Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya
Əli Şamil
Kitaba müəllifin Quzey Qafqaza, Kırıma, Qaqauz Yerinə və Güney Koreyaya gedərkən şahidi olduğu hadisələrdən, eləcə də elmi toplantılarda tanış olduğu araşdırıcılardan, bölgənin yaxın və uzaq keçmişindən, bu günkü ictimai-siyasi vəziyyətindən, eyni soylu xalqların birliyinə əngəl olan səbəblərdən bəhs edən yazılar daxil edilmişdir.
Əli Şamil
Yol dəftərimdən
Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya
Sən hər kitab oxuyanda ağaclar sevinir və ölümdən sonrakı həyata inanır…
Əli Şamil. Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya.
Bаkı, “Köhlən” nəşriyyatı, 2022.
© Əli Şamil / 2022
© Köhlən Nəşriyyatı / 2022
İSBN: 978-9952-8443-0-6
Yol qeydləri, yoxsa türk xalqlarının keçmişinə və gələcəyinə baxış
Azərbaycandan hər il yüzlərlə elm adamı müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq konfranslara qatılır. Əksəriyyətimiz oralardan döndükdən bir neçə gün sonra səfər təəssüratlarımızı unudur, bu barədə yazmaq heç ağlımıza da gəlmir. Ən yaxşı halda öz fəaliyyətimizi reklam etmək üçün saytlara bir neçə cümləlik yazı, 3–4 dənə şəkil verir, bununla da işimizi bitmiş hesab edirik. Əli Şamilin kitabını oxuyarkən düşündüm ki, müəllif hamımızdan yaşca böyük olsa da, necə zəhmətkeşdir. Biz getdiyimiz ölkələrdə konfransın o günə olan proqramı yekunlaşdıqdan sonra daha çox gəzməyə və istirahət etməyə üstünlük veririk. Əli müəllim isə həm gəzib, həm də müşahidələrini qələmə alıb.
Əsəri oxumağa başlayarkən fikirləşirdim ki, görəsən, bunlar ölkəyə döndükdən sonra, yoxsa konfrans zamanı yazılıb? Kitabın müəyyən hissələri məndə belə bir fikir yaratdı ki, müəllif elə xaricdə olduğu zaman, konfransların gedişi zamanı qeydlər edir, həmkarları oteldə istirahət edərkən, bəlkə də, o, təəssüratlarını yazırmış. Sonradan rastlaşdığım cümlələr – müəllifin sanatoriyaya müalicə üçün gedəndə bilgisayarını da özü ilə aparmasını sözarası qeyd etməsi, Kırımı gəzərkən Ediye xanımın yolboyu dediyi tatar yer-yurd adlarını dəftərçəsinə elə yoldaca yazması gümanımın doğru olduğunu təsdiqlədi.
Kitabda hadisələr o qədər aydın və xırda detallara qədər təsvir olunaraq yazılıb ki, sanki oxucu da Əli Şamillə birgə o yerləri gəzir, konfrans salonlarında oturur, məclislərdə iştirak edir, söhbətlərə qulaq asır. O, nəinki konfranslara qatılanda, hətta sanatoriyalara müalicə məqsədilə gedəndə belə gördüklərini qələmə alır.
Əli müəllim ancaq müalicə, səyahət, elmi simpoziumlara qatılmaq məqsədilə deyil, özünün də etiraf etdiyi kimi həm də o yerləri öyrənmək üçün gedirmiş: “Sanatoriyaya getmək həvəskarları sırasında xanımım və mən də vardıq. Biz müalicə olunmaqdan çox qədim türk yurdlarını tanımaq, aydınlarla görüşmək üçün sanatoriyaların imkanlarından istifadə edirdik. Kırımdakı, Quzey Qafqazdakı sanatoriyalarda olarkən yerli radio-televiziyada, qəzet və jurnal redaksiyalarında, nəşriyyatlarda da olurduq. Oradan malkar (balkar), qaraçay, noqay, qumuq dillərində yazılmış kitablar, qəzet-jurnallar alıb gətirir, peşə yoldaşlarımıza, dostlarımıza oxumağa verir, sonra da müzakirələrə başlayırdıq”. O, hətta görüşdüyü insanlardan folklor nümunələri toplayırmış: “Sadə urumlular ilə söhbətimiz şirin keçirdi. Həvəslə bayatılar, dastanlardan parçalar, nağıllar, ata sözləri və s. söyləyirdilər. Səslərini yazmağa texniki avadanlıqlarım olmadığından danışıqları qələmlə kağıza yazmağa çalışırdım”. O illərdə belə imkanlardan bu cür ağılla istifadə etmək hər adamın düşünəcəyi bir məsələ deyil.
Müəllifin xarakterində olan yumor hissi, hazırcavablıq qabiliyyəti onun yazılarına da sirayət edir, bəzi hissələri oxuyarkən adamın dodağı qaçır (məs., “Öpücü baba”), bəzən onun qarşısındakına keçdiyi “dərs” oxucuda rəğbət oyadır (“Mövcud olmayan dövlətin işğal olunmuş torpaqları”, “Quzey Qafqaz Sovetlərin çöküşündən sonra” adlı bölümdə urumlularla söhbət hissəsi və s.). Bəzən də adam Əli Şamilin cəsarətinə heyrətlənməyə bilmir. Gömrük məntəqələrində rus məmurlara verdiyi cavablar hər bir Azərbaycan vətəndaşının ürəyindən keçənləri əks etdirir.
Bu kitabda biz müəllifin iştirak etdiyi konfranslara qatılan elm adamları, onların məruzələri, səfər etdiyi ölkələrin tarixi, coğrafiyası, hətta siyasətçiləri və gömrüklərdəki vəziyyət haqqında məlumatlar əldə edirik. Kitab sanki bələdçi rolunu oynayır və Aleksandr Düma, Adam Oleari, Övliya Çələbi kimi məşhur səyyahların əsərlərini xatırladır. Onu da qeyd edim ki, “Yol qeydlərim” Əli müəllimin bu seriyadan olan ilk kitabı deyil. Onun “Tanıdığım adamlar”, “Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” və s. əsərlərində də eyni xətti müşahidə edirik. Adlarını qeyd etdiyim kitablar, təbii ki, yalnız səfər təəssüratlarını yazmaq üçün qələmə alınmayıb. Bunları oxuyan gənc digər Türk cümhuriyyətləri, oralarda yaşayan soydaşları, yaşıdlarının durumu, həmin ölkələrdəki siyasi vəziyyət və s. haqqında da məlumat əldə edir. Bu məlumatlar isə onun dünyagörüşünə və gələcək fəaliyyətinə təsir etməyə bilməz. Müəllif kitabda Azərbaycanın Rusiyada mövcud olan digər Türk cümhuriyyətləri və orada yaşayan türk xalqları ilə zəif münasibətlər qurmasından, bəzi hallarda isə görülən işlərlə bağlı yazıların yazılmamasından şikayət edir, sanki gəncləri bu sahədəki boşluqları aradan qaldırmağa səsləyir.
Əli müəllimin yazılarında daha bir diqqətçəkən məqam da dilimizə digər dillərdən keçən sözlərdən imtina edərək onları milli sözlərlə əvəzləməsidir. O, ziyalını oxumuş, aydın, əsri yüzil, cənubu güney, şimalı quzey, mübarizəni dirəniş və s. kimi sözlərlə əvəz edərək gənclərə örnək olmağa çalışır.
Yazılarda Əli müəllimin etnoqrafik detallara nə qədər həssaslıqla yanaşdığını müşahidə edirik: “Təxminən 250, 500, 800 qramlıq plastik qablardakı kiçik, yumru və çil-çil əriklər diqqətimi çəkdi… Naxçıvanlılar ona qığ ərik deyirlər. Ərik hər yerdə sovuşsa da, burada yeni-yeni yetişir”. Onun burada işlətdiyi qığ ərik və sovuşmaq ifadələri əslində etnoqrafik terminlərdir. Eləcə də, qaqauz qıvırması haqqında məlumat verərkən Azərbaycanda qovurmanın necə hazırlanmasını təsvir etməsi maraq doğurur.
Onun müxtəlif türk xalqlarından bəhs edərkən verdiyi məlumatlar çox lazımlıdır. Bu baxımdan “19-cu yüzilin sonlarında və 20-ci yüzilin əvvəllərində rusların tərəkəmə kimi qeydə aldığı xalq indi qumuq və azərbaycanlı kimi qeydə alınır” cümləsi olduqca qiymətli detaldır. Urumlular, noqaylar, tatarlar haqqında yeri gəldikcə yazdığı faktlar da diqqətçəkicidir. Əli Şamil sanki, yeri gəldikcə, bu cür məlumatları yazaraq onları itib-batmaqdan qorumağa çalışır.
Müəllifin yazılarından hiss olunur ki, getdiyi bütün bölgələrlə bağlı çox məlumatlıdır. Oralarda nəşr olunan dövrü mətbuat, çap olunan kitablar, hətta yaradılan təşkilatlar və s. barəsində bölgənin insanları qədər, hətta bəzən onlardan da çox bilir.
O, nəinki Türk cümhuriyyətləri və muxtar vilayətlərini gəzir, eyni zamanda Güney Koreya kimi uzaq ölkələrə də səyahət edərək oralardakı durumlarla maraqlanır, tanınmış universitetlərdə məruzələr oxuyur, bunun üçün mükafat alır, keçirilən konfranslarda əsas çıxışçılardan biri olur, orada yaşayan tələbələrlə görüşür, prosessor Eunkyung Oh kimi alimlərlə fikir mübadiləsi edir, gələcəkdə görüləcək işləri planlaşdırır və s.
Düşünürük ki, müəllifin digər əsərləri kimi bu kitabı da Türk dünyasını daha yaxından tanımağa, problemləri daha yaxşı analiz etməyə kömək edəcəkdir.
Ləman Vaqifqızı (Süleymanova)
Fil.ü.f.d., dos.
Rəsmi təbliğat və gördüyünü danışan insanlar
“Yol qeydlərim (Quzey Qafqaz, Kırım, Qaqauz Yeri və Güney Koreya)” kitabın nəşriyyata göndərmək istərkən dönüb keçmişimə baxdım. Gördüm 73 ili arxada qoymuşam. 18 xarici ölkədə elmi simpoziumda iştirak etmişəm, 200 yaxın məruzə oxumuşam. İstər Azərbaycanda, istər vətənimdən kənarda nəşr etdirdiyim məqalələrin, oxuduğum məruzələrin əsas qayəsi zülmə, haqsızlığa etiraz olub.
Etirazımın, narazılığımın səbəbi mənə edilən haqsızlıqdırmı? Yazılarımda və çıxışlarımda demək olar ki, buna rast gəlinmir. Sovet rejiminin yalnız məni deyil, ailəmi, qohumlarımı, ətrafımdakıları necə əzdiyini, çıxılmaz vəziyyətə saldığını görmüşəm. Biliyim artdıqca, oxuduğum kitablar, məqalələr, arxiv sənədləri çoxaldıqca bilmişəm ki, təkcə mənim ailəm, qohumlarım, kəndim, millətim əzilməyib. Son yüzilliklərdə Türksoylu xalqlara, onların cəsur, millətsevər övladlarına edilən ədalətsizlik içimi göynədib. Ağrılarımı, acılarımı üsyankarcasına oxucuya çatdırmamışam, sakit-sakit sətirlərimə hopdurmağa çalışmışam.
Ucqar bir dağ kəndində doğulmuşam. Ailəmizdə, oxuduğum məktəblərdə müəllimlərim arasında açıq antisovet, milliyətçi təbliğat aparan olmayıb. Gördükləri, şahidi olduqları hadisələri də nə gizlədiblər, nə də ona siyasi rəng qatıblar. Uşaqların əksəriyyəti kimi mən də dərsə getməyəndə, təsərrüfat işləri görməkdə ailəyə, qohum-əqrabaya kömək etməyəndə adamların toplaşdığı dükanın yanında olmuşam. Daha çox özümdən böyüklərin söhbətlərini, zarafatlarını dinləmişəm. Yeniyetmə ağlımla onların dediklərinin qəzetlərin, jurnalların yazdıqları, radio-televiziyada, iclaslarda deyilənlərə düz gəlmədiyini hiss etmişəm. Kəndimizin adamları şahidi olduqları, eşitdikləri, gördükləri hadisələrə bir az da bəzək-düzək vuraraq danışırdılar. Görünür, bu da onların aşıq mühitində böyümələrindən, dastançılıq ənənəsinin təsirindən çıxa bilməmələrindən irəli gəlirdi.
Məktəbdə, dərsliklərdə, qəzet və jurnallarda, radio və televiziyada, rəsmi toplantılarda Sovetlərin qazandığı böyük qələbələrdən söz açılırdı. Kənd içərisində isə, nimdaş, yamaqlı paltar geymiş atalar övladlarını ali məktəblərə qəbul etdirmək üçün qəpik-qəpik pul toplamalarından, kolxoz malını rəhbərlərin oğurladıqlarından, talançılıqdan, ölkədə rüşvətin baş alıb getdiyindən danışırdılar. İl boyu kolxozda işləyən bu adamlar həkimə getmək üçün, ailə üzvlərini şəhərə yola salmaq üçün, ali və orta ixtisas məktəblərində oxuyan balalarına beş-on manat göndərmək üçün borc almağa dəfələrlə müəllimlərin üstünə qaçtığının şahidi olmuşam. Müəllimlər də hər zaman pul verə bilmirdilər. Maaş verilən vaxtı gözləmək lazım gəlirdi.
Çoxlu mal-qara, toyuq-cücə saxlayan kəndlilərin evində aylarla ət xörəyi, yumurta yeyilmirdi. Necə deyərlər, ət, yun, yağ, pendir, yumurta və b. kənd təsərrüfatı məhsullarının çoxu bazarda satılmaq üçün hazırlanırdı. Oradan əldə edilən pul ailə üzvlərinə geyim, ev əşyaları alınmasına, xeyir-şərə xərclənirdi.
Rəsmi təbliğat Sovet Ordusunun İkinci Dünya Savaşındakı möhtəşəm qələbəsindən, adamların orduya könüllü yazıldığından danışırdı. Kəndimizdə bir nəfərdə olsun, “mən əsgərliyə könüllü getdim”, ‒ deyən yox idi. Hamısı məcburi əsgər aparıldığını deyirdi. Əsgərliyə 18 yaşında aparırdılar. Amma savaş illərində kəndimizdən 18 yaşı çatmayanları da səfərbərliyə alıb savaşa göndərmişdilər. Savaşda iştirak edənlər isə aclıqdan, ordudakı başıpozuqluqdan, milli ayrıseçkilikdən söhbət açırdılar. Rus dilini bilmədiklərinə görə komandirlərin müsəlmanları “yoldaş” deyib necə güllələdiklərindən danışırdılar.
Kəndimizdən savaşa göndərilənlərin əksəriyyəti Kırım yarımadasında olmuşdu. Necə deyərlər, güllə səsi eşitməmiş, burunlarına barıt qoxusu dəyməmiş, almanlara bir güllə, bir mərmi atmamış mühasirəyə düşmüşlər. Sahilə yaxın olanlar mühasirədən qurtulmaq üçün əsgər və zabitlərin başıpozuq, düzənsiz halda Kerç boğazından gəmilərlə keçmək istədiklərini danışırdılar. Gəmi az, qaçıb qurtulmaq istəyənlər çox olduğundan basabas yaranırmış. Gəminin yükü çox olmasın, dənizdə batmasın deyə zorla minmək istəyənləri itələyib suya salırlarmış. Hava sahəsi qorunmadığından köhnə gəmilərə minmiş “şanslılar” isə alman təyyarələrindən atılan bombalardan balıqlara yem olmuş, ya da cəsədlərini ləpələr sahilə vururmuş. Sahildəki cəsədləri toprağa basdırmağa təşəbbüs göstərən belə olmurmuş. Əsgər və zabitlərin bir qismi isə 4–5 gün mühasirəyə düşdükləri üçün yüksək rütbəli komandirlərinin onları qoyub qaçdıqlarını bilməmişlər. Ac qaldıqlarında özlərinə yemək tapmaq üçün gedərkən almanların yarımadanı tutduqlarını bilmişlər. Əsirlikdə olanlar almanların onlara ruslardan yaxşı davrandıqlarını danışır, almanların nizam-intizamından, səliqə-səhmanından, qanunlara ciddi əməl etmələrindən qürurla danışırdılar. Biz uşaqlar isə bir-birimizi söymək və təhqir etmək istərkən nemes (alman) deyərdik.
Kəndə gələn kinolarda Sovet ordusunun hünəri, partizanların dözümlülüyü, qəhrəmanlığı tərənnüm olunurdu. “Uzaq sahillərdə” filmindəki Mixaylo uşaqların və yeniyetmələrin sevimli qəhrəmanı idi. Biz savaş iştirakçısı olan, əsir düşən kəndlilərimizdən Mixaylonu xəbər alırdıq. Onlar bizə Apo bəy Düdənginskini, Məhəmmədəmin Rəsulzadəni harada, necə gördüklərini söyləyirdilər.
Kəndimizdən Sovet İttifaqı Qəhrəmanı adı o yana qalsın, yüksək döyüş ordenləri alanlar da yox idi. Hansısa orden-medalı olan vardısa, o da sanki gizlədir, demirdi. Bizim kənddə qəhrəman kimi tanınanlar almanlara qarşı döyüşənlər deyil, ordudan qaçaraq dağlarda Sovet rəhbərlərinə qarşı döyüşənlər idi. Onlar haqqında elə ilhamla danışırdılar, gəl görəsən. Bu söhbətlər bəzən mənə inandırıcı görünmürdü. Çünki bir-iki nəfərin qaçağın 30–40 nəfər təlim görmüş, hər cür silah-sursat və ərzaqla təmin olunmuş sovet əsgər və zabitlərinə qalib gəldiyinə, qaçaq Fərzalının beşaçılanla təyyarəni vurmağına necə inana bilərdim? Amma onlar hadisələri elə təfərrüatı ilə danışırdılar ki, etiraz etməyə yer qoymurdular. 20-30-cu illərdə olduğu kimi, İkinci Dünya Savaşı illərində də kəndimizdan 8–9 nəfər qaçaqlıq elədiyinə görə güllələnmiş, bəzilərinin ailə üzvləri həbs edilmiş, Qazaxıstana sürgünə göndərilmişdi.
Quzey Qafqazda yaşayan qumuqların, noqayların, malkarların, qaraçayların, kırım tatarlarının, qaqauzların, axısqalıları bizimlə eyni dildə danışdıqlarını ilk dəfə zorla savaşa göndərilmiş kəndlilərimizdən eşitdim. Onlar soydaşları olan, tərcüməçisiz bir-birlərini başa düşdükləri qazaxlarla, qırğızlarla, özbəklərlə, türkmənlərlə, başqırdlarla bir-birlərini necə qoruduqlarından ilhamla söz açırdılar.
Məktəbdə milliyətimizin azərbaycanlı olduğunu öyrədirdilər. Qəzet-jurnallar da elə yazırdı, radio-televizyada da elə deyirdilər. Rayon mərkəzinə gedəndə ermənilərin uşağı da, böyüyü də, rəhbər vəzifədə işləyənləri də bizə türk deyirdi. Türklərin onların ata-babalarını qırdığından danışırdılar. Kitablarımızda da türklər işğalçı, qəddar kimi təsvir edilirdi. Bizim savadsız kəndlilərimiz, müəllimlərimiz isə türklərin xilaskarlığından söz açırdılar. Ermənistanın ermənilər yaşayan, türklər yaşayan, hətta ruslar yaşayan kəndlərində yazılar erməni dilində, Gürcüstanda gürcü dilində olduğu halda, Azərbaycanda rus dilində idi. Özbəkistana, Türkmənistana, Qazaxıstana, Qırğızıstana və b. türk xalqları yaşayan bölgələrə gedən kəndlilərimiz oradakı yazıların da rus dilində olduğunu söyləyirdi. İçimdə sual yaranırdı: Nədən xristian respublikalarında yaşıyan xalqlar öz dillərində yaza bilər, rəsmi dilləri ana dillərindədir, amma müsəlman respublikalarında yaşayanlar rus dilində yazmalıdılar?!
Oxumağa getmək istəyən yeniyetmələrin pasport almaq üçün günlərlə rayon milis idarəsinin qarşısında növbəyə durduqlarının, rüşvət verənlərin növbəsiz pasport aldıqlarının şahidi olurduq. Üç aylıq, altı aylıq, bir illik müddəti olan bu pasportlar yalnız SSRİ daxilində qüvvədə idi. Onunla xaricə getmək olmazdı. İkinci, üçüncü dəfə pasport alanlara beş illik və daha üzunmüddətlisini verdilər.
Bakıda, Sumqayıtda və ya Rusiyanın hər hansı bir bölgəsinə getmək istəyəndə gərək rayona gedərək rüşvət verib qeydiyyatdan çıxaydın. Azərbaycanda da rüşvət vermədən yataqxanaya və ya hansısa qohumunun evinə qeydiyyata düşmək, arayış almaq mümkünsüz idi. Ermənilərin, rusların və başqa digər millətlərdən olanların Bakıya asanlıqla qeydiyyata düşdüklərini, bizə isə keçilməz sədd yaradıldığını görmüşdük. Tələbələrin bir qismi yanımızdaca valideynlərinin onların ali məktəbə, texnikuma qəbul olmaları üçün hansı müəllimə nə qədər pul verdiyini, imtahandan kəsilməmək üçün öncədən necə pul topladıqlarını, kəsilənlərin isə tapşırtdırılaraq və ya pul verərək qiymət yazdırdıqlarının şahidi olurduq.
Universitetdə bizə Marksın, Engelsin, Leninin əsərlərini, Sov. İKP plenumlarının, qurultaylarının qərar və qətnamələrini oxudurdular. Marksın pambıqçı əməyinin qul əməyi adlandırdığını, Leninin sosializmdə istiqraz, lotereya olmayacağını oxuyurduq. Hər yerdə istiqraz, lotereya satıldığını görürdük, hətta tələbələrin təqaüdündən müəyyən məbləğ kəsib əvəzində lotereya verirdilər. Zorla qəzetlərə abunə yazdırırdılar, lotereyanı almaq istəməyəni, qəzetə abunə olmaq istəməyəni təhdid edir, məktəbdən qovacaqları ilə hədələyirdilər.
Nəinki ali və orta ixtisas məktəblərinin tələbələrini, 4-cü sinifdən yuxarı siniflərin şagirdlərini rəsmi surətdə pambıq yığımına cəlb edirdilər. Hətta bəzi yerlərdə birinci sinifin uşaqlarını belə pambıq yığmağa aparırdılar. Tualeti, içməli suyu, normal yeməyi və yatmağı olmayan uşaqlar, yeniyetmələr və gənclər qəzalardan, xəstəliklərdən ölürdülər. Amma onların heç birini istehsalat qəzası kimi qeydə almırdılar.
Rəsmi yazılan və deyilənlərlə yaşantıların uyğun gəlmədiyi bir cəmiyyətin burulğanında dünyagörüşümüz formalaşırdı.
Kənd meydanında eşitdiklərimi ali məktəbdə oxuduqlarımla, xüsusilə, 1920-1930-cu illərdə oxuduğum qəzet və jurnallarla zənginləşdirdim. 1937-ci ildə baş verən repressiyanın millətimin savadlı, vətənsevər oğullarının məhvinə yönəldildiyini bildim. Onların (repressiya olunanların) haqlı olduğunu başa düşdüm.
Beləcə, məndə türksoylu xalqları yaxından tanımağa maraq artdı. Gördüm ki, onların taleyi də Azərbaycanlılardan heç nəyi ilə fərqlənməyib. Azərbaycanlıları cəzalandırmaq üçün Qazaxıstana, Qırğızıstana, Sibirə sürgün ediblər. Oxuyanda ki, Qazaxıstanda, Qırğızıstanda, Sibirdə də kütləvi sürgünlər olub, heyrət məni bürüdü. Necə yəni sürgün yerindən də sürgün olurmuş?
Ali məktəbin son kursundan başlayaraq türk xalqlarını daha yaxından tanımaq üçün onların yaşadıqları bölgələrə getdim, aydınları ilə görüşdüm. Bu görüşlər, söhbətlər haqqında yazdıqlarımın çoxu redaksiyalar tərəfindən bəyənilmədi, lakin ruhdan düşmədim.
Sovetlərin çöküşü isə vəziyyəti tamam dəyişdi. Yazdığım məqalələrin nəşri imkanları artsa da, maddi sıxıntı üzündən getmək imkanlarım azaldı. Yaxşı ki, elmi toplantılarda bəzi təşkilatçılar yol, qalmaq və yemək xərclərini ödədilər. Ondan yararlandım. Getdiyim və şahidi olduğum hadisələr haqqında yazdım. Lakin qəzet və jurnalların həcmi, radio və televiziya verilişlərinin vaxt məhdudiyyətləri yazdıqlarımın hamısını oxucuya, dinləyiciyə çatdırmaq imkanı vermədi. Buna görə də onları kitab halında oxucuya təqdim etməyi qərara aldım.
İlk dəfə bu mövzuda “Quzey Kıbrıs” kitabım işıq üzü gördü. Sonra da yol qeydlərimi “Qaşqaylar və onların folkloru”, “Albaniya və Azərbaycandakı albanlar” kitablarımda verdim. Türküstana gedərkən yazdığım məqalələrin üzərində yenidən işləyərək “Parçalanmış Türküstanı gəzərkən” kitabına daxil etdim.
“Yol qeydlərim (Quzey Qafqaz, Kırım, Qaqauz Yeri və Güney Koreya)” kitabın nəşrə hazırlayarkən tanış olduğum insanların bəzilərinin mənə verdiyi vizit kartları tapa bilmədim. Diqqətsizlikdən bəzilərinin də adını, soyadını öyrənməmişdim. Belələrinin şəkilini kitabda verərkən adlarının yerinə nöqtələr qoydum.
Kitabı nəşrə hazırlayarkən ayrı-ayrı məqalələrin ilk oxucusu, redaktoru və məsləhətçisi olmuş iş yoldaşlarım Aynurə Sadıq qızı və Məhsəti Vaqif qızı oldu. Bakıda ali təhsil almış Tudora Arnaut qaqauzlar, Nigar İsmət qızı Kırım tatarları haqqında yazdıqlarımı oxudular ki, yanlışlıqlar olmasın. Kitabın hazırlanmasında mənə təmənnasız kömək etmiş bu insanlara, eləcə də “Köhlən” nəşriyyatının əməkdaşlarına təşəkkürümü bildirirəm.
Quzey Qafqaz sovetlərin çöküşündən sonra
Sovetlər Birliyində geniş sanatoriya və kurort şəbəkəsi yaradılmışdı. Oraya istirahət və müalicəyə getmək istəyənlərə göndərişlər[1 - Путёвка.] verilirdi. Bu göndərişlərin də pulunun 85 faizinin (bəzən də 100 faizinin) yerli həmkarlar təşkilatları ödəyirdi. Təbliğat da öz işini görürdü. Adamlar kurort və sanatoriyalara, istirahət mərkəzlərinə getməyə həvəsləndirdilər. Sanatoriyalar əsasən xəstələrin fizoterapiya müalicəsi üçün yaradılmışdır. Oraya getmək istəyənlər mütləq xəstəliyi haqqında sənəd aparmalı idi. Xəstə olmayanlar da həkimdən saxta bir sənəd alırdı. Bu sənədin saxtamı, doğrumu olduğuna nə sanatoriyalarda çalışanlar ciddi yanaşırdılar, nə də onu verən poliklinikaların həkimləri. Buna görə də hər hansı bir təşkilatda çalışan adam ildə bir dəfə, iki ildən bir göndəriş alıb sanatoriya və kurortlara gedə bilirdi.
Hər il sanatoriyaya gedənlər sırasında xanımım və mən də vardım. Müalicə bir bəhanə idi. İmkandan istifadə edib qədim türk yurdlarını gəzir, oradakı aydınlarla görüşürdük.
Göndərişsiz səfərə çıxanda həm çoxlu problemlərlə üzləşirdik, həm də baha başa gəlirdi. Moskva, Leninqrad[2 - 1924-cü ildə 1991-ci ilə kimi şəhər Leninin şərəfinə Leninqrad adlanmışdır. 1991-ci ildə SSRİ dağıldıqdan sonra şəhər Sankt-Peterburq adlanır.] kimi böyük şəhərlərdən tutmuş ən kiçik rayon mərkəzində, böyük qəsəbələrdə belə hotel[3 - Sovet dövründə “qostinisa” adlanırdı.] vardı. Lakin orada yer tapıb qalmaq mənim kimiləri üçün çətin idi. Hotel boş olsa belə qeydiyyatçı “yer yoxdur” deyirdi. Elə ki pasportun arasına 10, 25 manat qoyub verirdin, onda “yer tapılırdı”. Qanundankənar pul verməyi özümə sığışdırmırdım. Buna görə də hotellərdə yer tapmağım çətin olurdu.
Hotelin dolu olmasının, boş qalmasının işçilərin maaşa təsiri yox idi. Onlar da dolanışıqlarını yaxşılaşdırmaq üçün nə yolla olur-olsun qonaqlardan pul qoparmağa çalışırdılar.
Sanatoriya, kurorta göndəriş alanda isə bilirdin ki, pis-yaxşı qalacağın yer də, yemək-içməyin də öncədən hazırlanıb.
Kırımdakı, Quzey Qafqazdakı sanatoriyalarda olarkən yerli radio-televiziyaya, qəzet və jurnal redaksiyalarına, nəşriyyatlara gedirdik. Oradan malkar (balkar), qaraçay, noqay, qumuq dillərində kitablar, qəzet-jurnallar gətirir, peşə yoldaşlarımıza, dostlarımıza verir, oxuyub müzakirə edirdik.
Rəsmi statistikada yunan (qrek) yazılanlar, özlərinə urumlu deyirdilər. Sadə urumlular ilə söhbətimiz şirin keçirdi. Həvəslə bayatılar, dastanlardan parçalar, nağıllar, ata sözləri və s. söyləyirdilər. Səslərini yazmağa maqnitafonum, diktafonum olmadığından danışıqları qələmlə kağıza yazmağa çalışırdım.
Türkcə dil açan, məktəbə gedənə kimi əsasən türk dilində danışan, kilsədə keşişin söylədiyini anlamayan bu topluma mənim doğulduğum bölgədə – Göyçədə yaşayan türklər də, ermənilər də urumlular deyirdilər. Gürcülər isə onları berzen adlandırırdı. Səhv etmirəmsə, bu da yeni gələn deməkdir. Xeyirdə-şərdə, ailədə, küçədə-bacada bir-birilə türkcə danışan, yəni ünsiyyət dilləri türkcə olan bu xalqda belə bir fikir formalaşdırılıb ki, onlar tarixin hansı dönəmindəsə yunan dilində danışırlarmış. Osmanlılar Bizansı yendikdən sonra şərt qoyublar ki, ya dininizi dəyişin, ya da dilinizi. Urumlular da inanclarına sadiq olduqlarından dillərini dəyişiblər.
Urumluların oxumuşları ilə ünsiyyət qurmağımız heç də asan olmurdu. Onların antitürk söhbətlərinə faktlarla cavab verməyə çalışanda qəbul etmək istəmirdilər. “Osmanlı dövlətində yaşayan yunanların hamısı dilini dəyişmədiyi halda siz necə oldu dilinizi dəyişdiniz?” sualını verəndə ciddi və məntiqli cavab vermək əvəzinə əsəbiləşir, 19-20-ci yüzillərdə Rusiyada nəşr edilmiş kitablara istinad edir, məni inandırmağa çalışırdılar. Sultanlarının urumluların dilini dəyişdirməsi haqqında rəsmi bir sənəd, qaynaq da göstərə bilmirdilər.
Osmanlı dövlətində islamı qəbul edənlər ciziyə vergisindən azad etdiyini, dilini dəyişib dinini qoruyanlara isə heç bir güzəşt edilmədiyini dönə-dönə söyləyirdim. “Onda vergidən azad olmaq xatirinə gərək urumlular dinlərini dəyişəydilər, nədən dillərini dəyişiblər?” sualına cavab vermək əvəzinə əsəbiləşirdilər.
Açıq-aşkar görürdüm ki, urumlular da qaqauzlar, çuvaşlar, kreşni tatarlar və başqa toplumlar kimi xristian inanclı türklərdir. Lakin Rusiyanın və Avropa dövlətlərinin apardıqları uzunmüddətli təbliğat onlarda türklərə qarşı nifrət formalaşdırıb.
Məzuniyyətdən geri döndükdən sonra görüşlərim haqqında dostlarımla, iş yoldaşlarımla fikir mübadiləsi edirdik. Səfər təəssüratlarımı yazanda isə redaksiyalar onu verməkdən imtina edirdi. Belədə, mən də fərqli bir yol seçdim. İşlədiyim “Sovet Naxçıvanı” (“Şərq qapısı”) qəzeti ilə SSRİ-dəki muxtar respublikaların qəzetləri arasında səhifə mübadiləsi etməyə başladım. Mən Naxçıvan haqqında məqalələr hazırlayaraq muxtar respublikaların qəzetlərinə göndərirdim, onların da əməkdaşlarından xahiş edirdim, bölgələri, millətləri haqqında məqalələr hazırlayıb bizim redaksiyaya göndərsinlər.
Planlı sosialist idarəetməsi adı altında hər şey mərkəzləşdirilmişdi. Yəni Azərbaycanın hansısa bir kəndində məktəb, mədəniyyət evi tikiləcəyini də, körpü salınacağını da, hətta əkinçinin neçə hektar soğan əkəcəyini də Moskva planlaşdırırdı. Qəzet və jurnalların kənardan almalı olduğu informasiyalar da SİTA (Sovet İttifaqının Teleqraf Agentliyi) və XMA (Xəbərlər Məlumat Agentliyi) deyilən təşkilatlardan göndərilirdi. Yerli mətbuat da onların yazılarına səhifələrində yer ayırmağa borclu idi. Əslində bu yerdəkilərin də işinə çox yarayırdı. Çünki həmin yazılara senzor nəzarəti lazım gəlmirdi.
Respublikalarda, muxtar respubliklarda, vilayətlərdə, eləcə də rayonlarda çap olunan qəzet-jurnallarının redaktorlarının seyfində bir kitab bərk-bərk qorunub saxlanırdı. Pereçen (senzur qaydaları) adlandırılan bu kitabı yalnız redaktor, redaktor olmayanda onu əvəz edən oxuya bilirdi, yəni redaksiyanın başqa əməkdaşlarına göstərilmirdi. Bununla yanaşı respublikaların, muxtar respublikların, vilayətlərin nəşrlərinə nəzarət edən senzorlar da vardı.
Mənim muxtar resbublikalar və vilayətlərlə birbaşa əlaqə qurmağım isə həm redaktoru maraqlandırır, həm də narahatlıq yaradırdı. Düşünürdü ki, həmin materiallarda birdən senzor nəzarətindən yayınmalar olar. Bu da onun üçün “başağrısı” yaradar.
Quzey Qafqazda yaşayan xalqlarla yanaşı, yakutlar (saka), tatarlar, başqırdlar, altaylar və başqa xalqlar haqqında onların öz jurnalistlərindən informasiya almağımız mərkəzdənqaçmanın ilk qığılcımları idi. Qəribəsi bu idi ki, oxucular da rəsmi agentliklərin göndərdiyindən çox birbaşa alınmış yazıları oxumağa həvəsli idilər.
Şəkil 1. Mahaçqalanın ən yaşıl guşəsi. Qaldığımız hotelin yanı.
Yadımda qalan odur ki, Naxçıvan haqqında hazırlayıb Başqırdıstanda və Yakutiyada çap etdirdiyim yazılarla bağlı “Sovet Naxçıvanı” (“Şərq qapısı”) qəzetinə 500-dən çox məktub gəlmişdi. Qəzet və jurnala gələn məktubların çoxluğu həmin mətbuatın nüfuzunun yüksəkliyi kimi dəyərləndirilirdi. Naxçıvan kimi ucqar bir bölgədə nəşr edilən qəzetə Rusiyadan bu qədər məktub gəlməsi redaktoru sevindirirdi.
M.S.Qorbaçovun başladığı “perestroyka”, “qlasnost” birbaşa əlaqələri genişləndirməyə imkan açsa da, bundan səmərəli istifadə edə bilmədim. Moskvanın Azərbaycan üçün hazırladığı “Dağlıq Qarabağ” problemi oxucuların istəyi ilə jurnalistlərin də diqqətini bu mövzuya yönəltdi. Beləcə, SSRİ-də yaşayan türk xalqları haqqında yazılar vermək, onlarla əlaqələri genişləndirmək arxa plana keçdi. Sərhədlərin açılması İran, Türkiyə mövzusunu aktuallaşdırdı. Dağıstanda, Quzey Qafqazın başqa bölgələrində yaşayan türk xalqlarının nəşrlərini almaq, onların ictimai-siyasi xadimləri ilə görüşmək də çətinləşdi. Necə deyərlər, proseslər başqa istiqamətə yön aldı. Mən isə zamanın sürəti ilə ayaqlaşa bilmədim.
SSRİ-də yaşayan türk xalqlarının oxumuşları ilə əlaqəni yeni istiqamətdə davam etdirməyə başladım. Onlarla daha çox elmi toplantılarda görüşdüm. Alimlərini Azərbaycanda, Türkiyədə və Avropa ölkələrində keçirilən toplantılara dəvət etdim. Bu işlər də istədiyim kimi getmədi. Onların əksəriyyəti rusdilli olduqlarından türk dilində və Avropa dillərində məruzələr hazırlamağa çətinlik çəkirdilər.
Bütün bu problemlərə baxmayaraq, onlarla müntəzəm əlaqə saxlamağa çalışırdım. Əlaqələrim yaradıcılığıma da təsirsiz ötüşmürdü. “Tanıdığım adamlar”, “Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” kitablarında, Türkiyə radiosu üçün hazırladığım “Türk dünyasının məşhurları” seriyasından verilişlərdə, eləcə də Azərbaycanda, Qazaxıstanda, Türkiyədə iştirak etdiyim elmi konfranslarda qumuqlardan, qaracaylardan, malkarlardan (balkarlardan), noqaylardan geniş söz açırdım.
Ömrümün qürub çağından o yerləri bir daha görmək, oxumuşları ilə görüşmək, söhbətləşmək, mənzərəli yerlərini gəzmək üçün Nalçikdəki sanatoriyalardan birinə getməyi planlaşdırdım. Nalçikdəki tanışlara fikrimi bildirdim. Onlar bizim üçün “Mayak” sanatoriyasında yer ayırtdırdılar. Biz yolboyu Mahaçqalada, Vladiqafqazda bir neçə gün qalıb, tanışlarla görüşmək məqsədilə sanatoriyada bizə ayrılmış vaxtdan bir neçə gün əvvəl yola düşdük.
Gürcüstan, Azərbaycan və Rusiya gömrük məntəqələrinin fərqi
Rusiyaya gedən qatarların vaqonlarının, avtobusların köhnəliyi və göstərilən xidmətin səviyyəsinin aşağı olması bizi vadar etdi ki, heç olmasa, Mahaçqalayadək taksi ilə gedək. 2017-ci il iyulun 28-də Bakıdan yola çıxdıq. Azərbaycanla Rusiya arasında 4 keçid məntəqəsi açılsa da, yenə tələbatı ödəmir. Adamlar keçid məntəqələrində saatlarla gözləməli olur. Sıxlıq vaxt itkisi yaratmaqla yanaşı keçid məntəqəsində işləyən gömrük işçilərinin gəlir mənbəyinə çevrilib. Onların bilərək növbənin pozulmasına şərait yaratmaları qanıqaraçılıq, əsəbilik yaradır.
Şəkil 2. “Mayak” sanatoriyasının həyəti. Soldan: Burxan Berberov, Əli Şamil və Ahmed Sozayev
Bizi aparan taksi sürücüsü təcrübəli idi. Sərhədə yaxınlaşanda telefonla kimdənsə keçid məntəqələrindəki vəziyyəti öyrəndi. Maşın və adam seyrək olan məntəqədən keçmək ona da sərfəli idi. Çünki axşam Mahaçqalada yatıb dincəlməli, səhər tezdən müştəri tapıb yenidən Bakıya qayıtmalıydı. Bəzən müştəri tapanda onlar yorğunluqlarını unudub elə həmin gün də Bakıya qayıdırlar.
Seyrəklik olan keçid məntəqəsi bizə də sərfəli idi. Oraya gələndə növbədə 4–5 minik maşını vardı. Növbəmiz çatanda Azərbaycan gömrük işçilərinin qoyduqları qaydaya əsasən taksidən endik. Yol çantalarımızı sürüyüb manitor olan otağa getməli olduq. Azərbaycanın quru sərhəd keçidlərinin hamısında belədir. Gürcüstan tərəfin keçidində isə maşından enməyə, çantalarını sürüyə-sürüyə manitor otağına aparmağa ehtiyac qalmır. Sərhədçilər və gömrük işçiləri bütün əməliyyatları maşında oturduğun yerdə gülərüzlə həyata keçirirlər.
Şükür ki, Azərbaycan gömrüyündə yüklərimizi töküb-töküşdürməyə ehtiyac duymadılar. Manitorda baxmaqla kifayətləndilər. Sərhəd nəzarət-buraxılış məntəqəsində də pasportlarımıza sakitcə möhür vurdular. Daha heç bir çək-çevir, vaxt uzatma, təmənna olmadı. Yenidən çantaları sürüyə-sürüyə aparıb taksinin baqajına yüklədik.
50-60 metr o tərəfdəki Rusiyanın gömrük-keçid məntəqəsində taksidən enməyi, yüklərimizi də özümüzlə yoxlama otağına aparmağı əmr etdilər. Qocalar da, şikəstlər də min bir zülümlə çantalarını dartıb yoxlama otağına apardılar. Manitorun yanında yaşlı bir gömrük məmuru oturmuşdu. Yükümüzü manitora qoymaq istəyəndə o əsəbi və amiranə tərzdə yol çantalarımızı qarşısına qoymağı və ağzını açmağı tələb etdi. Sonra da ayaqlarının arasına aldığı yol çantalarımızın içərisindəkiləri töküb-töküşdürməyə başladı. O, nəyəsə nəzarət edəndən, yoxlayandan çox, paltarları, ayaqqabıları qurdalamaqdan ləzzət alana oxşayırdı. Xeyli qurdalandıqdan, səliqə ilə yığılmış paltarları qarışdırdıqdan sonra çantalarımızı götürməyə icazə verdi. Çantalarımızı səliqə-səhmana salmağa azı yarım saat vaxt itirdik.
Qarşısında manitor ola-ola gömrük məmurunun çantaları əl ilə yoxlaması mənə təəccüblü gəldi. Bu, vaxt itkisinə səbəb olur, boş yerə növbələr yaradır. Narazılığımı gömrük məmuruna bildirdikdə əsəbiliklə: “Biz belə tələb edirik, bizi öyrətməyəmi gəlibsiniz?” cavabını aldıq.
Səfərə çıxarkən xanımım paltarlarımı səliqə ilə çantaya yığır. Səfər müddətində isə çirkli paltarları necə gəldi çantaya atıb evə gətirirəm. Geri qayıdacağımızı gözümün qarşısına gətirirəm. Demək, bu gömrük məmuru mənim çirkli alt paltarlarımı da beləcə, özündənrazı halda əlləşdirəcək.
Hər dəfə quru yolla xarici ölkələrə gedib-gələndə Azərbaycan gömrükçülərinin və sərhədçilərinin yoxlama metodu qanımı qaraldır. Düşünürəm ki, nədən böyük xərclər hesabına onları xarici ölkələrə təcrübə mübadiləsinə göndərirlər. Elə beş-on metr o tərəfdəki Gürcüstana göndərsələr, olmazmı? Gürcüstanın sərhəd keçid məntəqələrində adam özünü mədəni və inkişaf etmiş bir ölkədə hiss edir. Bir sözlə, Gürcüstanla bizim aramızdakı fərq nə qədərdisə, Azərbaycanla Rusiya gömrük yoxlamaları arasında da fərq o qədərdir desəm, yəqin ki, yanılmaram. Ölkənin giriş qapısındaca Azərbaycanın Rusiyadan nə qədər öndə olduğu görünür.
Qumuq aydınlarla görüş
Mahaçqalada bizi milliyətcə qumuq olan Dağıstan Dövlət Pedaqoji Universitetinin professorları Eldar Hacıyev və İmperiat Xalipayeva qarşıladılar. 30-a yaxın xalqın və etnik qrupun yaşadığı Dağıstanda Azərbaycandan gedib yaşayan və işləyənlərin də sayı az deyil. Onlar əsasən Azərbaycanda doğulub boya-başa çatmış, orta və ali təhsil almış avarlar, ləzgilər, saxurlardır. Dağıstanda yaşayan bir xalq da var, 19-cu yüzilin sonlarında və 20-ci yüzilin əvvəllərində ruslar onları tərəkəmə kimi qeydə alırdı. 1937-ci ildən sonra isə onları qumuq və azərbaycanlı adlandırdılar.
Azərbaycandan gedib Dağıstanda rəhbər vəzifələrdə işləyənlər haqqında məqalə və kitablara rast gəlmək olur. Amma Dağıstan xalqları üçün Azərbaycanda milli kadrlar hazırlanmasından, Bakıda onlar üçün kitablar, jurnallar nəşr etdirilməsindən, milli ədəbiyyatlarının formalaşdırılması sahəsindəki işlərdən son 50–60 ildə, demək olar, ciddi bir əsər ortaya qoyulmayıb. Bu mövzu elə bil yaddan çıxıb. Rəsmi dairələrimiz də Dağıstan oxumuşlarına diqqəti azaldıb. Dövrü mətbuatda hərdənbir Azərbaycan-Dağıstan iqtisadi əlaqələrindən bəhs edən yazılara rast gəlmək olur.
Dağıstanda yaşayan Azərbaycan doğumlular valideynlərini görməyə, xeyirdə-şərdə iştirak etməyə can atırlar. Lakin sərhəd keçid məntəqələrindəki bürokratik əngəllər onların istəklərini reallaşdırmağa imkan vermir.
Dağıstanda yüzillər boyu hər bir xalq və etnik qrup kəndində öz dilində danışıb. Kənddən kənara çıxanlar, qonşu xalqlar və etnik qruplarla əlaqə saxlamalı olanda isə türk dilindən istifadə ediblər. Ümumiyyətlə, təkcə Dağıstanda deyil, Quzey Qafqazda yaşayan xalqlar arasında yüzillər boyu ünsiyyət vasitəsi türk dili olub.
Bolşeviklər hakimiyyətə gəldikdən sonra Çar Rusiyasının həyata keçirə bilmədiyi bir işi qısa zamanda reallaşdıra bildilər. Ərəb əlifbasını dəyişməklə, islam dinini yasaqlamaqla rus dilini xalqlar arasında ünsiyyət dilinə çevirdilər. Təkcə ünsiyyət dilinə çevirməklə kifayətlənmədilər, ruslaşdırma siyasətini də gücləndirdilər. Milli oxumuşlar soydaşlarının bir çoxunun evlərində belə rus dilində danışmalarından narahatlıqlarını gizlətmirlər.
Sovetlər Birliyinin dağılması Dağıstanda da xalqların özünəqayıdışını sürətləndirdi. İslam dininə maraq artdı. Təəssüf ki, ənənəvi nəqşibəndilik, şafilik, hənəfilik inkişaf etdirilmədi. Yaranmış boşluqdan sələfilər, vəhabilər, yeqova şahidləri və başqa təriqətlər bacarıqla istifadə etməyə başladılar. Buna Rusiyanın hakim dairələri də bilərək şərait yaratdılar. İndi də təriqətlərarası ziddiyyətləri qızışdırırlar. Onlar bundan məharətlə istifadə edərək xalqların bir inanc, bir amal ətrafında birləşməsini əngəlləyirlər.
Dağıstanda yaşayan xeyli araşdırıcı tanışım olsa da, onlarla görüşə bilmədik. Yay tətili olduğundan hərə bir iş dalınca getmişdi. İmperiat Xalipayeva və Eldar Hacıyevlə bir süfrə arxasında əyləşib dərdləşdik. Kənardan qulaq asan olsa, bizim hansı ləhcədə danşıdığımızı müəyyənləşdirməyə çətinlik çəkərdi. Türkiyə türkcəsinin, Azərbaycan türkcəsinin və qumuq ləhcəsinin qarışığında danışırdıq. Bir-birimizi anlamaqda da çətinlik çəkmirdik. Əksinə, özümüzü çox rahat hiss edirdik.
1990-cı illərdə qumuqların yaratdığı “Tenlik” təşkilatının bərpa etməyin mümkün olub olmadığı ilə, qumuq dilində nəşr olunan qəzet-jurnal və kitablarla, radio, televiziya verilişlərinin həcmi ilə maraqlanıram. Onlar da suallarıma cavab verirlər. Bu cavabların çoxunda bir inciklik və giley var. Onların gileyləri yalnız Azərbaycan hökumətindən və oxumuşlarından deyildi, Türkiyədən, Qazaxıstandan, Özbəkistandan da incik idilər. Daha çox umduqları isə Azərbaycandandandır. Azərbaycanın heç olmasa, 20-ci yüzilin başlarında Dağıstana göstərdiyi diqqətin təkrarlanmasını istəyirlər.
İmperyat xanım 2008-ci ildə nəşrinə başladığı “Türk dünyası belleteni” (Dağıstan Dövlət Pedaqoji Universitetinin nəzdində elmi məqalələr toplusu) adlı jurnala buradan az məqalə göndərildiyindən, Azərbaycan kitabxanalarının və elm ocaqlarının bu dərgini almadıqlarından narazılığını bildirir. Rusiya Ali Attesstasiya Komissiyasının siyahısına salmadığı elmi məqalələr toplusunun Azərbaycanda siyahıya salınmasına çalışır. Bildirir ki, onda jurnalın nüfuzu artar, məqalə göndərənlərin sayı çoxalar. Beləcə, Dağıstanda Türkiyə türkcəsində və türk xalqlarının dillərində nəşr olunan nüfuzlu bir jurnal meydana çıxar. Jurnal ətrafında daha çox araşdırıcı toplaşar.
İmperiat xanım mətbəəyə göndərməyə hazırlaşdığı jurnalın son sayının maketini göstərir. Azərbaycanda Murad Adcını tanıyan, kitablarını həvəslə oxuyan araşdırıcıların sayı çox olsa da ona həsr olunmuş nömrədə həmyerlilərimizin sayı yox dərəcəsində idi. Məqalə yazacaqlarını söz verənlər də sözlərini tutmamışdılar.
Araşdırıcılarla yalnız elmdən, ədəbiyyatdan, tarixdən söhbət etmirik. Bölgədəki dini cərəyanların durumu da onları bir vətəndaş kimi narahat edir. Çar Rusiyası zamanı burada nəqşibəndilik geniş yayılıbmış. Şeyx Şamilin rəhbərlik etdiyi müridizm hərəkatının da əsas dayağı nəqşibəndilik idi. İsmayıl Siracəddin Şirvani (O, Kürdəmirdən olub.) (1782–1848) və onun müridləri nəqşibəndiliyin yayılmasında və bu dini cərəyanın işğalçılara qarşı xalqı səfərbər etməsində böyük rol oynayıblar.
Çar məmurları İsmayıl Siracəddin Şirvaninin nüfuzundan və apardığı təbliğatdan yaxa qurtarmaq üçün onu öncə Axısqaya, oradan da Amasiyaya (Osmanlı dövlətində şəhər) sürgün edib. İsmayıl Şirvani isə təqib və təzyiqlərə baxmayaraq, ömrünün sonuna kimi müridizm hərəkatına ideoloji və maddi yardım edib.
Şəkil 3. Murtuza İsgəndər oğlu və Əli Şamil Vladiqafqazdakı parkda
Onun müridlərindən Xas Məhəmməd Yaraqlının və Küllülü (İndiki Ağsu rayonunda kənd – Ə.Ş.) Hacı Əhməd Əfəndinin (?-1856) Dağıstanda təsiri böyük olmuşdur. Qafqazı işğal edən rus generalı A.P.Yermolov 1825-ci ildə Xas Məhəmməd Yaraqlını həbs etdirir. Müridləri isə onu həbsdən qaçırıb Tabasarana aparırlar. O, gizli fəaliyyətini davam etdirir və 1838-ci ildə Soqratlı kəndində dünyasını dəyişir.
General-leytinant, knyaz V.O. Behbudovun (1791–1858) Rusiya Daxili İşlər Nazirliyinə 1846-cı il sentyabrın 6-da göndərdiyi 552 saylı raportda Küllülü Hacı Əhməd Əfəndini iki müridi ilə Tambov quberniyasına sürgün edildiyi göstərilir.
Çar Rusiyası dönəmində ən çox nəqşibəndilər təqib və təzyiqləriə məruz qalırdılarsa, bolşeviklər silah gücünə hakimiyyəti ələ aldıqdan sonra bütün dinlərə qarşı mübarizə elan etdilər. Sovetlər Birliyinin çöküşü bölgədə dini təbliğatın genişlənməsinə imkan yaratdı. Necə deyərlər, bütün təriqətlərə geniş meydan açılsa da, rəsmi dairələr vəhabiliyin yayılmasında maraqlı oldular. Sonra da vahabilərə qarşı təqiblər başladı. Mətbuat, radio və televiziyada vəhabilər terrorçu təşkilat kimi tanıdılmağa çalışıldı. Ölkədə baş verən bütün kriminal hadisələr onların adına yazıldı.
Hüquq mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarının Moskvanın göstərişilə kimi istəsələr vəhabi, terrorçu adı ilə həbs etmələri, öldürmələri dağıstanlı araşdırıcıları bərk narahat edir. Necə deyərlər, bölgədə at izi it izinə qarışıb.
Bölgədə hənəfiliklə şafiliyin az qala bir təriqət kimi yayılması da diqqətimi çəkdi. Şafiliyin yayılması Azərbaycanla münasibətlərin qədim ənənəyə qayıtmasında böyük rol oynaya bilər.
Azərbaycan-Dağıstan əlaqələrindən söhbət edərkən xan qızı Xurşud banu Nətəvanın əri rus generalı Xasay xan Usmiyev, onun nəsli və bu nəslin faciəvi taleyini də yada salırıq.
Dağıstan şamxallarından olduğuna görə ruslar onları knyaz adlandırıblar. Rusiya ilə əməkdaşlığa məcbur olan Usmiyevlər ailəsinin övladlarını çar məmurları Peterburqa aparıb orada təhsil və hərbi rütbə verib vəzifəyə təyin etsələr də, həmişə onlara şübhə ilə yanaşıb, üzərlərində daimi gizli nəzarət qoyublar. Xasay xan Usmiyevin (1808–1867) ömür yolunu izləyəndə bunu aydın görmək olur. 1808-ci ildə Axsayda general Musa Usmiyevin ailəsində doğulan Xasay xan Usmiyev 1866-cı ildə vəzifədən azad edilərək Voronejə sürgünə göndərilib. 1867-ci ilin aprelin 21-də orada dünyasını dəyişib.
Axsayı görə bilmədim
Mahaçqaladakı görüşümüzdə professor Eldar Hacıyev və İmperiat Xalipayeva ilə mədəniyyət və elm mərkəzi olan Axsaydan, oradakı mədrəsədən və mədrəsənin məzunları olan Yusup Axsavi (Qılıcyev),Muhammed Efendi Osmanov, Minay Alibekov, Nuhay və Zeynalabdin Batırmurzayevlər, Abdulla Muhammadov, Alim Paşa Salavatov, Abdul Vahab Süleymanov, Siraceddin Toqbolatov, Ş.Alberiyev, Mahammad Atabayev, Latip Hajaqayev, Mahammad Amin Adilxanov,Yunus Alimxanov kimi şair, yazıçı, publisistlərdən, Ahmat Sayıp Əfəndi kimi araşdırıcı müəllimlərdən, Rəşid xan Qaplanov kimi dövlət xadimindən, rus yazıçısı Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev və başqalarından danışdıq. Seyid Əzim Şirvani də Axsay mədrəsəsində oxuyub. Yalnız qumuqların deyil, Quzey Qafqazda yaşayan xalqların övladlarının çoxu Axsay mədrəsəsində oxuyub.
Təəssüfləndik ki, mədrəsə haqqında indiyədək ciddi araşdırmalar aparılmayıb, sanballı kitablar, məqalələr yazılmayıb.
Eldar Axsay məscidinin imamı ilə dost olduğunu söylədi. Ona zəng vurub xeyli danışdı. Mənim mədrəsə ilə bağlı fakt toplamaq üçün Axsaya getmək istədiyimi bildirdi. Çox şirin söhbət etdilər. Eldar kənddə yaşayan Anvar Baysunqurovun Axsay mədrəsəsi ilə bağlı çoxlu material topladığını, muzey açmağa can atdığını söylədi.
Axsay yolumuzun üstündəki Xasavyurd şəhərindən 15–17 kilometr aralıda idi. Eldar Hacıyevin söhbəti və verdiyi bilgi ürəyimdən oldu. Düşündüm ki, arzumu reallaşdırmağa yaxşı imkan yaranıb. Yolüstü Axsaya gedər, vaxtilə o mədrəsənin məzunu olmuş Seyid Əzim Şirvani haqqında da bilgilər toplayaram.
Planımı Eldar Hacıyeva bildirdim. O, təklif etdi ki, Axsaya kimi onun maşını ilə gedək. Orada tanıdığı adamlarla görüşək, bilgilər toplayaq. Sonra da bizi gətirib Xasavyurddan Vladiqafqaza gedən taksilərlə yola salsın. Sözarası yol məsrəflərini ödəyəcəyimi söylədim. Eldar Hacıyev etiraz etmədi.
Restorandan ayrılıb biz hotelə, qumuqlar isə evlərinə yola düşdülər. Çantalarımızı hazırlayırdıq ki, səhər tezdən yola düşək, telefon zəng çaldı. Zəng edən İmperiat xanım idi. Utancaq bir tövrlə dedi ki, Axsayda görüləsi elə bir şey yoxdur. Mədrəsənin binası Sovet dövründə uçurulmuşdu, indi yerində məscid tikilib. Çeçenistanla sərhəddə olduğundan oraya rusların və yerli məmurların həssasiyəti çoxdur. Siz orada gəzib, bir-iki şəkil çəkdirsəniz, görüşdüyünüz adamları sorğu-suala çəkəcəklər.
Şəkil 4. Əli Şamil və İsgəndər oğlu Vladiqafqaz parkındakı xatirə abidəsinin qarşısında.
İmperiat Xalipayevanın söhbətindən anladım ki, onlar bizdən ayrılandan sonra kimlərləsə məsləhətləşiblər. Eldar Hacıyev bizimlə Axsaya getmək fikrindən daşınıb. Özü bunu deməyə utandığından İmperiat xanıma dedirdib. Mən də İmperiat xanımı sakitləşdirməyə çalışdım. Axsaya getmək planımızı dəyişdirdiyimizi dedim. İmperiat xanım məsləhət gördü ki, Vladiqafqaza avtobusla getsək, yaxşı olar. Taksilərlə getsək, yolda rus hərbçiləri, polisləri bizi daha çox çək-çevirə salarlar. Mən də ona təşəkkürümü bildirdim və avtobusla gedəcəyimizi söylədim.
Acıbiylə söhbət
Mahaçqaladan Vladiqafqaza gedən avtobusa öncədən bilet sifariş etmək istədim. Hotelin qeydiyatçısı, bir müddət Türkiyədə işləmiş xanım: “Özünüzü yormayın, öncədən bilet sifariş verə bilməyəcəksiniz. Biletləri avtobusun yola düşməsinə bir-iki saat qalmış satırlar”, – dedi.
Rahatsız olduğumuzu gördükdə: “Bizim hotelin xidmətindən əsasən türkiyəli qonaqlar istifadə edir. İşimizi Türkiyədəki kimi qura bilməsək də, onları yamsılamağa çalışırıq. Tanıdığımız taksi sürücüləri var, qonaqlarımızın çoxunu onlar qarşılayır və yola salır. Narazılıq edənini görməmişən. İstəyirsiniz onlara deyim sizi aparıb yola salsınlar”, – dedi.
Razılaşdım.
Səhər yeməyi üçün aşağı enəndə hotel işçisi taksi sürücüsünün gəldiyini söylədi və əlavə etdi ki, rahat yeməyinizi yeyin, taksi sizi gözləyəcək.
Sürücü ilə görüşdük. Gənclərin çoxunun səhər tezdən evdən çıxarkən tənbəllikləridən qəlyanaltı etmədiklərini bilirdim. Ona görə də taksi sürücüsündən bizi hotelin yeməkxanasına aparmasını xahiş etdim. Yeməkxanada birlikdə qəlyanaltı etməyi təklif etdim. O, təşəkkürünü bildirib geri dönmək istəyəndə: “Dağlılar qonaqpərvər olur. Bəs sən qonağı qoyub hara gedirsən? Əyləş, qəhvəaltı edək, bir az da söhbətləşək. Dağıstanı mənə tanıt”, – dedim. Gülümsədi və utancaq bir görkəmlə bizimlə bir süfrədə oturdu.
Adını soruşdum. Adının Acıbiy olduğunu dedi. Mən də özümün, xanımımın adını dedim və vizit kartımı verdim. Həmin dəqiqə vizit kartını diqqətlə gözdən keçirərək: “Neçənci azərbaycanlıdır ki, vizit kartının öz dilində və ingilis dilində yazıldığını görürəm. Nədən rus dilində yazmırsınız?” – sualını verdi. “Əsarətlərində olduğumuz 200 ildə rusların çox yaramazlıqlarını gördük, ona görə”, – dedim.
Şəkil 5. Əzizə xanım Murtaza İsgəndər oğlunun kiçik bağ evinin qarşısında.
Fikrə getdi və heç bir cavab vermədi. Mən ondan: “Haralısan?”, – deyə xəbər aldıqda “mahaçqalalıyam”, – dedi. Mən bir də soruşdum: “Harada doğulubsan demədim, atan-babanın haralı olduğunu soruşdum”. Gülümsəyərək: “Bizdə də haralısan deyəndə babalarımızın yaşadığı yeri soruşulduğunu başa düşürük. Ata-babam tabasaranlıdır. 1960-cı illərdə “kiçik dağ kəndlərinə yol çəkmək, orada məktəb, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana açmaq sərfəli deyil” deyərək əhalisini köçürüb qumuqlar yaşayan bölgələrdə, Xasavyurd və Dərbənd ətrafına yerləşdirdilər. Babamgil deyir ki, dağdan köçənlər Xəzər ovalığının isti havasına, suyuna, üzüm və tərəvəz əkməyə alışa bilmədilər. Bir çoxu öldü. Babamgili də Xəzər ovalığına köçürüblərmiş. 1990-cı illərdə kəndlərdə iş olmadığından atamgil Mahaçqalaya köçüb. Mən də Mahaçqalada doğuldum, orta məktəbi də, universiteti də burada oxudum. İki ali təhsil diplomum olsa da, ixtisasıma uyğun iş tapa bilmirəm. Özümü dolandırmaq üçün taksi işlədirəm”, – dedi.
– Bir zaman Azərbaycanda Tabasaranski familyalı adamlar olub, özü də rəhbər vəzifədə işləyiblər. İndi Tabasaranski familyasına heç rast gəlmirəm. Bilmirəm uşaqları köçüb gedib, ya familyalarını dəyişiblər, – deyəndə elə bil Acıbiyin gözləri parladı.
– Dostlarımla ildə bir-iki dəfə Bakıya gedirik. Mən də heç Tabasaranski familyasına rast gəlməmişəm. Bakı gündən günə gözəlləşir. Mahaçqalaya baxan yoxdur. Binalar köhnədi, nə onları təmir eliyən var, nə yollara asfalt döşəyən, nə də yeni parklar salan, – dedi.
Qəlyanaltını etdikdən sonra yol çantalarımızı gətirib taksiyə əyləşdik.
Acıbiy Türkiyə və Azərbaycanda yaşamağı çox arzuladığını dedi. Mən Azərbaycanda və Türkiyədə dağıstanlıların sayının az olmadığını deyəndə Acıbiy “Türkiyədə ləzgilərin toplu yaşadığı yerdə yaşamaq istəmərəm”, – cavabını verməsi məni çox heyrətləndirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68197618) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
Примечания
1
Путёвка.
2
1924-cü ildə 1991-ci ilə kimi şəhər Leninin şərəfinə Leninqrad adlanmışdır. 1991-ci ildə SSRİ dağıldıqdan sonra şəhər Sankt-Peterburq adlanır.
3
Sovet dövründə “qostinisa” adlanırdı.