Çovdarlıqda uçurumdan qoruyan

Çovdarlıqda uçurumdan qoruyan
Cerom Devid Selincer
Dünya ədəbiyyatından seçmələr
Bu məşhur əsərin qəhrəmanı 16 yaşlı Holden Kolfilddir. Müəllif onun timsalında ətrafdakı hərkəsə, hər şeyəşübhə və etirazla yanaşan yeniyetmə qəhrəman obrazı yaradıb.

Cerom Selincer
Çovdarlıqda uçurumdan qoruyan

1
Əgər, doğrudan da, başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, yəqin, ilk olaraq bilmək istəyəcəksiniz ki, harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar… Ancaq düzünə qalsa, mənim köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvəla, ona görə ki belə şit şeylərdən zəhləm gedir, ikincisi də, əgər burda valideynlərim barədə bir-iki qəşəng, gəlişixoş söz desəm, onları infarkt vurar. Valideynlərim belə şeylərə dözümsüzdürlər, illah da atam. Gözəl adamlardır – buna sözüm yox, – ancaq neyləyəsən, çox dəymədüşərdirlər.
Sizə, sadəcə, keçən Milad bayramında başıma gələn sarsaq bir əhvalatdan söhbət açmaq istəyirəm. D.B-yə də elə bunları danışmışam, necə olsa, yenə də qardaşımdır axı. O indi Hollivuddadır. Hollivud qaldığım bu murdar sanatoridən çox da uzaqda deyil, ona görə az qala hər həftə bura məni yoluxmağa gəlir. Evimizə də məni elə o özü aparacaq: gələn ay, bəlkə, çıxdım bu xarabadan. Lap bu yaxınlarda qət-təzə bir «Jaguar» alıb. İngilis maşınıdır, yığcam, qutu kimidir, saatda iki yüz mil[1 - Mil – 1420 metrə bərabər məsafə ölçü vahidi] sürəti var. Onun üçün düz dörd min sayıb. İndi əclafın pulu yaman çoxdur. Əvvəlki kimi deyil. Əvvəllər evimizdə yaşayanda əsl yazıçı idi. Bir əla hekayələr kitabı da yazmışdı: «Gizlədilmiş balıq». Yəqin, eşitmiş olarsınız. O kitabda ən yaxşı hekayə də elə «Gizlədilmiş balıq»dır. Balaca oğlan uşağından danışılır; oğlanın lap balaca balığı olur və bunu hamıdan gizlətməyə çalışır, çünki onu öz puluyla alıb. Dəhşət hekayədir! İndi qardaşım Hollivuda köçüb, orada yaşayır, əməllicə yolunu azıb. Dünyada zəhləm gedən bir şey varsa, o da kinodur. Adını eşidəndə ürəyim bulanır.
Deyirəm, elə Pensi məktəbini tərk etdiyim gündən başlasam, yaxşı olar. Pensi – Pensilvaniya ştatı, Egerstaun şəhərində qapalı internat məktəbidir. Bəlkə də, haqqında eşitmisiniz. Hər halda, məktəbin elanını hökmən görmüş olarsınız: üzündən sırtıqlıq yağan oğlan uşağı irişə-irişə at belində hasarın üstündən uçur. Guya Pensidə sənin bütün günü iş-gücün at çapmaq, polo[2 - Polo – top ilə komanda şəklində oynanılan atüstü idman növü] oynamaq olacaq. Amma mən o xarabanın nəinki özündə, heç həndəvərində də ata-zada rast gəlmədim. Şəklin altında isə həmişə eyni şeyi yazırlar: «1888-ci ildən bəri bizim məktəbdə cəsur və dərrakəli oğlan uşaqları tərbiyə olunur». Mənə də yox da! Hər yerdə necə, orada da elə: heç kimə heç nə öyrətmirlər. Bir də ki orada bir nəfər də olsun «cəsur və dərrakəli oğlana» rast gəlmədim. Bəlkə də, yaxşı-yaxşı axtarsaydın, bir-ikisi tapılardı, ancaq onlar da hələ Pensiyə gəlməmişdən qabaq o cür idilər.
Qısası, şənbə günüydü və Sekson-hollda futbol yarışı gedirdi. Bu oyunu uduzmaq Pensi üçün ölümdən betərdir. Final oyunu idi və əgər Pensi bu gün uduzsaydı, gərək hamımız özümüzü asaydıq. Yadımdadır, həmin gün saat 3 radələrində Tompson təpəsində istiqlaliyyət müharibəsi[3 - İstiqlaliyyət müharibəsi – 1775–1783-cü illərdə ABŞ və İngiltərə arasında baş vermiş müharibə] dövründən burada atılıb qalmış sınıq-salxaq topun böyründə oturub oyuna baxırdım. Buradan bütün meydança əla görünürdü. Uşaqlar özlərini tamam həlak eləmişdilər. Tribunalar buradan o qədər yaxşı görünməsə də, oradakıların bağırtılarını aydınca eşidirdim.
Adətən, futbola qızlar az gəlirlər. Yalnız yuxarı sinifdə oxuyan oğlanlara qızlarla birgə stadiona gəlməyə icazə verilir. Nə deyirsiniz deyin, bu məktəbin qaydaları da özü kimi zırramadır, vəssalam. Mən harada olursa olsun qızlarla bir yerdə olmağı xoşlayıram.
Qızlardan təkcə bizim direktorun qızı Selma Termer tez-tez futbola gedir. O, pis qız deyil, ancaq ürəyimə yatmır. Bir dəfə avtobusda onunla yolyoldaşı olmuşam. Xeyli söhbət elədik. Xoşuma gəldi. Düzü, bir az uzunburundur, dırnaqlarını da elə çeynəyirdi ki, az qalırdı onlardan qan sızsın. Bir yaxşı cəhəti var idi ki, söhbət zamanı atasını tərifləyib gözümə soxmağa çalışmadı. Yəqin, o zırramanın hansı yuvanın quşu olduğunu özü də çox yaxşı bilir.
Stadiona getmək əvəzinə Tompson təpəsinə dırmaşıb oyuna oradan tamaşa eləməyimin səbəbi vardı: qılıncoynadanlar komandasının tərkibində Nyu-Yorkdan təzəcə qayıtmışdım. Mən bu heyvərə komandanın həm də kapitanıydım. Hə, yaman böyük vəzifə sahibiydim. Amma yarış baş tutmadı, çünki rapiralarımızı[4 - Rapira – dördüzlü uzun elastik tiyəsi olan itiuclu silah (indi ancaq təlim və qılıncoynatma idmanında işlədilir)], idman formalarımızı, bir sözlə, zir-zibillərimizin hamısını yolda itirdim. Yadımdan çıxıb, deyəsən, metroda qalmışdı. Günah məndə deyildi. Tez-tez durub vaqondakı sxemə baxırdım, çünki düşəcəyimiz stansiyanı yaxşı tanımırdıq. Bir sözlə, geri qayıdanda gecikdik, Pensiyə nahar vaxtı əvəzinə saat 3-ün yarısında çatdıq. Yolboyu uşaqlar mənim huşsuzluğumu lağa qoyub güldülər. Amma, doğrudan da, gülməli idi.
Stadiona getməməyimin bir səbəbi də o idi ki, qoca Spenserlə, bizim tarix müəllimi ilə görüşüb vidalaşmalıydım. Qocanı qrip tutmuşdu. Fikirləşirdim ki, bu gün getməsəm, Milad bayramı başlananacan onunla görüşməyə fürsət tapmayacağam. Həm də xəbər göndərmişdi ki, evə yola düşməmişdən qabaq mənimlə danışmaq istəyir. Bilirdi ki, daha Pensiyə qayıdan deyiləm.
Hə, yadımdan çıxdı deyəm: axı məni bu andıraqalmış məktəbdən qovublar! Qış tətilindən sonra bura qayıtmağımın mənası yox idi, çünki dörd fəndən kəsirim vardı. Min dəfə xəbərdarlıq eləmişdilər: çalış, oxu, yoxsa qovulacaqsan. Rübün ortalarında valideynlərimi də Termerin yanına çağırdılar, yenə mənə təsir eləmədi. Ümumiyyətlə, Pensidə çox uşaq qovulur.
Dekabr ayı idi, soyuq iliyə işləyirdi, illah da bu lənətə gəlmiş təpənin başında. Əynimdə gödəkçə vardı, əlcək-zad yoxdu. Bir həftə qabaq dəvə dərisindən olan paltom yataqxanadakı otağımızdan yoxa çıxanda isti əlcəklərim də paltonun cibində getdi. Bu lənətə gəlmiş məktəbdə oğurluq kefin istəyən qədərdir. Burada oxuyanların çoxu imkanlı ailədəndir, di gəl, gündə bir şey oğurlanır. Bahalı məktəbin oğrusu da çox olur. Nə isə, hələ də çərdəymiş topun yanında oturub oyuna tamaşa eləyirdim, yancaqlarım soyuqdan buz bağlamışdı. Gözüm stadionda olsa da, fikrim başqa yerdəydi. Əslinə qalsa, ona görə burada ilişib qalmışdım ki, həmişəlik getdiyimə necəsə sevinmək istəyirdim. İndiyə qədər neçə məktəbdən, neçə yerdən ayrılmışamsa, heç zaman heç kimlə vidalaşmamışam. Belə şeylərdən zəhləm gedir.
Buradan həmişəlik canımı qurtardığıma əmin olandan sonra geriyə dönüb yamacla üzüaşağı – qoca Spenserin evinə sarı götürüldüm. O, məktəb korpusunda yaşamırdı.
Yolboyu dayanmadan qaçdım, sonra ayaq saxlayıb bir dəqiqəliyə nəfəsimi dərdim. Açığını deyim ki, tez-tez təngnəfəs oluram. Əsas səbəb də odur ki, keçən il vərəmə tutuldum, ona görə də məni bu çərdəymiş sanatoriyə müayinəyə və müalicəyə göndərdilər.
Off! Axır ki, qoca Spenserin evinə çatdım. Əl atdım zəngin düyməsinə. Əməlli-başlı donmuşdum. Qulaqlarım göynəyirdi, barmaqlarımı isə güclə tərpədə bilirdim. Nəhayət, missis Spenser gəlib qapını açdı.
– Holden! – missis Spenser dedi. – Xoş gəlmisən! Gir içəri, gir içəri, əzizim! Lap donmusan!
Mənim gəlişimə şad idi. Hər halda, mənə elə gəlirdi.
Özümü tezcə evə təpdim.
– Necəsiniz, missis Spenser? – dedim. – Mister Spenser necədir?
– Gödəkçəni bura ver, əzizim, – o dedi. Nə soruşduğumu eşitmədi. Çünki bir balaca karlığı var idi.
Gödəkçəmi dəhlizdəki paltar şkafından asdı, mənsə əlimi saçıma çəkdim. Saçımı qısa vurdurduğumdan çox vaxt heç daramaq da lazım gəlmir.
– Nə var, nə yox, missis Spenser? – eşitməsi üçün bu dəfə bərkdən soruşdum.
– Yaxşıyam, Holden, yaxşıyam! – şkafın qapısını örtdü. – Bəs sən necəsən?
Səsindən başa düşdüm ki, mister Spenser məktəbdən qovulmağımı ona xəbər verib.
– Mən də yaxşıyam, – dedim. – Mister Spenser necədir? Qripi hələ sağalmayıb?
– Hara sağalır?! Holden, bilirsən, özünü uşaq kimi aparır… Öz otağındadır, oğlum. Keç içəri.

2
Otağının qapısı açıq olsa da, nəzakət xətrinə qapını taqqıldatdım. O, başını çevirdi, mənə sarı baxıb ucadan səsləndi:
– Kimdir? Kolfild, sənsən? Keç içəri, oğlum!
İçəri girən kimi gəldiyimə peşman oldum, onun bu vəziyyətində nə lazım idi axı?! Otaq cürbəcür dərman şüşələri və atma həblərlə doluydu. Əslində, xəstə adama o qədər də ürəyim yanmır. Elə indi də məni mütəəssir eləyən mister Spenserin xəstəliyi yox, onun əynindəki nimdaş, cındırı çıxmış xalat oldu. Bu xalata baxanda elə bilirdin, zalım oğlu onu anadan olduğu gündən bəri əynindən çıxarmayıb. Belə ahıl adamları bu cür xalatda, ya pijamada görəndə ürəyim bulanır.


– Salam, ser! – dedim. – Xəbər göndərmisiniz, ona görə gəldim. Dəvət etdiyinizə görə çox sağ olun.
Mənə xəbər göndərmişdi ki, tətilə getməzdən əvvəl ona baş çəkim, onunla sağollaşım. Çünki yaxşı bilirdi ki, bir də geri qayıdan deyiləm.
– Deməli, bizdən gedirsiniz? – o soruşdu.
– Bəli, ser. Deyəsən, elədir.
Başladı başını bulamağa. Ömrümdə mister Spenser kimi başını bu qədər çox bulayan adama rast gəlməmişəm.
– Doktor Termer səninlə nə barədə söhbət elədi, oğul? Eşitdiyimə görə söhbətiniz xeyli uzun çəkib.
– Elədir, uzun çəkdi. Xeyli danışdı. Bəlkə də, iki saat onun kabinetində oturmalı oldum.
– Axı sənə nə deyirdi?
– Eh… Həyat belə gəldi, oyun belə getdi. Nə bilim, gərək bu oyunda bütün qaydalara düzgün riayət edəsən… Özünüz bilirsiniz də.
– Həyat, həqiqətən, bir oyundur, oğul. Elə bir oyun ki, gərək onun qaydalarına tabe olasan.
Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən, dərd yarıdır, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, zəif olan tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də!
– Doktor Termer bu haqda sənin valideynlərinə xəbər verib? – qoca Spenser soruşdu.
– Dedi ki, bazar ertəsi yazacaq.
– Bəs özün xəbər eləmisən?
– Xeyr, ser. Onlarla danışmamışam, çünki onsuz da evə gedirəm. Çərşənbə günü axşam yanlarında olacağam.
– Sən bilən, onlar bu xəbəri necə qarşılayacaqlar?
– Eh! – dedim. – Yəqin ki, bərk hirslənəcəklər. Hökmən hirslənəcəklər. Bununla dördüncü məktəbdir dəyişirəm.
«Eh» deməyə artıq vərdiş eləmişəm. Səbəbi də budur ki, söz ehtiyatım zəifdir. Həm də yaşım artsa da, ağlım artmayıb. Onda on altı yaşım vardı, indi isə on yeddidir, amma özümü lap on üç yaşlı uşaq kimi aparıram. Özü də bu çox gülünc çıxır: boyum altı fut[5 - Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi] iki düym[6 - Düym – İngiltərədə 2,54 sm-ə bərabər uzunluq vahidi] yarımdır, saçlarımsa əməlli-başlı ağarıb. Düz sözümdür. Başımın sağ tərəfi tamam ağappaqdır. Lap körpəlikdən. Ancaq hələ də elə hərəkətlər eləyirəm, elə bil on iki yaşındayam. Bunu mənə hamı irad tutur, ən çox da atam. Bəlkə də, haqlıdır, amma o qədər də yox. Hamıya elə gəlir ki, sənin nə yuvanın quşu olduğunu bilir. Bu mənim vecimə də deyil, ancaq onlar mənə «yekə oğlansan, uşaqlıq eləmə» deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək istəyirəm, amma nədənsə heç kəs bunu görmür. Ümumiyyətlə, bu camaat heç vaxt yaxşı şeyi görmək istəmir.
Qoca Spenser yenə də başını bulamağa başladı.
– Atan-ananla mən də tanışam. Bir neçə həftə bundan qabaq doktor Termer onları öz yanına söhbətə çağırtdıranda görüşmüşük. Çox alicənab adamlardır.
– Əlbəttə, elədir. Alicənab adamlardır.
Birdən qoca Spenser ciddiləşdi. Əvvəllər heç vaxt onu bu qədər ciddi görməmişdim.
– Bu rübdə neçə fəndən qiymət almısan?
– Beş, ser.
– Beş? Bəs neçəsindən kəsilmisən?
– Dördündən. İngilis dilindən yaxşı çıxdım, – dedim.
O heç mənə qulaq asmırdı. Ümumiyyətlə, baş-qasının nə dediyinə qulaq asan deyil.
– Mən səni tarixdən ona görə kəsmişəm ki, heç nə öyrənməmişdin.
– Bilirəm, ser. Özüm bilirəm. Sizlik bir iş yoxdur.
– Sənin yazı işin burada – şifonerin başındadır. Gətir onu bura.
Lap heyvərəlik eləyirdi mənə qarşı. Əlacım kəsildi, durub dəftəri ona verdim. İndi bura gəldiyimə görə nə qədər peşman olduğumu heç təsəvvürünüzə də gətirə bilməzsiniz.
– Burada yazdıqlarına qulaq asmaq istəyirsən?
– Yox, ser, lazım deyil, – dedim.
Ancaq yenə oxudu. Əgər ağlına bir şey girdisə, onu bu fikirdən daşındırmaq müşkül məsələdir. Öz bildiyini hökmən eləyəcək.
Qoca Spenser dəftəri açıb oxumağa başladı: «Misirlilər qədim Qafqaz irsinə mənsub olub Afrikanın şimal əyalətlərində yaşamışlar. Afrika isə biz bildiyimiz kimi, Şərq yarımkürəsində ən böyük qitədir. Misirlilərin öz ölülərini basdırmazdan əvvəl necə mumiyaladıqları müasir elmdə tapmaca kimi qalır».
O susdu, dəftəri yerə qoydu. İndi ona əməlli-başlı nifrət eləyirdim.
– Bu da sənin inşa yazın, – kinayə ilə əlavə etdi: – Hələ səhifənin sonunda mənə kiçik bir qeyd də yazmısan.
– Bilirəm, yazmışam, – bunu elə cəld dedim ki, heç olmasa, bu qeydi oxumağa ona imkan verməyim. Amma onu saxlamaq çətin idi, yaman cuşa gəlmişdi.
– «Hörmətli mister Spenser! – ucadan oxumağa başladı. – Misirlilər haqda bildiklərim bundan ibarətdir. Sizin mühazirələriniz çox maraqlı olsa da, misirlilər məni elə də maraqlandırmır. Bu inşaya görə məni kəsməli olsanız, bunu o qədər də ürəyinizə salmayın. Onsuz da ingilis dili ilə ədəbiyyatından başqa, bütün fənlərdən kəsilmişəm. Sizə böyük hörmət bəsləyən Holden Kolfild».
O, çərdəymiş dəftəri bir yana qoyub məğrur-məğrur üzümə baxdı, sanki indicə məni pinq-ponq[7 - Pinq-ponq – stolüstü tennis] oyununda udmuşdu. Əgər özü belə bir şey yazmış olsaydı, bunu heç vaxt onun üzünə vurmazdım. Axı bu andıraqalmış qeydi ona görə yazmışdım ki, məni kəsəndə ürəyi ağrımasın.
– Səni kəsdiyim üçün məni təqsirkar sayırsanmı, oğul? Sən mənim yerimdə olsaydın, neyləyərdin? Amma düzünü de, oğul.
Barı dəqiqəbaşı «oğul» deməyəydi. Görünür, məni kəsməyinə pərt olmuşdu. Ancaq özümü o yerə qoymadım. Dedim ki, mən, həqiqətən, korazehin adamam, beynimə heç nə girmir. Onun yerində olsaydım, mən də elə hərəkət eləyərdim və sairə və ilaxir. O ki var, gopladım.
Ancaq məzə burasındaydı ki, dilimə güc versəm də, fikrim tamam başqa yerdəydi. Mən Nyu-Yorkda yaşayıram. Və elə bu anda Mərkəzi park, onun cənub girəcəyindəki göl yadıma düşmüşdü. Fikirləşdim ki, görəsən, mən evə qayıdanacan o göl başdan-ayağa donacaqmı, əgər donacaqsa, bəs onda ordakı ördəklər necə olacaq? Göl tamam donub buz bağlayandan sonra ördəklərin hara getdiyini təsəvvür eləyə bilmirdim. Bəlkə, yük maşınına qoyub zooparka aparırlar? Bəlkə də, özləri başqa yerə uçub-gedirlər?
Deyəsən, məndə pis alınmır. Bir yandan qoca Spenserə gopa basıram, o biri yandan isə ördəklərin fikrini çəkirəm. Belə çıxır ki, müəllimə hesabat verəndə beynini əziyyətə salmasan da olar.
– Doğrudanmı, sən öz gələcəyin barədə fikirləşmirsən? – qoca Spenser yenə soruşdu.
– Niyə ki, aradabir fikirləşirəm. Əlbəttə, fikirləşirəm. Ancaq o qədər də yox.
– Bilmirəm, sənin başına necə ağıl qoyum. Sənə kömək eləmək istəyirəm, oğul! Məni düzgün başa düş. İmkanım daxilində kömək eləmək istəyirəm.
Doğru deyirdi. Hiss elədim bunu. Ancaq biz ayrı-ayrı qütblərdə dayanmışdıq, vəssalam.
– Bilirəm, ser, bunun üçün də sizə çox-çox təşəkkür edirəm, – dedim və oturduğum yerdən qalxdım. – Təəssüf ki, indi getməliyəm. Əşyalarımın çoxu idman zalında qalıb, gedib onları götürməliyəm… Mənə görə narahat olmayın. İndi yaşımın elə vaxtıdır ki, belə də olmalıdır. Keçid dövründə hamı belə olur.
– Bilmirəm, oğul, bilmirəm.
– Sizə məktub yazacağam, ser. Qripdən özünüzü qoruyun.
– Əlvida, oğul.
Qapını örtdüm. Yemək otağından keçəndə arxamca nə isə qışqırdı, ancaq yaxşı eşidə bilmədim. Güman ki, «yaxşı yol» deyirdi. Bəlkə də, yox. Mən heç kimin arxasınca «yaxşı yol» deyə qışqırmazdım. Əslinə qalsa, çox sarsaq adətdir.

3
Yaman yalançıyam. Ömründə mənim kimisinə rast gəlməzsiniz; məsələn, qəzet köşkünə gedəndə soruşsalar ki, hara gedirsən, bir də gördün qayıtdım ki, operaya. Qoca Spenserə deyəndə ki, şeylərimi götürmək üçün hələ idman zalına qayıtmalıyam, ağ yalan danışırdım. O andıraqalmış zalda heç nəsə qoyaram?!
Qoca Spenserdən ayrılandan sonra öz otağıma qayıtmaq mənə ləzzət elədi, çünki hamı futbola getmişdi. Üstəlik, təsadüfən bu gün qızdırıcılar əla işləyirdi. Gödəkçəmi, qalstukumu çıxardım, köynəyimin yaxasını açdım və səhər tezdən Nyu-Yorkdan aldığım kepkanı başıma qoydum. Qırmızı ovçu kepkası idi, dimdiyi də uzun. Bircə dollara almışdım. Başıma da tərsinə – dimdiyi arxaya tərəf qoydum. Düzdür, bu düşüklükdür, amma mənə belə xoş gəlirdi. Sonra yarımçıq qoyduğum kitabı götürüb öz kreslomda oturdum. Otaqda iki kreslo vardı. Biri mənim, biri də otaq yoldaşım Uord Stredleyterin idi.
Əlimdəki kitabı kitabxanada səhvən mənə vermişdilər, otağa gəlib çatanda başa düşmüşdüm. İsak Daynsenin «Afrika cəngəlliklərində» kitabıdır. Fikirləşirdim ki, yəqin, səfeh bir şey olacaq, ancaq, əksinə, yaxşı kitab çıxdı. Ən çox sevdiyim yazıçı qardaşımdır – D.B.-ni deyirəm. Mənə ən çox o kitab təsir eləyir ki, oxuyub qurtarandan sonra ürəyində deyəsən: «Kaş bunu yazan mənim dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim». Ancaq belə kitaba çox az-az rast gəlmək olur.
Bir sözlə, təzə kepkamı başıma keçirib oturdum və başladım kitabı oxumağa. Artıq bir dəfə oxumuşam. İndi bəzi yerlərini təzədən oxumaq istəyirdim. Heç üç səhifə oxumamışdım ki, kiminsə duşxanadan çıxdığını eşitdim. Heç dönüb baxmadan da bildim ki, qonşu otaqda qalan Robert Eklidir. Çiyniqısıq, uzundraz bir oğlandır, boyu altı fut dörd düym idi. Dişlərinin çoxu çürümüşdü. Bir dəfə də olsun dişini yuduğunu görməmişdim: qabaq dişləri kirdən sapsarı idi. Elə xasiyyəti də murdar idi. Düzü, ondan o qədər də xoşum gəlmirdi.
Hiss elədim ki, dayanıb otağa boylanır, görsün ki, Stredleyter də burdadır, ya yox. Ondan zəhləsi gedirdi, Stredleyter otaqda olanda ömründə içəri girməzdi. Bir yana baxanda bu əclafın heç kəsi görməyə gözü yoxdur.
Duşxanadan çıxıb mənə yaxınlaşdı.
– Sala-a-m, – dedi.
Həmişə belə uzada-uzada salamlaşır.
– Sala-a-m, – mən də onu yamsılayaraq dedim, amma başımı kitabdan qaldırmadım.
Başladı otaqda yavaş-yavaş, addım-addım gərdiş eləməyə, həmişəki kimi stolun, dolabın üstündəki əşyalarımı qurdalamağa. Yaman pis vərdişi var, gərək götürüb hər şeyə baxa.
Kresloda yayxanıb başladım Ekliyə göz qoymağa. Zalım balası elə bil öz evindəydi. Çox bərk darıxanda lap əndazədən çıxıram, başlayıram şitlik eləməyə. Təzə kepkamın dimdiyini qabağa çevirdim və basdım gözümün üstünə ki, heç nə görməyim.
– Deyəsən, gözüm tutulub, – deyə bərkdən qışqırdım. – Ay ana! Ana! Hər yan qaranlıqdır, heç nə görə bilmirəm.
– Dəlisən nədir? – Ekli dedi.
– Ay ana, əlini mənə ver. Niyə əlini mənə vermirsən?
– Bəsdir, dur ayağa!
Başladım kor kimi əl-qolumu oynatmağa, ancaq ayağa-zada durub eləmədim. Elə hey zarıldayırdım:
– Ana, ana, əzizim, niyə əlini mənə vermirsən?
Bəzən bu cür hoqqalar mənə yaman ləzzət verir. Axırda bezdim. Kepkamın dimdiyini yenə arxaya fırladıb sakitləşdim.
– Bu kepkanı hardan almısan? – Ekli dedi.
– Nyu-Yorkdan.
– Neçəyə?
– Bir dollara.
– Səni hərifləyiblər, – başladı kibrit çöpüylə murdar dırnaqlarını təmizləməyə. Dırnaqlarını qurdalasa da, gözünü kepkamdan çəkmirdi.
– Biz tərəflərdə belə kepkayla maral ovuna çıxırlar, – dedi. – Bu ovçu kepkasıdır.
– Cəhənnəmə ki, – kepkamı götürüb bir də onu diqqətlə nəzərdən keçirdim. Nişan alan adam kimi gözümün birini qıyıb baxdım. – Bu kepkada adam ovuna çıxırlar, – dedim. – Bu kepkada mən adam ovlayacağam.
– Evdəkilər bilir ki, səni bayıra atıblar?
– Yox.
– Bəs Stredleyteri neyləmisən?
– Futbola gedib. Qız dostu ilə.
– Onun görüşdüyü qız kimdir elə? – dedi. Stredleyterdən zəhləsi getsə də, onun kiminlə görüşdüyünü öyrənib bilməsə, bağrı çatlayar.
– Bilmirəm. Nəyinə lazım?
– Heç, elə-belə. Zəhləm gedir ondan.
– Amma o sənin dərdindən dəlidir. Bir dəfə mənə söylədi ki, onun fikrincə, sən əsl şahzadə balasısan, – dedim. Şitliyim tutanda elə hamıya «şahzadə» deyirəm. Yoxsa dilxorçuluqdan adam birtəhər olar.
– Burnunu soxmadığı yer qoymayıb, – Ekli dedi. – Mən onu heç adam da saymıram. Amma o özünü hamıdan ağıllı sayır.
Bir müddət dinmədim. Sonra dedim:
– Ona görə Stredleyterdən xoşun gəlmir ki, o sənə həmişə «heç olmasa, bu dişlərini bir dəfə yu» deyir. Özü də sənə sataşmaq üçün demir, burda inciməli nə var ki?
– Mən dişlərimi həmişə yuyuram. Özündən uydurma!
– Yox, yumursan. Mən özüm fikir vermişəm, yuyub eləmirsən, – dedim. – Stredleyterə nə olub ki? Pis oğlan deyil. Bəla bundadır ki, sən onu yaxşı tanımırsan.
– Sənə dedim ki, o, əclafdır.
– Özünü dartmağına sözüm yox, amma çox cəhətdən əvəzsiz oğlandır, – dedim. – Bax, tutaq ki, Stredleyterin əynindəki qalstuk, ya başqa şey sənin xoşuna gəlir. Bilirsən, o neyləyər? Boğazından açıb sənə bağışlayar. Ya da, bilirsən, neyləyər? Evdən çıxanda açıb atar sənin çarpayının-zadın üstünə. Nə yolla olursa olsun hökmən onu sənə bağışlayar. Amma burdakı uşaqların çoxu…
– Söz tapdın da! – Ekli dedi. – Onun kimi pullu olsam, mən də bağışlayaram.
– Yox, sən eləməzsən, – başımı buladım.
Birdən qapı açıldı. Stredleyter tələsik içəri girdi. Həmişə harasa tələsirdi. Mənə sarı yönəldi, zarafatyana yanaqlarımı şappıldatdı – bu da heç xoşagələn vərdiş deyildi, – sonra soruşdu:
– Axşam bir yana getmirsən?
– Bilmirəm. Bəlkə, getdim. Nədir, qar yağır?
Əməllicə qara batmışdı.
– Bura bax, əgər bir yana getməyəcəksənsə, o zolaqlı gödəkçəni bir axşamlığa mənə ver.


– Yox! Sənin əyninə gəlməz, genəldərsən, – dedim. İkimiz də bir boydaydıq, ancaq o məndən iki dəfə ağır gələrdi. Çiyinləri çox enliydi.
– Qorxma, heç nə olmaz, – deyib cəld şkafa tərəf qaçdı. – Nə var, nə yox, Ekli? – arada Eklinin kefini soruşmağı da unutmadı. O, mehriban oğlan idi, kin-zad saxlamazdı. Yalandan da olsa, həmişə Ekliylə salamlaşırdı.
– Bəs qız dostun hardadır? – soruşdum.
– O biri korpusda, – əl-üz dəsmalını, üzqırxanı qoltuğuna vurub köynəksiz-zadsız otaqdan çıxdı. Otaqda da həmişə bu cür qurşağacan çılpaq gəzir, çünki belə hesab eləyir ki, yaraşıqlı bədəni var. Doğrudan da, beləydi: qədd-qamətinə söz ola bilməzdi.

4
Elə bir işim olmadığına görə mən də durub yuyunma otağına getdim. Üzünü qırxıb qurtarana qədər Stredleyter ilə bir az laqqırtı vurmaq istəyirdim. Burda da bir o idi, bir də mən. Uşaqlar hələ futboldan qayıtmamışdılar.
Yadınızdadır, Eklidən danışanda demişdim ki, pintinin, natəmizin biridir? Bax bu Stredleyter də natəmiz uşaqdır, ancaq bir az başqa cür natəmizdir. Zahirən çox səliqəliydi, amma kaş indi onun əlindəki üzqırxanı görmüş olaydınız. Pas atmışdı, tük basmışdı.
Stredleyter son dərəcə özünə məftun adamdır. Şəkildə yaraşıqlı düşürdü. Yəni onun gözəlliyi albom gözəlliyi idi. Mən Pensidə elə oğlanlar tanıyıram ki, Stredleyterdən onqat yaraşıqlıdırlar, ancaq albomda şəkilləri o qədər də yaxşı çıxmır.
Stredleyterin böyründəki kranın önündə oturub soyuq suyu açıb-bağlayırdım. Qırmızı kepka hələ də başımdaydı. Özü də tərsinə – dimdiyi arxa tərəfə. Bu kepka, doğrudan da, mənə yaman ləzzət eləyir.
– Bura bax, – Stredleyter dedi, – gəl mənim xatirimə bir iş gör.
– Nə? – çox həvəssiz soruşdum. Yaraşıqlı, özündənrazı oğlanların hamısı belədir. Gərək bunların xatirinə həmişə nəsə eləyəsən.
– Birinci günəcən tarixdən azı yüz səhifə dərs oxumalıyam, – dedi. – Bəlkə, mənim üçün ingilis ədəbiyyatından bir inşa yazasan? Birinci gün təhvil verməsəm, işim xarabdır. Yazarsan?
Məni lağa qoyub nədir?!
– Məni bu lənətə gəlmiş məktəbdən dünən qovublar. Sən də istəyirsən ki, indi sənə inşa yazım?
– Bilirəm, bilirəm. Bəla burasındadır ki, onu təhvil verməsəm, mənim də işim xarabdır. Dostumsan, kömək elə.
– Nədən yazmalıyam?
– Nədən olursa olsun. Təsviri bir şey. Otaq haqqında. Və ya bina haqqında. Ya da nə vaxtsa yaşadığın bir yer haqqında. Təki təsvir ifadəli və canlı olsun.
– Bunu hardan tapmısan? – Stredleyter soruşdu. Qırmızı kepkamı deyirdi. Yeni görürdü.
– Səhər-səhər Nyu-Yorkdan almışam. Bir dollara. Xoşuna gəlir?
Stredleyter başını tərpətdi.
– Əladır, – dedi. Əclaf məni hərifləyirdi. Çünki dərhal əlavə elədi: – Yaxşı, inşa yazarsan?
– Vaxt tapsam, yazaram.
Gəlib yenə də onun böyründəki kranın önündə oturdum.
– Budəfəki görüşün kiminlədir? Fitsceraldla? – soruşdum.
– Allah eləməsin. Sənə demədimmi, o donuzla qurtarmışam?
– Fitscerald deyilsə, bəs kimdir? Bəlkə, o Fillis Smitlə görüşəcəksən?
– Yox. Əslində, elə onunla görüşməliydim, ancaq hər şey tərsinə oldu, başqasına ilişdim. Bed Tou ilə bir otaqda qalan qız… Bura bax. Az qala yadımdan çıxmışdı. O qız səni tanıyır.
– Ola bilməz, adı nədir? – məni maraq bürüdü.
– Mən bilən… Hə, Ceyn Qallaher.
İlahi, o bunu deyəndə az qaldı huşum başımdan çıxsın.
– Ceyn Qallaher! – oturduğum yerdən dik qalxdım. – Hə, onu tanıyıram. İnişil yayda qapıbir qonşu olmuşuq. Onda onun zırpı buldoqu da var idi. Elə buldoqun hesabına tanış olduq. Həmişə gəlib bizim…
– Holden, adamsan, işığın qabağında durma, – Stredleyter dedi. – Durmağa yer tapmırsan?
Əməlli-başlı həyəcanlanmışdım.
– O indi hardadır? – soruşdum. – Heç olmasa, gedib görüşüm. Hardadır dedin? O biri korpusda?
– Eh…
– Necə oldu ki, məndən söz saldı? Görən, indi Brin-Morda oxuyurmu? Onda demişdi ki, bu məktəbə girmək istəyir. Ya da ki Şipliyə. Elə bilirdim, indi Şiplidə oxuyur. Necə oldu ki, söz məndən düşdü? – doğrudan da, bərk həyəcanlanmışdım. Düz sözümdür.
– Mən nə bilim axı?! Bəlaya düşmədik.
– Ceyn Qallaher, – yenə təkrar etdim. Hələ də özümə gələ bilmirdim. – Sən bir təsadüfə bax!
Stredleyter saçlarına mənim briolinimi[8 - Briolin – saça qulluq üçün nəzərdə tutulmuş kosmetik vasitə (əsasən, kişilər tərəfindən istifadə edilir)] sürtürdü.
– O qız rəqqasədir, – dedim. – Baletə gedir. Gündə düz iki saat məşq eləyirdi. Qorxurdu fiqurası pozula. Həmişə onunla dama oynayırdıq. Özü də damaya çıxanda daşları çevirməzdi, bircə dəfə də yerindən tərpətməzdi.
Stredleyter dinmirdi. Adətən, belə şeylər heç kəsi maraqlandırmır.
– Onun anası da biz getdiyimiz klubun üzvü idi, – dedim. – Mən orda bir müddət qolf ağacı daşıyan olmuşam. Pul qazanmaq istəyirdim.
Stredleyter heç qulaq asana oxşamırdı. Saçı ilə məşğul idi.
– Yox, gərək gedib görüşəm.
– Bəs niyə durmusan? Get də!
– Gedəcəyəm, gözlə bir dəqiqə. Onun valideynləri ayrılıb. Anası sərxoş bir adamla evlənib, – dedim.
Yaxşı yadımdadır, həmin adam həmişə şortik geyərdi. Ceyn deyirdi ki, yazıçıdır, pyes-zad yazır. Amma onu həmişə möhkəm içən, sarsaq radiodetektivlərə qulaq asan görmüşəm.
– Ceynin uşaqlığı çox ağır keçib. Zarafatsız. Yox ey, gedim onunla bir görüşüm. Yaxşı deyil.
– Bəs onda nəyi gözləyirsən? Bayaqdan gedim-gedim deyincə çıx get də, – Stredleyter dedi.
– İndi kefim yaxşı deyil, – dedim. Belə yerə getməkdən ötrü də gərək adamın, doğrudan da, kefi kök ola.
Stredleyter, axır ki, sıx, pırtlaşıq saçlarını darayıb qurtardı. Üzqırxanı, dəsmalı yığışdırdı.
– Bəri bax, məndən ona salam de, yaxşımı?
– Yaxşı, – Stredleyter dedi, ancaq dəqiq bilirdim ki, deməyəcək.
– Bura bax, – dedim, – məni qovduqlarını ona demə ha. Yaxşı?
– Yaxşı.

5
Hər şənbə axşamı bizim üçün əsl bayram idi; çünki stollara bifşteks[9 - Bifşteks – qızardılmış mal ətindən hazırlanan yemək] qoyurdular. Bunu qəsdən edirdilər. İstəsəniz lap min dollardan mərc gələrəm, çünki hər bazar valideynlərin çoxu məktəbə öz uşaqlarını görməyə gəlirdi və hər bir ana öz əziz-xələf oğlundan axşam nə yediyini soruşurdu. O da deyirdi: «Bifşteks». Fırıldağa bax! Kaş o bifşteksləri öz gözlərinizlə görmüş olaydınız. O qədər xırda və bərk idilər ki, heç bıçaq da kəsmirdi.
Həmin axşam heç kimə görüş-zad verməmişdim; pijamamı, xalatımı geydim, qırmızı kepkamı da başıma keçirib inşa yazmağa başladım.
Stredleyterin tapşırdığı kimi təsvir eləməyə nə bir ev ağlıma gəlirdi, nə otaq. Həm də belə şeylərdən inşa yazmaq ürəyimə yatmır. Ona görə də götürüb qardaşım Allinin beysbol əlcəyindən yazdım. Alli həmişə bu əlcəyi sol əlinə geyərdi. Çünki solaxay idi. Qardaşım əlcəyin hər yerinə, hətta barmaqlarının üstünə də şeir yazmışdı. Özü də yaşıl mürəkkəblə. Bunu ona görə eləmişdi ki, meydançada topsuz qalanda bikarçılıqdan oxumağa bir şey tapa bilsin. İndi o, sağ deyil. 1946-cı il iyulun 18-də biz Meyndə olanda ağ qan xərçəngindən öldü. Məndən iki yaş balaca olsa da, yüz dəfə ağıllıydı. Yaman dərrakəli uşaq idi. Müəllimləri həmişə anama məktub yazardılar ki, belə bir uşağa dərs demək onlar üçün böyük xoşbəxtlikdir.
İlahi! O necə də qəsəng uşaq idi. Bir də görürdün, yemək stolunun arxasında ağlına nə gəldisə, uğunub özündən getdi, stoldan aşdı. On üç yaşım olardı, valideynlərim məni psixiatrın yanına apardılar. Çünki qardaşımı itirən gecə yumruğumla vurub qarajın bütün şüşələrini qırmışdım. Hələ o yay aldığımız «Pickup»ın da şüşələrini qıracaqdım, olmadı, ona çatanda qolumu sındırdım. Onda elədiklərim özümdən asılı deyildi.
Elə şeylər var ki, onları xatırlamağa çətinlik çəkirsən. İndi də ha fikirləşirəm, Stredleyterin Ceynlə görüşdən haçan qayıtdığını yadıma sala bilmirəm. Yəni hələ də xatırlaya bilmirəm ki, dəhlizdə onun çərdəymiş addımlarının səsini eşidəndə mən otaqda nəylə məşğul idim. Bəlkə də, hələ pəncərənin önündən çəkilməmişdim. Mən bir şeydən əndişəyə düşəndə, həqiqətən, bərk həyəcanlı oluram. Stredleyteri mənim qədər tanısaydınız, siz də bu cür əndişəyə düşərdiniz. Yaramazın biridir. Özü kimisi yoxdur.
Soyuqdan deyinə-deyinə içəri girdi. Sonra dedi:
– Bəs bu camaat hanı? Lap meyitxanaya oxşayır ki!
Ona cavab vermək fikrində deyildim. Soyunmağa başladı. Ceyn barədə bir kəlmə də demədi. Heç mən də soruşmadım.
Qalstukunu boğazından açanda inşanı yazıb-yazmadığımı soruşdu. Dedim ki, yazmışam, çarpayısının üstündədir. Gedib onu götürdü, köynəyinin yaxasını aça-aça oxudu.
Birdən dedi:
– Bura bax, Holden. Bu beysbol əlcəyi hardan çıxdı?
– Nə olsun? – soyuqqanlıqla dedim.
– «Nə olsun» nədir? Sənə demədim, otaqdan, evdən yaz?
– Demişdin, inşa yaz, yazmışam. Beysbol əlcəyindən oldu, olmadı, bunun nə dəxli?
– Başın batsın sənin, – dönüb üzümə baxdı. – Yaxşı eləyib səni bayıra atıblar. Heç vaxt bir işi adam kimi görmürsən.
– Nə deyirəm. Onda onu ver bəri, – dedim. Ona yaxınlaşdım, dəftəri qəfil dartıb əlindən aldım, hirsimdən cırıq-cırıq elədim.
– Neyləyirsən, niyə cırırsan? – dedi.
Cavab vermədim. Cırdıqlarımı aparıb zibil yeşiyinə tulladım. Sonra çarpayıya uzandım.
Hələ də Ceyn barəsində bircə kəlmə də deməmişdi. Ona görə də daha dözməyib dedim:
– Niyə belə yubandın? Yəqin, sənə görə yazıq qız da gecikməli olub, eləmi?
– Hə, bir balaca gecikdi, – Stredleyter laqeydcəsinə cavab verdi.
İlahi, mən bu adama necə də nifrət edirdim!
– Gəzməyə hara getdiniz? Nyu-Yorka?
– Dəlisən nədir? Necə gedəydik? O qədər yolu gedib-qayıtmağa vaxt hardan idi?
– Mənim salamımı ona çatdırdın?
– Hə.
Yalan deyir, gözünün içinə qədər yalan deyir.
– Əgər Nyu-Yorka getməmişdinizsə, onda bu vaxta qədər hardaydınız? – dedim. Səsim titrədi, bərk əsəbiləşmişdim. Hiss elədim ki, bunun axırı nəsə pis qurtaracaq.
Mən yatdığım çarpayının yanına gəlib aşağı əyildi, başladı zarafatyana çiyinlərimə vurmağa.
– Bəsdir, – dedim. – De görüm, hardaydınız?
– Heç yerdə. Ed Benkinin maşınında oturmuşduq, – çiynimə bir yumruq da ilişdirdi.
Ed Benki Pensinin basketbol məşqçisiydi. Bu Stredleyter də onun ən sevimli oyunçusuydu.
Stredleyter hələ də çiyinlərimə döyəcləyirdi. Diş şotkası əlindəydi, sonra ağzına soxdu. Sanki mənim nə dediyim onun vecinə də deyildi.


Qalanını yaxşı xatırlamıram. Bir o yadımdadır ki, sakitcə ayağa durdum, guya bayıra çıxırdım, sonra var gücümlə ağzındakı diş şotkasının üstündən ona bir yumruq ilişdirmək istədim. Kaş şotka bu əclafın boğazını deşib keçəydi. Ancaq yumruğum qulağının dibindən sivişdi. Güman ki, bir balaca ağrıtdı, ancaq mən istəyən qədər yox.
Bir də onda ayıldım ki, döşəməyə sərilmişəm. Dizlərini sinəmə dirəmişdi. Qollarımı tutmuşdu, ona görə də tərpənə bilmirdim, yoxsa onu öldürəcəkdim.
– Nə olub sənə, şeytan ağlını alıb nədir?
– Bu murdar dizlərini çək sinəmdən, – dedim.
Nə qədər elədim, çəkmədi. Qollarımı da buraxmadı, mən də ona dişimin dibindən çıxanı dedim.
– Yum ağzını, Holden! – Stredleyterin sifəti od tutub yanırdı. – Yum ağzını, dedim! Məni hövsələdən çıxarma. Yoxsa əngini əzərəm.
– Çək bu iyrənc dizlərini sinəmdən!
– Buraxsam, ağzını yumacaqsan?
– Hə.
Buraxdı. Durdum ayağa. Sinəm bərk ağrıyırdı.
– Ömrümdə sənin kimi qanmaz birinə rast gəlməmişəm, – dedim.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289262) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Mil – 1420 metrə bərabər məsafə ölçü vahidi

2
Polo – top ilə komanda şəklində oynanılan atüstü idman növü

3
İstiqlaliyyət müharibəsi – 1775–1783-cü illərdə ABŞ və İngiltərə arasında baş vermiş müharibə

4
Rapira – dördüzlü uzun elastik tiyəsi olan itiuclu silah (indi ancaq təlim və qılıncoynatma idmanında işlədilir)

5
Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi

6
Düym – İngiltərədə 2,54 sm-ə bərabər uzunluq vahidi

7
Pinq-ponq – stolüstü tennis

8
Briolin – saça qulluq üçün nəzərdə tutulmuş kosmetik vasitə (əsasən, kişilər tərəfindən istifadə edilir)

9
Bifşteks – qızardılmış mal ətindən hazırlanan yemək
Çovdarlıqda uçurumdan qoruyan Джером Дэвид Сэлинджер
Çovdarlıqda uçurumdan qoruyan

Джером Дэвид Сэлинджер

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Bu məşhur əsərin qəhrəmanı 16 yaşlı Holden Kolfilddir. Müəllif onun timsalında ətrafdakı hərkəsə, hər şeyəşübhə və etirazla yanaşan yeniyetmə qəhrəman obrazı yaradıb.

  • Добавить отзыв