Qəhrəmanım sənsən
Natiq Məmmədli
Kitabı tək özümə yox, həm də sənə inanaraq yazıram. Bütün əsərlərimin qəhrəmanı sənsən – sənin duyğuların, təklənməyin, özünü ifadə eləmək üçün gündəlik mübarizən, ürəyinin döyüntüləri, tarıma çəkilmiş əsəblərin və nəhayət sabaha inamın. Oxumağa başlasan görəcəksən ki, sətirlərin arasında gizlənmiş Səni tapmaq elə də çətin olmayacaq. Həyatının bütün rəngləriylə birgə özünlə tanış olmağa hazırsansa, özündən ehtiyat eləmirsənsə, onda buyura bilərsən, bu, sənin kitabındır!
Hekayələr
Qəhrəmanım sənsən
Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Natiq Məmmədli. Qəhrəmanım sənsən.
Bakı, “Köhlən” nəşriyyatı, 2020.
© Natiq Məmmədli / 2020
© Köhlən Nəşriyyatı / 2020
İSBN: 978-9952-8360-8-0
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
İnfo@kohlanpress.az
kohlanpress.az
(+994 55) 359-99-23
Qəhrəmanım sənsən
Əziz oxucum, səni bu kitabı oxumağa və ümumiyyətlə oxumağa inandırmaq üçün sözlər fikirləşirəm. Mənim sözlərim sehrli və ya həyatını dəyişəcək qədər qeyri-adi gücə malik deyil, hər gün eşitdiyin, hər gün söylədiyin adicə sözlərdir. Yalnız bizim birgə inamımız sadə kəlmələri möcüzəyə çevirib bizi başqalarından fərqli və daha güclü edə bilər.
Kitabı tək özümə yox, həm də sənə inanaraq yazıram. Bütün əsərlərimin qəhrəmanı sənsən – sənin duyğuların, təklənməyin, özünü ifadə eləmək üçün gündəlik mübarizən, ürəyinin döyüntüləri, tarıma çəkilmiş əsəblərin və nəhayət sabaha inamın. Oxumağa başlasan görəcəksən ki, sətirlərin arasında gizlənmiş Səni tapmaq elə də çətin olmayacaq. Həyatının bütün rəngləriylə birgə özünlə tanış olmağa hazırsansa, özündən ehtiyat eləmirsənsə, onda buyura bilərsən, bu, sənin kitabındır!
Qəhrəmanlar təkcə müharibələrdə yetişmir. Adi həyatlarını yaşayan elə səssiz, elə təvazökar qəhrəmanlar var ki, bəlkə də hər gün yanımızdan ötüb keçirlər, amma biz onların fərqinə varmırıq. Heç özlərinin də öz hünərindən xəbərləri olmur. Onların qəhrəmanlığı qəfil bir anın içərisinə sığmayan, ömür boyu davam edən şücaətdir. Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Mən səssiz qəhrəmanların yazıçısıyam.
MƏNİM OXUCUM MƏNİM QƏHRƏMANIMDIR!
Sevgi məbədində qətl
Canlarını qarajda, elə avtomobilin içindəcə məhəbbətlə məşğul olarkən tapşırmışdılar. Çox qəribə ölüm idi. Bir-birilərinə sarmaşıq kimi sarılıb, qol-boyun olub ölmüşdülər. Ölüm mələyi qızğın ehtirasın ən yüksək nöqtəsində, əzaların gərilib, gözlərin qığılcım saçdığı məqamında başlarının üstünü haqlamışdı. Elə bil şəkil çəkdirirdilər. Yox, yox, daha çox məhəbbət heykəlinə oxşayırdılar. Heç bir heykəltəraşın təfəkkürünün hüdudlarına belə sığmayan, hətta düzəltməyə cəhd etsə belə, alınmayacaq möhtəşəm, canlı və soyuq heykələ dönmüşdülər.
Sanki məhəbbətsiz boz günlərinin yerini doldurmaq, sevgisiz keçən anlarının qisasını almaq üçün bir-birlərinə möhkəmcə sarılmışdılar. Evli kişi, ərli arvad, görən olsa nə deyərdi?
Kimsənin ağlının ucundan belə keçirmədiyi soyuq məkanda, qaranlıq qarajın divarları arasında pünhan sevgidən məhəbbət abidəsini bütün coşğusu, bütün təntənəsiylə yalnız ölüm mələyi yarada bilərdi. Bu abidənin qarşısına gül qoyan olacaqdımı? Heç qoymasınlar… Ölənin arvadı, o birisinin kişisi bu biabırçı heykələ bəraət qazandıra biləcəkdilərmi? Bu ölülərə yiyə duran tapılacaqdımı?
Onlarınsa heç nə vecinə deyildi; bütün sevənlərə yandıq verirmişlər kimi sarmanmışdılar, dünyaya meydan oxuyurmuş kimi bir-birinə sığınmışdılar. Onları ayırmaq, ayrı-ayrı qəbirlərə qoyub, ayrı-ayrı yerlərdə dəfn eləmək bu dünyada heç kimin öhdəsindən gəlmədiyi, ümumiyyətlə rastlaşmadığı iş olacaqdı.
Mən hadisə yerinə çatanda yalnız bu haqda düşünürdüm. İnsanların nə fikirləşməsi, şəhərdə hansı şayiələrin dolaşması, xəbər saytlarının ağızlarına gələni yazması, müxtəlif fərziyyələr, yozumlar heç eynimə deyildi. Məni yalnız bir məsələ düşündürürdü: onları bir-birindən ayırmaq mümkün olacaqdımı?
Fikrimdə yanılmamışdım, elə qarajın ətrafına toplaşmış adamlar da bu haqda danışırdılar. Məni görən kimi söhbətin yönünü dəyişmək istəsələr də, artıq gec idi, həm də buna ehtiyac da yox idi. Olan olmuşdu, necə deyərlər, görünən dağa bələdçi lazım deyildi.
Ağzımı açan kimi hansı sualı verəcəyimi göydə qapan adamlardan biri dərhal danışmağa başladı:
– Pişiklər qarajın qapısının ağzına yığışmışdılar. Deyim sənə, bizim məhələdə heç vaxt bu qədər pişik olmayıb. Elə hey miyoldaşır, cırmaqlaşır, anası süddən kəsilən bəbəklər kimi civildəyib qışqırışırdılar. Gəlib onları qovlayanda gördüm qapı açıqdı. İçəri keçmədim, heç əlimi də vurmadım. Tez rəhmətliyin telefonuna zəng elədim. Gördüm səs içəridən gəlir, dalağım sancdı. Polisə xəbər verdim, gəlib qapını açdılar.
– Bəs sonra…
– Sonra deyəndə ki, sonrası da belə… Lüt-bülbül sarılıblar bir-birlərinə ölüblər… Ekspertlər gəlmişdilər, deyirlər ki, üç gün olar…
– Vəssalam? Bir-birinə sarılıb ölüblər?..
– Dəm qazı, qardaşım, dəm qazı, – adamlardan biri dilləndi, – dəm qazından boğulublar. Qarajda köhnə bir qaz sobası var idi. Yandırıblar qızışsınlar… o da belə…
Mən onların son nəfəslərini necə təhvil-təslim etdiklərini, həyatın başa çatdığı ən axırıncı məqamda nə barədə düşündüklərini beynimdə çək-çevir etmək istəyirdim. Çox güman ki, ölüm anidən gəlib. Gözlərinin xumarlanmasını, beyinlərinin dumanlanmasını coşğun ehtirasın həzin təamı zənn ediblər. Ölüm onları iş başında, kimsəylə bölüşmədikləri duyğularının qanadlanıb pərvazlandığı məqamında namərdcəsinə yaxalayıbmış. Çox urvatsız, çox məzmunsuz ölüm olub… Nə evli kişiyə, nə ərli qadına yaraşan, dilə-dişə düşsə adamı hörmətsiz edən bir ölüm. Bəlkə də belə yaxşıdı. Sevdiyinin qolları arasında, əbədi məhəbbətin ən ləziz məqamında ölümdən xəbərsiz qəflətən öləsən. Bəlkə xoşbəxtlik belə olur…
– Siz onun dostusunuz? İcazə verin özümü təqdim edim, kapitan Həsənov. – Polis zabiti harasa tələsən adamlar kimi tez-tez danışırdı, – bilirsiniz, işi mən aparıram. Sizə sualım yoxdu, ancaq məsləhətləşmək istəyirəm.
– Buyurun.
– Bilirsiniz, mənim praktikamda belə hal birinci dəfədi. Belə götürəndə hər şey göz qabağındadı, amma məsələnin o biri tərəfi də var. Bu ölülərə kim yiyə duracaq?
Müstəntiq sürətlə verdiyi sualın qarşısında duruxacağımı gözləyirmiş kimi dayandı. Dostumun şəxsiyyət vərəqəsini, bir də qarajın açarını mənə uzatdı.
– Bunları da götürün. Cəsədləri isə… cəsədləri isə hələlik morqa aparırıq. Proseduru bilirsiniz də. Amma sonra ölülərə yiyə duran olmalıdır axı.
– Bəs ailələrinin xəbəri varmı?
– Qadının ailəsinə şəxsən özüm xəbər vermişəm. Heç ərini tapa bilmədim, dəqiq bilmirəm, deyəsən Rusiyadadı. Deyirlər, ildə bir-iki dəfə arvadına baş çəkir ya yox. Mən qardaşlarına dedim.
– Qardaşlarına?! Nə dediniz?
– Yox, təfsilatıyla danışmadım. Eləcə bacınız ölüb dedim. Mən də sizin kimi düşünürdüm, amma onlar çox soyuq qarşıladılar. Rayonda yaşayırlar, yəqin sabaha-biri günə gəlib morqdan apararlar. Yaxın dost olmusunuz, bəlkə kişinin ailəsinə də siz deyəsiniz?
Mən müstəntiqi başa düşürdüm. Dağdan ağır yükü mənim çiynimə qoymasına görə onu heç qınamırdım da. Biz doğrudan da dost idik. İllərdən keçən sadiq, möhkəm dostluğumuz var idi. Belə ölümü adam heç düşməninə arzulamasa da, mən yenə ona haqq qazandırmaq üçün nələrsə düşünə bilərdim və düşünürdüm də. O, indi mənim gözlərimdə təkcə dost yox, əbədi məhəbbət abidəsinin ayrılmaz, bitkin bir komponenti kimi daha da ucalmışdı, daha da dostlaşmışdı.
Biz illərin dostu idik, yaman-yava, ac-yalavac günlərimizi yorub yola vermişdik. Necə deyərlər, ağzımız çörəyə çatıb adam kimi yaşamağa başlayanda da dostluğumuzu yaman günlərimizin yadigarı kimi qoruyub saxlamışdıq. O, məndən fərqliydi, çox fərqli; sakit, səbrli, astagəl, bir az da üzüyola. Çoxları onun mənim kimi əsib-coşan, inadcıl və qırmızı adamla necə münasibət qurduğunu sadəcə olaraq başa düşə bilmirdi. Qəribəydi, bu qədər fərqliliyin içində adını bilmədiyim elə bir ümumi cəhətimiz var idi ki, bizi bir-birimizdən ayrılmağa qoymur, maqnit kimi tutub saxlayırdı. Nə qədər tündməcaz adam olsam da, bir dəfə də olsa onunla höcətləşməmişdim, rəhmətlik, nə deyirdimsə razılaşar, sakit baxışlarını üzümdə gəzdirib gülümsəyərdi. Hərdən mənə elə gəlirdi ki, onun yalnız öz içində, ürəyinin ən dərin qatlarında gizlətdiyi nələrsə var. Belə sakit, təmkinli görünməklə içində qaynayan vulkanı toxtatmaq, ört-basdır eləmək istəyir. Heç zaman bu şübhələrimə haqq qazandıra bilmirdim, amma indi tanıdığım sakit adamın ehtirasdan yoğrulan silueti qarşısında hər şey mənə ayan olurdu.
– Hə, nə deyirsiniz? – müstəntiq tələsik səsiylə bayaqkı sualını yenidən təkrar elədi, – onun ailəsinə bunu deyə bilərsinizmi? Çətin işdi, başa düşürəm, amma o biri tərəfdən siz də məni başa düşməyə çalışın.
– Bilirəm, bilirəm bunu mən etməsəm heç kim etməyəcək…
– Arvadı necə qadındı? Bağışlayın, bir az mübhəm sual oldu. Yəni bilmək istəyirəm xəbəri necə qarşılaya bilər? Qadınları bilirsiniz də…
– Doğmaca əmisi qızıdı. Mehriban ailəsi vardı… nə bilim, çalışaram malalayım.
– Hə, çalışın… bəd xəbəri demək, xüsusən də beləsini… Allah köməyiniz olsun.
Müstəntiq tələsik danışdığı kimi sürətlə də yanımdan uzaqlaşıb, qaraja yaxınlaşan qara rəngli maşına tərəf getdi. Bu, ölü maşını idi. Onları bir-birindən ayırıb aparmağa gəlmişdilər. Qəribə ayrılıq olacaqdı. Bir-birinə sığınasan, az qala bütöv vücuda çevriləsən və ayrılıqdan xəbərsiz ayrılasan. Bəlkə də mənim əziz, sakit dostum bütün ömrü boyu bu ayrılığa doğru addımlayıbmış, bu məqama çatmaq üçün kim bilir nələrdən keçibmiş. İlk dəfə ayrılıq sözünü onun dilindən toyu olan gün eşitmişdim. Camaatın çalıb-oynayan, deyib-gülən vaxtında sakitcə qulağıma pıçıldamışdı “artıq ayrılıq”. “Nə ayrılıq” demişdim, “yoxsa evli kişilərlə dostluq eləmək olmaz”.
“Yox, bu gündən ayrılırıq, bizə doğma olan, yalnız bizim olan hər şeydən ayrılırıq. Niyə hər şeyin ömrü belə qısa oldu?”
Onun sözlərini ciddiyə almamışdım, nə gizlədim, toyunda möhkəm vurmuşdum; onsuz da qırmızı sifətim lap qıpqırmızı pomidora dönmüşdü, heç nə eynimə deyildi, o qədər oynamışdım ki, dabanlarım da göynəyirdi. Belə vaxtda onun ayrılıqdan danışması heç vecimə də olmadı, hırıldayıb əlimi çiyninə vurdum, boş verdim. İndi başa düşürəm ki, onun toyu olan gün biz doğrudan da ayrılmağa, özgələşməyə başlamışdıq. Əslində bu özgələşmə onun dilinə “evlənəcəm” kəlməsini gətirdiyi gündən başlamışdı. Qulaqlarıma inanmamışdım. Həmin an sevindimmi, təəccübləndimmi? Bəlkə sevinə-sevinə təəccübləndim, nə bilim.
“Doğrudan evlənirsən? Nə yaxşı”, – soruşdum. “Ay xətəkar, belə yerdə deyiblər, suyun lal axanı, adamın yerə baxanı. Qız kimdi, mən tanıyırammı? Harda tanış olmusunuz?” – sualı sual üstə yağdırırdım. O isə bütün bunlara əhəmiyyət vermirmiş kimi əvvəlki təmkinli halındaydı, amma mənə elə cavab verdi ki, verməsəydi ondan yaxşı olardı. Dedi, “tanımıram qızı, heç tanımaq da istəmirəm, sadəcə evlənirəm”.
“Sadəcə? Evlənmək sadəcə işdi. Üzünü görmədiyin adamla necə evlənirsən?” – əvvəl elə zənn elədim ki, mənimlə məzələnir, ələ salmağın təzə üsulunu tapıb. Amma yox, onun nadir hallarda etdiyi zarafatlarda üzünün ifadəsi heç vaxt belə olmazdı.
“Anam məsləhət görüb, mən də razılaşmışam” – yenə də əhvalını pozmadan sakit tonda dilləndi. “Arvad xəstələnib yatağa düşüb. Xəbər göndərib ki, gözünün ağı-qarası bircə balasının toyunu görməyib ölsə, tapşıracaq ki, məni üstünə buraxmasınlar. Hörmətsiz olmaq istəmirəm, başa düş məni, anamın xatirinə evlənəcəm”. O bunları deyir və danışdıqca düz gözlərimin içinə baxırdı. Elə baxırdı ki, sanki onu ələ salıb-salmayacağımdan ehtiyat edirdi. Özünün, daha doğrusu özünün inanmağa məhkum olduğu həqiqətinə, bəlkə də yalanına məni şərik etmək üçün çox danışdı, ana müqəddəsliyi, ana sözünün hikməti barədə nələrsə üyüdüb-tökdü.
Yavaş-yavaş onu başa düşdüyümü bildirmək üçün nəsə bir işıqlı söz tapıb deməyə çalışırdım. Amma ani də olsa özümü onun yerində təsəvvür etmək istədim, lakin məni də qəfil evlilik həlqəsinə salan, əlimi-ayağımı bağlayan qüvvə yox idi. Mən anamı tez itirmişdim. Onu torpağa tapşıranda altıncı sinfə təzəcə gedirdim. Görəsən anam sağ olsaydı, o da belə edərdimi? Qul kimi taleyinin gərdişinə boyun əyən əziz dostumun qəmli çöhrəsinə baxa-baxa içimdən çox naqolay bir fikir boy göstərməyə başladı: yaxşı ki, mənim anam yoxdu. Eh… lənət şeytana.
“Allah xoşbəxt eləsin!” – bunu mən demədim, dodaqlarım dedi. İnandırım sizi, həmin an elə bil beynimdən küt ağrı tutdu. Bu sözlərdən heç ürəyimin də xəbəri olmadı. Ancaq dodaqlarım üyüdüb-tökürdü: “Oğullu-uşaqlı olasan, ay qardaş! Gözün aydın, ay qardaş! Sənin toyunda ananla qol-boyun olub “Tərəkəmə” oynayacam! Özü də ağır “Tərəkəmə”. Sənin toyunda…”
Axır ki, özümdə güc tapıb, dodaqlarımın həyasızlığının qabağını kəsmək üçün əllərimi ağzıma tutub sıxdım. Bu, əsil riyakarlıq idi. Beynim çək-sevir eləməmiş, ürəyim dilə gəlməmiş bu şoqərib dodaqlarım iki daşın arasında o qədər sözü hardan tapıb çıxardı? Bəlkə də instinkt imiş… Bəlkə də dədə-bablarımdan kimlərinsə riyakarlığı dodaqlarımın yaddaşında ilişib qalıbmış…
Sözlərim onu çox təsirləndirmişdi. Yəqin belə anlayış göstərəcəyimi, tez təslim olacağımı gözləmirmiş. Handan-hana özümə gəlib, ürəyimin səsinə qulaq verə bildim, dodaqlarım sanki bayaqkı sözləri deməyibmiş kimi pıçıldadı: “Barı qızı tanıyırsanmı? Görmüsənmi? Nə vaxtsa kəlmə kəsmisənmi?”
“Çəpər qonşumuzdu. Uşaqlığı gözümün qabağında keçib. Həm də əmim qızıdı axı… Anam deyir halal süd əmmiş uşaqdı, ev qızıdı. Bax, atalarımız da yaxşı deyib “elini hürküt, axsağından yapış”. Nəysə anamın sözündən çıxa bilməyəcəm”.
“Toy nə vaxtdı?” – qeyri-ixtiyarı soruşdum. Həm də hiss edirdim ki, artıq çək-çevir etməyin, zəhlə tökməyin yeri deyildi. Necə deyərlər, “püşk atılmışdır”.
“Anam nə vaxt desə. Məndən olsa lap tez, təki onun ürəyi yerinə gəlsin. Bilirsən, anamın başından bir tük əskik olsa mən yaşaya bilmərəm. Ömrü boyu günahkar kimi yaşamaq mənlik deyil. Nə qədər tez olsa yaxşıdı. Dost-tanışdan ancaq səni dəvət edəcəm. İstəmirəm qələbəlik olsun”, – dedi.
Onun toyu da öz xasiyyətinə oxşayırdı, çox sakit keçdi. Köhnə dost-tanışdan həmin günün şahidi olmaq mənim qismətimə düşdü, doğrudan da sevinirdim. Dodaqlarımın söz verdiyi kimi, anasıyla ağır “Tərəkəmə”ni dönə-dönə sındırdıq. Deyim sizə ki, zalım qızı heç xəstəyə də oxşamırdı, onun deyib-gülən çöhrəsində yalnız sevinc dolu rahatlıqdan, qəh-qəhədən və təntənədən başqa heç nə sezilmirdi. Toyun şıdırğı yerində boynumu qucaqlayıb “Allah səni də xoşbəxt eləsin, bala” – dedi, sonra “qızlara yaxşı bax, hansı ürəyinə yatırsa xalana de, canımız suluykən sənin də əl-ayağını kəndirləyək”, – söylədi. İçkinin təsirindən buxarlanmış beynimdə ananın sözləri çox bənd ola bilmədi. Eləcə sifətimə yalançı təbəssüm verdim, riyakar dodaqlarım himə bəndmiş kimi aralanıb dişlərimi göstərdi.
Amma sonra… Elə toyun səhəri günü özümə gəlib olub-keçənləri götür-qoy edəndə nədənsə ananın “kəndirləmək” sözü beynimi döyəcləməyə başladı. Bəli, bu, doğrudan da toy yox, kəndirləmə məzhəkəsi idi. Mənim sadədən sadə, uşaqdan uşaq dostumun ayaqlarına vurulmuş kəndir getdikcə onun bütün vücudunu, ürəyini, düşüncələrini sıxan buxova çevriləcəkdi. O kəndir dartındıqca onun zərifdən zərif hislərini tarıma çəkəcək, içində özünün də dərk edə bilmədiyi boşluğa, daha doğrusu qaraja tərəf itələyəcəkdi. Boşluq içində çırpınan ürəyinin nisgilindən niyə bu vaxta kimi xəbərsiz olduğuma görə özümü qınamağımın da yeri yox idi. Artıq hər şey keçmiş zamanda qalmışdı. Vaxtında duyuq düşə bilməmişdim. Deməli onun üçün qaraj maşınını saxladığı, dəmir-dümürünü yığdığı, qışın sazaqlı vaxtlarında xaş bişirdiyi yer deyilmiş. Qaraj onun üçün boşluqdan qaçıb özünü tapdığı, ömür boyu arzuladığı sevgiyə sığındığı, məhəbbətini gizlətdiyi məbəd imiş. Əsil sevgi məbədi. Bəlkə də çoxları üçün indi yalnız xəyanət yuvasını andıran bu məkanda o, yaşamaq istədiyi, arzuladığı, can atdığı həyatı yaşayırmış. İndi onun meyitinin qarajdan, daha doğrusu, pünhan sevgisinin məbədindən tapılmasında da nəsə bir qanunauyğunluq, sadə məntiqin izah edə bilməyəcəyi əlaqə var idi.
Bilmirəm, onun meyitinin iki addımlığında belə düşüncələrə dalmağın nə mənası vardı. İndi əsas məsələ keçmişin təftişini aparmaq yox, bu dəhşətli xəbəri onun yolunu gözləyən uşaqlarının anasına və nəhayət, ayaqlarına kəndir vurmuş öz anasına çatdırmaq idi. Onsuz da başa düşməyəcəkdilər… “Necə yəni qarajda ölüb? Bəs nə cür ölüb?” Aman Allah, ölüm necə dəhşətli, necə mənasız olarmış. Heyf deyil uzun bir ömür yaşayasan, qocalıb əldən düşəsən, zarıldayıb, ufuldayıb oğul-uşağının zəhləsini tökəsən, axırı bir gün də isti yatağına uzanıb gözlərini yumasan. Belə ölüm bir tərəfdən də yaxşıdı; birincisi, qanunauyğun görsənir, yəni dördəlli yapışmaqla deyil, onsuz da axır ucu ölümlüdü bu dünyanın, ikincisi, sənin qocalıb yöndəmsiz hala düşmüş vücudunu o dünyaya yola salmaqla insanların çiynindən yük götürülmüş olur. Adətən belə qara xəbərləri insanlar bir-birinə muştuluq kimi xəbər verirlər. Həm də belə ölülərin ehsanı da dadlı olur, halvası da adama şirin gəlir, hamı nuşi-canla yeyir. Çoxları sənin nəşinin arxasınca baxaraq qibtə də edə bilər, məsələn öz ürəklərində deyərlər ki, rəhmətliyin sağ əli bizim başımıza, keşkə biz də belə ölə biləydik. Biri də var nakam ölüm… Lap mənim dostumun qarajdakı kimi…
Müstəntiqin mənə yaxınlaşdığını görüb çətinliklə də olsa daxili təlatümlərimdən ayrıla bildim. Yəqin yenə deyəcək ki, nə oldu, xəbər verə bildinmi? Amma o mənə heç ağlımdan keçirmədiyim və məni yenidən təlatümlər burulğanına salacaq sözlər dedi:
– Problem yaranıb, – əlini hürkə-hürkə qarajın yanında dayanmış ölü maşınına tərəf uzadaraq, – onları bir-birindən ayıra bilmirlər, – söylədi.
– Bəs nə olacaq?
– Elə bilirsiniz mən bilirəm. Ekspertlər deyirlər ki, onları yalnız morqa aparıb cərrahi yolla ayırmaq lazım gələcək. Amma yenə də tam şəkildə ayırmaq mümkün olmayacaq, başa düşürsünüz də?..
– Hə, əlbəttə, – mən dodağımın altında pıçıldadım.
Müstəntiq nə fikirləşdisə əlini cibinə salıb bir üzük çıxartdı:
– Tanış gəlir?
– Onun nişan üzüyüdü. “Moskva” univermağından almışdıq, yadımdadı. Cibindən tapdınız?
– Yox, barmağından çıxardıq, – deyib onu mənə sarı uzatdı.
– Qəribədi, o, heç vaxt nişan üzüyünü barmağına vurmazdı. Yalnız bircə dəfə toyunda taxmışdı, vəssalam.
– Nə bilirsiniz, bəlkə heç vaxt bəxt üzüyünü barmağına taxmağa ehtiyac duymayıbmış? Bəlkə özü belə istəyibmiş?..
Sözün açığı müstəntiqin məsələyə belə yanaşması mənə bir az qəribə gəldi. İndi o da soyuq başlı, normativlərlə hərəkət edən əməliyyat işçisi kimi yox, elə mənim kimi düşünürdü. Bəlkə də dilə gəlib danışsaydı bu anlaşılmaz ölümə haqq qazandırmaq üçün məndən də yaxşı arqumentlər tapa bilərdi. Amma o, çox danışmadı, sadəcə ikicə kəlmə deyib uzaqlaşdı.
– Onlar meyitdən çox sevgi heykəlinə oxşayırlar.
– Siz də elə düşünürsünüz?
– Əlbəttə, elə bilirsiniz mənim ürəyim yoxdu…
Avqust, 2013
Yiyəsiz baş
Şəhərin kanalizasiyasının dənizə töküldüyü yerin yaxınlığında kəsilmiş insan başının tapılması xəbəri məni uzun məşəqqətdən sonra səhrada suya rast gəlmiş səyyah kimi sevindirdi. Yerimdən sıçrayıb “ura” qışqırmağa hazırlaşırdım ki, şef məni qabaqladı; adətən günün bu vədələrində mürgü vurmaqdan altı tuluqlanmış gözlərinin parıltısından anladım ki, o da məsələdən halidi və ən azından mənim kimi sevinməkdədi.
– Eşitdin də…
– Hə, hə, – tələm-tələsik əl çantamı yığa-yığa danışırdım, əslində danışmırdım, heç o da danışmırdı, eləcə qırıq-qırıq səslər çıxarırdıq. İllərdi birgə işlədiyimizdən maraqlı peşə vərdişlərimiz formalaşmışdı, onların içərisində şəxsən mənim ən çox xoşuma gələni “him-cim”lə bir-birimizi başa düşmək idi.
– Bilirsən də…
– Hə, hə…
– Yaxşı, yaxşı qazmaq lazımdı…
– Okey, okey.
– Çatdıracaqsan?
– Yes, yes!
– Di, davay!
– Davay, davay! – tapşırıq aydın idi, vaxt itirmədən hadisə yerinə birinci çatmalıydım. İnanılmazdı… insan başı kəsiblər… əsil insan başı… Yes! Bu “yes”i mən demədim, şefin səsiydi, sağ əlinin yumruğunu düyünləyib oyunun ikinci hissəsinin axırıncı dəqiqələrində hesabı açan futbolçular kimi çılğın bir ehtirasla qışqırırdı.
Hadisə yerində heç kimin gözə dəymədiyini görüb əsməyə başladım “vay, dədəm, vay, bəlkə gecikmişəm”. Handan-hana çoxdan tanıdığım sahə müvəkkilinin yorğun-yorğun mənə sarı gəldiyini görcək, gözlərimə işıq gəldi.
– Hanı baş? – sualın yox, səsimin vahiməsindən özüm də səksəndim.
– Salam-məlöyküm, – sahə müvəkkili elə arxayın salam verdi ki, sanki burda adam yox, heç toyuq başı da kəsməyiblər.
– Baş!
– Apardılar…
– Hara?
– Xaşxanaya… Hara aparacaqlar, morqa!
– Bizimkilərdən kimsə var idi?
– Yox, birinci özünü yetirən sənsən.
– Nə yaxşı! – artıq vaxt itirmədən morqa şığımaq lazım idi, lakin…
– Dayan görüm e, “yaxşı” nədi? Burda insan başı kəsilib sən “yaxşı” deyirsən? Sizin peşənizdən heç xoşum gəlmir də, evdə də uşaqlarınız deyir ki, dədəmiz gedib çörək qazanmağa…
– Yaxşı də, məni yubatma…
– Amma əntiqə baş idi, – sahə müvəkkilinin öz-özüylə danışırmış kimi dediyi sözləri eşitcək, ayağım yerə mıxlandı.
– A, sən özün görmüsən onu?
– Gördün nədi? Öz əllərimlə götürüb qoydum torbanın içinə…
– Necə idi?
– Manyaksan ki, sən!
– Sən Allah təsvir elə… yalvarıram… əntiqə olan nəydi?
– İşə düşmədik… Bizim tərəflərin adamının başı deyildi, hər halda mənim versiyam belədi. Bir az, necə deyim sənə, Marksın başına oxşayırdı. Bilirsən də Marks kimdi? Hə, canım sənə desin, çox ağıllı gözləri var idi, düzdü ölüydü, amma hər ölünün elə gözləri olmur axı? Alnında dörd dənə dərin qırış gedirdi, yəqin oxuyan adam olub də… Neynirsən, adə? – o, danışdıqca mən artıq dəftərçəmi çıxarıb qeydlərə başlamışdım. Müvəkkil elə canlı təsvir edirdi ki, artıq kəsilmiş başın bütün konturları gözümün qabağında dayanmışdı.
– Qeyd aparıram də…
– Qeyd nədi, a kişi?!
– Sənin adından verəcəm…
– Nə danışır ə, bu! Mənim beş baş külfətim var, qardaşım, məni dilə-dişə salma! Bilirsən nə var, uzaqlaş burdan, cinayət törədilən əraziyə girmək olmaz! Çəkil!
– Burda nə var ki, mənim informasiya almaq hüququm var?
– Balam, mənim də susmaq hüququm var, get rəsmi açıqlamanı gözlə, – əslinə qalanda ilkin mərhələ üçün kifayət qədər məlumat toplamışdım, şəkil yerinə ən pis halda Marksın başına fotoşopda əl gəzdirib vermək olardı. Təcili morqa götürüldüm. Arxamca isə sahə müvəkkilinin dənizin nəfəsboğan nəmişliyinə qarışmış səsi kürəyimi qarsmaqdaydı “ə, kişi ol, mənim adımdan heç nə yazma… məni dilə-dişə salma… kişi ol…”
Mənsə jurnalist idim. Yayın iki aylıq mənasız “quraqlığından” sonra nəhayət, avqustun əvvəlində insan başının tapılması xəbəri bütün maşnetlərdə asılıb qalan müstəsna hadisəyə çevriləcəkdi. Əgər qabağa düşüb, şefimin sözü olmasın xəbəri yaxşıca “qazıb” bütün reytinqləri dağıda bilsək, heç şübhəsiz, reklamçılar da öz məhsullarını tanıtmaq üçün məhz bizi seçəcəkdilər. Qadın alt paltarından tutmuş, kişi corabları, uşaq bezindən tutmuş saqqız çeşidlərinə qədər cürbəcür reklamlar insan başının kəsilməsi xəbərini daha yaxşı “qazıyacaq” qəzetə axacaqdı. Qəzet demişkən, qovurduğu tumlarını qəzet kağızına büküb satan qoca kişi rəhmətə gedəndən və isti noxudu müştərilərinə qəzetdən düzəldilmiş üçkünc lülələrdə verən axırıncı “pivnoy” bağlanandan sonra bizim şefimiz də kağız qəzeti elektron formata dəyişməklə zamanın müasir çağırışlarınacavab verdi. İndi biz saytda işləyirik; bu, daha rahatdı, xəbərləri avtobusda, metroda, yol kənarında, bir sözlə harda gəldi yazıb, elə həmən anda da sayta yerləşdiririk, əlavə məsrəfə ehtiyac qalmır. Bayaq sahə müvəkkilindən aldığım məlumatları morqa gedən avtobusun basa-basında qaralayıb şefə göndərdim və dörd dəqiqə sonra telefonuma belə bir məzmunda ismarış gəldi “adam kişi olar!”, – bu sahə müvəkkili idi, deməli, şef müstəsna çevikliklə materialı sayta yerləşdirmiş və mən də artıq ilk oxucu reaksiyasını almışdım.
Morqun qarşısında meyit aparanlarla meyit gətirənlər bir-birinə qarışdığından iynə atsan yerə düşməzdi. Heç bir tanış sifətə rast gəlmədim, adamların danışıqlarından belə anladım ki, bura yığılanlardan heç kim mənim həmkarım deyil, bu dəfə də birinci olacaqdım. Qapının ağzını kəsib, camaata gərgin nəzərlərlə baxan nəzarətçiyə yaxınlaşdım.
– Başdan nə xəbər?
– Nə baş?!
– Adam başı?
– Dəlisən?
– Yox, jurnalistəm.
– Hə, belə de… o baş…
– Bəli, bəli, baş…
– Özün hər şeyi yazmısan də, bir dənə kişi başıdı.
– Sən görmüsən?
– Görmüsən nədi, öz əllərimlə qoydum soyuducuya.
– Necəydi?
– Salam deyirdi.
– Nə?
– Əşi, əl çək məndən, səhərin gözü açılmamış nə düşmüsən üstümə?
– İnformasiya verin.
– Pah! İmkan ver qoy əvvəlcə yiyəsi tapılsın də… Yaxşı tay gəlmisən… Çox səliqəylə kəsilib. O qədər səliqəylə ki, mənə elə gəlir kəsiləndə heç yiyəsinin xəbəri də olmayıb. Tutqun, mavi rəngdə çuxura düşmüş gözləri var, harasa uzaqlara baxır. Alnında dörd dənə qırış gedir, amma saqqalı çox qalındı, Marksdan çox Engelsə oxşayır.
– Bəs ilkin ehtimal nədi?
– Nə ehtimal?
– Niyə kəsiblər? Bədəni hardadı?
– Mənə elə gəlir ki, baş həddən artıq ağıllı olduğuna görə kəsilib. Bəli, bu, mənim versiyamdı. Bədənə gələndəysə, kimə lazımdı başını itirən bədən?
– Adın nədi?
– Nəyinə lazımdı?
– Bəs xəbəri kimin adından verim?
– Buy! Sən bayaqdan burda xəbər yazırsan? İşə düşmədik! Bax ha, mənim adımdan nəsə yazsan, boynuma almayacam. Mən səni heç görməmişəm. Nə səviyyəsiz jurnalistlər var e.
Morqun həyətində bir-birinə qarışmış tünlüyün içində itənə qədər qulağıma gözətçinin səsi gəlirdi “mən heç nə deməmişəm ha!”. Lakin artıq gec idi, bayaqdan bəri döş cibimdə işləyən diktofondakı səs yazısını heç qulaq asmadan şefin emailinə göndərmişdim. Təxminən yeddi dəqiqədən sonra gözətçinin bağırtısı ətrafa yayılacaqdı “nə səviyyəsiz jurnalistlər var e!”.
Redaksiyaya çatanda kinder yumurtaları və diş məcunu firmalarının təcili “prays-list”imizi istədiklərini və qısa vaxtda reklam yerləşdirmək üçün onlara yer ayırmamızı xahiş etdiklərini eşitdim. Ofis qazan kimi qaynayırdı, hətta məzuniyyətdə olan əməkdaşlarımız da istirahətlərini yarıda qoyub işə çıxmışdılar. Məni əsl qəhrəman kimi qarşıladılar. Şefin “yes-yes” bağıraraq məni qucaqlamasından belə başa düşdüm ki, kəsilmiş baş xəbərinin oxunma sayı artıq milyona yaxınlaşır, amma sən demə yanılırammış oxucuların sayı çoxdan milyonu keçibmiş.
– Bilirsiniz də… – şef üzünü əməkdaşlara tutub ucadan səsləndi.
– Hə, hə… – kompüterin klavyaturasını ildırım sürətiylə şaqqıldadan əməkdaşlarımız başlarını azacıq yuxarı qaldıraraq dilləndilər.
– Yaxşı-yaxşı qazmaq lazımdı…
– Okey, okey.
– Hərtərəfli…
– Yes, yes!
– Di, davay!
– Davay, davay! – atüstü planlaşdırmadan hərə özünə uyğun olan siqnalları almışdı və hamı vaxt itirmədən işə girişmişdi. Hərə öz bildiyi istiqamətdən xəbəri bacardıqca dərin, lap dərindən qazmalı idi. Beynəlxalq şöbənin uşaqları Yaxın Şərqdə baş kəsməklə ad çıxarmış terrorçuların mətbuat katibiylə əlaqəyə girdilər. Onlar ümid edirdilər ki, dünyada insan başının kəsilməsi bu terror dəstəsinin monopoliyasında olduğundan, ola bilsin təşkilat cinayəti də öz üzərinə götürsün. Lakin versiya özünü doğrultmadı. Başın parametrləriylə yaxından tanış olduqdan və hansısa texniki göstəriciləri dəqiqləşdirəndən sonra başkəsənlərin mətbuat katibi münasibətini yığcam və qəti formada belə ifadə elədi: “Baş çox səliqəylə kəsilib, bizdə hələ belə texnika yoxdu”. “Təkzib özü də xəbərdir” deyib, materialı səhifəyə yerləşdirdik, beləliklə, yiyəsiz başa artıq beynəlxalq məzmun vermiş olduq.
Humanitar sahədən yazan əməkdaşlarımızsa daha kreativ tərpənərək, başın sahibini axtarmaq qərarına gəldilər. Bunu da təbii ki, özlərinin kreativ metodlarını işə salmaqla etdilər. Onların hazırladığı “kiməsə ağıllı baş lazım deyil ki?” məzmunlu sorğuya elm təşkilatlarından “yox” cavabı gəldi, hansısa klinikadan isə qaraciyər axtardıqlarını bildirdilər. Şef əvvəlcə belə əcaib sorğuya təəccüblənsə də, uşaqların xətrinə dəymədi, kreativlikxatirinə bu materialı da sayta yerləşdirdik.
Həmişə olduğu kimi, rəsmi açıqlamanın yubanması qol-qanadımızı açmışdı, xəbərin daha yaxşı qazılması işinə hərə öz bacardığı töhfəni verməkdə davam edirdi. Məzuniyyətini yarımçıq qoyub işə çıxan reportyorlarımız şəhərin bütün əsas küçələrində sorğular götürürdülər. Sadə insanlar vahimə içərisində başkəsənlərin tezliklə tapılıb cəzalandırılmasını tələb edir, başsız bədənə isə Allahdan rəhmət diləyirdi. İşləri korlayan rəqib saytlar idi, eksklüzivlərin hamısı bizdə olduğundan xəbərlərimizi istinadsız paylaşır, öz adlarına çıxır, bir sözlə, ağıllarına gələn bütün imitasiyaları edirdilər. Hətta xəbər yarışında bizlə dabanqırma gedən bir sayt adını çəkilməsini istəməyən mötəbər mənbəsinə istinadən başın həqiqətən də saqqalı kişi başı olduğunu, alnında dördə dənə qırışın getdiyini təsdiqləməklə yanaşı, onun keçəl olduğunu iddia edirdi, az sonra isə lap ağını çıxardaraq onun Leninin başına oxşadığını yazdı. Biz öz səviyyəmizi qorumaq üçün onlarla mübahisəyə girişmədik, əvəzində şefimiz təcili köşə yazısı ilə çıxış elədi. Pah! Etiraf edim ki, mən onun qələminə heyranam, xırda bir detala elə publisistik effektlər verir… Bir sözlə, kişi qələmlə möcüzə yaradır. Bu dəfə də elə oldu, şef üzünü həmkarlarımıza tutub onları insan faciəsindən şou düzəltməkdə, reytinq yığmaqda qınadı, hamını etik davranış qaydalarına əməl etməyə, balanslı, doğru, dürüst, vicdanlı məlumat yaymağa çağırdı.
Şefin köşə yazısından sonra humanitar sahədə çalışan əməkdaşlarımız hardansa tapıb gətirdikləri para-psixoloqu sosial şəbəkədəki səhifəmizdən canlı yayıma çıxardılar. Psixoloq bir cəza növü kimi başkəsmənin tarixindən, Şərqdəki cəllad kötüyü ilə Qərbdəki gilyotinin oxşar və fərqli cəhətlərindən danışdı. Sən demə, başkəsmə tonqalda yandırılmaqla müqayisədə daha humanist cəza növü imiş. Sonra diqqəti başın səliqəylə kəsilməsinə yönəldərək iddia elədi ki, belə ustalıq cəlladın kübarlığından xəbər verir. Təxminən bir saat ərzində para-psixoloq bu cəza növünün “mülayim” təbiətindən elə yaxşı sözlər danışdı ki, adam məmnuniyyətlə başını kötüyün altına qoymaq istəyirdi.
Günün sonuna yaxın texniki direktorumuz ilan vurmuş kimi yerindən dik atılıb qışqırmağa başladı, o, bir neçə dəfə yumruqlarını düyünləyib boğazının damarı çıxana qədər “yes-yes” deyə bağırdı. Artıq sayta giriş on milyona çatmışdı! Bir-birini təbrik edən əməkdaşlarımızın tünlüyündə gözüm şefin üzünə sataşdı, mənə elə gəldi ki, o, ağlayırdı. Bazara təzə girən qanadlı pampers reklamlarının məhz bizə veriləcəyi xəbəri isə sevincimizi birə beş artırdı. Nəhayət! Bu, artıq reytinqin zirvəsi idi, heç nə baş vermədiyi, baş verənlərin isə sadəcə quru, boz xəbərlərdən savayı bir şey olmadığı avqustun quraqlığında belə möhtəşəm ilkə imza atmağı bacarmışdıq.
Yayın sonlarına kimi yiyəsiz başın qaldırdığı tozanaq mətbuatın əsas mövzusu olaraq qaldı. Biz başkəsmənin gigienik-estetik tərəflərini, dini-mənəvi aspektlərini qazımaqla məşğul olduq. Forumlarda qızğın müzakirələr gedir, hamı bizim paylaşdığımız xəbərlərdən danışırdı. İnsanların marağı da öləzimirdi, əksinə, vaxt keçdikcə bu, vəhşi bir ehtirasa çevrilib bizi ağlagəlməz varyasiyalar düşünməyə ilhamlandırırdı. Hərdən mənə elə gəlirdi ki, o alnı qırışlı, mavi gözlü, saqqallı dahinin başını heç cəllad kəsməyib, elə bu adamlar özləri kəsiblər ki, qladiator döyüşündən zövq alan romalılar kimi adrenalin yaşasınlar. Biz kəsilmiş baş şəkli dərc etməyin etik prinsiplərə uyğun gəlmədiyini yaxşı bilirdik, amma avqust boyunca ən azı gündə iki dəfə bunu təkrarlayırdıq. Şefimiz bizi özünü ictimai fəal hesab edən müxtəlif hərşeyşünasların qınağından qorumaq üçün yaxşı formula tapmışdı – cəmiyyət belə istəyir. Əslində, bu, elə məhz belə idi; qan, qırğın, işgəncə, intihar xəbərləri daha yaxşı oxunduğundan həmişə mütləq ölüm saçan sərlövhələr axtarırdıq. Ölüm-itim azalanda min bir əziyyətlə qaldırdığımız reytinqin necə asanlıqla uçuruma düşdüyünü seyr eləmək ürəyimizi ağrıdırdı. Məhz belə bir vaxtda insan başı kəsilmişdi… İşin dolaşıq və bizim xeyrimizə olan iki tərəfi var idi – nə başın yiyəsi tapılırdı, nə də istintaqın gedişi barədə məlumat verilirdi. Ortada yalnız adının çəkilməsini istəməyən mənbələrə istinad olunmuş ətürpədən şayiələr dolaşırdı. Biz təbii ki, cəmiyyətimizin marağını nəzərə alıb, şayiələri də xəbər kimi yayırdıq. Bir balaca yubansaydıq, bunu bizim əvəzimizə rəqiblərimiz eləyə bilərdilər.
“Şəhərdə heç kimin başı kəsilməyib, deyilənlərin hamısı şayiədir”, – nəhayət, avqustun sonuncu günü yayılan bir neçə cümləlik rəsmi məlumatda belə deyilirdi. Heç kim təəccüblənmədi, çünki illərin təcrübəsi bizə öyrətmişdi ki, əgər rəsmi açıqlama yubanarsa, deməli, ya təkzib, ya da ona oxşar nəsə olacaqdı. Bundan sonra ənənəvi taktiki gedişimizi işə saldıq, yəni hamı məsuliyyəti öz üzərindən atmaq üçün xəbəri birinci hansı qəzetin yaymasını aydınlaşdırmağa çalışdı, lakin ilkin mənbəni gördüm deyən olmadı. Biz kinder yumurtaları və qanadlı pampers reklamlarından aldığımız pulları geri qaytarmadıq, heç bunu istəmədilər də.
Artıq yayın qızmarını canına çəkmiş avqustun quraqlığı arxada qalmışdı, payızın sərin nəfəsinə bürünmüş yeni mətbuat mövsümü yaxınlaşırdı. Şəhərin dəniz kənarındakı nəhəng zibilxananın yaxınlığında başsız insan bədəninin tapılması xəbəri, məni aylardı okeanda dolaşan gəminin dor ağacından torpaq görən matros kimi sevindirdi. Yerimdən sıçrayıb “ura” qışqırmağa hazırlaşırdım ki, şef məni qabaqladı:
– Bilirsən də…
– Hə, hə…
– Yaxşı, yaxşı qazmaq lazımdı…
– Okey, okey.
– Çatdıracaqsan?
– Yes, yes!
– Di, davay!
– Davay, davay!
Dekabr, 2017
Sarı dana
Naxırçılar damaqlarında çürük ağac kötüyü kimi ilişmiş təkəmseyrək dişlərini ağarda-ağarda yekəpər Krasnodar cöngəsinin burnundakı həlqəsindən yapışıb bordaqda vurnuxan şeşən düyənin üstünə gətirəndə mənim dəhşətli ölümümdən iki gün keçirdi. Yaxşı ki, tez ölüb qurtardım: kəndin üz qarasına çevrilmiş o biri danalar kimi alaq-ulağı ovurdumda ləzzətlə marçıldada-marçıldada dana gözlərimi yad öküzünün şeşən düyəni zorladığı səmtə zilləyib arsızcasına “mö” eləmədim. Onlar hamısı yaxşı bilirdilər ki, üstündən təzək iyi gələn çürük dişli naxırçılar öz aralarında fərəhlə “damazlıq buğaları qorumaq lazımdır” deyəndə mənim kimi bu torpağın çayırlığında başına gün döyəcləyən sarı danaları yox, tövlənin qaranlığında təzə-tər yonca yeyən Krasnodardan gətirilmiş ala-bula cins buğaları nəzərdə tuturdular. Buğa deyəndə də bir az yekə çıxır: özlərini elə aparırlar ki, guya bunlar başqa planetdən gəlib, əslində, heç tanımırlar ataları kimdi, anaları kimdi, nə qədər əcaib-qəraib buğanın genini qarışdırıb belə bədheybət düzəldib bizim düyələrin üstünə göndəriblər. Amma mən dana ağlımla dərk eləyirdim ki, onlar bu qələti başqa yerdə yox, ancaq bizim üzqarası danaların gözünün qabağında, bizim təzək iyi verən naxırçıların əliylə eləyə bilərdilər. Yaxşı ki, tez öldüm, bunları görmədim… Amma bir dəfə necə oldusa cins buğaların qızarmış gözlərinə görünməmək üçün özlərini arxın qırağındakı çayırlığa verib gövşək vuran öküzlərimizdən eşitmişdim ki, bu Krasnodar buğalarının heç bizim düyələrdən sarı ürəkləri getmir, naxırçılar onları bordağa bağladıqları inəklərə yaxınlaşdırmaq üçün itin zülmünü çəkirlər, o qədər tər tökürlər ki, buğaların əvəzinə özləri atılsaydılar, heç bu qədər əziyyət olmazdı. Yad öküzləri üçün kimi zorladıqlarının fərqi yox idi, bizim danalar üçün isə kimin zorlandığının. Bax dəhşət bunda idi! Mən bunların hamısını bilirdim, özü də çox yaxşı, yerli-yataqlı. Bunları fikirləşdikcə arada ürəyim sızlayır, iştahadan kəsilirdim. Ancaq bu qədər naxırın içində bir sarı dana neyləyə bilərdi ki? Mən öz dana beynimlə hər şeyi dərk edirdim və həmişə də gücsüzlüyümü görüb xəcalət çəkirdim, amma bizimkilər öküz başlarıyla heç nəyi anlaya bilmirdilər, ya da anlamaq istəmirdilər. Daha doğrusu, bunların öküz başları üçün heç nəyin əhəmiyyəti yox idi. Mənim ölümüm də nəyisə dəyişmədi. Mən özümü ucları nizə kimi şiş yabaların üstünə atıb cırılmış qarnımdan axan qanıma qərq olanda, bəlkə də onlar öküz ağıllarıyla fikirləşiblər ki, yəqin başıma hava gəlibmiş ki, dünyanın dinc vaxtında gül kimi ətimi murdar eləyib ikinci növ sex kolbasalar üçün xam mala çevirdim. Onlar necə də böyük səhv edirdilər. Mən öldüm, çünki onların tayı olmaq istəmədim.
Yazın ilıq şəfəqləri hardan gəlib bu torpağı tapıb, niyə onun üstündə gəzən adamların və inəklərin dərisinə hopub əzalarını qıdıqlayır, baş açmıram. Dünyanın don vurmuş o qədər yerləri, günəşə həsrət buzlaqları, sazaqları var ki, niyə məhz bu torpaq, anlamıram. Günəş səxavətlə göydən işıqlarını səpəndə başa düşmürmü ki, gecə oldu, ya gündüz, isti oldu, ya şaxta buralar üçün fərq eləməz, yad cöngələr onsuz da şeşən düyələrin üstünə atılacaq, çayırdan yeyib enə verən öküzlərimizsə sadəcə quyruğunu bulayıb “mö” eləyəcəklər. Hər şey bu qədər sadədir, qurtardı getdi. Bəs onda bu günəş niyə belə şığıyır, heyf deyilmi bu boyda işığı hədər yerə sərf eləmək. Yalnız öləndən sonra başa düşdüm ki, bütün bunlar mənim ölümümü sürətləndirmək üçün imiş.
Yazın ilmanqısı canıma keçər-keçməz dirçəlmişdim, nəsə şıllaq atmaq, uzaqlara qaçmaq, qışdan çıxan düyələrə özümü göstərmək üçün meymunluq eləmək istəyirdim. Heç məndən başqa özünə əl qatan yox idi; dedim axı, isti oldu, ya soyuq, səhər oldu, ya axşam bu yerlərin adamları və inəkləri üçün elə bir fərq eləməzdi. Bütün günlər bir-birinin tayı idi. İnəklər adamlara, adamlar da inəklərə oxşayırdı. Bəs mən niyə dingildəyirdim? Yekə naxırın içində bir dənə dılğır sarı dana özünü qoymağa yer tapmırdı; suyla dolu vedrəyə təzə dikəlmək istəyən buynuzlarımla kəllə vurdum “darap” elədi, arxın üstündən tullanmaq istəyəndə suya düşdüm “tarap” elədi, şeşən düyəni görən kimi yanına qaçıb qabaq ayaqlarımı naxırçıların atı sayaq havaya qaldırdım yerə dəyib “şarap” elədi. Yoğun buynuzları fil boyda cəmdəklərinin üstündə daha vahiməli görünən təcrübəli öküzlər təəccüb və boşluqdan başqa heç nə ifadə eləməyən mal gözlərini qaldırıb mənə sarı baxdılar, quyruqlarını buladılar. Nə olmuşdu görəsən bir yerdə qərar tuta bilmirdim, nə tay-tuşum olan sakit danalarla yola gedirdim, nə də dünya görmüş, ağır-batman öküzlərin mal baxışlarından abır-həya edirdim.
Heç gün boyu tövlənin qaranlıq yerində naxırçıların başlarına pərvanə kimi dolandıqları Krasnodar cöngələrinin adını tutmuram. Onlar üçün yazın-qışın, gecənin-gündüzün qəti dəxli yox idi, əllərindən gələn yeganə iş yeyib-yatmaq və minmək idi. Bizim dünyaya yemək və minmək üçün gələn öküzlərin nəyi bizdən artıq idi, bilmirəm, sadəcə gözləri həmişə təzə dəymiş gilənar kimi qırmızıya çalırdı. Yazın ilıq şəfəqlərini canımda hiss edər-etməz nədənsə ürəyimdən keçdi ki, özümü onların yanına verim, bütün ömürlərini tövlənin qaranlığında başı bağlı, burnu həlqəli yatıb qalan həmcinslərimdən hal-əhval tutum. Sonradan al qanıma boyanıb gəbərəndə başa düşdüm ki, sən demə, bu diyarın inəklərinin arasında belə fikrə düşən birinci dördayaqlı mən olmuşam. Dağdan ağır öküzlərin heç şeşə buynuzlarının ucundan belə keçməyən bu dəhşətli macəra hardan beynimə girmişdi? Hər halda dana idim, gələcəyim qabaqdaydı, bəlkə də qabaq da ola bilərdi, bu səhvi mənim danalığıma bağışlamaq da olardı, amma bağışlamadılar…
Tövlənin qaranlığında yad öküzlərin gilənar gözləri torana sarı gedən günəş kimi parıldayırdı. Məni görüb diksindilər, bəlkə də lap qorxantəhər oldular. Bizim öküzlərsayaq mal gözlərini döyüb quyruqlarını bulamadılar, bəziləri boğazlarındakı zənciri silkələyib fınxırmaq istədi, fınxırdı da, bəziləri iti buynuzlarını mənim qarnıma soxmaq üçün havaya qaldırıb dartınmaq istədi, dartında da. Amma heç nə eləyə bilmədilər. Onlar zəncirdə, mən açıq, onlar bağlı mən sərbəst, neyləyə bilərdilər ki, istəyir Krasnodar yox, lap Madaqaskar kəli gəlsin. Danalığıma salıb bir az da qabağa getdim, təzə dikələn buynuzumla xallı buğaların lap yekəsinin qarnını yüngülvari qıdıqladım. Danaydım ki, dana… Buğanın gilənar gözləri qan çanağına döndü, nə qədər bacardısa dartındı, buynuzlarını yellədi. Heç vecimə də almadım, naxırçıların atı kimi iki ayaq qalxıb belinə atılmaq istədim, atıldım da. Mən bunu zarafatla eləyirdim, başqa niyyətim yox idi, öküzlərlə tanış olmaq istəyən qışdan təzə çıxan dananın əlindən başqa nə gələ bilərdi ki? Buğasa bunu özünə sığışdırmadı, dartınmağını saxlayıb var gücü ilə möyüldədi, elə nalə çəkdi, elə bil bağrı yarılırdı. Yad öküzlərin pərvanəsinə çevrilmiş təzək iyi verən naxırçılar tövləyə girib məni Krasnodar cöngəsini dümsükləyən görəndə papaqlarını yerə vurub qışqırdılar: “sarı dananın gözü qızıb”. Xəkəndazın ağzıyla sümükləri təzə bərkimiş kürəyimin düz ortasından necə ilişdirdilərsə bir anın içində başım hərləndi, özümü zorla ayaq üstə saxlayıb kötük dişlərini qıcamış kişinin üzünə baxdım. İnsan olsaydım deyərdim ki “ə, bədbəxt oğlu, bütün günü bunlar bizi minirlər, imkan ver bir dəfə də biz minək də”. Demədim, deyə bilmədim. Yaxşı ki, insan deyildim. Belə insan olmaqdansa, dana olmaq heyf deyilmi? Krasnodar cöngəsi qələbə çalırmış kimi qızarmış gözlərini səyridərək yuxarıdan aşağı mənə sarı baxdı, elə bil nəsə qımışdı da. Heç xoşum gəlmədi, özümü toparlayıb cöngənin qarnına birini də ilişdirdim, bu dəfə zarafat eləmədim, həqiqətən vurdum. Qəribəydi ki, mənim zərbəmdən sonra cöngə də, naxırçı da eyni vaxtda “mö” elədilər. Sonra geri qanrıldım, qaçıb tövlədən çıxdım. Arxadan peyin iyi verən naxırçının dana böyürtüsünə oxşayan bağırtısını eşitdim: “sarı dananın gözü qızıb”…
Nə günəşin işığı, nə təzə boy göstərən sırtıq çayırın, quşəppəyinin, bağayarpağının turşməzə dadı, nə də şeşən düyənin yanımdan keçəndə nazlı-qəmzəli baxışlarını üstümdə gəzdirməsi eynimdə idi. Axı niyə bizi minməyə qoymurlar? Minmək cəhənnəmə, heç dana kimi yaşamağa da imkan vermirlər. Səhər o başdan dur otla, gün əyilməmişdən ağzını ver lilli arxın gözünə hortda ki hortada bildikcən, sonra kölgəlikdə gövşə, otlaqlarda təzəklə, adamların sözü olmasın, “səhər naxıra, axşam axura”. Bunun adına dana ömrü deyirlər. Dana olanda nə olar ki? Başımı qaldırıb ətrafıma baxıram; peyin iyi gələn naxırçılardan başqa elə o biri adamlar da səhər o başdan axışırlar çöllərə, kətmən vuran kim, alaq eləyən kim, günün qızmarında özünü lilli arxa vurub camış kimi ləhləyən kim. Bizim adımız çıxıb, elə onlar da danadılar ki durublar.
Krasnodar buğalarına ilişəndən sonra dünya mənim, mən də hamının gözündən düşmüşdüm: ağırbatman öküzlər mənə yaxın gəlmirdilər, mən yanlarına gedəndəysə “mö”ültülərini kəsib gövşək vururdular, mən aralanan kimi təzədən öz aralarında “mö”üldəşməyə başlayırdılar, tay-tuşum olan danalarsa mənimlə birdəfəlik “salam-kəlamı” kəsmişdilər, ayrı otlayırdılar, ayrı su içirdilər, hətta təzəkləməyə də ayrı gedirdilər, bircə dənə şeşən düyə hərdən altdan-altdan mənə sarı baxmağından qalmırdı. Naxırçılarsa lap qəribə olmuşdular, birisi pırtlaşıq yulğun budağı kimi vələduzna gözlərinə kölgə salan çatma qaşlarını çatıb gün boyu məni izləyirdi, o birisi Krasnodar cöngələrinin yatdığı tövlənin qabağında səhərdən axşama çiynində xəkəndazı müsəlləh əsgər kimi dayanıb keşik çəkirdi, naxırçılığa təzə başlayan və gələcəkdə üstlərinə hopacaq təzək iyini nəsildən-nəslə şərəflə ötürərək bu qədim sənəti ölməyə qoymayacaq gədələr isə elə hey ora-bura qaçır, nəyisə itiləyir, nəyisə yağlayırdılar. Əslindəysə, mənim faciəli qətlimə hazırlıq gedirdi… Parlayan hər gün, közərən hər ay məni ölümə bir qədər də yaxınlaşdırırdı. Təbii ki, mən bütün bunları öləndən sonra bildim.
Nəhayət, o gün gəlib çatdı. Bu, şeşən düyənin zorlanmasından iki gün əvvələ düşdü. Naxırçı gədələr böyür-başıma keçib kürəyimi sığallayırdılar, cod barmaqlar hələ də yazın ilığında xumarlanan dərimin üstündə gəzişdikcə ətim ürpənirdi, birdən kimsə ayağımdan tutmaq istədi, məndən əvvəlki danalar belə vəziyyətdə necə hərəkət ediblər bilmirəm, mən ayağımı ələ verməyib təpik atdım. Sonra bu, bir neçə dəfə təkrarlandı, asanlıqla yıxılmaq istəmirdim, bəlkə də yıxılardım, amma bunun səbəbini düz-əməlli başa salan yox idi. Bu boyda naxırın içində niyə məhz mən? Qan-tərə batan gədələrin bacara bilməyəcəyini görən naxırçıların səbri tükəndi. Krasnodar cöngələrinin “müsəlləh əsgəri” əlindəki xəkəndazı bu dəfə kürəyimə yox, başıma endirdi, gözlərimə qaranlıq çökdü, mənim yerimdə hansı dana olsaydı bu zərbədən elə yerindəcə böyürmüşdü. Ayaqlarımı artıq ələ keçirmişdilər, yıxılmaq ərəfəsindəydim, gözlərim ağzını otdan ayırıb mənə sarı baxan şeşən düyənin nəvazişli baxışlarına sataşanda hardansa ayaqlarıma güc gəldi, gədələrə babat təpik ilişdirdim, hərəsi bir tərəfə sərildi, gözləri dörd olan naxırçı xəkəndazını havada hərləməyə macal tapmadı təzə çırtlamış buynuzlarımı onun qurşaqdan aşağısına tutuzdurdum. Kişinin gözləri eynən yad cöngələrinki kimi təzə dəymiş gilənarın qırmızısına çevrildi, elə bildim böyürəcək, amma o böyürmədi, yalnız mənim və özünün qulaqlarına çatacaq boyda zarıdı, “oy mama” dedi. Axı o, niyə böyürmədi? Keşkə buynuzlarım bekara böyük olardı, onda görəydi bu otlaqlar necə danalar yetirir.
Oxdan çıxmış yay təki götürüldüm. Naxırı arxada qoyub xeyli uzaqlaşandan sonra nəyin baş verdiyini aydınlaşdırmaq üçün geriyə: adamlara və inəklərə sarı baxdım. Təpik babat tutduğundan iki gədə qarnını ovuşdura-ovuşdura arxamca qaçmaq istəsələr də, yarıyolda dayanıb söyüş yağdırırdılar, çürük dişli kişininsə “müsəlləh əsgər”liyindən əsər-əlamət qalmamışdı dizi üstə yerdə çömbəlib “mama”sını çağırırdı. İnəklərsə… Ax inəklər… Məni yandıran onlar idi, heç başlarını da qaldırmadılar, sanki ətraflarında heç nə baş vermirdi, sanki onlar heç nə görmürdülər, eşitmirdilər, qurdlu çayıra bir həşir kəsmişdilər ki. Mən heç vaxt onları anlamamışam. Yalnız öləndən sonra bildim ki, əslində onlar hər şeyi çox gözəl görür və eşidirmişlər, amma inək başlarıyla heç nəyi başa düşmək istəmirmişlər. Həm də onu bildim ki, bu dəyyus naxırçılar məni kəsmək yox, axtalamaq üçün yıxmaq istəyirmişlər. Hamının gözü qabağında, ən rüsvayçısı isə şeşən düyənin yanında məni axtalamaq niyyətləri varmış.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/natiq-m-mm-dli/q-hr-manim-s-ns-n/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.