Hekayələr

Hekayələr
Ernest Miller Heminquey
Hekayə ustaları
Ernest Heminqueyin sizə təqdim olunan hekayələrində artıq sözə rast gəlinmir, oxucunun diqqətinə əhəmiyyətsiz xırdalıqlar yox, gerçək hadisələr təqdim olunur.

Ernest Heminquey
Seçmə hekayələr

PƏRVANƏ VƏ TANK
Həmin axşam mən yağışın altında senzura idarəsindən evə, “Florida” otelinə qayıdırdım. Yağış lap zəhləmi tökmüşdü və mən boğazımı yaşlamaq üçün yarıyolda “Çikote” barına girdim.
Artıq ikinci qış idi ki, Madridi fasiləsiz atəşə tuturdular. Hər şey – tənbəki də, əsəblər də tükənmək üzrə idi, adam daim aclıq hiss edirdi və birdən özündən asılı olmayan şeylərə, məsələn, havanın pis olmasına mənasız yerə əsəbiləşirdi. Əlbəttə, yaxşısı bu olardı ki, düz evə gedim. Ancaq otelə hardasa beş məhəllə qalmış gözüm barın qapısına sataşmışdı və mən əvvəlcə bir stəkan nəsə içib sonra yoluma davam etməyi, mərmilərin altını üstünə çevirdiyi palçıqlı Qran-Via küçəsi ilə qalan beş-altı məhəlləni də qət etməyi qərara almışdım.
Bar adamla dolu idi. Nə piştaxtaya yaxın durmaq olurdu, nə də boş masa gözə dəyirdi. Tüstü-duman, ahəngsiz mahnı sədaları, hərbi geyimli kişilər, yaş dəri gödəkçələrin iyi… Bir stəkan içki üçünsə əlini barmeni üçqat mühasirəyə almış adamların başı üzərindən uzatmaq lazım gəlirdi.
Tanış ofisiant hardansa mənə bir stul tapdı və mən qayışbaldır, solğunbənizli, yekəxirtdək bir almanın yanında masa arxasında əyləşdim. Onun senzurada xidmət etdiyini bilirdim. Yanında tanımadığım daha iki nəfər oturmuşdu. Masa, demək olar ki, otağın ortasında, girişdən sağda idi.
Mahnı səsindən adam özünün dediyini də eşitmirdi, amma mən kinə qatılmış cin sifarış etməyə nail oldum. Bu, soyuqdəyməyə qarşı lazım idi. Axı yağışa düşmüşdüm. Barda adam əlindən tərpənmək olmurdu, hamı şən əhvali-ruhiyyədə idi. Hələ özünü tam tutmamış naməlum bir katalon içkisinin dadına baxan hər kəsin kefi kök, hətta deyərdim ki, həddindən artıq kök idi. Tanımadığım adamlar bir-iki dəfə kürəyimi döyəclədilər. Bizim masanın arxasında oturan qız mənə nəsə deyəndə isə heç nə eşitməsəm də, cavab verdim:
– Əlbəttə.
Ora-bura boylanmaqdan yorulub mənimlə eyni masa ətrafında oturanların üzünə baxdım və anladım ki, qız çirkindir, dəhşətli dərəcədə çirkindir. Ofisiant geri qayıdanda isə məlum oldu ki, bayaq qız mənə onlarla birlikdə içməyi təklif edirmiş. Onu müşayiət edən oğlan çox da qətiyyətli deyildi, ancaq qızın qətiyyəti ikisinə də bəs edirdi. Kobud, kəskin sifət cizgiləri var idi, bədən quruluşuna görə isə şir təlimçisini xatırladırdı. Yanındakı oğlansa həç məktəbli pencəyini və qalstukunu çıxartmasa yaxşı idi, amma çıxarmışdı. Başqaları kimi dəri gödəkçə geymişdi. Sadəcə, oğlanın ködəkçəsi quru idi, belə anlamaq olardı ki, onlar hələ yağış başlamamışdan burada oturublar. Qızın da əynində dəri gödəkçə var idi, özü də sifət tipinə yaraşırdı.
Mən artıq birbaşa evə getməyib “Çikote”yə baş çəkməyimə peşman olmuşdum. Bu saat əynimi dəyişib quru paltar geyinmişdim, uzanmışdım, ayaqlarımı qaldırıb çarpayının başına qoymuşdum və kef edirdim. Həm də qarşımdakı cütlüyə baxmaq məni bezdirmişdi. Həyatda yaşamağa vaxtımız az, eybəcər qadınlarsa yer üzündə həddindən artıq çoxdur və indi, bu masa arxasında oturan zaman belə fikrə gəldim ki, yazıçı olmağıma, bu üzdən də hər şeyi bilmək həvəsimə baxmayaraq onların evli olub-olmadıqları, bir-birindən niyə xoşları gəldiyi, siyasi baxışları, kimin o birinin əvəzinə pul ödədiyi, digər problemləri məni qətiyyən maraqlandırmır. Belə qənaətə gəldim ki, onlar, yəqin, radioda işləyirlər. Adətən, Madriddə qəribə adamlara rast gələndə sonradan məlum olurdu ki, radioda işləyirlər. Nəsə bir söz deməyin xatirinə, hay-küyün içində eşidilmək üçün qışqıra-qışqıra soruşdum:
– Siz radiodansınız?
– Bəli, – qız cavab verdi.
Elədir ki var, radiodandırlar.
– Necəsiniz, yoldaş? – deyə bu dəfə yanımdakı almana müraciət etdim.
– Əla. Bəs siz?
– Gördüyünüz kimi, suyun içindəyəm, – dedim.
O, başını yana əyərək gülümsədi və soruşdu:
– Çəkməyə bir şey varmı?
Mən sonuncu qutularımdan birini almana uzatdım. O, qutudan iki siqaret çıxartdı. Qətiyyətli qız da ikisini, məktəblini xatırladan cavan oğlansa birini götürdü.
– Yenə götürün, – mən qışqırdım.
– Yox, sağ olun, – oğlan cavab verdi, onun əvəzinə siqareti alman götürdü.
– Etiraz etmirsiniz ki? – o gülümsədi.
– Əlbəttə yox, – dedim, hərçənd böyük məmnuniyyətlə etiraz edərdim. Bunu o özü də bilirdi, amma ürəyi elə siqaret çəkmək istəyirdi ki, başqa əlacı yox idi.
Birdən mahnı kəsildi, aralığa tufanqabağı sakitliyi xatırladan sükut çökdü və qışqırmadan söhbət etmək imkanı yarandı.
– Siz çoxdan buradasınız? – qətiyyətli qız soruşdu.
– Çoxdan, amma fasilələrlə, – mən cavab verdim.
– Biz sizinlə söhbət etməliyik, – alman dedi. – Ciddi söhbət. Nə vaxt görüşə bilərik?
– Mən sizə zəng edərəm, – dedim.
Bu alman çox qəribə alman idi və yaxşı almanlardan heç biri onu sevmirdi. Özünü inandırmışdı ki, gözəl royal çalır. Amma onu royala yaxın buraxmasan, üstəlik, əyyaşlıq edib qeybət qırmasa, babat alman olardı. Lakin bunların heç birini ona tərgidə bilmirdilər.
O, son dərəcə gözəl qeybətçi idi və Madrid, Valensiya, Barselona, eləcə də ölkənin digər siyasi mərkəzlərində yaşayan istənilən adam haqqında onu gözdən salacaq nəsə bilirdi.
Lakin qəflətən təzə mahnı oxumağa başladılar, qışqıra-qışqıra qeybət qırmaq isə elə də rahat deyildi. Vəziyyət vaxtımın olduqca darıxdırıcı keçəcəyindən xəbər verdiyindən hamını içkiyə qonaq edib barı tərk etmək qərarına gəldim.
Hər şey də elə bu vaxt başladı. Qəhvəyi kostyumlu, ağ köynəkli, qara qalstuklu, saçları iri alnından dala daranmış və təlxəklik eləyə-eləyə masadan-masaya keçən bir kişi pulverizatordan ofisiantın üstünə maye sıçratdı. Ofisiant özündən çıxdı.
– No hay derecho. – Bu, ispaniyalının dilindən çıxan ən sadə və ən ciddi etiraz: “İxtiyarınız yoxdur” demək idi.
Hərəkəti özünə xoş gələn və sanki nə etdiyini anlamayan pulverizatorlu adam az qala iki ildir müharibə getdiyini, hamımızın mühasirəyə düşmüş şəhərdə olduğumuzu, əsəblərin gərildiyini və barda özündən başqa cəmi üç mülki geyimli adamın oturduğunu nəzərə almadan ikinci ofisiantın da üstünə maye sıçratdı.
Mən gizlənməyə yer tapmaq məqsədilə ətrafa göz gəzdirdim. İkinci ofisiant heç də birincidən az hiddətlənmədi, “atıcı” isə şitənərək onun üstünə daha iki dəfə maye sıçratdı. Qətiyyətli qız da daxil olmaqla bəziləri bunu zarafat kimi qəbul edirdilər. Lakin ofisiant dayanıb başını buladı. Onun dodaqları əsirdi. Bu, yaşlı adam idi və mən bilən, “Çikote”də artıq on il idi ki, işləyirdi.
– No hay derecho, – o, ləyaqətlə dedi. Camaat arasında yenə gülüş səsləri eşidildi. Zarafatcıl kişi isə mahnı oxuyanların səslərini kəsdiklərinə fikir vermədən öz pulverizatorundan daha bir ofisiantın boynunun ardını islatdı. Üçüncü ofisiant əlindəki məcməyinin köməyi ilə müvazinətini saxlayıb geri döndü.
– No hay derecho, – dedi.
Artıq bu, etiraz deyildi. Bu, ittiham idi və hərbi geyimdə olan üç nəfərin ayağa qalxdıqlarını, zəhlətökən kişini qamarladıqlarını, onunla birlikdə fırlanan qapıdan çıxdıqlarını gördüm. Küçədən üç hərbçidən birinin kişinin sifətinə vurduğu zərbənin səsi eşidildi. Kimsə yerə düşmüş pulverizatoru götürüb qapıdan bayıra atdı.
Üçü də bara ciddi, təkəbbürlü, hansısa vacib bir vəzifəni yerinə yetiriblərmiş kimi qayıtdı. Sonra qapının ağzında yenidən o kişi göründü. Saçları gözünün üstünə tökülmüşdü, üzü qanın içində idi, qalstuku yana əyilmiş, köynəyi cırılmışdı. Əlində həmin pulverizator var idi. Kişi vəhşicəsinə ora-bura baxa-baxa içəri girən kimi əlini irəli uzadıb hara gəldi, hamının üstünə maye sıçratmağa başladı.
Mən həmən üç nəfərdən birinin ayağa qalxıb onun qabağına keçdiyini gördüm. O adamın üzünü də gördüm. Sonra daha bir neçə nəfər də qalxdı və «atıcı»nı masaların arası ilə sol küncə sıxışdırmağa başladılar. «Atıcı» dəli kimi müqavimət göstərirdi. Atəş açılanda mən qətiyyətli qızın əlindən tutub onunla birlikdə mətbəx qapısına doğru atıldım.
Amma qapı bağlı idi, çiynimlə onu itələsəm də, açılmadı.
– Ora, piştaxtanın arxasına girin, – dedim. Qız əyildi.
– Uzanın, – dedim və onu döşəməyə itələdim. Qız qəzəbləndi. Masanın altında gizlənən almandan və uzaq küncdə az qala divara yapışmış məktəbliyə oxşayan yeniyetmədən başqa bütün kişilərin əlində tapança var idi. Sarı rəngə boyanmış saçlarının dibi qaralan üç qadın sol tərəfdə divarboyu skamyanın üstünə çıxmışdı. Qadınlar barmaqlarının ucunda dayanaraq adamların başları üstündən boyunlarını uzadır, irəlidə nəsə görmək istəyir və aramsız ciyildəyirdilər.
– Mən qorxmuram, – qətiyyətli qız dilə gəldi. – Buraxın. Axı bu, gülməlidir.
– Olmaya, istəyirsiniz sizi bu meyxanada atışmada güllələsinlər? – soruşdum. – Əgər aramızda ölən igidin dostları varsa, vurçatlasın başlayacaq.
Amma, görünür, barda onun dostları yox idi, çünki tapançalar tədricən qoburlara və ciblərə qoyuldu, ciyildəyən sarışınları skamyadan düşürdülər və sol küncə yığışanlar öz yerlərinə qayıtdılar. Pulverizatorlu adam isə arxası üstə sakitcə döşəmədə uzanmışdı.
– Polis gələnə qədər heç kim bayıra çıxmasın! – kimsə qapının ağzından qışqırdı.
Əli karabinli iki polis küçə patrulundan aralanıb girişdə dayanmışdı. Bu vaxt mən altı nəfərin meydana çıxmağa hazırlaşan futbolçular kimi bir-birinin ardınca düzülərək qapıdan sivişib çıxdıqlarını gördüm. Bunlardan üçü «atıcı»nı küçəyə dartanlar idi. Biri də onu güllələyən idi. Onlar polislərin yanından bu işə heç bir aidiyyəti olmayan kənar şəxslər kimi keçdilər. Bundan sonra polislərdən biri əlindəki karabinlə yolu kəsib elan etdi:
– Heç kim çıxmır. Hamı bir nəfər kimi yerində qalır.
– Bəs onları niyə buraxdınız? Niyə bizə olmaz, onlarasa olar?
– Onlar aviamexaniklərdir, aerodroma getməli idilər, – kimsə izah etdi.
– Əgər kimisə buraxıblarsa, qalanlarını saxlamaq axmaqlıqdır.
– Təhlükəsizlik xidmətinin əməkdaşlarını gözləmək lazımdır. Hər şey qanun və qaydalar çərçivəsində olmalıdır.
– Başa düşün, əgər, heç olmasa, bir adam buranı tərk edibsə, yerdə qalanları saxlamaq axmaqlıqdır.
– Heç kim çıxmır. Hamı yerində qalır.
– Kefdir, – qətiyyətli qıza dedim.
– Kef-zad deyil. Dəhşətdir.
Biz artıq döşəmədən qalxmışdıq və qız pulverizatorlu adamın uzandığı yerə tərəf baxırdı. O, əllərini geniş açıb uzanmışdı, ayağının biri qatlanmışdı.
– Gedim yazığa kömək edim. O, yaralıdır. Niyə kimsə kömək etmir, yarasını sarımır?
– Mən onu rahat buraxardım, – dedim. – Özünüzü bu işə qatmayın.
– Axı bu, qəddarlıqdır. Mən şəfqət bacıları üçün kurs keçmişəm və ona ilkin tibbi yardım göstərəcəyəm.
– Lazım deyil, – dedim. – Ümumiyyətlə, ona yaxın getməyin.
– Axı niyə? – Qız çox həyəcanlanmışdı, əsəbindən, demək olar, əsirdi.
– Çünki o ölüb, – mən dedim.
Polislər gələndən sonra bizi üç saat saxladılar. İşlərinə bütün tapançaları iyləməkdən başladılar. Bu yolla kimin atəş açdığını aydınlaşdırmağı düşünürdülər. Ancaq qırxıncı tapançaya çatanda, deyəsən, bezdilər. Onsuz da içəridə hər yandan nəm dəri gödəkçə iyi gəlirdi. Sonra onlar mərhum «qəhrəman»ın yanındakı masanın arxasında əyləşib sənədləri yoxlamağa başladılar. Yerdə uzanıqlı qalmış «qəhrəman» isə özünün boz mum oxşarını xatırladırdı – boz mum əllər, boz mum sifət.
Cırılmış köynəyinin altından «atıcı» heç nə geyməmişdi, ayaqqabısının altlığı isə yırtılmışdı. İndi, döşəmədə uzanmış vəziyyətdə o, balaca və yazıq görünürdü. Sənədləri yoxlayan mülki geyimli iki polisin oturduğu masaya yaxınlaşanlara onun üstündən adlamaq lazım gəlirdi. Qızın əri sənədlərini gah itirir, gah tapırdı. Haradasa buraxılış vərəqi olmalı idi, amma yoxa çıxmışdı və o, qan-tər içində ciblərini ələk-vələk edirdi. Nəhayət, buraxılış vərəqi tapıldı. Qızın əri vərəqi başqa cibinə qoyub yenidən axtarışa başladı. Üzünü tər basdı, saçları islanıb buruq-buruq oldu və o, qıpqırmızı qızardı. İndi belə təəssürat yaranırdı ki, onun təkcə məktəbli paltarı yox, aşağı sinif şagirdlərinin taxdığı günlüklü papağı da çatışmır. Deyirlər, həyəcan insanı qocaldır. Amma açılan atəş onu on il cavanlaşdırmışdı.
Oturub gözlədiyimiz vaxt qətiyyətli qıza söylədim ki, bütün bu baş verən hadisələrdən yaxşı bir hekayə çıxar və çox güman ki, mən nə vaxtsa onları qələmə alacağam; məsələn, altı nəfərin sıraya düzülüb qapıdan çıxmaları təsirli səhnə deyilmi? Qız hiddətləndi və dedi ki, bu barədə yazmaq olmaz, çünki İspaniya Respublikasının işinə zərər dəyə bilər. Mən etiraz edib cavab verdim ki, İspaniyaya çoxdan bələdəm və hələ köhnə vaxtlar, monarxiya dövründə Valensiyada, Allah bilir, nə qədər adam güllələyiblər. Respublika yaranmazdan yüz illər əvvəl Əndəlisdə bir-birini navax adlanan iri bıçaqlarla doğrayıblar. Əgər mən müharibə vaxtı “Çikote” barında mənasız bir hadisənin şahidi olmuşamsa, bu barədə yazmağa tam hüququm var. Belə bir hadisə Nyu-Yorkda, Çikaqoda, ya Marseldə baş versəydi, yenə yazardım. Bu məsələnin siyasətlə heç bir əlaqəsi yoxdur. Amma qız dediyinin üstündə dayanmışdı. Ola bilsin, çoxları məhz onun kimi düşünərdi, bu barədə yazmağı düzgün hesab etməzdi. Amma alman, məsələn, hesab edirdi ki, bu, maraqlı hadisədir və mən özümün sonuncu siqaretimi də ona verdim. Nəhayət, üç saatdan artıq vaxt keçəndən sonra polislər dedilər ki, biz gedə bilərik.
“Florida” otelində məndən nigaran qalmışdılar. Çünki o vaxtlar bombardmanlar zamanı siz evə piyada qayıdırdınızsa və barlar səkkizin yarısında bağlanandan sonra hələ də gəlib çıxmırdınızsa, sizə görə narahat olmağa başlayırdılar. Mən evə qayıtmağıma şad idim və elektrik sobasının üstündə şam yeməyi hazırladığımız müddət ərzində baş verən hadisəni danışdım, söhbət hamının çox xoşuna gəldi.
Gecə yağış kəsmişdi, səhər isə buralarda qışın əvvəli üçün adi olan quru, aydın və soyuq hava var idi. Birə on beş dəqiqə qalanda mən səhər yeməyindən qabaq cin içmək həvəsi ilə “Çikote” barının fırlanan qapısından içəri girdim. Həmin vaxt orada adam az olur və barmenlə iki ofisiant üçlükdə mənim masama yaxınlaşdılar. Hamısı gülürdü.
– Nə oldu, qatili tutdular? – mən soruşdum.
– Günə zarafatla başlamayın, – barmen dedi. – Onun necə atəş açdığını gördünüz?
– Hə, – mən cavab verdim.
– Mən də. Həmin vaxt mən bax orada dayanmışdım. – Barmen küncdəki masanı göstərdi. – O, tapançanı düz adamın sinəsinə dirəyib atəş açdı.
– Camaatı burada hələ çox saxladılar?
– Gecə ikiyə qədər.
– Fiambrenin dalınca isə, – barmen meyiti nəzərdə tuturdu: menyuda soyuq ət məhz belə adlandırılmışdı, – yalnız bu gün saat on birdə gəldilər. Siz, çox güman, hər şeyi bilmirsiniz.
– Əşi, hardan bilsin, – ofisiantlardan biri dedi.
– Hə, qəribə işdir, – ikinci ofisiant əlavə etdi. – Nadir hadisədir.
– Üstəlik də kədərli, – deyə barmen başını buladı.
– Hə, kədərli və qəribə, – ofisiant təsdiqlədi. – Çox kədərli.
– Nə məsələdir? Danışın.
– Çox nadir hadisədir, – barmen bir də söylədi.
– Danışın görüm. Söyləyin də!
Barmen yaxın adam kimi mənə tərəf əyildi və ağzını qulağıma yaxınlaşdırdı.
– Pulverizatorun içindəki, başa düşürsünüz, odekolon imiş. Zavallı!
– O qədər də axmaq zarafat deyilmiş, – ofisiant dedi.
– Əlbəttə, o bunu, sadəcə, gülmək üçün edirmiş. Ona acıqlanmaq lazım deyilmiş, barmen dedi. – Yazıq!
– Başa düşürəm, – mən dilləndim. – Deməli, o, sadəcə, hamını şənləndirmək istəyirmiş.
– Elə çıxır, – barmen dedi. – İşə bax, necə də kədərli bir anlaşılmazlıq.
– Bəs onun «silahı» necə oldu?
– Polis götürdü. Qohumlarına göndərdi.
– Təsəvvürümə gətirirəm, onlar necə razı qalıblar, – mən dedim.
– Hə, – barmen dedi. – Əlbəttə. Pulverizator lazımlı şeydir.
– Bəs o bədbəxt kim imiş?
– Mebel ustası.
– Evliymiş?
– Hə, arvadı səhər polislə birgə gəlmişdi.
– Bəs arvadı nə dedi?
– Özünü ərinin üstünə atdı. Elə hey “Pedro, onlar sənin başına nə oyun açıblar, Pedro? Bunu kim edib? Ah, Pedro!” deyirdi.
– Sonra polis onu aparası oldu, özündə deyildi, – ofisiant söylədi.
– Deyilənə görə, ölənin ciyərləri zəif imiş, – barmen dedi. – Üsyanın ilk günlərindən qiyamçılarla birgə döyüşürmüş. Deyirlər, Syerra dağlarında vuruşubmuş. Sonra vərəm imkan verməyib.
– Dünən də bara əhvali-ruhiyyəsini bir az qaldırmaq üçün gəlibmiş, – mən ehtimal etdim.
– Yox, – barmen dedi. – Bu, həqiqətən, çox nadir hadisədir. Bunu polislərdən öyrəndim, onlar bir işin ucundan tutanda axırına qədər gedirlər. Polislər bədbəxtlə eyni emalatxanada işləyən yoldaşlarını dindiriblər. Hansı emalatxanada işlədiyini isə cibindən tapdıqları həmkarlar kitabçasından biliblər. O bu pulverizator və odekolonu kiminsə toyunda zarafat etmək üçün alıb. Özü belə deyirmiş. Odekolonu üzbəüzdəki kiçik dükandan alıb. Dükanın ünvanı şüşənin üzərindəki kağızda yazılıb, şüşənin özünü isə ayaqyolundan tapıblar. Pulverizatora odekolonu orada doldururmuş. Bura isə, yəqin, yağış başlayanda girib.
– Onu içəri girəndə görmüşdüm, – ofisiantlardan biri dedi.
– Burda isə hamı mahnı oxuyurdu, görünür, onun da kefi kökəlib.
– Hə, kefi, doğrudan da, kök idi, – mən dedim. – Elə bil qanad açıb uçurdu.
Barmen amansız ispan məntiqi ilə söylədi:
– Ciyəri zəif olanlar içəndə kefin axırı belə qurtarır.
– Bu əhvalat heç xoşuma gəlmir, – mən dedim.
– Qulaq asın, – barmen dedi. – Qəribə deyilmi? Pərvanə oda çırpılan kimi, onun şənliyi də müharibənin ciddiliyinə çırpılıb…
– Düzdür, lap pərvanə kimi, – mən dedim. – Əsl pərvanədir.
– Zarafat etmirəm, – barmen dedi. – Başa düşürsünüz? Sanki pərvanə tanka çırpılıb.
Bənzətmə barmenin özünün də xoşuna gəldi. O, ispanların ürəyincə olan metafizikaya qapanmışdı.
– Qonaq edirəm, – barmen bəyan etdi. – Siz bu barədə hekayə yazmalısınız.
Mən əlində pulverizator olan adamı, onun boz mum sifətini, yana açılmış mum qollarını, dizdən qatlanmış ayağını yadıma saldım və o, həqiqətən, pərvanəyə oxşayırdı. Çox oxşamasa da, hər halda, insana daha az bənzəyirdi. Mən onu ölü sərçə ilə də müqayisə edərdim.
– Mənə kinə qatılmış cin verin.
– Siz bu barədə mütləq hekayə yazmalısınız, – barmen hey təkrar edirdi. – Sizin sağlığınıza!
– Sizin də, – mən dedim. – Amma dünən bir ingilis qadını təkid edirdi ki, bu barədə yazmayım. Bunun ümumi işə mane olacağını söyləyirdi.
– Cəfəngiyyatdır, – barmen dedi. – Əslində, çox maraqlı, həm də vacib məsələdir: səbəbi bilinməyən qeyri-adi bir şadlıq bu yerlərdə hamı üçün adi olan ciddiliklə üz-üzə gəlir. Mənə qalsa, bu, son vaxtlar baş verən ən maraqlı və nadir hadisələrdəndir. Mütləq yazmalısınız.
– Yaxşı, – mən dedim. – Yazaram. Bəs onun uşaqları var idi?
– Yox, – o dedi. – Polislərdən soruşdum. Amma siz mütləq yazın, adını da “Pərvanə və tank” qoyun.
– Yaxşı, – mən dedim. – Yazaram. Amma təklif etdiyiniz ad o qədər də xoşuma gəlmir.
– Qiyamət addır, – barmen dedi. – Olduqca ədəbidir.
– Yaxşı, – mən dedim. – Razıyam. Hekayənin adını belə də qoyarıq: “Pərvanə və tank”.
Beləliklə, mən aydın, şən bir qış səhəri yenicə süpürülüb, yuyulub havası dəyişdirilmiş barda oturmuşdum. Buradan təmizlik qoxusu gəlirdi, yanımda isə köhnə barmen dostum dayanmışdı. O bizim birlikdə ədəbiyyat yaratdığımızdan son dərəcə məmnun idi. Mən kinə qatılmış cindən bir qurtum içib qabağına kisələr yığılmış pəncərəyə baxırdım və bu yerdə güllələnmiş adamın arvadının öz ərinin cəsədi qarşısında diz çöküb: “Pedro, Pedro, kim səni bu günə salıb, Pedro?” – deməsini gözümün qabağına gətirirdim. Düşünürdüm ki, polis tətiyi çəkən adamın adını bilmiş olsa belə, həmin qadının sualına cavab verə bilməzdi.

    Tərcümə: Fərrux Şıxlinski

İFŞA
“Stork” barı Nyu-York üçün hansı əhəmiyyət daşıyırsa, “Çikote” də keçmiş vaxtlarda Madrid üçün eyni əhəmiyyətə malik idi. Fərq bircə “Çikote”də musiqi və rəqs edən gənc qızların olmaması idi. Manhettendəki “Uoldorf-Astoriya” mehmanxanasının kişilər üçün barına qadın buraxsa idilər, oranı da “Çikote” ilə müqayisə etmək olardı. Əlbəttə, qadınlar bir yol tapıb “Uoldorf-Astoriya”ya da girirdilər, amma ora kişilərin sığınacağı olduğundan əks cinsin nümayəndələrinin barda heç bir hüququ yox idi.
Madrid barının siması onun sahibi Pedro Çikote idi. O, gülərüz, şən, əvəzolunmaz bir barmen idi, necə deyərlər, işinə can yandırır, həmişə sanki işıq saçırdı. İndiki dövrdə bu, olduqca nadir xüsusiyyətdir, tək-tük adam uzun zaman belə xüsusiyyətini qoruyub saxlaya bilir. Özü də bunu süni sevinclə qarışdırmaq lazım deyil. Çikotenin saçdığı işıq süni yox, əsl nur idi. Həm də ki o, təvazökarlığı, sadəliyi, mehribanlığı ilə seçilirdi. Pedro Çikote elə xoş və nəşəli idi ki, onu yalnız Parisin “Ritsa” barının barmeni Jorjla müqayisə etmək olardı. Bu müqayisə isə orada olanlar üçün çox şey deyir. Bunlardan başqa, Çikotenin barı öz-özlüyündə gözəl idi.
O zamanlar Madridin qızıl gəncliyi “Yeni klub” adlanan yerə getməyə üstünlük verirdi, Çikotenin yanına isə “yaxşı uşaqlar” gəlirdilər. Əlbəttə, buranın müştərilərindən çoxu “Stork” barının müştərilərinin əksəriyyəti kimi mənim xoşuma gəlmirdi, amma Çikotenin barında oturmaq ruhumu oxşayırdı. Burada, məsələn, siyasətdən danışmırdılar. Elə kafelər var ki, orada ancaq siyası məsələləri müzakirə edirlər, ayrı söhbət olmur. Amma Çikotenin yanında siyasətdən söz açılmırdı. Danışmağa o qədər başqa mövzu var idi ki! Özü də bura şəhərin ən qəşəng qızları gəlirdi və gecəni yola vermək üçün kiminləsə tanış olmaq mümkündü. Bir çox gözəl gecələri biz məhz burada başlamışdıq.
Yolunu bura salmaqla hal-hazırda kimin şəhərdə olduğunu, kimin hara getdiyini öyrənə bilərdin. Yayda, şəhərdə heç kim olmayanda isə qabağına bir şüşə qoyub sakitcə oturmaq da yaxşı idi, çünki barda gülərüz və diqqətcil ofisiantlar işləyirdilər.
Bura kluba bənzəyirdi, lakin heç bir üzvlük haqqı ödəmək lazım deyildi və bu məkanda qızlarla tanış olmaq imkanı var idi. Heç şübhəsiz, “Çikote” İspaniyanın, bəlkə, bütün yer üzünün ən yaxşı barı idi və biz, buranın daimi müştəriləri, ona çox bağlanmışdıq.
Bardakı içkilər olduqca gözəl idi. Əgər siz martini sifariş edirdinizsə, onu ən yaxşı cindən hazırlayırdılar. Pedro Çikote xəsislik etmirdi, viskini ona çəlləklərdə birbaşa Şotlandiyadan gətirirdilər. Bu viski reklam olunan başqa viskilərdən çox üstün idi. Onu adi “şotland” viskisi ilə müqayisə etmək belə olmazdı. Amma təəssüf ki, qiyam başlayanda Çikote San-Sebastyanda idi, həmin şəhərdə onun yalnız yay ayları işləyən filialı vardı. Bu filialı o, indinin özündə də işlədir və deyilənə görə, Franko İspaniyasının ən yaxşı barına çevirib. Madriddəki barı isə ofisiantlar götürüblər və hələ də işlətməkdə davam edirlər, amma əvvəlki yaxşı viskiləri tükənib.
Çikotenin köhnə müştərilərinin əksəriyyəti Frankonun tərəfinə keçib, lakin respublikaçılardan da daim bura gələnlər var. Bura çox şən bir yerdir, şən insanlar isə, adətən, ən cəsur adamlar olurlar və birinci ölürlər. Ona görə belə alınıb ki, “Çikote”yə gələnlərin çoxu artıq sağ deyil. Çəllək viskisi aylar öncə qurtarıb, 1938-ci ilin may ayına qədər isə biz sarı cinin də axırına çıxdıq. Düzü, indi ora getməyin mənası qalmayıb və əgər Luis Delqado Madridə bir qədər gec gəlib çıxsaydı, bura girməz, başını da bəlaya salmazdı. Ancaq Delqado Madridə 1937-ci ilin noyabrında gəldi və o vaxt “Çikote”də hələ bir az sarı cin qalmışdı, eyni zamanda burada Hindistan kinəsi almaq olardı. Düzdür, buna görə həyatını təhlükəyə atmağa dəyməzdi, amma, ola bilsin, Delqado, sadəcə, adət etdiyi yerdə oturmaq istəyirmiş. Onu tanıyan və “Çikote” barının vaxtilə necə bir yer olduğunu bilən üçün bunu anlamaq çətin deyil.
Həmin gün səfirlikdə inək kəsmişdilər və qapıçı bizə on funt təzə ət saxladıqlarını demək üçün “Florida” otelinə gəlmişdi. Mən Madrid qışının alatoranlığında ətin dalınca getdim. Əllərində tüfəng iki qvardiyaçı səfirlik binasının qapısı ağzında oturmuşdu, bizim ətimiz isə qarovulxanada idi.
Qapıçı dedi ki, bizə yaxşı tikə düşüb, amma inək çox arıq imiş. Mən qapıçını gödəkçəmin cibində qalmış qızardılmış tumla palıd qozasına qonaq etdim və biz qapının ağzında, girişdəki xiyabanın çınqıllığında dayanıb zarafatlaşa-zarafatlaşa söhbət etdik.
Mən qoltuğumda ağır ət bağlamsı şəhərin küçələri ilə evə yollandım. Qran-Via atəş altında olduğundan ara sakitləşənə qədər “Çikote”yə girməyi qərara aldım. İçəri adamla dolu və səs-küylü idi. Mən küncdə, qabağı kisələrlə tutulmuş pəncərənin ağzında kiçik bir masanın arxasında oturdum, əti yanımdakı skamyaya qoydum və kinə qatılmış cin içdim. Biz yenicə, elə bu həftə aşkar etmişdik ki, barda hələ kinə qalıb. Qiyamdan sonra daha təzə kinə gətirmirdilər, köhnə kinənin qiyməti isə müharibədən əvvəlki kimi qalmışdı. Axşam qəzetləri hələ yox idi və mən qəzetsatan qarıdan müxtəlif partiyaların üç vərəqəsini aldım. Onların hər birinin qiyməti on sentavo idi, bir peset verib qarıya dedim ki, pulun qalığını özünə saxlasın. O da dedi ki, Allah mənim günahlarımdan keçəcək. Mən buna şübhə etdim və vərəqələri oxuya-oxuya kinəli cin içməyə başladım.
Köhnə vaxtlardan tanıdığım yaşlı ofisiant mənə yaxınlaşdı. Onun sözlərinə bərk təəccübləndim.
– Yox, – dedim. – İnanmıram.
– Hə, – ofisiant dediyində israr edib başı və məcməyisi ilə eyni istiqamətə işarə vurdu. – Ancaq arxaya çevrilməyin. Oradadır.
– Bunun mənə dəxli yoxdur, – dedim.
– Heç mənə də dəxli yoxdur.
O getdi, mənsə bara təzə girmiş başqa bir qarıdan axşam qəzetlərini alıb oxumağa başladım. Ofisiantın işarə etdiyi adamı ikimiz də çox yaxşı tanıyırdıq. Onun barəsində öz-özümə fikirləşdim: “Belə də axmaq adam olar?! Lap ağlını itirib”.
Bu vaxt bir yunan yoldaş gəlib yanımda oturdu. O, on beşinci briqadada bölük komandiri idi və bombardman vaxtı yaralanmışdı. Yanındakı dörd nəfər həlak olmuşdu, onu isə bir az hospitalda, sadəcə, nəzarət altında saxladıqdan sonra istirahət evinə – indi adına nə deyirlər, bilmirəm, ora – göndərirdilər.
– Con, işlər necədir? – mən soruşdum. – Qonaq olun.
– Sizin içdiyinizin adı nədir, mister Emunds?
– Kinəli cin.
– Hansı kinədi?
– Hindistan kinəsi. Dadına baxın.
– Mən çox içən deyiləm. Amma kinə qızdırmaya qarşı yaxşıdır. İçərəm.
– Con, bəs həkimlər sağlamlığınız barədə nə deyirlər?
– Mənə həkim lazım deyil. Sağlamam. Təkcə qulaqlarım aramsız cingildəyir.
– Hər halda, həkimə dəysəniz, pis olmaz, Con.
– Dəymişəm. Qanıb-qandırmır. Deyir, göndərişin olmalıdır, yoxundur.
– Mən deyərəm. Hamısını tanıyıram. Sizin getdiyiniz hansı həkimdir, almandır?
– Elədir ki var, – Con dedi. – Almandır, ingiliscə pis danışır.
Yenə həmin ofisiant mənə yaxınlaşdı. Bu dazbaş qocanın köhnə ədalarını müharibə də dəyişə bilməmişdi. O, yaman həyəcanlı idi.
– Bir oğlum cəbhədədir, – dedi, – o birini isə öldürüblər. Biz indi nə edək?
– Öz işinizdir.
– Bəs siz? Əgər mən sizə bu barədə söz açmışamsa…
– Mən bura şam yeməyindən qabaq boğazımı yaşlamaq üçün gəlmişəm.
– Mənsə burda işləyirəm. Deyin görək, biz nə edək?
– Bu sizin işinizdir, mən siyasətə qarışmıram, – dedim. – Siz ispanca başa düşürsünüz? – yunan yoldaşdan soruşdum.
– Yox. Bir-iki söz bilirəm. Amma yunan, ingilis, ərəb dillərində danışıram. Vaxtilə ərəb dilində lap yaxşı danışırdım. Torpağın altında necə qaldığımı bilirsiniz?
– Yox. Bildiyim bircə odur ki, bombardmana düşmüsünüz. Vəssalam.
Onun qarabəniz, qəşəng sifəti və daim hərəkətdə olan tündrəngli əlləri var idi. Əslən hansısa yunan adasından olduğu görünürdü, həm də çox inadla danışırdı.
– Onda sizə söyləyim. Hərbi işlərdə böyük təcrübəm var. Əvvəllər yunan ordusunun kapitanı olmuşam. Mən yaxşı əsgərəm. Bir aeroplanın bizim Fuentes-del-Ebrodakı səngərlərimizin üzərində uçduğunu görəndə onu izləməyə başladım. Gördüm ki, uçub keçdi, sonra yana döndü, dövrə vurdu (o bu hərəkətləri əlləri ilə göstərirdi) və bizi müşahidə etməyə başladı. Öz-özümə dedim: “Aha! Bu, yerimizi dəqiqləşdirir. Tapıb. İndi başqaları da uçub gələcək”.
Və budur, dediyim kimi, başqaları da gəldi. Dayanıb baxıram. Müşahidəni davam etdirir və nələr baş verdiyini bölüyə izah edirəm. Təyyarələr üç-üç gəlirdi: biri qabaqda, ikisi arxada. Növbəti üçü keçəndən sonra bölüyə dedim: “İndi okey. İndi ol rayt. İndi daha qorxulu bir şey yoxdur”… Və iki həftədən sonra ayıldım.
– Bu nə vaxt olub?
– Bir ay olar. Bilirsiniz, mən torpağın altında qalanda dəbilqəm üzümü örtübmüş və içində hava qalıbmış. Bu da mənim oradan çıxardılana qədər nəfəs almağıma imkan veribmiş. Amma havaya partlayışdan yaranan tüstü də qarışıbmış. Buna görə uzun müddət xəstə yatdım. İndi mən okey-əm, bircə qulaqlarım cingildəyir. Deyirsiz, içdiyinizin adı nədir?
– Kinəli cin. Hindistan kinəsi. Bilirsiniz, müharibədən əvvəl burada əla bir kafe var idi və bu içkinin qiyməti beş peset idi, amma o vaxtlar yeddi pesetə bir dollar verirdilər. Bu yaxınlarda barda hələ həmin kinədən qaldığını aşkar etmişik, qiyməti isə qaldırmayıblar. Vur-tut bircə yeşik qalıb.
– Çox yaxşı içkidir. Deyin görüm, muharibədən qabaq burada, Madriddə necə idi?
– Əla. Elə indiki kimi idi, bircə fərq var ki, yemək bol idi.
Ofisiant bir də yaxınlaşıb masaya tərəf əyildi.
– Bəs mən bunu etməsəm? – soruşdu.
Cavab verdim:
– İstəyirsinizsə, gedib bu nömrəyə zəng vurun. Yazın. – Nömrəni söylədim, yazdı. – Pepeni soruşun, – dedim.
– Onunla şəxsi ədavətim yoxdur, – ofisiant dedi. – Ancaq söhbət respublikanın taleyindən gedir. Belə bir adam bizim respublika üçün təhlükəlidir.
– Başqa ofisiantlar da onu tanıdılar?
– Deyəsən. Amma heç kim heç nə demədi. O, köhnə müştəridir.
– Mən də köhnə müştəriyəm.
– Bəlkə, indi o da bizim tərəfimizdədir?
– Yox, – dedim. – Bilirəm ki, belə deyil.
– Mən heç vaxt heç kimi ələ verməmişəm.
– Buna artıq özünüz qərar verin. Bəlkə, bir başqa ofisiant onun barəsində məlumat çatdıracaq.
– Yox. Onu yalnız köhnə işçilər tanıyır, onlarsa xəbər verən deyillər.
– Yenə sarı cin və pivə gətirin, – mən dedim. – Kinə isə şüşənin dibində hələ var.
– O nə danışır? – Con soruşdu. – Mən çox az şey başa düşdüm.
– Vaxtilə hər ikimizin tanıdığı bir adam indi buradadır. O, göyərçin vurmaqda usta idi, mən onu yarışlarda görmüşəm. Faşistdir və bura niyə gəldiyini bilmirəm, amma böyük axmaqlıq edib. Düzü, həmişə olduqca cəsur və olduqca axmaq olub.
– Onu mənə göstərin.
– Ordadır, təyyarəçilər oturan masanın arxasında.
– Onlardan hansıdır?
– Günəşdən ən çox qaralan, pilotkasını gözünün üstünə çəkən. Hal-hazırda gülən.
– O, faşistdir?
– Bəli.
– Fuentes-del-Ebrodan sonra belə yaxından faşist görməmişəm. Burada çoxdurlar?
– Arabir gözə dəyirlər.
– Onlar da siz içəndən içirlər? – Con dedi. – Biz bunu içirik, başqaları baxıb elə düşünürlər ki, faşistik. Necə? Qulaq asın, siz Cənubi Amerikada, Qərb sahillərində, Maqalyanesdə olmusunuz?
– Yox.
– Əla yerdir. Amma yaman çox sək-kiz-a-yaq var.
– Nə var?
– Səkkizayaq, – yunan yoldaş bunu özünəməxsus tərzdə tələffüz etdi. – Bilirsiniz, onların səkkiz ayağı olur.
– Hə, – mən dedim. – Səkkizayaqlı ilbiz.
– Elədir. Səkkizayaqlı ilbiz, – Con təkrar etdi. – Bilirsiniz, mən dalğıcam. Bu peşədə yaxşı pul qazanmaq olur, amma yaman çox səkkiz-ayaq var.
– Nədi, zəhlənizi tökmüşdülər?
– Necə? Zəhlə tökmək nədi, anlamıram. Birinci dəfə mən Maqalyanes limanında suya girmişdim, dərhal qabağıma səkkizayaq çıxdı. Bütün ayaqları üstündə dayanmışdı. Bax belə. – Con barmaqlarını masaya dirədi, dirsəklərini və çiyinlərini qaldırdı, gözlərini bərəltdi. – Məndən hündür idi və düz gözümün içinə baxırdı. Məni yuxarı qaldırsınlar deyə kəndiri dartdım.
– Nə böyüklüyündə idi, Con?
– Dəqiq deyə bilmərəm, çünki dəbilqəmin şüşə gözlüyü mane olurdu. Ancaq başı dörd futdan az olmazdı. Özü də ayaqlarının üstündə dayanıb mənə bax belə baxırdı (o, gözlərini üzümə zillədi). Məni yuxarı qaldırıb dəbilqəmi çıxardanda dedim ki, bir də aşağı enən deyiləm. Belə olanda böyüyümüz dedi: “Con, sənə nə olub? Səkkizayaq səndən daha çox qorxub”. Mənsə cavab verdim: “Bu, mümkün deyil!” Bəlkə, bu faşist içkisindən bir də içək?
– Olar, – dedim.
Mən o biri masanın arxasında oturan adama göz qoyurdum. Onun adı Luis Delqado idi. Sonuncu dəfə Delqadonu 1933-cü ildə San-Sebastyanda göyərçinlərə atəş açma yarışlarında görmüşdüm. Yadımdadır ki, biz onunla yuxarı tribunada yanaşı dayanıb “Böyük mükafat” uğrunda final yarışını izləyirdik. Biz Delqado ilə mənim maddi imkanlarımdan qat-qat artıq, düşündüyüm qədər, həmin vaxt onun da ödəmə qabiliyyətini aşan məbləğdə mərcə girmişdik. O, pilləkənləri enəndə və heç nəyə baxmayaraq uduzduğu məbləği ödəyəndə fikirləşmişdim ki, özünü necə də məğrur aparır, göstərməyə çalışır ki, mərci mənə uduzmağı da şərəf sayır. Sonra onunla barda bala-bala martini qurtuldatdığımız zaman özümü olduqca yüngül hiss edirdim, çünki sudan quru çıxmış kimiydim. Eyni zamanda uduzmağın onun üçün nə dərəcədə ağır olduğunu bilmək istəyirdim. Mən bütün həftəni çox pis, o isə əksinə, olduqca sərrast atəş açmışdı, özü də daim əlçatmaz göyərçinləri seçirdi və həmişə mərcə girirdi.
– Tam xoşbəxtlik üçün revanşla aranız necədir? – o soruşdu.
– Ürəyiniz istəyirsə.
– Əgər siz etiraz etmirsinizsə, istəyir.
– Neçədən?
O, pul kisəsini çıxartdı, içinə baxdı və şaqqanaq çəkdi.
– Əslinə baxanda mənim üçün fərqi yoxdur, – o dedi, – məsələn, səkkiz min pesetdən. Məncə, o qədər pulum olar.
Həmin vaxtın məzənnəsi ilə bu, təxminən min dollar edirdi.
– Yaxşı, – mən dedim və dərhal da daxili sakitlik hissim yoxa çıxdı, onun yerini mənasız risk həvəsi tutdu. – Kim başlayır?
– Siz başlayın.
Biz beş pesetlik ağır gümüş pulları ovcumuzda silkələdik. Sonra hər birimiz öz pulumuzu sol ovcumuzda tutub sağ ovcumuzla üstünü örtdük.
– Sizdəki nədir? – o soruşdu.
Mən sağ əlimi götürdüm və XIII Alfonsun uşaqlıq profilinin üstünü açdım.
– Kral, – dedim.
– Bu kağızları götürün və lütfən, içki sifariş edin. – O, pul kisəsinin içini boşaltdı. – Məndən yaxşı qoşalülə alarsınızmı?
– Yox, – dedim. – Qulaq asın, Luis, əgər sizə pul lazımdırsa…
Mən qalın, parıltılı-yaşımtıl rəngli minlik pul dəstəsini ona uzatdım.
– Səfehləməyin, Enrike, – o dedi. – Biz mərc gəldik, elə deyil?
– Elədir. Amma biz bir-birimizi kifayət qədər tanıyırıq.
– Görünür, o qədər də yaxşı tanımırıq.
– Yaxşı, – mən dedim. – Özünüz bilərsiniz. Nə içəcəyik?
– Kinəli cinlə aranız necədir? Qəşəng içkidir.
Biz kinəli cin içdik, onu pulsuz qoyduğuma görə özümü xeyli pis hiss etsəm də, udmağıma şad idim və kinəli cin mənə əvvəllər olduğundan daha dadlı gəldi. Belə şeylər haqda yalan danışmaq və udmağına guya sevinmədiyini söyləyərək riyakarlıq etmək nəyə lazımdır? Amma bu Luis Delqado yaman oyunçu idi.
– Düşünmürəm ki, cibinə baxıb oynamaq ləzzət versin. Necə düşünürsünüz, Enrike?
– Bilmirəm. Heç vaxt cibimə görə oynamamışam.
– Yalan danışmayın. Sizin ki pulunuz çoxdur.
– Təki elə olaydı, – dedim. – Amma elə deyil.
– O-o, hər bir kəsin pulu ola bilər, – Delqado dedi. – Nəyisə satırsan və budur, pulun var.
– Amma mənim satmağa da bir şeyim yoxdur. Məsələ bundadır.
– Yaxşı görək. Mən hələ elə amerikalıya rast gəlməmişəm. Siz hamınız varlısınız.
Həmin günlər üçün o, haradasa haqlı idi. O vaxtlar nə “Ritsa”da, nə “Çikote”də başqa amerikalıya rast gələ bilməzdin. İndi isə Çikotenin yanına gəlməklə o, əvvəllər rast gəlmədiyi amerikalıları görə bilərdi. Mən heç, mən istisna idim və onu burada görməmək üçün çox şey verərdim.
Amma bir halda ki bu boyda ağılsızlığa yol verib, “Çikote”də peyda olub, qoy təqsiri özündə görsün. Buna baxmayaraq Delqadonun arxasında oturduğu masaya göz qoyarkən və keçmişi yada salarkən mənim ona yazığım gəlirdi, ofisianta əks-kəşfiyyat idarəsinin telefon nömrəsini verdiyim üçün özümü qınayırdım. Əlbəttə, ofisiant özü də məlumat bürosuna zəng vurub bu nömrəni öyrənə bilərdi. Amma mən ona Delqadonu tutmağın qısa yolunu göstərdim.
Mən bunu ədalət hissinin birdən-birə içimdə baş qaldırdığı anda etmişdim; həm də yazıçı kimi, insanın özünü kəskin emosional konflikt anında necə aparacağını görmək həvəsim üstün gəlmişdi, yazıçıların məhz bu xüsusiyyəti onları başqaları üçün cazibədar dosta çevirir.
Ofisiant yaxınlaşdı.
– Nə düşünürsünüz? – o soruşdu.
– Şəxsən mən heç vaxt onu ələ verməzdim, – öz-özümə bəraət qazandırmaq üçün dedim. – Ancaq mən əcnəbiyəm, bu isə sizin müharibənizdir, qərarı da siz verməlisiniz.
– Siz, heç olmasa, bizim tərəfimizdəsiniz?
– Bütünlüklə və həmişəlik. Amma bu o demək deyil ki, mən köhnə dostları sata bilərəm.
– Bəs mən?
– Burada vəziyyət tamam başqa cürdür.
Mən hər şeyin dediyim kimi olduğunu bilirdim və ona görə başqa cür danışa bilməzdim, ancaq ofisiantın yerinə olsaydım, belə sözlər eşitməməyə üstünlük verərdim.
Əslində, belə vəziyyətlərdə insanların özlərini necə aparacaqlarına olan marağımı çoxdan təmin etmişdim və məyusedici nəticələrə gəlmişdim. Mən üzümü Cona çevirib Luis Delqadonun oturduğu masaya tərəf baxmadım. Bilirdim ki, təyyarəçi kimi bir ildən artıq faşistlərə xidmət edib. Buraya isə Fransada təlim keçən üç cavan respublikaçı təyyarəçi ilə birgə gəlmişdi, özü də əyninə respublika ordusunun formasını geymişdi.
Bu cavanlardan heç biri onu tanıya bilməzdi və o, bura, bəlkə, təyyarə qaçırmaq, bəlkə də, başqa bir ziyan vurmaq üçün gəlmişdi. Amma hər nə məqsədlə gəlmişdisə də, “Çikote”də görünməyi ağılsızlıq idi.
– Con, özünüzü necə hiss edirsiniz? – mən soruşdum.
– Yaxşı hiss edirəm, – o dedi. – Yaxşı içkidir, okey. Məni bir az kefləndirib. Amma başımdakı küyü azaldır.
Ofisiant yaxınlaşdı. Həyəcanlı idi.
– Onun barəsində məlumat verdim, – dedi.
– Hə, deməli, artıq sizin üçün hər şey aydındır, – mən dedim.
– Bəli, – o, qürurla cavab verdi. – Mən məlumat verdim. Artıq onu həbs etməyə gəlirlər.
– Gəlin gedək, – mən Cona dedim. – Burada səs-küy qopacaq.
– Onda getsək yaxşıdır, – Con dedi. – Nə qədər sakitlik axtarsan da, hər yerdə səs-küyə düşürsən. Borcum nə qədərdir?
– Necə, deməli, siz qalmırsınız? – ofisiant soruşdu.
– Yox.
– Axı mənə telefon nömrəsini siz verdiniz…
– Nə etməli. Sizin şəhərdə çox qalanda xeyli telefon nömrəsi öyrənməli olursan.
– Axı bu mənim borcum idi.
– Əlbəttə. Başqa cür ola da bilməzdi. Borc – əhəmiyyətli məsələdir.
– Bəs indi?
– İndi isə siz bununla fəxr edirsiniz, elə deyilmi? Bəlkə, hələ uzun müddət fəxr edəcəksiniz. Bəlkə, bu sizin xoşunuza gələcək.
– Bağlamanı unutdunuz, – ofisiant dedi. O, “Mahmız” jurnalının banderol kağızına bükülmüş əti mənə verdi – bu jurnal səfirlik otaqlarından birində qalaqlanıb qalmışdı.
– Mən sizi anlayıram, – ofisianta dedim. – Yaxşı anlayıram.
– O bizim köhnə müştərimiz idi, yaxşı müştəri idi. Özü də indiyə qədər heç kimi ələ verməmişəm. Mən bunu dilxoşluq üçün etməmişəm.
– Mən də sizin yerinizdə olsam, nə özümü arsızlığa qoyardım, nə də kobudluq edərdim. Ona deyin ki, mən xəbər vermişəm. Çox güman, onsuz da mənə bir siyasi rəqib kimi nifrət edir. Bunu sizin etdiyinizi bilmək onun üçün ağır olar.
– Yox. Gərək hər kəs öz əməllərinə özü cavab versin. Siz ki başa düşürsünüz?
– Əlbəttə, – dedim. Sonra yalan söylədim: – Başa düşür və təqdir edirəm.
Müharibədə tez-tez yalan danışmaq lazım gəlir və əgər bunu etmək zəruridirsə, mümkün qədər cəld və yaxşı etmək lazımdır.
Biz bir-birimizin əlini sıxdıq və sonra mən Conla birlikdə küçəyə çıxdım. Delqado oturan masaya tərəf boylandım. Qabağında kinəli cin var idi və hamı onun danışdıqlarına qulaq asıb gülürdü. Onun olduqca şən və əsmər sifəti var idi. Gözləri əsl atıcı gözləri idi. Mənə maraqlı gəldi: görəsən, özünü necə təqdim edib?
Hər halda, “Çikote”də görünmək axmaqlıq idi. Amma o özününkülərin yanına qayıda bilsə idi, bununla öyünmək olardı.
Biz qapıdan çıxanda “Çikote”nin qabağında iri bir maşın dayandı və maşından səkkiz nəfər sıçrayıb düşdü. Əli avtomatlı altı adam qapının hər iki tərəfində dayandı. Mülki geyimli iki nəfərsə bara girdi. Gələnlərdən biri sənədlərimizi soruşanda mən: “Əcnəbiyik”, – dedim, o isə söylədi ki, hər şey qaydasındadır və biz gedə bilərik.
Qran-Via ilə üzüyuxarı səkilərin üstü təzəcə tökülmüş pəncərə şüşələri və divarlardan qopmuş daş qırıntıları ilə dolu idi. Havadakı tüstü hələ çəkilməmişdi, küçədən isə partlamış mərmi və parçalanmış qranit iyi gəlirdi.
– Siz harada nahar edəcəksiniz? – Con soruşdu.
– Məndə hamıya bəs edəcək qədər ət var, onu elə mənim nömrəmdə bişirmək olar.
– Mən qızardaram, – Con dedi. – Mən yaxşı aşpazam. Yadıma gəlir: bir dəfə gəmidə yemək hazırlayırdım…
– Qorxuram ki, ət bərk ola, – mən dedim. – Təzə kəsiblər.
– Eybi yoxdur, – Con dedi. – Müharibədə bərk ət olmur.
Kinoteatrdan evə tələsən adamlar qaranlıqda yanımızdan keçirdilər. Onlar kinoteatra bombardmandan gizlənmək üçün girmişdilər.
– Həmin faşist hamının onu tanıdığı bara niyə gəlmişdi?
– Görünür, başı xarab olub.
– Bunu müharibə edib, – Con dedi. – Həddindən artıq başıxarab adam var.
– Con, – mən dedim, – lap gözündən vurdunuz.
Otelin girişində, qapıçının otağının qarşısında üst-üstə yığılmış kisələrin yanından ötdük və mən qapıçıdan açarı verməsini xahiş etdim. Ancaq o dedi ki, iki yoldaş mənim otağımda vanna qəbul edir. Açarı onlara verib.
– Con, yuxarı qalxın, – dedim. – Telefonla bir-iki zəng etməliyəm.
Telefonu götürüb ofisianta verdiyim nömrəni yığdım.
– Hello, Pepe.
Dəstəkdə təmkinli səs eşidildi:
– Olla. Aue tal (ispanca: “İşlər necədir?”), Enrike?
– Qulaq asın, Pepe, siz “Çikote”də Luis Delqadonu yaxaladınız?
– Si, hombre. Si. Sin novedad (ispanca: “Hə, dostum. Hə. Yeni bir şey yoxdur”). Problem olmadı.
– O, ofisiant barədə nəsə bilir?
– No, hombre, no (ispanca: “Yox, dostum, yox”).
– Elə isə onun barəsində heç nə deməyin. Deyin ki, mən xəbər vermişəm, aydındır? Ofisiantın adını çəkməyin.
– Nə üçün? Nə fərqi var? O, casusdur. Onu güllələyəcəklər. Məsələ aydındır.
– Bilirəm, – dedim. – Amma mənim üçün fərqi var.
– Necə istəyirsiniz, hombre. Necə istəyirsiniz. Nə vaxt görüşəcəyik?
– Sabah gəlin. Ət veriblər.
– Ətdən qabaq isə viski. Yaxşı, hombre, danışdıq.
– Salud, Pepe, təşəkkür edirəm.
– Salud, Enrike, dəyməz.
Bu çox qəribə səs idi, sönük səs idi və mən heç cür ona öyrəşə bilmirdim. Amma indi, öz nömrəmə qalxan zaman bir yüngüllük hissi keçirdiyimi duydum.
Hamımız – “Çikote”nin köhnə müştəriləri – bara xüsusi bir münasibət bəsləyirdik. Çox güman, Luis Delqado məhz buna görə belə bir ağılsız addım atmışdı. Öz işlərini başqa bir yerdə də görə bilərdi. Ancaq Madridə gəlib bara baş çəkməyə bilməzdi. Ofisiantın sözlərinə görə, o, yaxşı müştəri imiş və biz nə vaxtsa dostluq etmişdik. Əgər həyatda kiməsə kiçik bir yaxşılıq etmək imkanınız varsa, bundan imtina etmək lazım deyil. Ona görə də mən təhlükəsizlik idarəsində işləyən dostum Pepeyə zəng vurmağıma peşman deyiləm. Çünki Luis Delqado “Çikote”nin köhnə müştərilərindən idi və onun ölümqabağı öz barının ofisiantları barədə pis fikirləşməsini istəmirdim.

    Tərcümə: Fərrux Şıxlinski

YAD ÖLKƏDƏ
Payızda müharibə hələ davam edirdi, amma bizim üçün o artıq başa çatmışdı. Milanda payız soyuq idi, hava da tez qaralırdı. Elektrik fənərləri yandırırdılar. Vitrinlərə baxa-baxa küçələrdə dolaşmaq xoş idi. Çöl tərəfdə, mağazaların qabağında ovçuların gülləsinə tuş gəlmiş xeyli heyvan asılmışdı. Külək tülkünün quyruğunu yellədir, xəzinin üstünə isə narın-narın qar yağırdı. İçalatı çıxarılmış donmuş maral cəmdəkləri yerə qədər sallanır, rüzgar xırda quşları yırğalayır, yel onların lələklərini oynadırdı. Soyuq bir payız idi, dağlardan külək əsirdi.
Hamımız hər gün hospitalda olurduq. Şəhərdən hospitala müxtəlif yollardan keçməklə getmək olardı. Yolun ikisi kanal boyunca uzanırdı, amma bu çox uzaq idi. Hospitala düşmək üçün kanalın üstündən salınmış körpülərin birindən keçməli olurduq. Üç körpü var idi. Onlardan birinin üstündə qadın qovrulmuş şabalıd satırdı. Manqalın yanı isti olurdu. Şabalıdlar da adamın cibində uzun müddət isti qalırdı. Hospital qədim və yaraşıqlı binada yerləşirdi. Biz qapının birindən girir, həyətdən keçir, sonra əks tərəfdəki o biri qapıdan çıxırdıq. Həyətdə, demək olar ki, hər dəfə dəfn mərasimi ilə qarşılaşırdıq. Köhnə binanın arxasında kərpicdən tikilmiş iki təzə bina var idi. Biz hər gün orada görüşür, bir-birimizdən nəzakətlə hal-əhval tutur və aparatların arxasına keçirdik. Bu aparatlara böyük ümidlər bəslənirdi.
Həkim mən oturan aparata yaxınlaşıb soruşdu:
– Müharibəyə qədər nə ilə maraqlanmısınız? İdmanla məşğul olmusunuz?
– Bəli, futbol oynamışam, – cavab verdim.
– Çox gözəl, – o dedi, – əvvəlkindən də yaxşı futbol oynayacaqsınız.
Dizim bükülmürdü, topuğuma qədər qurumuşdu. Aparat onu qatlamalı və velosiped sürən zaman olduğu kimi tərpənməyə məcbur etməli idi. Amma o hələ də bükülmür və iş qatlanmaq məsələsinə çatanda hər dəfə aparat ilişib dayanırdı. Həkim dedi:
– Düzələcək. Bəxtiniz gətirib, cavan oğlan. Tezliklə yenidən əla futbolçu ola biləcəksiniz.
Qonşu aparatda mayor oturmuşdu. Onun balaca əli var idi. Lap uşaq əlinə oxşayırdı. Əlini iki qayışın arasına salmışdılar. Qayışlar aşağı-yuxarı hərəkət edərkən onun hərəkətsiz barmaqlarına toxunurdu. Həkim mayorun əlini yoxlamağa başlayanda o mənə göz vurdu və soruşdu:
– Mən də futbol oynayacam, həkim?
Mayor məşhur qılıncoynadan idi, müharibədən qabaq İtaliyanın ən yaxşı qılıncoynadanı sayılırdı.
Həkim öz otağına keçdi və qurumuş bir əl şəkli gətirdi. Bu əl müalicəyə qədər mayorunku kimi balaca olmuş, sonra isə bir az böyümüşdü. Mayor salamat əli ilə şəkli götürüb çox diqqətlə baxdı.
– Güllə dəyib? – o soruşdu.
– Zavodda baş vermiş bədbəxt hadisədir, – həkim dedi.
– Olduqca maraqlıdır, çox maraqlı, – mayor dedi və şəkli həkimə qaytardı.
– İndi əmin oldunuz?
– Xeyr, – mayor dedi.
Bura hər gün gələn üç xəstə var idi. Onlar mənimlə eyni yaşda olardılar. Üçü də milanlı idi; biri vəkil, o biri rəssam, üçüncüsü isə hərbçi olmaq istəyirdi. Müalicəmizi aldıqdan sonra hərdən bir yerdə “La Skala” teatrının yanında yerləşən “Kova” kafesinə baş çəkirdik. Dörd nəfər olduğumuz üçün kəsə yolla, fəhlə məhəllələrindən keçərək gedirdik. Zabit olduğumuza görə bizə nifrət edirdilər və biz kiçik yeməkxanaların qabağından keçəndə çox vaxt içəridən qışqırırdılar: “Abasso gli ufficiali!”[1 - “Rədd olsun zabitlər!”] Bəzən bizimlə birlikdə hospitaldan qayıdan beşinci adamın isə üzü qara ipək yaylıqla örtülü idi: onun burnu yox idi, üzündə də əməliyyatlar aparırdılar. Cəbhəyə birbaşa hərbi akademiyadan yollanmış və atəş xəttinə çatandan bir saat sonra yaralanmışdı. Üzünü qaydaya saldılar, amma o, qədim bir nəslin nümayəndəsi olduğundan burnunun da bərpa edilməsini istəyirdi. Bununla belə, düz-əməlli bərpa edə bilmədilər. O, Cənubi Amerikaya gedib orada bankda işləməyə başladı. Amma bu, sonralar baş verdi, o vaxt isə hələ heç birimiz başımıza nələrin gələcəyini bilmirdik. Bildiyimiz bircə bu idi ki, müharibə hələ davam edir, amma bizim üçün o artıq bitib.
Üzündə qara ipək yaylıq olan gəncdən başqa, hamımızın eyni ordenləri var idi. O, orden almaq üçün cəbhədə çox az olmuşdu. Vəkil olmağa hazırlaşan solğunbənizli, hündürboy gənc isə Arditti alayının leytenantı idi. Bizim hərəmizdə bir dənə olan ordendən onda üçü var idi. O, dəfələrlə ölümlə üz-üzə dayanmışdı və hamıdan kənar gəzirdi. Əslində, hamı hamıdan kənar gəzirdi və hospitaldakı gündəlik görüşlərdən başqa, bizi bir-birimizə heç nə bağlamırdı. Buna baxmayaraq biz şəhərin ən təhlükəli hissəsi ilə “Kova” kafesinə gedəndə də (pəncərələrindən işıq süzülən və mahnı sədaları eşidilən yeməkxanaların yanından ötürdük), itələşə-itələşə qaranlıq küçələrdən keçəndə də (səkilərdə toplaşıb dayanan adamları yarıb özümüzə yol açmalı oldurduq) hiss edirdik ki, beşimizi də elə yaşantılar birləşdirir ki, bizə nifrət edən bu adamlar heç vaxt onları anlaya bilməyəcəklər.
“Kova” kafesinə gəldikdə isə hər şey aydın idi. Bura isti və yaraşıqlı, amma alaqaranlıq bir yer idi. Axşamlar içəri səsli-küylü olur, siqaret tüstüsündən adamın gözü acışırdı. Masaların arxasında həmişə qızlar, divarlarda isə qarmaqlardan asılmış şəkilli jurnallar olurdu. “Kova” kafesinin qadın müştəriləri olduqca vətənpərvər idilər. Məncə, o vaxtlar İtaliyanın ən vətənpərvər qadınları məhz “Kova” kafesinə gələnlər idilər. Çox güman ki, onlar elə indinin özündə də vətənpərvərdirlər.
Tanışlığımızın ilk vaxtları yol yoldaşlarım ehtiramla mənim ordenimlə maraqlanır, onu hansı xidmətlərimə görə aldığımı soruşurdular. Mən onlara üzərində “fratellanza” və “abnegazione”[2 - “Qardaşlıq” və “Fədakarlıq”] kimi sözlər yazılmış fərmanları göstərirdim. Ancaq bu təmtəraqlı sözləri kənara qoysaq, əslində, orada yazılmışdı ki, mən amerikalı olduğum üçün ordenlə təltif edilmişəm. Bundan sonra yoldaşlarımın mənə münasibəti bir az dəyişdi. Amma yenə də kənar şəxslərlə müqayisədə mən dost sayılırdım. Mən dost olaraq qalırdım, lakin fərmanları oxuduqdan sonra onlar artıq məni öz adamları hesab etmirdilər. Onlar özləri isə ordenlərini başqa cür almışdılar. Düzdür, mən yaralanmışdım, amma biz hamımız çox gözəl bilirdik ki, təsadüf nəticəsində yaralananlar olur. Buna baxmayaraq mən öz ordenimdən utanmır və hərdənbir, bir neçə kokteyl içəndən sonra bu mükafatı almaq üçün onlar qədər can qoyduğumu düşünməyə başlayırdım. Amma gecəyarıdan keçmiş soyuq küləyin altında, kimsəsiz küçələrlə, fənərlərə yaxın dura-dura bağlı mağazaların qabağından evə qayıdanda bunun belə olmadığını anlayırdım. Ölümdən çox qorxurdum və yenidən cəbhəyə düşsəm, başıma nələrin gələ biləcəyi barədə gecələr yerimdə tez-tez düşünürdüm.
Yaxalarında orden olanların üçü də ov quşuna – şahinə bənzəyirdi. Mən isə şahin deyildim. Hərçənd heç vaxt ovda olmayanlar məni şahinə bənzədə bilərdilər. Onların üçü də bunu çox gözəl anlayırdı və beləliklə, yollarımız tədricən ayrıldı. Cəbhəyə düşdüyü elə ilk gündə yaralanan gənclə isə biz dost qaldıq. Çünki o özü də bilmirdi ki, yaralanmasa, nələrə qadir ola bilərdi və bu səbəbdən onu da özlərininki hesab etmirdilər. Mənim fikrimcə, ondan şahin çıxmazdı və buna görə həmin gəncdən xoşum gəlirdi.
Əvvəllər məşhur qılıncoynadan olmuş mayor qəhrəmanlığa inanmırdı və biz aparatda oturan müddət ərzində mənim qrammatik səhvlərimi düzəltməklə məşğul idi. Bir dəfə o mənim italyan dilini pis bilmədiyimi söylədi və biz uzun-uzadı bu dildə söhbət etdik. İtalyan dilinin, zənnimcə, asan olduğunu və bu səbəbdən də onunla ciddi şəkildə maraqlanmağa lüzum görmədiyimi söylədim. “Əlbəttə, – mayor dedi. – Amma siz nə üçün qrammatikaya fikir vermirsiniz?” Beləliklə, biz qrammatikaya fikir verməyə başladıq. Tezliklə italyan dilinin çox çətin olduğunu anladım. Bundan sonra qrammatik qaydalar beynimdə həkk olunana qədər italyan dilində danışmaqdan çəkinməyə başladım.
Mayor hospitala davamlı olaraq gəlirdi. Deyəsən, onun bura baş çəkmədiyi bir gün də olmamışdı. Hərçənd aparata inanmırdı və bir dəfə bu müalicə üsulunun cəfəngiyyat olduğunu söyləmişdi. Aparatlar o vaxtlar yeni çıxmışdı və onları bizim üzərimizdə sınaqdan keçirməli idilər. “Axmaq ixtiradır, – mayor dedi. – Ağılsızlıqdan başqa bir şey deyil”. Həmin gün mən qrammatika dərsimi hazırlamamışdım. Mayor mənim bütün bəşəriyyət üçün üz qarası, özünün isə mənə baş qoşduğu üçün sarsaq olduğunu bildirdi. Mayor balacaboy idi. O, kresloda dik oturmuşdu. Sağ əli aparatın içində idi. Gözünü qarşı divara zilləmişdi. Barmaqlarını arasına soxduğu qayışlar isə boğuq bir taqqıltı ilə yuxarı-aşağı hərəkət edirdi.
– Müharibə qurtarandan sonra, əlbəttə, əgər qurtarsa, nə ilə məşğul olacaqsınız? – deyə o soruşdu. – Amma qrammatikanı unutmayın ha.
– Amerikaya qayıdacağam.
– Evlisiniz?
– Xeyr, amma evlənəcəyimə ümid edirəm.
– Çox nahaq yerə, – mayor dedi. Deyəsən, yaman əsəbiləşmişdi. – Adam evlənməməlidir.
– Nə üçün, signor maggiore?[3 - ”Cənab mayor” (ital.)]
– Mənə “signor maggiore” deməyin.
– Yaxşı, bəs niyə adam evlənməməlidir?
– Olmaz, ona evlənmək olmaz! – hirslə dedi. – Əgər insan hər şeyini itirməyə məhkumdursa, gərək üstəlik bunu da təhlükə altında qoymasın. O gərək itirilməsi mümkün olmayan bir şey tapsın.
Mayor acıqlı-acıqlı danışır və əsəbi halda qarşısında bir nöqtəyə baxırdı.
– Axı o nə üçün mütləq itirməlidir?
– İtirəcək, – mayor dedi. O, divara baxırdı. Sonra nəzərlərini divardan çəkib aparata baxdı, qurumuş əlini qayışların arasından çıxarıb ayağına çırpdı. – İtirəcək, – o qışqırdı. – Mənimlə mübahisə etməyin! – Sonra o, sanitarı çağırdı: – Bu lənətə gəlmiş zəhrimarı dayandırın.
Mayor qonşu otağa keçdi. Orada işıq və masajla müalicə edirdilər. Onun həkimdən zəng etmək üçün icazə aldığını və qapını bağladığını eşitdim. O geri qayıdında mən artıq başqa aparatda oturmuşdum. Mayorun əynində plaş və papaq var idi. O mənə yaxınlaşıb salamat əlini çiynimə qoydu.
– Məni bağışlayın, – deyib çiynimi şappıldatdı. – Kobudluq etmək istəmirdim. Arvadım təzəcə rəhmətə gedib. Bağışlayın.
– Aman Allah, – onun halına acıyaraq dedim, – nə böyük bədbəxtlikdir.
O, yanımda dayanıb dodaqlarını çeynəyirdi.
– Çox çətindir, – dedi. – Barışa bilmirəm. – Mayor arxamdakı pəncərəyə baxırdı. Birdən ağladı. – Heç cür barışa bilmirəm, – dedi və səsi qırıldı. Sonra göz yaşları axa-axa başını qaldırdı və heç yana baxmadan, dodaqlarını gəmirə-gəmirə əsl hərbçi kimi qamətini düzəltdi və aparatların yanından keçib otaqdan çıxdı.
Həkim mənə danışdı ki, onun gənc arvadı sətəlcəmdən ölüb. Mayor yalnız hərbi xidmətə tam yararsız hesab ediləndən sonra onunla evlənibmiş. Xəstəlik cəmi bir neçə gün çəkib. Onun öləcəyini heç kim gözləmirmiş. Mayor üç gün hospitalda görünməyib. Sonra, həmişəki kimi, təyin olunan vaxt mundirinin qolunda qara sarğı gəlib. Bu üç gün ərzində isə aparat otağının divarlarına müxtəlif yaraların müalicəyə qədərki və sonrakı şəkilləri vurulub. Mayorun aparatının qarşısından üç şəkil asılıb. Bu şəkillərdə eynilə onun əlinə bənzər əllər təsvir olunmuşdu. Müalicədən sonra onlar normal hala düşmüşdü. Heç bilmirəm, həkim bu şəkilləri haradan tapıb gətirib. Həmişə düşünmüşəm ki, bu aparatlarla ilk müalicə alan bizik. Amma həmin şəkillər mayorda heç bir ümid oyatmadı, mayor onlara yox, pəncərədən bayıra baxırdı.

    Tərcümə: Fərrux Şıxlinski

AĞ FİLLƏR
Ebro[4 - Ebro – Pireney yarımadasının şimal-şərqində çay] çayı vadisindən o tərəfə uzun və ağ təpələr görünürdü. Bu tərəfdə isə nə ağac, nə də kölgə tapmaq olurdı. İki dəmir yolu xətti arasındakı stansiya günün altında yanırdı. Təkcə tikilinin qabağında qaynar kölgə var idi, barın açıq qapısından isə bambuk qamışlarından pərdə asılmışdı. Çox isti idi. Barselonadan gələn ekspres qırx dəqiqədən sonra keçməli idi. Bu stansiyada o, iki dəqiqə dayanır, sonra Madridə yola düşürdü.
– Nə içsək yaxşıdır? – qız soruşdu və şlyapasını çıxarıb masanın üstünə qoydu.
– Dəhşət istidir, – kişi dedi.
– Gəl pivə içək.
– Dos cervezas[5 - “İki parç pivə” (isp.)], – kişi pərdəni aralayıb dedi.
– Böyük? – qapının arxasından qadın soruşdu.
– Hə. İki böyük.
Qadın iki parç pivə və keçədən iki altlıq gətirdi. O, altlıqları masanın üzərinə, pivə dolu parçları isə onların üstünə qoydu. Sonra gözlərini kişi ilə qıza zillədi. Qız uzaqlara, sıra ilə düzülmüş təpələrə baxırdı. Onlar günəşin altında ağarırdı, ətrafda isə hər şey qurumuş və bozarmışdı.
– Sanki ağ fillərdir, – qız dedi.
– Ömrümdə ağ fil görməmişəm. – Kişi pivəsini içdi.
– Harada görəydin?!
– Niyə də yox? Sən çox şey söyləyə bilərsən, bu heç nə demək deyil.
Qız bambuk pərdəyə baxdı.
– Onun üstündə nəsə yazılıb, – dedi. – Nə yazılıb?
– “Anis del Toro”. Arağın adıdır.
– Gəl dadına baxaq.
– Bura baxın! – kişi çağırdı. Qadın bardan çıxdı.
– Borcunuz dörd realdır.
– Bizə iki stəkan “Anis del Toro” verin.
– Su ilə?
– Sən necə istəyirsən? Su ilə?
– Bilmirəm, – qız dedi. – Su ilə dadlı olur?
– Babat.
– Hə, necə gətirim, su ilə? – qadın soruşdu.
– Bəli. Su ilə.
– Biyan tamı verir, – qız arağın dadına baxıb stəkanı masanın üstünə qoydu.
– Həmişəki kimi.
– Bəli, – qız dedi. – Hər şey biyan tamı verir. Ələlxüsus çoxdan bəri arzusunda olduğum bir şeydən. Absent[6 - Absent – yovşan arağı] də həmin tamı verir.
– Bəsdir görək.
– Özün birinci başladın, – qız dedi. – Kefim yaxşı idi. Darıxmırdım.
– Nə deyirəm, gəl çalışaq, darıxmayaq.
– Mən çalışırdım. Dedim ki, təpələr ağ fillərə oxşayır. Məgər pis bənzətmə idi?
– Yaxşı idi.
– Sonra bu arağın dadına baxmaq istədim. Bizim işimiz-gücümüz yeni yerləri gəzib yeni içkilərin dadına baxmaqdır.
– Elədir ki var.
Qız təpələrə bir də nəzər saldı.
– Gözəl təpələrdir, – dedi. – Bəlkə də, onlar heç ağ fillərə bənzəmir. Sadəcə olaraq düşündüm ki, yəqin, fillər də beləcə ağacların arasından ağarır.
– Bəlkə, yenə içək?
– Pis olmaz.
İsti külək bambuk pərdəni yellətdi.
– Yaxşı pivədir, soyuqdur, – kişi dedi.
– Çox gözəldir, – qız dedi.
– Ciq, bu, yüngül bir əməliyyatdır, – kişi dedi. – Heç əməliyyat da demək olmaz.
Qız aşağı, masanın ayağına baxırdı.
– Ciq, özün görəcəksən, boş şeydir. Sadəcə, iynə vuracaqlar.
Qız susurdu.
– Mən səninlə gedəcəyəm və yanından ayrılmayacağam. İynə vuracaqlar, sonra hər şey qaydasına düşəcək.
– Bəs sonra başımıza nə gələcək?
– Hər şey yaxşı olacaq. Əvvəlki yoluna düşəcək.
– Niyə belə düşünürsən?
– Bizə mane olan elə təkcə budur. Bircə buna görə biz xoşbəxt ola bilmirik.
Qız pərdəyə baxdı, əlini uzadıb qamışlardan ikisini tutdu.
– Deməli, sən düşünürsən ki, biz özümüzü yaxşı hiss edəcək və xoşbəxt olacağıq?
– Mən əminəm. Bircə sən qorxma. Eyni şeyi edən çox adam tanıyıram.
– Mən də, – qız dedi. – Sonra hamısı çox xoşbəxt olur.
– Əgər sən istəmirsənsə, lazım deyil. Sən istəmirsənsə, mən təkid etmirəm. Amma bilirəm ki, boş bir şeydir.
– Sən, həqiqətən, bunu istəyirsən?
– Düşünürəm ki, ən düzgün çıxış yoludur. Yox, əgər özün istəmirsənsə, lazım deyil, onda mən də əsla istəmirəm.
– Amma mən bunu etsəm, razı qalarsan. Hər şey əvvəlki kimi olar və sən məni yenə sevərsən!
– Mən səni elə indi də sevirəm, özün ki bilirsən.
– Bilirəm. Bunu edəndən sonra hər şey əvvəlki kimi yaxşı olacaq və mən deyəndə ki, təpələr ağ fillərə oxşayır, bu sənin xoşuna gələcək?
– Bu mənim çox xoşuma gələcək. Elə indi də xoşuma gəlir, amma indi fikrim bir az ayrı yerdədir. Özün bilirsən, mən həyəcan keçirəndə həmişə belə oluram.
– Bəs mən bunu etsəm, sən həyəcanlanmayacaqsan ki?
– Yox, çünki bu, boş, yüngül bir şeydir.
– Elə isə mən bunu edərəm. Başıma nə gələcəyi vecimə deyil.
– Necə yəni?
– Başıma nə gələcəyi vecimə deyil.
– Axı mənim vecimədir.
– Hə, hə. Amma başıma nə gələcəyi mənim vecimə deyil. Mən bunu edəcəyəm və hər şey yaxşı olacaq.
– Əgər belədirsə, onda sənin bunu etməyini istəmirəm.
Qız ayağa qalxıb platformanın qurtaracağına qədər addımladı. Yolun o başı ağaclıq idi, Ebronun sahili boyunca əkin sahələri uzanırdı. Çayın arxasında, uzaqlarda dağlar ucalırdı. Buludun kölgəsi yamyaşıl zəmilərin üstü ilə sürünür, ağacların arasından isə çay görünürdü.
– Bütün bunlar bizim ola bilərdi, – qız dedi. – Hamısı bizim ola bilərdi, amma bunun mümkün olması ehtimalı gündən-günə azalır. Günah da özümüzdədir.
– Sən nə deyirsən?
– Deyirəm ki, hər şey bizim ola bilərdi.
– Hər şey onsuz da bizimdir.
– Yox, bizim deyil.
– Bütün dünya bizimdir.
– Yox, bizim deyil.
– Biz ürəyimiz istəyən yerə gedə bilərik.
– Yox, bilmərik. İndi bütün bunlar bizim deyil.
– Bizimdir.
– Yox. Bir dəfə əldən buraxdığın bir daha geri qayıtmaz.
– Amma biz hələ heç nəyi əldən buraxmamışıq.
– Görərsən.
– Gəl kölgəyə qayıdaq, – kişi dedi. – Belə həyəcanlanmaq lazım deyil.
– Mən həyəcanlanmıram, – qız dedi. – Sadəcə, hər şeyi anlayıram.
– İstəmədiyin bir şeyi etməyinə razı deyiləm…
– Yaxud mənə ziyan olan bir şeyi. Bilirəm. Bəlkə, yenə pivə içək?
– Yaxşı. Amma sən başa düşməlisən ki…
– Mən başa düşürəm, – qız dedi. – Bəlkə, bu söhbəti kəsək?
Onlar masanın arxasında oturdular. Qız çayın o tayındakı təpələrin günəşdən yanmış yamaclarına, kişi isə qıza, bir də masaya baxırdı.
– Sən başa düşməlisən ki, – kişi dedi, – istəmədiyin heç bir şeyi etməli deyilsən. Əgər bu sənin üçün belə əhəmiyyət daşıyırsa, mən buna razıyam.
– Bəs sənin üçün əhəmiyyət daşımır? Birtəhər öhdəsindən gələrdik.
– Əlbəttə, daşıyır. Amma iş orasındadır ki, səndən başqa mənə heç kəs lazım deyil. Onu da bilirəm ki, bu, boş bir şeydir.
– Əlbəttə. Sən bunun boş şey olduğunu bilirsən.
– Nə istəyirsən de, amma mən bunun belə olduğunu bilirəm.
– Səndən bir şey xahiş edə bilərəm?
– Sənin üçün nə istəsən edərəm.
– Elə isə mən səndən çox, çox, çox, çox xahiş edirəm ki, susasan.
O cavab verməyib divarın yanındakı çamadanlara baxdı. Çamadanların üstünə qaldıqları bütün otellərin yarlıqları yapışdırılmışdı.
– Sənin bunu etməyini istəmirəm, – kişi dedi. – Bu mənə qətiyyən lazım deyil.
– Mən indi qışqıracağam, – qız dedi.
Qadın bardan çıxıb əlindəki iki parç pivəni islanmış altlıqların üstünə qoydu.
– Qatar beş dəqiqədən sonra gələcək, – kişi dedi.
– O nə deyir? – qız qadına baxıb soruşdu.
– Deyir ki, qatar beş dəqiqədən sonra gələcək.
Qız minnətdarlıqla qadının üzünə gülümsündü.
– Gedim çamadanları o biri tərəfə keçirim, – kişi dedi. Qız cavabında güldü.
– Yaxşı. Sonra qayıt pivəni iç.
Kişi ağır çamadanları qaldırıb stansiyanın o biri tərəfindəki platformaya daşıdı. Yola baxdı, qatar hələ görünmürdü. Geri qayıdarkən barın içindən keçdi. Qatarı gözləyən sərnişinlər pivə içirdilər. O, piştaxtanın qabağında bir stəkan “Anis del Toro” içdi və içəridəkilərə baxdı. Hamı sakitcə qatarı gözləyirdi. O, bardan çıxdı, bambuk pərdəni araladı. Qız masanın arxasında oturmuşdu, onu görcək gülümsədi.
– Özünü necə hiss edirsən? – kişi soruşdu.
– Çox yaxşı, – qız dedi. – Hər şey qaydasındadır. Özümü əla hiss edirəm.

    Tərcümə: Fərrux Şıxlinski

SARIBÜLBÜL
Qatar kərpicdən tikilmiş uzun bir evin qarşısından sürətlə keçdi. Evin həyətində dörd irigövdəli palma ağacı var idi. Ağacların kölgə saldığı yerə balaca masalar qoyulmuşdu. Dəmir yolunun o biri üzü dəniz idi. Sonra qum və gil təpələrinin yamacları göründü, dəniz isə hərdənbir, qayalıqların aşağı hissəsində gözə dəyirdi.
– Mən onu Palermoda almışam, – amerikalı qadın dedi. – Biz orada cəmisi bir saat dayandıq. Bazar günü səhər tezdən idi. Satan adam pulu dollarla istədi, mən də dollar yarım verdim. Əla oxuyur, elə deyilmi?
Qatarın içərisi çox isti idi. Yataqlı vaqonun kupesində nəfəs almaq olmurdu. Hava elə bil dayanmışdı. Amerikalı qadın pəncərənin pərdəsini endirdi. Hərdənbir gözə dəyən dəniz indi tamamilə görünməz oldu. Kupenin şüşə qapılarından dəhliz və qarşı tərəfdəki açıq pəncərə görünürdü. Pəncərənin o üzündə isə günəşin altında parıldayan yolu, yolboyu uzanan tozlu ağacları, üzümlükləri və onların arxasındakı boz təpəlikləri seyr etmək olardı.
Hündür boruların əksəriyyətindən tüstü çıxırdı. Marselə çatırdıq. Qatar sürətini azaltdı və saysız-hesabsız yollardan biri ilə vağzala daxil oldu. Marseldə iyirmi beş dəqiqə dayandıq, amerikalı qadın “Deyli meyl” və yarım şüşə mədən suyu aldı. Sonra platformada gəzişdi. Amma vaqondan çox aralanmadı, çünki qatar Kannda on iki dəqiqə dayandıqdan sonra xəbərdarlıq fiti vermədən tərpənmiş və o, vaqona özünü zorla çatdırmışdı. Amerikalı qadının qulaqları zəif eşidirdi. Buna görə də ehtiyat edirdi. Düşünürdü ki, bəlkə də, fit verilibmiş, sadəcə, o eşitməyib.
Qatar Marsel vağzalından çıxdı. İndi nəinki fabriklərin tüstüsünü, əgər dönüb geriyə baxsan, şəhərin özünü, limanı, onun arxasında qalan dənizi və suyun üzünə düşən günəş şüalarının son işıltısını da görmək olardı. Qatar alaqaranlıqda çöldə od tutub yanan bir fermanın yanından ötdü. Yolun kənarında maşınlar dayanmışdı. Yorğan-döşəyi və evin bütün əşyalarını çölə çıxartmışdılar. Yanğına tamaşa etmək üçün xeyli adam toplaşmışdı.
Hava qaralanda qatar Avinyona gəldi. Sərnişinlər həm minir, həm də düşürdülər. Parisə qayıdan fransızlar köşklərdən təzə fransız qəzetlərini alırdılar. Platformada qəhvəyi mundirli zənci əsgərlər dayanmışdılar. Onlar hamısı ucaboy idi, sifətləri elektrik fənərlərinin işığında parıldayırdı. Hamısı qapqara idi. Həddən artıq uca boyları isə vaqonların içərisində nə baş verdiyini görmələrinə imkan vermirdi. Qatar yerindən tərpəndi, platforma və zəncilər arxada qaldılar. Onların yanındakı balacaboy ağ çavuş da gözdən itdi.
Yataqlı kupedə bələdçi üç çarpayı açıb yer saldı. Amerikalı qadın bütün gecəni yatmadı, çünki qatar sürət qatarı idi. O isə gecələr qatarın bərk getməsindən qorxurdu. Qadının çarpayısı pəncərənin ağzında idi. Palermodan alınan sarıbülbülü şala bürünmüş qəfəsin içində dəhlizə çıxarıb ayaqyolunun yanına qoydular. Bura yel çəkmirdi. Dəhlizdə göy fənər yanırdı. Qatar bütün gecəni çox sürətlə gedir, amerikalı qadın isə yatmır, qəza olacağını gözləyirdi.
Gecəni yuxusuz qaldığına baxmayaraq səhər, Parisə çataçatda, amerikalı qadın yuyunma otağından olduqca gümrah və xoş əhvali-ruhiyyədə çıxdı. Əsl ortayaşlı amerikalı qadın idi. Qəfəsə bürünmüş şalı açdı və qəfəsi elə asdı ki, üstünə günəş düşsün. Sonra qəhvəaltı üçün vaqon-restorana yollandı. O qayıdanda yerlər yığılmış, çarpayılar yenidən oturacağa çevrilmişdi. Sarıbülbül açıq pəncərədən içəri düşən günəş şüaları altında lələklərini təmizləyirdi. Qatar isə Parisə yaxınlaşırdı.
– O, günəşi çox sevir, – amerikalı qadın dedi. – İndi cəh-cəh vuracaq.
Sarıbülbül silkinib lələklərini təmizləməkdə davam etdi.
– Mən həmişə quşları xoşlamışam, – amerikalı qadın dedi. – Onu evə, qızım üçün aparıram… Gördünüz, başladı oxumağa.
Sarıbülbül cikkildədi, boynunun tükləri azca qabardı. Sonra o, başını aşağı salıb dimdiyini lələklərinin arasına soxdu və beləcə gizləndi. Qatar sürətlə körpünün üstündən keçdi. İndi o olduqca səliqəli bir meşənin içi ilə hərəkət edirdi. Parisətrafı qəsəbələr bir-birini əvəz edirdi. Burada tramvaylar, üzü dəmir yoluna baxan divarlarda isə reklamlar var idi: “Bell Jardinyer”[7 - “Bell Jardinyer” (Belle Jardiniere) – Parisdə iri universal mağaza], “Dübonne” və “Perno”[8 - “Dübonne” (Dubonnet) və “Perno” (Pernod) – fransız yüngül sprtli içkiləri]…
Əvvəlcə amerikalı qadının mənim arvadımla söhbətinə qulaq asmırdım, sonra diqqət yetirdim.
– Əriniz də amerikalıdır? – o soruşdu.
– Bəli, – arvadım cavab verdi. – Biz ikimiz də amerikalıyıq.
– Elə bilirdim, ingilissiniz.
– Xeyr, – arvadım dedi.
– Bəlkə, aşırma qayış taxdığıma görə sizə elə gəlib? – mən soruşdum.
Amerikalı qadın eşitmirdi. Tamam kar idi və həmsöhbətini dodaqlarının hərəkətindən anlayırdı, mən isə ona tərəf baxmırdım. Mən pəncərədən bayıra baxırdım.
O, arvadımla söhbətinə davam edirdi.
– Amerikalı olduğunuza elə şadam ki. Ən yaxşı ərlər amerikalılardan çıxır, – o deyirdi. – Bilirsiniz, buna görə biz Avropanı tərk etməli olduq. Mənim qızım Vevedə[9 - Veve – İsveçrənin qərbində şəhər]

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/ernest-heminguey/hekay-l-r-68289307/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
“Rədd olsun zabitlər!”

2
“Qardaşlıq” və “Fədakarlıq”

3
”Cənab mayor” (ital.)

4
Ebro – Pireney yarımadasının şimal-şərqində çay

5
“İki parç pivə” (isp.)

6
Absent – yovşan arağı

7
“Bell Jardinyer” (Belle Jardiniere) – Parisdə iri universal mağaza

8
“Dübonne” (Dubonnet) və “Perno” (Pernod) – fransız yüngül sprtli içkiləri

9
Veve – İsveçrənin qərbində şəhər
Hekayələr Эрнест Миллер Хемингуэй

Эрнест Миллер Хемингуэй

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Эрнест Миллер Хемингуэй на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв