Aura
Karlos Fuentes
Aura – meksikalı yazıçı Karlos Fuentes tərəfindən yazılmış, ilk dəfə 1962-ci ildə Meksikada nəşr olunmuş qısa romandır. Bu roman "nağıl" mövzularının diqqətəlayiq təsvirinə və personajın təsvir etdiyi "ikili şəxsiyyət" simasına görə fantaziya ədəbiyyatı sayılır.
Karlos Fuentes
Aura
Kişi ov edir və döyüşür. Qadın fitnə törədir və arzu edir, o fantaziya ilahəsi və tanrıların anasıdır. Ağlın dərk eləmədiyi şeylər də qadın üçün aydındır… Tanrılar da insanlar kimidir: qadın onlara həyata gətirir və onlar qadının sinəsində can verirlər.
Jül Mişle
I
Elanı oxuyursan: sənə maraqlı gəlir, axtarılan adam sənsən, əlbəttə, elan məhz sənin üçün yazılıb! Siqarının külü çayın içinə düşür, amma bu elə də vacib deyil – ucuz, çirkli qəlyanaltıxanada oturmusan, qabağındakı qəzetin elanlar səhifəsi açıqdır və sən sətirləri oxuyursan. Cavan tarixçi axtarılır. Səliqəli və vicdanlı olsun. Fransız dilini ana dili kimi təmiz bilsin. Katiblik işindən anlayışı olsun. Bir müddət Fransada yaşamış birinə üstünlük verilir. Aylıq üç min peso maaş, üstəlik yemək, qalmağa və işləməyə rahat, günəşli və sakit otaq. Bircə sənin adın çatmır. Yağlı qara hərflərlə Felipo Montero yazılsaydı, söhbətin səndən getdiyinə şübhən qalmazdı. Təqaüdlə Sorbonnada təhsil alan, kitab qurdu, beyni lazımsız məlumatlarla dolu, özəl məktəblərdə ayı doqquz yüz pesoya assistent işləyən Felipo Montero işə dəvət olunur. Amma belə yazılsaydı, sən inanmazdın, elə bilərdin kimsə zarafat edir.
Donseles, 815, maraqlananlar şəxsən gəlsin, telefon yoxdur.
Çayın pulunu stolun üstünə qoyursan, çantanı götürüb küçəyə çıxırsan. Çox güman hansısa sənin kimi cavan, oxşar şərtlər altında yaşayan tarixçi artıq bu elanı oxuyub, gedib və işə düzəlib. Yaxşısı bu fikri başından atasan.
Tindəki dayanacaqda avtobus gözləyə-gözləyə siqaret çəkirsən. Yuxulu şagirdlərin sənə hörmət etməkləri üçün lazım olan tarixləri öz-özünə təkrarlayırsan. Bu da avtobus. Hazırlaş. Bəsdir ayaqqabılarının ucuna baxdın, hazır ol. Barmaqlarınla cibindəki xırda pulları qurdalayırsan, otuz sentavo ayırıb ovcunda sıxırsan. Avtobus heç vaxt burda dayanmır, buna görə də tullanıb qapısından yapışırsan, otuz sentavonu verib içəri keçirsən, camaatın arasında birtəhər yer tapıb dayanırsan, portfelini sinənə sıxırsan, sağ əlinlə isə şalvarının arxa cibindəki portmanatı yoxlayırsan.
Bu gün də həmişəki kimi sakit keçəcək və sən elanı bir də bu biri gün səhər, həmin qəlyanaltıxanada oturub qəzeti açanda xatırlayacaqsan. Axırıncı səhifədə yenə həmin elan: cavan tarixçi. Deməli dünən heç kim getməyib. Gözlərin sətirlərin üstündə gəzişib axırıncı sətirdə dayanır: maaş dörd min peso.
Şəhərin köhnə mərkəzində, Donselesdə hələ də yaşayış olduğu kimin ağlına gələrdi? Yavaş-yavaş küçədə gəzirsən, bir vaxtlar ev olan, indisə dərzi, saatsaz, pinəçi emalatxanalarına, sərin su satılan dükanlara dönən köhnə binaların arasında 815 nömrəli evi axtarırsan. Bu kvartaldakı evlərin nömrələri tez-tez dəyişdirilib, onları pozub təzədən yazıblar, ya da heç pozmayıblar, təzə nömrəni köhnənin üstündən, yanından qaralayıblar, aləm bir-birinə qarışıb: 13 nömrəli ev 200 nömrəli evin yanındadır, 47 nömrəsinin altında təbaşirlə: “İndi 924” yazılıb. Başını qaldırıb yuxarı mərtəbələrə baxırsan. Hər şey əvvəllər olduğu kimidir: heç yerdən yüksək musiqi səsi gəlmir, rəngli işıqlar və ucuz vitrinlər asılmayıb, heç nə küçənin görünüşünü korlamır. İkinci mərtəbədəki pəncərələrdən birinin yaşılımtıl, ağır pərdəsi tərpənir, kiminsə baxışları sənin baxışlarınla toqquşan kimi pərdəni çəkib içəridə gizlənir, qapının üstünə baxırsan – 815, əvvəlki 69.
Bir neçə dəfə qapının it başı formasındakı taqqulbabını çalırsan. Taqqulbab köhnəlib, it başı formasını itirib, it elə bil sənə gülümsəyir və sən taqqulbabın soyuqluğundan üşənib əlini çəkirsən. Yüngülcə itələyən kimi qapı açılır, bir neçə saniyə dayanıb tində sıralanan, xırıldayan, havanı zəhərləyən maşınlara baxırsan, laqeyd dünyanın obrazını özünlə içəri aparmaq istəyirsən.
İçəri girib qapını bağlayırsan. Üstü örtülü, alaqaranlıq keçidə baxırsan – çox güman bura həyətdir, çünki rütubət, yaş ot və çürüntü iyi burnunu qıcıqlandırır, buranın havası çox ağırdır. Əbəs yerə hardasa işıq axtarırsan, kibrit çıxartıb yandırmaq istəyəndə hardansa incə, sınıq səs eşidirsən:
– Lazım deyil… yandırmayın. Xahiş edirəm. On üç addım qabağa gəlin, sağda pilləkan var. Yuxarı çıxın. İyirmi iki pillədir, sayın.
On üç. Sağa. İyirmi iki.
Daş pillələrdən sonra nəmişlikdən çürüyən taxta pillələr ayaqlarının altında cırıldamağa başlayır, yenə də rütubət və çürüntü iyi burnunu qıcıqlandırır. Kibriti hazır saxlamısan, çıxa-çıxa sayırsan. Nəhayət, bu da iyirmi ikinci. Qapıdan da rütubət iyi gəlir, qapının cəftəsini axtarırsan, tapmayıb bir tayını itələyirsən, ayağını artıq quru döşəməyə yox, xalçanın üstünə basırsan. Burda hər şey görünür, hardansa zəif sarımtıl işıq içəri süzülür.
– Senyora… – Yavaşdan çağırırsan, bayaqkı səs qadın səsi idi. – Senyora…
– İndi sola dönün. Birinci qapı.
Bu qapını da itələyirsən – artıq evdəki bütün qapıların yaylı olduğunu bilirsən. Yumşaq qızılı şüalar kirpiklərinin arasından süzülür, hər şeyi hörümçək toru kimi dumanlı görürsən. Çaşqınlıq içində divarda oynaşan işıqlara baxırsan, elə bil divarda çoxlu ulduz parıldayır, sonra görürsən ki, səliqəsiz düzülmüş əşyaların üstündə çoxlu şam yanır və şam işığı otaqdakı əşyaların, şüşə qabların üstünə düşüb parıltısını divarda əks etdirir. Otağın dərinliyində çarpayı var və kimsə çarpayıdan sənə əl edir, yaxınlaşmağını istəyir. Çarpayıya yaxınlaşırsan. Balaca qarı böyük çarpayının içində itib-batıb. Onun əlini tutmaq üçün əlini uzadırsan, amma əlin, qırmızı gözlərini sənə dikib nəsə çeynəyən bir canlının qulaqlarına, tüklü dərisinə toxunur. Gülümsəyib dovşanı tumarlayırsan. Dovşan sahibəsinin əlindədir, nəhayət qarı soyuq əliylə sənin əlini tutur, soyuq barmaqları bir müddət isti ovcunun içində qalır, sonra sən əlini qarının əsirliyindən qurtarmaq üçün balışın qırçınlarını sığallamağa başlayırsan.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68288350) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.