Quşların intiharına ağlamayın

Quşların intiharına ağlamayın
Zahid Sarıtorpaq
…Adətən, heç kimə söz sızdırmayan Şövqiyyə xanım o gün Qaraqızın sarsıldığını görüb, nədənsə məsələni ona izah elədi. Bildirdi ki, zorlama məsələsidi. O tutulan cavan həqiqətən də günahsızdı. Tutulmalı olanı isə çox güclü adamlar himayə edir. O, baş verənlərə görə Hidayət müəllimin hələ də özünə yer tapa bilmədiyini söylədi. “Elə bilirsən taqsır Hidayət müəllimdədi? Qətiyyən! İxtiyarı öz əlində olsa nə var ki? Nə deyirlər, onu da eləyir…”Qaraqız tez-tez Hidayət müəllimin ziyafətlərinə yığışan adamların tavırına bələd idi. Çoxu yekəxana, özündənrazı, göynəngedən adamlar idi. Dəfələrlə Hidayət müəllimin onların önündə necə sıxıntı keçirdiyinin, necə yaltaq bir görkəm aldığının şahidi olmuşdu. Amma Rza haçansa bir dəfə ona Hidayət müəllimin heç də göründüyü qədər zəif, ürəyiyumşaq, mağmın olmadığını çınqıllatmışdı. “Elə olsaydı, bu qədər malın, mülkün sahibi ola bilməzdi. Yadında saxla, Hidayət müəllim çoxmərtəbəli bina kimidi. Biz onun ancaq bir mərtəbəsini tanıyırıq, o biri mərtəbələrinə çıxmaq üçün pilləkən yoxdu, lift isə işləmir…” – deyib gülümsəmişdi və bu sözlər sırğa kimi qalmışdı Qaraqızın qulaqlarında…

Zahid Sarıtorpaq
Quşların intiharına ağlamayın

Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…


Zahid Sarıtorpaq. Quşların intiharına ağlamayın.
Bakı, “Köhlən” nəşriyyatı, 2019.

© Zahid Sarıtorpaq / 2019
© Köhlən Nəşriyyatı / 2019
İSBN: 978-9952-8371-0-0

facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
kohlanpress@gmail.com
(+994 55) 359-99-23
…bilirəm, bu gün nəinki quşların, hətta “doğru”yla “oğru”nu bir-birindən ayıran “d” hərfinin də intihar etdiyini eşitsəniz,yenə gözünüzü döyəcəksiniz, tükünüz belə tərpənməyəcək…


Birinci bölüm
Quşların Pirqasımlı yaxınlığında özlərini maşınlara çırpıb intihar etdiyini neçə gündü hər yerdə danışırdılar. Kənddən bir az aralı keçən magistral yolda görünməmiş hadisə baş verirdi. Yolun hər iki qırağı boyunca uzanıb gedən taxıllığın arasından, deyilənə görə, qəfil üç-üç, beş-beş qalxan, qaranquş kimi iti uçuşlu, sərçə kimi bozumtul rəngli, bu yerlərə xas olmayan uzunsov, qəribə quşlar civildəşə-civildəşə özlərini sürətlə keçən maşınların qabaq şüşələrinə çırpır, o andaca ölüb asfaltın üstünə tökülürdülər…
Xəstəliyin üzüb yatağa saldığı Minaxanım bu xəbəri onun üçün hər gün çörək alıb gətirən qonşu qadından eşitdi, qəribə hallar yaşadı. Özü də bilmədi ixtiyarsız olaraq niyə içindən acı bir sızıltı keçdi, nədən gözləri doldu.
Yatağa düşəndən bəri, hər səhər gözlərini açar-açmaz yerinin içindəncə boylanıb divardan asılmış güzgüdə, elə bil, mumyalanmış bir meyitə baxırdı. Üstü pas rəngli pulcuq-pulcuq ləkələrlə örtülü köhnə güzgünün toranlığında sanki özgə bir dünyanın adamını görürdü. Özlüyündə: “gör nə günlərə qaldım, Allah, ta özümə də oxşamıram heç…” – düşünürdü. Amma bilmirdi ki, əksinə, əsl özünə oxşayan çağı elə indi yetişib. Anlamırdı ki, əslində, insan bu dünyada ancaq ölüm ayağında özünə oxşamağa başlayır… Ağlına batmırdı ki, sürdüyü ömür – qapısı cəftəsiz bir ev, ölümsə, Novruz bayramında papaqatdı oynayan bir uşaqdı eynən. Bilmirdi ki, həmin “uşaq” indi bu evin qapısı arxasında gizlənib “papağını” atıb içəri… Qarşıda onu nələr gözlədiyini hələ dərindən dərk eləmirdi. Bəs vəziyyəti anlamış olsaydı, neyləyəcəkdi? Bu damın altında o “papağa” qoymağa nəyi vardı? Gözünü yumunca, üstünə qarışqalar daraşası, sızım-sızım sızlayan bir yaralı canı vardı, vəssalam. Deyəsən, duyuq düşüncə, əlacsız qalıb axırda elə onu qoyacaqdı “papağın içinə”. Elə qapının arxasındakının da istədiyi bu idi… Deyəsən, artıq onun da səbri tükənmişdi, yavaş-yavaş qapını döyürdü ki, “nooldu?.. vaxt keçir axı, qurtar görək, ay ev yiyəsi… – daha doğrusu – ay can yiyəsi, day tələs görək, bir az tez elə, sovqatımı ver, çıxım gedim…”
* * *
Aradan bir-iki gün də keçdi. Səhərlərin birində, dan yeri sökülər-sökülməz, Tufan qəfil dərəsinə soxulan dəli bir külək yabanı qızılgül kolları arasında yırtıcı quş kimi qanadlarını necə çırpdısa, saysız-hesabsız çəhrayı gül ləçəkləri, elə bil, perikmiş kəpənək sürüsünə döndü, uçuşaraq göyün üzünü bürüdü…
Onun yaşadığı Qırıqqala məhəlləsi bu qədim şəhərin kənarındaydı. Oradan həmin dərəyə qədər yüz-yüz əlli addım ancaq olardı. Bir vaxtlar hər gün o yolu göz qırpımında quş kimi səkə-səkə gedib-gələn Minaxanım indi yatağının içindəncə pəncərəyə sarı boylanıb göy üzünə dikələn gül sovruğunu gördü, sanki hər şeyi başa düşdü, gözlərini yumdu: “hə… deməli, axırımdı day, axırımdı… – pıçıldadı, – di gəl apar sovqatını, zalım fələy, gəl apar, belin qırılsın elə!..” – deyib əllərini yanına döşədi… Ancaq canı hələ tam üzülməmişdi, hələ qalxıb divardan tuta-tuta üç-beş addım yeriyə bilərdi, yəqin elə buna görə də “qapının dalındakı” ürək eləyib içəri girmirdi…
Amma çox keçmədi, halı təmiz çöndü, Bakıya – Qaraqıza birtəhər zəng elədi ki, ”bacı, durma gəl, ölürəm day… İrzaya da de, üzünü orda isladıb, burda qırxdırsın, yubanmasın…” Sonra da məsələyə heç bir dəxli olmadan, Pirqasımlı yolunda quşların intihar etməsindən qəribə bir yanğıyla danışdı, özünü saxlaya bilməyib hönkürdü…
Qaraqız onun tavrından almadı, düşündü: “yox, bu xına o xınaya oxşamır, məsələ ciddidi deyəsən, birdən yubanaram, iş işdən keçər”. Nə qədər əlləşsə də, Rzaya xəbər eləyə bilmədi, telefonuna zəng çatmadı. Evində dayəlik etdiyi Şövqiyyə xanıma vəziyyəti başa salıb, icazə aldı. O dəqiqə də yır-yığışını eləyib, təcili Bakı avtovağzalına gəldi, maşına oturub “umudum sənədi, ay Allah, o bircə bacımı əlimdən alma, noolar…” deyib, içini yeyə-yeyə düzəldi yola. Ürəyinin bir parçası saydığı, dayəsi olduğu Gilənarla yol uzunu bir neçə dəfə zəngləşib-danışdı, tövsiyələrini verib, özündən muğayat olmasını dönə-dönə tapşırdı. Rzanın nömrəsini nə qədər yığsa da, bir şey alınmadı. Bir də mənzil başına çathaçatda təsadüfən onunla əlaqə saxlaya bildi və hər şeyi anlatdı. Rza da: “Gedib görsən vəziyyət doğrudan da pisdi, xəbər eləyərsən gələrəm. İşlərimizi başlı-başına buraxıb ikimiz də birdən getsək yaxşı olmaz” – söylədi. Qaraqız incisə də, özlüyündə onunla razılaşdı, çünki Rza düz deyirdi, işləri başlı-başına buraxmağın bədəli ağır olardı. Bunları fikirləşdikcə, alnını çarəsizcəsinə avtobusun pəncərəsinə söykəyib yaş dolu gözlərini yolun kənarı boyunca bir-bir ötüb arxada qalan dəngil-düngül ağaclara, kollara dikdi.
* * *
Bacısı gələndən iki gün sonra Minaxanımın halı bir az da pisləşdi. Vəsiyyətini eləyib qurtarana qədər Qaraqız elə bildi onun əli bir parça buzdu, indicə ovcunda əriyəcək…
Hərçənd, bacısını ölüm yartağında görəndən Qaraqızın öz canını da bir soyuqluq bürümüşdü, sümükləri sızıldayır, əl-ayağı üşüyür, barmaqları soyuqdan tökülürdü, elə bilirdi onu şaxta kəsib. Ancaq heç vaxt deməzdin ki, o, üşüyə bilər, üzünə baxanda yanaqları pörtmüş olurdu, deyirdin, qaynar bir hamamdan indicə yüyürüb eşiyə, indicə çimib çıxıb. Səliqəylə darayıb başının arxasında bürmələdiyi, bir dənə də ağ teli olmayan saçlarına, elə bilirdin gənəgərçək yağı çəkib, adamın gözünə yamyaş dəyirdi. Keçmişdə, burda yaşadığı gənclik illərində üzünə baxmaq olmurdu: ərə getməmiş qızlara məxsusqalın, cod qaşları, ömründə heç kimə sevgi etirafı eləməmiş göyümtül, ətli dodaqlarının üstünü, batıq çənəsini bürümüş seyrək, yöndəmsiz tükləri, belə demək mümkünsə, ölmüş bir qadın gözəlliyinin xarabalığında bitmiş bədbəxtlik adlı kol-kosa bənzəyərdi. Amma indi yaşı keçmiş olsa da, tamam dəyişmişdi, xeyli cavan görünürdü.
Qaraqız vaxtilə rayondakı pedaqoji litseyi əla qiymətlərlə bitirib, xarici dillərə qəbul olmuşdu, amma imkansızlıqdan Bakıya gedib təhsil ala bilməmişdi, ibtidai sinif müəlliməsi işləmişdi. Onda anası sağ idi, bacısının isə sağlam vaxtlarıydı. Onlar pirin üstə xidmətkarlıq edirdilər. Qaraqız isə gecə-gündüz kitab oxumaqdan, mütaliədən, ingiliscəylə yanaşı digər xarici dilləri öyrənməkdən əl çəkə bilmirdi… Ancaq nə qədər savadı artıb, dünyagörüşü dəyişsə də yenə üz-gözündən, yeriş-duruşundan çox sadəlövh görünürdü. İndi şəhərdə yaşasa belə, ilk baxışdan adama elə gəlirdi ki, o, bu dünyanın adamı deyil. Bakıda Hidayət adlı bir məhkəmə sədrinin evində on dörd ilə yaxındı həm qulluqçu işləyir, həm də onun Gilənar adlı qızına dayəlik edirdi. O mühit hər halda Qaraqızın təkcə vücuduna yox, elə ruhuna da əl gəzdirmişdi.
Onun bu dünyada kimi vardı ki? Adıyla, varlığıyla nəfəs aldığı Gilənarı bir qırağa qoyaq, – kimi vardı axı? Bircə can üstə olan, özündən on yaş böyük bacısı Minaxanım idi, bir də onu aparıb müdirinin evində işə düzəldən, yeganə qohumu – anasının əmisi nəvəsi Rzaydı, vəssalam, başqa heç kimi yoxuydu. Əslində, heç cür barışa bilmədiyi, uzaq uşaqlıq illərinə gömüb gəldiyini düşünsə də, içində hələ də diri-diri gəzdirib sirrini heç kimə vermədiyi, onunla hansısa əlaqəsi ola biləcəyi heç kimin ağlına gəlməyən bəzi adamlar vardı ki, Qaraqız onların nəinki özlərini, heç adlarını da xəyalının ucundan keçirmək istəmirdi. O adamlara taleyindən, ömründən keçmələrinə izn verdiyi üçün özünü bağışlaya bilmirdi… “Uşaqlığım, yeniyetməliyim yad sərnişinlərlə dolu bir qatar kimi keçdi məndən, bir qatar kimi… Amma Pirqasımlı yolundakı quşlar sayağı çırpmadım özümü ona, intihar etmədim, edə bilmədim…” deyə romantik düşüncələrə qapılırdı indi. Çünki uşaq vaxtı günlərini Yalqızlar Pirinin üstündə keçirən anasının, bacısının yanına – Tufan dərəsinə gedəndə, kömürçü Abdulun bir qıçı şikəst oğlu Canpolad dəfələrlə onu tovlayıb xəlvətə çəkmiş, aldadaraq başına yüz cür iyrənc oyun açmışdı və qorxutmuşdu ki, “Aşur babanın urfu haqqı, anana desən anan öləcək, bacına desən bacın. Əgər mən deyəni eləməsən özün öləcəksən. Başqa adamlara desən yatıb ayılmayacaqsan. Bunları yuxuda Aşur baban özü deyib mənə…” Qaraqız da inanmışdı. Çünki gözünü açandan dünyada Aşur babasından güclü bir kimsənin olduğunu eşitməmişdi. Sonra Canpoladın dostu Yolçu da onu aldadıb qorxutmuşdu: “mənə yox desən bu gecə Aşur baba hirslənib evinizi uçurdacaq… özü deyib yuxuda…” Onda Qaraqızın on üç yaşı vardı. Həmin uşaqlar ondan üç-dörd yaş böyük idilər, başına olduqca iyrənc oyunlar açmışdılar. Aradan uzun-uzun illər ötsə də Qaraqız bu günəcən sirrini bir kimsəyə deməmişdi. Hələ o vaxtlar tez-tez həmin məsələylə bağlı hönkürüb ağlayardı, anası deyərdi ki, “a bala, de görüm, axı noolub sənə?”
– “Yox… ana, desəm, sən öləcəksən, öləcəksən, öləcəksən…” – deyib inadından dönməzdi. Anası da deyərdi ki, “vallah, sən dəli olmusan…” İndi yadına salanda miskin keçmişinə ögümək istəyirdi, başına gələnləri gözləri önünə gətirəndə, hirsindən ödü ağzına gəlirdi az qala. Hərçənd Yolçu Qarabağda əsgərlik çəkən qardaşına dəyməyə gedərkən avtomobil qəzasına düşüb ölmüşdü, Canpoladsa Rusyətə çörək dalınca gedib ilişib qalmışdı oralarda. Yəni Qaraqızın bu yaşda onlarla rastlaşmaq problemi yox idi ki, ölüb yerə girsin. Əvvəllər bu haqda çox fikirləşir, olub-keçənləri ürəyinə dərd edir, “belə getsə, özümü öldürəcəm” deyirdi. Çıxış yolu tapmayanda, ömrünün gələcək adlı tək bircə nəfəsliyi vardı ki, onun aynasını qırıb dərindən ah çəkirdi. O dar nəfəslikdən yer üzünün bütün kişilərinə nifrət etdiyini hayqırırdı. Sonra da çarəsizcəsinə: “olan olub, torba dolub” – söyləyir və təsəllini bu düşüncələrdə tapırdı: “Uşaq olmuşam, neyləyim? Allah özü görür ki, məni aldadıblar…”
Bakıdan gələndən iki gün sonra Rzaya xəbər elədi ki, “vəziyyət yaxşı deyil, Minaxanımın canı gəlib durub ağzının içində, keçinməmiş özünü çatdır, yoxsa ortada tək qalaram”.
Neçə gün idi qonşu qadınlar gecə keçənəcən can üstə olan xəstənin yanında otursalar da axırda gedir, Qaraqıza: “bir şey olsa xəbər eləyərsən…” – deyirdilər.
Halsız olsa da, hərdən hadisələri qarışdırsa da Minaxanımın ağlı-düşüncəsi yerindəydi, yaddaşı itməmişdi. O gecə çarəsiz gözlərini bacısının üzündə gəzdirib sakitcə pıçıldadı:
– Qaraca, bacı qurban… Dədəmizin axırıncı günü gəlir eey gözümün qabağına… Sən də yəqin unutmamısan… Yadındadı?
İki gün idi ki, Qaraqızın ürəyi bacısının söhbətlərindən yara olmuşdu. O, elə hey xatirələri “qurdalayır”, elə günlərdən, elə anlardan söz salırdı ki, sakit dinləmək olmurdu.
– Ay bacı, belə şeyləri nöş yadına salırsan axı? Yaxşı şeylərdən danış, sən Allah…
– Sözümü kəsmə… De görüm, yadındadı?
Qaraqız bacısının inadkarlığını bilirdi, ona görə sakitcə köksünü ötürüb:
– Yox, – dedi, – onda çox balacaydım… Amma bilirəm ki, dədəmiz səksən ikidə ölüb…
Minaxanım gözlərini yumub bir qədər eləcə qaldı, sonra dərindən bir ah çəkdi, kipriklərini bərk-bərk bir-birinə sıxdı, gözünün suyu süzüldü. Ardınca da elə bil deyəcəklərini örtülü göz qapaqlarının arxasından söz-söz oxuyub pıçıldamağa başladı:
– Səksən ikidə yox… səksən birdə… Hə, dəqiq bilirəm, səksən birin yazıydı, səksən birin… Alça ağacımız təzəcə gülləmişdi. Hava istiydi. Həyətdə köhnə çarpayımıza uzatmışdılar onu. Özü belə istəmişdi. Yəqin evdə ürəyi darıxırdı. Off… bacı… İndi bilirəm yazıq dədəmiz nə çəkirmiş. Yanında anamızdan, bir də dostu Bədəl əmidən başqa heç kim yoxuydu. Ana qayıtdı ki, “a Mirzə, gözünü yuxarı nə çox zilləyirsən, yəqin oralarda dinclikdi, hə? Yəqin oralarda hər şey ürəyincədi, hə?” Bilirdin də ana rəhmətliyin solaxay suallar verməyini… Yeri gəldi-gəlmədi, tutuzdururdu elə haa… “Yox… – dedi rəhmətlik dədə, – yox, Pakizə… Orda nə əmin-amanlıq ola bilər axı?…” Gözünün yaşını örpəyinin ətəyinə silə-silə, dünyadan bixəbər, avam anamız soruşdu: “Niyə?” Hə, Qaraca, sən də durmuşdun alça ağacımızın altında, tayqıç kuklanı oynada-oynada yenə baş barmağını sorurdun həmişəki kimi, hə, lap gözümün qabağındadı, çox balacaydın onda, çox balaca… dörd yaşın vardı, səni hamımız çox istəyirdik, hamımız…
Minaxanımın gözündən bir cüt yaş gilələnib üzünün qırışıyla aşağı süzüldü, Qaraqız yaylıqla quruladı. O isə udqunaraq sözünə davam elədi:
– Hə, anamız rəhmətlik soruşdu ki, “niyə, a Mirzə?” Atamız behiştlik gülümsədi. Bu onun sonuncu dəfə gülümsəməsiydi, indiyəcən gözümün qabağındadı, ona görə sonuncu dəfə deyirəm ki, elə həmin axşam öldü… Hə, dədəmiz işığı öləzimiş gözlərini dostu Bədəl əmiyə çevirib güclə eşidiləcək o xırıltılı səsiylə: “Bu nə danışır, a Bədəl, – dedi, – göyün üzündə haçan əmin-amanlıq olub axı, hə? Ora yerdən də dolaşıq xarabadı, elə deyil, sən Allah?…” Bir xeyli udqundu, udqundu, axı yazıq dədəmizin boğazındaydı o adıbatmış. Keşkə elə mənim də boğazımda olaydı, başımda olaydı, amma qanımda yox… Qaraca, keşkə, tez aparaydı məni bu çərdəymiş… Sənə də sitəm eləməyəydim bu qədər…
Qaraqız bacısının getdikcə daha da soyuyan əlini ovcunda yüngülcə sıxıb-silkələdi, etirazını sanki bununla bildirdi: yəni ki, “bəsdi, bacılı, bəsdi, sənə canım qurban, borcumdu qulluğunda durmaq…”
Minaxanımın ağ qanı qırmızı qanını yeyirdi. Bir gün öncə evə çağırdığı tanış həkim də Qaraqıza xısınlamışdı ki, dava-dərmanın artıq əhəmiyyəti yoxdu, nə yaşasa qənimət bilin.
Xəstəlik tapandan üzü bu yana həkimlərə, müalicəyə, həm də dolanışığına çəkilən bütün xərclərini Qaraqız ödəyirdi. Ondan başqa kim ödəyəcəkdi ki? İndi “keşkə, tez aparaydı məni bu çərdəymiş… sənə də sitəm eləməyəydim” deyəndə, xəstə bacısı həmin şeylərə işarə vururdu.
Minaxanım sözünə davam elədi:
– …hə, dədəmiz sonra dedi: “Bax, Pakizə, göyün üzü çox dolaşıqdı, çox… Fikir versən görərsən ki, orda həmişə ley qaranquşdan qorxur, qaranquş sərçədən qorxur, sərçə də leydən… Heç ordan baş açmaq olur ki? Orda da hər şey dolaş-bulaşdı… orda dinclik nə gəzir, Pakizə, rahatlıq hardadı, a zalım qızı?.. Baxıram daa, nə bilim niyə baxıram… Bəlkə elə bilirsən mən qarışqayam, hə? Qarışqa kimi, ölümqabağı qanad çıxardıb uçub gedəcəm göyün üzünə, hə?” Hə, ölümündən bir neçə saat qabaq belə demişdi dədəmiz… İndi bilirsən niyə yadıma saldım bunu? Hardan biləsən axı… Ona görə ki, bacı… mən indi göyə olmasa da, səhər-axşam bu evin içində tavana, divarlara baxıram, amma niyə baxdığımı, vallah, anlaya bilmirəm, dədəmiz demişkən, baxıram daa, nə bilim niyə baxıram… Hərçənd qapı-pəncərəmiz divarlarımıza, divarlarımız tavanımıza, tavanımız döşəməmizə yaraşır… Lap Ələddin mənə yaraşan kimi… yaraşır, vallah… Bu sözləri dilinə gətirincə Minaxanımın gözlərindən yenə iki damla iri göz yaşı qumsallıq rənginə çalan yanaqlarına süzüldü, Qaraqız yaylıqla silənə qədər, elə bil, orayaca hopdu.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68197615) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Quşların intiharına ağlamayın Zahid Sarıtorpaq
Quşların intiharına ağlamayın

Zahid Sarıtorpaq

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Quşların intiharına ağlamayın, электронная книга автора Zahid Sarıtorpaq на азербайджанском языке, в жанре современная зарубежная литература

  • Добавить отзыв