Hekayələr

Hekayələr
Edqar Alan Po


Hekayə ustaları
Bu ktaba Edqar Allan Ponun fantastik və kriminal janrda yazılan seçilmiş hekayələri toplanıb. Hekayələrin qəhrəmanları ağlasığmaz, fantastik və qorxunc vəziyyətlərdə təqdim olunur.





Edqar Allan Po

Hekayələr





QARA PİŞİK


Danışacağım bu heyrətləndirici əhvalata inanacağınızı sanmıram, sizi inanmağa da məcbur etmirəm. Mənim özümün inanmadığım bir şeyə sizləri inandırmağa çalışmağım dəlilik olardı. Bununla belə, dəli deyiləm və xəyal da görməmişəm. Amma sabah öləcəyim üçün bu gün içimi boşaltmaq istəyirəm. Məqsədim müxtəlif düşüncələr, fərziyyələr irəli sürmədən hər kəsə açıq, qısa şəkildə evimdə olub-keçənləri başa salmaqdır. Bu hadisələr ən sonda məni dəhşətə salıb şiddətli, çox böyük sıxıntılar içində qıvrandırdı və çökməyimin səbəbi oldu. Bununla belə, bunları açıqlamağa çalışmayacağam. Mənə dəhşətdən başqa bir şey verməyən bu hadisələr başqalarına qorxunc gəlmədiyi kimi, şişirdilmiş də görünə bilər. Bəlkə, irəlidə, məndən daha sakit, daha şüurlu və daha az təsir altında qalan biri danışacağım şeylərin bir-birini təbii formada izləyən hadisələrdən başqa bir şey olmadığını ortaya qoyub gördüyüm qarabasmanı gerçəklik sadəliyinə endirəcəkdir.

Uşaqlığımdan bəri itaətkarlığım və hər kəsə, hər şeyə mərhəmət hissim diqqət çəkirdi. Bu mərhəmət hissi məndə o qədər çox idi ki, dostlarımın ələsalmalarından yaxamı qurtara bilmirdim. Xüsusilə də heyvanlara qarşı belə idim və ailəm bir çox heyvan bəsləməyimə göz yummaq məcburiyyətində qalırdı. Vaxtımın çoxunu bu heyvanlara ayırır, ən yaxşı dəqiqələrimi onları bəsləyib əzizləyəndə yaşayardım. Bu qəribə xüsusiyyət yaşım artdıqca bir hobbiyə çevrildi; insana çox bağlı və sadiq bir iti sevənlərə bu zövqü anlatmağım gərəksizdir. Eqoistlikdən tamamilə uzaq və heç bir mənafe gözləməyən heyvanın sevgisi ilə insanın heç də sağlam təməllərə dayanmayan dostluğu bir-birindən çox fərqlidir.

Gənc yaşımda evləndim və arvadımın zövqlərinin də mənimkilərə uyğun olduğunu görərək çox sevindim. Mənim ev heyvanlarına aludəliyimi görən arvadım rastlaşdığı ən yaxşı heyvan çeşidlərini evə daşıdı. Quşlarımız, qızılbalıqlarımız, əla bir itimiz, dovşanlarımız, kiçik bir meymunumuz və bir pişiyimiz oldu. Çox iri və gözəl olan bu pişik qapqara və son dərəcə ağıllı idi. Onun ağlından söhbət açılmışkən, köhnə inanclara heç də bel bağlamayan arvadım qədim bir inanca görə bütün qara pişiklərin başqa cildə girmiş ifritələr olduğunu deyirdi. Arvadım bunu zarafatla deyərdi, indi ağlıma gəldi deyə bunu qeyd elədim. Adı Pluton olan bu pişik ən çox sevdiyim, baxdığım heyvan idi. Onu, sadəcə, mən bəsləyərdim. Evin içində hara getsəm, arxamca gələrdi. Küçədə belə məni müşayiət edərdi.

Dostluğumuz bu yolla illərlə davam etdi. Təəssüflər olsun ki, içki aludəçisi oldum (söyləməyə utanıram), xasiyyətim tamamilə dəyişdi, pisliyə tərəf yönəldi. Hər keçən gün bir az daha əsəbi, cəncəl, başqalarının hislərinə qarşı sayğısız oldum. Arvadıma da ağzıma gələni deyirdim. Getdikcə daha da pisləşərək döymək həddinə qədər çatdım. Bu arada evdəki heyvanlar da xasiyyətimdəki dəyişiklikdən paylarını almaqda gecikmədilər. Yalnız baxımsız qoymaqla qalmayaraq onlarla pis davranmağa da başladım. Bununla belə, Plutona olan hədsiz sevgim ona qarşı sərt davranmağıma, demək olar ki, mane olurdu. Amma dovşanları, meymunu və iti ətrafımda görüncə təpikləmədən özümü saxlaya bilmirdim. İçkinin təsiri ilə xəstəliyim getdikcə artırdı; əyyaşlıqdan betər xəstəlik varmı?! Artıq xeyli yaşlanmış Pluton da təpiklərdən “payını” almağa başladı.

Bir gecə şəhərin meyxanalarını gəzib evə dönəndə pişiyin məndən qaçmaq istədiyini gördüm. Heyvanı tutdum; pişik qorxudan çaşbaş qalıb əlimi dişlədi. O anda şeytan qəlbimə girdi və sanki ruhuma sahib oldu, hər tərəfim pislik etmək istəyi ilə titrədi. Elə bil mən özüm olmaqdan çıxmışdım, məni cin idarə edirdi. Cibimdən iti, qatlama bıçaq çıxarıb açdım və yazıq heyvanın boğazından tutaraq bir gözünü oydum. Bu qəddarlıq anını danışarkən titrəyir, utandığımdan yerin dibinə girirəm.

Səhər ağlım başıma gələndə etdiklərimi qorxu və peşmanlıqla xatırladım. Amma bu duyğular çox çəkmədi, yenidən içki aləminə qərq olaraq etdiyim bu pisliyi yaddaşımdan sildim. Bu arada pişik yavaş-yavaş sağaldı. Oyulmuş gözünün çuxuru nə qədər qorxunc görünsə də, daha əzab çəkmirdi. Həmişəki kimi evin içində gəzirdi, çox təbii olaraq məni görəndə qorxuyla qaçırdı. Əvvəllər məni çox sevən heyvanın bu hərəkətini görəndə üzüldüm, amma bu hissiyyat getdikcə qıcıqlanmaya çevrildi. Bundan sonra məni uçurumun kənarına gətirən PİSLİK bütün ruhumu əhatə etdi. Bu ruhi vəziyyəti fəlsəfədə tapmaq mümkün deyil. Yaşadığıma inandığım qədər, pisliyin də insanlığın ilk və təməl instinktlərindən biri olduğuna, insan xarakterinə istiqamət verən duyğuların birini əmələ gətirdiyinə inanıram. Bütün şüurumuzda və məntiqimizdə sırf qəbul edilmiş olduqları üçün pozmağa meyilli olduğumuz adət-ənənələr, qanunlar yoxdurmu? Məhz bu pislik istəyi məni uçuruma sürükləyən son güc oldu. Sırf əziyyət vermək, xarakterimə zidd davranış göstərmək üçün məsum heyvanlara pislik edirdim.

Bir gün səhər pişiyin boynuna ip keçirib onu bir ağacın budağından asdım. Amma buna baxmayaraq onu asarkən gözlərimdən yaş süzülürdü və onun mənə olan əvvəlki sevgisini xatırlayır, bu zülmə layiq olmadığını anlayırdım. Bu günahı ruhumun heç bir şəkildə bağışlanma ehtimalına qovuşmaması üçün işləmişdim.

Eyni günün gecəsi “Yanğın!” çığırtılarına oyandım. Alov hər tərəfi əhatə etmişdi və bütün ev yanırdı. Arvadım, mən və xidmətçi özümüzü çətinliklə bayıra ata bildik. Heç nəyi xilas etmək mümkün olmamışdı. Əlimdə-ovcumda nə vardısa, yanğın hamısını silib-süpürmüş, məni acınacaqlı vəziyyətə salmışdı. Bu hadisə ilə işlədiyim cinayət arasında bir əlaqə quracaq qədər aciz vəziyyətdə olmaq istəməzdim. Amma hər şeyi əksiksiz demək, sizə tam məlumat vermək istəyirəm. Yanğının ertəsi günü dağıntının ətrafında dolaşdım. Evin bütün divarları dağılmışdı. Dağılmayan, sadəcə, evin ortasındakı yatağımın söykəndiyi divar idi. Suvaq yeni olduğundan yanğın buranı dağıda bilməmişdi. Bu divarın ətrafına xeyli insan toplaşmışdı; böyük diqqətlə gözlərini bir yerə dikib baxırdılar. “Çox qəribədir, çox təəccüblüdür..” sözləri məndə maraq oyatdı. Yaxınlaşdım və divara baxanda sanki xüsusilə çəkilmiş kimi böyük bir pişik rəsmi gördüm. Forması qüsursuz idi. Heyvanın boynunda bir ip var idi. Bunu görəndə çaşqınlıq və qorxu içində qaldım. İlk olaraq kabus gördüyümü düşündüm (o an başqa cür düşünmək mümkün deyildi). Handan-hana ağlım yerinə gəlməyə başlayanda xatırladım ki, pişiyi evə bitişik olan bağçadakı ağacdan asmışdım. Yanğın çıxar-çıxmaz bağçaya doluşan adamlardan biri pişiyin boynundakı ipi kəsmiş və hər halda, evdə yatanları oyandırmaq məqsədi ilə heyvanı pəncərədən içəri atmışdı. Bu arada dağılan divarlar öldürdüyüm heyvanı möhkəm qalan divara sıxışdırmış və alovun təsirindən yanan cəsəddən əriyib çıxan yağ gördüyüm formanı əmələ gətirmişdi. Məsələni məntiqimi və düşüncəmi işlədərək həll etməyimə baxmayaraq, faciəvi mənzərə düşüncələrimi alt-üst edirdi. Tam bir ay pişiyin qorxunc şəkli ağlımdan çıxmadı və peşmanlığa bənzər, amma ondan çox uzaq bir hissiyyata qapıldım və pişiyin yoxluğunu hiss etməyə başladım. Daha tez-tez baş çəkdiyim meyxanalara gedib-gələrkən eyni rəng və bənzərlikdə bir pişik axtarmağa başladım.

Bir gecə, yarıayıq vəziyyətdə rəzil bir meyxanada oturanda gözüm böyük bir rom çəlləyinin üstündə uzanmış qara cismə sataşdı. Çəlləyə yaxınlaşdım və bunun qara bir pişik olduğunu gördüm. Bu, Pluton qədər iri və ona bənzəyən bir pişik idi. Ancaq Plutonun bütün tükləri qapqaraydı, bu pişiyinsə sinəsini əhatə edən ağ tükləri vardı. Heyvana toxunanda o saat yatdığı yerdən qalxdı, miyovuldadı, əlimi yaladı və bu tanışlıqdan duyduğu sevinci hiss etdirdi. Tam istədiyim, axtardığım pişik idi. Meyxanaçıya heyvanı mənə satmağı təklif etdim. O, pişiyin sahibi olmadığını və onu ilk dəfə gördüyünü söyləyərək aparmağıma icazə verdi. Heyvanı sığallamaqda davam edirdim. Evə getmək üçün qalxanda baxdım ki, mənimlə gəlmək istəyir. Çıxdım, heyvan da arxamca gəlməyə başladı. Qovmadım, arabir dayanır, onu əzizləyirdim.

Evə tezliklə alışdı və arvadımın sevimlisi oldu. O ki qaldı mənə, tezliklə bu pişikdən də diksinməyə başladım, belə olacağını heç gözləmirdim. Bilmirəm niyə, amma heyvanın mənə olan bağlılığı bezdirir, məni əsəbiləşdirirdi. Amma Plutona etdiklərimi düşünəndə xeyli utanır, buna görə pişiyə qarşı pis davranmaqdan çəkinirdim. Bir müddət heyvanı vurmadım, amma vaxt keçdikcə ona qarşı böyük bir kin bəsləməyə və xəstəlikdən qaçırmış kimi uzaqlaşmağa başladım. Bu kinimin səbəbi isə pişiyi evə gətirdiyim gün, eynən Pluton kimi, bir gözünün oyuq olduğunu görməyim oldu. Lakin bu vəziyyət arvadımın pişiyə qarşı daha həssas, qoruyucu davranmağına səbəb oldu. Çünki daha əvvəl söylədiyim kimi, arvadımın həssaslığı və mərhəməti hədsiz idi. Amma qəribədir ki, pişiyə olan nifrətim artdıqca heyvan mənə daha çox yarınırdı. Evdə hara getsəm, addım-addım arxamca gəlir, oturduğum stulun yanına uzanır, ya da qucağıma çıxaraq yaltaqlanırdı. Ayağa qalxıb gəzişəndə ayaqlarımın arasına dolanır, ya da dırnaqlarını şalvarıma keçirərək üstümə dırmaşmağa çalışırdı. Belə anlarda pişiyi bir vuruşla yox etmək istəyirdim; amma əvvəlki cinayətim və etiraf edirəm ki, heyvandan çəkindiyimə görə belə bir şey etməyi bacarmırdım.

Bu qorxu, əslində, hiss etdiyim fiziki ağrı idi: mən özümə görə qorxurdum. Amma bunun sırf nədən ibarət olduğunu aydınlaşdıra bilmirdim. Hətta burda – həbsxanada belə etiraf etməyə utanıram ki, pişiyin mənə aşıladığı nifrət və qorxu, bəlkə də, boş görünən bir şeydən daha da alovlanmağa başladı: belə ki, arvadım bir neçə dəfə pişiyin ağ tüklərinə işarə etmişdi. Ağ tüklər asdığım Pluton ilə bu pişik arasındakı yeganə fərqi göstərirdi. İlk günlər diqqətimi çəkməmişdi, amma zaman keçdikcə yavaş-yavaş bu tüklər gözümdə müəyyən bir forma almağa başladı. Ağlım, məntiqim əvvəlcə bunu xəstə təxəyyülün bəhrəsi hesab edir və yaxına buraxmırdı. Gözümün önündə getdikcə aydınlaşan bu formanın nə olduğunu dilimə gətirməyə qorxuram… Qorxu və dəhşətin özünü təmsil edən bu qarabasma dar ağacının forması idi!..

Artıq insanlıq hissiyyatını tamamilə itirmiş, aciz bir məxluq vəziyyətinə gəlmişdim. Düşünmədən, nifrətlə öldürdüyüm şüursuz heyvan Allahın idrakla yaratdığı ali varlığa – şüurlu insana qalib gəlmişdi! Heyhat! Məndə gecə-gündüz, bir dəqiqə belə rahatlıq qalmamışdı. Mənim yerimi sanki yırtıcı bir məxluq almışdı. Gündüzlər pişik məni rahat buraxmır, gecələr isə sonu gəlməyən qorxunc qarabasmaların ağırlığı altında əzilirdim. Oyananda isə bu iyrənc pişiyin üstümdə ağırlığını, üzümdə qaynar nəfəsini hiss edirdim; onu özümdən kənarlaşdırmağa da cürət etmirdim, o isə düz ürəyimin üstündə uzanırdı.

Bu daimi qarabasmaların təsiri ilə yaxşılıq anlayışının son qırıntıları da qəlbimdən silinib getdi. Beynimdə, sadəcə, pislik düşüncələri yerləşdi. Qəddar və qorxunc düşüncələr mənə yoldaş oldu. Hər kəsdən, hər şeydən getdikcə daha çox iyrənib diksinməyə başladım. Nəticədə, davamlı bir böhran içində olurdum və arvadım bütün bunlara sinə gərmək məcburiyyətində qalırdı.

Bir gün arvadımla birlikdə dağılmış evin zirzəmisinə endik (ehtiyac üzündən elə dağılmış evin bir hissəsini düzəldib yaşamalı olmuşduq). Pişik ayaqlarımın arasında dolaşaraq məni az qala nərdivandan aşağı yıxacaqdı. Hirsimdən dəliyə dönub orada olan bir baltanı götürdüm və qorxumu unudaraq heyvanı vurmaq üçün qaldırdım. Əgər qaldırdığım kimi də endirə bilsəydim, pişiyi o anda öldürəcəkdim. Lakin arvadım qolumu tutaraq vurmağıma mane oldu. Bu məndə daha şeytani bir qəzəb oyatdı: onun araya girməsinə çox pis əsəbiləşərək qolumu çəkdim və baltanı var gücümlə arvadımın başına endirdim. O, cınqırını belə çıxarmadan yerindəcə keçindi.

Bu cinayəti işlədikdən sonra heç bir vicdan əzabı duymadan ölünü gizlətmək işinə girişdim. Nə gündüz, nə də gecə, qonşular görmədən cəsədi evdən çıxarmağın mümkün olmayacağını bilirdim. Müxtəlif yollar düşündüm. Əvvəlcə cəsədi kiçik parçalara bölərək yandırmağı planlaşdırdım. Daha sonra isə zirzəminin altını qazaraq ora basdırmağı düşündüm. Bundan başqa, ölünü bağçadakı quyuya atmaq, bir sandığa yerləşdirib sanki lazımsız avadanlıq kimi hambal çağıraraq daşıtmaq da ağlıma gəldi. Nəhayət, bütün bunlardan daha yaxşı olduğunu düşündüyüm bir yol tapdım. Cəsədi orta əsrlərdə keşişlərin etdiyi kimi – divara hörməyə qərar verdim.

Doğrudan da, bu iş üçün zirzəmi çox uyğun idi. Divarları tökülmüş və çoxlu suvaq ilə yenidən əhənglənmişdi: rütubətli havanın ucbatından hələ qurumağa macal tapmamışdı. Bundan başqa, divarlardan birində əvvəllər buxarı kimi istifadə olunmuş bir çıxıntı var idi. Bu çıxıntı sonradan doldurulmuşdu və boşluğun o biri hissələrindən ayırd edilmirdi. Bu çıxıntını örtən kərpicləri yerlərindən çıxararaq cəsədi o boşluğa yerləşdirmək, sonra kərpiclərlə divarı yenidən hörmək asan idi. Beləcə, heç kim işin fərqinə varmazdı. Hesablamalarımda aldanmadım; lingin köməyi ilə kərpicləri yerlərindən söküb meyiti divarın içinə yerləşdirdim və çox əziyyət çəkmədən divarı yenə əvvəlki kimi hördüm. Divara yenidən elə suvaq çəkdim ki, əvvəlki vəziyyəti ilə yenisi arasında fərq yox idi. Yerə düşmüş parçaları böyük bir diqqətlə yığışdırdım, sağa-sola göz gəzdirdim: hər şey öz yerində idi. Heç kim divarın yenidən hörüldüyünü anlaya bilməzdi, iş bitəndə bacarığımdan xeyli razı qalmışdım.

Daha sonra isə bu cinayətin səbəbi olan pişiyi axtarmağa başladım. Çünki bu mənfur heyvanın işini bitirməkdə tamamilə qərarlı idim. Əgər o bu dəqiqə əlimə keçsəydi, sonu çatmışdı, amma görünür, bu hiyləgər pişik mənim həddindən artıq qəzəbli olduğumu görüb aradan çıxmışdı. Ancaq pişiyin ortalıqda olmaması məni hətta rahatlaşdırdı. Pişik bütün gecəni gözümə görünmədi, beləcə, vicdanımda cinayətin ağır yükünü daşımadan rahat yuxuladım: bu, son zamanlarda keçirdiyim ən rahat gecəydi, yuxumu tam ala bilmişdim.

İkinci və üçüncü gecə pişik yenə görünmədi. Mən də rahat bir nəfəs aldım. Bu iyrənc heyvan, hər halda, qorxmuş və mənim evimi birdəfəlik tərk etmişdi. Bir daha onu görməyəcəkdim! Özümü xoşbəxt hiss edirdim, törətdiyim cinayət heç vecimə də deyildi. Başdansovdu bir araşdırma, sorğu-sual aparsalar da, sual- larına çətinlik çəkmədən cavab verdim, şübhə yaradacaq heç bir şey çıxmadı. Üstəlik, evdə axtarış da oldu, amma bir şey tapmadılar. Artıq özümü təhlükədən uzaq hiss edirdim.

Cinayətdən sonrakı dördüncü gün polislər yenə gəldilər və evi başdan-ayağa araşdıracaqlarını bildirdilər. Cəsədi tapa bilməyəcəklərinə əmin olduğum üçün heç təlaş keçirmədim. Polislər axtarış zamanı məni də özləri ilə apardılar. Baxılmayan künc-bucaq qoymadılar. Ən sonda – üçüncü, ya da dördüncü dəfə – yenidən zirzəmiyə düşdük. Tüküm belə tərpənmədi. Vicdanı rahat bir adam kimi təlaşlanmadım. Qollarımı sinəmdə çarpazlayaraq, o baş-bu başa var-gəl edərək onları seyr etdim. Polislər bir şey tapmamışdılar, getməyə hazırlaşırdılar. Sevincimdən yerimdə dayana bilmirdim. Təqsirsiz olduğumla bağlı onların inamlarını bir az da artırmaq istəyi ilə zirzəminin nərdivanlarını çıxmağa başlamış polislərə üzümü tutdum:

– Cənablar! – dedim. – Hamınıza cansağlığı, yaxşı günlər arzu edirəm. Sizdən bir az daha nəzakətli olmağınızı da diləyirəm. Yeri gəlmişkən deyim ki, bu ev çox yaxşı tikilib. (Tez-tələsik nəsə demək istədiyimdən nə danışdığımı da bilmirdim.) Bəli, bu ev çox möhkəm düzəldilib. Bu divarlar… Nə oldu, siz gedirsinizmi? Bu divarlar çox möhkəmdir.

Sonra əlimdəki əsa ilə izaholunmaz bir axmaqlıqla meyitin yerləşdiyi divara sürətlə döyəclədim. Tanrı məni şeytanın qəzəbindən qorusun! Elə bil mənim əlağacım susan kimi qəbirdən mənə hay verdilər. Divardan əvvəlcə körpə ağlamasına bənzər qopuq-qopuq iniltilər, sonra adi insan səsinə bənzəməyən davamlı fəryad səsi yüksəlməyə başladı. Bu səs sanki cəhənnəmin dibindən gələn və zəbanələrin toppuzları altında inləyən mənfur ruhların ulaşmalarına bənzəyirdi. O an düşündüklərimi izah etməyə qadir deyiləm. Huşumu itirirmiş kimi qarşı divara tərəf səndələdim.

Nərdivanları çıxmaqda olan polislər bir an qorxu və çaşqınlıqdan donub-qaldılar. Sonra vaxt itirmədən altı cüt qol dərhal işə başladı. Az bir müddətdə divarı söküb kərpicləri yerlərindən çıxardılar. Çürüməyə başlamış və irinli qana bulanmış arvadımın ölüsü dimdik bir vəziyyətdə, polislərin təəccüb və qorxu dolu baxışları altında ortaya çıxdı. Başının üstündə isə məni cinayətə sürükləyən, indi də dar ağacına göndərəcək olan o mənfur pişik kəskin dişlərini göstərir və parıldayan tək gözü ilə mənə baxırdı! Demə, onu da arvadımla birlikdə divara hörmüşəm!..




“QIRMIZI ÖLÜM”ün MASKASI


“Qırmızı ölüm” ölkəni çoxdan viran qoymuşdu. Hələ heç bir mərəz belə amansız, öldürücü olmamışdı. Onun qana boyanmış damğasından, möhüründən al-qırmızı dəhşət damırdı!

Bu azara yoluxanı qəfil gicəllənmə, sonra əzablı titrətmə tutur, ardınca da xəstənin canından tər kimi qan sızırdı – ölüm beləcə qan-tər içində gəlirdi. Qurbanlığın bədəninə və üzünə tünd-qırmızı ləkə düşər-düşməz əzizləri zavallıdan əl üzürdülər. Azarın yaxalamağı ilə öldürməyinin arası yarım saat da çəkmirdi.

Ancaq şahzadə Prospero qabaqkı kimi şad-xürrəm dolanırdı – qorxu onun canına yol tapmamışdı, ağlı kəsərdən düşməmişdi. Torpaqlarında, demək olar, bir ins-cins qalmayanda o özünə yaxın min nəfər ən dözümlü adamı – kavalerlər və xanımları başına yığıb onlarla birgə ölkəsindəki ucqar monastırlardan birinə, əlçatmaz, ünyetməz bir bucağa çəkildi.

Şahzadənin şahanə zövqünə uyğun qurulmuş, həm gözəl, həm də əzəmətli tikili dəmir darvazalı topdağıtmaz uca divarla əhatələnmişdi. Hasarın o üzünə adlayan kimi saray adamları rəzələri dəmirçi kürəsində əridib ağır çəkiclərlə darvazaya bərk-bərk pərçimlədilər. Dərd içəri dürtülüb ağıllarını başlarından almasın deyə, əllərini ümiddən üzməsin deyə onlar bütün giriş-çıxışları bağlamaq fikrinə düşmüşdülər.

Monastırda dolanmaq üçün hər şey vardı, saray əhli azar-bezardan uzaqda arxayın yaşaya bilərdi. Divarın bayır üzündə qalanlar da zəhmət çəkib öz başlarına özləri çarə qılsınlar! İndi qəm dəryasına batmaq, baş sındırmaq sarsaqlıq olardı. Əyləncə qıtlığı olmasın deyə şahzadə qabaqcadan tədbir görmüşdü. Buranın təlxəyi də vardı, məddahı da, çalanı da vardı, oynayanı da, gözəli də vardı, şərabı da… Üstəlik, təhlükəsizliyi də… Eşikdə isə “Qırmızı ölüm” at oynadırdı.

Abbatlıqda yaşadıqlarının beşinci, ya altıncı ayında, azarın hələ də tüğyan elədiyi vaxtda şahzadə Prospero misli görünməmiş bir bal-maskarad hazırladıb min dostunu başına topladı. Bu maskarad əməlli-başlı bir eyş-işrət məclisiydi. Ancaq əvvəlcə məclisin qurulduğu otaqları təsvir eləyim: yeddi dəbdəbəli otaq idi. Qəsrlərin çoxunda yanaşı salınan belə otaqların birindən o birinə keçmək üçün ara qapıları olur; bu qapılar taybatay açılanda otaqları bir-birinə calayan yol uzun bir dəhliz kimi boyaboy görünür. Qəribəliyə meyilli Prosperonun qəsri isə tamam ayrı cür qurulmuşdu. Otaqlar elə qəribə düzülmüşdü, baxanda yalnız bir otağı görmək olurdu. Hər iyirmi-otuz addımdan bir qarşıya döngə çıxırdı, hər döngəni burulanda adam nəsə bir yeniliklə rastlaşırdı. Ara yolun dolanbaclarını təkrarlayan örtülü dəhlizə hər otağın sağ-sol divarlarının ortasından qotik üslublu hündür, ensiz pəncərə açılırdı. Rəngbərəng pəncərə şüşələri otaqların bər-bəzəyinə, yerinə uyğun seçilmişdi; məsələn, dəhlizin gündoğana baxan başındakı otaq mavi boyandığından pəncərələrinə də açıq-göy rəngli şüşə vurulmuşdu. İkinci otaq qırmızı bəzəndiyinə görə pəncərələri də yaqut kimi parıldayırdı. Yaşıla tutulmuş üçüncü otağa da özü rəngdə aynalar seçilmişdi. Dördüncü otağın xalısı, pərdəsi narıncı, beşinci otağın bər-bəzəyi ağ, altıncı otağın yar-yaraşığı da bənövşəyi rəngdəydi. Yeddinci otağa qara məxmər tutulmuşdu: tavandan divar boyu axıb tökülən ağır qara pərdələrin ətəyi qara xalı salınmış döşəmənin üstündə qat-qat dururdu. Yalnız bu otaqda pəncərələr divarlardan seçilirdi: pəncərə şüşələri al-qırmızı qana boyanmış kimi idi. Yeddi otağın yeddisində də künc-bucağa səpələnmiş, tavandan asılmış saysız-hesabsız qızıl-zinətin arasında bircə qəndil, bircə şamdan gözə dəymirdi – otaqlar şamla, çıraqla işıqlandırılmırdı: ara yolun başına dolanan dəhliz boyu hər pəncərənin qarşısına üstündə kürə alovlanan iri üçayaq qoyulmuşdu, alovun şöləsi şüşədən içəri axıb otağı rəngli işığa bürüdükcə dörd divar arasında nə varsa hamısı yuxu kimi, xəyal kimi görünürdü.

Günbatana baxan qara otaqda isə qan-qırmızı şüşədən keçib qaranlıq pərdələrin üstünə düşən işıq adama daha da sirli-sehrli gəldiyindən, üstəlik də, içəridəkilərin üzünü tanınmaz, qorxunc hala saldığından tək-tək qonaq bu qapının kandarını adlamağa ürək eləyirdi.

Bu otağın günbatana açılan pəncərəsinin altında qara ağacdan düzəldilmiş nəhəng bir saat vardı. Saatın ağır kəfkiri yeknəsəq boğuq cingiltiylə sağa-sola yellənirdi, hər saat başı onun mis “ciyər”lərindən aydın, ürəyəyatan, həm də olduqca məlahətli gur səs qopurdu. Ancaq bu səsin çox qəribə gücü, ahəngi olduğundan çalğıçılar hər saatın tamamında əl saxlayıb ona qulaq kəsilməyə məcbur qalırdılar. Onda oynayan cütlüklər fırlanmağına ara verirdi, kefcil dəstə çaşqın-çaşqın donub-qalırdı, saatın zəngi vurduqca ən arsız pozğunları da təşvişə salırdı, bir az yaşlı, müdrik olanlarsa qara-qura fikirləri başlarından silib atmaq üçün əllərini alınlarına çəkirdilər. Saatın səsi kəsər-kəsməz şən gülüşlər otaqları doldururdu; çalğıçılar boş yerə səksəkəyə düşdüklərini düşünüb təbəssümlə baxışırdılar, hər biri də böyründəkinə pıçıldayıb and-aman eləyirdi ki, indən belə zəng səsini vecinə almayacaq. Di gəl ki düz altmış dəqiqədən – sürətli zamanın xırda doğranmış üç min altı yüz saniyəsindən sonra yenə otağı bir çaşqınlıq bürüyür, məclis əhlinin canına yenə vəlvələ düşürdü. Bununla belə, şənlik çox təmtəraqlı, çox da əyləncəli keçirdi.

Şahzadənin fərqli zövqü vardı: o, zahiri parıltılara həris idi, rənglərin bilicisi idi, amma dəb qayğısına qalmazdı. Onun ağlına gələn hər fikir dəlicəsinə qeyri-adi olur, vəhşi bir dəbdəbəylə tamamlanırdı. Qıraqdan baxan onu dəli sanardı, ancaq şahzadənin yaxın adamları başqa fikirdəydilər. Di gəl ki şahzadəni görməyən-eşitməyən, onun həndəvərində dolanmayan kəs onların dediyinə inanmazdı.

Böyük məclisə hazırlıq görüldüyü günlərdə yeddi otağın döşənib-bəzədilməsinə şahzadə şəxsən özü başçılıq eləyirdi. Geyim və maskaların seçimində də onun dəstxəti duyulurdu. Söz yox ki, hər şey əndazəni aşmış biçimdəydi! Hamısında parıltı, bər-bəzək, hər şey yuxu kimi yalan, ancaq maraqlı, eynən sonralar “Ernani”də[1 - “Ernani” – Viktor Hüqonun (1802-1885) dram əsəri; əsərdə kral V Karlın dəbdəbəli sarayı və yüksək zövqü ətraflı şəkildə təsvir olunduğundan müəllif onu misal çəkir.] gördüyümüz kimi idi. Hər yanda əcaib-qəraib məxluqlar fırlanırdı, hamısının da ya biçimində, ya da əyin-başında nəsə bir qəribəlik vardı. Bütün bu mənzərə qızdırmadan alışıb-yanan xəstənin sərsəm sayıqlamasına bənzəyirdi. Burada çoxlu gözəllik, çoxlu əxlaqsızlıq, çoxlu qəribəlik vardı, arabir nə isə dəhşət saçırdı, tez-tez nələrsə adamda özündən ixtiyarsız ikrah doğururdu. Yeddi otağın yeddisində də yuxularımızdan gəlmə qarabasmalar dolaşırdı. Qıvrılıb-açılan bu kölgələr hər otaqda rəngini dəyişə-dəyişə gah orda, gah burda sayrışırdı; adama elə gəlirdi ki, orkestrin qulaqbatıran gurultusu vur-tut onların addımlarının əks-sədasıydı.

Qara məxmər çəkilmiş zaldan isə vaxtaşırı saat səsi gəlirdi. Onda bir anlıq hər şey – zəng səsindən başqa hər şey donub-qalırdı, əcaib məxluqlarsa elə bil yerə yapışırdılar. Saatın bir göz qırpımı çəkən zəngi susan kimi şən, bir az da boğuq gülüşlər yenə axıb dəhlizi basırdı, musiqi yenə qulaq batırırdı, kabuslar yenə cana gəlirdi, kürələrin işığını otaqlara axıdan pəncərələrin altında rəng alıb rəng verən qəribə geyimli adamlar əvvəlkindən də qıvraq hərəkət edirdilər. Bu zaman maskarad əhli yalnız dəhlizin günbatana baxan başındakı otağa girməyə ürək eləmirdi: gecə yarı olduqca qızarmış kürənin al dilləri qan-qırmızı şüşələrdən sel kimi axıb keçir, matəm pərdələrinə bir az da qorxunc görkəm verirdi.

Qara xalıya ayaq basan kimsəyə saat zəngi əcəl zəngi kimi gəlirdi, bu səsin zəhmi altında onun ürəyi dəhlizin o başında kef eləyənlərin ürəyindən betər vururdu.

Qalan otaqlar qonaqla ağzınacan doluydu – oralarda həyat coşub-qaynayırdı.

Saat gecəyarısını vuranda şənliyin şirin yeri idi. Qabaqkı kimi yenə çal-çağır yatdı, vals oynayanlar fırlanmağına ara verdilər, haradansa əsən vahimə yeli hamını vurdu. Bu dəfə saat on iki dəfə zəng çalacaqdı, ola bilsin, elə buna görə qorxu yavaş-yavaş ən ayıq adamların da canına yol tapırdı. Son zəngin cingiltisi hələ qulaqlardan çəkilməmiş birdən-birə şənlik əhlinin gözü indiyəcən kimsənin fikir vermədiyi bir maskaya dikildi. Yeni maskanın peyda olması xəbəri bir anda bütün qonaqlara yetişdi; əvvəlcə pıçapıç düşdü, ardınca da kütlə əvvəlcə narazılıqdan, heyrətdən, sonra da qorxudan, dəhşətdən, hiddətdən uğuldadı.

Yeni bir maskalının peyda olması bu dəli yığıncağında, bəlkə də, kimsəyə qəribə görünməzdi. Bu gecə şadyanalığında heç kəsin hərəkətlərinə yasaq qoyulmasa da, yeni maskalı həddini aşmışdı, şahzadənin belə keçmədiyi sərhədi pozmuşdu. Ən dayaz qəlbin də elə telləri var, o telləri titrətmədən o qəlbə toxunmaq olmaz. Olumu da, ölümü də zarafat bilən ən ümidsiz adamların zarafata salmadığı şeylər də var.

Deyəsən, bu məqamda qonaqların hər biri yad adamın geyiminin, ədasının həm yersiz, həm də zarafatsız olduğunu duymuşdu. Boylu-buxunlu qonaq yorğun-üzgün görünürdü, başdan-ayağa kəfənə bürünmüşdü. Üzünə tutduğu maska donuq meyit cizgilərini elə dəqiq yamsılayırdı, tükü tükdən seçən gözlə də bu yalanı gerçəkdən ayırmaq çətin olardı. Heç bu da adamları bir-birinə vurmazdı, hələ bəlkə, məclis əhlinin xoşuna da gələrdi. Ancaq masqaraçı özünü “Qırmızı ölüm”ə bənzətməyə cəsarət eləmişdi. Üst-başına qan çilənmişdi, alnından, sir-sifətindən al-qırmızı dəhşət yağırdı. Öz rolunu yaxşı oynamaq üçün rəqs eləyənlərin arasında təntənəli yerişlə gəzişən qarabasmanı görəndə şahzadə Prospero qorxdumu, eyməndimi, nəydisə, bədənindən qəribə əsməcə keçdi, bir an sonra isə onun üzünə qəzəbdən qızartı çökdü.

– Kimdir bu?! – şahzadə başına dolanan saray adamlarından xırıltılı səslə soruşdu. – Bu şeytan fəndi kimin ağlına gəlib? Tutun onu, maskasını da çıxarın ki, bilək səhər qala divarından kim asılacaq!

Şahzadə Prospero bu sözləri dəhlizin gündoğana baxan başındakı mavi otaqda dedi. Güclü, qətiyyətli şahzadənin aydın, uca səsi yeddi otağın yeddisində də ildırım kimi çaxdı, onun bir əl işarəsi ilə hamı, hər şey susdu. Hə, bu hadisə mavi otaqda baş verdi, rəngi qaçmış saray adamlarının aralığa aldığı şahzadə bu otaqdaydı. Onun buyruğunu eşidən kütlə yaxınlıqda dayanmış yad adamın üstünə atılmağa hazır durmuşdu, adamsa qəfildən sakit, arxayın addımlarla şahzadəyə sarı yeridi. Kimsə ona əl qaldırmağa ürək eləmədi – bu dəlinin yekəxanalığı hamının canına anlaşılmaz bir vəlvələ salmışdı. O, şahzadənin yanından düz keçdi, – qonaqlar ona yol vermək üçün hər iki divar boyu sıralanmışdılar, – onu başqalarından ayıran həmin o səlis, təntənəli yerişlə mavi otaqdan qırmızıya, qırmızıdan yaşıla, yaşıldan narıncıya, oradan ağ otağa, oradan da bənövşəyi otağa, nəhayət, qara otağa adladı, bu müddətdə bir adam da onun qabağına durmadı.

Bu zaman həm qəzəbdən, həm də ötəri ağciyərliyinə görə çəkdiyi xəcalətdən başını itirmiş şahzadə Prospero özünü dəhlizin dərinliyinə atdı; ancaq ölüm qorxusuna mübtəla olmuş saray adamlarından heç kim onun ardınca getmədi.

Əlində siyrilmiş xəncərlə qaçan şahzadə qara otağın astanasında düşmənə çataçatda yad adam qəfil dönüb gözlərini ona zillədi. Tükürpədən bağırtı qopdu, əvvəlcə qaranlıqda parıldayıb-sönən xəncər, sonra da şahzadənin cansız bədəni matəm xalısının üstünə düşdü. Onda qorxudan hərəkətə gələn məclis əhli bütün cəsarətini toplayıb qara otağa axışdı. Ancaq saatın kölgəsində donub-qalmış mənfur məxluqu ələ keçirər-keçirməz dəhşətlə anladılar ki, hikkəylə yırtmaq istədikləri kəfənin də, qorxunc maskanın da altında heç nə yoxdu. Gələnin “Qırmızı ölüm” olduğuna daha kimsənin şübhəsi qalmadı. O, gecənin qaranlığında içəri gizlincə girmişdi.

Qan çilənmiş ziyafət salonlarında əyyaşlar bir-birinin ardınca yerə döşənir, ölüm onları hansı vəziyyətdə haqlayırdısa, o halda da can verirdilər. Sonuncu kef əhlinin ölümüylə qara ağacdan qayrılmış saatın da səsi batdı, kürələrin də alovu söndü.

Sonra hər yerdə Zülmətin, Fəlakətin, bir də “Qırmızı ölüm”ün mütləq hökmranlığı başlandı.




SFİNKS


Dəhşətli vəbanın Nyu-Yorkda at oynatdığı günlərdə[2 - XIX əsrdə vəba epidemiyası 1816-cı ildə Hindistanda başlamışdı. Oradan Böyük Britaniyaya, daha sonra Avropanın digər ölkələrinə və nəhayət, Amerikaya yayılmışdı. Təkcə Amerikada yüz mindən artıq adam bu xəstəlikdən vəfat etmişdi.] mən qohumlarımdan birinin dəvəti ilə iki həftəliyə onun Hudzon çayının sahilindəki gözdənuzaq, xudmani kottecinə dincəlməyə getmişdim.

Sərəncamımızda hər cür yay əyləncəsi vardı: meşədə gəzmək, naturadan rəsm çəkmək, qayıqla üzmək, balıq tutmaq, çimmək, musiqi dinləmək, kitab oxumaq – bütün bunlar vaxtımızı şad-xürrəm keçirməyə artıqlamasıyla yetərdi, əgər hər səhər azman şəhərdən gələn bəd xəbərlər olmasaydı. Elə bir gün olmazdı ki, hansısa tanışımızın ölüm xəbərini almayaq. Vəba quduzlaşdıqca biz dostların itkisinə alışırdıq. Ancaq hər xəbərin gəlişini ürək döyüntüsüylə qarşılayırdıq.

Cənubdan əsən külək elə bil ölümün nəfəsi idi. Bu duyğu, bu düşüncə mənim canıma-qanıma işləmişdi. Başqa nədənsə danışa, nəsə düşünə, yuxularımda ayrı nəsə görə bilmirdim.

Ev yiyəsi təmkinli adam idi, hərçənd o da bərk sarsılmışdı, elə hey mənə ürək-dirək verməyə çalışırdı. Onun müdrik ağlı qara-qura xəyallara uymazdı. Gerçək təhlükəni o, göydə tutardı, ancaq olmayan yerdə təhlükə qorxusuyla yaşamazdı.

Ev yiyəsinin kitabxanasında əlimə düşən bir para kitabların ucbatından onun mənim xəstə, qaranlıq xəyallarımı dağıtmaq cəhdi, demək olar, daşa dirəndi. O kitablarda yazılanlar mənə qanımla ötürülmüş, canımın bir küncündə gizlənmiş bütün mövhumat toxumlarını cücərtmək gücündəydi. Mən kitabları qohumumdan xəbərsiz oxumuşdum, buna görə də o, xəyallarımı körükləyən səbəbləri anlamaqda çətinlik çəkirdi.

Mənim sözüm-söhbətim hayana fırlansa, axır gəlib əlamətlərin, işarələrin üstündə bənd alırdı – bir ara mən əlamətlərə, demək olar, ciddi şəkildə inanırdım.

Bu mövzuda biz uzun-uzadı qızğın müzakirələrə baş vururduq; o bu sayaq inancların tam əsassız olduğunu deyib dururdu, mən də sübuta yetirməyə çalışırdım ki, insanlara kənardan kimsənin sırımadığı, el-obanın təbiətindən mayalanmış etiqadda, şübhəsiz, bir həqiqət payı da olmamış deyil, ona görə də bu inanclar diqqətə layiqdir.

Kottecə gələndən bir müddət sonra başıma elə anlaşılmaz, elə nəhs bir iş gəldi ki, bunun əlamət olduğunu desəm, yəqin, məni bağışlayarsınız.

Elə sarsılmışdım, üstəlik, elə dolaşmışdım ki, dostuma ürəyimi açanacan neçə gün gözləyəsi oldum.

Belə ki, bir gün axşama doğru mən əlimdə kitab açıq pəncərə qarşısında oturmuşdum; pəncərədən çayın sağ-sol sahili, ondan da aralıda sürüşmə ucbatından keçəl qalmış təpə görünürdü.

Kitabı əlimdə tutsam da, fikrim yayınmışdı: zillətin, fəlakətin meydan suladığı böyük şəhərdə qalmışdı. Başımı kitabdan qaldırıb uzaqdakı çılpaq yamaca baxanda birdən orada eybəcər görkəmli, nəhəng bir məxluq gördüm; sonra o məxluq bir göz qırpımında yamacdan enib təpənin ətəyindəki qalın meşədə itdi.

Bu varlığı ilk dəfə görəndə düşündüm, bəlkə, dəli olmuşam, ona görə də gözlərimə inanmadım; ağlımı itirmədiyimə, yuxu görmədiyimə əmin olana qədər bir xeyli keçdi. Ancaq açıq-aydın gördüyüm, təpənin ətəyinə enənəcən gözdən yayındırmadığım o bədheybəti təsvir eləməyə başlasam, oxucuları buna inandırmaq çətin başa gələcək.

Yamacı endikcə sürüşməyə davam gətirmiş tək-tək azman ağacların böyründən ötdüyünə görə deyə bilərəm ki, bədheybət məxluq nəhənglikdə heç bir okean gəmisindən geri qalmazdı. Gəmini elə-belə yada salmadım, onun biçimi-quruluşu, həqiqətən də, bizim yetmiş dörd toplu hərbi gəminin korpusuna bənzəyirdi. Ağzı altmış-yetmiş fut[3 - Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi] uzunluqda, fil gövdəsi yoğunluqda xortumunun ucunda yerləşirdi. Xortumunun kökündə çəngə-çəngə sıx tüklər qaralırdı – qırxan olsaydı, bir düjün vəhşi öküzün yunundan ağır gələrdi. Ağzından bayıra qılıncabənzər, ancaq ondan qat-qat iri bir cüt parlaq köpək dişi – biri aşağı, o biri yana əyilmiş – çıxmışdı. Xortumun sağ-solundan yanlara otuz-qırx fut uzunluğu olan, büllur kimi işıldayan nəhəng buynuzlar uzanırdı – batan günəşin o buynuzlara dəyib-qayıdan şüaları göz çıxarırdı.

Uzun gövdəsinin iti ucu aşağı yönəlmişdi. Hər biri az qala yüz yard[4 - Yard – 81 sm-ə bərabər ingilis uzunluq ölçüsü] uzunluğunda iki cüt qanadı vardı; qanadlar bir-birinin üstündə bitmişdi, hamısının da üstü diametri on-on iki fut olan dəmirəbənzər pullarla örtülüydü. Onu da gözüm aldı ki, üst qanadlar alt qanadlara yoğun zəncirlə bağlanmışdı. Ancaq bu bədheybət varlığın ən gözəçarpan tərəfi onun, demək olar, bütün sinəsini tutmuş, tünd gövdəsinin üstündə yağlı rəssam fırçasıyla çəkilibmiş kimi ağaran kəlləsiydi.

Ağlımın gücü yetməyən bir dəhşətlə, bir qaçılmaz fəlakət duyğusuyla əcaib heyvana, ən çox da onun sinəsindəki kəllə təsvirinə baxdığım yerdə qəfildən onun xortumundan sallanan nəhəng ağzı açıldı, bədheybət mənim qulaqlarımda nəhs əlamət kimi cingildəyən acı naləsiylə yeri-göyü titrətdi; o, təpənin ətəyində gözdən itər-itməz mən özümdən gedib yerə sərildim.

Özümə qayıdanda ağlıma ilk gələn gördüyümü, eşitdiyimi qohumuma danışmaq fikri oldu, ancaq qəribə bir ikrah duyğusu nədənsə məni fikrimdən daşındırdı.

Bu əhvalatdan üç-dörd gün ötmüş axşamçağı biz bədheybət varlığın mənim gözümə göründüyü otaqda oturmuşduq; mən pəncərənin qarşısındakı həmin o kürsüdə əyləşmişdim, qohumum isə məndən azca aralı taxtın üstündə dirsəklənmişdi. Vaxt o vaxt, yer də o yer olduğundan yaddaşım təzələndi, qəribə hadisəni ona danışmaq istədim.

O, əvvəlcə ürəkdən gülə-gülə, sonra da mənim havalandığıma şəkk-şübhəsi qalmayıbmış kimi tam ciddi bir tövrlə məni sonacan dinlədi. Bu dəm eybəcər nəhəng yenə aydınca göründü, mən qorxudan çıxardığım bir bağırtıyla əlimi ona tuşladım. Bədheybətin endiyi çılpaq yamacı dəqiq göstərsəm də, qohumum təpəyə sarı diqqətlə baxıb bir şey görmədiyini dedi.

Həyəcanımın həddi-hüdudu yox idi, çünki qarabasma mənə ölüm əlaməti, bundan da betəri, dəlilik nişanəsi kimi gəlirdi. Əlim yerdən-göydən üzüldü, özümü kürsüyə yıxıb üzümü əllərimlə qapadım. Gözümü açanda qarabasma yoxa çıxmışdı.

Ev yiyəsinin həmişəki təmkini artıq özünə qayıtmışdı: o, əcaib varlığın görkəmiylə bağlı məni yerli-yataqlı sorğu-suala tutdu. İzahatım onu tam razı salandan sonra qohumum ağır yük altından çıxmış kimi dərindən nəfəs aldı, sonra da mənə qəddar görünən soyuqqanlı bir ədayla mücərrəd fəlsəfənin bəzi incəliklərini xırdaladığımız yarımçıq söhbətimizə qayıtdı. Yadımdadır, o, yeri gəlmişkən, bir fikri ayrıca vurğuladı ki, insanın bütün yanılmalarının təməlində məsafəni bəlləməkdə yol verdiyi sadə bir yanlışlıq ucbatından ağılda hansısa predmeti ya kiçiltmək, ya da şişirtmək meyli yaranır:

– Məsələn, demokratiyanın bütün dünyaya yayılmasının bəşəriyyətə göstərəcəyi təsiri düzgün qiymətləndirmək üçün bu prosesin başa çatacağı dövrün uzaqlığını hökmən nəzərə almaq lazımdır. Bununla belə, siz idarəçilik formalarından yazan bircə nəfər göstərə bilərsinizmi ki, bunu dəqiq hesablasın və diqqətəlayiq saymış olsun?

Bu yerdə ev sahibi ara verdi, kitab rəfinə yanaşıb təbiət tarixinə dair ibtidai kurs kitabını götürdü. Xırda çap hərflərini gözü seçmədiyindən məndən yerimizi dəyişməyi xahiş elədi, sonra pəncərə qarşısındakı kürsüyə çöküb kitabı açdı, elə əvvəlki avazla da sözünün gerisini gətirdi:

– Siz bədheybət varlığı yerli-yataqlı təsvir eləməsəydiniz, mən, bəlkə də, bunun nə olduğunu sizə göstərə bilməzdim. Əvvəlcə icazənizlə Sfinks[5 - Sfinks – zoologiyada kəpənəkkimilər fəsiləsi] fəsiləsinin, pulcuqlu qanadlılar dəstəsinin, kəpənəkkimilər sinfinə mənsub həşəratların məktəblilər üçün yazılmış təsvirini sizə oxuyum.

“Metal kimi parıldayan rəngbərəng pulcuqlarla örtülü dördpərdəli qanad; çənələrin davamı kimi başa bərkidilmiş xortumşəkilli ağız; ağızın qıraqlarında – yararsız qalmış çənələrin qalıqları, bir də yumşaq duyğu telləri. Cod tükcüklərlə bir-birinə bənd olunmuş alt-üst qanadlar; uzunsov prizmaşəkilli toppuz formasında bığcıqlar; sivri qarıncıq. Ölü Kəllə Kəpənəyi[6 - Ölü Kəllə Kəpənəyi (Sphinx atropos) – sinəsində aydın şəkildə insan kəlləsinin təsviri olduğuna görə bir çox xalqların inanclarında bu kəpənəyin gəlişi ölüm, qırğın, epidemiya, qıtlıq kimi yozulur. Hətta bildirilir ki, onun qanadının tozcuqları gözə düşərsə, adam kor ola bilər.] adlanan həşəratın tükürpədici səsi, bir də sinəsindəki quru kəlləyəbənzər təsviri bəzən cahil adamlarda xof yaradır”.

O, kitabı bağlayıb mənim bədheybəti gördüyüm andakı oturuşumu olduğu kimi təkrarlamaq üçün irəli əyildi.

– Budur ha! İndi sizin əjdahanız üzüyuxarı dırmaşır. Söz yox, çox əcaib görkəmi var. Ancaq o, nə siz düşündüyünüz böyüklükdə, nə də xəyal elədiyiniz uzaqlıqdadır. Pəncərənin çərçivəsindən sallanan hörümçək torunun üstü ilə sürünür. Gövdəsinin uzunluğu 60 mm-dən artıq deyil. Elə mənim gözümlə onun arasında da bir belə məsafə olar.




SATQIN ÜRƏK


Düzdür, mən əsəbi, həm də dəhşətli dərəcədə çox əsəbi bir adamam, həmişə də belə olmuşam! Ancaq niyə məni dəli hesab edirsiniz? Xəstəlik əsəblərimi tarıma çəkmişdi, amma duyğularımı korlamamışdı, kütləşdirməmişdi. Baş verənlərdən ən önəmlisi isə eşitmə qabiliyyətimdəki həssaslıq idi. Göydə, yerdə baş verən hər şeyi eşidirdim. Cəhənnəmdə də olan bir çox şeyi eşidə bilirdim. Necə dəli ola bilərəm axı? Bir dinləyin! Görün necə sağlam düşüncə ilə, təmkinlə bütün hekayəni sizə danışıram.

İlk dəfə bu fikrin ağlıma necə gəldiyini demək qeyri-mümkündür; bir dəfə ağlıma batdı, sonra isə gecə-gündüz rahatlıq vermədi. Məqsəd yox idi. Ehtiras da yox idi. Bir qoca kişini sevirdim. O heç vaxt mənə pislik etməmişdi. Mənə yuxarıdan-aşağı baxmamış, təhqir etməmişdi. Onun qızıllarında da gözüm yox idi. Məncə, məsələ onun gözlərində idi. Bəli, onun gözləri! Onlar çalağan gözünü xatırladırdı – üstünü pərdə almış solğun, mavi gözlər. Bu gözlər mənə zillənəndə damarımda qanım donurdu, – tədricən, yavaş-yavaş, – buna görə də qocanın canını almağı və bu gözlərdən həmişəlik qurtulmağı qərara aldım.

Hə, gələk əsas məqama. Mənim dəli olduğumu düşünürsünüz. Dəlilər isə heç nə bilməyən adamlardır. Amma siz bir məni görəydiniz. Hər şeyi necə ağılla, tədbirlə, uzaqgörənliklə, planlı şəkildə yerinə yetirdim!

Qocanı öldürməzdən əvvəlki həftə boyu ona qarşı çox mehriban davrandım. Əvvəllər heç vaxt onunla belə mehriban olmamışdım. Hər gecə – təxminən gecəyarısı – sürgünü çəkib qapısını açırdım. Ah, bunu necə nəzakətlə edirdim! Başımın içəri girəcəyi qədər qapını araladıqdan sonra üstüörtülü çırağı otağa tərəf tuturdum. Çırağın üstünü elə örtmüşdüm ki, ondan ətrafa bir damla belə işıq şöləsi sızmırdı. Sonra isə içəri boylanırdım. Bunu necə hiyləgərcəsinə etdiyimi görsəydiniz, gülməyiniz gələrdi! Qocanı yuxusundan eləməmək üçün başımı yavaş-yavaş uzadıb içəri salırdım. Bu şəkildə içəri boylanaraq onun yataqda necə yatdığını görə bilmək üçün düz bir saat vaxtım gedirdi. Sizcə, bir dəlinin bunları etməyə ağlı çatardı? Başımın yerini rahatladıqdan sonra qapının rəzəsi cırıldadığından çırağın üstünü ehtiyatla açırdım. Çırağı elə açırdım ki, ondan gələn işığın yalnız bir şöləsi bu çalağan gözlərinin üzərinə düşürdü. Bütün bunları yeddi uzun gecə boyu – hər gecə, düz gecəyarısı – etdim, amma bu gözlər həmişə yumulu olurdu; işi bitirmək mümkün deyildi, çünki mənim canımı boğazıma yığan qoca deyildi, o lənətə gəlmiş gözlər idi.

Beləcə, hər səhər dan yeri ağaran kimi əl-qolumu sallaya-sallaya onun otağına gedər, cəsarətlə onunla söhbət edərdim. Səmimi şəkildə adıyla müraciət edər, gecəni necə keçirdiyini soruşardım. Görürsünüz də, müdrik, dərindüşüncəli adam olsaydı, hər gecə, düz saat on iki tamamda onu yatdığı yerdəcə izlədiyimdən duyuq düşə bilərdi.

Səkkizinci gecə qapını açdıqda həmişəkindən daha təmkinli idim. Hətta saatın kəfkiri belə məndən daha sürətli hərəkət edirdi. Həmin gecəyə kimi bu qədər güclü və fərasətli olduğumun fərqinə varmamışdım. İçimdəki qalibiyyət hissini güclə boğurdum. Beləcə, mən qapını yavaş-yavaş açırdım. Mənim gizli düşüncələrimi o, yuxusunda belə görə bilməzdi. Öz fikirlərimə gülümsədim; bəlkə də, səsimi eşitdi, səksənibmiş kimi qəfildən yerində qurcuxdu. Elə bilirsiniz fikrimdən dönüb geri çəkildim?! Xeyr! Onun otağı zülmət içində idi (oğrulardan qorxduğu üçün pəncərələri bərk-bərk bağlayardı). Buna görə də bilirdim ki, qapının aralandığını görə bilməz və qapını səbirlə açmaqda davam etdim.

Başımı qapıdan içəri salıb çırağın üstünü açmaq istəyirdim ki, baş barmağım qapı tutqacının üzərindən sürüşdü, qoca yerindən dik atılıb qışqırdı: “Kim var burda?”

Sakitcə dayanıb bir kəlmə də demədim. Düz bir saat bircə əzələm belə hərəkət etmədi, amma onun da yerinə uzandığını eşitmədim. Hələ də yataqda oturub gözləyirdi: hər gecə mənim etdiyim kimi – ölümün divarda dayanıb onu gözlədiyini eşidərək.

Bir az sonra zəif bir inilti eşitdim; bilirdim ki, bu, öldürücü qorxunun iniltisidi. Ağrıdan, ya da kədərdən yaranan inilti deyildi. Yox! Bu, qorxunun əsir aldığı ruhun dərinliklərindən qopub gələn boğuq səs idi. Bu səsi yaxşı tanıyırdım. Gecələr boyu, düz gecəyarısı, bütün dünya yuxuya gedəndə bu inilti köksümdən qopub gəlirdi, dəhşətli əks-sədası ilə içimdə dərinləşdikcə məni mənliyimdən qoparırdı. Dediyim kimi, bu səsi yaxşı tanıyırdım. Ürəyimdə ona gülsəm də, qocanın nə hiss etdiyini anlayırdım, ona yazığım gəlirdi. Səsi eşidib yerinin içində oturduğundan sonra yata bilmirdi. Getdikcə içindəki qorxu artırdı. Qulağına səs gəldiyini düşünməyə çalışırdı, amma olmurdu ki, olmurdu. Öz-özünə deyirdi: “Bacadakı küləyin vıyıltısıdır. Ya da döşəmədə qaçan siçandır. Bəlkə də, bayırdakı atəşböcəyinin səsidir”.

Bu mülahizələrlə özünə təsəlli verməyə çalışırdı, amma əbəs yerə. Qara kölgəsi ilə gizli-gizli yaxınlaşan Ölüm qurbanını sarmışdı. Görməsə də, eşitməsə də, mənim varlığımı ona hiss etdirən bu dərkedilməz kölgənin hüznlü təsiri idi.

Səbirlə, uzun müddət gözlədikdən sonra onun yerinə yenidən uzanmadığını görüb çırağın bir böyrünü azacıq açmaq qərarına gəldim. Çox ehtiyatla açıb yarıqdan çıxan hörümçək ipliyi kimi nazik işıq şöləsini qorxunc gözlərə tərəf tutdum. Açıq idi – həm də geniş açılmışdı. Ona baxdıqca daha da qəzəblənirdim. Onu tamamilə görə bilirdim – donuq mavi rəngdə və üzərində iliklərimə qədər məni titrədən iyrənc, ləkəli pərdə vardı; amma qocanın üzünün və ya bədəninin başqa heç bir yerini görə bilmirdim. Elə bil özümdən asılı olmadan işığı birbaşa bu lənətə gəlmiş nöqtəyə tutmuşdum.

Dəlilik barədə fikrinizin həddindən artıq şişirdilmiş olduğunu sizə deməmişdimmi? İndi isə deyirəm ki, qulağıma saatı pambığa bürüdükdə çıxardığı zəif çıqqıltılar kimi boğuq və sürətli səslər gəldi. Bu səsi də yaxşı tanıyırdım. Bu, qocanın ürək döyüntüləri idi. Təbil səsi döyüşçüləri ruhlandırdığı kimi, bu səs də mənim qəzəbimi alovlandırırdı. Yenə də özümü saxlayıb heç yerimdən qımıldanmadım. Güclə nəfəs alırdım. Çırağı əlimdə, işığı isə onun gözünün üzərində tərpətmədən saxlamağa çalışırdım. Eyni zamanda lənətə gəlmiş ürək döyüntülərinin səsi yüksəlirdi. Getdikcə sürətlənir, daha da artırdı. Qocanın qorxusu ağlasığmaz bir həddə olmalı idi! Ürək döyüntüləri isə dayanmadan yüksəlirdi. Xatırlayırsınızsa, sizə əsəbi olduğumu demişdim: hə, mən beləyəm və indi gecənin zülmətində, bu köhnə evin üşəndirici sükutunda belə bir səs çox qəribə idi, məndə idarəedilməz vahimə yaradırdı. Daha bir neçə dəqiqə də özümü ələ alıb tərpənmədim. Amma ürək döyüntüləri yüksəlir, yüksəlirdi! Mənə elə gəldi ki, bu ürək indi partlayacaq. İndi içimdə başqa bir təşviş baş qaldırmışdı: qonşulardan kimsə bu səsi eşidə bilərdi!

Qocanın vaxtı yetişmişdi! Qorxunc bağırtı ilə çırağın üstünü açdım və otağın ortasına hoppandım. Qışqırdı – cəmi bircə dəfə qışqırdı. Bir dəqiqənin içində onu döşəməyə yıxdım və ağır çarpayını onun üstünə aşırdım. Sonra razılıqla gülümsədim, iş indiyə qədər qaydasında getmişdi. Amma qocanın ürəyi daha bir neçə dəqiqə boğuq bir səslə döyünməkdə davam etdi. Bu heç də kefimə soğan doğramadı: bu səs divarın o biri tərəfindən eşidilə bilməzdi. Nəhayət, bu səs də kəsildi. Qoca ölmüşdü. Çarpayını çəkib cəsədi yoxladım. Bəli, o, daş kimi cansız, buz kimi soyuq idi. Əlimi ürəyinin üstünə qoyub bir neçə dəqiqə orda saxladım. Ürəyi döyünmürdü. Ölmüşdü. Gözləri daha məni narahat edə bilməyəcəkdi.

Hələ də dəli olduğumu düşünürsünüz? Elə isə cəsədi gizlədərkən gördüyüm tədbirləri biləndə belə düşünməyəcəksiniz. Gecə keçirdi, cəld, amma səssizcə işləyirdim. İlk olaraq cəsədi hissələrə ayırdım. Başını, qollarını və qıçlarını kəsdim. Sonra döşəmədən üç taxta çıxardım, kəsdiyim hissələri döşəmədəki boşluğa yerləşdirdim və taxtaları yerinə o qədər diqqətlə, ehtiyatla qoydum ki, heç bir göz nəsə dəyişiklik olduğunu sezə bilməzdi. Təmizlənəcək heç bir şey – nə bir ləkə, nə bir qan izi qalmadı, işimi ehtiyatlı tutmuşdum. Səhərə qədər cinayətin izi yox olmuşdu: ha-ha-ha!

Bütün işimi görüb qurtaranda saat dörd idi – hələ də gecəyarısındakı kimi qaranlıq idi. Saatın zəngi çaldıqda çöl qapının döyüldüyünü eşitdim. Sakit halda qapını açmağa getdim – nədən qorxmalıydım ki?! Özlərini nəzakətli şəkildə polis məmuru kimi təqdim edən üç kişi içəri daxil oldu. Gecə qonşulardan biri qışqırtı eşidibmiş: kiminsə öldürülməsindən şübhələnib polisə müraciət edib, polislər də evdə axtarış aparmaq üçün göndəriliblər.

Gülümsədim, nədən qorxmalıydım ki?! Cənabları içəri dəvət etdim. Bildirdim ki, yuxuda qışqıran mən olmuşam. Qocanın isə evdə olmadığını, kəndə getdiyini dedim. Polislərə bütün evi göstərdim. Evi yaxşı-yaxşı axtarmalarını tapşırdım. Sonda onları qocanın otağına apardım. Onun sərvətinin yerində olduğunu göstərdim. Özümdən o qədər əmin idim ki, otağa stul gətirib buradaca yorğunluqlarını çıxarmaqlarını təklif etdim, öz stulumu isə qurbanımın nəşinin olduğu yerin düz üzərinə qoydum.

Məmurlar razı qalmışdılar. Davranışlarım onlara inandırıcı gəlmişdi. Mənsə özümü çox rahat hiss edirdim. Oturdular, suallarına həvəslə cavab verirdim, onlar da ordan-burdan çənə vururdular. Amma bir qədər sonra halsızlaşdığımı hiss etməyə başladım, elə indicə çıxıb getmələrini istərdim. Başım ağrımağa, qulaqlarım cingildəməyə başladı, amma onlar hələ də oturub söhbət edirdilər. Cingiltilər getdikcə daha aydın eşidilməyə başlayırdı: bu hisdən canımı qurtarmaq üçün daha ucadan danışmağa başladım: amma cingiltilər artır, getdikcə daha da aydınlaşırdı – o vaxta qədər ki, bu səsin qulağımdan gəlmədiyini anladım.

Şübhəsiz ki, bənizim indi daha da solğunlaşmışdı, amma uca səslə, bəlağətlə danışmaqda davam edirdim. Səs isə yüksəlirdi – nə edə bilərdim? Bu, saatı pambığa bürüdükdə çıxardığı çıqqıltılar kimi zəif, boğuq və sürətli səs idi.

Təəccübdən nitqim tutulmuşdu, polislər hələ də heç bir səs eşitmirdilər. Daha da sürətli danışmağa başladım, amma bu səs mənə acıq verirmiş kimi daha da yüksəlirdi. Axı onlar niyə getmirdilər? Məmurların mülahizələri məni qəzəbləndirdiyindən iri addımlarla ora-bura gəzişirdim – səs isə elə hey yüksəlirdi.

Aman Allah, mən nə edə bilərdim axı? Hirsimdən başımdan tüstü çıxırdı: ağzıma gələni dedim, söydüm! Oturduğum stulu döşəməyə döyəclədim, amma bayaqkı səs ətrafdakı bütün səsləri batırırdı və elə hey yüksəlirdi. Polislərin hələ də kefləri kök idi, söhbət edirdilər. Ola bilməz ki, bu səsi eşitməsinlər?! Ulu Tanrım! Yox, yox! Eşidiblər! Şübhələniblər! Həş şeyi bilirlər! Mənim qorxumu ələ salırlar! – belə düşündüm, hələ də belə düşünürəm. Heç bir şey çəkdiyim bu əzabdan daha dəhşətli ola bilməzdi! Heç bir şey bu cür ələsalmadan daha dözülməz ola bilməzdi! Daha bu riyakar gülüşlərə dözə bilməzdim! Ya qışqırmalı, ya da ölməliydim!

“Bax yenə, yenə! Qulaq asın! Eşidirsiniz? Səs yüksəlir! Alçaqlar! – deyə qışqırdım. – Bəsdirin, özünüzü tülkülüyə vurdunuz! Hə, etiraf edirəm: qocanı öldürmüşəm! Döşəmənin taxtalarını qaldırın! Burda, burda! Bu səs onun iyrənc ürəyinin səsidir!”




MORQ KÜÇƏSİNDƏ QƏTL


İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə görə qiymət veririk. Məlumdur ki, qeyri-adi istedadlı bir adam üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəti ilə qürrələnib əzələlərini işlətməyə vadar edən məşqlərdən ləzzət aldığı kimi, analitik də mənəvi fəaliyyətində dolaşıqları açması ilə öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhəmiyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar, müəmmalar və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəyyən bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi üçün az qala qeyri-təbii görünür. Məhz müəyyən metod sayəsində bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin möcüzəsi təsirini bağışlayır.

Mühakimə etmə qabiliyyəti riyazi savadın, xüsusilə də onun ali bölməsi sayəsində xeyli möhkəmlənir. Bu bölmə yanlış olaraq əməliyyatın əks-təsiri üzündən yüksək analiz adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz etmək deyil; məsələn, şahmatçı analizə cəhd göstərməyərək hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehin üçün son dərəcə xeyirli olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində dayanır. Mən heç də elmi əsər yazmıram, sadəcə, təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi görünən hekayətimə müqəddimə verirəm. Buna görə də fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha dərindən düşünməyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı məsləhətlər verir. Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri var. Bu mürəkkəblik (bildiyimiz kimi, tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir. Burada bütün diqqət oyuna yönəldilir. Diqqətin bir anlığa zəifləməsi səhvə gətirib çıxarır və ya məğlubiyyətlə nəticələnir. Şahmatda mümkün olan müxtəlif gedişlər eyni dərəcədə qiymətlidir. Buna görə də səhvlər getdikcə artır və on oyundan doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur. Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu təsəvvürümüzə gətirək. Burada damaların sayı dörddür və heç bir diqqətsizliyə yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular bərabər səviyyəli olduğundan) beynini var qüvvəsi ilə işə salan oyunçu incə bir gedişlə əldə edə bilər. Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt ilk baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv hesablamaya sövq edir.

Vist kart oyunudur, insanın hesablama qabiliyyətinə onun təsiri çoxdan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri vistə izaholunmaz dərəcədə meyil göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoymayıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün bu qədər qabiliyyət tələb etmir.

Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır, halbuki vistdə məharətli oyun insan fəaliyyətinin daha vacib sahələrində qələbə çalmaq bacarığı ilə birsləşir, burada zəka ilə ağıl yarışır. “Məharətli oyun” dedikdə kamilliyin ali dərəcəsini nəzərdə tuturam; bu vaxt oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda rəngarəngdir, insan fikirlərinin elə dərinliklərində özünə məskən salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur.

Analitik bacarıq adi bacarıqla qarışdırılmamalıdır; çünki analiz edən hökmən məharətli olduğu halda, məharətli adamın çox vaxt analiz etmə bacarığı olmur. Məharət, adətən, özünü yaradıcılıqda və hadisələr arasında əlaqə yaratmaqda büruzə verir, çox vaxt o elə adamlarda müşahidə edilir ki, onların əqli səviyyəsi yerdə qalan bütün hallarda, məişət və adətlərdən yazan yazıçıların qeyd etdiyi kimi, kəmağıllılıq səviyyəsində olur. Həqiqətən də, bacarıqlı adamların çox xəyalpərəst, zəngin təxəyyüllü adamların isə analizə daha meyilli olduğunu görmək mümkümdür.

Aşağıdakı hekayət yuxarıda söylənilən mülahizələri bir növ əyani olaraq əks edəcəkdir. 18..-ci ilin yazını və yayının da bir hissəsini Parisdə yaşadığım zaman Ogüst Düpen adlı bir cənabla tanış oldum. O, əsilli-nəcabətli, tanınmış bir nəsildən idi. Gənc ikən taleyin dönüklüyü üzündən elə ağır vəziyyətə düşmüşdü ki, təbiətinə xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail olmamış, əldən çıxmış var-dövləti qaytarmağı xəyalına belə gətirməmiş, yüksək cəmiyyətdə nüfuzunu bərpa etməyə səy göstərməmişdi. Kreditorların ona olan rəğbəti sayəsində atadanqalma mirasın bir hissəsi Düpen üçün saxlanmış, ondan gələn gəliri ilə dolanmış, ciddi qənaətcillik göstərmiş, ən zəruri olan şeylərlə kifayətlənmiş, həyatın nəşələrinə yad olmuşdu. Yeganə israfçılıq etdiyi şey kitablardı, onları da Parisdə asanlıqla əldə etmək olardı.

İlk görüşümüz Monmartr küçəsində aztanınan bir kitabxanada oldu. Təsadüfən yaxından tanış olduq. İkimiz də çox nadir və maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə görüşdük. Onun ailə tarixi ilə dərindən maraqlandım. O hər bir fransıza xas səmimiyyətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş mütaliəsi məni heyran etmişdi. Ən başlıcası isə həyat hadisələri haqqında aydın təsəvvürü qarşısıalınmaz bir çılğınlıqla qəlbimi riqqətə gətirirdi. O zaman Parisdə yaşayırdım, müəyyən bir məqsədim vardı. Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim üçün əvəzsiz xəzinə tapmaq kimidir. Səmimiyyətlə bu barədə ürəyimdən keçənləri ona danışdım. Nəhayət, şəhərdə qaldığım müddətdə bir yerdə yaşamağı qərara aldıq.

Mənim maddi vəziyyətim Düpenə nisbətən bir qədər yaxşı olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kirayə etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım. Qəribə mülk idi. Sen-Jermen yaxınlığında sakit bir yerdəydi. İllər keçdikcə ev çökmüş, mövhumatçı sahibləri tərəfindən ona əl gəzdirilməmişdi, artıq dağılmağa doğru gedirdi. Bu mülkdə keçirdiyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də, bizi dəli hesab edərdilər. Tamamilə tənha yaşayırdıq, heç kəsi görmək belə istəmirdik. Yaşadığımız yeri keçmiş dostlarımdan gizli saxlayırdım. Düpen isə Parislə əlaqəsini kəsmişdi, onu yada salan da yox idi.

Dostumdakı qəribəliklərdən biri (bunu başqa cür necə adlandırım?) gecə füsunkarlığına vurğunluq idi, başqa sözlə, o, gecə dəlisi idi. Digər cəhətləri ilə yanaşı, buna da alışaraq özümü unutdum və tamamilə dostumun qəribəliklərinə öyrəşdim. Təbii ki, gecə daimi olmadığından süni gecə yaradırdıq: səhər dan yeri ağaranda qədim evin ağır pəncərə qapaqlarını bağlayar, bir-iki şam yandırardıq. Şamlar yandıqca ətirli iy verər və ətrafa tutqun zəif işıq saçardı. Şamların işığında şirin xəyallara dalar, divar saatı həqiqi qaranlığın düşdüyünü xəbər verənəcən oxuyar, yazar və söhbət edərdik. Söhbətləri davam etdirər və yaxud izdihamlı şəhərin yanıb-sönən işıqları və qaranlığı içində veyillənərdik. Gecənin sakitcə seyrinə dalmaq bizə tükənməz mövzu verərdi. Belə anlarda Düpenin əqlinə, qabiliyyətinə bələd olsam da, onun zəkasına qeyri-ixtiyari olaraq heyran qalırdım.

Düpen mənə bir neçə dəfə özünü tərifləyərək xatırlatmışdı ki, adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim də ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün son dərəcə heyrətamiz dəlillər gətirmişdi. Belə hallarda onun davranışında bir soyuqluq və yadlıq görərdim; gözləri harasa uzaqlara baxar, adətən, məlahətli səsi zilə qalxar, sakit və təmkinliliyinə baxmayaraq, danışığı əsəbi olardı. Bu cür əhvali-ruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım. Dediklərimdən heç də güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fantastik əsərin qəhrəmanı etmək niyyətindəyəm. Xeyr, mən onun xasiyyətini, sadəcə, təsvir edirəm. Onda bu xasiyyət coşqun zəkanın, bəlkə də, xəstə zəkanın nəticəsində əmələ gəlmişdi. Onun iradlarına gəldikdə isə adi bir nümunə fikrimizə ən yaxşı sübut ola bilər.

Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə gəzirdik. Hər ikimiz fikrə dalmışdıq, on beş dəqiqə ərzində heç birimiz bir kəlmə söz demədik.

Düpen birdən dilləndi:

– O, çox cılız bir gəncdir. Yaxşısı budur, bəxtini sirkdə sınasın.

– Buna şübhə ola bilməz, – qeyri-ixtiyari olaraq cavab verdim.

Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim sözlərimin necə uyğun gəldiyini dərk etmədim. Bircə an sonra özümə gəldim, heyrətimin həddi-hüdudu yox idi.

– Düpen, – ciddi tərzdə dedim, – bunu dərk etməkdə acizəm. Düzünü deyim ki, heyrət içindəyəm, heç cür eşitdiklərimə inana bilmirəm. Axı onun barəsində düşündüyümü necə duydunuz? – Bu yerdə dayandım ki, görüm o, həqiqətən, kimin haqqında fikirləşdiyimi bilir, ya yox?

– Şantilyi haqqında, – Düpen dilləndi. – Nə üçün dayandınız? Öz-özünüzə deyirdiniz ki, onun balaca boyu tragik aktyor üçün yaramır.

Bəli, mənim fikirlərim məhz bu idi. Şantilyi əvvəllər Sen-Deni küçəsində pinəçilik etmiş, sonralar səhnə ilə maraqlanmış, Krebiyonun eyniadlı faciəsində Kserks[7 - Fars hökmdarı Kserks (Əhəmənilər sülaləsindən, e.ə. 521-465) haqqında yazılmış dram nəzərdə tutulur.] rolunda çıxış etmişdi. Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.

– Allah xatirinə, – deyə israr etdim, – metodunuzu mənə başa salın; yəqin, sizin elə bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən keçənləri oxuya bildiniz. – Düzünü deyim ki, heyrətimi müəyyən dərəcədə büruzə verməməyə çalışdım.

– Bunu sizin ağlınıza göyərtisatan saldı ki, pinəçi heç Kserks və onun kimilərinin ayağının tozu da ola bilməz, – deyə dostum cavab verdi.

– Göyərtisatan? Siz nə danışırsınız? Mən heç bir göyərtisatan-zad tanımıram.

– On beş dəqiqə bundan əvvəl bu küçəyə dönəndə sizinlə toqquşan o göyərtisatanı deyirəm.

Birdən, həqiqətən də, başında böyük bir səbət aparan göyərtisatanın təsadüfən bu küçənin döngəsində məni az qala yerə yıxacağı yadıma düşdü, amma bunun Şantilyi ilə nə əlaqəsi olduğunu heç cür anlamadım. Ancaq Düpendə zərrə qədər də falçılıq nişanələri yox idi.

– Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə danışdığım andan haqqında danışdığımız o qəribə göyərtisatanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla cərəyan edir: Şantilyi, Orion, həkim Nikols, Epikür, stereotomiya[8 - Stereotomiya (yunan. stereos – bərk + tome – kəsilmə, parçalanma) – cisimlərin səthlərinin kəsiyi], səki daşları və göyərtisatan.

Həyatda çox az adam tapılar ki, heç olmasa, bir dəfə əyləncə naminə başına gələnləri fikrində götür-qoy etməsin, məlum nəticə çıxarmasın. Bu, çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu gördükdə heyrətlənəcək.

Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:

– O biri küçəyə burulmazdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax bu küçəni keçərkən başında iri bir səbət olan göyərtisatan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə ilişib büdrədiniz. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu davam etdiniz.

Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ tələbata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz. Burada isə eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Dodaqaltı “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi[9 - Epikür nəzəriyyəsi – qədim yunan filosofu, materialist Epikürə (e.ə. təxm. 341-270) görə, atomlar öz-özünə ilkin düzxətli hərəkət halından kənara çıxa bilmək və beləliklə də əyrixətli hərəkətdə olmaq qabiliyyətinə malikdir. Atomların toqquşması və parçalanması nəticəsində sonsuz sayda dünyalar yaranır. Atomlar öz forma, ölçü və kütlələrinə (atomları kütlələrinə görə fərqləndirməyi elmə Epikür daxil etmişdir) görə fərqlənir.] barəsindəki mülahizələrə gətirib çıxaracaq. Bu bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində[10 - Kosmoqoniya (yunan. – kosmosun, kainatın yaranması, doğulması) – Günəş sisteminin, kainatin mənşəyi və təkamülü problemlərini öyrənən elm] əldə olunan nəticələr ilə təsdiq edilməsindən və Epikürə lazımi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya – Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm.

Dünən qəzetdə Şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: “Pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin”. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata biz də söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: “Perdidit antiquum litera prima sonum” – yəni birinci hərfin dəyişməsi ilə sözün qədim tələffüzünün dəyişməsi. Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur; bu söz keçmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi Şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum ki, siz Şantilyinin balaca boyu haqqında düşünürsünüz. Elə bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu Şantilyi çox balaca olduğundan sirkdə oynasa, daha yaxşı olardı.

Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”[11 - “Gazette des Tribunaux” (“Cinayət xəbərləri” qəzeti) – XIX əsrdən indiyədək Fransada nəşr olunan, ölkədə baş verən cinayət hadisələri və məhkəmə prosesini əks etdirən qəzet]-un axşam nömrəsini nəzərdən keçirərkən aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen-Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam Epanye və onun qızı Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. İçəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlandığından onu da sındırmalı oldular) gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür, tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə topaz qaşlı bir cüt sırğa, üç böyük gümüş qaşıq, üç balaca qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki komodun siyirmələri açılmışdı. Görünür, kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğan-döşəyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam Epanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə – yuxarıya pərçim edilmişdi, hələ soyumamışdı. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri siyrilib. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş dırnaq izləri qalmışdı. Mərhuməni boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”.

Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir. Əldə olan ifadələr aşağıda təqdim edilir:

“Paltaryuyan Polina Dübur ifadə verir ki, o, mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış vasitələri barəsində dəqiq heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar. O, xanımın çoxlu pulu olduğunu düşünür. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, heç yerdə avadanlıq olmayıb.

Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım Epanyeyə az miqdarda tütün və burunotu satıb. Xanım və qızı bu evdə altı ildən çox olardı ki, yaşayırdılar. Orada əvvəlcə bir zərgər yaşayırmış və üst otaqları müxtəlif adamlara kirayəyə verirmiş. Ev xanım Epanyenin şəxsi mülkiyyəti idi, kirayəçilər evə pis baxdıqlarından onları evdən çıxarıb yuxarı mərtəbəyə özü keçmiş, kirayənişin saxlamaqdan imtina etmişdi. Yaşlı xanım uşaq kimi idi. Şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə, onların xeyli pulu varmış. Qonşular arasında xanım Epanyenin fala baxdığını deyənlər olsa da, şahid onlara inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım Epanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi.

Jandarm İsidor Müze bildirir ki, hadisə yerinə səhər saat üç radələrində gəlmişdi. O gələndə darvazanın yanında iyirmi-otuz adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. Şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız dilində deyilmiş “şeytan” və “iblis” sözləri idi.

Ciyiltili səs əcnəbi adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O, başqa nə deyildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir. Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.

Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecəyarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri doluşmasın. Şahidin zənnincə, ciyiltili səs italyan dilinə, xırıltılı səs isə fransız dilinə oxşayırmış. Ciyiltili səsin kişi səsi olduğuna əmin deyildi. Qadın səsi də ola bilərdi. Onun italyan dilindən anlayışı yoxdur, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. Şahid madam Epanye və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin mərhumların heç birinə aid olmadığına əmindir.

Restoran sahibi Oden Heymer şahid kimi özü könüllü surətdə ifadə verməyə gəlmişdi, fransızca danışa bilmədiyindən tərcüməçi vasitəsilə dindirilirdi. O, Hollandiya vətəndaşıdır. Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə davam edib. Çox dəhşətli və ürəkparçalayan imiş. Şahid evə daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi və fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib. Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox, xırıltıya oxşayırmış. Xırıltılı səsli adam elə hey “iblis” və “lənət” və bir dəfə isə “İlahi” sözlərini deyib.

Dileron küçəsindəki “Mino və oğulları” bankının sahibi, Mino ailəsinin böyüyü Jül Mino ifadə verir ki, xanım Epanyenin bir qədər pulu vardı. Onun kontorunda səkkiz il əvvəl yaz ayında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyardılar. Çek yazmazdı, ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar qızılla ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü.

“Mino və oğulları” bankının qulluqçusu Adolf Le Bon şahidlik edir ki, təyin olunmuş vaxtda, təxminən günorta zamanı, xanım Epanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır. Qapını madmazel Epanye açmış, əlindəki kisələrdən birini götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdir.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/edgar-po/hekay-l-r-68289346/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


“Ernani” – Viktor Hüqonun (1802-1885) dram əsəri; əsərdə kral V Karlın dəbdəbəli sarayı və yüksək zövqü ətraflı şəkildə təsvir olunduğundan müəllif onu misal çəkir.




2


XIX əsrdə vəba epidemiyası 1816-cı ildə Hindistanda başlamışdı. Oradan Böyük Britaniyaya, daha sonra Avropanın digər ölkələrinə və nəhayət, Amerikaya yayılmışdı. Təkcə Amerikada yüz mindən artıq adam bu xəstəlikdən vəfat etmişdi.




3


Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi




4


Yard – 81 sm-ə bərabər ingilis uzunluq ölçüsü




5


Sfinks – zoologiyada kəpənəkkimilər fəsiləsi




6


Ölü Kəllə Kəpənəyi (Sphinx atropos) – sinəsində aydın şəkildə insan kəlləsinin təsviri olduğuna görə bir çox xalqların inanclarında bu kəpənəyin gəlişi ölüm, qırğın, epidemiya, qıtlıq kimi yozulur. Hətta bildirilir ki, onun qanadının tozcuqları gözə düşərsə, adam kor ola bilər.




7


Fars hökmdarı Kserks (Əhəmənilər sülaləsindən, e.ə. 521-465) haqqında yazılmış dram nəzərdə tutulur.




8


Stereotomiya (yunan. stereos – bərk + tome – kəsilmə, parçalanma) – cisimlərin səthlərinin kəsiyi




9


Epikür nəzəriyyəsi – qədim yunan filosofu, materialist Epikürə (e.ə. təxm. 341-270) görə, atomlar öz-özünə ilkin düzxətli hərəkət halından kənara çıxa bilmək və beləliklə də əyrixətli hərəkətdə olmaq qabiliyyətinə malikdir. Atomların toqquşması və parçalanması nəticəsində sonsuz sayda dünyalar yaranır. Atomlar öz forma, ölçü və kütlələrinə (atomları kütlələrinə görə fərqləndirməyi elmə Epikür daxil etmişdir) görə fərqlənir.




10


Kosmoqoniya (yunan. – kosmosun, kainatın yaranması, doğulması) – Günəş sisteminin, kainatin mənşəyi və təkamülü problemlərini öyrənən elm




11


“Gazette des Tribunaux” (“Cinayət xəbərləri” qəzeti) – XIX əsrdən indiyədək Fransada nəşr olunan, ölkədə baş verən cinayət hadisələri və məhkəmə prosesini əks etdirən qəzet


Hekayələr Эдгар Аллан По

Эдгар Аллан По

Тип: электронная книга

Жанр: Ужасы

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Эдгар Аллан По на азербайджанском языке, в жанре ужасы

  • Добавить отзыв