Marina
Karlos Ruis Safon
“Marina” artıq öz evindədir və oxucu onunla birlikdə Oskara qulaq asa bilər. Bəlkə, oxucuların köməkliyi ilə müəllif nəyə görə romanı tamamladığı gün imiş kimi romanın xatirində hələ də diri olduğunu başa düşər və Marinanın dediyi kimi, heç vaxt olmayan bir şeyi xatırlayar.
Karlos Ruis Safon
Marina
Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Həmid Piriyevin tərcüməsində
Karlos Ruis Safon. Marina.
Bakı, “Köhlən” nəşriyyatı, 2021.
© Carlos Ruiz Zafon / 1999
© Köhlən Nəşriyyatı / 2021
İSBN: 978-9952-8411-2-1
Müəllifin ispan nəşrinə ön sözü
Əziz oxucu!
Hər yazıçının kitabları arasında birini daha çox sevdiyinə əminəm. Bu sirli seçim nə kitabın bədii keyfiyyətindən, nə oxucuların və tənqidçilərin kitabı necə qarşılamağından, nə də nəşrdən gələn qazancdan (və ya kitabın uğursuzluğundan) asılı olmur. O kitabı yazıçının ruhuna yaxınlaşdıran sirli səbəblər var, amma bu səbəbləri yazıçının özü də bilmir. 1992-ci ildən bu qəribə işlə məşğul olmağa – roman yazmağa başlamışam və indiyə qədər xeyli roman yazmışam, amma heç bir romanımı “Marina” qədər sevməmişəm.
Bu romanı Los-Ancelesdə, 1996-97-ci illərdə yazmışam. Artıq otuz üç yaşım var idi və “ilk gəncliyin” məndə müəyyən təcrübələr yaratdığını hesab edirdim. O vaxt artıq uşaqlar üçün üç roman yazmışdım, bu romanın süjetini tamam-kamal fikirləşəndən sonra özlüyümdə yəqinləşdirdim ki, bu, uşaqlar üçün yazdığım sonuncu kitab olacaq. Romanı yazdıqca verdiyim qərarın romana necə təsir etdiyini görürdüm, işi tamamlamağa az qalmış isə hiss elədim ki, içimdə nəyisə itirdim… Özüm də bilmirəm nə idi, amma bu şey çox qiymətli idi və bu sərvəti həmişəlik itirdiyimi hiss etdim, başa düşdüm ki, həmişə onun üçün təəssüflənəcəm.
“Marina” o biri romanlarımdan daha qəliz, daha çətin və yəqin ki, daha şəxsidir. Taleyin ironiyasına görə məhz bu romanın çapı mənə xeyli əsəb yaşatdı. Kitab on il bərbad nəşrlərə məruz qaldı – hərdən açıq-aşkar təhrif olunmuş şəkildə. Mətni olmadığı kimi qələmə verib oxucunu çaşdırmağa çalışırdılar, mənsə heç nə edə bilmirdim. Amma bütün bunlara baxmayaraq, “Marina” müxtəlif yaşlı adamlar arasında oxucularını tapdı. Romanın səhifələrində özünə lazım olan nələrisə tapa bilən, əhvalatın hekayəçisi Oskarla ən məhrəm hisslərini paylaşmaq istəyən oxucuları.
“Marina” artıq öz evindədir və oxucu onunla birlikdə Oskara qulaq asa bilər. Bəlkə, oxucuların köməkliyi ilə müəllif nəyə görə romanı tamamladığı gün imiş kimi romanın xatirində hələ də diri olduğunu başa düşər və Marinanın dediyi kimi, heç vaxt olmayan bir şeyi xatırlayar.
Barselona, iyun 2008
K.R.S.
Bir dəfə Marina mənə dedi ki, biz ancaq heç vaxt baş verməyən şeyləri xatırlayırıq.
Üstündən uzun illər keçəndən sonra bu sözlərin mənasını başa düşdüm.
Lakin yaxşısı, hekayəni indiki vəziyyətdə son hesab oluna biləcək əvvəldən danışmağa başlayım.
1980-cı ilin mayında bir həftəlik yoxa çıxdım. Yeddi gün və yeddi gecə ərzində heç kim harda olduğumu bilmədi. Dostlarım, yoldaşlarım, müəllimlərim, hətta polislər də itkini, yəni, məni axtarmağa başladılar. Bəziləri məni ölmüş hesab edirdi, bəzilərinin fikrincə isə, yaddaşımı itirmiş şəkildə qaranlıq dalanlarda azıb qalmışdım.
Bir həftə sonra mülki geyimli polis nəfəri camaatın arasında axtarışa verilən gəncə oxşayan birini gördü. Gəncin xarici görkəmi təsvirlərə uyğun gəlirdi. Ehtimal olunan itkin gənc kilsənin dəmir barmaqlığı və qatı duman arasında azan ruh kimi Fransız vağzalında fırlanırdı. Polis detektiv romanlarının qəhrəmanı ədasıyla mənə yaxınlaşdı. Mənim internat məktəbindən yoxa çıxan Oskar Dray olub-olmadığımı soruşdu. Başımı tərpətdim. Onun eynəyinin şüşələrində vağzalın görüntüsü əks olunurdu.
Perrondakı skamyada oturduq. Polis siqaret yandırdı, amma dodaqlarına yaxınlaşdırmadı. Dedi ki, çoxları hazırda məni axtarır və tapan kimi məni sual atəşinə tutacaqlar, ona görə də yaxşı cavablar fikirləşmək lazımdır. Yenə başımı tərpətdim. Sonra diqqətlə gözümün içinə baxdı. “Oskar, – dedi, – hərdən həqiqəti demək, düzgün çıxış yolu deyil”. Mənə bir neçə xırda pul uzadıb dedi ki, internatdakı müəllimimə zəng edim. Elə də etdim. Polis söhbətimi tamamlayana qədər gözlədi. Sonra taksi üçün də pul verib mənə uğur arzuladı. Soruşdum ki, bir də itməyəcəyimi hardan bilir. Sakit-sakit üzümə baxdı. “Ancaq getməyə yeri olan adamlar itir”, – dedi.
Harda olduğuma dair bir kəlmə də soruşmadı, məni yola qədər ötürüb sağollaşdı, Kolumb bulvarına tərəf getməyə başladı. Hələ də dodaqlarına yaxınlaşdırmadığı siqaretin tüstüsü sadiq tula kimi onun dalınca süründü. Həmin gün Qaudinin ruhu Barselona səmasına qəliz formalı bulud gətirmişdi, buludun ətrafından adamı kor edən günəş şüası saçılırdı. Taksi saxlayıb internatın ünvanını dedim.
Dörd həftə ərzində müəllimlər və psixoloqlar sirrimi öyrənmək üçün dəridən-qabıqdan çıxdı. Hamısını aldatdım, hamıya onun eşitmək istədiyi və ya qəbul edə biləcəyi şeyləri danışdım. Vaxt keçdikcə hamı tapmaca cavabı fikirləşməkdən yoruldu və axırda hamı bu epizodu unutmaq qərarına gəldi. Mən də onlar kimi etdim, həqiqətən nə baş verdiyini heç kimə demədim. O vaxt hələ bilmirdim ki, zaman okeanı onda batırdığımız xatirələri haçansa sahilə atır.
On beş il sonra həmin xatirə yadıma düşdü. Mən Fransız vağzalının dumanında sülənən o gənci gördüm. Marinanın adı təzə açılmış yara kimi içimi göynətdi.
Hamımız ruhumuzun çardağında, bağlı sandıqda sirr saxlayırıq. Bu da mənim sirrimdir.
Birinci fəsil
Yetmişinci illərin axırlarında Barselona sehirli küçələrin, tinlərin labirinti idi, hansısa binanın giriş qapısına və ya adi kafenin kandarına ayaq qoyan kimi otuz-qırx il əvvələ qayıdırdınız. Bu şəhərdə zaman və xatirələr, tarix və düşüncə yağış altında qalan akvarel kimi axıb tökülürdü. Artıq mövcud olmayan küçələr, nağılvari kilsələr və yaşayış evləri bu tarixin dekorasiyaları idi.
O vaxtlar Vayvidrer şossesinin axırında yerləşən, hansısa müqəddəsin şərəfinə adlandırılmış internatda çürüyən on beş yaşlı uşaq idim. O vaxtlar Sarrya rayonu müasir şəhərin ətrafında salınan kəndi xatırladırdı. İnternat məktəbi Bonanova prospektinə qədər uzanan küçənin başlanğıcında idi. Xarici görünüşünə görə internat məktəbindən çox qəsrə oxşayırdı. Hündür binanın arkaları, qüllələri uzaqdan nəzəri cəlb edirdi.
İnternat doğrudan da bağları, fontanları, çəmənlikləri, həyətləri olan böyük qəsr idi. Əsas binanın ətrafında tutqun kanallar axırdı – onların üzərindən ruhlar kimi buxarlar dolaşırdı. İdman zalları sanki hər-hansısa bir sirri qoruyurdular. İbadətgahların qaranlığında şamlar parlayırdı, müqəddəslərin simaları gülümsəyirdi. İki zirzəmi mərtəbəsini saymasaq, internat özü dörd mərtəbə idi, üstəlik, çardaq mərtəbəsi də vardı, çardaq mərtəbəsində bizə dərs keçən azsaylı rahiblər yaşayırdı. Yataq otaqlarımız dördüncü mərtəbənin mağaraya oxşayan dəhlizlərində yerləşirdi. Bu sonsuz qalereyalar əbədi yarıqaranlığa məhkum olmuşdu, burda tez-tez əks-səda eşidirdik.
Hər axşam altıya iyirmi dəqiqə işləmiş bizi gəzməyə buraxırdılar və hər gecə azadlıq saatının tez gəlməyini arzulayaraq yatırdım. Bu sehirli saatda günəş pəncərələri qızıl rənginə boyayırdı, dərslərin qurtardığını bildirən zəng səsi eşidilirdi və uşaqlar şam yeməyinə qədər üç saatlıq azadlıq əldə edirdi. Müəllimlərin fikrincə, uşaqlar bu üç saat ərzində ruhani elmlərlə məşğul olmalıydı. Amma internatda tək bircə günümün dini məşğələyə həsr olunduğu yadıma gəlmir.
Günün ən sevdiyim vaxtı idi bu vaxt. Zəng çalınan kimi aradan çıxıb şəhəri kəşf etməyə gedirdim, qədim küçə və bulvarları gəzəndən sonra düz şam yeməyinə qayıdırdım. Bu uzun gəzintilər məndə məstedici azadlıq təəssüratı yaradırdı. Xəyalım evlərin üstündə, səmada gəzirdi. Barselonanın küçələri, internat və dördüncü mərtəbədəki yarıqaranlıq yataq otağım bir neçə saatlıq yoxa çıxırdı. Cibimdə bir az xırda pulum olsa da, bu azadlıq saatları ərzində kainatın ən varlı adamı olurdum.
Tez-tez yolum Sarrya meşəsindən düşürdü. Bir vaxtlar Bonanova prospektinin şimal tərəfində yerləşən zadəgan imarətlərinin əksəri hələ də qalmışdı. İnternatın ətrafındakı yollar bu ruhlar rayonunun yollarıyla birləşirdi. Sarmaşıqla örtülmüş divarlar içində hündür imarətlər yerləşən vəhşi bağları əhatələmişdi. Bir çox imarət atılmış vəziyyətdəydi, elə bil buraların üstünə xatirələr dumanı çökmüşdü, heç cür dağılmaq bilmirdi. Bəzi villaların xarabası qalmışdı, bəzilərini qarət etmişdilər. Bəzilərində isə hələ də yaşayan vardı.
Bu evlər bir vaxtlar adları “Vanqardiya” jurnalının səhifələrini bəzəyən zadəgan nəsillərinin nümayəndələrinə məxsus idi, əlbəttə, indi o adlardan heç nə qalmayıb, onların parladığı dövr tramvayın inqilabi ixtira olduğu vaxtlara təsadüf edirdi. Hələ də burda yaşamağa davam edənlər batmış gəmidən çıxmaq istəməyənlər idi. Öz adlarının əsirləri. Hərdən yeyin addımlarla qalın barmaqlıqlı divarların yanından keçəndə pərdə dalından mənə dikilən təhlükəli baxışlarını hiss edirdim.
1979-cu ilin sentyabr axşamlarından birində çoxdandır nəzarət olunmayan küçələrdən birini gəzmək istədim. Tini dönüb dəmir qapının qabağında dayandım. Bir neçə on illik bundan qabaq tərk edilmiş bağın qapısı idi. Bağın ortasında ikimərtəbəli imarət ucalırdı. Evin qabağında içində heykəllər olan fontan vardı.
Hava qaralmağa başlayırdı, bağın bir tərəfi daha çox dəhşətli görünürdü. Ölü kimi sakit dayanmışdım, xəfif meh mənə ehtiyatlı olmağımı pıçıldayırdı. Kvartalın “ölü” zonalarından birində olduğumu başa düşdüm, fikirləşdim ki, internata qayıtsam, yaxşı olar. Ağlım bu atılmış məkana bəslədiyim maraq hissimlə mübarizə aparırdı. Bu vaxt bağın alatoranlığında mənə dikilmiş bir cüt sarı göz gördüm. Udqundum.
Pişiyin boz bədəni də yavaş-yavaş göründü. Dişlərinin arasında hələ də ölümlə mübarizə aparmağa çalışan sərçəni sıxmışdı. Pişiyin boynunda gümüş zınqırov vardı. O, bir neçə saniyə üzümə baxdı, sonra bağın barmaqlıqları arasından sivişib sərçəni axırıncı səfərə apardı.
Özündənrazı ovçu məni heyran etmişdi. Tüklərinin təmizliyinə və zınqırovuna görə, pişiyin yiyəsi vardı. Bəlkə də, bu evdə köhnə Barselonanın ruhlarından başqa da kimsə yaşayırdı? Yaxınlaşıb soyuq barmaqlıqlardan tutdum. Sərçənin damcı-damcı tökülən qanı vəhşi bağın içərilərində itirdi. Bu qırmızı mirvariyə oxşayan qan damcıları pişiyin haralardan keçdiyini göstərirdi. Yenə udqundum. Daha doğrusu, cəhd elədim. Ağzım qurumuşdu. Qanım dəli kimi gicgahlarımda atırdı, elə bil mənim fikir vermədiyim nəyisə bilirdi. Yapışdığım qapı barmaqlığının aralandığını hiss etdim. İçəri girəndə ay fontandakı daş mələklərin üzünü işıqlandırırdı. Elə bil yerimə mıxlanmışdım, hərəkətsiz dayanıb heykəllərə baxırdım. Mənə elə gəlirdi ki, bu saat daş heykəllər canlanıb canavar caynaqlı, ilan dilli iblislərə çevriləcək. Amma belə şey olmadı. Dərindən nəfəs alıb getmək lazım olduğunu öz-özümə təkrarladım, başqasının evini kəşf etmək lazım deyildi. Lakin yenə də bir başqası yerimə qərar verdi. Hardansa fortepianonun müşayiət etdiyi opera ariyası eşidildi. Qrammafon oxuyurdu. Ömrümdə belə gözəl səs eşitməmişdim.
Melodiya mənə tanış gəldi, amma harda eşitdiyimi heç cür yadıma sala bilmədim. Musiqi səsi evdən gəlirdi. Səs gələn tərəfə getməyə başladım. Qalereyanın yarıaçıq qapısından işıq süzülürdü. Birinci mərtəbədəki pəncərənin qabağında oturub mənə baxan pişiyin gözlərini gördüm. Qapıya yaxınlaşdım. Mən yaxınlaşdıqca oxuyan qadının səsi güclənirdi. İçəridə yüzlərlə şam yanırdı. Onların şüası qrammafonun qızılı trubasında əks edirdi, qrammafon valı fırlandıqca musiqi sədaları ətrafa yayılırdı. Heç nə fikirləşmədən içəri girib qrammafonun qoyulduğu stola tərəf getməyə başladım. Stolun üstündə balaca yumru əşya da vardı, yaxınlaşanda bunun cib saatı olduğunu gördüm. Saatı götürüb şam işığında baxmağa başladım. Əqrəbləri tərpənmirdi, sferblatı da çatlamışdı. Məncə, saat qızıldan idi, yaşı da indi içində olduğum evin yaşından az olmazdı. Bir az qabaqda – buxarının qabağında üzü buxarıya qoyulmuş böyük kürsü vardı, kürsünün arxasını görürdüm, buxarının üstündə isə yağlı boyayla ağ paltarlı qadın çəkilmiş böyük tablo asılmışdı.
Rəsmdəki qadının dibsiz, boz gözlərindəki kədər bütün zala hakim kəsilmişdi.
Birdən gözləmədiyim bir şey oldu. Kürsüdən siluet durub mənə tərəf döndü. Uzun saçları vardı, çaylaq daşına oxşayan gözləri yarıqaranlıqda parıldayırdı. Uzun, ağ əllərini mənə tərəf uzatdı. Qorxudan özümü itirdim, qapıya tərəf qaçmağa başladım, qrammafona ilişib yerə saldım. Valı cızan qrammafon iynəsinin səsini eşitdim. Bayaqdan eşitdiyim həlim səs cəhənnəm naləsinə döndü. Bağın içində qaçdıqca o əllərin paltarımdan yapışdığını hiss edirdim. Qorxudan dəli olacaqdım. Qapıdan çıxıb bircə saniyə də itirmədən qaçmağa başladım, böyrümdə ağrı hiss edənə qədər qaçdım. Çətinliklə nəfəs alırdım. Bədənimi soyuq tər basmışdı. Ətrafa baxanda internatın otuz metrliyində olduğumu gördüm.
Mətbəxin yanındakı qapıdan içəri girdim, bu qapıya nəzarət olunmurdu. Otağıma çıxdım. Birazdan axşam yeməyinin vaxtı idi. Alnımın tərini sildim, ürəyim də yavaş-yavaş sakitləşdi, adi ritmlə döyünməyə başladı. Özümü tamamilə yaxşı hiss eləməyə başlayanda kimsə barmaqlarının ucuyla qapını döydü.
– Oskar, yemək vaxtıdır, – qapının dalından Seqi müəllimin səsi gəldi, onun şagirdlərə qanun-qaydanı xatırlatmaqdan xoşu gəlmirdi. Elə indi də səsində narazılıq hiss olunurdu.
– Bu dəqiqə gəlirəm, padre, – dedim.
Tez məktəb pencəyimi geyinib otağın işığını söndürdüm. Pəncərədən Barselonanı aydınladan dolunay görünürdü. Ancaq indi qızıl cib saatını əlimdə tutduğumun fərqinə vardım.
İkinci fəsil
Sonrakı günlər qızıl saatı özümlə gəzdirirdim. Gecələr də balışımın altında gizlədirdim. Qorxurdum birdən kimsə görər, harda tapdığımı soruşar. O suala cavab verə bilməyəcəkdim. “Çünki sən onu tapmamısan, oğurlamısan”, – iç səsim mənə belə deyirdi. Bilmirəm nə üçünsə, iç səsim Perri Meysonun dublyorluğunu edən aktyorun səsinə oxşayırdı. Hər gecə səbrlə yoldaşlarımın yatmağını gözləyirdim, onlar yatan kimi sərvətimi nəzərdən keçirtməyə başlayırdım.
Gecənin səssizliyində, lap ay işığında saata baxırdım. Birinci qənimətimə hər baxanda duyduğum həzzi heç bir günah hissi susdura bilməzdi. Saat ağır idi, deyəsən, təmiz qızıldan hazırlanmışdı. Şüşə siferblatı çatlamışdı, çox güman, yerə düşmüşdü, ya da zərbəyə tuş gəlmişdi. Yəqin, elə onda da mexanizm sıradan çıxmışdı, əbədiyyətə qədər dayanan əqrəblər yeddiyə iyirmi üç dəqiqə işləmişi göstərirdi.
Saatın arxa tərəfinə yazı həkk olunmuşdu: “İçində işıq danışan Germana. K. A.”
Yəqin, çox bahalı saat idi, bunu fikirləşəndə vicdanım təzədən sızıldamağa başladı. Üstəlik, arxasındakı yazını görəndə özümü həm də xatirə oğrusu kimi hiss edirdim.
Yağışlı cümə axşamı günü sirrimi bölüşmək qərarına gəldim. İnternatdakı ən yaxşı dostum əsəbi xarakterli oğlan idi, ona “şef” deməyimizi tələb edirdi, amma bu ləqəbin onun əsl adına aidiyyatı yox idi. Anarxist şair ruhuna malik idi və elə hazırcavab idi ki, istənilən adamın səsini kəsə bilərdi. Çox arıq idi, bir kilometr radiusunda “mikrob” sözünü eşitsəydi, elə bilirdi infeksiyaya yoluxub. Bir dəfə ensiklopediyada “ipoxondrik” sözünü tapdım, üzünü köçürdüb Şefin yanına getdim.
– Yəqin ki, bilmirsən, amma sənin bioqrafiyan Kral akademiyasının lüğətində var, – dedim.
Şef yazıya baxandan sonra kinli-kinli məni süzdü.
– Sən get “A” hərfindəki “axmaq” sözünü aç, görəcəksən ki, aramızdakı tək məşhur mən deyiləm.
Həmin gün nahardan sonrakı dincəlmək vaxtında Şeflə qaranlıq akt zalına düşdük. Əsas dəhlizdə dalımızca sürünən minlərlə kölgə ayaq səsimizdən diksindi. İki işıq zolağı tozlu səhnəyə düşürdü. Biz bu işıqlı yerdə, üzü yarıqaranlığa gömülmüş kreslolara tərəf oturduq. Yağış damcıları pəncərə şüşələrinə çırpılırdı.
– Hə, – Şef dedi, – de görək, bu həngamə nə üçündür?
Sakitcə saatı cibimdən çıxardıb ona uzatdım. Şef təəccüblə qaşlarını qaldırıb saata baxmağa başladı. Bir neçə saniyə saatın ora-burasına baxandan sonra mənə qaytarıb maraqla baxmağa başladı.
– Nə fikirləşirsən? – soruşdum.
– Fikirləşirəm ki, bu, saatdır, – dedi, – German kimdir?
– Zərrə qədər də anlayışım yoxdur.
Atılmış malikanədə başıma gələnləri ətraflı danışmağa başladım. Şef diqqət və səbrlə axıracan mənə qulaq asdı. Sözümü qurtarandan sonra bir müddət fikirləşdi, elə bil nəsə deməmişdən qabaq yaxşıca götür-qoy etmək istəyirdi.
– Deməli, sən saatı oğurlamısan, – dedi.
– Məsələ bu deyil, – deyə etiraz etdim.
– Məncə, German sənin kimi fikirləşmir, – Şef müəyyən mənada haqlı idi.
– Bəlkə də, o, çoxdan ölüb? – əminsizliklə dedim.
Şef buxağını sildi.
– Görəsən, cinayət məcəlləsində üstündə xatirə yazısı olan saatı oğurlamaq üçün nə yazılıb? – dostum soruşdu.
– Mən oğurlamaq istəmirdim, – deyə etiraz etdim. – Hər şey o qədər tez baş verdi ki, özümdən asılı olmadı. Saatın məndə olduğunu görəndə artıq gec idi. Mənim yerimdə sən olsaydın, sən də belə edərdin.
– Sənin yerində mən olsaydım, ürək tutmasından ölərdim, – Şef dəqiqləşdirdi, o iş adamı deyildi, danışmağa pərgar idi. – Sənin ağlın çaşıb, hansısa pişiyə görə yad evə soxulursan. Heç bilirsən o pişikdən hansı mikroblar keçə bilərdi sənə?
Bir müddət susub yağışın səsinə qulaq asdıq.
– Yaxşı, – Şef dedi. – Olub daha. Yəqin ki, bir də ora getmək istəmirsən.
Gülümsədim.
– Tək yox.
Dostumun gözləri az qaldı hədəqəsindən çıxsın.
– Yox, dostum! Ağlına da gətirmə.
Elə həmin gecə dərsdən sonra mətbəxin yanındakı qapıdan sivişib malikanəyə aparan yola çıxdıq. Yağış yolun ortasında göllənmişdi, hər yerə xəzəl səpələnmişdi. Buludlu göyüzü elə bil şəhəri təhdid edirdi. Şefin halı özündə deyildi, həmişəkindən daha çox ağarmışdı. Malikanəyə yaxınlaşdıqca qarnıma sancı dolurdu. Ətrafda qulaqbatırıcı sükut hakim idi.
– Məncə, qayıtsaq, daha yaxşı olar, – dostum addımlarını yavaşıdıb dedi.
– Sən qorxaq dovşansan.
– Dovşanları düzgün qiymətləndirmirsən. Onlar qida zəncirində vacib yer tutur.
Birdən külək əsməyə başladı, zınqırovun səsini bizə çatdırdı. Şefin dili topuq vurmağa başladı. Pişiyin sarı gözləri bizi güdürdü. Birdən o, ilan kimi fısıldayıb belini qabartdı. Belinin tükləri biz-biz dayandı. Pişik bir neçə gün qabaq sərçəni parçalayan dişlərini ağardıb fısıldadı. İldırım bir anlıq hər tərəfi aydınlatdı. Şeflə bir-birimizə baxdıq.
On beş dəqiqə sonra internatın həyətində, kilsənin qabağındakı çəmənlikdə, skamyada oturmuşduq. Saat gödəkçəmin cibindəydi. Əvvəllər onun belə ağır olduğunu bilmirdim.
Həftənin axırına qədər internatın ərazisindən çıxmadım. Şənbə günü səhər yuxuda qrammafon səsi eşidib oyandım. Günəşin ilk şüaları pəncərədən görünən Barselonanı, evlərin damlarını, anten meşəsini qırmızı rəngə boyayırdı. Çarpayıdan durub saatı götürdüm, bütün həftə ərzində saat fikirlərimi məşğul etmişdi. Saatla bir-birimizə baxdıq. Nəhayət, qərara gəldim ki, ancaq absurd hadisələrlə üzləşəndə nədənsə şübhələnirik. Bu axmaq vəziyyətdən qurtulmaq lazımdır, saatı qaytarmalıyam.
Sakitcə geyindim, pəncələrimin üstündə dördüncü mərtəbənin dəhlizindən keçdim. Saat ona-on birə qədər heç kim yoxluğumu hiss etməyəcək. O vaxta qədər işimi qurtararam.
Küçələr duman örtüyünün altında qalmışdı, Barselona səhərləri çox vaxt dumanlı olur. Marqenat küçəsinə qədər getdim. Küçələrin kölgəsi ilk şüaların altında parıldayırdı. Evlərin fasadları dumanın və küləyin naməlum istiqamətə apardığı xəzəllərin dalından boylanırdı.
Tezliklə lazım olan küçəyə çatdım. Bir müddət sakitcə dayanıb şəhərin bu tərəflərində həmişə hökm sürən səssizliyə öyrəşməyə çalışdım. Elə bil bütün dünya cibimdəki saat kimi dayanmışdı. Birdən arxadan səs eşitdim. Dönüb baxanda gördüyüm mənzərə uzun müddət yuxumu qaçırtmağıma səbəb oldu.
Üçüncü fəsil
Dumanın içindən yavaş-yavaş velosiped çıxdı. Velosipedi sürən ağ paltarlı qız mənə tərəf gəlirdi. Səhər çağının alatoranlığında paltarın altından qızın bədəninin siluetini görürdüm. Saman rəngli buruq saçları üzünün ətrafında dalğalanırdı. Yerimdən tərpənmirdim, sakitcə dayanıb onun mənə necə yaxınlaşdığına baxırdım. Çox güman ki, qıraqdan iflic vurmuş adam kimi görünürdüm. Velosiped məndən bir neçə metr aralıda dayandı. Paltarın altından Sorolyanın rəsmlərini xatırladan bir cüt düz ayaq gördüm, bəlkə də, xəyal etdim. O velosipeddən düşdü. Boz gözlərinə baxdım, gözləri elə dərin idi ki, orda batmaq olardı. Onun kinayəli baxışları məni yerimə mıxladı. Gülümsədim, bununla da görünüşümdən yağan axmaqlıq təəssüratını təsdiqləmiş oldum.
– Sən, yəqin, saata görə gəlmisən, – qız baxışları kimi əmin olan səslə soruşdu.
Qız, deyəsən, mənimlə yaşıd idi, ya da bir yaş balaca olardı. Qadınların yaşını təyin etmək həmişə mənə elm və ya incəsənət kimi görünüb, əyləncə kimi yox. Onun dərisi də paltarı kimi ağappaq idi.
– Sən burda yaşayırsan? – malikanəni göstərib soruşdum.
Qız mənə baxdı. Baxışları məni elə ovsunladı ki, bu qızın indiyəcən gördüyüm ən heyrətamiz varlıq olduğunu üstündən iki saat keçəndən sonra başa düşdüm, yəqin ki, bir də onun kimisini görməyəcəkdim. Nöqtə.
– Sən kimsən ki, bunu soruşursan?
– Məncə, mən saata görə gələn adamam, – dedim. – Adım Oskardır. Oskar Dray. Saatı qaytarmağa gəlmişəm, – cavab gözləmədən saatı cibimdən çıxarıb ona uzatdım. Qız bir neçə saniyə gözümün içinə baxdı, sonra saatı aldı. Qızın əli farfor oyuncağın əli kimi ağappaq idi, adsız barmağında isə qızıl üzük vardı.
– Mən saatı götürəndə o artıq işləmirdi, – izah etməyə çalışdım.
– Bu saat on beş ildir ki, işləmir, – qız mənə baxmadan mızıldandı.
Bir az sonra başını qaldırıb məni müştəri gözüylə süzməyə başladı, elə bil antikvar mebelə, ya da hansısa nadir tapılan əşyaya baxırdı. Üzünün ifadəsindən bilinirdi ki, məni oğru kimi qəbul eləmir, o, mənə daha çox hansısa axmağa, ya da dəliyə baxırmış kimi baxırdı. Parıldayan sifətim onun fikrini dəyişdirə bilmirdi. Qız qaşını qaldırdı, müəmmalı təbəssümlə gülümsəyib saatı mənə uzatdı.
– Onu sahibinə qaytararsan.
– Amma…
– Saat mənim deyil, – qız izah etdi. – O, Germanındır.
Germanın adını eşidəndə neçə gün bundan qabaq malikanənin zalında gördüyüm iri silueti xatırladım.
– Germanındır?
– Hə, atamındır.
– Bəs sən?..
– Mən onun qızıyam.
– Adını soruşmaq istəyirdim.
– Nə soruşmaq istədiyini yaxşı bilirəm.
Yenə velosipedə mindi, barmaqlıqlı qapıdan keçib bağa girdi. Kinayəylə gülüb bağın dərinliklərində gözdən itdi. Dərindən nəfəs alıb onun dalınca getdim.
Məni köhnə tanışım qarşıladı. Pişik bu dəfə də məni güdürdü. Birdən-birə it olmaq istədim.
Balaca vəhşinin müşayiəti ilə bağdan keçdim, mələkli fəvvarənin qabağında dayandım. Təzə bişmiş çörək iyi gəlirdi. Qız çantasından süd şüşəsini çıxardıb sallağı oturdu, südü yerdəki qaba süzdü. Pişik yavaş-yavaş qaba yaxınlaşdı. Deyəsən, bu gündəlik ayin idi.
– Elə bilirdim, pişik ancaq öldürdüyü sərçələri yeyir, – dedim.
– O sərçələri ovlayır, amma yemir. Sadəcə öz sahəsini qoruyur, – qız aramla dedi, elə bil uşağa başa salırdı. – O, südü çox sevir. Elə deyil, Kafka?
Kafka razılıq əlaməti olaraq başını onun əlinə sürtdü. Qız mehribanlıqla gülümsəyib pişiyin belini tumarladı. O, əlini uzadanda əzələləri qabardı, başını qaldıranda onun bədəninə necə baxdığımı gördü. Dodaqlarımı yaladım.
– Səhər yeməyi yemisən? – deyə soruşdu.
Başımı yellətdim.
– Deməli, acsan. Gedək, bizdə yeyərsən. Tox olandan sonra saatını nə üçün oğurladığını Germana başa salarsan.
Mətbəx evin arxa tərəfindəydi. Dəvət olunmadığım səhər yeməyində payıma Plaza-Sarryadakı “Foks” un məmulatları mağazasından alınan bir neçə kruassan düşdü. Qız mənimçün böyük fincana südlü kofe süzüb mənimlə üzbəüz oturdu. O, mərhəmət göstərdiyi səfilə baxırmış kimi iştahla yeməyimə baxırdı. Özü yemirdi.
– Səni burda görmüşəm, – qız başımın üstündən harasa baxa-baxa dedi. – İnternatdan bir yerdə qaçdığınız balacaboy, qorxaq görünüşlü oğlanla gəzirsən. Hərdən qonşu küçədə də gəzirsiniz. Hərdən isə özün tək gəlirsən, dodaqaltı nəsə mızıldanırsan. Qısası, bu ruhlar kvartalında yaxşı əylənirsiniz…
Nəsə ağıllı cavab fikirləşmək istəyəndə, stolun üstünə hündür kölgə düşdü, yaxınlaşdıqca böyüdü. Qız gözlərini qaldırıb baxdı, gülümsədi. Ağzım hələ də doluydu, nəbzim tez-tez atmağa başladı, bilmədim nə edim.
– Qonağımız var, – qız şən halda dedi. – Ata, bu Oskar Draydır, saat oğrusu. Oskar, bu mənim atamdır – German.
– Mən oğru deyiləm, senyor… – hirslə dedim. – Hər şeyi izah edə bilərəm. Burda heç kimin yaşamadığını fikirləşdiyim üçün evinizə girmişdim. Həyətə girəndə musiqi səsi eşitdim, belə oldu ki, evə girib saatı gördüm. Onu götürmək istəmirdim, and olsun ki, istəmirdim, çox qorxmuşdum, saatı götürdüyümü başa düşəndə isə, çox uzaqda idim. Hər şey belə oldu. Bilmirəm fikrimi çatdıra bildim, ya yox…
Qız bic-bic gülürdü. German ifadəsiz tünd gözləriylə mənə baxırdı. Cibimi eşələyib saatı çıxartdım, Germana uzatdım. Germanın necə qışqıracağını, məni polislə, azyaşlıların işinə baxan məhkəməylə təhdid edəcəyini təsəvvür edirdim.
– Sizə inanıram, – German mehribanlıqla dedi, saatı alıb masanın arxasına oturdu.
Çox sakit danışırdı, səsini güclə eşitmək olurdu. Qızı içində iki dənə kruassan olan nimçəni onun qabağına qoydu, mənə verdiyi fincana oxşayan böyük fincana da südlü kofe süzdü. Kofeni verəndə atasının alnından öpdü, atası da onu qucaqladı. Pəncərədən süzülən gün şüaları onların üstünə düşürdü. İndiyəcən kifir təsəvvür etdiyim Germanın düzgün üz cizgiləri vardı, simasından azca xəstəhallıq yağırdı. O, hündürboy, həddindən çox arıq idi. Mənə baxıb mehribanlıqla gülümsədi, kofedən bir qurtum içdi, bu vaxt hiss elədim ki, atayla qızın arasında sözlərdən və hərəkətlərdən çox ucada dayanan bağlılıq var. Dünyadan təcrid olunmuş, unudulmuş küçənin axırındakı ruhlar imarətində yaşayan atayla qızı bir-birinə baxışlarla sükut telləri bağlayırdı.
German səhər yeməyini qurtardı, əziyyət çəkib saatı qaytardığım üçün mənə ürəkdən təşəkkür etdi. O, elə mehriban idi ki, vicdanım sızıldadı.
– Oskar, – German yorğun səslə dedi, – sizinlə tanışlığıma şad oldum. İstədiyiniz vaxt qonağımız ola bilərsiniz, sizi görməyə məmnun olarıq.
Mənə nə üçün “siz” deyə müraciət etdiyini başa düşmürdüm. Əlimi sıxdı, sağollaşıb evin sonsuz labirintində yoxa çıxdı. Qız kədərli baxışlarla uzaqlaşan atasını seyr etdi.
– Germanın səhhəti yerində deyil, – qız mızıldandı. – O, tez yorulur.
Amma bir neçə saniyədən sonra qızın bikefliyindən əsər-əlamət qalmadı.
– Yenə nəsə yemək istəyirsən?
– Yox, mən gecikirəm, – onunla qalmaq arzumu dəf etməyə çalışaraq dedim, – getməliyəm.
O, etiraz etmədi. Bağa çıxdıq. Səhər günəşi dumanı dağıtmışdı.
Payız ağacları saraltmağa başlamışdı. Kafka özünü günə verirdi.
Barmaqlıqlara çatanda qız özü içəridə qaldı, məni bayıra ötürdü. Sakitcə bir-birimizə baxdıq. Sonra qız əlini uzatdı, mən də sıxdım. İncə dərisinin altından nəbzinin necə vurduğunu hiss etdim.
– Hər şey üçün çox sağ ol, – dedim. – Bir də, saata görə bağışla…
– Unut getsin.
Çiyinlərimi çəkdim.
– Yaxşı…
Yavaş-yavaş uzaqlaşmağa başladım, birdən qız məni çağırdı:
– Oskar!
Üzümü çevirdim. Qız gəlib mənim yanımda dayandı. Kafka da gəlib ayaqlarının yanında uzandı.
– Nə üçün evimizə gecə gəlmişdin?
Ətrafa boylanmağa başladım, elə bil cavab hardasa divarda yazılmışdı.
– Bilmirəm, – nəhayət, dedim. – Çox güman, evin sirliliyi məni cəlb eləmişdi.
Qız müəmmalı tərzdə gülümsədi.
– Sirlərdən xoşun gəlir?
Başımı tərpətməklə təsdiqlədim. Bu saat məndən nə soruşsaydı, təsdiqləyərdim.
– Sabaha işin var?
Başımı yellətdim. Əgər nəsə işim olsaydı da, onları təxirə salardım. Oğru kimi uğursuz olsam da, yalan danışmaqda mahir idim.
– Onda sabah saat doqquzda burda görüşərik.
Bunu deyən kimi bağın içində itdi.
– Gözlə! – qışqırdım. – Adını demədin axı.
– Marina… Sabaha qədər.
Əlimi yellətdim, amma o artıq getmişdi. Marinanın dönüb baxacağını gözlədim, amma nahaq yerə. Günəş artıq xeyli qalxmışdı, məncə, artıq günortaya yaxınlaşırdı. Marinanın daha qayıtmayacağını başa düşəndə internata qayıtdım.
Köhnə bina elə bil gülümsəyib sevincimi bölüşürdü. Dəhlizdə getdikcə ayaq səslərimin əks-sədasını eşidirdim, amma ürək döyüntülərim onları üstələyirdi. Ürəyimin hər döyüntüsü məni göyüzünə qaldırırdı.
Dördüncü fəsil
Deyəsən, indiyəcən heç vaxt bu qədər dəqiq olmamışdım. Mən Plaza-Sarryadan keçəndə şəhər hələ gecə paltarını soyunmağa macal tapmamışdı. Səhər doqquz ayini üçün çalınan kilsə zəngi meydandakı göyərçin dəstəsini hürkütdü, quşlar uçmağa başladı. Günəş gecəki yağışın izlərini qurudurdu. Kafka məni malikanə olan küçənin girəcəyində qarşıladı. Həyətlərdə bir neçə sərçə vardı, pişik professional sakitliyiylə onları güdürdü.
– Sabahın xeyir, Kafka. Bu gün kimisə öldürməyə macal tapmısan?
Pişik mırıldadı, eşikağası kimi məni qapıdan fəvvarəyə qədər ötürdü. Uzaqdan fəvvarənin qırağında oturan Marinanı gördüm. Fil sümüyü rəngində, çiyinləri açıq paltar geyinmişdi. Dizlərinin üstündə dəri üzlüklü kitabça vardı, Marina diyircəkli qələmlə nəsə yazırdı. Bütün fikri yazdığındaydı, yaxınlaşdığımı hiss eləmədi. Elə bil indi hansısa başqa dünyada idi, bir neçə saniyəlik də olsa, onu bu vəziyyətdə izləmək xoşbəxtliyinə nail olmuşdum. Məncə, onun körpücük sümüklərini ancaq Leonardo da Vinçi çəkə bilərdi, bu gözəlliyi başqa kiminsə çəkə biləcəyi ağlıma gəlmirdi. Kafkanın mırıldanmağı axır ki, Marinanın diqqətini cəlb etdi. Marina gözlərini qaldırdı, nəzərlərimiz toqquşdu. O saat kitabçanı bağladı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68197609) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.