bilməzdi: o kişi erkən yatmaq vərdişini nadir hallarda dəyişirdi. Yemək otağının yanından keçəndə qapının bağlı olduğunu gördü. Bilaixtiyar qapını açıb içəri girdi. Bəlkə də, fəhmlə hiss etmişdi ki, qulağına dəyən səs məhz bu otaqdan gəlir. Qaranlıqda əlhavasına işığın düyməsini tapıb basdı. İçəri işıqlanan kimi qadın qapıya doğru çəkilib içini çəkdi.
– Ah, – qadın inildədi. – Qorxutdunuz məni. Sizə nə lazımdı?
– Burdan tez rədd olub getmək. – Kişi dodaqlarını əyib dedi. – Sizin bu saysız-hesabsız otaqlarda əməlli-başlı azmışam. Əgər siz yolu göstərsəniz, mən dərhal çıxıb gedərəm.
Onunla üzbəüz dayanmış kişi tapançasını işıq düyməsinin yanında küncə qısılmış ev sahibəsinə tuşlamışdı. Qorxmasına baxmayaraq, qadın tapançaya və sahibinə diqqətlə baxdı. Qara rəngli uzun silah “Kolt” olmalı idi. Kişi bəstəboydu, pis geyinmişdi. Gün altında yanıb qaralmış sifəti və qonur gözləri tamamilə sakitdi. Tapança onun əlində titrəmirdi, düz qadının sinəsinə tuşlanmışdı.
– Bəs bura necə düşmüsünüz? – qadın soruşdu. Onun səsində həmişə amirliyə öyrəşmiş adamın kəskinliyi sezilirdi.
– Sadəcə olaraq sizdən nəsə oğurlamaq istəyirdim, miss, vəssalam, – deyə kişi cavab verdi. – Bura qalxdım ki, görüm götürüləsi bir şey varmı? Əmin idim ki, evdə yoxsunuz. Çünki sizi qocayla birlikdə maşına minən görmüşdüm. Yəqin ki, atanızdı. Siz də miss Setlifsiz, hə?
– Sizə kim dedi ki, mən miss Setlifəm? – deyə soruşdu.
– Bu ki qoca Setlifin evidir!
Qadın təsdiq mənasında başını tərpətdi.
– Əvvəllər heç bilmirdim ki, onun qızı var, – deyə kişi təəccübünü gizləmədi. – Hm, indi isə, zəhmət olmasa, yolu göstərin, çıxıb gedim.
– Necə yəni çıxıb gedəsiniz? Axı siz quldursunuz, oğrusunuz!
– Bu işdə naşı olmasaydım, barmaqlarınızdakı üzüklərinizi çıxarar, sizinlə də çənə döyməzdim, – kişi mızıldandı. – Ancaq mən qoca Setlifin evini yarmağa gəlmişəm, qadın soymağa yox. Qapının qabağından çəkilsəniz, yolu özüm də tapa bilərəm.
Miss Setlifin ağlı iti işləyirdi. Dərhal anladı ki, bu adamdan qorxmağa dəyməz. Peşəkar cinayətkar deyildi, orası da aydındı ki, şəhər adamı deyil. Ondan sonsuz çöllərin təmiz ətri gəlirdi.
– Mən qışqırsam necə? – qadın maraqlandı. – Köməyə başqalarını çağırsam, məni güllələyəcəksiniz? Qadına əl qaldırarsınız?
Kişinin baxışlarındakı tutqun çaşqınlıq qadının gözündən yayınmadı. O, düşüncəli tərzdə, sanki çətin problemi həll edirmiş kimi dilləndi:
– Güman ki, sizi boğar, ya da şikəst edərdim.
– Qadını?
– Adam məcbur olanda edər. – Qadın kişinin bu sözü deyərkən dodaqlarını bir-birinə sıxdığını gördü. – Əlbəttə, siz köməksiz bir qadınsınız, amma məsələ burasındadır ki, mən həbsə düşə bilmərəm. Dostum məni Qərb tərəfdə gözləyir. Bədbəxtliyə düçar olub, onun köməyinə çatmalıyam. Amma… məncə, sizə bir elə ağrı vermədən boğa bilərəm.
Qadın gözlərini geniş açıb uşaq sadəlövhlüyü ilə kişiyə baxdı.
– Ömründə quldur görməmişdim, – o dedi. – Siz heç təsəvvür edə bilməzsiniz ki, sizinlə kəlmə kəsmək mənimçün necə də maraqlıdır.
– Mən quldur deyiləm, miss… Yəni əsl quldur deyiləm. – Qadının inamsızlıqla baxdığını görüb tez əlavə etdi: – Əlbəttə, madam ki özgəsinin evinə soxulmuşam, elə düşünmək olar… Ancaq ilk dəfədir belə bir iş tuturam. Mənə mütləq pul lazımdır. Bir də yalnız mənə çatası şeyi götürmək istəyirəm.
– Heç nə anlamıram, – qadın gülümsündü. – Məgər oğurluq sizə çatası şey deməkdir?
– Həm elədir, həm də yox. Nə isə… mən çıxıb getsəm yaxşıdır.
Kişi qapıya tərəf addımlayanda qadın onun yolunu kəsdi. Necə də canlar alan bir maneə idi! Kişi sol əlini uzadıb sanki onu qucaqlamaq istədi, ancaq tərəddüd edib dayandı. Aydın görünürdü ki, qadının gözəlliyi onun əl-qolunu bağlayır.
– Görürsünüzmü? – qadının qalibanə səsi eşidildi. – Bilirdim ki, mənə toxunmazsınız.
Kişi əməlli-başlı özünü itirmişdi.
– Ömründə qadın ürəyi sındırmamışam, – o dedi. – Asan deyil qadini incitmək. Ancaq siz qışqırsanız, mən buna məcbur olacağam.
Miss Setlif inadla dedi:
– Bir az da qalın, söhbət edək. Elə maraqlıdır ki! İstəyirəm izah edəsiniz ki, nə üçün oğurlamaq – sizə çatacaq şeyi götürmək deməkdir.
Kişi isə heyran nəzərlərlə qadına baxaraq dedi:
– Mənə həmişə elə gəlirdi ki, qadınlar oğrulardan qorxurlar. Ancaq deyəsən, siz elələrindən deyilsiniz.
Qadının şən gülüşü eşidildi.
– Bilirsiniz, oğrudan oğruya fərq var. Mən sizdən qorxmuram, çünki başa düşürəm ki, siz qadın incidən adamlardan deyilsiniz. Gəlin söhbət edək. Bizə heç kəs mane olmaz. Evdə təkəm, atam gecə qatarı ilə Nyu-Yorka gedib, xidmətçilər isə yatırlar. Sizi nəyəsə qonaq etmək istəyirəm. Axı qadınlar tutduqları oğrulara nəsə təklif edirlər, hər halda, romanlarda belə yazılır. Ancaq bilmirəm yeməyi hardan götürüm. Bəlkə, nəsə içəsiniz?
Kişi hələ də tərəddüd içində dayanıb dillənmirdi. Miss Setlif onun xoşuna gəldiyini və bu istəyin anbaan artdığını yaxşı anlayırdı.
– Qorxursunuz? – o soruşdu. – Sizi zəhərləmərəm, düz sözümdür. Əmin olasınız deyə özüm də içərəm.
– Siz həddindən artıq gözəl qızsınız! – bunu deyərək kişi bayaqdan bəri ilk dəfə tapançanı aşağı saldı. – Bundan sonra dünyasında inanmaram ki, şəhər qızları qorxaq olurlar. Bax, siz zərif, balaca qadınsınız, cəsarətiniz isə başdan aşır. Ən əsası isə adamı inandırırsınız. Görəsən, silahlı quldurla sakitcə söhbət edə bilən qadın çoxmu tapılar? Lap elə kişi də.
Onun sözlərinin sehri altında qadın şirin-şirin gülümsədi. Amma danışarkən yenidən ciddiləşdi.
– Ona görə ki, siz düz adama oxşayırsınız. Quldura bənzəmirsiniz, ancaq yenə də oğurluğun daşını atın. Özünüzə başqa iş axtarın. Yaxşı, bu zibil tapançanı qırağa qoyacaqsınız, ya yox? Gəlin işdən danışaq. Hər şeydən əvvəl sizə münasib iş tapmaq lazımdır.
– Bu şəhərdə ay tapdın ha, – kişi acı-acı dedi. – Mən axtarmaqdan zara gəlmişəm. Sözün düzü… pis adam deyildim, ta işsiz olana qədər.
Onun əsəbi sözləri şən gülüşlə qarşılandı. Bu gülüş kişinin ürəyinə yağ kimi yayıldı. Qadın isə bunu başa düşüb girəvəni əldən vermək istəmədi. Qapının yanından aralanıb bufetə sarı getdi.
– Mən bufetdən bir şey tapanacan siz hər şeyi yerli-yataqlı danışın. Nə içirsiniz, viski?
– Bəli, miss, – hələ də əlində tapança olan kişi çaşqın halda nəzarətsiz qapıya baxıb qadının arxasınca yeridi.
– Sizinlə içəcəyimə söz vermişdim, amma viski xoşlamıram. – Qadın gülümsünərək əlavə etdi: – Mən çaxıra üstünlük verirəm.
Miss Setlif çaxır şüşəsini qaldırıb icazə istəyirmiş kimi kişiyə baxdı.
– Əlbəttə, viski kişi içkisidir, – o dedi. – Düzü, qadınların viski içməsini xoşlamıram. Çaxır isə başqa məsələ, çaxır olar.
Miss Setlif süzgün və qılıqlı baxışlarını ona zilləyib stəkanını toqquşdurdu.
– Sizin uğurlarınız şərəfinə… Arzu edirəm ki, özünüzə münasib iş tapasınız.
Oğrunun çöhrəsində qəzəb sezən qadın tez susdu. Kişi viskidən bir qurtum alıb stəkanı yerə qoydu.
– Nə oldu? – ev sahibəsinin qayğılı səsi eşidildi. – Viskidən xoşunuz gəlmədi?
– Qəribə viskidir, tüstü iyi verir.
– Ah, sizə şotland viskisi süzmüşəm. Siz isə, əlbəttə, yerli viskilərə öyrəşmisiniz. İndi dəyişərəm.
Az qala ana qayğısı ilə lazımi butulkanı tapıb stəkanı dəyişdirdi.
– Bu necə, xoşunuza gəldi?
– Bəli, xanım. Bundan tüstü qoxusu gəlmir. Əsl mən deyən viskidir. Dərhal görünür ki, təmizdir, qatışığı yoxdur.
– Çox içənsiniz?
– Elə deməzdim. Düzdür, əvvəllər həddimi aşdığım vaxtlarım olub, o da ayda bir-iki dəfə… Amma indi bəzən bir qədəh viski də bəs edir. Hə, xanım, qonaqpərvərliyinizə görə təşəkkür edirəm, daha mən tərpənim.
Lakin miss Setlif “dəvətsiz qonağı” belə tez buraxmaq istəmirdi. Demək olmazdı ki, o, macəra axtaran idi. Əksinə, yüngül söz-söhbətdən uzaq qadınlardandı. Ancaq bu kişidə nəsə qeyri-adi, həyəcanlandırıcı bir şey vardı ki, bu da onun marağını artırırdı. Üstəlik, tam əmin idi ki, ondan qorxmağına dəyməz. Kobud çöhrəsinə, sərt baxışlarına baxmayaraq, bu adam təəccüblü dərəcədə mülayim idi. Qəlbinin dərinliklərində baş qaldırmış həvəsi ona pıçıldayırdı ki, bu əhvalatı eşidən bütün dost-tanış onunla necə fəxr edəcək, həsəd aparacaqlar… Ona görə də fürsəti əldən buraxmaq istəmirdi.
– Axı siz heç demədiniz ki, nə üçün oğurlamaq – sizə çatası şeyi götürmək adlanır. Əyləşin, bu barədə danışın, – deyə özü də kişi ilə üzbəüz oturdu.
Ayıqlıq hələ də kişini tərk etməmişdi: gözləri dörd tərəfi müşahidə edirdi. Sonra o, heyranlıqla qarşısındakı qadını dinləyir, amma eyni zamanda kənar səslərə də diqqət kəsilirdi. Bir an da olsun stolun üstündə, sağ əlinin səmtinə qoyduğu tapançasını yaddan çıxarmırdı. Çünki o hər şeyə rəğmən özgə evindəydi. Meşə və düzənliklərdə heç vaxt sayıqlığını itirməyən bu Qərb oğlu nə biləydi ki, onun həmsöhbətinin ayağının altında elektrik zənginin düyməsi var. O belə bir şey haqqında heç vaxt eşitməmişdi; bu yerdə sayıqlığı onun dadına çata bilməzdi.
– Bilirsinizmi, miss, – xanımın israredici sualına cavab verməyə başladı. – Haçansa qoca Setlif mənə kələk gəlmişdi. Sizin atanız mənim var-yoxumu əlimdən aldı. Kimin ki cibində milyonları var, qanun onun tərəfindədir. Mən atanızdan intiqam almaq fikrində deyiləm. Çünki o mənim barəmdə heç nə bilmir, xəbəri də yoxdur ki, məni dilənçiyə çevirib. Axı əlində milyonları fırladan şəxsin mənim kimi qarışqadan nə xəbəri olacaq? O, iş adamıdır, əlinin altında yüzlərcə işçisi, idarəedicisi var. Bu adamlar onun yerinə iş görür, hətta onun əvəzinə düşünürlər. Mən isə atanızın etibar etdiyi bu adamların məhv elədiyi minlərdən biriyəm.
Belə ki, xanım, mənim bir at gücünə malik hidravlik qurğusu olan kiçik idarəm vardı. Ancaq Setlif və onun şərikləri bizim torpaqları ələ keçirəndən, ərinti təsərrüfatını yenidən qurandan və nəhəng hidravlik qurğunu yaradandan sonra mənim işim bitdi. Heç qoyduğum mayamı da çıxara bilmədim. Mitilimi atdılar bayıra. Ona görə də indi cibimdə bir qəpiyim olmayanda və dostumun da ehtiyac içində olduğunu görəndə qərara aldım ki, qocanın varidatına azacıq əl gəzdirim. Düşünürəm ki, götürəcəklərim sırf nə vaxtsa itirdiyimin əvəzi olaraq Allah yanında günah sayılmaz.
Miss Setlif etiraz etdi:
– Bütün dedikləriniz həqiqət olsa da, oğurluq istənilən halda günahdır. Məhkəmədə bundan ötrü sizə bəraət verməzlər.
– Bilirəm, – kişi razılaşdı. – Ədalətli olan hər şey çoxdan qanuniliyini itirib. Buna görə də burda narahat oturmuşam. Bu o demək deyil ki sizinlə oturub söhbət etmək ürəyimcə deyil, əsla! Siz mənim xoşuma gəlirsiniz, amma heç də polisin çənginə keçmək istəmirəm. Yaxşı bilirəm ki, başıma nə oyunlar gələ bilər. Keçən həftə bir oğlanın belinə beş il yüklədilər. Özü də nəyə görə? Küçədə bir nəfərdən iki dollar səksən beş sent çırpışdırdığına görə. Bu barədə qəzetdən oxu- muşam. İş olmayan çətin vaxtlarda insanlar ümidsizləşir, qəddarlaşır və girinə keçən hər kəsin başında bu qəddarlığı partlatmağa imkan axtarır. Əgər bu dəqiqə mən tutulsam, on ilə qədər iş verərlər. Ona görə də tez çıxıb getmək istəyirəm.
– Yox, dayanın! – qadın əlinin hərəkətiylə onu saxlamağa çalışdı, eyni zamanda da ayağını elektrik düyməsinə basdı. Bununla artıq neçənci dəfə idi ki, kişidən xəbərsiz həmin düyməni basırdı. – Siz heç demədiniz ki, adınız nədir?
Bir anlıq tərəddüddən sonra kişi dedi:
– Məni Deyv çağıra bilərsiniz…
– Məsələ burasındadır ki, Deyv, – qadın süni utancaqlıqla güldü, – sizinçün nəsə eləmək lazımdır. Siz hələ cavansınız, sizə çatacaq hesab etdiyiniz şeyləri götürsəniz, sonralar elə alışacaqsınız ki, heç payınıza düşməyənləri də çırpışdıracaqsınız. Bütün bunların axırı isə özünüz bilirsiz necə qurtarır. Yaxşısı budur, sizə münasib iş tapaq.
– Mənə bu dəqiqə ancaq pul lazımdır, – o, inadla dilləndi. – Özümçün istəmirəm. Dostumdan ötrü bura girmişəm. Bayaq dedim sizə, o, təhlükə altındadır. Dərhal kömək edilməsə, getdi fələyin…
Miss Setlif cəld onun sözünü kəsərək dedi:
– Mən sizinçün iş taparam. Qaldı dostunuzun məsələsinə… Bilirsiniz nə var? Sizə borc verərəm, ona göndərərsiniz. Sonra öz maaşınızdan mənim pulumu qaytararsınız.
– Üç yüz dollar bəs edərdi, – kişi sakitcə dedi. – Bu pula o, canını qurtara bilər. Bundan ötrü, bir də adicə şorba və tütün üçün bir-iki sent pula bir il nəfəs dərmədən işləməyə hazıram.
– Ah, siz çəkənsiniz! Heç ağlıma gəlməyib.
Qadın tapançanın üstündən əlini uzadıb siqaret çəkənlərin barmaqlarında olan məlum sarı ləkəyə işarə edəndə həm də nəzərləri ilə silahacan məsafəni ölçdü. Cəld hərəkətlə silahı götürmək istəyi onu təlatümə gətirdi. Əmin idi ki, tapançanı götürə bilər, amma yenə də tərəddüd etdi. Nəhayət, istəyinə birtəhər güc gəlib fikrindən daşındı.
– Çəkmək istəyirsiniz?
– Lap bağrım çatlayır.
– Mən etiraz etmirəm, buyurun çəkin. Birisi siqaret çəkəndə mənim xoşuma gəlir.
Kişi sol əlini yan cibinə salıb əzik-üzük bir siqaret kağızı çıxararaq onu sağ tərəfinə, tapançanın yanına qoydu. Təzədən əlini cibinə dürtüb çıxardığı iri, qıvrım tənbəkini kağızın üstünə tökdü. Sonra hər iki əlini tapançanın üstünə qoyub siqaret bükməyə başladı.
– Bu iyrənc silaha elə yapışmısınız ki, sanki məndən qorxursunuz, – miss Setlif coşqunluqla dilləndi.
– Sizdən qorxmuram, xanım, amma nəsə bir az narahatam.
– Mən isə sizdən qorxmadım.
– Siz niyə qorxasıydınız ki?
– Bəs canıma görə qorxmayım? – qadın etiraz etdi.
– Hə, elədir, – kişi dərhal razılaşdı, – ancaq mən qətiyyən sizdə qorxu görmədim. Bəlkə, mən özümü çox ehtiyatlı aparıram.
– Narahat olmayın, məndən heç bir pislik görməzsiniz, – qadın bu sözləri deyə-deyə ciddi və səmimi nəzərlərini adama dikdi. Ayağını isə təzədən elektrik düyməsinin üstünə basdı. – Görürəm ki, adamları yaxşı tanımırsınız. Xüsusilə də qadınları. Çalışacağam ki, siz cinayət aləminə girmədən oğurluqdan əl çəkib ağıllı bir işin qulpundan yapışasınız. Siz isə…
Kişini bu sözdən qeyrət boğdu.
– Çox üzr istəyirəm, xanım, bağışlayın, – deyə mızıldandı. – Sizin xeyirxahlığınız qarşısında mənim şübhəyə düşməyim heç insafdan olmadı.
Sağ əlini tapançanın üstündən götürüb siqaretinə bir-iki qullab vurdu, sonra silahı dizinin üstünə qoydu.
– İnandığınız üçün çox sağ olun, – ev sahibəsi az qala pıçıltıyla dedi və ayağının altındakı düyməni yenidən basdı.
– Bu üç yüz dolları isə günü bu gün Qərbə yollaya bilərəm, – kişi əlavə etdi. – Əvəzində isə, dediyim kimi, sizə bir il yeməyim və tütünüm verilməklə işləyə bilərəm.
– Daha çox qazanacaqsınız. Sizə vəd edirəm ki, ayda yetmiş beş dollardan az maaş almayacaqsınız. Əlinizdən mehtərlik gəlir? Atlarla aranız necədir?
Kişinin tutqun sifəti açıldı. Gözlərində qığılcım parladı.
– Çox gözəl, ya mənim, ya da atamın yanında işlərsiniz. Fərqi yoxdur. Onsuz da xidmətçiləri mən işə götürürəm. Mənə ikinci bir arabaçı lazımdır…
– Frak geyinəcəm? – kişi kəskin tərzdə onun sözünü kəsdi. Qərbin azad oğlunun səsində nifrət sezildi.
Miss Setlif şəfqətlə gülümsədi:
– Deməli, ürəyinizcə deyil. Qoy fikirləşim… Dayçalara baxa bilərsiniz?
O, başını razılıq əlaməti kimi tərpətdi.
– Bizim cins atlar zavodumuz var. Orada sizin üçün iş tapılar. Hə, necədir?
– Necə olacaq, xanım… – Onun səsində sevinc və təşəkkür birləşmişdi. – Deyin görüm, o zavod hardadır? Günü sabah işə başlayaram. Bir şeyi sizə vəd edə bilərəm: heç vaxt təəssüflənməyəcəksiniz ki, bədbəxtliyə düçar olmuş Hyuq Lyükə kömək əli uzatmısınız.
– Siz gərək ki, adınızın Deyv olduğunu demişdiniz, – deyə qadın məzəmmətlə barmağını silkələdi.
– Bağışlayın, xanım, yalan demişdim. Əsl adım Hyuq Lyükdür. İndi mənə dediyiniz pulu verib zavodun da ünvanını söyləsəniz, səhər tezdən düz ora yollanaram.
Bütün bu söhbət zamanı miss Setlif zəng vasitəsilə müxtəlif işarələr verirdi: üç qısa və bir uzun, iki qısa və iki uzun, nəhayət, beş uzun zənglər etmişdi. İndi isə ya div yuxusuna getmiş xidmətçilərin səhlənkarlığından, ya da zəngin işləmədiyindən şübhələnsə də, ayağını elektrik düyməsindən çəkmirdi.
– Sizə köməyim dəydiyinə çox sevinirəm, – qadın dilləndi. – İndi isə icazənizlə qalxım yuxarı, pulqabımı gətirim.
Kişinin baxışlarında şübhə əlaməti sezib tez də əlavə etdi:
– Mən ki sizə üç yüz dollar əmanət edirəm.
– Sizə inanıram, xanım, amma yenə də narahatam. Özümü ələ ala bilmirəm.
– Amma pul üçün yuxarı qalxmalıyam.
Kişi cavab verməmiş qadının qulaqları hardansa xəfif bir səs aldı. Bu, hardasa açılan qapı cırıltısı idi. Ancaq səs o dərəcədə zəif idi ki, daha çox külək səsinə bənzəyirdi. Əgər qadın həmin səsə diqqət kəsilməsəydi, çətin ki o səsi tuta bilərdi. Ancaq Lyük də o səsi tutmuşdu.
– O nə səsdir elə? – deyə həyəcanla soruşdu.
Cavab əvəzində miss Setlif əlini uzadıb cəld tapançanı qamarladı. Onun hərəkəti Lyük üçün tamamilə qəfil olduğundan bircə anda nə baş verdiyini anlamadı. Onun əli silahın boş yerini cırmaqladı.
– Oturun! – qadının amiranə səsini kişi çətinliklə tanıdı. – Tərpənməyin! Əllərinizi stolun üstünə qoyun!
Lyükün tapançanı necə tutmasını qadın yaxşı yadında saxlamışdı. Ağır tapançanın irəli uzanmış qolunu yormaması üçün miss Setlif dirsəyini stola dayadı, bununla da kişinin başını deyil, sinəsini nişan aldı. Lyük isə sakitcə oturmuşdu. Tapançanı almaq üçün cəhdin olmadığını və açılacaq atəşin yan keçməyəcəyini anlayaraq qadının bütün əmrlərini itaətlə yerinə yetirirdi. Tapançanın da, onu tutan əlin də əsmədiyini görür, sinəsində açılacaq yaranı təsəvvüründə canlandırırdı. O, qadına deyil, tapançanın tətiyinə gözlərini zilləmişdi. Miss Setlif isə tətiyi yüngülcə basmış, tətik isə hədələyici tərzdə gərilmişdi.
– Siz Allah, unutmayın ki, tətik çox həssasdır. Bərk basmayın, yoxsa bədənimdə qoz boyda dəlik açarsınız.
Qadın barmağını azacıq boşaltdı.
– Bax, belə yaxşıdır, – kişi dedi. – Amma lap yaxşı olardı ki, ağzını yana döndərəsiniz. Çox həssas silahdı. Lazım gəlsə, yüngülcə tətiyi çəkmək onu kükrədib qaldıracaq və sizin güzgü kimi parıldayan döşəmənizi qana boyayacaq.
Arxadan qapı açıldı. Kimsə içəri girdi. Lyük heç qımıldanmadı da. O yalnız qarşısındakı qadına baxır, tamamən başqa adamın çöhrəsini görürdü: bu çöhrə qəddar, amansız, soyuq, eyni zamanda ifrat dərəcədə gözəl idi. Qadının bayaqkı işvəli baxışları indi buz kimi kəsirdi.
– Tomas, – qadın əmr etdi, – zəng vurun polisə, bu qədər vaxtı hardaydınız?
– Mən zəng səsini eşidən kimi gəldim, xanım.
Lyük bir an da olsun gözünü qadından çəkmirdi, elə o da göz qırpmadan ona baxırdı. Zəng haqda danışılanda isə kişinin baxışlarında nəsə bir anlaşılmazlıq oxundu.
– Bağışlayın, xanım, – xidmətçi dedi, – bəlkə, yaxşı olardı ki, mən də silah götürüm, qalan qulluqçuları da oyadım?
– Yox, siz polis çağırın. Bunu özüm burda saxlaya bilərəm. Cəld dediklərimə əməl edin!
Qulluqçuların başçısı məstlərini sürüyə-sürüyə otaqdan çıxdı. Üz-üzə oturmuş kişi və qadın isə gözlərini bir-birindən çəkmirdi. Beyninə dolmuş fikirlər indidən qadına həzz verirdi: indi o, tanışlarının təntənəli tərifini eşidirdi. Gözəl miss Setlifin təkbaşına silahlı qulduru tutması haqqında qəzetlərdəki xəbərləri oxuyurdu. O, əmin idi ki, bu əhvalat sensasiyaya çevriləcək.
– Məhkəmədə sizə hökm oxunandan sonra düşünmək üçün xeyli vaxtınız olacaq, – qadın soyuq səslə davam etdi. – Onda oturub fikirləşərsiniz ki, başqasının əmlakına göz dikəndə və qadının üstünə silah çəkəndə necə böyük səfehlik etmisiniz. Bu dərsi yadda saxlamaq üçün xeyli vaxtınız olacaq. İndi mənə düzünü deyin. Axı sizin köməyə ehtiyacı olan heç bir dostunuz yoxdur, elə deyilmi? Dediklərinizin hamısı yalandır, ağ yalan!
Lyükdən səs çıxmadı, qadına dikilmiş baxışlarından da heç nə oxumaq mümkün deyildi. Sanki onun gözləri qarşısına dumandan pərdə çəkilmişdi və bu pərdə arxasından üzbəüz oturmuş qadın zorla seçilirdi; o dumanlıqda günəş şəfəqlərində çimən Qərbin sonsuz çölləri əks olunurdu, Şərqin çürük şəhərlərinin sakinlərindən mənən qat-qat uca olan kişilər və qadınlar görünürdü.
– Niyə susursunuz? Nə üçün təzə bir yalan quraşdırmırsınız? Niyə xahiş etmirsiniz ki, sizi buraxım gedəsiniz?
– Xahiş edərdim, – kişi qurumuş dodaqlarını yalayıb dedi, – xahiş edərdim, əgər…
– Əgər nə? – qadın hökmlə soruşdu.
– Əgər siz ləyaqətli qadın olsaydınız, xahiş edərdim.
Miss Setlifin bənizi ağardı:
– Sözlərinizdə ehtiyatlı olun! – deyə xəbərdarlıq etdi.
– Eh, onsuz da məni öldürməyə cəsarətiniz çatmaz, – Lyük nifrətlə gülümsündü. – Bizim bu aləm tamam cinayət yuvasıdır. Ancaq sizin kimilər orda meydan sulayanda gərək bilələr ki, dünya o qədər ayaq altına alınmayıb ki, mənim kimi dürüst bir adamı öldürəndə sizi cəzasız buraxsınlar. Siz alçaq və yaramaz qadınsınız, ancaq bədbəxtliyiniz ondadır ki, zəifsiniz. İnsanı öldürmək, əslində, o qədər də çətin deyil, amma sizin buna cəsarətiniz çatmaz. O ürəyin sahibi deyilsiniz.
– Ağzınıza gələni danışmayın! – qadın qeyzlə dilləndi. – Sizə xəbərdarlıq edirəm, axırı pis olar! Sizə ağır və ya yüngül cəza vermək məndən asılıdır.
Kişi birdən soruşdu:
– O necə Allahdır ki, sizin kimilərə hər cür əclaflıq eləməyə imkan verir?! Heç başa düşmürəm, zavallı bəşəriyyəti alçaltmaq Allahın nəyinə lazımdır? Mən Allah olsaydım…
Qulluqçunun gəlişi onun sözünü yarımçıq kəsdi.
– Telefona nəsə olub, xanım, – o dedi. – Ya naqillər kəsilib, ya da nəsə başqa şey. Stansiya cavab vermir.
– Nökərlərdən birini oyadın, – miss Setlif əmr elədi. – Göndərin polis dalınca, özünüz də qayıdın bura!
Onlar təzədən tək qaldılar.
– Mənim bir sualıma cavab verərsinizmi, xanım? Sizin xidmətçi bayaq hansısa zəng haqqında danışdı. Bütün bu vaxtı mən sizə göz qoyurdum. Haçan zəng vurduğunuzu görmədim…
– Zəngin düyməsi stolun altındadır, səfeh! Mən onu ayağımla basırdım.
– Təşəkkür edirəm, miss! Mənə elə gəlirdi ki, sizin kimi adamlarla əvvəllər qarşılaşmışam, indi əminəm ki, bu belədir. Sizə inanıb ürəyimi, dərdimi açdım. Siz isə bütün bu vaxt ərzində məni alçaqcasına aldadırmışsınız.
Qadın istehzayla güldü:
– Davam edin. Nə istəyirsinizsə, danışın. Çox maraqlıdır.
– Siz mənim gözlərimi bağladınız. Özünüzü xeyirxah və məlahətli göstərdiniz, şalvar yox, yubka geyindiyinizdən məharətlə istifadə edib məni barmağınıza doladınız. Bütün bu müddət ərzində isə düyməni basırmışsınız. Nə eybi, bunun özündə də bir təskinlik vardır. Sizin kimi olmaqdansa, mən kasıb Hyuq Lyük olaraq on il həbsdə yatmağa üstünlük verirəm. Sizin kimi qadınların isə yeri cəhənnəmdir!
Sükut çökdü, kişi bir an da olsun gözünü qadından çəkmirdi. Sanki onu daha dərindən öyrənmək və qərar vermək istəyirdi.
– Davam edin, – qadın israr etdi, – yenə nəsə deyin.
– Əlbəttə, xanım, deyərəm, mütləq deyərəm. Bilirsiniz mən nə etməyə hazırlaşıram? İndi yerimdən qalxıb qapıya tərəf gedəcəm. Sizdən tapançanı ala da bilərdim, amma birdən səfehlik edib tətiyi basa bilərsiniz. Eybi yoxdu, qoy sizdə qalsın. Hayıf, gözəl silahdı. Hə, mən qapıya sarı gedirəm, siz isə atəş açmayacaqsınız. İnsanı öldürmək üçün cəsarət lazımdır, sizdə isə o yoxdur. İndi isə hazırlaşın, baxaq görək siz atəş aça bilərsinizmi? Mən sizə heç bir ziyan vurmadan bu qapıdan çıxıb gedəcəyəm. Baxın, artıq gedirəm.
Qadından gözünü çəkmədən stulu itələyib qalxdı. Tapançanın çaxmağı dikəldi. Hər ikisi silaha baxırdı.
– Bərk basın, – kişi məsləhət verdi. – Çaxmaq heç yarıyacan qalxmayıb ki! Hə, insanı öldürməyə bir cəhd göstərin görək. Onun bədənində yumruq boyda deşik açmağa çalışın. Qoy onun beyni dağılıb sizin döşəməyə səpələnsin.
Çaxmaq yavaş-yavaş qalxırdı. Lyük arxasını qadına çevirib aram addımlarla qapıya sarı getdi. Miss Setlif tapançanı qaldırıb onun belini nişan aldı. Çaxmaq iki dəfə qalxdı, sonra tərəddüd içində yerinə qayıtdı.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/dzhek-london/hekay-l-r-68289361/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Şurf – qızıl yataqları axtarmaq üçün qazılan quyular

2
Bifşteks – qızardılmış iri ət tikəsi

3
Banco – yerli simli musiqi aləti

4
Şeirlərin tərcüməsi Musa Ələkbərlinindir.

5
Poker – qumar növü

6
Keb – təkatlı ingilis faytonu

7
Avenyu (ing.) – adətən, ətrafında iri ağaclar əkilmiş geniş küçə

8
Firon – qumar oyunu

9
Loxinvar – Valter Skottun “Marmion” poemasının qəhrəmanlarından biri

10
Narta – şimalda it və ya maral qoşulan xizək

11
Skvo – ağ adamların qəbilə qaydaları ilə evləndikləri hindu qadın

12
Press-papye – yazını qurulamaq üçün alət

13
Viqvam – Şimali Amerika hindularının ağac qabığından, göndən, dəridən tikdikləri koma

14
Bekon – hisəverilmiş və duzlanmış donuz budu

15
Potlaç – һәdiyyә paylanan qonaqlıq

16
Yard – 81 sm-ə bərabər ingilis uzunluq ölçüsü

17
Fişka – müxtəlif qumar oyunlarında işlənən daş, marka

18
Skaquey, Bennet – sıldırım qayalarda yerləşən şəhər və göl

19
Tuz, kozır – qumarda uduşlu kartlar
Hekayələr Джек Лондон

Джек Лондон

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Джек Лондон на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв